Məhkəmə qərarları › İş №2-2(104)-172/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-172/2025

10.12.2025 · Torpaq mübahisələri - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-172/2025 10.12.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əli Toğrul Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vaqifli Fərid Azər oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X19, X9 və X10, həmçinin digər müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin nümayəndəsi (vəkili) Vəkil3, üçüncü şəxs "xxxx" MMC-nin direktoru X1, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X19, X9, X3, X11 və X10 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “torpaq sahəsinin iddiaçının istifadəsinə geri qaytarılması” tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2- 2(115)-10/2024 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi İşin halları: Cavabdeh 2004-cü il 30 iyun tarixli 12 nömrəli qərarı ilə İddiaçı kənd təsərrüfatı məqsədi üçün icarə yolu ilə 50 il müddətinə 13 ha torpaq sahəsinin verilməsi və hər il 1 ha-dan 50.000 manat olmaqla icarə haqqı alınması qərara alınmış və tərəflər arasında 2004-cü il 3 iyul tarixli 1 saylı icarə müqaviləsi bağlanmışdır. Bundan sonra iddiaçının adına “Torpaqdan müvəqqəti istifadə hüququna dair” JN-5279 saylı (KOD ********) 2004-cü il 28 avqust tarixli şəhadətnamə verilmişdir. Bələdiyyənin 2014-cü il 9 oktyabr tarixli 10 nömrəli qərarı iddiaçı ilə bağlanmış 2004-cü il 3 iyul tarixli 1 saylı icarə müqaviləsi ləğv edilmişdir. İddiaçı 2018-ci il 17 oktyabr tarixində bələdiyyəyə qarşı ("xxxx" MMC üçüncü şəxs qismində cəlb edilməklə) 2014-cü il 9 oktyabr tarixli 10 nömrəli qərarın ləğv edilməsi, torpaq sahəsinin onun istifadəsinə qaytarılması və vurulmuş ziyanın ödənilməsi barədə iddia qaldırmış, Gəncə İnzibati Məhkəməsinin 2021-ci il 10 fevral tarixli 2-1(114)-4/2021 nömrəli qərardaddı ilə qərarın ləğv edilməsi və torpaq sahəsinin istifadəyə qaytarılması hissəsində iddia tələbi inzibati aktın mübahisələmdirilmə müddətinin ötürülmə əsası ilə mümkün sayılmamış, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2021-ci il 1 iyun tarixli 2-1(104)-406/2021 nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bu qərardaddan iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin İnzibati kollegiyasının 2021-ci il 19 oktyabr tarixli 2- 1(102)-1705/2021 nömrəli qərardadı ilə mümkün sayılmamışdır. Bələdiyyə tərəfindən qəbul edilmiş 2021-ci il 30 mart tarixli 3 nömrəli qərarla iddiaçının icarəsinə torpaq ayrılması barədə 2004-cü il 30 iyun tarixli 12 nömrəli qərar ləğv edimişdir. İddiaçı bələdiyyəyə qarşı ("xxxx" MMC üçüncü şəxs qismində cəlb edilməklə) 2021-ci il 30 mart tarixli 3 nömrəli qərarın ləğv edilməsi barədə iddia qaldırmış, Gəncə İnzibati Məhkəməsinin 2022-ci il 19 yanvar tarixli 2-1(114)-74/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, həmin qərar Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2023- cü il 17 may tarixli 2-1(104)-220/2023 nömrəli qərarı ilə, apellyasiya instansiyası məhkəməsinin qərarı isə Ali Məhkəmənin İnzibati Kollegiyasının 2023-cü il 30 noyabr tarixli 2-1(102)-2422/2023 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Bələdiyyə də öz növbəsində iddiaçıya qarşı aralarında bağlanmış 2004-cü il 3 iyul tarixli 1 saylı icarə müqaviləsinin ləğv edilməsi barədə iddia qaldırmış, həmin iş üzrə Gəncə Kommersiya Məhkəməsinin 2024-cü il 7 mart tarixli 2-2(115)-3/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-2(104)-209/2025 saylı qərardadı ilə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(115)- 3/2024 saylı qətnaməsindən X7, X2, X14, X17, X15, X12 və X5 nümayəndəsi (vəkil) Vəkil3 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş və şikayətin Mülki Prosessual Məcəllənin 357 və 364-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün iş Gəncə Kommersiya Məhkəməsinə qaytarılmışdır. Gəncə Kommersiya Məhkəməsinin 03 oktyabr 2025-ci il tarixli 2-2(115)-3/2024 saylı qərardadı ilə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(115)- 3/2024 saylı qətnaməsindən X7, X2, X14, X17, X15, X12 və X5 nümayəndəsi və vəkili Vəkil3 tərəfindən verilmiş apellyasiya şikayəti onu vermək hüququ olmayan şəxs tərəfindən verildiyindən geri qaytarılmış, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2025ci il tarixli 2-2(104)-254/2025 saylı qərardadı ilə Gəncə Kommersiya Məhkəməsinin həmin qərardadından verilmiş şikayət təmin edilməmiş, Gəncə Kommersiya Məhkəməsinin 03 oktyabr 2025-ci il tarixli 2-2(115)-3/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə mürаciət edərək Şəmkir rayon Sabirkənd bələdiyyəsinin 03 iyul 2004-cü il tarixli 12 saylı qərarı əsasında cavabdeh ilə bağlanmış icarə müqaviləsinə əsasən istifadəsinə verilmiş 13 ha kənd təsrrüfatlı təyinatlı torpaq sahəsinin onun istifadəsinə geri qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi оnunlа əsаslаndırılmışdır ki, tərəflər arasında Sabirkənd bələdiyyəsinin 03 iyul 2004-cü il tarixli 12 saylı qərarı əsasında bağlanmış icarə müqaviləsinə əsasən 13 ha kənd təsrrüfatı təyinatlı torpaq sahəsi 50 il müddətinə İddiaçı istifadəsinə verilmişdir. Qərar əsasında “Torpaqdan müvəqqəti istifadə hüququna dair” 28 avqust 2004-cü il tarixli JN-5279 saylı şəhadətnamə alınmışdır. Adı çəkilən 13 ha torpaq sahəsi üzərində 5750 ədəd xurma ağacından ibarət bağ salınmış və bir neçə dəfə məhsul götürülmüşdür. 2014-cü ilin oktyabr ayında Sabirkənd bələdiyyəsinin özbaşına hərəkətləri nəticəsində iddiaçının bağı məhv edilmiş, torpaq sahəsi icarə müddətinin bitməməsinə rəğmən cavabdeh tərəfindən məcburi qaydada geri alınmışdır. Bələdiyyə hazırda vəzifə səlahiyyətlərindən istifadə etməklə və rüşvətxorluqda ittiham edilərək həbs edilmiş, sabiq icra başçısı Alimpaşa Məmmədovla birgə, iddiaçının istifadəsində olmuş, lakin sonradan məcburi qaydada geri alınmış olan torpaq sahəsindəki xeyli miqdarda ağacları məhv edərək özləri üçün bazar salmışlar. Sabirkənd bələdiyyəsinin 03 iyul 2004-cü il tarixli 12 saylı qərarı ilə bağlanmış icarə müqaviləsininin ləğv edilməsi ilə bağlı X6 müraciət edilmiş və cavab olaraq bildirilmişdir ki, icarəçi tərəfindən torpaq üzərində icarə hüquqlarına xitam verilməsinə əsas verən hallara yol verilməmiş, icarə müqaviləsinin şərtlərinə əməl edilmiş, torpağın icarə haqqı isə gecikdirilmədən ödənilmişdir. Sabirkənd bələdiyyəsi ilə iddiaçı arasında bağlanmış, 03 iyul 2004-cü il tarixli 01 saylı icarə müqaviləsi hər iki tərəfinin razılığı və iştirakı ilə bağlanmışdır. Bələdiyyənin həmin müqavilənin birtərəfli qaydada, hər hansı bir əsası olmadan ləğv etməsi qanunsuzdur və 13 ha torpaq sahəsi iddiaçının istifadəsinə geri qaytarılmalıdır. Həmçinin çıxarılmış qərarda bələdiyyə sədri Nümayəndə məruzə edərək bildirmişdir ki, DT və XK-nın Şəmkir rayon şöbəsi ilə əlaqə yaradılaraq bələdiyyənin kəndin inkişafı üçün ayrılmış perspektiv inkişaf fondu torpağı üzərinə çıxarış verilmişdir. Sabirkənd bələdiyyəsinin xx.xx.2004cü il tarixli 12 saylı iclasının qərarını hazırkı sədr Nümayəndə bələdiyyə üzvi kimi imzalamış, Sabirkənd kəndi İƏDÜİN İdris Əbdürrəhmanov isə sədr kimi imzalamışdır. Bundan sonra İdris Əbdürrəhmanov isə eskiz layihəsini öz imzası və bələdiyyənin möhrü ilə təsdiq etmişdir. Hazırda isə həmin torpaq sahəsini İdris Abdürrəhmanovun qardaşı oğlu Fərid Abdürrəhmanovun direktoru olduğu "xxxx" MMC-yə vermişlər. Cavabdeh məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək kommersiya işinin icraatına xitam verilməsini xahiş etmişdir. Etiraz belə əsaslandırılmışdır ki, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(114)-4/2021 saylı qərarı ilə İddiaçı Cavabdehnə qarşı bələdiyyə qərarının ləğv edilməsi və torpaq sahəsinin istifadəyə qaytarılması tələbi mümkün sayılmamışdır. Qərardan İddiaçı apellyasiya şikayəti vermişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2- 1(104)-406/2021 saylı qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(114)- 4/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardaddan İddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(102)-1705/2021 saylı qərardadı ilə kassasiya şikayəti mümkün sayılmamışdır. İddiaçı hazırkı tələbinə məhkəmə qaydasında yenidən baxılması yolverilməzdir. Hazırkı iş üzrə iddia tələbinə məhkəmə qaydasında baxılmışdır. Hazırkı iş üzrə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan hazırkı iddia tələbi üzrə kommersiya işinin icraatına xitam verilməlidir Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-10/2024 saylı qətnaməsi ilə (hakim G.Quliyeva) iddia təmin edilmiş, Cavabdeh 03 iyul 2004-cü il tarixli 12 saylı qərarı əsasında Cavabdeh ilə İddiaçı arasında bağlanmış 03 iyul 2004cü il tarixli 01 nömrəli torpaq icarəsi müqaviləsinə əsasən İddiaçı istifadəsinə verilmiş 13 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin İddiaçı istifadəsinə geri qaytarılması qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-10/2024 saylı qətnaməsinin ləğv edilməsinə və iddia tələblərinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətlərinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. Belə ki, Şəmkir rayonu Sabirkənd kənd Bələdiyyəsinin 30 iyun 2004-cü il tarixli qərarı ilə İddiaçı bələdiyyənin ehtiyat fonduna daxil olan 13 hektar torpaq sahəsi 50 il müddətinə kənd təsərrüfatı və bağçılıq məqsədi ilə istifadə etmək üçün icarəyə verilmişdir. 03 iyul 2004-cü il tarixdə bələdiyyə ilə İddiaçı arasında müvafıq icarə müqaviləsi bağlanmışdır. İddiaçı Azərbaycan Respublikası DT və XK-nin Şəmkir rayon şöbəsinin sabiq müdiri Rustəm Rüstəmovla cinayət əlaqəsinə girmiş və onlar qərarda göstərilən torpaq sahəsinə deyil, bələdiyyənin mülkiyyətində olan, bələdiyyənin ehtiyat fonduna aid olan 13 hektar torpaq sahəsinə dair sənəd hazırlamışlar. Azərbaycan Respublikası DT və XK-nin Şəmkir rayon şöbəsi tərəfındən İddiaçı xx.xx.2004-cü il tarixdə JN-5279 (Kod ********) nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna dair” şəhadətnamə verilmişdir. Həmin sənəd birmənalı saxta sənəddir və İddiaçı indi də həmin sənəddən istifadə edir. Sabirkənd kənd bələdiyyəsinin xx.xx.2014-cü il tarixli, 10 saylı qərarı ilə İddiaçı arasında bağlanmış icarə müqaviləsi ləğv edilmişdir. Göründüyü kimi Azərbaycan Respublikası DT və XK-nin Şəmkir rayon şöbəsinin sabiq müdiri Rüstəm Rüstəmov tərəfındən vəzifə cinayəti törədilmişdir. Eyni zamanda vəzifə mövqeyindən sui-isifadə edilməklə hüquqverən saxta sənəd hazırlanmışdır. Nəticədə kəndin əhalisinin xeyli hissəsi həyətyanı torpaq sahəsi almaqdan məhrum olmuşdur. Həmin şəhadətnamə hazırlanan zaman bir sıra məqsədyönlü saxtakarlıqlara yol verilmişdir. Belə ki, həmin şəhadətnamə bələdiyyənin qərarında göstərilən torpaq sahəsinə uyğun tərtib edilməmişdir. Sözügedən qərarda 13 hektar torpaq sahəsinin bələdiyyənin ehtiyat fondundan aparılması göstərilsə də, şəhadətnamə bələdiyyənin perspektiv inkişaf fonduna aid torpaq sahəsinə işlənmişdir. Müvafıq yerseçmə aktında və kəndin kompleks yerquruluşu planından çıxarışda bələdiyyənin sabiq sədri İdris Əbdürəhimovun imzası saxtalaşdırılmışdır. Onun yerinə başqa şəxs imza etmişdir. Qeyd olunanlar barədə yalnız 29 aprel 2019-cu il tarixdə X18 Filialından verilən sənədlərdən məlumat almışlar. İmzaların saxta olması və bələdiyyənin sabiq sədrinə məxsus olmaması sadə vizual baxışla da müəyyən edilir. Bundan başqa Xəlilov X4 bələdiyyəsinin mülkiyyətində olan, saxta sənədlər əsasında onun istifadəsinə verilmiş 13 hektar torpaq sahəsinin 1 hektarını özünün təsis etdiyi "xxxx" Firmasınının adına rəsmiləşdirmişdir. Bundan əlavə qeyd edilməlidir ki, “Torpaq icarəsi haqqında” Qanunun 12-ci maddəsi üzrə - Torpaq sahəsi üzərində müddəti on bir aydan çox olan icarə hüququ qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmalıdır. Lakin həmin Qanunun da tələblərinə riayət edilməmişdir. Halbuki, həmin Qanunun 29- cumaddəsinə əsasən, torpaq icarəsi haqqında qanunvericiliyin tələbləri pozulmaqla bağlanmış əqdlər etibarsızdır. Üstəlik də, həmin müqavilə notarial təsdiqli olmamışdır və bu o deməkdir ki, həmin müqavilə etibarsızdır. Apellyasiya instansiyası məhkəməsində birinci icraat İşə apellyasiya qaydasında baxılarkən "xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 6 noyabr tarixli 2-2(104)-183/2024 nömrəli qətnaməsi ilə (hakimlər Ş.Rzaquliyev (sədrlik edən və məruzəçi), L.Süleymanov və İ.Həsənov) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2-2(115)-10/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh və üçüncü şəxs MMC ayrı-ayrılıqda kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, üçüncü şəxslərin cəlb edilməsi üçün işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişlər. Kassasiya instansiya məhkəməsində icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 21 may tarixli 2-2(102)-216/2025 nömrəli qərarı ilə (K.Abiyeva (məruzəçi) B.Qəribov və A.Abbasov) Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin kassasiya şikayətləri təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 6 noyabr tarixli 2-2(104)-183/2024 nömrəli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Kassasiya instansiyası məhkəməsi öz qərarında qeyd etmişdir ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş mübahisəsiz halları ondan ibarətdir ki, bələdiyyənin 2004-cü il 30 iyun tarixli qərarı ilə iddiaçıya icarə əsasında 50 il müddətinə 13 ha torpaq sahəsinin verilməsi qərara alınmış və tərəflər arasında 2004cü il 3 iyul tarixli icarə müqaviləsi bağlanmışdır. 2014-cü il 9 oktyabr tarixində bələdiyyə tərəfindən iddiaçı ilə arasında bağlanmış icarə müqaviləsinin ləğv edilməsi barədə qərar qəbul edilmişdir. Sözügedən qərar iddiaçı tərəfindən inzibati məhkəmə icraatı qaydasında mübahisələndirilsə də, qanuni qüvvəsini almış məhkəmə aktları ilə inzibati aktın mübahisələndirilməsi müddətinin ötürülməsi səbəbindən iddiası mümkün sayılmamışdır. Sonradan 2021-ci il 30 mart tarixində bələdiyyə iddiaçıya torpaq ayrılması barədə 2004-cü il 30 iyun tarixli qərarının ləğv edilməsi barədə yeni qərar qəbul etmiş, iddiaçı həmin qərarı da inzibati məhkəmə icraatı qaydasında mübahisələndirmiş və qanuni qüvvəsini almış məhkəmə aktları ilə iddiası təmin edilmişdir. İddiaçının 2018-ci il 17 oktyabr tarixində bələdiyyəyə qarşı ("xxxx" MMC üçüncü şəxs qismində cəlb edilməklə) 2014-cü il 9 oktyabr tarixli 10 nömrəli qərarın ləğv edilməsi, torpaq sahəsinin onun istifadəsinə qaytarılması tələbi üzrə qəbul edilmiş, Gəncə İnzibati Məhkəməsinin qanuni qüvvədə olan 2021-ci il 10 fevral tarixli 2-1(114)- 4/2021 nömrəli qərardadında qeyd olunmuşdur ki, ... iddiaçı iddia ərizəsində mübahisəli torpaq sahəsini 2014-cü ilin sonundan onun istifadəsindən alındığını və həmin tarixdən icarə haqqı ödəmədiyini göstərmişdir. Həmçinin iş materiallarında olan sənədlərlə müəyyən edilir ki, 2014-cü ildən iddiaçının iddia etdiyi torpaq sahəsində üçüncü şəxsə məxsus cəmiyyət yaradılmışdır. Belə olan vəziyyətdə iddiaçının mübahisələndirdiyi qərardan həmin vaxt xəbərinin olmaması əsaslı və inandırıcı görünmür. Bundan sonra bələdiyyə iddiaçıya qarşı icarə müqaviləsinin ləğvi barədə mülki məhkəmə icraatı qaydasında iddia qaldırmış və Gəncə Kommersiya Məhkəməsinin 2024- cü il 07 mart tarixli 2-2(115)-3/2024 nömrəli qətnaməsi ilə iddiası təmin edilməmişdir Torpaq sahəsinin iddiaçının istifadəsinə qaytarılması barədə hazırkı iddianı təmin edən hər iki instansiya məhkəməsi tərəflər arasında əvvəllər mövcud olmuş inzibati və kommersiya mübahisələri üzrə qəbul edilmiş məhkəmə aktlarına istinadla tərəflər arasında bağlanmış icarə müqaviləsinin qüvvədə olduğunu qeyd etmişlər. Məhkəmə kollegiyası ilk növbədə qeyd edilməsini zəruri hesab etmişdir ki, məhkəmələr tərəfindən inzibati icraat qaydasında baxılmış işlər üzrə yalnız bələdiyyə tərəfindən qəbul edilmiş inzibati aktların (qərarların) “İnzibati icraat” haqqında Qanunun tələblərinə uyğunluğu yoxlanılmaqla, iddiaçı ilə bələdiyyə arasında bağlanmış mülki hüquqi müqavilənin-icarə müqaviləsinin hüquqi qüvvəsinə qiymət verilməmişdir. Nəzərə alınmalıdır ki, hər hansı şəxsin icarəsinə torpaq ayrılması barədə bələdiyyə qərarının ləğv olunmaması, sonradan həmin şəxslə bələdiyyə arasında bağlanmış icarə müqaviləsinin digər bir mülki hüquqi əsasa (tərəflərin qarşılıqlı razılığı, müqavilə müddətinin bitməsi, icarə haqqının vaxtında ödənilməməsi, müqavilə üzrə öhdəliklərin icrasının mümkünsüz olması və s.) görə ləğvini istisna etmir. Baxılan işdə tərəflər arasındakı icarə münasibətlərinə 2014-cü ildən faktiki olaraq xitam verilmiş, torpaq sahəsi digər şəxslərin istifadəsinə verilmiş və iddiaçı tərəfindən də həmin vaxtdan icarə haqqı ödənişləri dayandırılmışdır. Bələdiyyə tərəfindən qaldırılmış, icarə müqaviləsinin ləğvi barədə iddianın təmin edilməməsi barədə Gəncə Kommersiya Məhkəməsinin 2024-cü il 7 mart tarixli 2- 2(115)- 3/2024 nömrəli qətnaməsinə gəldikdə, həmin qətnamənin baxılan hazırkı iş üzrə preyudisial hesab edilməsi üçün həmin aktın qanuni qüvvəsini aldığı müəyyən edilməlidir. İşin materiallarına bunu təsdiq hər hansı sənəd (həmin məhkəmədən alınmış arayış və s.) əlavə edilməmiş, hətta cavabdehin nümayəndəsi apellyasiya instansiyası məhkəməsinin 2024-cü il 12 sentyabr tarixində keçirilmiş iclasında bu qətnaməni gec əldə etdiklərini, yaxın müddətdə ondan apellyasiya şikayəti verəcəklərini bildirmişdir. Buna baxmayaraq, işə mahiyyəti üzrə baxmış məhkəmələr qətnamənin qanuni qüvvəyə minib-minməməsi ilə bağlı hər hansı hüquqi qiymətləndirmə aparmadan həmin qətnaməni preyudisial akt kimi qiymətləndirmiş, bununla da MPM-in 82.3-cü maddəsinin tələblərini pozmuşlar. Həmin maddənin tələbinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İşin materiallarından həmçinin görünür ki, cavabdeh və üçüncü şəxs MMC kassasiya şikayətinin dəlillərində qeyd etdikləri məsələləri apellyasiya baxışında verdikləri izahatlarında da vurğulamış və bununla bağlı yazılı sübutları apellyasiya məhkəməsinə təqdim etmişlər. Belə ki, cavabdehin və üçüncü şəxs MMC-nin nümayəndələri izahatlarında mübahisəli torpaq sahəsi də daxil olmaqla 19 ha torpaq sahəsinin bələdiyyə tərəfindən yaradılmış MMC-nin icarəsinə verildiyini, orada müvafiq icra hakimiyyətinin sərəncamına əsasən böyük ticarət mərkəzi inşa edildiyini, tikintinin aparıldığı müddətdən keçən 10 il ərzində iddiaçı tərəfindən heç bir etirazın bildirilmədiyini, sahibkarlıq fəaliyyəti ilə məşğul olan çoxsaylı şəxslərin MMC ilə icarə müqaviləsi bağlamaqla 10 ildən artıq müddətdir ki, həmin ticarət mərkəzində fəaliyyət göstərdiklərini, hazırkı iddia tələbinin təmin olunmasının həmin sahibkarların fəaliyyətinin dayandırılmasına səbəb olmaqla hüquqlarını pozacağını bildirmiş və sübut qismində Şəmkir rayon İcra Hakimiyyəti Başçısının 2015-ci il 19 mart tarixli 65 nömrəli Sərəncamını təqdim etmişlər. Apellyasiya icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh, həmçinin müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin nümayəndəsi (vəkili) Vəkil3 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, iş materiallarında olan sənədlərdən müəyyən olunur ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpaq olduğu qeyd edilmişdir. Sonradan aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, həmin torpaq sahəsi bələdiyyənin inkişaf perspektivli torpaq sahəsidir. Hesab edir ki, iddiaçının iddia etdiyi torpaq sahəsi ilə hazırda sözügedən torpaq sahəsi eyni deyildir. Əgər iş üzrə tikinti-texniki ekspertizası təyin olunsa, həmin mübahisə aradan qalxmış olar. Bundan əlavə qeyd etmişdir ki, Sabirkənd Bələdiyyəsi artıq "xxxx" MMC ilə icarə müqaviləsi bağlamış və həmin müqavilə üzrə öhdəliklərini yerinə yetirir. Başqa şəxslə müqavilə bağlamaq, onunla icarə münasibətlərinə daxil olmaq istəmir. Bu səbəbdən də apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkili) Vəkil1 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, artıq 7 ilə yaxındır ki, məhkəmə mübahisələri davam edir və hələ lap əvvəldən cavabdeh Sabirkənd Bələdiyyəsinin nümayəndələri həmin torpaq sahəsinin bələdiyyənin inkişaf perspektivli təyinatlı torpaq olduğunu bildirərək müvafiq şəxslərə verilmək üçün nəzərdə tutulduğunu bildirmişlər. Lakin, hazırkı günə qədər həmin torpaq sahəsi nə şəhid ailəsinə, nə müharibə veteranına, nə də kimsəsiz şəxslərə verilməmiş, torpaqdan sahibkarlıq fəaliyyəti üçün istifadə edilmişdir. Belə ki, hazırda da qeyd olunan torpaq sahəsi icarə müqaviləsinə əsasən "xxxx" MMC-nin, eyni zamanda subicarə müqavilələri ilə müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin istifadəsinə verilmişdir, həmin şəxslər isə torpaqdan sahibkarlıq fəaliyyəti üçün istifadə edirlər. Bu səbəbdən hesab edir ki, iş üzrə ekspertiza təyin edilməsi mübahisənin zərurət olmadan uzadılması ilə nəticələnər. Həmçinin qeyd etmişdir ki, iddianın təmin olunacağı təqdirdə subicarə müqavilələri davam etdiriləcək, onların fəaliyyəti ilə bağlı heç bir problem yaratmayacaqlar. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs "xxxx" MMC-nin direktoru X1 bildirmişdir ki, 2014-cü ildən həmin torpaq sahəsindən istifadə edirlər və torpağa görə vergiləri və digər bütün ödənişləri yerinə yetirmişlər. Həmin torpaq sahəsində çoxsaylı tikililər inşa etmişlər, əsaslı dəyişiklik etmiş və kifayət qədər sərmayə qoymuşlar, hətta orada olan bəzi tikililərə dair sənədlər də artıq hazırlanma ərəfəsindədir. Əziyyətlə hazır vəziyyətə gətirdikləri müəssisəni başqa şəxsə vermək nə dərəcədə doğrudur? İddianın təmin olunması onların mənafeyinə toxunur. Bu səbəbdən apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X19, X9, X3, X11 və X20 üçüncü şəxs "xxxx" MMC-nin direktoru X1 ilə eyni mövqedə olduqlarını bildirərək onun izahatına əlavələrinin olmadığını bildirmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər müstəqil tələb irəli sürməyən üçüncü şəxslərə məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə kollegiyaya məlumat verməmiş, nümayəndə (vəkil) tərəfindən təmsil olunmuşlar. Məhkəmə kollegiyası AR MPM-nin 376.2. maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Müəyyən olunur ki, İddiaçıla Cavabdeh arasında Sabirkənd bələdiyyəsinin 03 iyul 2004-cü il tarixli 12 saylı qərarı əsasında bağlanmış icarə müqaviləsinə əsasən 13 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi 50 il müddətinə İddiaçı istifadəsinə verilmiş, qərar əsasında “Torpaqdan müvəqqəti istifadə hüququna dair” 28 avqust 2004-cü il tarixli JN-5279 saylı şəhadətnamə alınmışdır. 2014-cü ilin oktyabr ayında Sabirkənd bələdiyyəsi hazırkı iş üzrə İddiaçıla bağlanmış xx.xx.2004-cü il tarixli icarə müqaviləsi ləğv edilmədən həmin torpaq sahəsi ilə bağlı digər şəxslə icarə müqaviləsi bağlamışdır. Daha sonra isə Cavabdeh xx.xx.2021-ci il tarixli 03 saylı qərarı ilə Sabirkənd bələdiyyəsinin 03 iyul 2004-cü il tarixli 12 saylı qərarını ləğv etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(114)-74/2022 saylı qərarı ləğv edilmiş, bundan sonra Cavabdeh iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək İddiaçı ilə bağlanmış xx.xx.2004-cü il tarixli icarə müqaviləsinin ləğv edilməsini xahiş etmiş, lakin həmin iddia tələbi Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(115)-3/2-24 saylı qətnaməsi ilə təmin edilməmişdir. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ona qanuni əsaslarla icarəyə verildiyini, lakin sonradan qanunsuz olaraq geri alındığını qeyd edərək həmin torpaq sahəsinin istifadəsinə geri qaytarılmasını xahiş etmiş və iddiası məhkəmə tərəfindən təmin edilmişdir. Cavabdeh apellyasiya şikayətində İddiaçı Azərbaycan Respublikası DT və XK-nin Şəmkir rayon şöbəsinin sabiq müdiri Rustəm Rüstəmovla cinayət əlaqəsinə girdiyini, onların qərarda göstərilən torpaq sahəsinə deyil, bələdiyyənin mülkiyyətində olan, bələdiyyənin ehtiyat fonduna aid olan 13 hektar torpaq sahəsinə dair sənəd hazırladıqlarını, Azərbaycan Respublikası DT və XK-nin Şəmkir rayon şöbəsi tərəfındən İddiaçı verilmiş xx.xx.2004-cü il tarixli JN-5279 (Kod ********) nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna dair” şəhadətnamənin saxta sənəd olduğunu, bundan başqa kəndin kompleks yerquruluşu planından çıxarışda bələdiyyənin sabiq sədri İdris Əbdürəhimovun imzasının saxtalaşdırıldığını, onun yerinə başqa şəxsin imza etdiyini qeyd etsə də, bununla bağlı müvafiq sübutları məhkəməyə təqdim etməmiş, ümumiyyətlə həmin sənədləri nə məhkəmə, nə də inzibati qaydada mübahisələndirməmişdir. Tərəflər arasında olan mübahisə ilə bağlı çoxsaylı məhkəmə araşdırılması aparılmaqla belə halın müəyyən edilmədiyi nəzərə alınaraq məhkəmə kollegiyası hesab edir ki, həmin dəlil əsassızdır. Cavabdeh tərəfin iddiaçının iddia etdiyi torpaq sahəsi ilə hazırda sözügedən torpaq sahəsinin eyni olmamasına dair dəlili ilə bağlı qeyd olunmalıdır ki, bunun təsdiqi olaraq hər hansı sübut məhkəməyə təqdim edilməmişdir, bu səbəbdən də həmin məsələ ilə bağlı hər hansı ekspertizanın təyin edilməsi zərurətinin olmadığı müəyyən edilmişdir. Halbuki, iddia, məhz 2014-cü ilədək iddiaçının müqavilə əsasında qanuni sahibliyində olan sahə ilə əlaqəlidir. Əvvəlki məhkəmə instansiyalarında mübahisəyə baxılarkən məhkəmələr tərəfindən bununla bağlı şübhə olmamışdır. Hazırkı işin hallarından görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2004-cü il tarixdə 13 hektar torpaq sahəsinin 50 il müddətinə İddiaçı icarəyə verilməsinə dair icarə müqaviləsi bağlanmış, tərəflər həmin müqavilə üzrə üzərilərinə düşən öhdəlikləri icra etmişlər, lakin sonradan torpaq sahəsi icarəçinin istifadəsindən geri alınmışdır. Halbuki icarəyə verilən torpaq sahəsini icarə müqaviləsi və torpaq qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada icarəçiyə təhvil vermək icarəyəverənin vəzifələridir. İddiaçı tərəfindən 2014-cü ildən sonra icarə haqlarının ödənilməməsi ilə bağlı cavabdehin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, işin hallarından müəyyən olunur ki, icarəyə verilmiş torpaq sahəsi 2014-cü ilin oktyabr ayından iddiaçının istifadəsindən geri alınaraq başqa şəxsə verilmişdir. Belə olan halda istifadə etmədiyi torpağa görə icarə haqqlarının ödənilməməsi iddiaçı tərəfindən müqavilə öhdəliklərinin pozulması kimi qiymətləndirilə bilməz. Həmçinin xüsusi qeyd olunmalıdır ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2004cü il tarixdə 13 hektar torpaq sahəsinin 50 il müddətinə İddiaçı icarəyə verilməsinə dair bağlanmış icarə müqaviləsi mübahisələndirilsə də, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə icarə müqaviləsinin ləğvinə dair iddia tələbi təmin edilməmişdir. Gəncə Kommersiya Məhkəməsinin 2024-cü il 7 mart tarixli 2-2(115)-3/2024 nömrəli qətnaməsi qanuni qüvvəsini almışdır. Həmin iş üzrə iddiaçı, habelə icarə müqaviləsi üzrə tərəf olan Bələdiyyə həmin qətnamədən apellyasiya şikayəti verməmişdir. Hazırkı iş üzrə üçüncü şəxslər həmin qətnamədən apellyasiya şikayəti versə də, məhkəmələr tərəfindən qətnamənin onların maraqlarına toxunması müəyyən edilməmiş və apellyasiya şikayətləri geri qaytarılmışdır. Belə ki, həmin qətnamə ilə müəyyən edilmişdir ki, müqaviləsnin ləğvinə dair tərəflər arasında razılaşma olmamış, müqavilədə onun ləğv edilməsi və ya müqavilənin icrasından birtərəfli qaydada imtina edilməsi halları nəzərdə tutulmamışdır. Qanunvericiliyin tələblərinə uyğun olaraq tərəflərdən birinin tələbi ilə müqavilə yalnız o halda ləğv oluna bilər ki, əgər digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozmuşdur və yaxud Məcəllədə nəzərdə tutulmuş qaydada. Məhkəmə qeyd etmişdir ki, mübahisələndirilən müqavilənin əhəmiyyətli dərəcədə pozulması halı müəyyən edilməmişdir. Kollegiya hesab edir ki, həmin məhkəmə qətnaməsi preyudisial akt kimi nəzərə alınmalı və hazırkı mübahisəyə tətbiq olunmalıdır. Belə ki, MPM-in 82.3-cü maddəsinin tələbinə əsasən, Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Beləliklə, bu qətnamə ilə, habelə, Bələdiyyə ilə İddiaçı arasında icarə müqaviləsinin bağlanmasına dair Bələdiyyənin 2004-cü il 30 iyun tarixli 12 nömrəli qərarının ləğv edilməsi barədə Bələdiyyənin 2021-ci il 30 mart tarixli 3 nömrəli qərarın ləğv edilməsinə dair, qanuni qüvvədə olan, Gəncə İnzibati Məhkəməsinin 2022-ci il 19 yanvar tarixli 2-1(114)-74/2022 nömrəli qərarı ilə tərəflər arasında 50 il müddətinə bağlanmış 2004-cü il 3 iyul tarixli 1 saylı icarə müqaviləsinin qüvvədə olması təsbit edilmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin və üçüncü şəxs MMC-nin nümayəndələri izahatlarında bildirmişlər ki, mübahisəli torpaq sahəsi də daxil olmaqla 19 ha torpaq sahəsinin bələdiyyə tərəfindən yaradılmış MMC-nin icarəsinə verilmiş, orada müvafiq icra hakimiyyətinin sərəncamına əsasən böyük ticarət mərkəzi inşa edilmiş, tikintinin aparıldığı müddətdən keçən 10 il ərzində iddiaçı tərəfindən heç bir etiraz bildirilməmişdir. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan çoxsaylı şəxslər MMC ilə icarə müqaviləsi bağlamaqla 10 ildən artıq müddətdir ki, həmin ticarət mərkəzində fəaliyyət göstərməkdədilər. Hazırkı iddia tələbinin təmin olunması həmin sahibkarların fəaliyyətinin dayandırılmasına səbəb olmaqla hüquqlarını pozacaqdır. İş materiallarına əlavə edilməsi üçün sübut qismində Şəmkir rayon İcra Hakimiyyəti Başçısının 2015-ci il 19 mart tarixli 65 nömrəli Sərəncamını təqdim etmişlər. İddiaçının nümayəndəsi və vəkili isə məhkəmə kollegiyasının iclasında iddianın təmin olunacağı halda üçüncü şəxslərlə olan subicarə müqavilələrinin icrasına heç bir maneə törətməyəcəklərini, icarə münasibətlərinin davam edəcəyini bildirmişdir. Qeyd olunanlarla bağlı kollegiya qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 718-ci maddəsinə əsasən icarəyə götürülmüş torpaq satıldıqda və ya üçüncü şəxslərin hüquqları və ya iddiaları ilə yüklü edildikdə bu Məcəllənin 699-cu maddəsi tətbiq edilir. Həmin Məcəllənin 699.1-ci maddəsinə əsasən kirayəyə verilən əşya kirayəçiyə verildikdən sonra ona mülkiyyət hüququ kirayəyə verəndən hər hansı üçüncü şəxsə (əldə edənə) keçdikdə əldə edən mülkiyyəti əldə etdiyi andan kirayəyə verəni əvəz edərək kirayə hüquq münasibətlərindən irəli gələn bütün hüquq və vəzifələrə malik olur. Bundan əlavə kollegiya qeyd etməyi zəruri hesab edir ki, hazırkı iddianın təmin edilməsi, yəni icarə müqaviləsinin obyekti olan torpaq sahəsinin yenidən hazırkı iş üzrə iddiaçının qanuni sahibliyinə qaytarılması "xxxx" MMC ilə bağlanmış subicarə müqavilələrinin ləğvi üçün birbaşa əsas deyil. Tərəflərin sərbəst iradələri ilə mübahisəli torpaq sahəsinə dair icarə münasibətlərini davam etdirmək hüquqları vardır. Eyni zamanda qeyd olunmalıdır ki, həmin şəxslər hüquqlarını pozan MMC-yə, qurumlara qarşı bunun nəticəsində vurulmuş hesab etdikləri ziyanın aradan qaldırılması ilə bağlı iddia ilə məhkəməyə müraciət etmək hüququna malikdirlər. Beləliklə, tərəflər arasında icarə müqaviləsinin bağlandığı, torpağın icarəyə verilməsinə dair bağlanmış icarə müqaviləsinin qüvvədə olduğu, torpaq sahəsinin icarəçinin istifadəsindən geri alındığı iş materialları və tərəflərin izahatları ilə təsdiq olunduğundan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi əsaslı olaraq Mülki Məcəllənin 700 və 706-cı, həmçinin “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası qanununun 20 və 22-ci maddələrinə istinad edib belə qənaətə gəlmişdir ki, torpaq icarəsi müqaviləsinə əsasən icarəçinin istifadəsinə verilmiş 13 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi icarəçinin istifadəsinə geri qaytarılmalıdır. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi eləcə də Mülki Məcəllənin 385.1, 386.1, 442, 448.1-ci maddələrin tələbləri baxımından düzgün nəticəyə gəlmişdir. Qeyd olunan normaların müddəalarını işin halları ilə əlaqəli şəkildə təhlil edən məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında icarə müqaviləsi bağlanmış, icarəçi, müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməsinə baxmayaraq, icarəyə verən, torpaq sahəsini icarəçinin istifadəsindən alıb başqasına verməklə müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etmədiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərkən haqlı olmuşdur. Məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş məsələləri təkrarlamağa lüzum yoxdur. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-10/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar