Məhkəmə qərarları › İş №2-2(103)-395/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-395/2021

03.05.2021 · Hüquqi və fiziki şəxslərin ödəmə qabiliyyəti olmayan hesab edilməsi barədə mübahisələr (müflisləşmə (iflas)) - Hüquqi şəxsin müflis olması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-395/2021 03.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Nuriyeva Afaq Bayram qızı, Mərdanova Xumar Afət qızı və Hüseyn Aida Əli qızından ibаrət tərkibdə, X4 oğlunun katibliyi ilə, “xxxx” Sığorta Şirkətinin nümayəndəsi X1 Kreditor MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Ərizəçi Azərbaycan Respublikasının X5 Səhmdar Cəmiyyəti “xxxx” Sığorta Şirkətinin müflis elan edilməsi tələbinə dair Bakı Kommersiya Məhkəməsinin 23.11.2020-ci il tarixli, e-2-2(113)-1575/2020 saylı qərardadından Kreditor MMC tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Azərbaycan Respublikasının X5 Səhmdar Cəmiyyəti “xxxx” Sığorta Şirkətinin müflis elan edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Açıq Səhmdar Cəmiyyəti “xxxx” Sığorta Şirkətinin müflis elan edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 29.07.2020-ci il tarixli qətnaməsi ilə ərizə təmin edilmiş, Açıq Səhmdar Cəmiyyəti “xxxx” Sığorta Şirkəti müflis elan edilmişdir. 12 noyabr 2020-ci il tarixdə Kreditor MMC-nin nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, YBFQ2017-00667 saylı yük sığortası şəhadətnaməsinə əsasən 155744,02 ABŞ dolları məbləğində sığorta ödənişinin və həmin sığorta ödənişinə hesablanmış 170.535 ABŞ dolları məbləğində dəbbə pulunun tutulmasına dair kreditor tələbinin rədd edilməsi barədə ASC “xxxx” Sığorta Şirkətinin Ləğvetmə Komissiyasının sədri R.Əhmədovun 09.10.2020-ci il tarixli qərarının ləğv edilməsini, YBFQ2017-00667 saylı yük sığortası şəhadətnaməsinə əsasən 155.744,02 ABŞ dolları məbləğində sığorta ödənişi və həmin sığorta ödənişinə hesablanmış 170.535 ABŞ dolları məbləğində dəbbə pulunun Kreditor MMC-nin ASC “xxxx” Sığorta Şirkətinə qarşı kreditor tələbi kimi təsdiq edilməsini və ASC “xxxx” Sığorta Şirkətinin kreditorlar tələbləri reyestrinə daxil edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 23.11.2020-ci il tarixli, e-2-2(113)-1575/2020 saylı qərardadı ilə ASC “xxxx” Sığorta Şirkətinin ləğvetmə komissiyasının kreditor tələbinin rədd edilməsnə dair qərarının ləğv edilməsi barədə Kreditor MMC tərəfindən verilmiş ərizə rədd edilmişdir (hakim L.Əliyeva). Həmin qərardaddan Kreditor MMC tərəfindən şikayət verilmişdir. Kreditor MMC-nin nümayəndəsi və vəkili Vəkil şikayəti müdafiə edərək, çıxışında bildirmişdir ki, Kreditor MMC tərəfindən “xxxx” Sığorta Şirkətinin YBFQ2017-00667 saylı yük sığorta şəhadətnaməsi üzrə sığorta hadisəsinin baş verməsi – sığortalanmış yükün sığorta müddəti ərzində oğurlanması, nəticədə sığorta ödənişi həyata keçirilməsini tələb etmək hüququnun yaranması ilə bağlı kifayət qədər mötəbər sübutlar həm sığorta şirkətinə, həm də məhkəməyə təqdim edilmişdir. məhkəməyə təqdim edilmiş və iş materiallarında olan “xxxx” MMC (sığortalı) tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğuna və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə ünvanlanmış 06.11.2017-ci il tarixli məktubdan görünür ki, “xxxx” MMC tərəfindən “OOO xxxx” firmasına etibar edilmiş 155.574 ABŞ dolları və 27076 avro məbləğlərində malların oğurlanması barədə pırokurorluğa məlumat verilmiş və cinayət işinin açılmasında köməklik göstərilməsi xahiş edilmişdir. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən “xxxx” MMC-yə ünvanlanmış 15.11.2017-ci il tarixli məktubdan görünür ki, müraciət göstərilən xüsusatların ətraflı araşdırılması üçün Rusiya Federasiyasının Baş Prokurorluğuna göndərilmişdir. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən “xxxx” MMC-nin direktoru Bəxtiyar Əlizadənin ərizəsinə 30.11.2017-ci il tarixli cavab məktubundan görünür ki, “xxxx” MMC-nin qeyri-qanuni hərəkətləri barədə B.Əlizadə tərəfindən verilmiş məlumatların araşdırılması Moskva şəhər Prokuroruna həvalə edilmişdir. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Moskva şəhər Prokurorluğu tərəfindən 18.12.2017-ci il tarixli Moskva şəhər DİN Baş İdarəsinə ünvanlanmış məktubdan görünür ki, B.Əlizadənin ərizəsinə mahiyyəti üzrə baxılmış, ərizəçinin dəlillərinin hərtərəfli araşdırılması və nəticələri barədə ərizəçiyə məlumat verilməsi xahiş edilmişdir. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş “xxxx” MMC tərəfindən Azərbaycan Respublikası Bakı Baş Gömrük İdarəsinə ünvanlanmış 06.11.2017-ci il tarixli məktubdan görünür ki, “OOO xxxx” firmasına etibar edilmiş 155.574 ABŞ dolları və 27076 avro məbləğlərində malların oğurlandığı bildirilmiş, oğurlanan yuklərin tapılması üçün H692MK/HA1674 və B308AB177/TM3754177 nömrəli maşınların tapılması üçün Avropa və Rusiya gömrük postlarına axtarış üçün köməklik göstərilməsi xahiş edilmişdir. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş DİN Kalininqrad şəhərinin Leninqrad rayonu üzrə daxili işlər şöbəsinin əməlyyatçısı D.A.Rudika “xxxx” MMC-nin məsuliyyətini sığortalamış “xxxx” ASC-nin nümayəndələri M.V.Yazıkovanın və M.S.Yurkeviçin 08.10.2019-cu il və 10.10.2019-cu il tarixli izahatları ilə müəyyən edilir ki, “xxxx” MMC-nin işçisi olan İrada Lətif “xxxx” ASC-yə müraciət edərək, “xxxx” MMC-nin qanunsuz əməlləri nəticəsində 155744.02 ABŞ dolları məbləğində malların oğurlanması barədə məlumat vermişdir. Bu məlumat əsasında “xxxx” ASC də müvafiq mühafizə orqanlarına müraciət etmişdir. Bunlardan başqa, 23.11.2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında yükü daşımaya qəbul etmiş H692MK/HA1674 nömrəli maşının və onun sürücüsünün Hollandiyada yükü qəbul edərkən anbarda kamera vasitəsilə çəkilmiş fotoşəkillərini, yük qaiməsi (CMR) sənədi də məhkəməyə təqdim edilmişdir. Lakin birinci instansiya məhkəməsi təqdim edilmiş sübutları araşdırmamış və onlara qiymət verməmişdir. Vəkil və nümayəndə şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini, YBFQ2017-00667 saylı yük sığorta şəhadətnaməsinə əsasən 155744,02 ABŞ dolları məbləğində sığorta ödənişinin və həmin sığorta ödənişinə hesablanmış 170535 ABŞ dolları məbləğində dəbbə pulunun “xxxx” Sığorta Şirkəti ASC-nin Ləğvetmə Komissiyasının sədri R.Əhmədovun 09.10.2020ci il tarixli qərarının ləğv edilməsi, YBFQ2017-00667 saylı yük sığorta şəhadətnaməsinə əsasən 155744,02 ABŞ dolları məbləğində sığorta ödənişinin və həmin sığorta ödənişinə hesablanmış 170535 ABŞ dolları məbləğində dəbbə pulununKreditor MMC-nin “xxxx” Sığorta Şirkəti ASC-yə qarşı kreditor tələbi kimi təsdiq edilməsi və “xxxx” Sığorta Şirkəti ASC-nin kreditorlar reyestrinə daxil edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında izahat verən “xxxx” Sığorta Şirkətinin nümayəndəsi İsgəndərov Habil Mirzəhüseyn oğlu şikayətin dəlillərini qəbul etməyərək, onların təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsinin məhkəməyə gəlmədiyi, gəlmədiyinin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludur. Həmin Məcəllənin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş ərizəçinin gəlməməsi işə baxılmasına mane olmur. hüquqi məsələlər: Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını nəzərdən keçirərək, şikayətlərin dəlillərini müzakirə edərək, şikayətlərinin təmin edilməməsi nəticəsinə gəlir. İş materiallarına əlavə edilmiş: -YBFQ2017-00667 saylı yük sığortası şəhadətnaməsindən görünür ki, ASC “xxxx” Sığorta Şirkəti (sığortaçı) tərəfindən “xxxx” MMC-yə (sığortalı) məxsus Hollandiya Respublikasından Azərbaycan Respublikasına göndərilmiş mallar 13.10.2017- ci il tarixdən 26.11.2017-ci il tairxədək 45 gün müddətinə 155.744,02 ABŞ dolları/264.780,41 manat məbləğində sığorta edilmişdir. Həmin şəhadətnaməyə əsasən şəhadətnaməyə əlavə edilən “Yük sığortasının əsas şərtləri” üzrə bütün risklər sığortalanmışdır. İstisna olaraq sığorta təminatının başlanmasından əvvəl baş verən zərərlər, müharibə, vətəndaş müharibəsi, tətil, lokaut, ixtişaş, radioaktiv çirklənmə, temperatur dəyişiklikdən, paslanmadan, ionizasiyadan, rəng dəyişikliyindən, cızılmadan irəli gələn zərərlər, sirli yoxolma göstərilmişdir. -“xxxx” MMC tərəfindən Azərbaycan Respublikasının Baş Prokurorluğuna və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə ünvanlanmış 06 noyabr 2017-ci il tarixi məktublardan görünür ki, “xxxx” MMC tərəfindən “OOO Gruzopotok” fimasına etibar edilmiş 155.574 ABŞ dolları və 27076 avro məbləğlərində malların oğurlanması barədə prokurorluğa məlumat verilmiş və cinayət işinin açılmasında köməklik göstərilməsi xahiş edilmişdir. -Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən “xxxx” MMC-yə ünvanlanmış 15.11.2017-ci il tarixli məktubdan görünür ki, müraciət göstərilən xüsusatların ətraflı araşdırılması üçün Rusiya Federasiyasının Baş Prokurorluğuna göndərilmişdir. -Rusiya Federasiyası Baş Prokurorluğu tərəfindən “xxxx” MMC-nin direktoru Bəxtiyar Əlizadənin ərizəsinə 30.11.2017-ci il tarixli cavab məktubundan görünür ki, “xxxx” MMCnin qeyri-qanuni hərəkətləri barədə B.Əlizadənin tərəfindən verilmiş məlumatların araşdırılması Moskva şəhər Prokuroruna həvalə edilmişdir. -Moskva şəhər Prokurorluğu tərəfindən 18.12.2017-ci il tarixli Moskva şəhəri DİN Baş İdarəsinə ünvanlanmış məktubdan görünür ki, B.Əlizadənin ərizəsinə mahiyyəti üzrə baxılmış, ərizəçinin dəlillərinin hərtərəfli araşdırılması və nəticələri barədə ərizəçiyə məlumat verilməsi xahiş edilmişdir. -Moskva şəhəri DİN Baş İdarəsinin “xxxx” MMC-nin direktoru B.Əlizadəyə ünvanladığı məktubdan görünür ki, “xxxx” MMC-nin əməkdaşlarının mümkün hüquqazidd əməlləri barədə B.Əlizadənin ərizəsi ərazi aidiyyəti üzrə Moskva şəhəri DİN Baş İdarəsinin Cənub-şərq inzibati dairəsi üzrə daxili işlər idarəsinə göndərilmişdir. -“xxxx” MMC tərəfindən Azərbaycan Respublikasının Bakı Baş Gömrük İdarəsinə ünvanlanmış 06 noyabr 2017-ci il tarixli məktubdan görünür ki, “OOO Gruzopotok” fimasına etibar edilmiş 155.574 ABŞ dolları və 27076 avro məbləğlərində malların oğurlandığı bildirilmiş, oğurlanan yüklərin tapılması üçün H692MK/HA1674 və B308AB177/TM3754177 nömrəli maşınların tapılması üçün Avropa və Rusiya gömrük postlarına axtarış üçün köməklik göstərilməsi xahiş edilmişdir. -“xxxx” MMC ilə (ötürən təşkilat) Kreditor MMC (şirkət) arasında “Tələb hüququnun güzəşt edilməsi haqqında” 08 noyabr 2019-cu il tarixdə 01/19 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən ötürən təşkilat aşağıda göstərilən yük sığorta şəhadətnaməsi üzrə bütün tələb hüquqlarını, o cümlədən lakin bununla məhdudlaşmayaraq, sığorta hadisəsi üzrə sığorta ödənişinin, cərimənin, faizlərin, dəymiş ziyanın ödənilməsinin tələb hüquqlarını şirkətə güzəşt edir. 1.1.1-ci bəndinə görə tələb hüquqları ötürülən yük sığorta şəhadətnaməsi üzrə sığortaçı ASC “xxxx” Sığorta Şirkətidir. 1.1.2-ci bəndinə əsasən tələb hüquqları ötürülən yük sığorta şəhadətnaməsi - YBFQ2017-00667, ümumi sığorta məbləği 155.744,02 ABŞ dolları/264.780,41 AZN-dir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. Ləğv prosesində olan Açıq Səhmdar Cəmiyyəti “xxxx” Sığorta Şirkətinin Kreditor MMC-yə ünvanıadığı 09.10.2020-ci il tarixli məktubdan görünür ki, 01.10.2020-ci il tarixli kreditor tələbinə Ləğvetmə Komissiyası tərəfindən baxılmış və yekun olaraq sığorta ödənişinin verilməsindən imtina olunması barədə qərar qəbul edilmişdir. Belə ki, şirkət tərəfindən yük sığortası növü üzrə könüllü qaydada sığortalanmış əmlakın sığorta təminatı müddəti ərzində daşınma zamanı oğurlandığı iddia edilmişdir. Lakin oğurluq faktını sübut edəcək səlahiyyətli dövlət orqanının yekun qərarı mötəbər sübut olaraq təqdim edilməmişdir.Təqdim edilmiş məktublarda isə yalnız Rusiya Federasiyasının hüquq mühafizə orqanları tərəfindən şikayətin araşdırılacağı barədə məlumatlar mövcuddur. Hesab edir ki, bu şikayətin 2017-ci ildə olduğunu nəzərə alaraq 3 ilə yaxın müddət ərzində hüquq mühafizə orqanları bu şikayətlə bağlı bir yekun qərar qəbul etməli idilər. Lakin bu qərarlar şirkətə təqdim edilməmiş və əsassız olaraq sığorta hadisəsinin baş verdiyi iddia edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 933.1.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd sığorta ödənişinin həyata keçirilməsi üçün əsasdır. Həmin Məcəllənm 935.1.8-ci maddəsinə əsasən baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi nəticəsində sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir. İş materiallarından görünür ki, iddiaçı Kreditor MMC ASC “xxxx” Sığorta Şirkətinə qarşı kreditor tələbini ASC “xxxx” Sığorta Şirkəti (sığortaçı) ilə “xxxx” MMC (sığortalı) arasında bağlanmış YBFQ2017-00667 saylı yük sığortası müqaviləsi üzrə sığorta hadisəsinin baş verməsi - sığortalanmış yükün sığorta müddəti ərzində oğurlanması, nəticədə sığortalı “xxxx” MMC-nin sığortaçıdan sığorta ödənişi həyata keçirilməsini tələb etmək hüququnun yaranması və həmin tələb hüququnun “Tələb hüququnun güzəşt edilməsi haqqında” 08 noyabr 2019-cu il tarixdə 01/19 saylı müqaviləyə əsasən “xxxx” MMC tərəfindən Kreditor MMC-yə ötürülməsi ilə əsaslandırmış, lakin mübahisəli sığorta müqaviləsi üzrə sığorta hadisəsinin baş verməsini təsdiq edən mötəbər sübutları təqdim edə bilməmişdir. Belə ki, Kreditor MMC-nin tələbini əsaslı olmasını təsdiq etmək üçün məhkəməyə təqdim etdiyi sənədlərə əsasən “xxxx” MMC tərəfindən sığortalanmış yükün oğurlanması ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edilməsi və həmin müraciətlər əsasında Rusiya Federasiyasının hüquq mühafizə orqanları tərəfindən araşdırılma aparılması təsdiq edilsə də, həmin sənədlər yükün oğurlanması faktının müəyyən edilmiş hesab edilməsi üçün kifayət etmir. MPM-in: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Məcəllənin: 922.1-ci maddəsinə görə sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 922.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. 926.1-ci maddəsinə görə sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 933.1-ci maddəsinə görə sığorta ödənişi aşağıdakılardan hər birinin mövcud olduğu halda həyata keçirilir: 933.1.1. sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya ünvanladığı sığorta tələbi; 933.1.2. sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd; 933.1.3. icbari sığorta qanunlarında və müvafiq sığorta qaydalarında nəzərdə tutulan, sığorta ödənişinin verilməsi üçün tələb olunan digər sənədlər. “Müflisləşmə və İflas haqqında” AR Qanununun 42-ci maddəsinə görə təminatsız kreditorların borc tələbləri, o cümlədən iflas işinin məhkəmədə baxılması nəticəsində yaranan tələbləri (yerinə yetirilməmiş müqavilələr barəsində tələblər və s.) və təminatlı kreditorların tələbləri (əgər bu tələblər onların təminatı məbləğindən çox olan məbləğlərə aid deyilsə) əmlak inzibatçısı tərəfindən yalnız o halda təsdiq edilir ki, həmin tələblər bu fəslin müddəalarına müvafiq surətdə verilmiş olsun. Həmin Qanunun 43.2-ci maddəsinə görə kreditorlar borcluya öz tələblərini bu Qanunun tələblərinə müvafiq surətdə borclunun müflis olması barədə bildirişin dərc edildiyi tarixdən ən geci 60 gün keçənədək yazılı şəkildə verə bilərlər. Əmlak inzibatçısı həmin tələblərə yalnız o halda baxır ki, bunlara aşağıdakı məlumatlar daxil edilmiş olsun: a) kreditorun adı (adı, atasının adı, soyadı) və ünvanı; b) iflas prosesinə başlanılması məqamınadək olan tələbin ümumi məbləği; c) tələbin məbləğinə ödənilməmiş faizlərin daxil olması; ç) tələbin məbləğinə hər hansı cərimələr və ya vergilər daxil edilməsi; d) borclunun necə və nə vaxt borca düşdüyü barədə məlumat; e) hər hansı mövcud təminat barəsində məlumat, bu cür təminatın verilməsi tarixi və təminat zamanı kreditorun nəzərdə tutduğu məbləğ; ə) tələbi imzalamış şəxsin soyadı, ünvanı və səlahiyyəti (əgər həmin şəxs kreditorun özü deyildirsə); f) tələbin hüquqi etibarlığını sübut edən sənədlər (əgər bu cür sənədlər varsa). Həmin Qanunun 45-ci maddəsinə görə əmlak inzibatçısı borc tələbini tamamilə və ya qismən qəbul və ya rədd edə bilər.Kreditor öz tələbi barəsində əmlak inzibatçısının qərarı ilə razı olmadıqda həmin qərarın ləğvi və ya dəyişdirilməsi barədə məhkəməyə müraciət edə bilər. Bu barədə ərizə bu maddənin 2-ci bəndinə müvafiq surətdə göndərilmiş izahın alındığı gündən 21 gün müddətində təqdim edilməlidir. Məhkəmə bu maddənin 3-cü bəndində göstərilmiş ərizəyə 10 (on) gün müddətində baxır və iclasın tarixi ilə bağlı əmlak inzibatçısına bildiriş göndərir. Belə olan halda Kreditor MMC-nin ASC “xxxx” Sığorta Şirkətinə qarşı irəli sürdüyü tələbin əsaslı olmasını sübuta yetirə bilmədiyini nəzərə alaraq birinci instansiya məhkəməsi belə qənaətə gəlir ki, ASC “xxxx” Sığorta Şirkətinin ləğvetmə komissiyası kreditor tələbi rədd etməklə düzgün nəticəyə gəlmişdir. Yuxarıda qeyd olunanlara əsaslanaraq məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəıldiyi nəticəsi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün heç bir əsas olmadığından şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə, məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüquq vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 268, 365 və 398.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Kreditor MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 23.11.2020-ci il tarixli, e-2-2(113)-1575/2020 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Xumar Mərdanova Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar