Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-390/2025 25.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı cavabdeh BOKT "xxxx" MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X6 Əliyevanın sədrliyi və məruzəsi ilə, Elnur Məmmədsaat oğlu Həsənovdan və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, İddiaçının vəkili və nümayəndəsi X1, Cavabdeh BOKT "xxxx" MMC-nin nümayəndəsi X3 iştirakları ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-252/2025 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:
1. İddiaçı (Lizinq alan) ilə BOKT "xxxx" MMC (alıcı) və X4 (satıcı) arasında xx.xx.2023-cü il tarixli 11/831-2023 saylı Lizinq obyektinin alqı-satqı müqaviləsi imzalanmışdır.
2. Lizinq alan İddiaçı ilə BOKT "xxxx" MMC Lizinq verən arasında xx.xx.2023-cü il tarxli 11/831-2023 saylı X7 müqaviləsi bağlanılmışdır. Həmin Müqavilənin: 1.1-ci bəndinə əsasən lizinq verən Lizinq alan tərəfindən seçilmiş və onun ərizəsinə əsasən alınmış əmlakın dəyərini ödəyib öz mülkiyyəlinə əldə elməyi və lizinq obyekti qismində lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, öhdəsinə götürür, lizinq obyektinin təsviri bu müqavilənin ayrılmaz hissəsi olan Əlavə №1 (Spesifikasiya) göstərilir. 7.2-ci bəndinə əsasən lizinq obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi. Korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti lizinq obyekti lizinq alana təhvil verildiyi gündən lizinq alan daşıyır.Lizinq obyekti tərəflər arasında təhviltəslim aktı imzalanana kimi sığortalanmalıdır, lizinq alan sığorta ödənişlərini qeyri - şərtsiz ödəməyi öz öhdəsinə götürür. 7.2-cü bəndinə əsasən lizinq obyekti yol-nəqliyyat hadisəsi, təbii fəlakətlər, üçüncü şəxslərin qərəzli hərəkətləri, oğurluq, soyğunçuluq, yanğın, partlayış, ildırım vurması risklərdən lizinq müddəti ərzində sığortalanmalıdır, lizinq obyektinin sığorta təminatı lizinq müddəti ərzində sığortalanmalıdır. 7.7-ci bəndinə əsasən sığorta hadisələrinin baş verməsi ilə əlaqədar əmlakın bərpası üzrə ödənilən sığorta ödənişləri lizinq verənin razılığı al;nmaqla lizinq alana ödənilə bilər. Müqavilə tərəflərin imzası və lizinq verənin möhürü ilə təsdiq edilmişdir.
3. xx.xx.2023-cü il tarixli 11/831-2023 saylı X7 müqaviləsinə 3 saylı Əlavə olan xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, ** YC *** dövlət nömrə nişanlı “Hyundai Elantra” minik markalı avtomobil “lizinq alan”ın istifadəsinə verilmişdir.
4. Avtonəqliyyat vasitələrinin tam sığortası üzrə MC-MİC-2416/23 saylı sığorta şəhadətnaməsindən görünür ki, BOKT "xxxx" MMC (sığortalı) mülkiyyətində olan **-YC-*** dövlət qeydiyyat nömrəli, “Hyundai Elantra” minik markalı avtomobili "xxxx" ASC-də (sığortaçı) xx.xx.2023-cü ildən xx.xx.2026-cı ilədək sığorta məbləği 20.100 manat müəyyən edilməklə nəqliyyat vasitəsinin məhv olması və ya zədələnməsindən sığortalanmışdır.
5. Mingəçevir şəhəri YNH tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokola əsasən müəyyən edilir ki, ** YC *** dövlət nömrə nişanlı “Hyundai Elantra” minik markalı nəqliyyat vasitəsini idarə edən İddiaçı xx.xx.2023cü il tarixdə AR İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətmişdir.
6. Mingəçevir şəhəri YNH tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan müəyyən edilir ki, İddiaçı xx.xx.2023-cü il tarixdə **-YC-*** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra minik” markalı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmiş və AR İnzibati Xətalar Məcəlləsinin 327.1 maddəsi ilə nəzərdə tutulmuş xəta törətmişdir və inzibati məsuliyyətə cəlb edilmişdir.
7. Dövlət Sığorta Agentiliyi tərəfindən tərtib edilmiş nəqliyyat vasitələrinin təmirinə (bərpa edilməsinə) dair smetaya (haqq-hesab) əsasən müəyyən edilir ki, **-YC-*** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra minik” markalı nəqliyyat vasitəsinin təmir dəyərinin cəmi 3778 manat təşkil etmişdir.
8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 oktyabr 2024-cü il tarixli, 3-16-16/2-9/7525/2024 saylı ekspert rəyinə əsasən nəzəri hesablamalar yolu ilə təqdim edilmiş, “Mingəçevir Lada t-x” tərəfindən tərtib edilmiş, xx.xx.2023-cü il tarixli qüsur aktında 2018-ci il buraxılışlı “Hyundai Elantra” markalı,** YC *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 1963 manat müəyyən edilir. O cümlədən dəyişilməli hissələrin təzə qiyməti 1163 manat, təmir-bərpa işlərinin qiyməti 800 manat.
Birinci instansiya məhkəməsindəki icraat:
9. İddiaçı cavabdehlər "xxxx" ASC və BOKT "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər "xxxx" ASC-dən, sığorta müqaviləsi bağlanmadığı halda isə BOKT "xxxx"MMC tərəfindən dəymiş ziyana görə 3778 manat məbləğində pulun və ödənilmiş 58 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, BOKT "xxxx" MMC ilə xx.xx.2023-cü il tarixdə bağlanan 11/831-2023 saylı lizinnq obyektinin alqı-satqı müqaviləsinə əsasən lizinq verənə məxsus olan ** UC *** dövlət nömrə nişanlı “HYUNDAİ ELANTRA minik markalı ( BB 495580 qeydiyyat şəhadətnaməli) avtomobil lizinq alanın-İddiaçı istifadəsinə, sahibliyinə verilmişdir. BOKT "xxxx" MMC ilə bağlanan xx.xx.2023-cü iltarixli 11\831-2023 saylı X7 Müqaviləsinin 7-ci bölməsi Lizinq obyektinin sığortalanması adlanır ki, həmin bölmənin 3-cü bəndinə əsasən lizinq obyekti yol-nəqliyyat hadisəsi, təbii fəlakətlər, üçüncü şəxslərin qərəzli hərəkətləri, oğurluq, soyğunçuluq, yanğın, partlayış, ildırım vurması risklərindən lizinq müddəti ərzində sığortalanmışdır. Lizinq obyektinin sığorta təminatı lizinq müddəti ərzində sığortalanmışdır. Həmin bölmənin 7-ci bəndinə görə sığorta hadisəsinin baş verməsi ilə əlaqədar əmlakın bərpası üzrə ödənilən sığorta ödənişi lizinq verənin razılığı alınmaqla lizinq alana ödənilə bilər. Lakin BOKT "xxxx" MMC xx.xx.2023cü il tarixdə bağlanan 11\831-2023 saylı X7 Müqaviləsinin yuxarıda qeyd edilən tələblərinə əməl etməmiş nəticədə iddiaçının hüquqları pozulmaqla ona maddi ziyan dəymişdir. Belə ki, iddiaçının xx.xx.2023-cü il tarixdə saat 18: 20 radələrində Mingəçevir şəhəri Samux küçəsi ilə Kür çayı istiqamətində idarə etdiyi ** UC *** dövlət nömrə nişanlı “HYUNDAİ ELANTRA” minik markalı avtomobillə hərəkətdə olan zaman körpü üzərindən keçərkən havanın qaranlıq və yağışlı olması səbəbindən körpü üzərində olan dəmir qoruyucunu görə bilmədiyindən maşını onun üzərinə sürüb. Nəticədə iddiaçının idarə etdiyi maşının sağ hissəsi, sağ qabaq qanadı, bufer, işıq cihazı, kapotu, ön paneli, ön aynası, sağ yan güzgüsü, sağ qabaq qapısı Samux küçəsində körpü üzərində olan dəmir qoruyucuya dəyərək zədələnərək dağılmışdır. Hadisə nəticəsində avtomobilə xeyli miqdarda maddi ziyan dəymişdir. Bu hadisə ilə bağlı Mingəçevir şəhəri YNH-nin inspektoru tərəfindən 20 noyabr 2023-cü il tarixdə İnzibati Xəta haqqında Protokol tərtib edilmişdir. Hadisədən sonra avtomobilimə dəymiş maddi ziyanın məbləğinin müəyyən edilməsi üçün “LADA TXS” Avto Texniki Xidmət mərkəzinə müraciət edib. Mütəxəssis tərəfindən avtomobilə baxış keçirilmiş, ehtiyat hissəsləri və təmir xərcləri də daxil olmaqla, 3778 manat məbləğində ziyan hesablanmış və bununla bağlı xx.xx.2023-cü il tarixdə müvafiq akt tərtib edilmişdir. Hadisə baş verən zaman Paşa Sığorta ASC-nə məlumat verilməsinə baxmayaraq nümayəndəsi hadisə yerinə gəlməmişdir. Buna səbəb kimi göstərilir ki, BOKT "xxxx" MMC tərəfindən ** UC *** dövlət nömrə nişanlı “HYUNDAİ ELANTRA” minik markalı avtomobil sığortalanmamışdır. BOKT "xxxx" MMC ilə bağlanan müqavilədə avtomobilin yol nəqliyyat hadisələrindən sığortalanması nəzərdə tutulmuş, eyni zamada Təhvil-Təslim Aktına əsasən sığorta müqaviləsinin bağlanması, sığorta obyekti üzrə sığorta təminatının müddətinin başlanması və sonu barədə izah verilmişdir. İddiaçıya vurulan ziyanın ödənilməsi ilə bağlı dəfələrlə cavabdehə müraciət etsə də, müxtəlif bəhanələr gətirməklə ziyanı ödəməkdən boyun qaçırır. BOKT "xxxx" MMC isə müqavilə ilə üzərinə düşən vəzifəni yerinə yetirmədiyindən, avtomobil vaxtında sığorta olunmadığından sığorta təşkilatı iddiaçıya vurulan ziyanı ödəməkdən imtina edir. Hesab edir ki, avtomobilə vurulan ziyan Paşa Sığorta ASC tərəfindən, sığorta müqaviləsinin bağlanmadığı halda isə BOKT "xxxx" MMC tərəfindən ödənilməlidir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalıb.
11. İddiaçı sonuncu iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək, cavabdeh BOKT "xxxx" MMC-dən dəymiş ziyana görə 3778 manat məbləğində pulun və ödənilmiş 58 manat dövlət rüsumunun, sığorta öədnişinin müəyyən olunmuş müddətdə ödənilməməsinə görə hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində yəni 11334 manat məbləğində dəbbə pulunun alınıb İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi iddia ərizəsinə yazılı etiraz verərək, iddianın "xxxx" ASC-yə münasibətdə tamamilə rədd olunmasını xahiş etmişdir.
13. Etiraz onunla əsaslanıdırlmışdır ki, xx.xx.2023-cü il tarixində 18:20 radələrində Mingəçevir şəhəri, Samux küçəsində ** YC *** dövlət qeydiyyat nişanlı Hyundai Elantra markalı avtonəqliyyat vasitəsinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermişdir. Sözügedən tarixdə sözügedən avtonəqliyyat vasitəsi "xxxx" ASC-də sığortalanmamışdır. Belə ki, ** YC *** dövlət qeydiyyat nişanlı Hyundai Elantra markalı avtonəqliyyat vasitəsinin “Avtonəqliyyat vasitələrinin tam sığortası” üzrə sığortalanması üçün "xxxx" ASC ilə BOKT "xxxx" MMC arasında sığorta müqaviləsi məhz xx.xx.2023- cü il tarixində bağlanmış və avtonəqliyyat vasitəsi xx.xx.2023 saat 00:00 - xx.xx.2026 saat 23:59 sığorta müddəti üçün sığortalanmışdır.
14. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-252/2025 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir.
15. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ** YC *** dövlət nömrə nişanlı “Hyundai Elantra” minik markalı avtomobil iddiaçı BOKT "xxxx" MMC-nin mülkiyyətində olmaqla İddiaçı istifadəsindədir. Məhkəmə ilk növbədə iddia tələbinin qanuni əsası ilə bağlı qeyd edir ki, iddiaçı iddia tələbinə əsas kimi cavabdehin BOKT "xxxx" MMC ilə bağladığı xx.xx.2023-cü il tarxli 11/831-2023 saylı X7 müqaviləsinin 7-ci bəndinə istinad etmişdir. Halbuki, xx.xx.2023-cü il tarxli 11/831-2023 saylı X7 müqaviləsinin 7-ci bəndində cavabdehin nəqliyyat vasitəsinin sığortalması öhdəliyi göstərilməmişdir. Həmçinin məhkəmə iclasında iddiaçının nümayəndəsi avtomobilin sığortalanması üçün cavabdehə ödəniş edildiyini qeyd etsə də, həmin ödənişin edilməsinə dair heç bir sübut təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 1096 və 1097-ci maddələrinin məzmunundan da göründüyü kimi mülki hüquq pozuntusundan (deliktdən) irəli gələn maddi zərərin ödənilməsi tələbi məhkəmə tərəfindən o şərtlə təmin edilə bilər ki, mülki qanunvericiliyin normalarını pozan əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi, hüquqazidd əməl ilə vurulmuş maddi zərər arasında səbəbli əlaqənin mövcud olması, eləcə də əməlin təqsirli olması müəyyən edilsin. Hazırkı halda cavabdeh tərəfindən hüquqazidd təqsirli əməl törədilməsi, eləcə də cavabdehin əməli ilə iddiaçıya məxsus avtomobilə dəymiş zərərin arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilmir. Belə ki, iş materiallarına əlavə olunmuş,"xxxx" ASC tərəfindən verimiş avtonəqliyyat vasitələrinin tam Sığortası Şəhadətnaməsindən görünür ki, ** YC *** dövlət nömrə nişanlı “Hyundai Elantra” minik markalı avtomobil xx.xx.2023-xx.xx.2026 tarixləri arasında sığortalanmış, yol nəqliyyat hadisəsi isə xx.xx.2023-cü il tarixdə baş vermişdir. İş materiallarından, cavabdeh tərəfindən iddiaçıya sığorta ödənişinin ödənilməsinə dair sübut təqdim edilməmişdir. Qeyd ediənlərə əsasən məhkəmə qeyd edir ki, hazırki halda, iddiaçının avtomobilə dəymiş zərərin cavabdehdən tələb edilməsi ilə bağlı heç bir hüquqi əsası yoxdur. Odur ki, İddiaçı cavabdeh BOKT "xxxx" MMC-yə qarşı pul tələbinə dair iddia əsassız olmaqla rədd edilməlidir. Məhkəmə xərclərinə gəldikdə məhkəmə qeyd edir ki, iddiaçı iddia təbəninin həcminin artırılması barədə ərizə ilə müraciət etmiş və həmin tələb üçün rüsum ödəməmişdir. Məhkəmə qeyd edir ki, dövlət rüsumunun hesablanması kalkulyatorundan görünür ki, hazır ki iş üzrə dövlət rüsumunun kəsiri olaraq 77 manat dövlət rüsumu iddiaçıdan dövlət büdcəsinə tutulmalıdır. Məhkəmə hazırkı qətnamə ilə iddia tələbinin rədd edildiyini nəzərə alaraq hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul vəsaiti iddiaçıdan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilməlidir.
16. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın tam təmin olunmasını xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində 18:20 radələrində Mingəçevir şəhəri, Samux küçəsində ** YC *** dövlət qeydiyyat nişanlı Hyundai Elantra markalı avtonəqliyyat vasitəsinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verərkən iddiaçıya məlum olmuşdur ki, Sözügedən tarixdə sözügedən avtonəqliyyat vasitəsi "xxxx" ASCdə sığortalanmamışdır. Belə ki, ** YC *** dövlət qeydiyyat nişanlıHyundai Elantra markalı avtonəqliyyat vasitəsinin “Avtonəqliyyat vasitələrinin tam sığortası” üzrə sığortalanması üçün "xxxx" ASC ilə BOKT "xxxx" MMC arasında sığorta müqaviləsi məhz xx.xx.2023- cü il tarixində bağlanmış və avtonəqliyyat vasitəsi xx.xx.2023 saat 00:00 - xx.xx.2026 saat 23:59 sığorta müddəti üçün sığortalanmışdır. Halbu ki, iddiaçı avtomobilin sığortalanması üçün cavabdeh BOKT "xxxx" MMC-yə 500 manat məbləğində pul ödəmişdir. Lakin cavabddeh BOKT "xxxx" MMC avtomobili vaxtında sığorta etdirmədiyindən iddiaçıya yol nəqliyyat hadisəsi nəticəsində dəyən zərər "xxxx" Sığorta ASC tərəfindən ödənilməmişdir. Bunun səbəbi isə cavabdehin məsuliyyətsiz davranaraq vaxtında üzərinə düşən vəzifəni yerinə yetirməməsi, iddiaçı ilə aralarında bağlanan müqavilə ilə üzərinə düşən öhdəliyi yerinə yetirməməsi olmuşdur. Hesab edir ki, məhkəmə qətnamə qəbul edərkən, iddiaçı tərəfindən məhkəməyə təqdim edilən sübutlar tam və hərtərəfli araşdırılmamışdır. Belə ki, İddiaçı ilə cavabdeh BOKT "xxxx" MMC arasında xx.xx.2023-cü il tarxli 11/831-2023 saylı X7 müqaviləsi bağlanmışdır ki, qeyd edilən müqvilə və onun şərtləri məhkəmə tərəfindən nəzərə alınmamış və qeyd edilən müqavilənin liznq obyektinin sığortalanması adlanan bölməsi və həmin bölmənin sığorta ilə bağlı bəndlərinə məhkəmə səthi yanaşmışdır. Qeyd edilən bölmənin 7.2-ci bəndinə əsasən lizinq obyekti yol-nəqliyyat hadisəsi, təbii fəlakətlər, üçüncü şəxslərin qərəzli hərəkətləri, oğurluq, soyğunçuluq, yanğın, partlayış, ildırım vurmasırisklərdən lizinq müddəti ərzində sığortalanmalıdır, lizinq obyektinin sığorta təminatı lizinq müddəti ərzində sığortalanmalıdır, 7.7-ci bəndinə əsasən sığorta hadisələrinin baş verməsi ilə əlaqədar əmlakın bərpası üzrə ödənilən sığorta ödənişləri lizinq verənin razılığı alnımaqla lizinq altına ödənilə bilər. "xxxx" ASC tərəfindən verilmiş Avtonəqliyyat vasitələrinin Tam Sığortası Şəhadətnaməsindən görünür ki, ** UC *** dövlət nömrə nişanlı “Hyundai Elantra” minik markalı avtomobil xx.xx.2023-xx.xx.2026 tarixləri arasında sığortalanmışdır. İş üzrə əhəmiyyət kəsb edən bu fakt məhkəmə tərəfindən aydınlaşdırılmamışdır. Belə ki, cavabdeh BOKT "xxxx" MMC-nin nüayəndəsi məhkəmə iclasında **-YC-*** dövlət qeydiyyat nişanlı Hyundai Elantra markalı avtonəqliyyat vasitəsinin sığortalanması ilə bağlı öhdəlik götürmədiklərini qeyd edir. Lakin avtonəqliyyat hadisəsindən dərhal sonra maşın "xxxx" ASC-də sığorta olunmuşdur. Qeyd edilən hal mütləq məhkəmə tərəfindən aydınlaşdırılmalıdır. Çünki hadisə baş verdikdən sonra iddiaçıya məlum olur ki, nəqliyyat vasitəsi sığorta olunmamışdır. Cavabdeh BOKT "xxxx" MMC isə 500 manat sığorta ödənişini qabaqcadan iddiaçıdan almasına baxmayaraq vaxtında sığorta etdirməmişdir. Bu hal iddiaçıya məlum olduqdan dərhal sonra avtomobili sığorta etdirmiş, lakin vaxtında öz üzərinə düşən öhdəliyi yerinə yetirmədiyindən İddiaçı ona veriləcək sığorta ödənişindən məhrum olaraq zərərə məruz qalmışdır. Məhkəmə öz qətnaməsini onunla əsalandırmışdır ki, cavabdeh tərəf öz üzərinə avtomobilin sığortalanması ilə bağlı öhdəlik götürməmiş, iddiaçı tərəfin isə cavabdehə 500 manat sığorta pulu ödəməsi ilə heç bir sübut yoxdur. Məhkəmə hər bir halda nəzərə almalı idi ki, tərəflər arasında olan müqavilədə cavabdeh tərəf avtomobilin sığortalanması barədə öz üzərinə öhdəlik götürmüşdür. Belə olmasaydı cavabdeh təşkilat qəza baş verdikdən dərhal sonra avtomobili sığorta etdirməzdi. Qeyd edilən hal məhkəmə tərəfindən qətnamə çıxarılarkən nəzərə alınmalı və araşdrılmalı idi.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
18. Apellyasiya şikayətinə etiraz təqdim edilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
19. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmənin verdiyi suallara cavab olaraq iddiaçının nümayəndəsi lizinq predmeti olan avtomobilin tərəflərindən təmir edildiyini və 4000 manata yaxın pul xərcləndiyini bildirdi.
20. Məhkəmə iclasında cavabdeh BOKT "xxxx" MMC-nin nümayəndəsi apellyasiya şikayətinə etiraz etdi, şikayətin təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq:
21. Mülki Məcəllənin: -21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. -385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. -404.1-ci maddəsinə görə müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. -404.2-cü maddəsinə görə bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. - 934.2-ci maddəsinə görə sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir.
22. Mülki Prosessual Məcəllənin: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -113.2-ci maddəsinə görə iddia tələbləri artırıldıqda, rüsumun kəsir məbləği artırılmış iddia qiymətinə müvafiq olaraq ödənilir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. - 119.6-cı maddəsinə əsasən yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir.
Apellyasiya baxışının hədləri
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
24. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
25. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin və apellyasiya şikayətinə dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia təmin edilmədiyindən və həmin qətnamə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən qətnamənin əsaslığı tam yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iddia qismən təmin edilməlidir.
27. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə cavabdeh BOKT "xxxx" MMC arasında bağlanmış X7 müqaviləsinə əsasən cavabdehin mülkiyyətində olan **-YC-*** dövlət nömrə nişanlı “Hyundai Elantra” minik markalı nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixdə iddiaçıya lizinqə verilmişdir. xx.xx.2023-cü ildə iddiaçının iştirakı ilə yol-nəqliyyət hadisəsi baş vermiş və avtomobilə maddi ziyan dəymişdir. Yol-nəqliyyat hadisəsi baş verən zaman qeyd edilən avtomobilin kasko sığortası olmamışdır. Hazırda iddiaçı cavabdehdən avtomobilə dəymiş zərəri tələb edir, tələbinin əsası kimi aralarında bağlanmış xx.xx.2023-cü il tarixli lizinq müqaviləsi üzrə cavabdehin öz öhdəliyini yerinə yetirməyərək, avtomobili vaxtında sığortalamadığından, həmin zərərin cavabdeh tərəfindən ödənilməli olmasına istinad edir, cavabdeh isə iddianı qəbul etməyərək, müqavilə üzrə avtomobilin sığortalamaq öhdəliyinin olmadığına və iddiaçı tərəfindən ona sığorta haqqı ödənilmədiyinə əsaslanır.
28. Məhkəmə kollegiyası işin mübahisəli hallarına aydınlıq gətirmək üçün tərəflər arasında bağlanmış lizinq müqaviləsinə əsasən lizinq predmetinin sığortalanmasının lizinq verənin öhdəliklərinə aid olub-olmadığını müəyyən edilməsini zəruri hesab edir. Bununla bağlı qeyd edilir ki, tərəflər arasında bağlanmış X7 müqaviləsinin 7-ci bəndi tərəflərin lizinq predmetinin sığortası ilə bağlı razılaşdıqları şərtləri əks etdirir. Həmin bəndin 2-ci yarımbəndində nəzərdə tutulmuşdur ki, lizinq predmeti lizinqə verilməmişdən əvvəl sığortalanmalıdır. Sözügedən yarımbənddə lizinq predmetinin konkret kimin tərəfindən sığortalanmalı olması göstərilməmiş olsa belə, müqavilənin məzmunundan irəli gələn odur ki, lizinq predmetini lizinq müqaviləsi bağlanmamışdan əvvəl həmin əmlakın mülkiyyətçisi olan, eyni zamanda əmlaka faktiki sahibliyi həyata keçirən şəxs, yəni lizinq verən tərəfindən sığortalamalı idi.
29. Bununla yanaşı müqavilənin 7-ci bəndinin 12-ci yarımbəndində göstərilmişdir ki, lizinq obyektinin kasko sığortasının müddəti bitdikdə BOKT "xxxx" MMC tərəfindən sığorta şirkətində sığortalanacaq və lizinq alandan kasko sığorta haqqı tələb ediləcək. Lizinq alan heç bir səbəb gətirmədən kasko sığorta haqqını ödəməlidir, əks halda kasko sığorta haqqı lizinq alanın aylıq ödəyəcəyi lizinq ödənişlərindən tutularaq ödəniləcəkdir.
30. Göründüyü kimi həmin bənddə lizinq verənin kasko sığortasının müddəti bitdikdə lizinq predmetini yenidən sığortalamaq öhdəliyi təsbit edilmişdir . Bu da öz növbəsində lizinq müddəti ərzində lizinq predmetinə dair kasko növündə sığortalamaq öhdəliyinin lizinq verənin üzərinə qoyulmasına dəlalət edir.
31. Bundan əlavə kollegiya onu da nəzərə alır ki, müqavilənin 7.9-cu yarımbəndində lizinq alana lizinq obyekti üzrə sığorta təminatının başlanması və sonu barədə izah verildiyi qeyd edilmişdir. Kollegiya hesab edir ki, lizinq alana lizinq obyekti üzrə sığorta təminatının başlanması və sonu barədə lizinq verən tərəfindən məlumat verilməli olmasının müqavilədə nəzərdə tutulması da dolayısı ilə lizinq predmetinin lizinq alan tərəfindən deyil, məhz lizinq verən tərəfindən kasko sığorta növündə sığortalanmalı olmasını və müvafiq sığorta müqaviləsinin lizinq müqaviləsindən öncə bağlanmalı olmasını təsdiq edir.
32. Və nəhayət o da qeyd edilməlidir ki, Mülki Məcəllənin 404.2-cü maddəsinə görə müqavilə şərh edilərkən tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri də nəzərə alınır. Odur ki, hazırkı halda tərəflərin müqavilə bağlandıqdan sonrakı hərəkətləri, yəni xx.xx.2023-cü il tarixli lizinq predmeti olan avtomobilin lizinq verən tərəfindən "xxxx" ASC-də sığortalanması da tərəflərin razılaşmasına əsasən kasko sığorta müqaviləsinin lizinq verən tərəfindən bağlanmalı olmasını təsdiq edən hal kimi qiymətləndirilməlidir.
33. Beləliklə, müqavilə şərtlərinin təhlili, eləcə də işin digər diqqətəlayiq halları belə qənaətə gəlməyə əsas verir ki, həmin müqaviləyə əsasən lizinq predmetinin lizinq alanın hesabına kasko sığorta növündə sığortalanması lizinq verənin öhdəliklərinə aid edilmişdir.
34. Lizinq predmetinin lizinq alan tərəfindən sığorta haqqının ödənilməməsi səbəbindən sığortalanmaması barədə cavabdeh BOKT "xxxx" MMC -nin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, birincisi, cavabdehin nümayəndəsi məhkəməyə verdiyi ilk izahatında sığorta müqaviləsinin vaxtında bağlanmamasını iddiaçı tərəfindən sığorta haqqının ödənilməməsi ilə deyil, "xxxx" ASC-nin sığorta müqaviləsi bağlanması barədə müraciətlərinə gec cavab verməsi ilə əlaqələndirmişdir. İkincisi, artıq qeyd edildiyi kimi yolnəqliyyat hadisəsi baş verdikdən 1 gün sonra lizinq predmeti olan avtomobil "xxxx" ASCdə avtonəqliyyat vasitələrinin tam sığortası növü üzrə sığortalanmışdır. Göstərilən hallar cavabdehin lizinq alan tərəfindən sığorta haqqının ödənilməməsinə dair dəlillərin əsassız olmasını təsdiq edir.
35. Kollegiya həmçinin lizinq alana lizinq obyekti üzrə sığorta təminatının başlanması və sonu barədə izah verilməsini və sığorta müqaviləsi qüvvəyə minənədək lizinq obyekti üzrə başa verə biləcək bütün növ qəza və risklərə görə məsuliyyəti birbaşa lizinq alan daşımasını təsbit edən yuxarıda istinad edilən 7.9-cu yarımbəndə münasibətdə onu da qeyd edir ki, həmin bənddə sığorta müqaviləsi qüvvəyə minənədək lizinq obyekti üzrə başa verə biləcək bütün növ qəza və risklərə görə lizinq alanın məsuliyyət daşıması məhz sonuncuya sığorta təminatının başlanması və sonu barədə izah verilməsi ilə şərtləndirilmişdir. Hazırkı halda isə həm müqavilədə, həm təhvil-təslim aktında lizinq alana belə bir məlumatın verilməsi qeyd edilsə belə, avtomobilin tam sığortası barədə sığorta müqaviləsinin lizinq müqaviləsinin bağlanmasından və lizinq predmetinin lizinq alana təhvil verilməsindən 6 gün sonra bağlanması lizinq müqaviləsi bağlanarkən sığorta təminatının başlanğıcı və sonu barədə lizinq alana məlumat verilməsi ehtimalını və belə olan halda avtomobilə dəymiş zərərə görə lizinq alanın məsuliyyət daşımalı olmasını istisna edir.
36. Beləliklə, işin yuxarıda göstərilən hallarına əsasən müəyyən edilir ki, cavabdeh BOKT "xxxx" MMC lizinq müqaviləsi bağlananadək lizinq predmetini kasko sığorta növü üzrə sığortalamamaqla lizinq müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etməmişdir. Nəticədə iddiaçı yol-nəqliyyat hadisəsi nəticəsində lizinq predmeti olan avtomobilə dəymiş zərəri sığorta ödənişi hesabına aradan qaldırmaq imkanından məhrum olmuş və avtomobilin təmirinə xərc çəkmək məcburiyyətində qalmışdır.
37. Odur ki, iddiaçı müqavilə öhdəliklərini lazımi qaydada icra etməməsi nəticəsində dəymiş real zərərin - avtomobilin təmirinə çəkdiyi xərclərin əvəzini cavabdeh "xxxx" MMCdən tutulmasını tələb etməkdə haqlıdır.
38. Avtomobilə dəymiş zərərin məbləğinə gəldikdə kollegiya qeyd edir ki, ekspert rəyinə əsasən həmin zərər 1963 manat məbləğində müəyyənləşdirilmişdir.
39. Kollegiya hesab edir ki, məhkəmə həmin ekspert rəyi ilə razılaşmaması üçün əsas olmadığından həmin rəy sübut qismində qəbul edilməlidir.
40. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibəti üzrə səhv nəticəyə gəldiyindən, yəni məhkəmənin qətnamədə gəldiyi nəticələr işin hallarına uyğun olmadığından, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməli, cavabdeh"xxxx" MMC-dən iddiaçının xeyrinə 1963 manat məbləğində pul vəsaiti tutulmalıdır.
41. Sığorta ödənişinin gecikdirilməsinə görə dəbbə pulu tutulması tələbinə münasibətdə kollegiya qeyd edir ki, birincisi, tərəflər arasında bağlanmış lizinq müqaviləsində lizinq müqaviləsi üzrə öhdəliklərin lizinq verən tərəfindən lazımı qaydada icra edilməməsinə görə dəbbə pulu tutulması nəzərdə tutulmamışdır. Mülki Məcəllənin 934.2-ci maddəsinin mübahisəyə tətbiqinin mümkünlüyünü məsələsinə münasibətdə isə qeyd edilməlidir ki, cavabdeh BOKT "xxxx" MMC mübahisəli hüquq münasibətində sığortaçı qismində çıxış etmədiyindən tərəflər arasındakı münasibətlərdə həmin maddənin dispozisiya şərtləri mövcud deyildir. Odur ki, dəbbə pulu tutulması hissəsində iddia tələbi rədd edilməlidir.
42. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, birinci instansiyas məhkəməsinin qətnaməsi ləğv edildiyindən MPM-in 119.6-cı maddəsinin tələblərinə əsasən qətnamə məhkəmə xərclərinin bölüşdürülməsi hissəsində qətnamə dəyişdirilməli və iddia tələbi qismən təmin edildiyindən iddia verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 18 manat hissəsi cavabdeh BOKT "xxxx" MMC-dən tutulmalı, dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir.
43. Buna müvafiq olaraq iş üzrə birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaitinin 85 manat hissəsi İddiaçı 15 manat hissəsi isə cavabdeh BOKT "xxxx" MMC-dən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilməlidir.
44. Apellyasiya şikayətinin qismən təmin edildiyini nəzərə alaraq kollegiya hesab edir ki, apellyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 9 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
45. MPM-in 113.1-ci maddəsinin tələblərinə əsasən dövlət rüsumunun kəsiri olan 116 (iddia ərizəsinin verilməsinə görə 78 manat + apellyasiya şikayətinin verilməsinə görə 38 manat) manat məbləğində pul vəsaiti iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməlidir.
46. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-252/2025 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Dəymiş maddi zərərin əvəzi olaraq 1963 manat məbləğində pul və iddianın verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 18 manat məbləğində pul vəsaiti cavabdeh BOKT "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul vəsaitinin 85 manat hissəsi iddiaçıdan, 15 manat hissəsi isə cavabdehdən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilsin. Apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 9 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilsin, dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qalan hissədə iddia tələbi rədd edilsin. Dövlət rüsumunun kəsiri olan 116 manat məbləğində pul vəsaiti iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən cavabdeh BOKT "xxxx" MMC tərəfindən kassasiya şikayəti verilə bilməz. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Leyla Əliyeva
Hakimlər: Elnur Həsənov
Ziya Şirinov