Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-93/2021 09.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil2 və cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-158/2019 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnaməsindən cavabdeh “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ASC (hazırki “xxxx” ASC) Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 83410 manat əsas borc, 85926 manat gecikdirilmiş günlər üzrə cərimə və 20 manat dövlət rüsumunun, 169356 manat pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməsi və tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-2(82)-158/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehdən 83410 manat əsas borc, 8341 manat cərimə və iddia qaldırılarkən ödənilmiş dövlət rüsumunun 15 manatının tutularaq iddiaçıya ödənilməsi, iddia qaldırılarkən ödənilmiş dövlət rüsumunun 15 manatının iddiaçıya aid edilməsi qət edilmişdir. Cavabdeh “xxxx” MMC həmin qətnamədən apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə etdi, iddiaçının nümayəndəsi və vəkili Vəkil2 isə apellyasiya şikayətinə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, tərəflər arasında xx.xx.2012-ci il tarixli 20-LA/12 nömrəli lizinq müqaviləsi bağlanmış və müqaviləyə əsasən ümumi dəyəri 149100 manat olan avadanlıqlar Cavabdeh MMC-yə lizinqə verilmişdir. Müqavilə üzrə 13000 manat avans kimi əvvəlcədən lizinq verənə ödənilmişdir. İddiaçı bildirir ki, cavabdeh lizinq müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyinə görə onun 83410 manat əsas borcu, 85926 manat cərimə borcu yaranmışdır. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, lizinq predmeti olan avadanlıqlar xx.xx.2016-cı il tarixdə iddiaçıya təhvil verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, əsas borcun tutulması barədə tələblərin qanuni əsasını Mülki Məcəllənin 747.1-ci maddəsi təşkil edir. Həmin maddədə göstərilmişdir ki, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. İş materiallarından da müəyyən olunur ki, cavabdeh müqavilə öhdəliklərini lazımınca icra etməyərək, ödəniş qrafiki ilə müəyyən edilmiş rüblük ödənişləri ümumiyyətlə ödəməmiş və bununla da müqavilə şərtlərini pozmuşdur. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı lizinq ödənişləri üzrə yaranmış borcun ödənilməsini tələb etməkdə haqlıdır. Bununla yanaşı kollegiya hesab edir ki, lizinq ödənişləri üzrə yaranmış borcun tutulması tələbləri qismən əsaslıdır. Belə ki, Mülki Məcəllənin 747.1 və 748-10-cu maddələrindən müəyyən olunur ki, lizinq alan yalnız lizinq obyekti onun istifadəsində olduğu müddətə görə muzd ödəmək öhdəliyini daşıyır. İşin mübahisəsiz halına görə lizinq predmeti olan avadanlıqlar xx.xx.2016-cı il tarixdə iddiaçıya təhvil verilmiş, yəni geri qaytarılmışdır. İddiaçı isə 2018-ci ilin sonuna qədər hesablanmış borcun ödənilməsi tələbini irəli sürmüşdür. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı yalnız xx.xx.2016-cı il tarixə qədər hesablanan borcun ödənilməsini tələb edə bilər. İş materiallarında olan lizinq müqaviləsinə aid ödəniş qrafikinə əsasən müəyyən olunur ki, cavabdeh tərəfindən ildə 4 dəfə (rübdə 1 dəfə) ödəniş edilməli idi və lizinq predmeti olan avadanlıqların geri qaytarıldığı, yəni 2016-ci ilin 3-cü rübünə - iyul ayına qədər cəmi 53610 manat məbləğində ödəniş həyata keçirilməli idi. Eyni zamanda işin mübahisəsiz halıdır ki, lizinq müqaviləsi bağlanarkən cavabdeh tərəfindən 13.000 manat məbləğində avans ödənilmişdir. Mülki Məcəllənin 748-10.1, 748-11.1, 748-11.1.2-ci maddələrinin tələblərini nəzərə alaraq kollegiya hesab edir ki, tərəflər arasında bağlanmış lizinq müqaviləsi üzrə cavabdehdən tutulmalı olan məbləğin müəyyən edilməsi zamanı lizinq alan tərəfindən ödənilən avans məbləği də nəzərə alınmalıdır. Belə ki, Mülki Məcəllənin 748-10.1-ci maddəsinin tələblərinə görə lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Həmin Məcəllənin 748-11.1 və 748-11.1.2-ci maddələrində isə təsbit olunmuşdur ki, lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər lizinq ödənişlərinin ümumi məbləğinə daxildir. Məhkəmə kollegiyası hesab edir ki, lizinq obyekti olan avadanlıqlar iddiaçıya geri qaytarıldığı üçün onun əldə edilməsi ilə bağlı cavabdehin çəkdiyi xərclər, yəni avans kimi ödədiyi məbləğ lizinq ödənişlərinin ümumi məbləğinə daxil edilməlidir. Əks yanaşma Mülki Məcəllənin qeyd olunan müddəalarına ziddir, eyni zamanda iddiaçının əsassız varlanmasına gətirib çıxarır. Çünki lizinq obyekti qaytarıldıqdan sonra iddiaçı onu özgəninkiləşdirmək, icarəyə və ya yenidən lizinqə vermək imkanı əldə edir. Halbuki onun iddiaçının mülkiyyətinə əldə edilməsi ilə bağlı xərclərin müəyyən hissəsini cavabdeh çəkmişdir. Bu baxımdan kollegiya hesab edir ki, avans məbləği ümumi borcdan çıxılmalı cavabdehin lizinq müqaviləsi üzrə əsas borcu 40610 manat məbləğində müəyyən edilməlidir (53610-13000=40610). Eyni zamanda kollegiya hesab edir ki, müqavilənin ləğv edilməsi barədə tələblərin təmin edilməsi üçün əsaslar mövcud deyildir. Belə ki, Mülki Məcəllənin 748-1.12. və 748-1.12.4-cü maddələrinə görə lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Kollegiya hesab edir ki, lizinq predmeti olan avadanlıqları xx.xx.2016-cı il tarixdə iddiaçı tərəfindən geri alınmaqla lizinq müqaviləsi artıq vaxtından əvvəl ləğv edilmişdir. Ona görə də, müqavilənin əlavə olaraq məhkəmə qaydasında ləğv edilməsinə zərurət yoxdur. Dəbbə pulunun tutulması tələblərinə dair kollegiya hesab edir ki, həmin tələblər qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. İşin hallarını, yəni lizinq müqaviləsinin bağlanılması tarixini və lizinq obyektinin qaytarıldığı tarixi müqayisə edərək, həmçinin iddiaçının məhkəməyə müraciət etdiyi tarixi nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, 85926 manat dəbbə pulu tənasübsüz sürətdə yüksək məbləğ kimi qiymətləndirilməli və kreditorun mənafeləri nəzərə alınmaqla həmin məbləğ əsas borcun 10 faizi həddində azaldılaraq, 4600 manat məbləğində müəyyənləşdirilməlidir. Ərazi aidiyyətinin pozulması ilə bağlı apellyasiya şikayətinin dəlillərinə dair kollegiya qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2012-ci il tarixli lizinq müqaviləsinin 8-ci bəndinə görə tərəflər lizinq verənin yerləşdiyi ərazi üzrə aidiyyəti məhkəməyə müraciət etməlidirlər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.2-ci maddələrində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi əsas borcun tutulması hissəsində ləğv edilməli və həmin hissədə iddia qismən təmin edilməli, cərimə puluna aid hissədə isə qətnamə dəyişdirilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 384.0.3, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-158/2019 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnaməsi əsas borcun tutulması hissəsində ləğv edilsin və cərimə puluna aid hissədə dəyişdirilsin. Cavabdeh “xxxx” MMC-dən 40610 manat əsas borc və 4600 manat cərimə pulu, cəmi 45210 (qırx beş min iki yüz on) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı “xxxx” ASC-yə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-93/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-93/2021
09.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver