Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-209/2026 07.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının İddiaçı cavabdeh qarşı iş üzrə QƏRARI Açar sözlər: məhkəmə aidiyyəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Kərimov Səyyad Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət qarışıq tərkibdə İddiaçınin cavabdehə qarşı ümumi birgə mülkiyyətdə olan torpaq sahəsindən cavabdehə məxsus payın naturada ayrılması tələbinə dair iş üzrə məhkəmə aidiyyəti ilə bağlı məsələyə baxıldı. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Ağsu Rayon Məhkəməsindəki icraat
1. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 4 saylı Ərazi Vergilər Baş İdarəsi (bundan sonra – “iddiaçı”) cavabdehə (bundan sonra – “X”) qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində X1, X2, X3, X4 cəlb edilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh dövlət büdcəsinə 23035.93 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə Ağsu rayonu, Kəndoba Ə/D, Abasxanlı kəndində yerləşən, JN0029, KOD40910058 nömrəli Dövlət Aktına əsasən X1 və onun ailə üzvləri olan X2, X3, X4, Xin ümumi birgə mülkiyyətində olan 3,23 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehin payının ayrılaraq naturada müəyyən edilməsi ilə bağlı qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Ağsu Rayon Məhkəməsinin 2025-ci il 4 iyul tarixli 2(016)-248/2025 nömrəli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilmişdir.
3. Məhkəmə qeyd etmişdir ki, hazırki mübahisə vergi orqanı ilə fərdi sahibkar cavabdeh arasında yaranmış, həmçinin mübahisənin predmeti və xarakteri də sahibkarlıq fəaliyyəti ilə bağlıdır. Yəni, hazırki iş üzrə tərəflər arasında yaranan mübahisə kommersiya mübahisəsidir (sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisədir).
4. Məhkəmə gəldiyi nəticəni “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli Qərarının (bundan sonra – “Plenum qərarı”) 11, 12, 20-ci bəndlərinə, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.37, 33-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 24.2, 26.1, 31.1, 32.3, 32.4-ci maddələrinə istinadla əsaslandırmışdır.
b) Şəki Kommersiya Məhkəməsindəki icraat
5. Şəki Kommersiya Məhkəməsinin 2026-cı il 5 mart tarixli, 2-2(117)-1162/2025 nömrəli qərardadı ilə iş məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir (hakim – E.Hüseynova).
6. Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəf sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs, eyni zamanda iddiaçı sahibkarlıq münasibətinə daxil olan dövlət orqanı olsa da, tərəflər arasında müqavilə münasibətləri mövcud deyildir.
7. Məhkəmə bildirmişdir ki, dövlət orqanı olan iddiaçının cavabdehə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində X1, X2, X3, X4 cəlb edilməklə “ümumi birgə mülkiyyətdə olan torpaq sahəsindən cavabdehə məxsus payın naturada ayrılması” tələbinə dair iddia ərizəsi ümumi məhkəmədə baxılmalı olan mülki xarakterli əşya hüquqi münasibətlərdən irəli gələn mübahisədir.
8. Məhkəmə gəldiyi nəticəni Plenum Qərarının 12, 14, 25-ci bəndlərinə, MPM-in 24.2, 26.1, 25.1, 31.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Tətbiq edilən hüquq
9. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“...
12. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. ...
14. Əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. ...
23. Mübahisə tərəflərindən birinin dövlət orqanı və bələdiyyə olduğu halla bağlı isə məhkəmələrə izah edilməlidir ki, qanunvericiliyin tələbinə görə dövlət və bələdiyyə orqanları hakimiyyət səlahiyyətlərini icra etməkdən başqa mülki dövriyyənin bərabər hüquqlu subyektləri qismində malların (işlərin və xidmətlərin və s.) dövlət və bələdiyyə vəsaiti hesabına alınmasında, sahibkarlıq subyektləri ilə mülki hüquqi əqdlərin bağlanmasında, həmçinin investisiya fəaliyyətinin həyata keçirilməsində eyni ilə digər hüquqi şəxslər kimi iştirak edə bilərlər. Bu zaman sahibkarlıq subyektləri tərəfindən dövlət orqanlarına və bələdiyyələrə qarşı və ya sonuncuların sahibkarlıq subyektlərinə qarşı tələbləri mahiyyət etibarı ilə iqtisadi məzmunlu olduğundan, habelə bu tələblərdən irəli gələn mübahisələrə tətbiq edilən maddi hüquq normalarının sahibkarlıq fəaliyyətini tənzimləyən normalara aid olduğundan həmin mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır. Həmçinin, nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 26.2ci maddəsində müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti) vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizələrinə kommersiya işi kimi kommersiya məhkəmələrində baxılmasının mümkünlüyü nəzərdə tutulmaqla dövlət orqanının kommersiya mübahisəsində tərəf olması istisna edilməmişdir. ...
25. Qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn tələblərinə kommersiya məhkəməsində baxılması üçün mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Mübahisə qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların sahibkarlıq fəaliyyətlərindən irəli gəlmədikdə isə, işə kommersiya məhkəmələrində baxılması imkanı, yalnız MPM-in 30-cu maddəsinə əsasən digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halda mümkün olacaqdır. Beləliklə, məhkəmələr nəzərə almalıdır ki, əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi üzrə tələblərdə və ya deliktdən irəli gələn tələblərdə mübahisənin məhz hər iki tərəfin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi məhkəmə aidiyyətini müəyyən edən həlledici meyardır. Dövlət və bələdiyyə orqanlarına münasibətdə isə qeyd edilməlidir ki, müqavilədən irəli gələn öhdəlik hüquqi münasibətlərdən fərqli olaraq, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə onların sahibkarlıq subyektləri ilə olan münasibətlərinin xarakteri mahiyyət etibarilə iqtisadi xarakterli olmadığından bu mübahisələrə ümumi məhkəmələrdə baxılmalıdır. ...”
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 24. Mübahisələrin məhkəməyə aidiyyəti “... 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. ...”
“Maddə 25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti
25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. ...”
“Maddə 26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti
26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. ...”
“Maddə 31. Aidiyyətin dəyişdirilməsinə yol verilməməsi
31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir. ...”
Ali məhkəmənin mövqeyi
11. Məhkəmə kollegiyası iş materiallarını, o cümlədən əks olunan halları araşdıraraq belə qənaətə gəlir ki, mübahisənin hüquqi xarakteri düzgün müəyyən edilmədiyindən işin kommersiya məhkəməsinə aid edilməsi barədə nəticə əsaslı deyildir.
12. Belə ki, iddia tələbi ümumi birgə mülkiyyətdə olan torpaq sahəsindən cavabdehə məxsus payın naturada ayrılması ilə bağlı olub, bu tələb öz mahiyyətinə görə əşya hüquq münasibətlərindən irəli gəlir. Mübahisənin predmeti mülkiyyət hüququnun həyata keçirilməsi və müdafiəsi ilə bağlıdır ki, bu cür mübahisələr ümumi məhkəmələrdə baxılmalı olan mülki işlər kateqoriyasına daxildir.
13. MPM-in 24.2, 25.1 və 26.1-ci maddələrinə əsasən, işin kommersiya məhkəməsinə aid olması üçün mübahisənin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması zəruridir. Lakin iş materiallarından göründüyü kimi, mübahisə tərəflər arasında konkret sahibkarlıq münasibətlərindən deyil, əşya hüquq münasibətlərindən irəli gəlmişdir.
14. Hazırkı iş üzrə məhkəmə kollegiyası hesab edir ki, Şəki Kommersiya Məhkəməsi mübahisənin hüquqi mahiyyətini düzgün qiymətləndirərək əsaslı nəticəyə gəlmişdir ki, iş kommersiya mübahisəsi deyil və ona ümumi məhkəmədə baxılmalıdır. İş materiallarından görünür ki, iddia tələbi ümumi birgə mülkiyyətdə olan torpaq sahəsindən cavabdehə məxsus payın naturada ayrılması ilə bağlıdır ki, bu da öz hüquqi təbiətinə görə əşya hüquqi münasibətlərdən irəli gələn mübahisədir və sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə birbaşa bağlı deyildir.
15. Bununla yanaşı, kollegiya qeyd edir ki, Ağsu Rayon Məhkəməsi mübahisənin xarakterini düzgün müəyyən etməmiş, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasını və vergi münasibətlərinin mövcudluğunu əsas götürərək işi səhvən kommersiya mübahisəsi kimi qiymətləndirmişdir. Halbuki MPM-in 24.2 və 26.1-ci maddələrinin tələblərinə görə mübahisənin kommersiya məhkəməsinə aid edilməsi üçün yalnız subyekt tərkibi deyil, eyni zamanda mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri də sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmalıdır ki, bu hal hazırkı işdə mövcud deyildir.
16. Eyni zamanda məhkəmə qeyd edir ki, Şəki Kommersiya Məhkəməsi düzgün nəticəyə gəlsə də, öz qərardadında Plenum Qərarının 14 və 25-ci bəndlərinə istinad etməklə əsaslandırmanı tam düzgün qurmuş hesab edilə bilməz.
17. Belə ki, həmin bəndlər əsasən əşya hüquqi və delikt münasibətlərində tərəflərin sahibkarlıq fəaliyyəti ilə bağlılıq meyarlarını izah etsə də, hazırkı mübahisənin aidiyyətinin müəyyən edilməsi baxımından birbaşa tətbiq edilməli olan norma Plenum qərarının 23-cü bəndidir.
18. Plenum Qərarının 23-cü bəndinə əsasən, mübahisə tərəflərindən birinin dövlət orqanı və bələdiyyə olduğu halla bağlı isə məhkəmələrə izah edilməlidir ki, qanunvericiliyin tələbinə görə dövlət və bələdiyyə orqanları hakimiyyət səlahiyyətlərini icra etməkdən başqa mülki dövriyyənin bərabər hüquqlu subyektləri qismində malların (işlərin və xidmətlərin və s.) dövlət və bələdiyyə vəsaiti hesabına alınmasında, sahibkarlıq subyektləri ilə mülki hüquqi əqdlərin bağlanmasında, həmçinin investisiya fəaliyyətinin həyata keçirilməsində eyni ilə digər hüquqi şəxslər kimi iştirak edə bilərlər. Bu zaman sahibkarlıq subyektləri tərəfindən dövlət orqanlarına və bələdiyyələrə qarşı və ya sonuncuların sahibkarlıq subyektlərinə qarşı tələbləri mahiyyət etibarı ilə iqtisadi məzmunlu olduğundan, habelə bu tələblərdən irəli gələn mübahisələrə tətbiq edilən maddi hüquq normalarının sahibkarlıq fəaliyyətini tənzimləyən normalara aid olduğundan həmin mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır. Həmçinin, nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 26.2-ci maddəsində müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti) vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizələrinə kommersiya işi kimi kommersiya məhkəmələrində baxılmasının mümkünlüyü nəzərdə tutulmaqla dövlət orqanının kommersiya mübahisəsində tərəf olması istisna edilməmişdir.
19. Məhkəmə tərkibi mübahisənin mahiyyətini qiymətləndirərək belə nəticəyə gəlir ki, hazırkı iş dövlət orqanının sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı deyil və tərəflər arasında gəlir (mənfəət) əldə edilməsinə yönəlmiş, mülki qanunvericiliklə tənzimlənən sahibkarlıq münasibətləri mövcud olmamışdır. Bu səbəbdən cavabdehin fərdi sahibkar, iddiaçının isə dövlət orqanı olması mübahisənin kommersiya xarakterli hesab olunmasını istisna etmir və mübahisə sahibkarlıq fəaliyyətindən irəli gəlmədiyindən ona kommersiya məhkəməsində baxılması üçün hüquqi əsas yaratmır.
20. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Şəki Kommersiya Məhkəməsi işin aidiyyəti ilə bağlı nəticədə düzgün qərara gəlsə də, həmin nəticə düzgün hüquqi əsaslandırma ilə deyil, qismən yanlış normativ istinadlarla əsaslandırılmışdır.
21. Bununla belə, iş üzrə mübahisənin mahiyyəti nəzərə alınmaqla müəyyən edilir ki, hazırkı iş kommersiya mübahisəsi deyil və ona aidiyyəti üzrə ümumi məhkəmədə, yəni Ağsu Rayon Məhkəməsində baxılmalıdır.
22. Nəticə etibarilə, aidiyyət qaydalarının düzgün tətbiq olunmasını təmin etmək məqsədilə mülki işin aidiyyəti üzrə Ağsu Rayon Məhkəməsinə göndərilməsi zəruri hesab edilir və Şəki Kommersiya məhkəməsinin bu istiqamətdə mövqeyi əsaslıdır.
23. Qarışıq məhkəmə tərkibi şərh edilənləri və MPM-nin 32.7, 403-1.6, 403-1.7, 403- 1.9 və 403-1.9.1-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddiaçı cavabdehə qarşı ümumi birgə mülkiyyətdə olan torpaq sahəsindən cavabdehə məxsus payın naturada ayrılması tələbinə dair iş baxılması üçün Ağsu Rayon Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.