Məhkəmə qərarları › İş №2-2(117)-1411/2024

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(117)-1411/2024

04.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Daşınmaz əmlak üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(117)-1411/2024 04.10.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlu, iddiaçı Mənzil Təsərrüfat və Abadlaşdırma İdarəsinin Cavabdeh qarşı “qeyri-yaşayış sahəsindən çıxarılma” tələbinə dair iddiası, Cavabdeh Mingəçevir şəhər İcra Hakimiyyətinin Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinə qarşı “qeyri-yaşayış sahəsinin istifadəyə verilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə Mingəçevir Şəhər Məhkəməsindən daxil olmuş mülki iş materiallarına baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Mənzil Təsərrüfat və Abadlaşdırma İdarəsi Cavabdeh qarşı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək “Cavabdeh Mingəçevir şəhəri, H.Əliyev prospekti, 30 saylı binanın birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsindən çıxarılması” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda, qarşılıqlı iddia üzrə Cavabdeh Mingəçevir şəhər İcra Hakimiyyətinin Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinə qarşı “qeyri-yaşayış sahəsinin istifadəyə verilməsi” tələbinə dair qarşılıqlı iddia ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilmişdir. Mingəçevir Şəhər Məhkəməsi işin aidiyyatı üzrə göndərilməsi barədə qərardadını onunla əsaslandırmışdır ki, tərəflər arasında mülki hüquq münasibətləri yaranan vaxt hər iki tərəf fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmışdır. Eləcə də, tərəflərin mülki hüquq və vəzifələrinin yaranmasına əsas qeyri-yaşayış sahəsindən sahibkarlıq fəaliyyəti ilə bağlı istifadə nəticəsində olmuşdur. Bu da o nəticəyə gəlməyə əsas verir ki, tərəflər arasında yaranmış mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqəlidir. Həmin qərardad ilə razılaşmayan məhkəmə qeyd edir ki, hazırki mübahisənin məzmunu Mingəçevir şəhəri, H.Əliyev prospekti, 30 saylı binanın birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin Cavabdeh tərəfindən icarə və ya istifadə müqaviləsi bağlamadan icazəsiz istifadə edilməsi və həmin qeyri-yaşayış sahəsindən çıxarılması ilə bağlıdır. Eyni zamanda o qənaətə gəlinmişdir ki, tərəflərin hər ikisi sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, onlar arasında yaranmış mübahisə də bilavasitə sahibkarlıq fəaliyyətinin keçirilməsi ilə əlaqəli mübahisədir. Lakin Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumata əsasən, nəzərdə tutulan iş üzrə cavabdeh qismində cəlb edilmiş Cavabdeh adında heç bir VÖEN hesabı yoxdur. Cavabdeh vergi orqanında vergi ödəyicisi kimi qeydiyyata alınmadığından fərdi sahibkar statusuna malik deyildir. Odur ki, iddiaçı ilə Cavabdeh arasında yaranmış münasibətlər sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmamışdır. Bundan başqa, “X3” X1 şəhər Filialı iş üzrə tərəf qismində cəlb edilmədiyindən ilk iddia üzrə cavabdeh həmin ictimai birliyin filial rəhbəri olsa bu hallar işə kommersiya mübahisəsi olaraq baxılmasına əsas vermir. Qeyd edilən X2 Filialı tərəf olsa belə, qeyd edilən filial tərəf olması ilə bağlı yuxarı instansiya məhkəməsinin mövqeyi mövcud olduğundan, eyni zamanda həmin Birliyin ictimai birlik olması da qeyd edilən şəxsin qeyrikommersiya fəaliyyəti ilə məşğul olmasını təsdiq edir. İlk öncə məhkəmə qeyd edir ki, kommersiya mübahisələri dedikdə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli Qərarının 11-ci bəndində qeyd edilir ki, o da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Həmin Qərarın 27-ci bəndinə əsasən, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan, onların qanunsuz sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmələr nəzərə almalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 13-cü maddəsinə əsasən həyata keçirilən fəaliyyətin sahibkarlıq fəaliyyəti hesab olunması üçün üç şərtin mövcudluğu tələb edilir: müstəqillik, mənfəət götürmək məqsədi və fəaliyyətin iqtisadi xarakterli olması. Mülki Məcəllənin istinad edilən maddəsində qanunilik şərti nəzərdə tutulmasa da, “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 10-cu maddəsi sahibkarlıq fəaliyyətinin dövlət qeydiyyatının məcburiliyini müəyyən edir. Eyni zamanda, həmin Qanunun 12.1-ci maddəsinə əsasən mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmayaraq öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə həyata keçirən sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsini dövlət təmin edir. Digər tərəfdən, qanunsuz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə inzibati, habelə Cinayət Məcəlləsinin 192-ci maddəsi ilə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Odur ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin həyata keçirdiyi qanunsuz sahibkarlıq fəaliyyəti aidiyyəti üzrə inzibati və cinayət məsuliyyəti yaratdığından, habelə həmin fəaliyyətdən irəli gələn hüquq və qanuni mənafelərin müdafiəsinə dövlət təminat vermədiyindən bu fəaliyyətindən irəli gələn mübahisələrə onların sahibkarlıq xarakteri nəzərə alınmadan, ümumi məhkəmələrdə baxılmalıdır. Beləliklə, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan mübahisələrin kommersiya məhkəmələrində baxılması imkanı yalnız bu Qərarın 26-cı bəndində qeyd edilən iki halla məhdudlaşacaqdır. Göründüyü kimi, qanunvericiliklə mübahisənin məhkəmə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterinə görə müəyyən edilir ki, hazırkı mübahisə işdə iştirak edən şəxslərin subyektiv tərkibi baxımından sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmadığından mübahisəyə kommersiya məhkəmələri tərəfindən baxılmasını istisna edir. Belə ki, “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.37-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir. Hazırki işdə tərəflər arasında mülki hüquq münasibətləri yaranan vaxt hər iki tərəfin fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınması, tərəflərin mülki hüquq və vəzifələrinin yaranmasına əsas qeyri-yaşayış sahəsindən sahibkarlıq fəaliyyəti ilə bağlı istifadə olunması göstərilsə belə, tərəflərin bir-birinə münasibətdə yaranmış mübahisə onların sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması güman edilsə belə, cavabdeh qismində cəlb edilən şəxsin vergi orqanında uçota durduğu müəyyən edilmədiyindən, mübahisənin subyekt baxımından hazırki iddiaya baxılması məhkəmə aidiyyəti üzrə ümumi məhkəmənin səlahiyyətindədir. Bu səbəbdən də məhkəmə aidiyyəti məsələsinin həll edilməsi üçün iş materialları Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. 32.7-ci maddəsinə əsasən, bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Mənzil Təsərrüfat və Abadlaşdırma İdarəsinin Cavabdeh qarşı “qeyri-yaşayış sahəsindən çıxarılma” tələbinə dair iddiası, Cavabdeh Mingəçevir şəhər İcra Hakimiyyətinin Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinə qarşı “qeyri-yaşayış sahəsinin istifadəyə verilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə məhkəmə aidiyyəti məsələsinin həll edilməsi üçün iş Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar