Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1479/2024 07.10.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Əsədli Şəfa Zahir qızının katibliyi, İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı və onun nümayəndəsi Vəkil1, Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndələri Nümayəndə və Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “icarə müqaviləsinin icra edilməsinin təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsinə və cavabdehin iddiaçıya qarşı “icarə müqaviləsinin ləğv edilməsi, icarə obyektinin boşaldılması və maddi zərərin əvəzinin ödənilməsi” tələbi barədə qarşılıqlı iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı ilə cavabdeh arasında bağlanmış 29 dekabr 2023-cü il tarixli icarə müqaviləsinin icra edilməsi, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli icarə müqaviləsinə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllədə yerləşən qeyriyaşayış sahəsi kimi fəaliyyət göstərən obyektə işığın, qazın, suyun, internetin bərpa edilməsi və kəsilməməsi (dayandırılmaması) öhdəliyinin Cavabdeh üzərinə qoyulması, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli icarə müqaviləsinin Cavabdeh tərəfindən icra edilməməsi nəticəsində 1000 (min) manat məbləğində maddi ziyanın əvəzinin və iddiaçının hüquqlarının pozulması və iş yerini itirməsi ilə əlaqədar 2000 (iki min) manat məbləğində mənəvi ziyanın əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə Abşeron rayonunun Xırdalan şəhərində iddiaçı ilə cavabdeh arasında bağlanmış icarə müqaviləsinə əsasən, cavabdehə məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllədə yerləşən qeyriyaşayış sahəsi kimi fəaliyyət göstərən obyekt 2 il müddətinə iddiaçının icarəsinə verilmişdir. Həmin icarə müqaviləsini, cavabdehlə yanaşı, onun arvadı Nümayəndə və bacısı Arifə Aslanova da imzalamışdır. Həmin obyekt “Gözəllik salonu” olaraq “Diamond Laser” adı altında fəaliyyət göstərir və ona iddiaçı tərəfindən təxminən 5000 manat məbləğində xərc çəkilmişdir. Aralarında bağlanmış icarə müqaviləsinin 6.1.5-ci yarımbəndinə əsasən, icarəyə verən işığı, qazı, suyu və interneti kəsməyəcəyini öhdəsinə götürmüşdür. Lakin cavabdeh və onun ailə üzvləri - arvadı Nümayəndə və qızı İlahə İsmayılova 24 iyul 2024-cü il tarixdə işığı, suyu, interneti kəsərək müqavilə öhdəliyini icra etməmişlər. Bunu etmələrinə səbəb iddiaçını həmin obyektdən çıxarmaq olmuşdur. Cavabdehlə mübahisənin pretenziya qaydasına həll edilməsinə cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçının nümayəndəsi 18 sentyabr 2024-cü il tarixində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə ilə müraciət edərək iddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli icarə müqaviləsinin icra edilməsi, həmin müqaviləyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllədə yerləşən qeyri-yaşayış sahəsi kimi fəaliyyət göstərən obyektə işığın, qazın, suyun, internetin bərpa edilməsi və kəsilməməsi (dayandırılmaması) öhdəliyinin cavabdehin üzərinə qoyulması, müqavilənin cavabdeh tərəfindən icra edilməməsi nəticəsində 6236,66 (altı min iki yüz otuz altı manat, altmış altı qəpik) manat məbləğində maddi ziyanın əvəzinin və iddiaçının hüquqlarının pozulması və iş yerini itirməsi ilə əlaqədar olaraq 4000 (dörd min) manat məbləğində mənəvi ziyanın əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin ərizə onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli icarə müqaviləsinin cavabdeh tərəfindən icra edilməməsi nəticəsində iddiaçının icarə obyektinə çəkdiyi xərcləri tələb etmək hüququ yaranmışdır. İddiaçı tərəfindən icarə obyektinə 1000 manat dəyərində güzgülü mebel, 200 manat dəyərində mebel ayaq altlığı, 200 manat dəyərində pərdə və karniz, 300 manat dəyərində mebel stolu, 500 manat dəyərində mətbəx mebeli, moyka və krant, 200 manat dəyərində “Ariston”, 1500 manat dəyərində “Aukia” markalı kondisioner, 1000 manat dəyərində 7 ədəd kamera, 150 manat dəyərində jalüz, 100 manat dəyərində 5D aboy, 100 manat dəyərində xidmət stendi, 50 manat dəyərində üzərində “Diamond Lazer” yazılan reklam yazısı və cəmi 150 manat dəyərində olan 2 ədəd göy rəngli çilçıraq alınmış, həmçinin icarə obyektinin giriş qapısında olan “Diamond Lazer” yazılarının və vinillərin dəyəri 600 manat olmaqla müvafiq xərclər çəkilmişdir. Bundan əlavə, iddiaçı tərəfindən icarə müqaviləsinə görə 2024-cü ilin iyul ayında 800 manat ödəniş edilməsinə baxmayaraq, cavabdeh tərəfindən 24 iyul 2024-cü il tarixdə icarə müqaviləsi icra edilməmiş, nəticədə iddiaçının iyul ayı üzrə ödədiyi pul vəsaiti 7 günə münasibətdə qanunsuz olaraq ələ keçirilmişdir. Aylıq ödəniş olan 800 manatın bir ayın bir gününə nisbəti 26,60 manat, 7 günə isə 186,66 manat təşkil edir. Bununla da iddiaçıya ümumilikdə 6236,66 manat dəyərində ziyan dəymişdir. Bundan savayı, cavabdehin hüquqazidd əməlləri nəticəsində icarə müqaviləsinin icrasız qalması nəticəsində cavabdehə 4000 manat məbləğində mənəvi zərər dəymişdir. Cavabdehin nümayəndəsi 21 avqust 2024-cü il tarixində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək ilkin iddianın rədd edilməsi, cavabdehin mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllə, M.Hüseynzadə küçəsi, 32 saylı fərdi yaşayış evinin birinci mərtəbəsində yerləşən bir otağın qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı icarəyə verilməsinə dair tərəflər arasında bağlanmış 29 dekabr 2023-cü il tarixli icarə müqaviləsinin ləğv edilməsi, qeyd olunan əmlakın qarşılıqlı iddia üzrə cavabdeh X1 qanunsuz sahibliyindən geri alınması və onun bu əmlakdan çıxarılması, İddiaçı maddi ziyanın əvəzi olaraq 6400 manat məbləğində pulun qarşılıqlı iddia üzrə iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ilkin iddia ərizəsi üzrə İddiaçı icra edilməsini tələb etdiyi icarə müqaviləsi notarial qaydada təsdiq edilmədiyindən qanunvericiliyin tələblərinə cavab vermir. Belə ki, Mülki Məcəllənin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Sözügedən müqavilə notarial qaydada təsdiq edilmədiyindən İddiaçı bu əmlak üzərində hər hansı hüququ, o cümlədən sahiblik və istifadə hüquqları yoxdur. İddianın maddi və mənəvi hissəsi ilə bağlı hissəsində isə cavabdehə (ilkin iddia üzrə iddiaçıya) heç bir maddi və mənəvi ziyan vurulmamış və ondan müqavilə tələbi üzrə öhdəliyə vaxtında və düzgün əməl etməsi tələb edilmişdir. Bundan savayı, iddiaçı kommunal ödənişləri ödəməmiş, icarə obyektində yüksəs səslə gülübdanışaraq ətrafda narazılıqlar yaratmışdır. İddiaçı cavabdehə məxsus əmlakı qanunsuz olaraq 8 aydır ki, bağlı saxladığına görə aylıq icarə haqqının məbləği ilə hesablandıqda, ona 6400 manat məbləğində ziyan vurmuşdur. Məhkəmə iclaslarında iştirak etmiş ilkin iddia üzrə İddiaçı iddianı müdafiə edərək qarşılıqlı iddianı isə qəbul etməyərək izahatında bildirdi ki, o, əvvəllər hazırkı icarə obyekti ilə üzbəüz olan digər obyektdə işləmiş, həmin obyekt kiçik olmuş və o, obyektdə olmadığı müddətdə Cavabdeh işlədiyi obyektə gələrək onun işçilərinə özünün mülkiyyətində olan obyekti ona icarəyə verməyi təklif etmişdir. O, həmin vaxt cavabdehi tanımamışdır. O, sonradan işlədiyi obyektdən çıxmalı olmuş və Anarın mülkiyyətində olan obyekti ona icarəyə verməsi barədə təklifi ilə razılaşmışdır. Anar ona obyektin təmirsiz olduğunu söyləmiş, o da obyektin təmiri ilə bağlı xərcləri şəxsi vəsaiti hesabına ödəyəcəyini bildirmişdir. 1 ay ərzində həmin obyekt tam təmirli vəziyyətdə hazır olmuşdur. Həmin obyekt üçün həm maddi, həm də mənəvi xeyli əziyyət çəkmişdir. Aralarında bağlanmış icarə müqaviləsini cavabdeh heç bir təzyiq altında olmadan imzalamış, həmçinin həmin müqaviləni cavabdehlə yanaşı, onun bacısı və arvadı da imzalamışlar. Həmin müqavilənin notarial qaydada təsdiqlənməməsinə gəldikdə, o, həmin icarə obyektinin estetik mərkəz kimi fəaliyyət göstərməsini istədiyindən dəfələrlə cavabdehdən icarə müqaviləsinin notarial qaydada təsdiq edilməsini tələb etmiş, lakin cavabdeh icarə obyekti ilə bağlı mülkiyyət sənədlərinin qaydasında olmadığını bildirmiş, buna görə də müqavilənin notarial qaydada təsdiq edilməsi mümkün olmamışdır. 24 iyul 2024-cü il tarixdə Abşeron Rayon Məhkəməsində keçirilən məhkəmə iclasından sonra cavabdehin arvadı Nəzakət xanım və qızı qanunsuz olaraq polis əməkdaşı ilə birlikdə obyektə daxil olmuş, onu təhqir etmişlər. Cavabdehin nümayəndəsinin qeyd etdiyi icarə haqqı tələb olunan mesaja “10 il+100000” kimi cavab mesajını o, yazmamış, “Diamond Laser” gözəllik salonunun nömrəsini təkcə o, işlətmir və kimin yazmasından məlumatı yoxdur. İddiaçı göstərilənlərin nəzərə alınaraq icarə obyektindən müəyyən müddət ərzində maneəsiz şəkildə istifadə edə bilməsinə şərait yaradılmasına köməklik göstərilməklə iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclaslarında ilkin iddia üzrə iddiaçının nümayəndəsi iddia ərizəsini müdafiə edərək qarşılıqlı iddia ərizəsinə isə etiraz edərək bildirdi ki, 29 dekabr 2023-cü il tarixdə iddiaçı ilə Cavabdeh arasında bağlanmış icarə müqaviləsinə əsasən, cavabdehə məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllədə yerləşən qeyri-yaşayış sahəsi kimi fəaliyyət göstərən obyekt 2 il müddətinə iddiaçıya icarəyə verilmişdir. İcarə münasibətlərinin 2023-cü ilin aprel ayından etibarən başlamasına baxmayaraq, iddiaçı 2023-cü ilin dekabr ayına qədər müqavilənin bağlanması üçün səylər göstərmiş, lakin həmin icarə münasibətləri rəsmiləşdirilməmişdir. İcarə münasibətləri üzrə ilk ödəniş 2023cü ilin may ayında həyata keçirilmişdir. Cavabdeh hüquqlarını müdafiə etdiyi şəxsin şərəf və ləyaqətini alçaldaraq, onun əxlaqsız qadın olduğunu deyərək müqavilənin ləğv olunmasını tələb etmişdir. Buna görə də, hazırkı mübahisə predmeti üzrə əhəmiyyətli sübut kimi qiymətləndirilməsə də, cavabdehin iddiaçıya qarşı zorakı xarakterli hərəkətlər etdiyini əks etdirən videogörüntülərin olduğu disk məhkəməyə təqdim edilir. Həmin diskdə olan görüntülər 18 aprel 2023-cü il tarixə aiddir və həmin vaxt cavabdeh iddiaçıya qarşı zorakı hərəkətlər etmişdir. Diskdəki videogörüntülərdən göründüyü kimi, cavabdeh bıçaqla, iddiaçının ayaqlarından tutaraq, iddiaçının iradəsi ziddinə onu öpməyə çalışaraq iddiaçıya qarşı zor tətbiq etmişdir. İddiaçı cavabdehə yalvararaq ondan əl çəkməsini istəmişdir. 18 aprel 2023-cü il tarixindən başqa tarixlərdə də iddiaçı zorakılığa məruz qalmış, sadəcə olaraq bu kimi görüntülərin işə əhəmiyyətli təsir göstərmədiyini nəzərə alaraq, onları məhkəməyə təqdim etmir. 18 aprel 2023-cü il tarixində olan hadisədən 2-3 gün keçdikdən sonra iddiaçı cavabdehə görüntülərin əks olunduğu diskin onda olduğunu, obyektdən rahat şəkildə istifadə edərək pul qazanmağına şərait yaradacağı və iddiaçıdan uzaq duracağı təqdirdə həmin görüntüləri polisə təqdim etməyəcəyini bildirmişdir. Cavabdeh həmin görüntülərin iddiaçıda olduğunu öyrəndikdən sonra obyektə gələrək kameranı qırmış və ona qarşı seksual xarakterli zorakı hərəkətlər etmişdir. Bunların nəticəsində, 23 dekabr 2023-cü il tarixdə iddiaçı müvafiq polis orqanına cavabdehdən şikayət etmişdir. Cavabdeh iddiaçıya “müqaviləni bağlamağa razıyam, bunun qarşılığında sən də şikayəti geri götürməlisən” kimi təkliflər etmişdir. Cavabdeh müqaviləni bağlamış, lakin iddiaçı haqlı olaraq şikayəti geri götürməmişdir. İddiaçının bu məsələ ilə bağlı şikayətinin nəticəsi olaraq cinayət işinin başlamasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir və həmin qərar mübahisələndirilmişdir. İddiaçının 18 aprel 2023-cü il tarixində olan hadisə ilə bağlı müvafiq orqanlara məhz həmin vaxt müraciət etməməsinin səbəbi onun ərinin bu kimi məsələlərdən xəbərinin olmaması olmuşdur. 2023-cü il dekabr ayında cavabdeh iddiaçını icarə obyektindən çıxarmağa çalışdıqda, iddiaçı məcbur qalaraq bu məsələləri qabartmış və cavabdehin əməlləri ilə bağlı polis orqanına şikayət etmişdir. Belə bir mübahisə olduğu halda iddiaçının həmin obyektdən başqa obyektdə işləməməsinin səbəbi barədə iddiaçının nümayəndəsi bildirdi ki, mübahisə predmeti olan obyekt üçün iddiaçı xeyli miqdarda xərc çəkmişdir, işi üçün lazım olan avadanlıqları həmin obyektin ölçülərinə uyğunlaşdırmışdır, həmçinin həmin ərazidə xeyli müştərisi vardır. İddiaçının yeni obyektdə işə başlaması üçün yenidən xeyli miqdarda xərc çəkməsi lazım gəlir. Buna baxmayaraq iddiaçı yeni obyekt axtarışındadır. Məhkəməyə müvəqqəti təminat tədbirinin tətbiqi ilə bağlı ərizə verilməsinin əsas səbəblərindən biri də iddiaçının maneəsiz şəkildə həmin obyektdən istifadə etməsinin təmin olunması və başqa obyekt icarəyə götürməsi üçün müəyyən məbləğdə pul qazanması olmuşdur. 3 ay müddətində iddiaçının maneəsiz şəkildə həmin obyektdə işləməsinə şərait yaradılarsa, iddiaçı həmin obyektdən çıxacaqdır. İddia tələbinin həcminin artırılması haqqında ərizədə qeyd etdiyi əşyaların məbləğlərinə dair təsdiqedici sənədlər yoxdur, həmin əşyalar cavabdehə məxsus olan mebel sexində hazırlanmışdır. Belə ki, cavabdeh iddiaçıya qarşı “mənim obyektimdə fəaliyyət göstərəcəksənsə, əşyaları mənə məxsus mebel sexində hazırlatmalısan” kimi ifadə işlətmişdir. İddiaçı icarə obyektinə aid kommunal ödənişləri hər ay üzrə vaxtlı-vaxtında ödəmiş, hətta "xxxx" ASC-nin əməkdaşı gözəllik salonuna məxsus “контрольный” sayğaca baxış keçirmiş və həmin sayğac üzrə borcun olmadığını bildirmişdir. İcarə haqlarına gəldikdə, iddiaçı faktiki olaraq 24 iyul 2024-cü il tarixdən oktyabr ayınadək icarə obyektindən istifadə edə bilmədiyinə görə 2024-cü ilin avqust və sentyabr aylarının icarə haqlarını ödəməmişdir. İddiaçı tərəfindən tərtib edilmiş 7 ədəd akt da onu göstərir ki, Sumqayıt Kommersiya Məhkəməsinin hazırkı iş üzrə müvəqqəti təminat tədbirinin tətbiqi haqqında qərarı çıxandan bəri icarəçi həmin sahədən istifadə edə bilməmişdir. Ondan əvvəlki ayları, yəni 2024-cü ilin fevral ayından iyul ayınadək, iyul ayı da daxil olmaqla icarə haqlarını ödəmiş və bununla bağlı ödəniş qəbzləri məhkəməyə təqdim edilmişdir. 2023-cü ilin yanvar ayı üzrə ödəniş isə cavabdehin özünün təklifi ilə nağd formada ona verilmişdir. Bununla bağlı şahid izahatları məhkəməyə təqdim edilmişdir. İddiaçının həmin ay üzrə icarə haqqını əlbəəl formada cavabdehə verdiyini təsdiq edən şahidləri vardır. İddiaçının nümayəndəsi məhkəmə çıxışında, həmçinin qeyd etdi ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 406.1-ci maddəsinə görə, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, Mülki Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Mülki Məcəllənin bilavasitə icarə münasibətlərini tənzimləyən normaları isə qeyri-yaşayış sahələrinin icarə müqaviləsi üçün hər hansı məcburi forma müəyyən etməmişdir. Göründüyü kimi, mülki qanunvericiliyin tələbləri baxımından müqavilənin forma tələbləri ilə bağlı şərt qanunla birbaşa tənzimlənmədiyi halda, seçiləcək forma müqavilə azadlığı prinsipi baxımından tərəflərin mülahizəsindən asılıdır. Hazırkı halda icarə müqaviləsinin sadə yazılı, yoxsa notariat qaydasında bağlanmalı olmasına münasibətdə bildirir ki, ilk növbədə icarə müqaviləsindən yaranan hüququn əşya və ya tələb hüququ olmasına aydınlıq gətirilməsi zəruridir. Hüquq nəzəriyyəsinə əsasən, əşya hüquqları əşya üzərində hüquqi baxımdan birbaşa hakimiyyət təmin edən və bu səbəblə də hər kəsə qarşı irəli sürülə bilən əmlak xarakterli hüquqlardır. Əşya hüquqlarının predmeti bir qayda olaraq əşyadır. Əşya dedikdə isə mülki hüquq subyektlərinin faktiki sahiblik etmək imkanına və iqtidarına sahib olduqları iqtisadi dəyər kəsb edən və xüsusi mülkiyyətə əlverişli olan fiziki cisimlər başa düşülür. Bir şeyin, mülki hüquq baxımından “əşya” sayıla bilinməsi üçün həmin şey müəyyən və müstəqil əşya keyfiyyəti qazanmış olmalı və üzərində şəxsi hakimiyyətin təsis edilməsi mümkün olmalıdır. Əşya hüquqları hər kəsə qarşı irəli sürülə bilər və hər kəs bu hüquqa hörmət etməlidir (başqa sözlə, mütləq hüquqlardır). Bu baxımdan, əşya hüquqları hər kəs tərəfindən bilinməsini təmin edən təzahür formasında olmalıdır. Buna ədəbiyyatda “əşya hüquqlarının şəffalığı” prinsipi də deyilir. Daşınmaz əmlakla bağlı əşya hüquqlarının mövcudluğu reyestrdəki qeydlər vasitəsi ilə müəyyən olunur. Eyni zamanda, əşya hüquqlarında “vicdanlılığın qorunması” prinsipi rəhbər tutulur (Mülki Məcəllənin 140,148.2,149.2-ci maddələri). Əşya hüquqlarından istifadə edilməməsi onların aradan qalxmasına səbəb olmur. Digər tərəfdən, bir şəxsin başqa bir şəxsdən müəyyən bir hərəkəti yerinə yetirməsini və ya müəyyən bir hərəkəti etməkdən çəkinməsini tələb etmək imkanını təmin edən səlahiyyətlər tələb hüququnu yaradır. Tələb hüququ, əşya hüquqlarından fərqli olaraq yalnız onları əmələ gətirən hüquq münasibətinin, daha doğrusu, onu əmələ gətirən öhdəlik münasibətinin tərəfinə qarşı irəli sürülə bilir. Tələb hüquqları hər kəsə qarşı irəli sürülə bilinmədiyindən nisbi hüquqlardır. Bununla belə, qanunla nəzərdə tutulan hallarda dövlət reyestrində qeydə alındığı təqdirdə tələb hüququ üçüncü şəxsə qarşı irəli sürülə bilər. Hüquq ədəbiyyatında belə hüquqlar təsiri gücləndirilmiş nisbi hüquqlar adlandırılır. Qanunla nəzərdə tutulmadığı hallarda isə hər hansı bir nisbi hüququn reyestrdə qeydə alınması, həm qanunvericiliyə ziddir, həm də bu cür qanunsuz qeydiyyata əsaslanaraq nisbi hüququn üçüncü şəxslərə qarşı irəli sürülməsi hüquqi baxımdan mümkünsüzdür. Bu, mülki qanunvericiliyin öhdəlik və əqdlərlə bağlı ümumi sistemindən, həm əşya hüquqlarına dair Mülki Məcəlləninin 3-cü bölməsindən, eləcə də 139.1-ci maddəsinin xüsusi müddəasından, həm də reyestr haqqında qanunvericiliyin ümumi sistematikasından irəli gəlir. Bu qeyd edilənlər icarə münasibətləri, yəni Mülki Məcəllənin 700.1-ci maddəsi nöqteyi-nəzərindən tətbiq edildikdə, icarə müqaviləsindən yaranan hüquqların tələb hüququna aid olduğu müəyyən olunur. Göründüyü kimi, icarə müqaviləsi, öhdəlik əmələ gətirən digər qarşılıqlı müqavilələrdə olduğu kimi, onun tərəfləri üçün tələb hüquqları və şəxsi öhdəliklər əmələ gətirir. İcarə müqaviləsinin predmeti əşya olsa da, icarə müqaviləsi ilə əşya barəsində “sərəncam” verilmir. Bu baxımdan, məhz icarəçinin əşyadan istifadə hüququ mahiyyət etibarilə əşya hüququ deyil, tələb hüququdur. Sərəncam hüququ isə mülkiyyətdə olan əmlakın müqəddəratının həll edilməsinin hüquqi imkanlarını nəzərdə tutur ki, bu hüquq yalnız mülkiyyətçiyə məxsusdur. İcarə müqaviləsində isə icarəyəverənin mütləq mülkiyyətçi olması ilə bağlı imperativ norma yoxdur. İcarəyə verənin mülkiyyətçi olması hüquqi zərurət deyildir. Əksinə, bu cür yanaşma, Mülki Məcəllənin məqsədlərinə (mülki dövriyyə azadlığının təmin edilməsi) və prinsiplərinə (iradə sərbəstliyi və müqavilə azadlığı), “iqtisadiyyatın bazar münasibətləri əsasında inkişafı” və “azad sahibkarlığa təminat verilməsi” ilə bağlı konstitusion göstərişlərin məqsəd və hüquqi funksiyalarına zidd olmaqla yanaşı, gündəlik həyat ehtiyaclarına da uyğun deyildir. İcarə müqaviləsi ilə icarəyə verən icarə predmetindən istifadəni icarəçiyə vermək öhdəliyi daşıyır, sonuncu isə bunun müqabilində ona əvəz ödəməyi öhdəsinə götürür. İcarə müqaviləsi isə bağlandığı andan etibarən onların bu müqavilə üzrə hüquq və öhdəlikləri yaranmış olur. Qanunvericilikdə daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə müqaviləsinin dövlət qeydiyyatına alınmasının mümkünlüyü nəzərdə tutulması isə müqavilə üzrə hüquqların və öhdəliklərin reyestrdə qeydə alındıqdan sonra yarandığı mənasına gəlmir. Belə bir qeydiyyat eyni zamanda, icarədən irəli gələn tələb hüququnu əşya hüququna çevirmir. Bu cür qeydiyyat icarə hüququnu üçüncü şəxslərə açıqladığı kimi, icarəyəgötürənin icarə müqaviləsindən irəli gələn tələb hüququnun hamıya qarşı, o cümlədən əmlak üzərində əşya hüququ əldə edən şəxslərə qarşı da irəli sürülməsinin mümkünlüyünü təmin edir. Beləliklə, icarə müqaviləsi ilə ötürülən hüquqlar əşya hüququna deyil, tələb hüququna aid olduğundan Mülki Məcəllədə icarə müqaviləsinin forma şərti ilə bağlı imperativ norma mövcud deyildir. Eyni zamanda, “İcarə haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsinə əsasən, icarə müqaviləsinin bağlanması, icrası, dəyişdirilməsi və pozulması zamanı əmələ gələn mübahisələrə məhkəmə baxır. Həmin Qanunun 15-ci maddəsinə əsasən, icarəçinin icarəyə götürülən əmlak üzərində hüququnun müdafiəsi mülkiyyətçinin hüququnun müdafiəsi ilə eyni əsasda təmin edilir. O, icarəyə götürülmüş əmlakın hər hansı qanunsuz sahiblikdən qaytarılmasını, ondan istifadə edilməsində maneələrin aradan qaldırılmasını, bütün şəxslərin, o cümlədən icarəyəverənin əmlaka vurduğu zərərin ödənilməsini tələb edə bilər. İddiaçının nümayəndəsi göstərilənlərinlərin nəzərə alınaraq iddianın təmin edilməsi, qarşılıqlı iddianın isə rədd edilməsi barədə ətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclaslarında iştirak etmiş ilkin iddia üzrə Cavabdeh nümayəndəsi Vəkil2 iddia ərizəsinə etiraz edərək qarşılıqlı iddia ərizəsini isə müdafiə edərək izahatlarında bildirdi ki, hazırkı mübahisənin yaranmasının əsas səbəbi cavabdeh tərəfindən iddiaçıdan icarə haqqı üzrə ödənişlərin həyata keçirilməsinin tələb olunması, iddiaçının həmin ödənişləri həyata keçirməkdən yayınmaq üçün əsassız olaraq müvafiq polis və prokurorluq orqanlarına şikayət etməsi olmuşdur. Qarşılıqlı iddia ərizəsində qeyd etdiyi kimi, əmlak üzərində sahiblik və istifadə hüququ onunla bağlı bağlanmış əqd notarial qaydada təsdiq edildiyi halda əmələ gəlir. Hazırkı mübahisə üzrə bağlanmış icarə müqaviləsi qanuni olmadığından həmin müqavilə ləğv edilməlidir. Həmin obyektə verilmiş elektrik enerjisinin kəsilməsinin əsas səbəbi kommunal ödənişlərin, icarə haqqının vaxtlıvaxtında ödənilməməsi olmuşdur. Bundan əlavə, iddiaçı öz rəfiqələri ilə səs-küy yaratdığına görə ərazidəki qonşular narahat olmuş, cavabdehin yaşadığı mənzilə gələrək öz etirazlarını cavabdehə bildirmişdirlər. Cavabdeh iddiaçıya bu etirazlar barədə dedikdə, tərəflər arasında mübahisə yaranmış, cavabdeh də müvafiq polis orqanına müraciət etmişdir. “Elektron məhkəmə” informasiya sistemindəki elektron kabinetə əlavə etdiyi yazışmalardan görünür ki, cavabdeh “Whatsapp” vasitəsilə iddiaçıya mesaj göndərərək icarə haqqını tələb etdiyinə görə, cavabdehə “10 il+100000” kimi təhdid xarakterli cavab mesajı göndərmişdir. Həmin qeyri-yaşayış sahəsi Cavabdeh tərəfindən tam təmirli şəkildə iddiaçıya təhvil verilmişdir. İddiaçı gözəllik salonu üçün lazım olan əşyaları öz hesabına almışdır. Hazırkı tələbləri icarə müqaviləsinin ləğv edilməsi və icarə obyektinin boşaldılmasıdır. Yəni İddiaçı aldığı əşyaları da götürərək obyekti Cavabdeh təhvil verə bilər. Həmçinin tərəflər arasında icarə obyektinə alınan əşyaların dəyərinin cavabdeh tərəfindən ödənilməsi ilə bağlı razılaşma olmamışdır. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında qərardadın fasilələrlə icra edilməsinin əsas səbəbi cavabdehin arvadı Nümayəndə da izahatlarında qeyd etdiyi kimi, obyektin 2-ci mərtəbəsində fəaliyyət göstərəcək kursda əsaslı təmir işlərinin aparılması olmuşdur. İddiaçının şikayəti əsasında icra məmuru Cavabdeh çağıraraq inzibati xəta haqqında protokol tərtib etmişdir. Lakin Abşeron Rayon Məhkəməsində Cavabdeh əməlində inzibati xətanın tərkib əlamətləri olmadığı müəyyənləşdirilmiş, inzibati xəta haqqında icraata xitam verilməsi ilə bağlı qərardad qəbul edilmişdir. Ötən məhkəmə iclasından bu günə qədər işıq və suyun verilməsində hər hansısa fasilə olmamışdır. O, hüquqşünas olaraq Cavabdeh və Nümayəndə məhkəmə qərarlarının icra edilməli olduğunu izah etmiş, lakin onlar qərəzli olaraq bu hərəkətlərə yol verilmədiyini, obyektin 2-ci mərtəbəsində gedən təmir işlərinə görə elektrik enerjisinin və suyun verilməsində qısa fasilələrin yarandığını bildirmişlər. Qarşılıqlı iddia ərizəsində qeyd etdiyi kimi, kommunal ödənişlərin həyata keçirilməsi inkar edilməmişdir, lakin natamam məbləğdə ödənilmişdir. Əgər qarşı tərəf 23 dekabr 2023-cü il tarixdən bugünədək həyata keçirdiyi kommunal ödənişləri təsdiq edən qəbzləri təqdim edərsə, bu barədə hər hansı mütəxəssis rəyinə ehtiyac qalmayacaqdır. Həmçinin həmin obyektdə bir sayğac olduğundan mütəxəssis tərəflərin aylıq nə qədər ödəniş etməli olduğunu müəyyənləşdirə bilməz. Borcun olmaması ilə bağlı sənəd təqdim edilməsi ödənişlərin məhz iddiaçı tərəfdən həyata keçirilməsi demək deyildir. Həmin ödənişlərin bir hissəsini cavabdeh özü həyata keçirmişdir. Hər iki tərəf kommunal ödənişləri təsdiq edən ödəniş qəbzləri təqdim edərsə, bu məsələ tam aydın olar. İddiaçı tərəfindən cavabdehin barəsində 23 dekabr 2023-cü il tarixdə müvafiq polis orqanına şikayət edildiyi qeyd olunur, 29 dekabr 2023-cü il tarixdə tərəflər arasında icarə müqaviləsi bağlanmışdır. Bu o deməkdir ki, iddiaçı cavabdehə həmin müqaviləni bağlaması üçün təzyiq göstərmiş, müqaviləni imzalamadığı halda cavabdehin üzərinə şər, böhtan atacağını bildirmişdir. İddiaçının təqdim etdiyi cavabdehin elektrik enerjisini kəsməsini əks etdirən görüntülərin olduğu disklə bağlı bildirir ki, bu barədə icra məmurunun tərtib etdiyi inzibati xəta haqqında protokolda da elektrik açarının hər kəsin maneəsiz şəkildə istifadə edə biləcəyi ərazidə olduğu qeyd edilmişdir. Yəni əgər cavabdeh işığı söndürürsə, iddiaçı onu yenidən yandıra bilər və ya iddiaçı özü də işığı söndürə bilər. Videogörüntülərdə məhz elektrik naqillərinin Anar tərəfindən kəsilməsi faktı sübut olunmur. Düşünür ki, hazırkı mübahisənin həlli üçün hər iki tərəfin marağına uyğun olan şərtlərlə tərəflər arasında barışıq sazişi bağlanmalıdır. İddiaçının dəymiş zərərin əvəzi kimi 15000 manat məbləğində ödənişin həyata keçirilməsi ilə bağlı tələbi absurddur. İddiaçı 3 ay müddətində həmin obyekti tərk etsə, icarə münasibətlərinə xitam verilməsi mümkündür. Cavabdehin nümayəndəsi Vəkil2 çıxışında, həmçinin qeyd etdi ki, 29 dekabr 2023-cü il tarixli müqavilənin icarəyə verənin hüquqlarının məhdudlaşdırılması ilə bağlı müddəalardan ibarət olması müqavilənin hədə-qorxu, təhdid altında bağlanmasını təsdiq edir. Həmçinin iddiaçı tərəfdən məhkəmə proseslərindən əvvəlki tarixlərə hesablanmış 2 aylıq icarə haqqının və məhkəmə proseslərindən sonrakı tarixlərə hesablanmış 2 aylıq icarə haqqının ödənilməsini təsdiq edən mötəbər sübut təqdim edilməmişdir. Həmçinin tərəflər arasında olan münasibətlər icarə münasibətlərindən xeyli kənarlaşmış, düşmənçilik münasibətlərinə çevrilmişdir. Cavabdehin nümayəndəsi göstərilənlərin nəzərə alınaraq ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclaslarında iştirak etmiş ilkin iddia üzrə cavabdehin nümayəndəsi Nümayəndə iddia ərizəsinə etiraz edərək qarşılıqlı iddia ərizəsini isə müdafiə edərək izahatlarında bildirdi ki, iddiaçının əsas məqsədi o olmuşdur ki, əri olan Cavabdehla onun nikahının pozulmasına nail olsun. Hətta Anarla nikahları pozulmuş, sonradan yenidən nikaha daxil olmuşlar. İddiaçının göndərdiyi səsli mesajları da sübut kimi məhkəməyə təqdim edə bilər. Həmin səs yazılarında iddiaçının Anara ünvanladığı “nə vaxt boşanırsan?” kimi suallar, ərini qısqandığını təsdiq edən ifadələr öz əksini tapmışdır. Həmin səs yazıları Cavabdeh tərəfindən iddiaçıya qarşı heç bir zorakılıq edilmədiyini də təsdiq edə bilər. Bir müddət əvvəl İddiaçı Cavabdeh tərəfindən döyüldüyünü və buna görə müvafiq ekspertiza keçiriləcəyini bildirmişdir. Hazırda İddiaçı zorakılığa məruz qaldığını iddia edir, lakin həmin vaxt ekspertizanın keçirilməsi üçün müvafiq orqanlara müraciət etməməsinin səbəbi ona aydın deyildir. İddiaçı məhkəməyə təqdim etdiyi videogörüntülərdə heç bir zorakılıqdan söz gedə bilməz, iddiaçı öz istəyi ilə Cavabdehla yaxın münasibət qurmuşdur. O, əri Anarla iddiaçının yaxın münasibətlərindən xəbərdar olandan sonra həmin videogörüntülər, şantajlar ortaya çıxmışdır. Bundan əlavə, bildirir ki, “Al Market”, “Diamond Lazer” gözəllik salonu və binanın 2-ci mərtəbəsi üçün ümumi olan bir sayğac və bir abonent kodu var. Hər ay icarəçilərin ödəməli olduğu kommunal ödənişlərə nəzarəti icarəyəverən olaraq onlar həyata keçirməlidir. Onlardan başqa icarəçilərin ödəməli olduğu kommunal ödənişləri heç kim müəyyənləşdirə bilməz. Buna görə də obyektlərə “контрольный” sayğaclar quraşdırılmışdır. O, iddiaçıdan borcu tələb etdikdə iddiaçı onu nalayiq ifadələr işlədərək təhqir etmişdir. Yəni iddiaçı münaqişə yaradaraq natamam şəkildə kommunal ödənişləri həyata keçirmişdir. İddiaçı ilə icarə münasibətləri yarandığı gündən etibarən həyata keçirdiyi kommunal ödənişləri təsdiq edən sənədləri, yəni ödəniş qəbzlərini saxlamamışdır. Məhkəmə, proses iştirakçılarını dinləyib, ilkin iddia ərizəsini, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni, qarşılıqlı iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən İddiaçı Cavabdeh qarşı verilmiş “icarə müqaviləsinin icra edilməsinin təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” barədə ilkin iddia tələbi qismən təmin edilməli, Cavabdeh İddiaçı qarşı “icarə müqaviləsinin ləğv edilməsi, icarə obyektinin boşaldılması və maddi zərərin əvəzinin ödənilməsi” barədə qarşılıqlı iddia ərizəsi təmin edilməməlidir. İş materialları: Məhkəmə araşdırması zamanı ilkin iddia üzrə iddiaçının nümayəndəsinin vəsatəti əsasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, İddiaçı təxminən 2 ildir ki, tanıyır, yaxın rəfiqədirlər, onunla qohumluğu yoxdur. Cavabdeh və onun arvadı Nümayəndə icarə obyektinə gələndə görmüşdür, onlarla düşmənçiliyi və ya ədavəti yoxdur. İddiaçı mübahisəli obyekti təxminən 2 il əvvəl icarəyə götürmüşdür, evinin yaxınlığında yerləşdiyi üçün obyektə tez-tez gedir. İddiaçının 2023-cü ilin dekabr, 2024-cü ilin yanvar ayları üzrə icarə haqqını Cavabdeh ödədiyinin şahidi olmuşdur. Belə ki, o, iddiaçının əlbəəl Cavabdeh pul verdiyini görmüş, lakin bunun ikiaylıq icarə haqqı olubolmadığını bilmir. 2024-cü ilin sentyabr ayının 19-dan sonra da həmin obyektdə olmuş və o obyektdə olduğu zaman işıq və su verilməsi tez-tez kəsilmişdir. İcarə münasibətləri dövründə iddiaçının cavabdehə hansısa borcu olmamışdır. Tərəflərin arasında olan şəxsi mübahisələrə görə Anar icarə obyektinin işıqlarını söndürmüş, hətta iddiaçının obyektdə işləməsinə icazə verməyəcəyini bildirmişdir. Aralarındakı mübahisənin səbəbinin konkret olaraq nə olduğu barədə məlumata malik olmasa da, o, həmin obyektə gedəndə dəfələrlə Anar, onun arvadı obyektə daxil olaraq iddiaçını təhqir etmiş, obyektə işığın, suyun verilməsini dayandırmışlar. İddiaçı isə buna cavab olaraq məhkəməyə müraciət edəcəyini bildirirdi. İcarə obyekti 2 ay olar ki, obyekt fəaliyyət göstərə bilmir, 1 ay tam olaraq fəaliyyət göstərə bilməmişdir. Digər vaxtlarda obyektə işıqların, suyun verilməsi dayandırılmış, obyektin işləməsinə maneələr yaradılmışdır. İş materiallarında olan 29 dekabr 2023-cü il tarixli icarə müqaviləsinin 1.1-ci və 1.2-ci bəndlərinə əsasən, müqavilə üzrə icərəyə verən (Cavabdeh) ona məxsus Abşeron rayonu. Xırdalan şəhəri 25-ci məhəllədə yerləşən sahəni icarəçiyə (İddiaçı) icarəyə verir, icarəçi isə icarə haqqını ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən, müqavilə 2 (iki) il müddətinə bağlanmışdır. Həmin müqavilənin 3.1.2-ci yarımbəndinə əsasən, müqavilənin qüvvədə olduğu müddətdə (istənilən uzadılma müddətləri daxil olmaqla) icarəçi heç bir fasilə və ya əngəllər olmadan sahədən istifadə hüququna malikdir. Həmin müqavilənin 3.1.4-cü yarımbəndinə əsasən, icarəçi müqavilənin 4-cü bəndində müəyyən olunmuş icarə haqqından başqa sahənin istismarı ilə bağlı elektrik enerjisi və rabitə (o cümlədən beynəlxalq rabitə) haqlarını və digər kommunal xərcləri ödəyir. Həmin müqavilənin 4.1-ci və 4.2-ci bəndlərinə əsasən, aylıq icarə haqqı 800 (səkkiz yüz) Azərbaycan manatı təşkil edir. İcarə haqqı hər aya görə cari ayın 5-dən gec olmamaq şərtilə icarəçi tərəfindən icarəyə verənə ödənilməlidir. Həmin müqavilənin 6.1.2-ci yarımbəndinə əsasən, icarəçinin bu müqavilənin şərtləri gözlənilməklə aparılan fəaliyyətinə maneçilik törətməmək icarəyə verənin vəzifələrinə daxildir. Həmin müqavilənin 6.1.3-cü yarımbəndinə əsasən, icarəyə verənin ailəsinin (xanımı, övladları və s.) 2 il ərzində icarəçini narahat etməməsi və obyektə gəlməmələri icarəyə verənin vəzifələrinə daxildir. Həmin müqavilənin 6.1.5-ci yarımbəndinə əsasən, kommunalların (işıq, qaz, su, internet) kəsilməyəcəyi icarəyə verənin vəzifələrinə daxildir. Sumqayıt Kommersiya Məhkəməsinin 06 avqust 2024-cü il tarixli e-16(119)-68/2024 nömrəli qərardadı ilə ərizəçi İddiaçı tərəfindən verilmiş müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə qismən təmin edilmiş, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin qeyri-yaşayış sahəsi kimi fəaliyyət göstərən otağına elektrik enerjisinin, suyun və internetin verilməsinin dayandırılması (kəsilməsi) maraqlı şəxs Cavabdeh qadağan edilməsi və müvəqqəti təminat tədbiri 05 sentyabr 2024-cü il tarixdə qüvvədən düşməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 03 sentyabr 2024cü il tarixli 16(105)-78/2024 nömrəli qərardadına əsasən, həmin qərardaddan cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməmiş və Sumqayıt Kommersiya Məhkəməsinin 06 avqust 2024-cü il tarixli e-16(119)-68/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru tərəfindən tərtib olunmuş 08 avqust 2024-cü il tarixli borclunun axtarışı haqqında qərarından görünür ki, yuxarıda qeyd edilən qərardad əsasında verilmiş icra sənədi üzrə borclu Cavabdeh yerinin məlum olmaması barədə məsələyə baxaraq onun barəsində axtarış elan edilmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 16 avqust 2024-cü il tarixli e-16(119)-70/2024 nömrəli qərardadı ilə Sumqayıt Kommersiya Məhkəməsinin icraatında olan iddiaçı İddiaçı Cavabdeh qarşı verilmiş “icarə müqaviləsinin icra edilməsinin təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsinə dair e-2-2(119)-1479/2024 nömrəli kommersiya işinə baxılıb iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək - müvəqqəti təminat tədbiri olaraq ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin qeyri-yaşayış sahəsi kimi fəaliyyət göstərən otağına elektrik enerjisinin, suyun və internetin verilməsinin Cavabdeh tərəfindən bərpa edilməsi, qeyd olunan obyektə elektrik enerjisinin, suyun və internetin dayandırılması (kəsilməsi) səlahiyyətli orqanların nümayəndələri istisna olmaqla başqa şəxslərə qadağan edilməsi, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin qeyri-yaşayış sahəsi kimi fəaliyyət göstərən otağına elektrik enerjisinin, suyun və internetin verilməsinin dayandırılması (kəsilməsi) (müvafiq səlahiyyətli orqanların nümayəndələri istisna olmaqla) başqa şəxslərə qadağan edilməsi, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin qeyriyaşayış sahəsi kimi fəaliyyət göstərən otağına sözügedən otağına elektrik enerjisinin, suyun və internetin verilməsinin İddiaçı tərəfindən bərpa edilməsi müvafiq səlahiyyətli orqanların məsul şəxslərinin iştiraklarının təmin edilməsi şərtilə həyata keçirilməsi,Sumqayıt Kommersiya Məhkəməsinin 06 avqust 2024-cü il tarixli, e-16(119)- 68/2024 nömrəli qərardadı ilə tətbiq olunmuş müvəqqəti təminat tədbiri qüvvədən düşməsi qərara alınmışdır. Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən tərtib edilmiş, həmin şöbənin digər icra məmuru, o cümlədən İddiaçı, mütəxəssis və hal şahidləri tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Sumqayıt Kommersiya Məhkəməsinin 16 avqust 2024-cü il tarixli e-16(119)-70/2024 nömrəli icra sənədinin icrasını təmin etmək məqsədilə icra sənədində qeyd edilən ünvanda olmuşlar. İcra sənədinin icrasını təmin etmək məqsədilə Abşeron rayonu üzrə "xxxx" ASC-nin müvafiq bölməsinə sorğu verildi və həmin müəssisəsənin nümayəndəsi tərəfindən elektrik enerjisinin onlar tərəfindən kəsilmədiyi və işığın bərpası ilə bağlı etirazlarının olmadığı bildirildi. Beləliklə, icra sənədinin icrası məqsədilə işığın və suyun verilməsi bərpa edildi. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 03 sentyabr 2024cü il tarixli 16(105)-88/2024 nömrəli qərardadı ilə cavabdehin Sumqayıt Kommersiya Məhkəməsinin 16 avqust 2024-cü il tarixli e-16(119)-70/2024 nömrəli qərardadından verilmiş şikayəti təmin edilməmiş və həmin qərardad dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Abşeron rayon İcra və Probasiya Şöbəsi tərəfindən Abşeron rayon Polis İdarəsinə ünvanlanmış 26 avqust 2024-cü il tarixli, 17/7525152/5O nömrəli məktubda ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin qeyri-yaşayış sahəsi kimi fəaliyyət göstərən otağına elektrik enerjisinin, suyun və internetin kəsilməməsi məsələsinin polis tərəfindən nəzarətdə saxlanılması xahiş edilmişdir. İş materiallarında olan Abşeron rayon Polis İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqinin 04 yanvar 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına əsasən, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh barəsində etdiyi müraciəti əsasında araşdırma aparılaraq cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 06 sentyabr 2024-cü il tarixli 3(012)-1849/2024 nömrəli qərarına əsasən, Cavabdeh barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında icraata həmin Məcəllənin 53.2-ci bəndinə əsasən xitam verilmişdir. İş materiallarında olan X2 iddiaçının nümayəndəsinə ünvanlanmış 02 sentyabr 2024cü il tarixli izahatında qeyd etmişdir ki, İddiaçı tərəfindən onun iştirakı ilə Cavabdeh xx.xx.2023-cü il tarixində, yanvar ayının icarə haqqını xx.xx.2024-cü il tarixində onun yanında nağd qaydada verilmişdir. İş materiallarında olan X3 iddiaçının nümayəndəsinə ünvanlanmış 02 sentyabr 2024-cü il tarixli izahatında o, Səkinə Zahidova ilə eyniməzmunlu izahat vermişdir. İş materiallarında olan iddiaçının və digər iki nəfər şəxsin iştirakı ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktın məzmunu ilə məyyən edilir ki, iddiaçı xx.xx.2024-cü il tarixində saat 09:00-da iş yerinə gələrkən Cavabdeh və onun həyat yoldaşı Nümayəndə tərəfindən işığın və suyun kəsildiyini görmüşdür. İcra məmurları ilə əlaqə saxlamış və onların köməyi ilə işıq və su saat 11:30-da bərpa edilmişdir. Buna baxmayaraq Nümayəndə həmin gün saat 14:40-da yenidən gələrək işığın və suyun verilməsini kəsmişdir. O, 2 saatdan sonra bərpa etdirmişdir. Bunları obyektin təhlükəsizlik kameralarının, o cümlədən şəxsi telefonu ilə çəkdiyi videogörüntülərlə sübut edilə bilər. İş materiallarında olan iddiaçının və digər iki nəfər şəxsin iştirakı ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktın məzmunu ilə məyyən edilir ki, xx.xx.2024-cü il tarixində iddiaçı və aktın tərtibində iştirak edən şəxslər icarə obyektində olarkən saat 12:00-da Cavabdeh elektrik xəttini kəsmişdir. O, usta çağıraraq 30 dəqiqə sonra işığı bərpa etdirmiş və bu barədə icra məmuruna məlumat vermişdir. Həmin gün saat 15:20-da cavabdeh yenidən işığı kəsmiş və bərpa etməyə qoymamışdır. O, yenidən usta çağıraraq saat 16:34-də işığı bərpa etdirmiş və icra məmuruna bu barədə məlumat vermişdir. Bunları video və şəkillərlə sübut edə bilər. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli və 27 avqust 2024-cü il tarixli iddiaçının və digər şəxslərin iştirakı ilə tərtib edilmiş aktlar da yuxarıda istinad edilən xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli aktlarla oxşarməzmunludur. İş materiallarında olan ilkin iddia üzrə iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş 05 oktyabr 2024-cü il tarixli, 1-89637357 nömrəli ödəniş qəbzinə əsasən 800 manat ödəniş həyata keçirilmişdir. İş materiallarında olan 22 may 2023-cü il tarixli ödəniş qəbzinə əsasən 114 manat, 03 noyabr 2023-cü il tarixli ödəniş qəbzinə əsasən isə 140 manat məbləğində iddiaçı tərəfindən Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Sumqayıt regional reklam idarəsinə ödəniş həyata keçirilmişdir. İş materiallarında olan elektrik enerjisindən istifadəyə görə sonuncu ödənişlərin xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərinə aid olduğu, abonent kodu (**********07347) Cavabdeh adına olan “Abunə haqqında məlumat”a əsasən, həmin abonent kodu üzrə elektrik enerjisindən istifadəyə görə 39,09 manat məbləğində borc vardır. Məhkəmə iclaslarında tərəflərin təqdim etdikləri və iş materiallarına əlavə edilmiş disklərin içərisindəki ekran görüntülərindən, səs yazılarından və videogörüntülərdən ibarət olan fayllara onların iştirakları ilə baxış keçirilmişdir. İddiaçının nümayəndəsinin təqdim etdiyi birinci diskdəki videogörüntülər 2024-cü ilin avqust və sentyabr aylarının müxtəlif günlərində icarə obyektinin təhlükəsizlik kameralarına düşmüş görüntülərdən və iddiaçının öz mobil telefonu vasitəsilə çəkdiyi görüntülərdən ibarətdir. İddiaçının nümayəndəsinin təqdim etdiyi digər diskdəki videogörüntülər 18 aprel 2023-cü il tarixinə aid olan icarə obyektinin təhlükəsizlik kameralarına düşmüş İddiaçı ilə Cavabdeh görüntülərindən ibarətdir. Cavabdehin nümayəndəsinin təqdim etdiyi diskdəki videogörüntülərdə icarə obyektinin özü və İddiaçı xx.xx.2024-cü il tarixindən sonrakı tarixdə (tarix cavabdehin nümayəndəsi Nümayəndə tərəfindən məhkəmə iclasında bildirildi) icarə obyektində olması əks olunur. Cavabdehin nümayəndəsinin təqdim etdiyi digər diskdəki fayllar İddiaçı ilə Cavabdeh arasındakı “Whatsapp” sosial şəbəkəsi vasitəsilə aparılmış yazışmaların ekran görüntülərindən, o cümlədən səs yazılarından ibarətdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 146.1-ci və 146.2-ci maddələrinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.1.1-ci, 158.1.2-ci və 158.1.3-cü maddələrinə əsasən, mülkiyyət hüququ ilə yanaşı, girov hüququ, əmlakdan istifadə hüququ və servitutlar da əmlak hüquqları sayılır. Həmin Məcəllənin 164.1-ci maddəsinə əsasən, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Mülki Məcəllənin 11-ci fəslinin müddəalarına əsasən, əşya istifadə hüquqlarına tikintiyə vərəsəlik hüququ, özgəsinin daşınmaz əşyasından məhdud istifadə hüququ (servitut) və uzufrukt daxildir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 394-cü maddəsinə əsasən, bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 399.1-ci və 399.2-ci maddələrinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Tərəflər müəyyənləşdirə bilərlər ki, bağladıqları müqavilənin şərtləri onların müqavilə bağlanana qədər yaranmış münasibətlərinə də tətbiq edilir. Həmin Məcəllənin 421.1-ci və 421.2-ci maddələrinə əsasən. müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 700.1-ci və 700.2-ci maddələrinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Həmin Məcəllənin 700.3-cü maddəsinə əsasən, əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 675-ci maddəsinə əsasən, əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 677.1.1-ci maddəsinə əsasən, əgər müqaviləyə uyğunsuzluğu nəticəsində əşya məhv olarsa və ya onun müqavilə üzrə müəyyənləşdirilmiş istifadəyə yararlığı azalarsa, əşyanın yararlığının itdiyi müddət üçün kirayəçi kirayə haqqını ödəməkdən azad edilir, onun yararlığının azaldığı müddət üçün isə yalnız kirayə haqqının bir hissəsini ödəməyə borclu olur. Yararlığın əhəmiyyətsiz dərəcədə azalması hesaba alınmır. Yaşayış otağının kirayəsi müqaviləsində kirayəçinin ziyanına olaraq bundan kənaraçıxmaların qüvvəsi yoxdur Həmin Məcəllənin 679-cu maddəsinə əsasən, kirayəyə verilmiş əşya ilə bağlı yüklülükləri, dövlət vergilərini və yerli vergiləri, ayrı razılaşma olmadıqda, kirayəyə verən ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə, şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarının “Nəticə” hissəsinin birinci bəndində qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsi şəxsin hüquqazidd hərəkətlər nəticəsində öldüyü və ya sağlamlığına zərər vurulduğu halda onun yaxınlarının, o cümlədən ailə üzvlərinin keçirdikləri mənəvi sarsıntı və iztiraba görə təzminat almaq hüququnu ehtiva edir. Qərarının “Nəticə” hissəsinin dördüncü bəndində göstərilir ki, məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqazidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır. Məhkəmənin mövqeyi: Yuxarıda təsvir olunanlara əsasən müəyyən edilir ki, İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) ilə Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) arasında bağlanmış xx.xx.2023-cü il tarixli icarə müqaviləsinə əsasən, cavabdehə (qarşılıqlı iddia üzrə iddiaçıya) məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllədə yerləşən qeyri-yaşayış sahəsi 2 il müddətinə iddiaçının icarəsinə verilmişdir. Tərəflərin izahatları və iş materialları ilə təsdiq edilir ki, həmin tarixdə rəsmiləşdirilmiş olsa da, tərəflərin arasındakı faktiki icarə münasibətləri 2023-cü ilin aprel ayından etibarən başlamışdır. İş materialları ilə müəyyən edilir ki, icarə müqaviləsinin qüvvədə olduğu dövrdə - 2024-cü ilin iyul ayının sonlarından başlayaraq icarəyə verən Cavabdeh tərəfindən icarə obyektinə elektrik enerjisinin, suyun və internetin verilməsi dayandırılmış, bununla əlaqədar İddiaçı müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə ilə Sumqayıt Kommersiya Məhkəməsinə müracət etmiş və məhkəmənin 06 avqust 2024-cü il tarixli e- 16(119)-68/2024 nömrəli qərardadı ilə həmin ərizə qismən təmin edilərək icarə obyektinə elektrik enerjisinin, suyun və internetin verilməsinin dayandırılması Cavabdeh qadağan edilmişdir. Daha sonra İddiaçı həmin qərardadın icrasının cavabdeh tərəfindən yerinə yetirilmədiyini qeyd edərək yenidən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə ilə məhkəməyə müraciət etmiş və Sumqayıt Kommersiya Məhkəməsinin 16 avqust 2024-cü il tarixli e-16(119)-70/2024 nömrəli qərardadı ilə elektrik enerjisinin, suyun və internetin verilməsinin Cavabdeh tərəfindən bərpa edilməsi, qeyd olunan obyektə elektrik enerjisinin, suyun və internetin verilməsinin dayandırılmasının (kəsilməsinin) (müvafiq səlahiyyətli orqanların nümayəndələri istisna olmaqla) başqa şəxslərə qadağan edilməsi, icarə obyektinə elektrik enerjisinin, suyun və internetin verilməsinin İddiaçı tərəfindən bərpa edilməsinin müvafiq səlahiyyətli orqanların məsul şəxslərinin iştiraklarının təmin edilməsi şərtilə həyata keçirilməsi qərara alınmışdır. Hər iki qərardad cavabdeh tərəfindən mübahisələndirilmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının müvafiq qərardadları ilə qeyd olunan qərardadlar qüvvədə saxlanılmışdır. Göründüyü kimi, hazırkı mübahisə məhkəmə müstəvisinə, ilkin olaraq icarə obyektinin kommunal xidmətlərlə və internetlə bağlı təchizatına icarəyə verən tərəfindən müdaxilə edilməsi ilə əlaqədar çıxmışdır. Daha sonra isə iddiaçı cavabdehə qarşı “icarə müqaviləsinin icra edilməsinin təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, cavabdeh isə iddiaçıya qarşı “icarə müqaviləsinin ləğv edilməsi, icarə obyektinin boşaldılması və maddi zərərin əvəzinin ödənilməsi” tələbi barədə qarşılıqlı iddia irəli sürmüşdür. Qarşılıqlı iddia tələbinin məzmunu və onu müdafiə edən cavabdehin nümayəndələrinin izahatları nəzərdən keçirildikdə, müəyyən edilir ki, icarə müqaviləsinin ləğv edilməli olmasına dair dəlillər aşağıdakılardan ibarətdir: 1) Mülki Məcəllənin 146.1-ci maddəsinin tələblərinə zidd olaraq notarial qaydada bağlanmaması səbəbindən icarə müqaviləsinin ləğv edilməli olması; 2) İcarə müqaviləsi üzrə İddiaçı müqavilədən irəli gələn öhdəliklərinə riayət etməməsi, yəni icarə haqlarını, kommunal ödənişləri tam ödəməməsi, o cümlədən icarə obyektində səs-küyə səbəb olmaqla ətrafdakıların narazılığına səbəb olması səbəbindən icarə müqaviləsinin ləğv edilməli olması. Birinci halla bağlı məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 406.1-ci və 406.3-cü maddələrinə əsasən, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə ... bağlana bilər. Məhkəmə Mülki Məcəllənin 406.1-ci maddəsində müəyyən edilmiş qaydadan çıxış edərək qeyd edir ki, Mülki Məcəllənin 33-cü fəslində təsbit edilmiş əmlak kirayəsi və 34-cü fəslində təsbit edilmiş icarə müqaviləsi üzrə münasibətləri tənzimləyən müddəalarında icarə müqaviləsinin notarial qaydada bağlanmalı olması barədə hər hansı tələb nəzərdə tutulmamışdır. Digər tərəfdən, Mülki Məcəllənin 394-cü maddəsində göstərilir ki, bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Göründüyü kimi, bu norması ilə mülki qanunvericilik notarial qaydada təsdiqlənməli olan müqavilələrin dairəsini daha da konkretləşdirərək bunlara aşağıdakıları aid edir: - bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilələr; - bir tərəfin daşınmaz əşyaya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilələr. Aydındır ki, hazırkı mübahisə üzrə cavabdehin əmlakı iddiaçının mülkiyyətinə verilməmişdir. Həmçinin cavabdehin əmlaka dair sair əşya hüquqları da iddiaçıya verilməmişdir. Çünki Mülki Məcəllənin 11-ci fəslinin müddəalarına əsasən, sair əşya hüquqlarına (və ya əşya istifadə hüquqlarına) tikintiyə vərəsəlik hüququ, özgəsinin daşınmaz əşyasından məhdud istifadə hüququ (servitut) və uzufrukt daxildir. Və nəhayət qarşılıqlı iddia ərizəsində istinad edilən Mülki Məcəllənin 146.1-ci maddəsinə gəldikdə, məhkəmə qeyd edir ki, həmin maddənin icarə münasibətləri çərçivəsində icarə müqaviləsinə tətbiq edilməsi yolverilməzdir. Birincisi, həmin maddənin də daxil olduğu Mülki Məcəllənin 5-ci fəslinin 2-ci paraqrafı “Əmlak hüquqlarının dövlət qeydiyyatı” və maddənin özü isə “Daşınmaz əmlaka hüququn əmələ gəlməsi” adlanır. Maddənin məzmunu isə belədir: “Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla)”. Daha sonra gələn 146.2-ci maddəsində isə qeyd edilir: “Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir”. Göründüyü kimi, Mülki Məcəllənin 146.1-ci və 146.2-ci maddələri mülkiyyət hüququnun tərkibinə daxil olan üç hüququn yaranma qaydasını və ardıcılığını tənzimləyir, belə ki, maddələrdən aydın olur ki, həmin üç elementdən ikisi - sahiblik və istifadə hüququ - əqdin notariat qaydasında təsdiq edildiyi andan, üçüncü element - sərəncam hüququ isə əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Təsadüfi deyil ki, həmin maddədən öncə gələn Mülki Məcəllənin 144-cü maddəsi daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələrin notariat qaydasında təsdiqlənməsi adlanır. Bu göstərilənlər onu deməyə əsas verir ki, qarşılıqlı iddia ərizəsində Mülki Məcəllənin 146.1-ci maddəsinə əsaslanaraq icarə müqaviləsinin notarial qaydada bağlanmalı olması barədə dəlil tamamilə əsassızdır və mülki qanunvericiliyin istinad və şərh edilən normalarına əsaslanaraq məhkəmənin gəldiyi qənaət budur ki, həmin icarə müqaviləsi sadə yazılı formada bağlanmaqla qanunvericiliyin tələbləri pozulmamışdır. Qarşılıqlı iddia ərizəsində icarə müqaviləsinin ləğv edilməli olması, həm də icarəçi İddiaçı müqavilədən irəli gələn öhdəliklərinə riayət etməməsi, yəni icarə haqlarını, kommunal ödənişləri tam ödəməməsi, o cümlədən icarə obyektində səs-küyə səbəb olmaqla ətrafdakıların narazılığına səbəb olması ilə əsaslandırılmışdır. Cavabdehin nümayəndələrinin izahatlarından aydın oldu ki, icarə haqqının ödənilmədiyinin mübahisələndirildiyi aylar 2023-cü ilin dekabr və 2024-cü ilin yanvar, o cümlədən 2024-cü ilin avqust və sentyabr aylarıdır. İddiaçı və onun nümayəndəsi izahatlarında 2023-cü ilin dekabr və 2024-cü ilin yanvar aylarının icarə haqlarının nağd formada Cavabdeh verildiyini qeyd etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 da işin bu halını təsdiq edərək ifadəsində göstərmişdir: “... İddiaçının 2023-cü ilin dekabr, 2024-cü ilin yanvar ayları üzrə icarə haqqını Cavabdeh ödədiyinin şahidi olmuşdur. Belə ki, o, iddiaçının əlbəəl Cavabdeh pul verdiyini görmüş, lakin bunun ikiaylıq icarə haqqı olub-olmadığını bilmir”. Digər tərəfdən, izahatı iş materiallarında əlavə edilmiş X5 da qeyd etmişdir ki, “... Səidə icarədar Cavabdeh dekabr ayının icarə haqqını xx.xx.2023-cü ildə, yanvar ayının icarə haqqını xx.xx.2024-cü ildə mənim yanımda nağd olaraq vermişdir”. Məhkəmə işin bu halı ilə bağlı əlavə olaraq qeyd edir ki, iş materiallarına əlavə edilmiş qəbzlərlə müəyyən edilir ki, mübahisələndirilən aylar olan 2023-cü ilin dekabr və 2024-cü ilin yanvar aylarından əvvəlki və onlardan sonrakı aylarda iddiaçı tərəfindən icarə haqları nağdsız qaydada cavabdehə ödənilmişdir və bunlar cavabdeh tərəfindən də qəbul edilən işin mübahisəsiz halıdır. Belə olduğu halda isə həmin icarə obyektində fəaliyyət göstərmək istəyən, xx.xx.2023-cü il tarixində yenicə müqavilə bağlayaraq icarə münasibətlərini rəsmiləşdirmiş və həmin vaxtadək müqavilə olmadığı halda belə aylıq icarə haqlarını ardıcıl qaydada ödəmiş (o cümlədən 2024-cü ilin yanvar ayından sonrakı ayların icarə haqlarını da ödəmiş) icarəçinin 2023-cü ilin dekabr və 2024-cü ilin yanvar ayları üzrə icarə haqqını ödəməməsi inandırıcı və ağlabatan hesab edilə bilməz. Məhkəmə bu halları, o cümlədən məhkəmə iclasında ifadə vermiş şahidin ifadəsini digər sübutlarla birlikdə qiymətləndirərək hesab edir ki, həqiqətən də həmin ayların icarə haqları nağd qaydada cavabdehə ödənilmişdir və cavabdehin həmin aylar üzrə icarə məbləğlərinin ödənilməməsi barədə dəlili tamamilə əsassızdır. Cavabdehin (qarşılıqlı iddia tələbi üzrə iddiaçının) mübahisələndirdiyi icarə haqqının ödənilmədiyi digər aylar 2024-cü ilin avqust və sentyabr aylarıdır. Yuxarıda qeyd edildiyi kimi, 2024-cü ilin iyulun ayının sonlarından başlayaraq icarəyə verən Cavabdeh icarə obyektinə verilən elektrik enerjisini, suyu və interneti kəsərək icarə obyektinin normal fəaliyyətinə müdaxilələr etmişdir və İddiaçı məhz həmin hərəkətlərin cavabdehə qadağan edilməsi barədə müvəqqəti təminat tədbirlərinin tətbiqi haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 06 avqust 2024-cü il tarixli e-16(119)-68/2024 nömrəli qərardadı ilə elektrik enerjisinin, suyun və internetin verilməsinin dayandırılması icarəyə verənə qadağan edilmiş, bu qərardad icarəyə verən tərəfindən icra edilmədiyindən məhkəməsinin 16 avqust 2024-cü il tarixli e- 16(119)-70/2024 nömrəli növbəti qərardadı ilə elektrik enerjisinin, suyun və internetin verilməsinin Cavabdeh tərəfindən bərpa edilməsi, o cümlədən İddiaçı tərəfindən bərpa edilməsinin müvafiq səlahiyyətli orqanların məsul şəxslərinin iştiraklarının təmin edilməsi şərtilə həyata keçirilməsi qərara alınmışdır. Hər iki qərardad cavabdeh tərəfindən mübahisələndirilsə də, apellyasiya instansiya məhkəməsi tərəfindən qüvvədə saxlanılmışlar. Bu o deməkdir ki, həmin məhkəmə qərardadlarının qəbul edilməsinə səbəb olmuş hallar, yəni icarəyə verənin icarə obyektinə elektrik enerjisinin, suyun və internetin verilməsini dayandırması işin mübahisəsiz hallarıdır və o, həmin dövrdə bu hərəkətləri ilə icarəçinin icarə obyektində göstərməli olduğu sahibkarlıq fəaliyyətinə mane olmaqla icarə müqaviləsinin şərtlərini pozmuşdur. Halbuki, icarə müqaviləsinin 3.1.2-ci yarımbəndinə əsasən, müqavilənin qüvvədə olduğu müddətdə (istənilən uzadılma müddətləri daxil olmaqla) icarəçi heç bir fasilə və ya əngəllər olmadan sahədən istifadə hüququna malikdir. Həmçinin həmin müqavilənin 6.1.2-ci və 6.1.5-ci yarımbəndlərinə əsasən, icarəçinin bu müqavilənin şərtləri gözlənilməklə aparılan fəaliyyətinə maneçilik törətməmək və kommunalların (işıq, qaz, su, internet) kəsilməyəcəyi icarəyə verənin vəzifələrinə daxildir. Bundan savayı, Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən xx.xx.2024-cü il tarixində tərtib edilmiş, həmin şöbənin digər icra məmuru, o cümlədən İddiaçı, mütəxəssis və hal şahidləri tərəfindən imzalanmış aktın məzmunundan görünür ki, Sumqayıt Kommersiya Məhkəməsinin 16 avqust 2024-cü il tarixli e-16(119)-70/2024 nömrəli icra sənədinin icrasını təmin etmək məqsədilə icarə obyektində işığın və suyun verilməsi bərpa edilmişdir. Eyni zamanda, iş materiallarında olan və hər biri İddiaçı və digər şəxslərin iştirakları ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, 27 avqust 2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli aktlarla müəyyən edilir ki, həmin tarixlərdə icarə obyektinə elektrik enerjisi və suyun verilməsi icarəyə verən və onun arvadı tərəfindən dayandırılmışdır. Bundan əlavə, iddiaçı tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə edilmiş, məhkəmə iclasında tərəflərin iştirakları ilə baxış keçirilmiş diskdəki videogörüntülərdə 2024-cü ilin avqust və sentyabr aylarının müxtəlif tarixlərində icarəyə verənin, bəzi hallarda isə onun arvadı Nümayəndə icarə obyektinə elektrik enerjisinin və suyun verilməsini dayandırdığı görünməkdədir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səkinə Zahidova da ifadəsində icarə obyektinin işıqlarının mütəmadi söndürüldüyünü, Cavabdeh iddiaçıya obyektdə işləməsinə icazə verməyəcəyini bildirdiyini, icarə obyektinin 2 ay olar ki, obyekt fəaliyyət göstərə bilmədiyini bildirmişdir. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 677.1.1-ci maddəsinə əsasən, əgər müqaviləyə uyğunsuzluğu nəticəsində əşya məhv olarsa və ya onun müqavilə üzrə müəyyənləşdirilmiş istifadəyə yararlığı azalarsa, əşyanın yararlığının itdiyi müddət üçün kirayəçi kirayə haqqını ödəməkdən azad edilir. Məhkəmə yuxarıda göstərilənləri - həm Sumqayıt Kommersiya Məhkəməsinin istinad edilən qərardadlarında müəyyən edilmiş halları, həm Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən təqdim edilmiş aktı, həm iddiaçının adları qeyd edilmiş digər şəxslərlə birlikdə 2024-cü ilin avqust və sentyabr aylarının müxtəlif tarixlərində tərtib edilmiş aktları, məhkəmə iclasında baxış keçirilmiş diskdəki həmin dövrə aid videogörüntüləri, şahidin ifadələri nəzərə alaraq hesab edir ki, icarəyə verən (Cavabdeh) 2024-cü ilin avqust və sentyabr aylarında müxtəlif tarixlərində icarə obyektinə elektrik enerjisinin, suyun və internetin verilməsini dayandırmış, bununla da bağladığı icarə müqaviləsinin 3.1.2-ci, 6.1.2-ci və 6.1.5-ci yarımbəndlərinin tələblərini pozaraq müqavilə öhdəliyini icra etməmişdir və belə olduğu halda Mülki Məcəllənin 677.1.1-ci maddəsinə əsasən, əşyanın müqavilə üzrə müəyyənləşdirilmiş istifadəyə yararlığı azalmış olduğundan icarəçi həmin aylar üzrə icarə haqqını ödəməməklə haqlı olmuşdur və həmin aylara görə icarə haqqının ödənilməli olması barədə cavabdehlərin nümayəndələrinin dəlili tamamilə əsassızdır. İcarə obyektinə aid kommunal ödənişlərin icarəçi tərəfindən ödənilməməsinə gəldikdə, cavabdehin nümayəndələri tərəfindən iddiaçının hansı aylar üzrə və hansı məbləğdə kommunal xidmətlərin dəyərinin onun tərəfindən ödənilməməsi və bununla əlaqədar hansı məbləğdə borcunun olmasına dair təsdiqedici sübut təqdim edilmədi. Digər tərəfdən, iş materiallarına iddiaçı tərəfindən icarə obyekti ilə bağlı elektrik enerjisi və suyun dəyərinin aylar üzrə mütəmadi ödənilməsinə dair ödəniş qəbzləri əlavə edilmişdir. Həmçinin cavabdehin nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, icarə obyektinin yerləşdiyi binada “Al Market”, “Diamond Lazer” gözəllik salonu və binanın 2-ci mərtəbəsi üçün ümumi olan bir sayğac və bir abonent kodu vardır. Hər ay icarəçilərin ödəməli olduğu kommunal ödənişlərə nəzarəti icarəyəverən olaraq onlar həyata keçirməlidir. Onlardan başqa icarəçilərin ödəməli olduğu kommunal ödənişləri heç kim müəyyənləşdirə bilməz. Buna görə də obyektlərə “контрольный” sayğaclar quraşdırılmışdır... İddiaçı ilə icarə münasibətləri yarandığı gündən etibarən həyata keçirdiyi kommunal ödənişləri təsdiq edən sənədləri, yəni ödəniş qəbzlərini saxlamamışdır”. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlər onu deməyə əsas verir ki, icarəçinin kommunal ödənişləri ödəməməsi barədə cavabdehlərin dəlilləri əsaslı hesab edilə bilməz və bu hal əsaslı hesab edilmədiyindən özü-özlüyündə icarə müqaviləsinin ləğvi üçün əsas ola bilməz. İcarəçi İddiaçı icarə obyektində səs-küyə səbəb olmaqla ətrafdakıların narazılığına səbəb olması səbəbindən icarə müqaviləsinin ləğv edilməli olması ilə bağlı dəlillə bağlı məhkəmə qeyd edir ki, qeyd edilən halın mövcudluğunu təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən həmin dəlil əsaslı hesab edilə bilməz. Qeyd edilməlidir ki, mülki məhkəmə icraatında sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. İşin bu halı ilə bağlı cavabdeh özü də qarşılıqlı iddia ərizəsində göstərmişdir ki, icarəçinin iddia edilən hərəkətləri ilə bağlı dəfələrlə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə və Abşeron Rayon Polis İdarəsinə müraciətlər etmiş, və məsələyə hüquqi qiymət verilməsi ilə bağlı cavabdehin əmlakdan çıxarılması ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. Qarşılıqlı iddia ərizəsində, həmçinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” 29 iyun 2004-cü il tarixli Azərbaycan Respublikasının Qanununun 19.1-ci maddəsinə istinad edilərək qeyd edilmişdir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsi həmin Qanunun tələblərinə uyğun olaraq dövlət qeydiyyatına alınmadığından müqavilənin hüquqi qüvvəsi yoxdur. Məhkəmə şikayət müəllifinin bu dəlili ilə də razılaşmır. İlk növbədə, qeyd edilməlidir ki, Qanunun məhz həmin maddəsinin ikinci cümləsində qeyd edilir ki, icarə və ya istifadə hüququnun dövlət qeydiyyatına alınması barədə ərizəni daşınmaz əmlakın icarə (istifadə) müqaviləsi üzrə tərəflərdən biri verə bilər, başqa sözlə qanunun istinad edilən normasının mənasına görə müqavilənin dövlət qeydiyyatına alınması üçün müraciət etmək vəzifəsi yalnız icarəyə götürənə deyil, müqavilə tərəflərinin hər ikisinə aid edilmişdir. Digər tərəfdən, o da nəzərə alınmalıdır ki, həmin qeydiyyatın əsas məqsədi icarə münasibətlərinə daxil olmuş tərəflərin dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsinə, sahibkarlıq fəaliyyətinin subyektlərinə münasibətdə isə xüsusən onların vergi və digər məcburi dövlət ödənişlərinin ödənilməsinə zəruri şərait yaratmaqdır. Tərəflər arasında bağlanmış icarə müqaviləsinin 5.1-ci bəndinə əsasən, vergilər və digər ödənişlər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada ödənilir. Mülki Məcəllənin 679-cu maddəsinə əsasən, kirayəyə verilmiş əşya ilə bağlı yüklülükləri, dövlət vergilərini və yerli vergiləri, ayrı razılaşma olmadıqda, kirayəyə verən ödəməlidir. Müqavilənin istinad edilən bəndinin və mülki qanunvericiliyin istinad edilən normalarının birgə təhlili onu göstərir ki, hazırkı müqavilə üzrə əşya ilə bağlı yüklülükləri, dövlət vergilərini və yerli vergiləri ödəmək vəzifəsi icarəyə verənin üzərinə düşür və bu vəzifənin icrası məqsədilə istinad edilən Qanunun 19.1-ci maddəsinə əsasən icarəyə verənin icarə hüququnun dövlət qeydiyyatına alınması barədə ərizəni də icarə müqaviləsini təqdim etməklə müvafiq qaydada qeydə aldırmaq imkanı vardır. Beləliklə, məhkəmə qarşılıqlı iddia ilə bağlı yuxarıda göstərilənləri ümumiləşdirərək, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, qarşılıqlı iddia ərizəsi təmin edilməməlidir. Qarşılıqlı iddia ərizəsi təmin edilmədiyindən ilkin iddia tələbinin İddiaçı və Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli icarə müqaviləsinin icra edilməsi və həmin müqaviləyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllədə yerləşən qeyriyaşayış sahəsi kimi fəaliyyət göstərən obyektə işığın, qazın, suyun, internetin bərpa edilməsi və kəsilməməsi (dayandırılmaması) öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə hissəsi təmin edilməlidir. İlkin iddia tələbinin digər hissəsi - müqavilənin cavabdeh tərəfindən icra edilməməsi nəticəsində 6236,66 manat məbləğində maddi ziyanın cavabdehdən iddiaçının xeyrinə tutulması barədədir. Bu hissə ilə bağlı məhkəmə qeyd edir ki, qarşılıqlı iddia ərizəsi təmin edilmədiyindən və bununla da müqavilə münasibətlərinin davam etdirilməsi nəzərdə tutulduğundan tələbin bu hissəsi təmin edilməməlidir. Bundan əlavə, ilkin iddia tələbinin iddiaçının hüquqlarının pozulması və iş yerini itirməsi ilə əlaqədar olaraq vurulmuş mənəvi zərərin əvəzi olaraq 4000 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsinə gəldikdə isə məhkəmə hesab edir ki, iş materialları ilə iddianın həmin hissədə əsaslılığı sübut edilmir. Məhkəmə bu nəticəyə həm hazırkı işin nəticəsi ilə yanaşı, həm də Mülki Məcəllənin şərəfin, ləyaqətin və ya işgüzar nüfuzun müdafiəsinə dair qaydaları nəzərdə tutan 23-cü maddəsində təsbit edilmiş müddəaların, o cümlədən yuxarıda istinad edilmiş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli və 24 aprel 2020-ci il tarixli Qərarlarında əks olunmuş hüquqi mövqelərin qarşılıqlı təhlili əsasında gəlir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı verilmiş “icarə müqaviləsinin icra edilməsinin təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsi qismən təmin edilməli, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli icarə müqaviləsi icra olunmalı, həmin icarə müqaviləsi üzrə icarə obyektinə elektrik enerjisinin, qazın, suyun, internetin verilməsinin bərpa edilməsi və kəsilməməsi (dayandırılmaması) öhdəliyi Cavabdeh üzərinə qoyulmalı, iddia ərizəsi qalan hissədə təmin edilməməli, habelə Cavabdeh İddiaçı qarşı “icarə müqaviləsinin ləğv edilməsi, icarə obyektinin boşaldılması və maddi zərərin əvəzinin ödənilməsi” tələbi barədə qarşılıqlı iddia ərizəsi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı Cavabdeh qarşı verilmiş “icarə müqaviləsinin icra edilməsinin təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsi qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli icarə müqaviləsi icra edilsin. Həmin icarə müqaviləsi üzrə Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllədə yerləşən qeyri-yaşayış sahəsi kimi fəaliyyət göstərən icarə obyektinə elektrik enerjisinin, qazın, suyun, internetin verilməsinin bərpa edilməsi, o cümlədən elektrik enerjisinin, qazın, suyun, internetin verilməsinin kəsilməməsi (dayandırılmaması) öhdəliyi Cavabdeh üzərinə qoyulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Cavabdeh İddiaçı qarşı “icarə müqaviləsinin ləğv edilməsi, icarə obyektinin boşaldılması və maddi zərərin əvəzinin ödənilməsi” tələbi barədə qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-1479/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1479/2024
07.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - digər - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver