Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-32/2026 09.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: Mülkiyyətçiyə dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələb Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası, hakim Qurbanov Raqib Əliddin oğlunun məruzəsi ilə, hakimlər Babayev Zəki Baba oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı hasarın sökülməsi və dəymiş maddi zərərin əvəzinin tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il # ####### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. Bakı şəhəri, Nərimanov rayonu, X1 prospekti, 138a ünvanında yerləşən 99,0 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində 2018-ci il # ##### tarixli ********** nömrəli qeydiyyata əsasən, Bakı şəhəri, Nərimanov rayonu, X1 prospekti, 140a ünvanında yerləşən 65,4 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində 2019-cu il ## ###### tarixli ********** nömrəli qeydiyyata əsasən, Bakı şəhəri, Nərimanov rayonu, X1 prospekti, 140a ünvanında yerləşən 52 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində 2019-cu il ## ###### tarixli ********** nömrəli qeydiyyata əsasən iddiaçının xüsusi mülkiyyətindədir.
2. Bakı Şəhər İcra Hakimiyyətinin başçısının 2023-cü il ## ######## tarixli *** nömrəli sərəncamı ilə Bakı şəhəri, Nərimanov rayonu, X1, Faiq Yusifov və Ağa Nemətulla küçələrinin kəsişməsində, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 1,6 ha torpaq sahəsinin dövlətə məxsus ** saylı uşaq bağçası körpələr evinin və transformator stansiyasının fəaliyyətinin təmin edilməsi ilə bağlı məsələlərin aidiyyəti üzrə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və “xxxx” ASC ilə razılaşdırılması, həmin ərazidə qeydə alınmış digər daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə əmlak-hüquq münasibətlərinin mülki qanunvericiliyin tələbləri əsasında həll edilməsi və kommunikasiya xətlərinin mühafizə zonasına dair tələblərin gözlənilməsi şərti ilə yeni yaşayış kompleksinin tikintisi üçün icarə əsasında Cavabdeh MMC-nin istifadəsinə verilməsi qərara alınmışdır.
3. Bakı Şəhər İcra Hakimiyyəti ilə Cavabdeh MMC arasında 2024-cü il ## #### tarixli **** nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə bağlanmış və həmin müqaviləyə əsasən, Bakı Şəhər İcra Hakimiyyəti başçının 2023-cü il ## ######## tarixli *** nömrəli sərəncamı və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 2023-cü il ## ### tarixli yerquruluşu planına əsasən, Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski, F.Yusifov və A.Nemətulla küçələrinin kəsişməsində yerləşən 16000 kv.m torpaq sahəsi 49 il müddətinə illik 49420,8 manat icarə haqqının ödənilməsi şərtilə yeni yaşayış kompleksinin tikintisi üçün Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Cavabdeh MMC-yə icarəyə verilmişdir.
İş üzrə məhkəmə icraatı
a) Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdeh Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən yaradılmış maneələr, yəni çəkilmiş hasarın cavabdehin hesabına sökülməsi və iddiaçıya dəymiş maddi zərərin əvəzi olaraq 25000 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, X1 prospekti, 140A ünvanında yerləşən sahəsi 65,40 kv.m və 52 kv.m, eləcə də X1 prospekti, 138A ünvanında 99 kv.m olmaqla qeyri-yaşayış sahələri xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Cavabdeh bir ilə yaxındır ki, heç bir qanuni əsas olmadan, eləcə də ərazidə tikinti aparılmasını təsdiq edən sərəncam, müvafiq icazə, məlumat lövhəsi olmadan ərazini hasara almış, iddiaçının mülkiyyətçi kimi mülkiyyət hüquqlarını tam məhdudlaşdırmışdır. Belə ki, mülkiyyətində olan qeyri-yaşayış sahələri müxtəlif şəxslərə 2022-ci ildən icarəyə verilsə də, cavabdehin iddiaçıya yaratdığı süni maneələr hesabına həmin icarəçilər icarə haqlarını 50% azaltmış, bəziləri isə ümumiyyətlə işləyə bilmədikləri üçün icarə sahəsini tərk edib çıxıb getmişdir. Bu da öz növbəsində iddiaçıya küllü miqdarda maddi ziyan vurmuşdur. Ümumilikdə cavabdehin iddiaçıya vurduğu ziyanın məbləği 25.000 manat təşkil edir. İddiaçı dəfələrlə cavabdehə şifahi, yazılı formada müraciət edib mülkiyyətçi kimi yaradılmış maneələrin aradan qaldırılmasını tələb etsə də, hal-hazıra qədər heç bir nəticə verməmişdir. Cavabdehin mülkiyyətdə olan ərazini hasara alması qanuna ziddir və bunun nəticəsində iddiaçı mülkiyyətindən istifadə hüquqlarından məhrum olunmuş, nəticədə küllü miqdarda ziyana düşmüşdür. Bu səbəbdən cavabdeh təşkilat tərəfindən yaradılmış maneələr, yəni, çəkilmiş hasar onların hesabına sökülməli və dəymiş maddi ziyanın əvəzi cavabdehdən tutulmalıdır.
6. Cavabdeh iddiaya etiraz etmiş və bildirmişdir ki, qeyd olunan hasarlar özbaşına tikilməyib. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sərəncamları var. Belə ki, Nazirlər Kabinetinin 2016-cı il ## ###### tarixli qərarına əsasən Nərimanov Rayon İcra Hakimiyyəti cavabdehə 2023-cü il ## ######## tarixli sərəncam ilə yeni yaşayış kompleksinin tikintisi ilə bağlı 1,6 ha ərazi ayırmışdır. Həmin sahədə yararsız, təhlükə mənbəyi hesab olunan yataqxanalar var. X5 Nazirliyinin binanın təhlükəli olması ilə bağlı aktı var. Binada köçürülmə prosesi, təmir işləri gedir. Təhlükəsizliyə görə hasarlar tikilib. Buna baxmayaraq, giriş-çıxış tam sərbəstdir. 138 və *** nömrəli binalar yataqxanadır, orada yaşayan vətəndaşlar dəfələrlə şikayətlər ediblər. Həmin binalar qəzalı vəziyyətdir. Vətəndaşların yaşayış vəziyyətinin yaxşılaşdırılması və təhlükənin qarşısının alınması üçün qeyd olunan binalar sökülməlidir. Məhkəmənin suallarına cavab olaraq cavabdehin nümayəndəsi və vəkili göstərmişdir ki, 1,6 ha əraziyə daxil olan binalar söküləcək. Lakin ilk növbədə qəzalı vəziyyətdə olan 138, *** saylı binaların sökülməsi nəzərdə tutulur. Təhlükəsizlik baxımından hasar çəkilib. Hasarın çəkilməsi zərurəti Fövqəladə Hallar Nazirliyinin aktından irəli gəlir. Hazırda köçürülmə işləri gedir. Söküntü işləri başlamayıb. Hasarlanan ərazi icarəyə verilən 1,6 ha ərazinin koordinatları daxilindədir. 138 və *** saylı binalarda yaşayan vətəndaşların 90 faizi ilə müqavilələr bağlanıb.
7. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il ## ###### tarixli *-*(***)-***/**** saylı qətnaməsi ilə iddia rədd edilmişdir (hakim – N.Əhmədova).
8. Məhkəmə qeyd etmişdir ki, iddiaçının maneələrin aradan qaldırılması tələbi neqator iddiadır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 157.4cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
9. Məhkəmə göstərmişdir ki, iddiaçı faktiki əsas kimi sahiblikdən məhrum edilməklə əlaqədar olmayan pozuntu kimi qanunsuz qurğu – hasarın ucaldıldığına istinad etdiyindən mülki qanunvericiliyin özbaşına tikinti və onun nəticələri ilə bağlı normaları nəzərdən keçirilə bilər.
10. MM-in 180-ci maddəsinin məzmunundan göründüyü kimi, tikililər tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa edildikə özbaşına tikili hesab edilir. Göstərilən üç haldan ən azı birinin mövcudluğu tikilinin qanunvericiliyin tələblərinə riayət edilməklə inşa edilməsini istisna edir. Bununla belə, həmin tikilinin sökülməsi tələbinə münasibətdə hüquqi dəyərləndirmə ilk öncə “subyektiv hüquq”a malik olma kontekstində aparılmalıdır. Bu həm də özbaşına tikinti və onun nəticələrini müəyyən edən müvafiq qanunun müddəalarından irəli gəlir, çünki MM-in 180.4-cü maddəsinə əsasən, bu cür tələbi irəli sürmək hüququna malik olan subyektlərin dairəsi müvafiq icra hakimiyyəti orqanı və ya “maraqlı tərəf”lə məhdudlaşdırılmışdır.
11. Beləliklə, məhkəməyə göstərilən məzmunlu iddia ərizəsi ilə müraciət etmiş şəxsin “maraqlı tərəf” sayılması qanunvericilikdə məhz tikilinin onun hüquqlarına və qanunla qorunan mənafelərinə toxunmasının təsdiq edilməsi ilə şərtləndirilmişdir, tikili qanunvericiliyin tələblərinə cavab verməsə belə, şəxs yalnız bu zaman həmin tikilinin sökülməsini tələb etmək hüququ qazanır.
12. Hazırda mübahisələndirilən qurğu – hasar iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X1 prospekti, 140A ünvanında yerləşən sahəsi 65,40 kv.m və 52 kv.m, eləcə də X1 prospekti, 138A ünvanında yerləşən sahəsi 99 kv.m olan qeyri-yaşayış sahələrinin ətrafında ucaldıldığından iddiaçının mövcud iddia ilə çıxış etməyə subyektiv hüququ mövcuddur.
13. Buna görə də məhkəmə şəhərsalma və tikinti qanunvericiliyində hasarların çəkilməsi ilə bağlı normaları nəzərdən keçirməyi zəruri hesab etmişdir. Qeyd edilən normalardan göründüyü kimi, şəxsin icarəsində olan torpaq sahəsində hündürlüyü ən çoxu 2 metr 20 santimetr olan hasarlar ucaltması üçün icazə və ya məlumatlandırma icraatı tələb olunmur. Həmçinin Bakı şəhər İcra Hakimiyyəti ilə cavabdeh arasında bağlanmış 2024-cü il ## #### tarixli **** nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin 3.1-ci bəndinə əsasən, «İcarəyəverənin» razılığı ilə icarəyə götürülmüş torpaq sahələrində torpaqdan təyinatı üzrə səmərəli istifadə etmək məqsədilə tikililər və avadanlıqlar quraşdırmaq icarəçinin hüquqlarından biridir.
14. Məhkəmə cavabdeh tərəfindən ucaldılmış hasarların cavabdehə Bakı Şəhər İcra Hakimiyyətinin başçısının 2023-cü il ## ######## tarixli *** nömrəli sərəncamı ilə ayrılmış və 2024-cü il ## #### tarixli **** nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə üzrə icarəyə verilmiş 1,6 ha torpaq sahəsinin daxilində yerləşməsinin müəyyən edilməsi məqsədi ilə iş üzrə 2024-cü il ## ######## tarixli *-*(***)-****/**** nömrəli qərardadla məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2025-ci il # ###### tarixli **/**** nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, Bakı şəhəri, F.Yusifov və A.Nemətulla küçələrinin kəsişməsində F.X.Xoyski küçəsi boyunca cavabdeh tərəfindən çəkilmiş hasarların (metal lövhələr) 2023-cü il ## ### tarixli torpaq sahəsinin planına əsasən cavabdehin istifadəsinə ayrılmış 1,6 ha torpaq sahəsinin sərhədləri daxilində yerləşir.
15. Göründüyü kimi, qeyd edilən qurğunun – hasarın özbaşına tikinti hesab edilməsi üçün əsas yoxdur.
16. Bununla yanaşı, şəhərsalma və tikinti normalarında o da nəzərdə tutulmuşdur ki, tikinti meydançasının təşkilində məqsəd tikinti işlərinin təhlükəsizlik tələblərinə, eləcə də şəhərsalma və tikintiyə dair normativ sənədlərlə müəyyən olunmuş digər tələblərə uyğun aparılmasını təmin etməkdən ibarətdir. Tikinti meydançasının sərhədləri tikinti layihələri əsasında müəyyənləşdirilir. Tikinti zamanı üçüncü şəxslərə ziyan vurulmasının qarşısını almaq məqsədilə tikinti meydançası tikinti işlərinə başlamazdan əvvəl hasara alınmalı (reklam qurğularının tikintisi zamanı istisna olmaqla) və müvafiq xəbərdarlıq nişanları quraşdırılmalıdır. Hasarlar tikinti işlərinin aparılması zamanı tikinti materiallarının və məmulatının tikinti meydançasından kənara düşməsinin qarşısını ala bilməli və işıqlandırılmalıdır. İddiaçıya məxsus əmlakların olduğu binaların yerləşdiyi ərazidə söküntü işlərinin aparıldığı (qanuniliyindən asılı olmayaraq) işin müəyyən olunan halıdır.
17. Belə olan halda, həmin işlərin aparılması tikinti materiallarının və məmulatının tikinti meydançasından kənara düşməsinin qarşısını ala bilmək üçün hasarlanmanı zəruri edir. Məhkəməyə təqdim edilən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X10 Agentliyinin 2024-cü il ## ###### tarixli tikinti işlərinin dayandırılması barədə **** nömrəli qərarından görünür ki, Şəhərsalma və Tikinti Məcəlləsinin 92.4.1-ci maddəsinə əsasən tikinti işlərinin dayandırılması qərara alınmışdır.
18. Göründüyü kimi, şəhərsalma və tikinti qanunvericiliyinə əsasən, hətta lazımi icazələr alınmadığı üçün tikinti işlərinin dayandırılması barədə qərar qəbul edildiyi halda belə, tikintinin podratçısı (podratçı olmadığı hallarda sifarişçisi) üçüncü şəxslərin həyatının və əmlakının, habelə ətraf mühitin təhlükəsizliyini təmin etmək məqsədilə tikinti meydançasında mühafizə tədbirləri görməlidir. Şəhərsalma və tikinti qanunvericiliyinə əsasən qeyd edilənlərdən aydın olur ki, hazırkı halda hasarları çəkmək nəinki icarəçi kimi cavabdehin hüququdur, belə növ hasarın çəkilməsi hazırda bilavasitə qanunvericiliyin tələbidir.
19. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, hazırda iddiaçının mülkiyyətçi kimi və sahibkar kimi mənafeləri ilə üçüncü şəxslərin həyat və sağlamlığı ilə bağlı olan xxxxlar arasında da balans qorunmalıdır. İş materiallarından görünür ki, kimə ünvanlanmasından asılı olmayaraq Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X8 Agentliyinin “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutunun 2022-ci il ## #### tarixli Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti, 138A və 140A ünvanında yerləşən yaşayış binalarının texniki vəziyyəti haqqında aktından görünür ki, bina uzun müddət təmirsiz istismar edildiyindən bütün inşaat elementləri fiziki aşınmaya məruz qalmışdır. Dam örtüyü fiziki aşınmalara məruz qalaraq yararsız vəziyyətə düşmüşdür. Atmosfer suları bilavasitə yuxarı mərtəbələrə sızdığından mənzillərin örtük tavalarını və divarlarını yararsız vəziyyətə salmışdır. Binada yanğın təhlükəsizliyini təmin etmək məqsədi ilə insanların təxliyyəsi üçün nəzərdə tutulmuş bütün mərtəbələrin dəhlizləri sakinlər tərəfindən müxtəlif taxta və digər materiallardan düzəldilmiş tikililərlə məhdudlaşdırmışdır. Bütün su, kanalizasiya elektrik xətləri, aksessuarları, binanın daxilində və xaricində xaotik şəkildə, inşaat normalarına riayət olunmadan quraşdırılmışdır. Üstü açıq qalan elektrik xətləri, asılı vəziyyətdə qalan beton qırıqları sakinlərin həyatı üçün təhlükə mənbəyidir. Binanın texniki vəziyyəti qəzalıdır. Bununla əlaqədar aşağıdakı təxirəsalınmaz tədbirlər həyata keçirilməlidir: sakinlər köçürülməli; binaya daxil olan kommunikasiya xətlərinin fəaliyyəti dayandırılmalı; binanın ətrafı çəpərlənməli; binaya giriş qadağan edilməli və digər lazımi tədbirlər görülməlidir.
20. Həmçinin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X10 Agentliyinin “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutunun 2024-cü il ## ###### tarixdə təsdiq edilmiş Bakı şəhəri, Nərimanov rayonu, X1, Faiq Yusifov və Ağa Nemətulla küçələrinin kəsişməsində yerləşən yaşayış və yataqxana binalarının texniki vəziyyəti barəsində rəyindən görünür ki, X1 küçəsi, 138A və ***A saylı ünvanlarda yerləşən yataqxana binaları 2 girişli, 4 mərtəbəli, planda düzbucaqlı şəkilli olub 1963-cü ildə inşa edilmişdir. Binaların əsas yükdaşıyan divarlarının qalınlığı 0,4 metr olmaqla mişarlanmış əhəng daşından yerinə yetirilmişdir. Mərtəbəarası örtükləri boşluqlu panellərdəndir. Damı yastı tipli olub yumşaq materiallar ilə örtülmüşdür. Yataqxana binalarının plan həlli birtipli layihə əsasında dəhliz sistemlidir (eni 2,00 metr). Dəhlizin hər iki tərəfində yataq otaqları, kəllə (yan) tərəflərdə bütün mərtəbələrdə ümumi istifadə üçün nəzərdə tutulan sanitar qovşaqları (tualet və hamam), mətbəx və saxlanc otaqları yerləşir. Baxış zamanı yataqxana binalarında aşağıda qeyd edilən qüsurlar müşahidə olundu: yataqxana binaları uzun müddət təmirsiz istismar edildiyindən fiziki cəhətdən köhnəlmişdir; təmirsiz istismar nəticəsində binaların ümumi sahələrində və fasadlarında hörgü və suvaq məhlulları aşınmışdır; binaların əsas yükdaşıyan divarlarında müxtəlif ölçülü keçici çatlar yaranmışdır; yığma dəmir-beton elementlərdən olan eyvanların beton mühafizə qatları aşınmış, armatur milləri isə açıqda qalaraq ciddi şəkildə korroziyaya uğramışdır; bəzi sahələrdə mərtəbəarası örtüklər birbirinə nəzərən deformasiyaya uğramışdır; binaların yığma demir - beton elementlərdən olan pilləkən tirlərində müxtəlif ölçülü çatlar yaranmış, pilləkənin tapdaqları isə aşınaraq armatur milləri açıqda qalmışdır; binaların ümumi sahələrində - sanitar qovşaqlarında kommunikasiya xətlərindən axan suların təsirindən boşluqlu panellərin beton mühafizə qatları aşınmış, armaturlar isə ciddi şəkildə korroziyaya uğramışdır; binaların əsas yükdaşıyan divarlarında da sakinlər tərəfindən gücləndirmə tədbirləri görülmədən müxtəlif ölçüdə boşluqlar açılmış və sonradan inşa edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə keçid yaradılmışdır; binaların fasadları boyunca sakinlər tərəfindən sonradan müxtəlif inşaat materiallarından olmaqla yaşayış və qeyri-yaşayış sahələri inşa edilmişdir; binaların əksər mənzillərində açıq eyvanlar müxtəlif inşaat materialları ilə hörülərək bağlanmış və genişləndirilmişdir; yuxarıda qeyd olunan əlavə tikililər və yenidənqurma işləri binanın yükgötürmə qabiliyyətinin azalmasına səbəb olmuş, onun tikinti və fəza sərtliyini xeyli zəiflətmişdir; binaların ümumi sahələrində və fasadları boyunca kommunikasiya xətləri xaotik şəkildə çəkilmişdir; binaların kommunikasiya xətləri istismar üçün yararsızdır; yaşayış binaları mövcud tikinti norma və qaydalarına cavab vermir; binalar qüvvədə olan seysmik normaların tələblərinə cavab vermir; yaşayış binaları memarlıq nöqteyi nəzərindən heç bir tarixi əhəmiyyət kəsb etmir. Bakı şəhəri, Nərimanov rayonu, X1 küçəsi 138A və ***A saylı ünvanlarda yerləşən 4 mərtəbəli yataqxana binaları texniki cəhətdən qəzalı vəziyyətdədir, istismar üçün yararsızdır.
21. Adıçəkilən rəy və aktdan göründüyü kimi, məhz iddiaçıya məxsus əmlakların yerləşdiyi Bakı şəhəri, Nərimanov rayonu, X1 küçəsi 138A və ***A saylı ünvanlarda yerləşən binalar qəzalı vəziyyətdə olduğundan üçüncü şəxslərin hüquqları naminə ərazinin hasarlanmalı olması qənaətinə gəlinmişdir. Bu mənada hazırkı halda, həmin hasarların mövcudluğunun iddiaçının mülkiyyət hüququna mütənasib müdaxilə hesab olunması məsələsi də araşdırılmalıdır.
22. Məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, Konstitusiyanın 13-cü maddəsi ilə mükiyyət toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Bununla belə, bu toxunulmazlıq mütləq deyildir və məhdudlaşdırıla bilər. Mülkiyyət hüququ məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir.
23. Hazırda isə iddiaçının icarə obyeklərinə giriş-çıxış məhdudlaşdırılmadan (məhkəməyə iddiaçı tərəfindən təqdim edilən videoyazı və 2025-ci il # ###### tarixli **/**** nömrəli ekspert rəyindəki fotoşəkillərlə bu hal təsdiq olunur) hasarlar çəkildiyindən qeyd edilən məhdudiyyət də mütənasib hesab edilməlidir.
24. Beləliklə, məhkəmə bu qənaətə gəlmişdir ki, iddiaçı tərəfindən özbaşına tikinti – qanunsuz olaraq hasarın çəkilməsi ilə sahiblikdən məhrum edilməklə əlaqədar olmayan pozuntu təsdiq edilmədiyindən iddia tələbi – cavabdeh tərəfindən yaradılmış maneələr, yəni çəkilmiş hasarın cavabdehin hesabına sökülməsi hissəsində rədd edilməlidir.
25. Məhkəmə qeyd etmişdir ki, MM-in 21-ci maddəsi zərərlə bağlı ümumi müddəaları əks etdirir. Həmin norma zərərin əvəzinin ödənilməsi tələbinin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin hüquqi əsası mülki hüququn müvafiq normalarında əks olunmuşdur. Hazırkı tələb isə bilavasitə delikt hüququna əsaslanır. MM-in doqquzuncu bölməsi mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər adlanır. MM-in 1096-cı maddəsi mülki hüquq pozuntusuna anlayış verir. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
26. Verilən anlayışdan aydın olur ki, mülki hüquq pozuntusunun tərkibi hüquqazidd əməl, bu əməllə zərər arasında səbəbli əlaqə və təqsirdir. Göründüyü kimi, deliktin yaranması üçün üç mühüm şərtin olması vacibdir və bu, bütün deliktlər üçün ümumi normadır. Lakin işin yuxarıda göstərilən hallarından cavabdehin hüquqazidd əməli öz təsdiqini tapmadığından iddiaçıya dəymiş zərərdən də söhbət gedə bilməz. Bu mənada nəzərə alınmalıdır ki, yalnız hüquqazidd əməl öz təsdiqini tapdığı halda, səbəbli əlaqə, təqsir və son nəticədə zərərin qiymətləndirilməsi aparıla bilərdi. Belə olan halda, məhkəmə şahid kimi dindirilən X3 ifadələrinə hüquqi qiymət verilməsinə ehtiyac görmür.
27. Göstərilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlmişdir ki, iddia tələbi dəymiş zərərin əvəzinin ödənilməsi hissəsində də rədd edilməlidir.
28. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni MM-in 21, 152.5, 157.4, 180, 180.4, 385.1, 1096-cı maddələrinə, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 73.1, 74, 74.1, 79.1.3, 79.2, 80.1, 80.4, 92.4.1, 92.6, 95.1.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 107, 115.0, 115.0.4, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
29. İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
30. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il # ####### tarixli *-*(***)-***/**** nömrəli qərardadı ilə iddiaçının cavabdehə qarşı “çəkilmiş hasarın cavabdehin hesabına sökülməsi” tələbi ayrıca icraata ayrılmışdır (sədrlik edən - T.Mahmudova, hakimlər L.Əliyeva və Z.Şirinov).
31. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il # ####### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin “maddi ziyanın əvəzinin ödənilməsi” tələbinin rədd edilməsi hissəsində ləğv olunması, iddiaçının cavabdehə qarşı37.“maddi ziyanın əvəzinin tutulması” tələbinin qismən təmin edilməsi, cavabdehdən maddi ziyanın əvəzi qismində 16.161,6 manat iddiaçının xeyrinə tutulması, həmin iddia tələbinin qalan hissədə təmin edilməməsi, iddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 85 manat dövlət rüsumunun 27,5 manatının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmiş və iddiaçının “çəkilmiş hasarın cavabdehin hesabına sökülməsi” tələbinin ayrıca icraata ayrıldığının nəzərə alınması qeyd olunmuşdur (sədrlik edən - T.Mahmudova, hakimlər L.Əliyeva və Z.Şirinov).
32. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının “dəymiş maddi zərərin əvəzinin tutulması” tələbi mülkiyyət hüququna müdaxiləyə görə kompensasiya (əvəz) ödənilməsi ilə bağlı olduğundan, iddiaya mülkiyyət hüququnun müdаfiəsi ilə bаğlı qanunvericilik çərçivəsində qiymət verilməlidir. Azərbaycan Respublikasının tərəf olduğu və mahiyyət etibarilə mülkiyyət hüququnu təmin edən Avropa İnsan Hüquqları Konvensiyasının * saylı Protokolunun 1-ci maddəsi üç müxtəlif normadan ibarətdir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; nəhayət, ikinci abzasda bəyan edilən üçüncü norma təsdiq edir ki, iştirakçı dövlətlər ümumi maraqlara müvafiq olaraq mülkiyyətdən istifadəyə nəzarəti və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü normalar mülkiyyətdən maneəsiz istifadə hüququna edilən konkret müdaxilə nümunələri ilə bağlıdır, buna görə də onlar birinci normada bəyan edilən ümumi prinsip baxımından şərh olunmalıdır (Ceyms və başqaları Birləşmiş Krallığa qarşı iş).
33. Avropa Məhkəməsinin presedent hüququna əsasən, müdaxilə - “qanunla nəzərdə tutulmuş şərtlərə” uyğun olaraq həyata keçirilməli; “ictimai marağa” uyğun olmalı və mülkiyyətçinin hüquqları və cəmiyyətin maraqları arasında “ədalətli tarazlığı” müəyyən etməlidir.
34. İstismar müddəti bitmiş, insanların həyat və sağlamlığı üçün təhlükə kəsb edən yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək yerində yeni müasir tələblərə cavab verən yaşayış binasının tikilməsində ictimai marağın olması şübhəsiz olsa da, belə fəaliyyət nəticəsində mülkiyyət hüququna olunan müdaxilənin cəmiyyətin ümumi maraqları ilə əsas hüquqlardan biri olan mülkiyyətin müdafiəsi tələbləri arasında ədalətli tarazlığı qoruyubqorumadığı əhəmiyyət kəsb edir. Buna görə də kollegiya, prosessual qənaət prinsipindən çıxış edərək birbaşa olaraq aşağıdakı sualı araşdıracaq: cavabdehin tikinti fəaliyyəti nəticəsində iddiaçının mülkiyyət hüququndan istifadəsinə yaranan məhrumiyyət (müdaxilə) cəmiyyətin ümumi maraqlarının tələbləri ilə iddiaçının əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığı qoruyub saxlayırmı?.
35. İddiaçı hesab edir ki, cavabdehin fəaliyyəti nəticəsində onun mülkiyyət hüququndan istifadə imkanı faktiki olaraq məhdudlaşdırıldığı üçün vurulmuş zərər (itirilmiş gəlir) ödənməlidir; cavabdeh isə iddiaya etiraz edərək hasarlanmanın tikinti təhlükəsizliyinin təmin edilməsi məqsədilə qanunla nəzərdə tutulmuş qaydada çəkildiyini və iddiaçının gəlir itkisinə görə heç bir məsuliyyət daşımadığını irəli sürür.
36. Birinci instansiya məhkəməsi iddiaçının əmlakının ətrafında cavabdeh MMC tərəfindən “çəkilmiş hasarın özbaşına tikili olmadığı”nı, “hasarları çəkməyin nəinki icarəçi kimi cavabdehin hüququ, belə növ hasarın çəkilməsinin bilavasitə qanunvericiliyin tələbi” olduğunu, “iddiaçıya məxsus əmlakların yerləşdiyi ünvanlarda yerləşən binalar qəzalı vəziyyətdə olduğundan üçüncü şəxslərin hüquqları naminə ərazinin hasarlanmasının zəruriliyi”ni və buna görə “məhdudiyyətin də mütənasib hesab edilməli olduğu”nu, “hasarın qanunsuz çəkildiyi təsdiq edilmədiyindən” iddia tələbinin “çəkilmiş hasarın cavabdehin hesabına sökülməsi hissəsində rədd edilməli” olduğunu, həmin tələb əsassız olduğundan “maddi zərərin ödənilməsi” tələbinin də təmin edilməməli olduğunu vurğulamaqla müvafiq nəticəyə gəlmişdir. Kollegiya bir daha qeyd etmişdir ki, iddiaçının “dəymiş maddi zərərin əvəzinin tutulması” tələbi mülkiyyət hüququna müdaxiləyə görə kompensasiya (əvəz) ödənilməsi ilə bağlı olduğundan, bu tələbin əsaslılığına qiymət verilərkən müdaxilənin qanuni olubolmamasından əlavə, onun “ictimai marağa” və mülkiyyətçinin hüquqları və cəmiyyətin maraqları arasında “ədalətli tarazlığa” da uyğun olub-olmadığı müəyyənləşdirilməlidir. Başqa sözlə, hasarın tikinti təhlükəsizliyinin təmin olunması məqsədi ilə qanuni əsaslarla çəkildiyi və “ictimai marağa” uyğun olduğu qəbul edilsə belə, bu hal iddiaçının “dəymiş maddi zərərin əvəzinin tutulması” tələbinin rəddi üçün əsas ola bilməz – bunun üçün müvafiq müdaxilənin (hasarın çəkilməsinin) həm də “ədalətli tarazlığa” uyğunluğu sübuta yetirilməlidir.
38. Bu kontekstdə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi müvafiq iddia tələbini rədd edərkən düzgün nəticəyə gəlməmiş, “ictimai marağın” təmin olunması istiqamətində fəaliyyət göstərsə belə, həm də kommersiya marağı olan MMC-nin iddiaçıya yaratdığı məhrumiyyətlə həmin maraqların arasında “ədalətli tarazlığın” pozulduğunu nəzərə almamışdır. Xüsusilə nəzərə alınmalıdır ki, iddiaçının mülkiyyət hüququndan istifadəsi yalnız “xxxx” məqsədilə deyil, həm də MMC-nin kommersiya marağının təmin olunması məqsədilə məhdudlaşdırılmışdır və “ədalətli tarazlığın” qorunub-qorunmadığına qiymət verilərkən həmin kommersiya marağının mövcudluğu da gözdən keçirilməli idi. Həmçinin, iddiaçının “çəkilmiş hasarın cavabdehin hesabına sökülməsi” tələbi ayrıca icraata ayrılmışdır və hasarın qanuni olub-olmadığı məsələsinə gələcəkdə qiymət veriləcəkdir.
39. İş materiallarına əlavə edilmiş 2023-cü il # ######## tarixli icarə müqaviləsinə əsasən iddiaçı, Bakı şəhəri, Nərimanov rayonu, X1 prospekti 138A ünvanında yerləşən, ümumi sahəsi 99 kv/m olan qeyri-yaşayış sahəsini aylıq icarə haqqı 3000 manat olmaqla X3 icarəyə vermişdir.
40. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən X3 göstərmişdir ki, iddiaçı ilə 2023-cü ilin sentyabr ayında qeyri-yaşayış sahəsini 3000 manata icarəyə götürməyə razılaşmış, ancaq obyektin qarşısının bağlandığını gördüyü üçün orada fəaliyyət göstərməmiş, icarə haqqını ödəmədən obyektdən çıxmışdır.
41. 2024-cü il # ##### tarixli icarə müqaviləsinə əsasən isə sözügedən qeyri-yaşayış sahəsi aylıq icarə haqqı 1000 manat olmaqla X4 icarəyə verilmişdir.
42. Belə olan halda kollegiya hesab etmişdir ki, 2023-cü il oktyabr ayından (hasarın çəkildiyi vaxtdan) 2024-cü il ## #### tarixinədək (iddia ərizəsinin verilmə tarixinədək) olan 5 ay 12 günlük dövrdə iddiaçı real gəlirdən məhrum qalmışdır.
43. Bakı Apellyasiya Məhkəməsinin 2025-ci il ## #### tarixli qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmuş və “xxxx” MMC-nin 2025-ci il ## ###### tarixli rəyinə əsasən, Bakı şəhəri, Nərimanov rayonu, X1 prospekti 140A ünvanında yerləşən, ümumi sahəsi 65,40 kv.m olan qeyri-yaşayış sahəsinin icarə haqqının orta bazar qiyməti hasar çəkiləndən əvvəl və sonra 1750,0 manat olmuş, Bakı şəhəri, Nərimanov rayonu, X1 prospekti, 140A ünvanında yerləşən, ümumi sahəsi 52 kv.m olan qeyri-yaşayış sahəsinin icarə haqqının orta bazar qiyməti hasar çəkilənədək 1400 manat, hasar çəkildikdən sonra 600 manat olmuş, Bakı şəhəri, Nərimanov rayonu, X1 prospekti, 138A ünvanında yerləşən, ümumi sahəsi 99 kv.m olan qeyri-yaşayış sahəsinin icarə haqqının orta bazar qiyməti hasar çəkilənədək 3300 manat, hasar çəkiləndən sonra isə 1300 manat olmuşdur.
44. Beləliklə, icarə müqaviləsi, işə apellyasiya qaydasında baxılarkən əldə edilən məhkəmə-əmtəəşünaslıq rəyi və şahid ifadəsi birlikdə qiymətləndirildikdə, iddiaçının Bakı şəhəri, Nərimanov rayonu, X1 prospekti, 138A ünvanında yerləşən, ümumi sahəsi 99 kv/m olan qeyri-yaşayış sahəsi üzrə (5 ay üzrə ( 5 x 3.000=15.000); 12 gün üzrə ((3.000 : 12= 96,8);(12 x 96,8=1.161,6)); 15.000 + 1.161,6=16.161,6) 16.161,6 manat məbləğində itirilmiş gəlir formasında zərərə məruz qaldığı sübut olunmuşdur.
45. Kollegiya həmçinin qeyd etmişdir ki, iddiaçı hasarlanma başlayan zamandan 2024-cü il ## #### tarixinə qədər olan dövr üzrə dəymiş ziyanı tələb etdiyindən 2024-cü il # ##### tarixli icarə müqaviləsi üzrə məhrum olduğu gəlir hazırki mübahisənin predmetini təşkil etmir.
46. Digər qeyri-yaşayış sahələrinə münasibətdə isə məhkəmə kollegiyası iddia tələbinin rədd edilməsi nəticəsinə gəlmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş 2022-ci il # ####### tarixli icarə müqaviləsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, X1 prospekti, 140A ünvanında yerləşən, ümumi sahəsi 65,40 kv.m olan qeyri-yaşayış sahəsi 1500 manata X6 icarəyə verilmiş, 2024-cü il ## #### tarixdə isə sözügedən icarə müqaviləsi ləğv edilmişdir. Həmçinin birinci instansiya məhkəməsində verdiyi izahatında iddiaçı bildirmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, X1 prospekti, 140A ünvanında yerləşən qeyri-yaşayış sahəsini 1500 manata icarəyə verir və həmin obyektlə bağlı zərəri yoxdur.
47. Belə olan halda məhkəmə kollegiyası qeyd etmişdir ki, sözügedən qeyri-yaşayış sahəsi ilə bağlı həmin dövr üzrə iddiaçının faktiki gəlir itkisi müəyyən edilmir.
48. Bakı şəhəri, Nərimanov rayonu, X1 prospekti, 140A ünvanında yerləşən, ümumi sahəsi 52 kv.m olan qeyri-yaşayış sahəsinə münasibətdə qeyd olunmuşdur ki, sözügedən obyekt 2023-cü il # ### tarixdə Bakı şəhəri ** saylı Vəkil Bürosuna icarəyə verilmişdir, lakin icarə münasibətlərinə xitam verilməsi, obyektin boşaldılması halı iş materialları ilə sübut olunmadığından məhkəmə kollegiyası bu obyekt üzrə gəlirdən məhrum qalma faktını təsdiq olunmuş hesab etmir.
49. Şərh olunanları ümumiləşdirərək kollegiya hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi “maddi ziyanın ödənilməsi”nə dair iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia qismən təmin olunaraq iddiaçının xeyrinə 16.161,6 manat cavabdehdən tutulmalıdır.
50. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 21, 203.3, 203.5, 404, 425, 1096.1, 1097.1, 1108.1, 1115-ci və MPM-in 14.2, 77.1, 80, 81, 88, 102.2, 103.1, 217.3 və 385-ci maddələrinə istinadla əsaslandırmışdır.
51. Cavabdeh kassasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
52. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X10 Agentliyi “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutunun mütəxəssisləri tərəfindən tərtib edilmiş 2024-cü il ## ###### tarixli Bakı şəhəri, Nərimanov rayonu, X1, Faiq Yusifov və Ağa Neymətulla küçələrinin kəsişməsində yerləşən yaşayış və yataqxana binalarının texniki vəziyyəti barəsində rəyi ilə müəyyən olunmuşdur ki, Bakı şəhəri, Nerimanov rayonu, X2 küçəsi 138A ve ***A saylı ünvanlarda yerləşən 4 mərtəbəli yataqxana binaları texniki cəhətdən qəzalı vəziyyətdədir, istismar üçün yararsızdır. Buradan belə nəticəyə gəlmək olar ki, müvafiq dövlət orqanlarının qanunvericiliyin tələblərinə uyğun olaraq verdiyi rəylər, texniki araşdırmalar və qəbul etdiyi qərarlar tikintiyə icazə verilməsi və ərazidəki qəzalı tikililərin sökülməsi üzrə addımların Konstitusiyanın mülkiyyət hüququna dair müəyyən etdiyi legitim məqsədlərə – digər şəxslərin hüquqlarının qorunmasına, təhlükəsiz yaşam mühitinin təmin edilməsinə və layiqli həyat səviyyəsinin müdafiəsinə – xidmət etdiyini göstərir.
53. MM-in 1096-cı maddəsi üzrə - işin hallarından cavabdehin hüquqazidd əməli öz təsdiqini tapmadığından iddiaçıya dəymiş zərərdən də söhbət gedə bilməz. Bakı Şəhər İcra Hakimiyyəti ilə cavabdeh arasında bağlanmış 2024-cü il ## #### tarixli **** nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin şərtlərindən görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti başçının 2023-cü il ## ######## tarixli *** nömrəli sərəncamı və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 2023-cü il ## ### tarixli yerquruluşu planına əsasən, Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski, F.Yusifov və A.Nemətulla küçələrinin kəsişməsində yerləşən 16.000 kv.m torpaq sahəsi 49 il müddətinə illik 49420,8 manat icarə haqqının ödənilməsi şərtilə yeni yaşayış kompleksinin tikintisi üçün Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən cavabdehə icarəyə verilmişdir. İş materiallarına əlavə olunmuş FHN-dən alınmış rəylərdən məlum olur ki, sözügedən binalar qəzalı vəziyyətdədir və aparılan təmir-tikinti işləri qanunauyğun həyata keçirilir. İddiaçının mülkiyyətinə hər hansı zərər vurulmamışdır.
54. MPM-in 218.1-ci maddəsi üzrə - Bakı Apellyasiya Məhkəməsi iş üçün əhəmiyyətli halları düzgün araşdırmamış, Bakı Şəhər İcra Hakimiyyətinin başçısının 2023-cü il ## ######## tarixli *** nömrəli sərəncamını, Fövqaladə Hallar Nazirliyinin binaların texniki vəziyyəti ilə bağlı verdiyi rəylər, tikinti işlərinin şəhərsalma və tikinti normalarına riayət edilməklə, qəzalı vəziyyətdə olan binaların təmir edilməsi və xxxxlara xidmət edən təhlükəsiz yaşayış mühitinin təmin edilməsi məqsədi ilə həyata keçirildiyini nəzərə almamış, bu halların hüquqi əhəmiyyətini qiymətləndirməmiş və onların mülkiyyət hüququnun məhdudlaşdırılmasının legitimliyi, zəruriliyi və mütənasibliyinin qiymətləndirilməsinə təsirini araşdırmamışdır. Bu isə iş üzrə maddi hüquq normalarının düzgün tətbiq edilməməsinə və apellyasiya instansiyasının hüquqi mövqeyinin əsaslı şəkildə formalaşdırılmamasına səbəb olmuşdur.
55. MPM-in 103.1-ci maddəsi üzrə - “xxxx” MMC-nin 2025-ci il ## ###### tarixli rəyində göstərilən icarə haqqı məbləğləri və onların dəyişməsi barədə nəticələr qəbul edilə bilməz və əsassızdır. Belə ki, təqdim edilən rəydə icarə qiymətlərinin müəyyənləşdirilməsi zamanı tətbiq edilmiş metodologiya, istifadə olunan müqayisəli bazar göstəriciləri, obyektlərin real kommersiya dövriyyəsi və mövcud iqtisadi şəraitlə bağlı əsaslandırmalar açıq şəkildə göstərilməmişdir. Həmçinin, hasarın çəkilməsindən əvvəl və sonra qiymət fərqinin müəyyən edilməsi üzrə aparıldığı iddia edilən təhlillərin hansı statistik məlumatlara, hansı analitik meyarlara və hansı obyektiv göstəricilərə əsaslandığı rəy materiallarında sübutedici şəkildə əks olunmamışdır. Bu isə təqdim edilən rəydəki qiymətləndirmə nəticələrinin obyektivliyi, dəqiqliyi və bazar reallıqları ilə uyğunluğu barədə ciddi şübhələr yaradır. Bu səbəblərə əsasən, sözügedən rəyin nəticələri ilə razılaşmaq olmaz və həmin rəydə göstərilmiş icarə haqqı məbləğlərini təsdiqlənməyib, yetərincə əsaslandırılmayıb və etibarsız hesab edilməlidir. Bu səbəblə də məhkəmənin yalnızca ekspertin rəyinə əsaslanaraq qəbul etdiyi qətnamə əsassızdır.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
56. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Kassasiya baxışının hədləri
57. Kassasiya şikayətinin cavabdeh tərəfindən verildiyi və iddianın qismən təmin edilməsinə baxmayaraq, iddiaçı tərəfindən kassasiya şikayətinin verilmədiyi nəzərə alınaraq kollegiya qeyd edir ki, hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı yalnız iddianın qismən təmin edildiyi hissədə və MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində ifadə olunmuş dəlillər üzrə yoxlanılacaqdır.
Tətbiq edilən hüquq
58. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.”
“Maddə 203. Mülkiyyət hüququnun itirilməsi növləri 203.3. Qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən aşağıdakı tədbirlərdən başqa, əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilmir: öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi; qanuna görə həmin şəxsə mənsub ola bilməyən əmlakın özgəninkiləşdirilməsi; sahənin alınması ilə əlaqədar daşınmaz əmlakın özgəninkiləşdirilməsi; təsərrüfatsızcasına saxlanan mədəni sərvətlərin satın alınması; rekvizisiya; müsadirə. Maddə 203.5. Fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın dövlətin və cəmiyyətin ehtiyacları üçün özgəninkiləşdirilməsi Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin IV hissəsinə əsasən həyata keçirilir.”
“Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.”
“Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).”
Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.”
“Maddə 1115. Zərərin əvəzinin ödənilməsi üsulları 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.”
59. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.”
“Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.”
“Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.” “Maddə 392. Apellyasiya instansiyası məhkəməsi qətnaməsinin məzmunu 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.”
“Maddə 407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.”
“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
60. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.
61. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.
62. Kassasiya şikayətində qeyd edilən maddi hüquq normalarının pozulması barədə dəlillər isə əsaslı hesab edilə bilməz.
63. Belə ki, məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab etmir və bildirir ki, apellyasiya instansiyası məhkəməsinin qiymətləndirməsi şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə tam cavab verir. Kollegiya həmin hüquqi qiymətləndirmə ilə razılaşır, eyni qiymətləndirmənin təkrarlanmasına zərurət görmür.
64. Əlavə olaraq kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının “dəymiş maddi ziyanın əvəzinin tutulması” tələbinə baxarkən cavabdehin hərəkətlərini mülki hüquq pozuntusu (delikt) kimi dəyərləndirməmişdir. İddianın qismən təmin edilməsi barədə nəticə isə Avropa Məhkəməsinin presedent hüququna uyğun olaraq, mülkiyyətə müdaxilə aspektindən və bu zaman mülkiyyətçinin hüquqları ilə cəmiyyətin maraqları arasındakı “ədalətli tarazlıq” meyarının qiymətləndirilməsi ilə əsaslandırılmışdır.
65. Belə ki, həmin məhkəmə haqlı olaraq qeyd etmişdir ki, konkret halda müdaxilə yalnız xxxxla deyil, həm də cavabdehin kommersiya maraqları ilə şərtlənmişdir. Bu isə tərəflərin maraqları arasında balansın qiymətləndirilməsini zəruri etmişdir. İddiaçının obyektlərindən istifadə imkanlarının faktiki məhdudlaşması və gəlir itkisinə məruz qalması həmin balansın pozulduğunu göstərir.
66. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində göstərilən, hüquqazidd əməl olmadığı üçün zərərin də mövcud olmaması barədə dəlillər əsassızdır və apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticənin ləğvi üçün əsas təşkil etmir.
67. Kassasiya şikayətində qeyd edilən maddi və prosessual hüquq normalarının pozulmasının işdə olan sübutların və işin hallarının düzgün qiymətləndirilməməsi ilə əlaqələndirilməsi isə əsassızdır.
68. Belə ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirinə görə kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.
69. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012ci il ## ###### tarixli Qərarında da qeyd edilmişdir ki, ...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPMin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il ## ##### tarixli Qərarı).
70. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarının və sübutların qiymətləndirilməsi ilə bağlı məsələ işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə işin faktiki hallarının, habelə sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanması, onların tədqiq edilməsi, təqdim edilmiş sübutlara qiymət verilib-verilməməsi və s. bununla bağlı prosessual qaydalara riayət edilib-edilməməsini yoxlayır.
71. Apellyasiya instansiyası məhkəməsi də öz səlahiyyətləri daxilində sübutları və işin hallarını qiymətləndirmiş və müəyyən etdiyi hallara əsasən kassasiya şikayətində qeyd edilən maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmişdir.
72. Kollegiya qeyd edir ki, kassasiya şikayətində qeyd olunan prosessual hüquq normalarının pozulması barədə dəlillər o vaxt əsaslı hesab edilə bilərdi ki, apellyasiya məhkəməsi tərəfindən MPM-in 14.1, 217.3, 218.1-ci maddələrinin tələbləri pozularaq işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasın, cavabdehin istinad etdiyi dəlillərə və təqdim etdiyi sübutlara qiymət verilməsin, habelə məhkəmə qətnaməsi əsaslandırılmasın. Lakin hazırkı işdə həmin pozuntulara yol verilməmiş, habelə MPM-in 392.2-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin qismən təmin edildiyini qətnamədə göstərmişdir.
73. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
74. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il # ####### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.