Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-186/2025 24.12.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası – Sədrlik edən və məruzəçi hakim Xəlilov Ramin Adilxan oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və Dəmirov İlqar Kamal oğludan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin qanuni təmsilçisi Qanuni nümayəndə və Cavabdeh iştirakları ilə, Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(119)-417/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(119)-417/2025 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı QSC və Cavabdeh arasında bağlanmış 25 dekabr 2023-cü il tarixli PFM230139 saylı “Daxili maliyyə lizinq müqaviləsi”nin ləğv edilməsi, lizinq obyekti olan 2016-cı il buraxılışlı, “Lexus LX570” markalı, **-AM-*** dövlət qeydiyyat nişanlı, JTJHY00W004202214 ban nömrəli, qara metallik rəngli avtomobil İddiaçı QSC-yə geri qaytarılması, Cavabdeh 04 aprel 2025-ci il tarixə hesablanmış 17094 (on yeddi min doxsan dörd) manat məbləğində əsas borc, 10009 (on min doqquz) manat məbləğində faiz, 500 (beş yüz) manat məbləğində dəbbə pulu və 172,81 (yüz yetmiş iki manat səksən bir qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 27775,81 (iyirmi yeddi min yeddi yüz yetmiş beş manat səksən bir qəpik) manat məbləğində pul vəsaitinin İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən xx.xx.2025-ci il tarixdə apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qanunvericiliyin tələblərinə uyğun olub-olmaması məsələsini tərəflərin iştirakı ilə müzakirə etməyi zəruri hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, birinci instansiya məhkəməsinin iclaslarının vaxtı və yeri barədə ona məxsus daim işlək vəziyyətdə olan mobil telefon nömrəsinə sms bildirişi gəlmişdir. Məhkəmənin işçisi tərəfindən də, mobil telefon nömrəsi ilə əlaqə saxlanılıb məhkəmə iclasının vaxtı barədə ona məlumat verilmişdir. Məhkəmə iclaslarında iştirak etməmiş, iddia tələbinin nəticəsi barədə məlumatı olmamışdır. Bir müddət sonra icra idarəsinə dəvət olunmuş, hansısa sənədə imza etmişdir. Qətnamənin icrası barədə ona məlumat verildikdən 2-3 gün sonra məhkəmənin qətnaməsini ərizə ilə müraciət edərək qəbzə imza etməklə qəbul etmiş və ondan apellyasiya şikayəti vermişdir. Qətnaməni rəsmi qaydada aldıqdan sonra 1 aylıq prosessual müddət ərzində apellyasiya şikayəti vermişdir. Ona görə də hesab edir ki, prosessual müddət keçməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı QSC-in qanuni təmsilçisi Qanuni nümayəndə izahatında bildirdi ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl, cavabdeh QSC-in ofisinə dəvət olunmuş və mübahisənin məhkəmədənkənar həll edilməsi üçün ona şərait yaradılmışdır. Birinci instansiya məhkəməsinin iclasları 3 dəfə təxirə salınmış, hər dəfə cavabdehə məlumat verilmiş, lakin cavabdeh bilərəkdən məhkəməyə gəlməmişdir. Məhkəmənin iş üzrə qəbul etdiyi qətnamə barədə QSC tərəfindən də cavabdehə məlumat verilmişdir. İddiaçının hüquqşünası təqdim edilmiş qətnamənin PDF formatında mətinin cavabdeh tərəfə göndərilməsini təmin etmişdir. Bütün bunlara baxmayaraq cavabdeh tərəf süni müddət uzatmaqla müqavilənin şərtlərini yerinə yetirməkdən yayınmaqdadır. Ona görə də, apellyasiya şikayətinin icraata qəbul edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin mümkünlüyünü müzakirə edərək belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkündür. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 10-1.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. Həmin Məcəllənin 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Həmin Məcəllənin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiyanın mümkünlüyünün yoxlanılması dedikdə, işə apellyasiya qaydasında baxılması üçün prosessual əsasların olması, yəni apellyasiya şikayətinin aidiyyəti üzrə apellyasiya instansiyası məhkəməsinə düzgün verilib-verilməməsi, apellyasiya şikayətinin səlahiyyətli şəxs tərəfindən verilib-verilməməsi, imzalanıb-imzalanmaması, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədin əlavə edilib edilməməsi, apellyasiya şikayətinin müəyyən edilmiş müddət ərzində verilib-verilməməsi daxildir. İş materiallarından görünür ki, hazırkı iş üzrə Cavabdeh birinci instansiya məhkəməsində keçirilmiş məhkəmə iclaslarının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsi üçün onun şəxsi istifadəsində olan mobil telefon nömrəsinə müxtəlif tarixlərdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə sms məhkəmə bildirişləri göndərilmiş, həmçinin xx.xx.2025-ci il tarixdə məhkəmə işçisi onunla mobil telefon vasitəsi ilə əlaqə saxlamış, cavabdeh məhkəmə iclaslarının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumatlı olduğunu, lakin məhkəmə iclaslarında iştirak etməyəcəyini bildirmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi çəkişmə prinsipinin təmin edilməsi məqsədi ilə Mülki Prosessual Məcəlləsinin 135.6-cı maddəsinə əsasən cavabdehə sms vasitəsi ilə məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırmış, lakin cavabdeh məhkəmə iclaslarında iştirak etməmişdir. İş üzrə xx.xx.2025-ci il tarixdə qətnamə qəbul edilmiş və poçt vasitəsi ilə cavabdehin yaşadığı ünvana göndərilmiş, lakin məhkəmə zərfi “ünvan tam deyil” qeydi ilə ünvançıya təqdim edilmədən məhkəməyə geri qaytarılmışdır. Bununla yanaşı xx.xx.2025-ci il tarixdə qətnamə əsasında verilmiş icra sənədi icra edilməsi üçün Abşeron rayon İcra və probasiya şöbəsinə göndərilmiş və xx.xx.2025-ci il tarixdə icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin borclu Cavabdeh tərəfindən könüllü icra edilməsi üçün 10 gün könüllü icra müddəti təyin edilmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək qətnamənin surətinin rəsmi qaydada almadığını göstərmiş və qətnamənin ona təqdim edilməsini məhkəmədən xahiş etmişdir. Qeyd olunan tarixdə cavabdeh Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsini xx.xx.2025-ci il tarixdə qəbzə imza etməklə almış və xx.xx.2025-ci il tarixdə qətnamədən apellyasiya şikayəti vermişdir. Sadalanan hallardan və QSC-in məhkəmə kollegiyasının iclasında verdiyi izahatdan göründüyü kimi cavabdeh onunla İddiaçı QSC arasında bağlanmış 25 dekabr 2023-cü il tarixli PFM230139 nömrəli daxili maliyyə lizinq müqaviləsinin şərtlərini yerinə yetirmədiyi halda QSC-in müqavilədən irəli gələn tələblərin icrası ilə bağlı məhkəməyə müraciət edilməsi, həmçinin Abşeron rayon İcra və probasiya şöbəsinə göndərilmiş icra sənədi üzrə xx.xx.2025-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin cavabdeh tərəfindən könüllü icra edilməsi üçün 10 gün könüllü icra müddəti təyin edilməsi ilə artıq onun məhkəmə mübahisəsi olduğu barədə məlumatlı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan faktlar cavabdehin artıq məhkəmə mübahisəsinin mövcudluğundan məlumatlı olmasını, lakin özünün daimi yaşadığı ünvan barədə məhkəməyə məlumat vermədən poçt vasitəsi ilə məhkəmə aktının ona təqdim edilməsi vəzifəsindən yayınmışdır. Belə ki, Mülki Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Həmçinin cavabdeh Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatının iştirakçısının “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ilə təmin edilməsi imperativ xarakter daşısa da, hərəkətsiz qalmaqla “elektron kabinet” qeydiyyatından keçməmişdir. Eyni zamanda cavabdeh qətnaməni qəbz vasitəsi ilə aldıqdan sonra 1 ayın tamamında apellyasiya şikayəti vermişdir ki, sadalanan hallar bir daha təsdiq edir ki, cavabdeh hüquqdan sui-istifadə etməklə həm məhkəmə araşdırmasının, həm də qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasına mane olmaqla ədalət mühakiməsinə kölgə salmaqdadır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 aprel 2017-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən formalaşdırılmış hüquqi mövqeyə görə, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illüziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Akif Həsənovun Azərbaycana qarşı işində (Akif Həsənov Azərbaycana qarşı - 7268/10 Qərar 19.9.2019) qeyd etmişdir ki, hətta Bakı Apellyasiya Məhkəməsi ərizəçini məhkəmə iclasına çağırmasa və dinləmədə onun iştirakını təmin etməsə (həmçinin qərarın surətini ona təqdim etməsə) belə, bu hallar ərizəçini öz təşəbbüsü ilə elementar addımlar atmağa və müvafiq orqanlardan apellyasiya baxışının nəticəsi barədə məlumat əldə etməyə dair fərdi məsuliyyətdən azad etmir. Eyni zamanda Avropa İnsan Hüquqları Məhkəməsinin “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Sadalanan prosessual hüquq normalarının tələblərinə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehin verdiyi apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlamamış, qərardadın təsviri hissəsində sadalanan hallara istinadən apellyasiya şikayətinin müəyyən edilmiş müddət ərzində verilib-verilməməsini müəyyən etmədən, icra məmuru tərəfindən hansı tarixdən ona məlumat verilməsi halını müvafiq icra işini tələb etməməklə qeyd edilən qeyri-müəyyənliyi dəqiqləşdirmədən işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, göstərilən hallar araşdırıldıqdan sonra apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddətin üzrlü səbəbdən ötürülüb-ötürülməməsi məsələsinə qiymət verilməlidir. Ona görə də, cavabdehin apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar olmadığına görə, apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və kommersiya işi göstərilən halların dəqiqləşdirilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəlləsinin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361, 363, 365 və 366.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(119)-417/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kommersiya işi apellyasiya şikayəti üzrə Mülki Prosessual Məcəllənin 363-cü maddəsinin tələblərinin yoxlanılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə qaytarılsın. Qərаrdаddаn rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyаsına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verə bilər.
Məhkəmə qərarları › İş №2-2(105)-186/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-186/2025
24.12.2025 · Müqavilələrin ləğv edilməsi - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver