Məhkəmə qərarları › İş №2-3(103)-1/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-3(103)-1/2020

12.03.2020 · Apellyasiya Məhkəməsinin birinci instansiya qismində baxdığı işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-3(103)-1/2020 12.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), X10 və X7 ibarət tərkibdə, iddiaçı Ərizəçi (bundan sonra - SİF) nümayəndəsi X9, cavabdeh ləğv prosesində olan Cavabdeh açıq səhmdar cəmiyyətinin (bundan sonra - Bank) ləğvedicisi X2 (bundan sonra - ƏSF) nümayəndəsi X6, üçüncü şəxs Azərbaycan Respublikası Mərkəzi Bankının (bundan sonra – Mərkəzi Bank) nümayəndəsi X8 iştirakı ilə hərəkətlərin qanunsuz sayılması və Banka ödənilmiş pulların SİF-ə köçürülməsi öhdəliyinin qoyulması tələbinə dair ərizə ilə bağlı inzibati işə qapalı məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Banka güzəştli kreditlər üzrə xx.xx.2018-ci il tarixədək ödənilmiş vəsaitlərin köçürülməsi haqqında SİF-in müraciətindən imtinaya dair ƏSF-in hərəkətlərinin qanunsuz və əsassız sayılması və Banka ödənilmiş əsas borc üzrə 160.000 manat vəsaitin SİF-ə köçürülməsi öhdəliyinin ƏSF-ə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Ərizənin əsaslarına görə, SİF tərəfindən iflas proseduru çərçivəsində ləğvetmədə olan Bankın ləğvedicisi ƏSF-ə xx.xx.2019-cu il tarixli SİF-09/01-3/133 nömrəli məktubla müraciət olunaraq, bankın lisenziyası ləğv olunan tarixdən xx.xx.2018-ci il tarixədək sahibkarlıq subyektləri tərəfindən SİF-in vəsaiti hesabına verilmiş güzəştli kreditlər üzrə ödənilmiş vəsaitlərin SİF-ə köçürülməsi xahiş edilmişdir. Qeyd olunan müraciətdən ƏSF-in xx.xx.2019-cu il tarixli **********327 nömrəli cavab məktubu ilə imtina edilmişdir. İmtinada SİF-in müvəkkil banklar vasitəsilə verilən kredit vəsaitlərinin ləğv prosesində olan bankların aktivi olması əsası ilə “Banklar haqqında” AR Qanununun 76 və 82-ci maddələrinə istinad olunmuşdur. İmtina qanunsuz və əsassızdır. Belə ki, “Banklar haqqında” Qanunun 82.1-ci maddəsinin tələbinə görə, müflis elan olunmuş bankların aktivləri onun kreditorları arasında bu maddədə nəzərdə tutulan növbəlik qaydasında bölüşdürülür. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli 162 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları”na, eləcə də eyni tarixli, eyni nömrəli fərmanı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu haqqında Əsasnamə”nin tələbləri əsasında sahibkarlığın, xüsusən kiçik və orta sahibkarlığın inkişafına və əhalinin işgüzarlıq fəaliyyətinin artırılmasına kömək göstərilməsi və onlara maliyyə dəstəyi verilməsi məqsədilə müvəkkil bank (banklar) vasitəsilə konkret layihələrin həyata keçirilməsi üçün bilavasitə sahibkarlara verilmiş SİF-in pul vəsaitləri bankın aktivi hesab edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli 162 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları”nın 1.3-1.4-cü bəndlərinin tələbinə görə, Fondun vəsaitlərinin sahibkarlıq subyektlərinə çatdırılması müvəkkil kredit təşkilatları vasitəsilə onların öz adından və öz riskləri hesabına həyata keçirilir. Müvəkkil kredit təşkilatları ilə Fond arasında vəsaitlərin istifadə şərtlərini nəzərdə tutan müqavilə imzalanır. Fond müvəkkil kredit təşkilatı ilə sahibkarlıq subyektləri arasında bağlanacaq müqavilədə məcburi şərtlərin olmasını tələb edə bilər. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” xx.xx.2018-ci il tarixli 224 nömrəli Fərmanı ilə “Ərizəçi vəsaitindən istifadə Qaydası” təsdiq edilmişdir. Qaydanın 1.3-cü bəndinə əsasən, güzəştli kredit sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsinə yönəldilən təyinatlı və ünvanlı vəsaitdir. Bu vəsaitlərin sahibkarlıq subyektlərinə çatdırılması müvəkkil banklar və bank olmayan kredit təşkilatları (bundan sonra – müvəkkil kredit təşkilatları) vasitəsilə onların öz adından və öz riskləri hesabına həyata keçirilir. Müvəkkil kredit təşkilatlarının Fondun kreditlərinə tətbiq etdiyi illik faiz dərəcəsi (4%-dək) istisna olmaqla, ayrılmış güzəştli kreditlər müvəkkil kredit təşkilatlarının aktivi hesab edilmir. Müvəkkil kredit təşkilatları ilə Fond arasında vəsaitdən istifadə şərtlərini nəzərdə tutan müqavilə imzalanır. Fond müvəkkil kredit təşkilatı ilə sahibkarlıq subyektləri arasında bağlanacaq müqavilədə məcburi şərtlərin olmasını tələb edə bilər. xx.xx.2018-ci il tarixli üzləşmə aktı ilə ƏSF tərəfindən təsdiq olunmuşdur ki, Bankın ləğv prosesi dövründə sahibkarlıq subyektləri tərəfindən ƏSF-ə ödənilmiş əsas borc məbləği üzrə 160.000 manat ödənilmişdir. Mərkəzi Bankın Məhkəməyə ünvanlanan xx.xx.2020-ci il tarixli 16-03394-2020 nömrəli məktubunda göstərilmişdir ki, “SİF-in ləğv prosesində olan Banka qarşı güzəştli kreditlər üzrə qaytarılmış vəsaitlərin SİF-in xəzinə hesabına ödənilməsi tələbi ilə bağlı rəyin verilməsinə dair müraciətə baxılmışdır. Bildirilir ki, “Ərizəçi vəsaitindən istifadə Qaydası” “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 31 iyul tarixli 224 nömrəli Fərmanı ilə təsdiq olunmuşdur və bu tarixdən sonra ƏSF-yə edilən ödənişlər müvafiq qaydada SİF-ə köçürülür. “Banklar haqqında” AR Qanununun 82-ci maddəsinin tələbləri və “Ərizəçi vəsaitindən istifadə Qaydası”nda müvafiq dəyişikliyin xx.xx.2018-ci il tarixində edildiyi nəzərə alınaraq, SİF-in tələbi ilə 160.000 manat vəsaitin ödənilməsi Bankın digər kreditorlarının əmlak maraqlarının pozulmasına gətirib çıxara bilər, çünki xx.xx.2018-ci il tarixinə kimi edilmiş ödənişlər “Banklar haqqında” AR Qanunu ilə müəyyən edilmiş növbəlilik əsasında aparılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən yalnız fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Odur ki, Bankın digər kreditorlarının maraqlarına ziyan vuran və ya onların vəziyyətini pisləşdirən qanunvericiliyin geriyə qüvvəsi ola bilməz.” Məhkəmə kollegiyasının iclasında SİF-in nümayəndəsi ərizəyə uyğun izahat vermiş, Mərkəzi Bankın nümayəndəsi iş üzrə rəyi müdafiə etmiş, ƏSF-in nümayəndəsi ərizənin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə kollegiyası ərizəni Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə Bank müflis elan edilmiş və Bankın iflas proseduruna başlanmış, eyni Məhkəmənin xx.xx.2016cı il tarixli qərardadı ilə ƏSF Bankın ləğvedicisi təyin olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyətinin təkmilləşdirilməsi haqqında” xx.xx.2009-cu il tarixli 162 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu haqqında Əsasnamə” təsdiq edilmiş, “Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları” təsdiq edilmişdir. Qaydaların 3.5-ci bəndinə əsasən, müvəkkil kredit təşkilatlarının Fond qarşısında öhdəliyi, onların sahibkarlıq subyektlərinə olan münasibətlərindən asılı deyildir. Sahibkarlıq subyektləri tərəfindən güzəştli kreditlər, faizlər və digər öhdəliklər üzrə ödənişlərin həyata keçirilməsindən asılı olmayaraq, müvəkkil kredit təşkilatları Fond qarşısında öz öhdəliklərini müqavilə şərtlərinə uyğun olaraq yerinə yetirməlidirlər. Qaydaların 4.1-ci bəndinə görə, müvəkkil kredit təşkilatları bu Qaydalara uyğun olaraq Fondun vəsaitlərini öz adlarından və öz riskləri hesabına yerləşdirirlər. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” xx.xx.2018-ci il tarixli 224 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu ləğv edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxs təsis edilmiş, “Ərizəçi vəsaitindən istifadə Qaydası” təsdiq edilmişdir. Fərmanla müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 7 oktyabr tarixli 162 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları”na uyğun olaraq göstərdiyi fəaliyyətdən irəli gələn hüquq və öhdəlikləri, o cümlədən güzəştli kreditlərdən istifadə şərtləri haqqında müvəkkil kredit təşkilatları ilə bağlanmış müqavilələr üzrə hüquqlar (müvafiq sənədlərin, məlumatların alınması və s.), verdiyi güzəştli kreditlərdən irəli gələn tələb hüququ, müvəkkil kredit təşkilatlarına müəyyən edilmiş limitlər üzrə vəsaitin ayrılmasına, eləcə də Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondu tərəfindən maliyyələşdirilməsi barədə qərar qəbul edilmiş sahibkarlıq subyektlərinin investisiya layihələrinə güzəştli kredit ayrılmasına dair öhdəliklər Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxsə keçir. Fərmanla “Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 7 oktyabr tarixli 162 nömrəli Fərmanının “Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu haqqında Əsasnamə”nin və “Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları”nın təsdiq edilməsi barədə 1-ci və 2-ci hissələri ləğv edilmişdir. “Ərizəçi vəsaitindən istifadə Qaydası”nın: 1.1. Bu Qayda Ərizəçi vəsaitindən istifadənin mexanizmini və şərtlərini müəyyən edir; 1.2. Fondun vəsaiti Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının prioritet istiqamətləri üzrə sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsinə yönəldilir; 1.3. Güzəştli kredit sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsinə yönəldilən təyinatlı və ünvanlı vəsaitdir. Bu vəsaitlərin sahibkarlıq subyektlərinə çatdırılması müvəkkil banklar və bank olmayan kredit təşkilatları (bundan sonra – müvəkkil kredit təşkilatları) vasitəsilə onların öz adından və öz riskləri hesabına həyata keçirilir. Müvəkkil kredit təşkilatlarının Fondun kreditlərinə tətbiq etdiyi illik faiz dərəcəsi (4%-dək) istisna olmaqla, ayrılmış güzəştli kreditlər müvəkkil kredit təşkilatlarının aktivi hesab edilmir; 3.6. Müvəkkil kredit təşkilatının lisenziyası ləğv edildikdə və bununla əlaqədar ləğvetmə proseduruna məruz qaldıqda X16 sədrinin müraciəti əsasında ləğvediciyə nəzarət edən məhkəmə orqanı Fondun vəsaiti hesabına maliyyələşdirilən kredit portfelini ləğvetməyə məruz qalmış bankdan (və ya bank olmayan kredit təşkilatından) digər müvəkkil banka (və ya bank olmayan kredit təşkilatına) keçirir. Bu zaman həmin kredit portfelinin təminatı kimi kredit təşkilatının xeyrinə ipoteka ilə yüklü edilmiş və ya girov qoyulmuş əmlak üzrə hüquqlar yeni müvəkkil kredit təşkilatına ötürülür; 8.4. Müvəkkil kredit təşkilatının lisenziyası ləğv olunduqda, eləcə də məcburi ləğv və ya iflas prosesi zamanı güzəştli kreditlərin qaytarılması bu Qaydanın 8.1-ci bəndinə uyğun olaraq, bu məqsədlə təyin olunmuş səlahiyyətli orqan tərəfindən həyata keçirilməlidir;

10. Bu Qaydanın 3.6-cı və 8.4-cü bəndləri bu Qayda təsdiq olunduğu günədək lisenziyası ləğv olunmuş, məcburi ləğv və ya iflas prosesində olan kredit təşkilatları ilə münasibətlərə də şamil edilir. «Banklar haqqında» AR Qanununun 82-ci maddəsinə görə, müflis elan olunmuş bankın aktivləri onun kreditorları arasında növbəlik qaydasında bölüşdürülür. Həmin Qanunun 87-ci maddəsinə əsasən, bu Qanunun 82-ci maddəsinə uyğun olaraq təsdiq edilmiş tələblər ödəniş növbəliyinə müvafiq surətdə təsnifləşdirilərək kateqoriyalar üzrə birləşdirilir və bölgü cədvəlinə daxil edilir. Hər kateqoriya üzrə tələblər əvvəlki növbənin tələbləri tam ödənildikdən sonra ödənilir. Növbə daxilində tələblərin ödənilməsinə vəsait çatışmadıqda ödənişlər tələblərə proporsional faizlə bölüşdürülür. Tələbləri təsdiq edilmiş və bölgü cədvəlinə daxil edilmiş bank kreditorlarına ödənişlərin aparılması qrafiki ləğvedici tərəfindən məhkəməyə təsdiq olunmaq üçün təqdim edilir. Məhkəmə tərəfindən təsdiq edilmiş ödənişlərin aparılması qrafiki qətidir və ondan şikayət verilə bilməz. Ödənişlərin aparılması qrafiki məhkəmə tərəfindən təsdiq edildikdən sonra ləğvedici dərhal həmin qrafikdə nəzərdə tutulan ödənişləri icra edir. Göstərilənləri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, SİF tərəfindən ayrılmış güzəştli kreditlər “Banklar haqqnda” Qanunun 82.1-ci maddəsinə uyğun olaraq növbəlilik qaydasında ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2017-ci il tarxli Qərarında qeyd olunmuşdur ki, “... müflis elan olunmuş bankın ləğvetmə prosedurunda bankın kreditorlarının banka qarşı tələblər irəli sürməsi və bu tələblərin icrası ... məhz “Banklar haqqında” Qanunun ... maddələrinin xüsusi tələbləri çərçivəsində həyata keçirilir.” “Banklar haqqında” Qanunda SİF-in vəsaitinin növbədənkənar qaydada ödənilməli olmasına dair müddəa təsbit edilməmiş, Qanunun 82-ci maddəsi isə müflis elan olunmuş bankın aktivlərinin onun kreditorları arasında bölüşdürülməsinin növbəlik qaydasını müəyyən edir. Hazırkı iş üzrə iddiaçı, tələb olunan pul məbləği SİF-in vəsaiti olduğundan, “Banklar haqqında” Qanunun 82-ci maddəsində qeyd olunan növbəliliyin həmin vəsaitə aid edilməsinin qanunsuz olduğunu bildirsə də, ayrılmış güzəştli kreditlərin müvəkkil kredit təşkilatlarının aktivi hesab edilməməsinə dair müddəa “Ərizəçi vəsaitindən istifadə Qaydası” ilə xx.xx.2018-ci il tarixdə qanunvericiliyə daxil edilmiş, bu vaxtadək isə həmin vəsaitin bankların aktivi hesab edilməməsinə dair qanunvericilikdə hər hansı norma nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, həmin vəsaitin bankın aktivi hesab edilibedilməməsi ilə bağlı məsələyə qiymət verilərkən hüquqi iyerarxiyada daha üstün hüquqi qüvvəyə malik olan normativ-hüquqi akt kimi “Banklar haqqında” Qanunun müddəaları rəhbər tutulmalı, Bank, SİF tərəfindən ayrılmış vəsait hesabına verilmiş kreditlərdən gəlir əldə etdiyi üçün “Banklar haqqında” Qanuna görə həmin vəsait bankın aktivi kimi qəbul edilməlidir. Mərkəzi Bank tərəfindən də iş üzrə verdiyi rəydə açıq bildirilmişdir ki, dəyişikliyin xx.xx.2018-ci il tarixdə edildiyi nəzərə alınaraq, SİF-in tələbinin təmin edilməsi digər kreditorların maraqlarının pozulmasına gətirib çıxara bilər və müştərilər tərəfindən xx.xx.2018-ci il tarixinə kimi edilmiş ödənişlər növbəlilik əsasında digər kreditorlara yönəldilmişdir. Həmçinin, “Ərizəçi vəsaitindən istifadə Qaydası”nın yekun müddəasında qeyd olunan “bu Qaydanın 3.6-cı və 8.4-cü bəndləri bu Qayda təsdiq olunduğu günədək lisenziyası ləğv olunmuş, məcburi ləğv və ya iflas prosesində olan kredit təşkilatları ilə münasibətlərə də şamil edilir.” tələbi Qaydanın təsdiq olunduğu günədək ƏSF-ə ödənilmiş vəsaitlərin SİF-ə qaytarılması üçün hüquqi əsas yaratmır. Qaydaya istinadla yalnız onun qüvvəyə mindiyi tarixdən sonrakı vəsaitlərin SİF-ə ödənilməsi tələb oluna bilər. Bu halla bağlı tərəflər arasında mübahisə yoxdur. Belə ki, Qayda qüvvəyə mindikdən sonra vəsaitlərin SİF-ə ödənilməsi təmin olunur. Bununla yanaşı, Bankın ləğv planı təsdiqlənmiş və iddiaçı həmin plana əsasən kreditor kimi tanınmışdır. Ləğv planı məhkəmə qərarı ilə təsdiqlənmişdir və qətidir. İddiaçı həmin ləğv planını ona aid hissədə mübahisələndirməmişdir. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası qeyd edir ki, iddia ilə tələb olunan pul vəsaitlərinin Bankın aktivləri olması Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli Fərmanı ilə təsdiqlənmişdir və qəbul olunduğu tarixdən sonrakı münasibətlərə şamil edilir. Həmin vaxtadək isə SİF-in tələb etdiyi məbləğ bank aktivi hesab olunduğundan “Banklar haqqnda” Qanunun 82.1-ci maddəsində təsbit edilən növbəlilik SİF-ə münasibətdə də tətbiq olunmalıdır. Belə ki, qanunvericiliklə müflis elan olunmuş bankın aktivlərinin onun kreditorları arasında növbəlik qaydasında bölüşdürülməsi və hər kateqoriya üzrə tələblərin əvvəlki növbənin tələbləri tam ödənildikdən sonra ödənilməsi imperativ qaydada tənzimlənmiş, Mərkəzi Bankın Məhkəməyə təqdim olunan rəyində də məhz bu əsasa istinad olunmuşdur. “Banklar haqqında” AR Qanununun 71.4-cü maddəsinə əsasən, ləğvedici məhkəmənin nəzarəti altında və maliyyə bazarlarına nəzarət orqanı ilə sıx qarşılıqlı əlaqə şəraitində fəaliyyət göstərir. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin iddiaçının pul vəsaitlərinin köçürülməsi ilə bağlı müraciətinin təmin edilməsindən imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası mahiyyətcə qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri). Bu mənada, inzibati işin yuxarıda qeyd olunan hallarına qanunvericiliyin tələbləri baxımından məcmu halda hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, iddia əsassız və qanunsuz olduğu üçün təmin olunmamalıdır. Göstərilənlərə əsasən və İPM-in 68, 69 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

İddiaçı Ərizəçi cavabdeh ləğv prosesində olan Cavabdeh açıq səhmdar cəmiyyətinin ləğvedicisi X1rşı Banka güzəştli kreditlər üzrə xx.xx.2018-ci il tarixədək ödənilmiş vəsaitlərin köçürülməsi haqqında müraciətdən imtinaya dair hərəkətlərin qanunsuz və əsassız sayılması və Banka ödənilmiş əsas borc üzrə 160.000 manat vəsaitin X5 köçürülməsi öhdəliyinin həvalə edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Həmid Həmidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar