Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-156/2024 19.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi "Uşaq Psixo-Sosial İnkişafı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin "müflis elan edilmə və iflas prosesinə başlanılması” tələbinə dair kommersiya işi üzrə Açar sözlər: müflis elan edilmə və iflas proseduruna başlanılması, sübut edilmir. X5 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, Maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə3 iştirakı ilə, Ərizəçi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC-nin) “müflis elan edilmə və iflas prosesinə başlanılması” barədə ərizəsinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, e-2-2(121)-1784/2024 saylı qətnaməsindən ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: Ərizəçi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti "müflis elan edilmə və iflas prosesinə başlanılması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəçi "Uşaq Psixo- Sosial İnkişaf Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin müflis elan edilməsi və borclarının ödənilməsi məqsədilə aktivlərinin müəyyən edilməsi üçün əmlak inzibatçısının təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2018-ci il tarixindən dövlət qeydiyyatına alınmışdır və nizamnamə kapitalının miqdarı 5 manat təşkil edir. Hal-hazırda "Uşaq Psixo-Sosial İnkişafı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi X2r və onun nizamnamə kapitalındakı payı 100 faiz təşkil edir. Cəmiyyətin direktor vəzifəsini də X3 icra edir. "Uşaq Psixo-Sosial İnkişafı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti maliyyə vəsaiti və tələbin yönəldilə bilmədiyi əmlak olmadığına görə 01 mart 2024-cü il tarixində "müflis elan edilmə və iflas prosesinə başlanılması barədə” qərar qəbul etmişdir. "Uşaq Psixo-Sosial İnkişafı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında heç bir əmlak yoxdur. Cəmiyyətin vergilər üzrə dövlət büdcəsinə 415,31 manat əsas borc, 24,43 manat isə faiz borcu olmaqla ümumulikdə - 439,74 manat, muzdla işlə əlaqədar MDSS haqqı üzrə 2635,28 manat əsas borc, 198,19 manat isə penya üzrə qalıq borc olmaqla ümumlikdə - 2635,28 manat, muzdlu işlə əlaqədar işsizlikdən sığorta haqqı üzrə 119,08 manat əsas borc, 11,04 manat isə penya üzrə qalıq borc olmaqla ümulikdə - 130,12 manat, İcbari Tibbi Sığorta üzrə 392,86 manat əsas borc, 28,09 manat isə faiz üzrə ümumilikdə - 420,95 manat borc məbləğləri müəyyən edilmişdir. Məlum kredirotların siyahısı isə aşağıdakı kimidir: 1 ) "Paşa Bank” ASC - DC00203638-07 nömrəli kredit müqaviləsi üzrə - 95,669,79 AZN, DC00203638-08 nömrəli kredit müqavilə üzrə - 2,890,45 AZN, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsi (vergilər üzrə) - 439,74 manat, Dövlət Sosial Müdafiə Fondu (Muzdla işlə əlaqədar MDSS haqqı üzrə) - 2635,28 manat, Dövlət Sosial Müdafiə Fondu (Muzdlu işlə əlaqədar işsizlikdən sığorta haqqı üzrə) -130,12 manat, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (icbari tibbi sığorta üzrə - 420,95 manat. "Paşa Bank” ASC borc tələbi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət etmişdir. Halhazırda e-2-2(121)-55/2024 saylı iş üzrə Şirvan Kommersiya Məhkəməsində icraat davam edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində maraqlı şəxs "Paşa Bank” ASC-nin nümayəndəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə elektron qaydada təqdim etdiyi etirazda, ərizəyə etiraz etdiklərini bildirmiş, üzrlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilməyəcəklərini nəzərə alaraq, təyin edilmiş məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və ərizəçinin tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili və nümayəndəsi Nümayəndə1 ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Digər maraqlı şəxslərin nümayəndələri apellyasiya baxışında iştirak etmədiyindən onların mövqeyi bəlli olmamışdır. Şirvan Kommersiya Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, e-2-2(121)-1784/2024 saylı qətnaməsi ilə ərizə təmin edilməmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ərizənin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, məhz işdə olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin, yəni Borclunun xx.xx.2024-cü il tarixli Rəsmi Bəyanatından məlum olur ki, onun, "xxxx" ASC - DC00203638-07 nömrəli kredit müqaviləsi üzrə- 95,669,79 manat, DC00203638-08 nömrəli kredit müqavilə üzrə- 2,890,45 manat, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsi (vergilər üzrə) - 439,74 manat, DövlətSosial Müdafiə Fondu (Muzdla işlə əlaqədar MDSS haqqı üzrə) - 2635,28 manat, Dövlət Sosial Müdafiə Fondu (Muzdlu işlə əlaqədar işsizlikdən sığorta haqqıüzrə) - 130,12 manat, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi icbaritibbi sığorta üzrə - 420,95 manat borcu var və bu borcu ödəmə qabiliyyəti yoxdur. Yəni qanunvericiliyin tələbinə uyğun olaraq borclu təsdiq edir ki, onun ödəmə qabiliyyəti yoxdur, qanunla ona verilmiş iflas etmək hüququndan istifadə edir. Göründüyü kimi, ərizəçi tərəfindən ərizədə qeyd olunan borcların ödənilməsi üçün kifayət edəcək aktivlərinin olmamasını təsdiq edən sübutlar Məhkəməyə təqdim olunmuş, lakin Məhkəmə bunları nəzərə almamışdır. Bundan başqa qətnamədə deyilir ki, ərizəçi, “sonuncu hesabat tarixinə olan maliyyə hesabatını məhkəməyə təqdim etməmişdir”. Lakin işdə ona sübutlardan görünür ki, ərizəçi həmin hesabatı da məhkəməyə təqdim etmişdir. Bütün bunlardan göründüyü kimi, məhkəmənin qəbul etdiyi qətnamə maddi və prosessual normalarına ziddir. Ona görə də həmin qətnamənin ləğv edilməsini, yeni qətnamə qəbul edilərək iddia ərizəsinin təmin olunmamasını xahiş edirlər. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Apellyasiya baxışında iştirak edən maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətinin dəlillərinə qarşı etirazlarını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Maraqlı şəxs1 ASC-nin nümayəndəsi X4 məhkəməyə ərizə göndərərək, apellyasiya şikayətinə etiraz etdiklərini bildirmiş, lakin üzrlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilməyəcəklərini və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Ərizəçinin və digər maraqlı şəxslər nümayəndələri apellyasiya baxışında iştirak etməmişlər. Ərizəçinin və digər maraqlı şəxslərə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, tərəflərin nümayəndələri apellyasiya baxışına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Kollegiyası, işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məlumat verilmiş, lakin gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda ərizəçi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etməklə, qətnaməni tam olaraq mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin ərizəçiyə münasibətdə apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. İşə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 63.1-ci maddəsinə əsasən, əgər hüquqi şəxs kreditorların tələblərini ödəməyə qadir deyildirsə, o, məhkəmənin qərarı ilə müflis sayıla bilər. "Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanunununda nəzərdə tutulan müddəalara görə: "Maddə 3. Ödəmə qabiliyyətsizliyi anlayışının məzmunu Borclu ödəmə qabiliyyəti olmadığı halda iflas prosesinə məruz qalır. Borclu o halda ödəmə qabiliyyəti olmayan sayılır ki, bunu özü təsdiq etsin, yaxud məhkəmə və ya kreditorlar müəyyən etsin ki: a) borclu həyata və ya sağlamlığa vurulmuş zərərin ödənilməsi, alimentin tutulması, əmək və onunla bağlı münasibətlərindən yaranan öhdəliklər üzrə, müəlliflik müqaviləsinə görə ödənilən haqlar ilə bağlı kreditorlar qarşısında öhdəliklərini icra müddəti başladığı andan etibarən ardıcıl 2 (iki) ay ərzində tam icra etməmişdir; b) borclu vergilər (faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları) və başqa dövlət ödənişlərini onların hesablandığı gündən etibarən ardıcıl 10 (on) ay ərzində tam icra etməmişdir; c) borclu digər kreditorlar qarşısında öhdəliklərini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməmişdir.” "Maddə 11. İflas haqqında iş üzrə məhkəmə baxışının prosessual nəticələri
1. İflas haqqında işə məhkəmə iclasında baxıldıqdan sonra məhkəmə qanunvericiliklə müəyyən edilmiş qaydada aşağıdakılar barədə müvafiq qərar çıxarır: a) borclunun müflis elan olunması və əmlak inzibatçısının təyin edilməsi barədə; b) müvəqqəti əmlak inzibatçısının təyin edilməsi və ya təyinatının uzadılması barədə; c) borclunu müflis elan etməkdən imtina barədə.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5).
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, ərizəçinin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Belə ki, iş materiallarında olan hüquqi şəxs sahibkarlıq subyekti haqqında məlumatdan görünür ki, "Uşaq Psixo-Sosial İnkişafı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti sahibkarlıq subyekti kimi xx.xx.2020-ci il tarixində qeydiyyata alınmışdır (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi-VÖEN (**********). İş materiallarında olan 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş arayışdan görünür ki, "Uşaq Psixo-Sosial İnkişafı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin vergilər üzrə dövlət büdcəsinə 415,31 manat əsas borc, 24,43 manat isə faiz borcu olmaqla ümumulikdə 439,74 manat, muzdla işlə əlaqədar MDSS haqqı üzrə 2635,28 manat əsas borc, 198,19 manat isə penya üzrə qalıq borc olmaqla ümumlikdə 2635,28 manat, muzdlu işlə əlaqədar işsizlikdən sığorta haqqı üzrə 119,08 manat əsas borc, 11,04 manat isə penya üzrə qalıq borc olmaqla ümulikdə 130,12 manat, İcbari Tibbi Sığorta üzrə 392,86 manat əsas borc, 28,09 manat isə faiz üzrə ümumilikdə 420,95 manat borcu vardır. İş materiallarında olan məhkəmə bildirişi və qərardadlardan görünür ki, Şirvan Kommersiya Məhkəməsinin icraatında iddiaçı "Paşa Bank” ASC-nin cavabdehlər "Uşaq Psixo-Sosial İnkişafı Mərkəzi” MMC-yə və qeyrisinə qarşı kredit müqaviləsi üzrə əsas borcun, ona hesablanmış faiz və cərimənin tutulması tələbi barəsində kommersiya mübahisələrinə dair iş vardır. Birinci instansiya məhkəməsi iddianı rədd etmiş və hesab etmişdir ki, əvvəla ərizəçi tərəfindən ərizədə qeyd olunan borcların ödənilməsi üçün kifayət edəcək aktivlərinin olmamasını təsdiq edən sübutlar, o cümlədən sonuncu hesabat tarixinə olan maliyyə hesabatı məhkəməyə təqdim edilməmişdir. Bundan başqa ərizəçi ona qarşı məhkəmədə kredit borcunun ödənilməsi tələbinə dair iddia irəli sürüldüyünü qeyd edərək ərizəsini əsaslandırmağa çalışmışdır. Lakin həmin tələb üzrə qanuni qüvvəyə minmiş və icraya yönəldilmiş məhkəmə qərarının olmasına dair sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki, mövcud qanunvericilikdə borclunun kreditorlar qarşısında öhdəliklərini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsinin müəyyən edilməsi onun ödəmə qabiliyyətinin olmayan sayılmasına əsas təşkil edən hallardan biri kimi nəzərdə tutulmuşdur. Ərizəçi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və ərizəsinin təmin edilməsini xahiş etmişdir. Ərizənin əsas dəlili ondan ibarət olmuşdur ki, maliyyə hesabatı məhkəməyə təqdim edilmişdir. Eyni zamanda ərizəçi borclarına dair müvafiq sənədləri məhkəməyə təqdim etmişdir və ərizəçinin borclarını ödəyəcək aktivləri yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, ərizəçinin birinci instansiya məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalaranın pozulması və düzgün tətbiq edilməməsi, habelə qətnamədə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki halların aydınlaşdırılmaması fikri yanlışdır. Birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslıdır, maddi hüquq normaları düzgün tətbiq edilmişdir. Qeyd edilənlərə əsasən də, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Kollegiyası ərizəçinin apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərək, qeyd edir ki, ərizəçi maliyyə hesabatını ərizəsinə əlavə etdiyini bildirsə də, iş materiallarından həmin sənədin təqdim edildiyi müəyyən edilmir. Eyni zamanda ərizəçinin ödəmə qabiliyyətinin olmamasına dair müvafiq audit yoxlaması keçirilməmiş və ərizəçi tələbini təsdiq edəcək sübutlarını birinci instansiya məhkəməsinə təqdim etməmiş, həmçinin apellyasiya şikayətinin dəliləri üzrə sübutlarını şikayətinə əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
Qət etdi:
Ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, e-2-2(121)-1784/2024 saylı qətnaməsi ərizəçi "Uşaq Psixo-Sosial İnkişafı Mərkəzi” MMC tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.