Məhkəmə qərarları › İş №2-2(119)-1669/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(119)-1669/2024

25.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - digər - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(119)-1669/2024 25.12.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Əsədli Şəfa Zahir qızının katibliyi, İddiaçının qanuni təmsilçisi Qanuni nümayəndə və nümayəndəsi KARAYOL ZAHİTin iştirakları ilə, İddiaçı tərəfindən Cavabdeh qarşı “icarə müqaviləsinin ləğv edilməsi, həmin müqavilə üzrə borcun və digər ödənişlərin tutulması, qeyri-yaşayış sahəsinin boşaldılması və icarəçiyə təhvil verilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı “icarə müqaviləsi üzrə borcun və digər ödənişlərin tutulması, qeyri-yaşayış sahəsinin boşaldılması və icarəçiyə təhvil verilməsi” tələbi barədə iddia ərizəsi ilə 05 iyun 2024-cü il tarixində Şəki Kommersiya Məhkəməsinə müraciət edərək Cavabdeh istifadəsindəki boksu boşaltması və istifadə etdiyi boksun 5 aylıq icarə haqqı olan, cəmi 1500 manat məbləğində borcun ödənilməsi öhdəliyinin onun üzərinə qoyulması, 55 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin, 1000 manat məbləğində maddi və 1000 manat məbləğində mənəvi zərərin əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri Bakı-Quba yolu 27-ci km-də olan təmir boksu aylıq 300 manat icarə haqqı ödənilmək şərtilə cavabdehə icarəyə verilmişdir. Lakin cavabdeh müqavilənin 5-ci bəndinə əməl etməyərək 4 aylıq icarə haqqı olan 1200 manat borcu ödəməmiş, buna görə də ona 1 ay əvvəlcədən - xx.xx.2024-cü il tarixdə icarə haqqı borclarını ödəməsi, ödəniş olunmazsa, icarə müqaviləsinə xitam veriləcəyi ilə bağlı xəbərdarlıq məktubu göndərilmişdir. Lakin cavabdeh ünvanına göndərilən xəbərdarlıq məktubunu götürməkdən imtina edərək icarə haqqı borclarını ödəməkdən boyun qaçırmışdır. O, ödənişlərini etmədiyinə və icarə müqaviləsinin şərtlərini birtərəfli pozduğuna görə iddiaçının istifadəsində olan elektrik yarımstansiyasından cavabdehə icarəyə verilmiş boksun elektrik enerjisi təchizatı iddiaçı tərəfindən dayandırılmışdır. Lakin cavabdeh onun icarəsində olan boksa işiq vərən yarımstansiyanın qıfılını da icazəsiz sındıraraq işığı müqavilədən kənar və qeyri-qanuni formada bərpa etmiş, cəmi 1500 manat olan hazırkı borclarını da ödəməyərək fəaliyyətini davam etdirmişdir. xx.xx.2024-cü il tarixdə cavabdehə yenidən xəbərdarlıq məktubu göndərilsə də, cavabdeh məktubu yenə də götürməkdən imtina edərək icarə haqqı borclarını ödəməkdən boyun qaçırmış, xəbərdarlıq məktubunu götürən şəxsə borcunu ödəməyəcəyini və icarə sahəsindən çıxmayacağını bildirmişdir. Şəki Kommersiya Məhkəməsinin 22 avqust 2024-cü il tarixli e-2-2(117)-799/2024 nömrəli qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “icarə müqaviləsinin ləğv edilməsi, həmin müqavilə üzrə borcun və digər ödənişlərin tutulması, qeyri-yaşayış sahəsinin boşaldılması və icarəçiyə təhvil verilməsi” tələbinə dair kommersiya işi ərazi aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir. İddiaçı tərəfindən 22 noyabr 2024-cü il tarixdə Sumqayıt Kommersiya Məhkəməsinə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilərək tərəflər arasında bağlanmış 01 fevral 2023-cü il tarixli subicarə müqaviləsinin ləğv edilməsi, Cavabdeh istifadəsindəki boksu boşaltması, 3300 manat məbləğində icarə haqqı borcunun, 155 manat məbləğində kommunal xərclərin, 1000 manat məbləğində maddi zərərin əvəzinin və 1000 manat məbləğində mənəvi zərərin əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. O, həmçinin izahatında bildirdi ki, 2024-cü il fevral ayına qədər, yəni 2024-cü ilin fevral ayı da daxil olmaqla cavabdeh tərəfindən icarə haqqı üzrə ödənişlər həyata keçirilmişdir. İş materiallarında olan ödəniş qəbzlərindən cavabdeh tərəfindən 05 fevral və 29 fevral 2024-cü il tarixlərində ödəniş həyata keçirildiyi görünür. Cavabdeh fevral ayından əvvəl müvafiq aylar üzrə ödəniş həyata keçirmədiyinə və 1 ay gecikmə yarandığına görə, fevral ayında 2 dəfə ödəniş həyata keçirmişdir. Həmçinin kommunal borc üzrə ödənişi təsdiq edən sənədi obyektdə ümumi bir sayğac olduğuna görə təqdim etməsi mümkün olmamışdır. Qeyd olunanlara əsasən o, məhkəmədən bu halın nəzərə alınmasını və 155 manat məbləğində kommunal borcun da cavabdehdən tutulmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçının qanuni təmsilçisi Qanuni nümayəndə iddia ərizəsinin və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materialları: İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 01 fevral 2023-cü il tarixli icarə müqaviləsinin 1.1-ci bəndinə əsasən, icarəyə verən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, “İcarə haqqında” AR Qanunu, eləcə də digər qanunvericilik aktları əsasında "MSİ“ MMC-dən icarəyə götürdüyü Bakı-Quba yolu 27-ci km ünvanında yerləşən qeyri-yaşayış sahəsini "subicarə" qaydasında icarəçiyə icarəyə verir. İcarəçi isə həmin qeyri-yaşayış sahəsinin icarəsinin əvəzi olaraq bu müqavilə ilə razılaşdırılmış qaydada və məbləğdə icarə haqqını ödəyir. Həmin müqavilənin 5.1-ci və 5.2-ci bəndlərinə əsasən icarəçi bu müqavilənin 1.1-ci bəndinə uyğun olaraq icarə haqqını icarəyə verənə manatla ödəməlidir. Aylıq icarə haqqı hər ay üçün 300 manat müəyyən edilir. İcarə haqqı hər ay üçün həmin ayın 5-dək ödənilir. Həmin müqavilənin 9.2-ci bəndinin 5-ci abzasına əsasən, müqaviləyə tərəflərin birinin təşəbbüsü ilə 30 gün əvvəl xəbərdarlıq edilməklə istənilən vaxt xitam verilə bilər. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 09 mart 2024-cü il tarixdə cavabdehə xəbərdarlıq məktubu göndərilərək aralarında bağlanmış icarə müqaviləsinə xitam verildiyi qeyd edilmiş, ödəməli olduğu icarə haqlarının və kommunal borcların ödənilməsi və 13 mart 2024-cü il tarixdə təmir sexinin boşaldılması tələb edilmişdir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 13 mart 2024-cü il tarixdə cavabdehə xəbərdarlıq məktubu göndərilərək aralarında bağlanmış icarə müqaviləsinə xitam verildiyi qeyd edilmiş, 2 gün ərzində ödəməli olduğu icarə haqlarının və kommunal borcların ödənilməsi və təmir sexinin boşaldılması tələb edilmiş, əks təqdirdə icarə obyektinin hüquq mühafizə orqanlarının köməyi ilə boşaldılacağı bildirilmişdir. İş materiallarında olan 09 aprel 2024-cü il tarixli xəbərdarlıq məktubunda iddiaçı cavabdehə aralarında bağlanmış icarə müqaviləsinin 5.1-ci və 5.2-ci bəndlərinə onun tərəfindən əməl edilmədiyini, ətrafda olan digər icarədarları təhqir edib zor tətbiq etdiyini, icarə haqqı və kommunal borcları ödəmədiyini, transformatorun mühafizə qıfılını sındırdığını qeyd edərək müqaviləyə 01 mart 2024-cü il tarixdən xitam verildiyini bildirmişdir. İş materiallarında olan iddiaçı təşçilatın direktoru tərəfindən imzalanmış xx.xx.2024cü il tarixli əmrə əsasən, icarə haqqını vaxtında ödəmədiyinə görə, İddiaçı MMC-nin istifadəsində olan avadanlığa ziyan vurduğuna, icarəçilərlə əsassız dava edərək onlara xəsarət yetirdiyinə görə İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 01 fevral 2023-cü il tarixli icarə müqaviləsinə 01 mart 2024-cü il tarixdən xitam verilmişdir. İş materiallarına iddiaçı tərəfindən 22 noyabr 2024-cü il tarixində əlavə edilmiş arayışda qeyd edilmişdir ki, Cavabdeh xx.xx.2024-cü il tarixinə iddiaçıya icarə müqaviləsi üzrə 3300 manat, kommunal xərclər üzrə 155 manat məbləğində borcu yaranmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 23.1-ci maddəsinə əsasən, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. Həmin Məcəllənin 23.6-cı maddəsinə əsasən, bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 700.1-ci və 700.2-ci maddələrinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Həmin Məcəllənin 700.3-cü maddəsinə əsasən, əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 675-ci maddəsinə əsasən, əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəlləsinin 686-cı maddəsinə əsasən, əgər tərəflərdən biri öhdəliklərini öz təqsiri üzündən o dərəcədə pozursa ki, otaqların kirayəsi müqaviləsi üzrə hüquq münasibətlərinin davam etdirilməsi digər tərəf üçün yolverilməz olur, onda hüquq münasibətləri xəbərdarlıq müddəti gözlənilmədən ləğv edilə bilər. Tərəflərin bu maddənin göstərişlərinə zidd olan razılaşmasının qüvvəsi yoxdur. Həmin Məcəlləsinin 690.2-ci maddəsinə əsasən, əmlak kirayəsi müqaviləsinin ləğvinə dair bildirişdə müqavilənin ləğvi üçün əsaslar göstərilməlidir. Həmin Məcəllənin 697.1-ci maddəsinə əsasən, kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə, şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il Qərarında qeyd edilmişdir ki, mənəvi zərərin ödənilməsi barədə Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları baxımından mənəvi zərərin ödənilməsini tələb etmək hüququ yalnız fiziki şəxslərə aiddir. Fiziki şəxslərin işgüzar nüfuzunu ləkələyən məlumatların yayılması ilə bağlı mənəvi zərərin ödənilməsini tənzimləyən qaydalar sahibkarlar barəsində belə məlumatların yayılması hallarına da şamil edilir. Hüquqi şəxsin təsərrüfat fəaliyyəti və s. funksiyaları barədə yanlış məlumatların yayılması, haqsız rəqabət üsul və vasitələrindən istifadə olunması (təsərrüfat fəaliyyətinin nüfuzdan salınması və təqlidi, istehlakçıların çaşdırılması və s.) nəticəsində onun işgüzar nüfuzuna qəsd edildikdə həmin hüquqi şəxs Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 1097.1-ci maddələrinə müvafiq olaraq ona vurulmuş maddi zərərin ödənilməsini tələb edə bilər. Məhkəmənin mövqeyi: Yuxarıda təsvir olunanlara əsasən müəyyən edilir ki, İddiaçı MMC ilə Cavabdeh arasında 01 fevral 2023-cü il tarixli subicarə müqaviləsi (icarə müqaviləsi adlandırılmış olsa da, hüquqi təbiəti etibarilə subicarə müqaviləsidir, həmçinin iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə də subicarə müqaviləsi kimi qeyd edilmişdir) bağlanılmış, müqavilə öhdəliyinə uyğun olaraq iddiaçı Sumqayıt şəhəri Bakı-Quba yolunun 27-ci kilometrliyində yerləşən qeyri-yaşayış sahəsini (avtomobillərin təmiri üçün nəzərdə tutulmuş boksu) cavabdehin subicarəsinə versə də, cavabdeh müqavilə öhdəliklərinə riayət etməyərək həmin qeyri-yaşayış sahəsinin icarəsi ilə əlaqədar aylıq icarə haqlarını tam olaraq iddiaçıya ödəməmiş, nəticədə onun iddiaçı təşkilata icarə haqqı borcu yaranmışdır. Tərəflər arasında bağlanmış müqavilənin 5.1-ci və 5.2-ci bəndlərinə əsasən, aylıq icarə haqqı hər ay üçün 300 manat müəyyən edilir və icarə haqqı hər ay üçün həmin ayın 5-dək ödənilir. İcarə haqqı borcunun məbləği ilə bağlı məhkəmə müəyyən etdi ki, iddiaçı 22 noyabr 2024-cü il tarixində məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ərizənin məzmununda bu ərizə verildiyi günədək olan icarə haqqı borcunu 3300 manat kimi qiymətləndirmiş və həmin məbləğdə pulun cavabdehdən tutulmasını xahiş etmişdir. Eyni zamanda, iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş arayışda qeyd edilmişdir ki, cavabdehin 21 noyabr 2024-cü il tarixində 3300 manat məbləğində icarə haqqı borcu vardır. İddiaçının nümayəndəsi məhkəmədə verdiyi izahatda 2024-cü il fevral ayına qədər, yəni 2024-cü ilin fevral ayı da daxil olmaqla cavabdeh tərəfindən icarə haqqı üzrə ödənişlərin həyata keçirildiyini, sonrakı aylardan başlayaraq isə ödənilmədiyini bildirmişdir. Belə olduğu təqdirdə, cavabdehin icarə müqaviləsi üzrə icarə haqqını ödəmədiyi ayların cəmi (mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr və noyabr) 9 ay təşkil edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin cavabdehdən 01 fevral 2023-cü il tarixli subicarə müqaviləsi üzrə 3300 manat məbləğində icarə haqqı borcunun iddiaçının xeyrinə tutulması barədə hissəsi qismən təmin edilməli, 2024-cü ilin mart ayından iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin verildiyi 2024-cü ilin noyabr ayınadək olan dövrü əhatə etməklə 9 ay ərzində icarə haqqının ödənilməməsinə görə 2700 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, iddia tələbinin iddiaçı ilə cavabdeh arasında bağlanmış subicarə müqaviləsinə xitam verilməsi və icarə obyektinin boşaldılması barədə hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 685.2.1-ci, 685.2.2-ci və 697.1-ci maddələrinə əsasən, kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə və ya ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə ləğv edə bilər. Kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. Göründüyü kimi, cavabdeh subicarə müqaviləsi üzrə icarə haqqı ilə bağlı öhdəliklərini müqavilə ilə müəyyən edilmiş müddətdə tam və ya qismən yerinə yetirmədiyindən, həmçinin ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə icarə haqqının ödənilməsini gecikdirdiyindən, istər tərəflər arasında bağlanmış müqavilənin şərtləri, istərsə də mülki qanunvericiliyin icarə münasibətlərini tənzimləyən normaları baxımından qiymətləndirmə aparıldıqda, müəyyən edilir ki, iddia tələbinin subicarə müqaviləsinə xitam verilməsi və icarə obyektinin cavabdehin hesabına boşaldılaraq icarəyə verənə təhvil verilməsi barədə hissəsi də əsaslıdır və təmin edilməlidir. Bundan başqa, iddia tələbinin 155 manat məbləğində kommunal xərclərin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə hissəsi ilə məhkəmə bildirir ki, həmin xərclərlə bağlı məhkəməyə hər hansı təsdiqedici sənəd təqdim edilmədiyindən iddia həmin hissədə əsaslı hesab edilə bilməz. Bundan başqa, iddia tələbində, həmçinin 1000 manat məbləğində maddi zərərin və 1000 manat məbləğində mənəvi zərərin əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Bu tələb cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə, məhkəmələrə getmək üçün gediş haqları, Şəki şəhərinə gedən zaman oteldə qalmaq, qidalanmaq üçün çəkilən xərclər, vaxt itkisi kimi maddi və mənəvi ziyan vurulması ilə izah edilmişdir. Məhkəmə hesab edir ki, iddia həmin hissədə də əsaslı hesab edilə bilməz. Belə ki, iş materiallarına hansı miqdarda zərərin dəyməsi, bu zərərin necə hesablanması ilə bağlı sübutlar əlavə edilməmişdir. Mənəvi zərərin əvəzinin ödənilməsi ilə bağlı isə nəzərə alınmalıdır ki, qanunvericiliyinin müddəaları baxımından mənəvi zərərin ödənilməsini tələb etmək hüququ yalnız fiziki şəxslərə aiddir, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda istinad edilən 03 noyabr 2008-ci il tarixli Qərarında göstərildiyi kimi, hüquqi şəxsin işgüzar nüfuzuna qəsd edildikdə həmin hüquqi şəxs Mülki Məcəllənin 21-ci maddəsinə əsasən dəymiş maddi zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Bunlardan əlavə, iş materiallarında olan 10 may 2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilən zaman 32,6 manat məbləğində, 03 iyun 2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzinə əsasən 22,6 manat məbləğində, 22 noyabr 2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzinə əsasən isə 19,60 manat olmaqla, cəmi 74,8 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi təşkil edir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iddia qismən təmin edildiyindən yuxarıda istinad olunan qanunvericilik normalarının tələblərinə əsasən iddianın təmin edilmiş hissəsinə müvafiq olaraq hesablanmış 47 manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddiaçı qismən təmin edilməli, Cavabdeh 2700 (iki min yeddi yüz) manat məbləğində əsas borc və 47 (qırx yeddi) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 2747 (iki min yeddi yüz qırx yeddi) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalı, tərəflər arasında bağlanmış 01 fevral 2023-cü il tarixli subicarə müqaviləsi ləğv edilməli və subicarə obyekti olan qeyri-yaşayış sahəsi boşaldılaraq iddiaçıya təhvil verilməli, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 2700 (iki min yeddi yüz) manat məbləğində əsas borc və 47 (qırx yeddi) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 2747 (iki min yeddi yüz qırx yeddi) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 01 fevral 2023-cü il tarixli subicarə müqaviləsi ləğv edilsin və subicarə obyekti olan qeyri-yaşayış sahəsi Cavabdeh tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar