Məhkəmə qərarları › İş №2-3(103)-26/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-3(103)-26/2024

09.01.2024 · Apellyasiya Məhkəməsinin birinci instansiya qismində baxdığı işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-3(103)-26/2024 09.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına qarşı iş üzrə QƏRARİ İş № 2-3(103)-26/2024 (Açar sözlər:“Seçici imzalarının toplanması üçün vaxtın uzadılması”) Bakı şəhəri 09 yanvar 2024-cü il Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifov və X1 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına qarşı seçici imzalarının toplanması üçün vaxtın uzadılması tələbinə dair inzibati mübahisəyə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. 2024-cü ıl fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində öz təşəbbüsü ilə irəli sürdüyü prezidentliyə namizədliyin qeydə alınmasına görə imza toplama kampaniyasını başa çatdırması üçün bayram günlərinə təsadüf edən 31. 12. 2023-cü ildən xx.xx.2024-cü il tarixədək olan müddətə görə əlavə müddət verilməsi barədə iddiaçı cavabdehə 05 yanvar 2024-cü il tarixli ərizə ilə (ərizə 06 yanvar 2024-cü il tarixdə qeydə alınmışdır.) müraciət etmişdir.

2. Cavabdeh tərəfindən müraciətə baxılaraq xx.xx.2024-cü il tarixli məktubla iddiaçıya cavab verilmişdir ki, Mərkəzi Seçki Komissiyasının 2023-cü il 8 dekabr tarixli 7/15 saylı Qərarı ilə növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri 2024-cü il fevralın 7-ə təyin edilmiş və 2023-cü il dekabrın 9-dan namizədliyin irəli sürülməsi prosesi başlanmışdır.Azərbaycan Respublikası Prezidenti seçkilərində namizədliyin öz təşəbbüsünüzlə irəli sürülməsinə dair müvafiq sənədləri 2023-cü il dekabrın 21-də Mərkəzi Seçki Komissiyasına təqdim etmisiniz.Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 53.1-53.6-cı maddələrində nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparmış namizədliyinizin irəli sürülməsi 2023-cü il dekabrın 26-da təsdiq edilmiş, bu barədə qərar dərc edilmiş və namziədliyınizin müdafiəsi üçün seçici imzalarının toplanması məqsədilə sizə 900 (doqquz yüz) ədəd imza vərəqəsi təqdim edilmişdir.Göstərilənlərə əsasən Mərkəzi Seçki Komissiyası tərəfindən namizədliyinizin irəli sürülməsinin təsdiq edilməsi və imza vərəqələrinin sizə təqdim olunması prosesi Seçki Məcəlləsinin tələblərinə uyğun həyata keçirilmişdir.Müraciətinizdə göstərdiyiniz xahişlə bağlı qeyd edirik kı, namizədliyin müdafiəsi məqsədilə seçici imzalarının toplanıb təqdim edilməsi müddəti Seçki Məcəlləsi ilə müəyyən edilmişdir.

İİ. Tərəflərin əsaslandırması

1. İddiaçının əsaslandırması:

Ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən 2023-cü il dekabrın 27-dən 2024-cü il yanvarın 7-nədək 40 (qırx) min seçici imzalarının toplanması üçün müəyyən olunmuş yeddi gün qeyri-iş günü olduğundan və ona imza vərəqələri gec verildiyindən imzaların toplanması üçün əlavə 7 (yeddi) gün vaxtın uzadılması barədə Qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İPM-in 52-ci maddəsinə əsasən ərizənin “iddia ərizəsi”, ərizəçinin “iddiaçı” kimi oxunması qərara alınmışdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası Konstitusiyasının 101-ci maddəsininin 1-ci hissəsini rəhbər tutaraq, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 179-cu maddəsinə uyğun olaraq “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2024-cü il fevral ayının 7-sinə təyin olunması və Azərbaycan Respublikası Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini elan etmişdir”.İddiaçı da müvafiq olaraq Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin məlum sərəncamından sonra zəruri olan sənədləri toplayaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına rəsmi qaydada təqdim etmişdir. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına 21 dekabr 2023-cü il tarixdə sənədləri rəsmi qaydada təqdim etmiş, 26 dekabrda prezidentliyə namizəd kimi təsdiq edilmişdir, 27 dekabr tarixində isə 40 (qırx) min seçici imzalarının toplanması üçün möhürlü seçki vərəqələri tərəfinə təqdim edilmişdir.Qeyd etmək istəyir ki, 2023-cü il dekabrın 27-dən 2024-cü il yanvarın 7-nədək qeyri-iş günü olduğundan müəssisələr, ali təhsil ocaqları, tibb idarələri və digər təşkilatlarda seçki təbliğatının aparılması, seçki vərəqələrinin alınması və imzaların toplanması üçün qeyri-mümkün olmuşdur.Bu səbəbdən də iddiaçı imzaların toplanması barəsində xx.xx.2024-cü il tarixində ona “Əlavə vaxtın verilməsi ilə bağlı” rəsmi qaydada Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun adına rəsmi qaydada müraciət etmişdir.Lakin Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının mühafizə polisi işçiləri iddiaçını inzibati binaya buraxmamışlar və bildirmişlər ki, binada olan telefonla əlaqə saxlaya bilər.İddiaçı da həmin vasitəylə zəng etmək istədikdə məlum olmuşdur ki, telefonlar işləmir.X4 Komissiyasının binasına daxil olmağa cəhd etdikdə mühafizə polisinin işçiləri qəti şəkildə ona xəbərdarlıq emişlər ki, içəri keçmək qadağandır. Mühafizə polis əməkdaşlarına təkrarən izah etmişdir ki, prezidentliyə namizəddir və Məzahir Pənahovun qəbuluna gəlmişdir ki, rəsmi qaydada müraciəti qeydiyyata alınsın. Mühafizə polis əməkdaşları yenidən iddiaçıya binaya girişin qadağan olduğunu qətiyyətlə bildirmişlər.Hesab edir ki, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun Azərbaycan Respublikası prezidentliyinə namizəd kimi ona qarşı etdiyi hərəkətlər qanunsuz hesab edilməlidir.

2. Cavabdehin etirazı: Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim etməmişdir.

3. Tərəflərin məhkəmə iclasında izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinin dəlillərinə istinad edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.Həmçinin, iddiaçı əlavə olaraq izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 181.1.-ci maddəsinin 40 mindən az olmayan sayda seçici imzası toplamalı olması tələbi ona şamil olunmamalıdır.Belə ki, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 181.1.-ci maddəsinə əsasən Siyasi partiya, siyasi partiyaların bloku və yaxud seçicilərin təşəbbüs qrupları prezidentliyə irəli sürdükləri namizədin müdafiəsi üçün 40 mindən az olmayan sayda seçici imzası toplamalıdırlar. 60-dan az olmayan seçki dairəsinin hər birinin ərazisindən azı 50 imza toplanmalıdır.İddiaçı isə Seçki Məcəlləsinin 181.1.-ci maddəsində nəzərdə tutulduğu kimi, Siyasi partiya, siyasi partiyaların bloku və yaxud seçicilərin təşəbbüs qruplarının prezidentliyə irəli sürdükləri namizəd deyildir.Yəni iddiaçı Azərbaycan Respublikası Prezidenti seçkilərində namizədliyini öz təşəbbüsü ilə irəli sürmüşdür. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.İzahatında həmçinin qeyd etmişdir ki, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən İddiaçı qarşı heç bir qanun pozuntusu olmamışdır. Belə ki, hər bir vətəndaş kimi İddiaçı da konstitusion hüquqlarından istifadə edərək, namizədliyini irəli sürmüşdür. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası ilkin olaraq 21 dekabr 2023-cü il tarixdə onun sənədlərini qəbul etmişdir. İddiaçı tərəfindən cavabdehə bildiriş ərizəsi, öhdəlik ərizəsi, şəxsiyyət vəsiqəsinin notariat qaydasında təsdiq olunmuş surəti, diplomunun notariat qaydasında təsdiq olunmuş surəti və 3x4 ölçüdə 2 ədəd şəkli təqdim olunmuş və müvafiq arayışla tərəflərindən qəbul olunmuşdur. 1 nüsxəsini də İddiaçı təqdim etmişlər.Cavabdeh 26 dekabr 2023-cü il tarixdə İddiaçı namizədliyini təsdiq etmişdir. Yəni, Mərkəzi Seçki Komissiyasının İddiaçı qarşı hər hansısa qərəzi, başqa məqsədi olsaydı, heç onun namizədliyini təsdiq etməzdi. Təsdiq etdikdən sonra namizəd İddiaçı 900 ədəd imza vərəqələri təqdim etmişlər. Bununla bağlı müvafiq akt tərtib olunmuşdur. Akt xx.xx.2023-cü il tarixlidir. İddiaçı həmin aktı imza etmiş, lakin heç bir əlavə qeyd verməmişdir. İddiaçı imza vərəqəsinin doldurulması ilə bağlı mərhələdə Mərkəzi Seçki Komissiyasına ərizəsi daxil olmuşdur. Ərizə onun icraatında olmuş və o araşdırmışdır. Həmin müraciətində İddiaçı xx.xx.2023-xx.xx.2024 tarixləri arasında olan bayram günlərinin imza toplanması mərhələsinə əlavə olunmasını xahiş etmişdir. Bildirmək istəyir ki, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 58.1-ci maddəsinə uyğun olaraq, tək imza vərəqəsi şərt deyil. İmza vərəqəsindən əlavə digər zəruri seçki sənədləri də (əmlak məlumatları, maliyyə mənbələri, gəlirləri barədə və.s.) təqdim olunmalıdır. Hər bir namizəd qeyd olunan sənədləri cavabdehə təqdim etməlidir. Bununla bağlı olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası 7 gün müddətində namizədin qeydə alınıbalınmaması barədə müvafiq qərar qəbul edir. Dünənə kimi yəni xx.xx.2024-cü il tarixə kimi İddiaçı həmin sənədləri Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına təqdim etməmişdir.

4. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

«İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur.

Azərbaycan Respublikasının Seçki Məcəlləsinin: 112.1-ci maddəsinə əsasən Seçicilər, namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, referendum üzrə təşviqat qrupları qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının vəkil edilmiş şəxsləri, müşahidəçilər, habelə seçki komissiyaları vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilərlər. 112.6-ci maddəsinə əsasən Seçki komissiyasının qərarı məhkəmə tərəfindən ləğv edildikdə, qərarı ləğv edilmiş seçki komissiyası məsələnin mahiyyəti üzrə yeni qərar qəbul etməlidir və ya məhkəmənin qərarı əsasında yuxarı seçki komissiyası müvafiq qərar qəbul etməlidir.Məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq cinayət məsuliyyətinə səbəb olur. 112.7-ci maddəsinə əsasən Səsvermənin nəticələri, seçkilərin yekunları barədə qərardan şikayətə baxılması, bu Məcəllənin pozulmasına aid faktlar üzrə keçirilmiş yoxlamalar bu Məcəllə ilə seçilmiş sayılan namizədin toxunulmazlığının pozulması sayılmır.Seçilmiş sayılan namizəd onun seçilməsi zamanı vətəndaşların seçki hüquqlarının pozulmasına dair verilmiş şikayətlərlə bağlı inzibati, mülki və ya cinayət işləri üzrə şahid ifadələri verməkdən imtina edə bilməz (Azərbaycan Respublikasının Mülki Prosessual və Cinayət-Prosessual Məcəllələrində göstərilən hallar istisna olmaqla). 112.8-ci maddəsinə əsasən Qeydə alınmış namizədin, referendum üzrə təşviqat qrupunun qeydiyyatının ləğv edilməsi barədə və namizədi, referendum üzrə təşviqat qrupunu qeydə almaqdan imtina edilməsi barədə işlərə və ya qeydə alınmış namizədin seçilməsinin etibarsız sayılması barədə müraciətə baxılarkən seçki komissiyası vətəndaşların və vəzifəli şəxslərin məlumatını dinləmək, zəruri sənəd və materialları tələb etmək və almaq hüququna malikdir. 112.9-ci maddəsinə əsasən Yuxarı seçki komissiyası aşağı seçki komissiyasının qərarını ləğv etmək, məsələnin mahiyyəti üzrə qərar qəbul etmək və ya məsələyə yenidən baxılması haqqında göstəriş vermək hüququna malikdir. 112.10-cu maddəsinə əsasən Seçki komissiyasına seçkilərin gedişi zamanı daxil olan hər bir şikayət üzrə qərar 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa, 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və yaxud növbəti gün isə dərhal qəbul edilir və şikayətçiyə çatdırılır. 112.11-ci maddəsinə əsasən Seçki komissiyalarının qərarlarından şikayətlərə məhkəmələr (bu Məcəllə ilə daha qısa müddət müəyyən edilməyibsə) 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa, 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra isə dərhal baxmalıdırlar. Məhkəmə qərarından yuxarı instansiya məhkəməsinə şikayət 3 gün müddətində verilə bilər. 53.1-ci maddəsinə əsasən Namizəd öz təşəbbüsü ilə və ya aktiv seçki hüququ olan seçicilər tərəfindən irəli sürülə bilər, o şərtlə ki, ərazisində namizədin dəstəklənməsi üçün zəruri olan imzaların yığıldığı və namizədin qeydə alınmasının nəzərdə tutulduğu müvafiq seçki komissiyasına bu barədə bildiriş göndərilsin. 53.2-ci maddəsinə əsasən Namizəd və ya namizədi irəli sürən seçicilərin təşəbbüs qrupu öz təşəbbüsü barədə müvafiq seçki komissiyasına yazılı bildiriş verir. Bildirişdə namizədi irəli sürən hər bir təşəbbüsçünün və namizədin soyadı, adı, atasının adı, doğum tarixi, yaşayış yerinin ünvanı, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriya və nömrəsi, bundan başqa, irəli sürülən namizədin əsas iş və ya xidmət yeri, tutduğu vəzifə (bu olmadıqda — fəaliyyət növü) göstərilməlidir. 53.3-cü maddəsinə əsasən Bu Məcəllənin 53.2-ci maddəsində göstərilən bildirişlə birlikdə namizədin seçkili dövlət və ya bələdiyyə orqanında seçkili vəzifəyə seçiləcəyi halda həmin vəzifə ilə uzlaşmayan fəaliyyətə xitam verəcəyinə dair yazılı öhdəliyi olan ərizədə göndərilir. Bu ərizədə onun tərcümeyi-halına aid məlumatlar (soyadı, adı, atasının adı, doğum tarixi, yaşayış yerinin ünvanı, təhsili, əsas iş və ya xidmət yeri (bu olmadıqda — fəaliyyət növü)) göstərilir. Namizədlərin ödənilməmiş və ya üzərindən götürülməmiş məhkumluğu olduqda, ərizədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsinin adı və nömrəsi, namizədin xarici ölkədə cinayət məsuliyyəti yaradan əməli olmuşdursa və bu haqda qanuni qüvvəyə minmiş məhkəmə hökmü çıxarılmışdırsa və bu əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan cinayət məsuliyyəti yaradırsa, xarici ölkənin müvafiq qanununun adı göstərilməlidir. Namizədin ərizəsində Azərbaycan Respublikasının vətəndaşlığı haqqında məlumatla yanaşı, xarici ölkə vətəndaşlığının və başqa ölkələr qarşısında öhdəliklərinin olub-olmaması da göstərilməlidir. 53.4-cü maddəsinə əsasən Namizəd öz ərizəsinə siyasi partiyaya mənsubiyyəti barədə təsdiq olunan sənəd əsasında məlumatları daxil edə bilər. Belə halda namizəd mənsub olduğu siyasi partiyanın 5 sözdən çox olmayan adla adlandırılmasını müvafiq seçki komissiyası ilə razılaşdırır. Ərizədə göstərilmiş siyasi partiya namizədi öz sıralarından xaric edibsə və müvafiq seçki komissiyasına bildiriş göndəribsə, həmin bildiriş alındıqdan sonra həmin namizədlə əlaqədar siyasi partiyanın adından istifadə edilə bilməz. 53.5-ci maddəsinə əsasən Müvafiq seçki komissiyası bu Məcəllənin 53.4-cü maddənin tələblərinə uyğun olaraq təqdim edilmiş sənədlərin alınması barədə namizədə, seçicilərin təşəbbüs qrupuna yazılı məlumat verməlidir. 53.6-cı maddəsinə əsasən Müvafiq seçki komissiyası təqdim edilmiş sənədlərə 5 gün müddətində baxır və namizədə, onun səlahiyyətli nümayəndəsinə namizədliyin müvafiq seçki dairələri üzrə irəli sürülməsini təsdiq edən qərarı, həmçinin seçicilərin imzalarının toplanması üçün imza vərəqələrini təqdim edir. Müvafiq seçki komissiyası təqdim olunmuş sənədlərin qəbul edilməsindən imtina edə bilməz. İmza vərəqələrini götürən namizəd və ya onun səlahiyyətli nümayəndəsi hər imza vərəqəsinin aşağı künc hissəsində imza qoyur. 58.1-ci maddəsinə əsasən irəli sürülmüş namizədlərin qeydə alınması üçün namizəd və ya siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış saat 18.00dək müvafiq seçki komissiyasına aşağıdakı seçki sənədlərini təqdim etməlidir: 58.1.1.-irəli sürülmüş namizədin müdafiəsi üçün toplanmış seçici imzaları olan imza vərəqələri; ....... 181.1.-ci maddəsinə əsasən Siyasi partiya, siyasi partiyaların bloku və yaxud seçicilərin təşəbbüs qrupları prezidentliyə irəli sürdükləri namizədin müdafiəsi üçün 40 mindən az olmayan sayda seçici imzası toplamalıdırlar. 60-dan az olmayan seçki dairəsinin hər birinin ərazisindən azı 50 imza toplanmalıdır.

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:

Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 130.1 Seçki (referendumda iştirak) hüquqlarının müdafiəsi ilə bağlı iddia ərizələri apellyasiya instansiyası məhkəmələrinə Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydada verilir. Maddə 130.2. Seçki (referendumda iştirak) hüquqlarının müdafiəsinə dair işlər üzrə daxil olmuş iddia ərizəsinə məhkəmə tərəfindən 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra daxil olmuş iddia ərizəsinə isə dərhal baxılmalı və onun mahiyyəti üzrə qərar qəbul edilməlidir. Maddə 130.3. Məhkəmə tərəfindən iddia ərizəsinə ərizəçinin, müvafiq seçki komissiyasının və ya digər maraqlı şəxslərin iştirakı ilə baxılır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş göstərilən şəxslərin məhkəməyə gəlməməsi işə baxılmasına və onun həll edilməsinə mane olmur. Maddə 130.4. İş üzrə yazılı formada tam məhkəmə qərarı onun nəticəvi hissəsinin elan olunduğu vaxtdan 24 saatdan, səsvermə gününə 30 gün qalmış və ondan sonra qəbul edilmiş qərarlar isə 18 saatdan gec olmayaraq təqdim olunmalıdır. Maddə 130.5. İş üzrə məhkəmə qərarından həmin qərarın tam formada təqdim olunduğu gündən 3 gün müddətində Ali Məhkəməyə şikayət verilə bilər. Bu şikayətə 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra daxil olmuş ərizələrə isə dərhal baxılmalıdır.

V. Məhkəmənin mövqeyi

1. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddia mümkün iddiadır.Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malikdir, hazırkı tələblə cavabdehə müraciət etmiş və müraciəti cavabdehin xx.xx.2024-cü il tarixli məktubu ilə təmin edilməmişdir.İddiaçı həmin tarixdə, yəni xx.xx.2024-cü il tarixdə hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.

2. Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, iddia əsassızdır.Belə ki, iş materiallarına əsasən hazırki işin faktiki halları aşağıda qeyd edilənlərdən ibarət olmuşdur:

3. 2024-cü ıl fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində öz təşəbbüsü ilə irəli sürdüyü prezidentliyə namizədliyin qeydə alınmasına görə imza toplama kampaniyasını başa çatdırması üçün bayram günlərinə təsadüf edən 31. 12. 2023-cü ildən xx.xx.2024-cü il tarixədək olan müddətə görə əlavə müddət verilməsi barədə iddiaçı cavabdehə 05 yanvar 2024-cü il tarixli ərizə ilə (ərizə 06 yanvar 2024-cü il tarixdə qeydə alınmışdır.) müraciət etmişdir.

4. Cavabdeh tərəfindən müraciətə baxılaraq xx.xx.2024-cü il tarixli məktubla iddiaçıya cavab verilmişdir ki, Mərkəzi Seçki Komissiyasının 2023-cü il 8 dekabr tarixli 7/15 saylı Qərarı ilə növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri 2024-cü il fevralın 7-ə təyin edilmiş və 2023-cü il dekabrın 9-dan namizədliyin irəli sürülməsi prosesi başlanmışdır.Azərbaycan Respublikası Prezidenti seçkilərində namizədliyin öz təşəbbüsünüzlə irəli sürülməsinə dair müvafiq sənədləri 2023-cü il dekabrın 21-də Mərkəzi Seçki Komissiyasına təqdim etmisiniz.Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 53.1-53.6-cı maddələrində nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparmış namizədliyinizin irəli sürülməsi 2023-cü il dekabrın 26-da təsdiq edilmiş, bu barədə qərar dərc edilmiş və namziədliyınizin müdafiəsi üçün seçici imzalarının toplanması məqsədilə sizə 900 (doqquz yüz) ədəd imza vərəqəsi təqdim edilmişdir.Göstərilənlərə əsasən Mərkəzi Seçki Komissiyası tərəfindən namizədliyinizin irəli sürülməsinin təsdiq edilməsi və imza vərəqələrinin sizə təqdim olunması prosesi Seçki Məcəlləsinin tələblərinə uyğun həyata keçirilmişdir.Müraciətinizdə göstərdiyiniz xahişlə bağlı qeyd edirik kı, namizədliyin müdafiəsi məqsədilə seçici imzalarının toplanıb təqdim edilməsi müddəti Seçki Məcəlləsi ilə müəyyən edilmişdir.

5. İddiaçı cavabdehin hərəkətlərini mübahisələndirərək iddia edir ki, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına 21 dekabr 2023-cü il tarixdə sənədləri rəsmi qaydada təqdim etmiş, 26 dekabr 2023-cü il tarixdə prezidentliyə namizəd kimi təsdiq edilmişdir, 27 dekabr 2023-cü il tarixində isə 40 (qırx) min seçici imzalarının toplanması üçün möhürlü seçki vərəqələri tərəfinə təqdim edilmişdir.Qeyd etmək istəyir ki, 2023-cü il dekabrın 27-dən 2024-cü il yanvarın 7nədək qeyri-iş günü olduğundan müəssisələr, ali təhsil ocaqları, tibb idarələri və digər təşkilatlarda seçki təbliğatının aparılması, seçki vərəqələrinin alınması və imzaların toplanması üçün qeyri-mümkün olmuşdur.Bu səbəbdən də iddiaçı imzaların toplanması barəsində xx.xx.2024-cü il tarixində ona “Əlavə vaxtın verilməsi ilə bağlı” rəsmi qaydada Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahova müraciət etmişdir.

6. Həmçinin, iddiaçı iddia edir ki, hazırkı tələbi ilə bağlı rəsmi qaydada Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahova müraciət etsə də, lakin Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının mühafizə polisi işçiləri iddiaçını inzibati binaya buraxmamışlar və bildirmişlər ki, binada olan telefonla əlaqə saxlaya bilər.İddiaçı da həmin vasitəylə zəng etmək istədikdə məlum olmuşdur ki, telefonlar işləmir.X4 Komissiyasının binasına daxil olmağa cəhd etdikdə mühafizə polisinin işçiləri qəti şəkildə ona xəbərdarlıq emişlər ki, içəri keçmək qadağandır. Mühafizə polis əməkdaşlarına təkrarən izah etmişdir ki, prezidentliyə namizəddir və Məzahir Pənahovun qəbuluna gəlmişdir ki, rəsmi qaydada müraciəti qeydiyyata alınsın. Mühafizə polis əməkdaşları yenidən iddiaçıya binaya girişin qadağan olduğunu qətiyyətlə bildirmişlər.Hesab edir ki, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun Azərbaycan Respublikası prezidentliyinə namizəd kimi ona qarşı etdiyi hərəkətlər qanunsuz hesab edilməlidir.

7. Beləliklə, iddiaçının cavabdehə müraciətinin və hazırkı iddia tələbinin arqumentləri ondan ibarətdir ki: 1)2023-cü il dekabrın 27-dən 2024-cü il yanvarın 7-nədək 40 (qırx) min seçici imzalarının toplanması üçün müəyyən olunmuş yeddi gün qeyri-iş günü olduğundan 2)İddiaçıya imza vərəqələri gec verildiyindən imzaların toplanması üçün əlavə 7 (yeddi) gün vaxt uzadılmalıdır.

8. İddiaçının cavabdehə müraciətinin və hazırkı iddia tələbinin 2023-cü il dekabrın 27-dən 2024-cü il yanvarın 7-nədək 40 (qırx) min seçici imzalarının toplanması üçün müəyyən olunmuş yeddi gün qeyri-iş günü olduğundan əlavə 7 (yeddi) gün vaxt uzadılmalı olmasına dair dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, namizədliyin müdafiəsi məqsədilə seçici imzalarının toplanıb təqdim edilməsi müddəti Azərbaycan Respublikası Seçki Məcəlləsi ilə müəyyən edilmişdir.

9. Belə ki, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 58.1-ci və 58.1.1-ci maddəsinə əsasən irəli sürülmüş namizədlərin qeydə alınması üçün namizəd və ya siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış saat 18.00-dək müvafiq seçki komissiyasına irəli sürülmüş namizədin müdafiəsi üçün toplanmış seçici imzaları olan imza vərəqələrini təqdim etməlidir.

10. Göründüyü kimi, Azərbaycan Respublikası Seçki Məcəlləsində irəli sürülmüş namizədin müdafiəsi üçün seçici imzalarının toplanması ilə bağlı qeyri-iş günü əvəzində müddətin əlavə uzadılması, yaxud dayandırılması nəzərdə tutulmamışdır.

11. İddia tələbinin iddiaçıya imza vərəqələri gec verildiyindən imzaların toplanması üçün əlavə 7 (yeddi) gün vaxt uzadılmalıdır dair dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, Mərkəzi Seçki Komissiyasının 2023-cü il 8 dekabr tarixli 7/15 saylı Qərarı ilə növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri 2024-cü il fevralın 7-ə təyin edilmiş və 2023-cü il dekabrın 9-dan namizədliyin irəli sürülməsi prosesi başlanmışdır.

12. İddiaçı isə Azərbaycan Respublikası Prezidenti seçkilərində namizədliyini öz təşəbbüsü ilə irəli sürülməsinə dair müvafiq sənədləri 12 gün sonra, yəni 2023-cü il dekabrın 21-də Mərkəzi Seçki Komissiyasına təqdim etmişdir.Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 53.1-53.6-cı maddələrində nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparmış namizədliyin irəli sürülməsi 2023-cü il dekabrın 26-da təsdiq edilmiş və iddiaçının namziədliyinin müdafiəsi üçün seçici imzalarının toplanması məqsədilə iddiaçıya 900 (doqquz yüz) ədəd imza vərəqəsi təqdim edilmişdir.

13. Yuxarıda qeyd edilənlər məhkəmə iclas zalında cavabdehin nümayəndəsi X3 tərəfindən təqdim olunmuş xx.xx.2023-cü il tarixli arayış, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 12/44 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı, xx.xx.2023-cü il tarixli akt və İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubla da təsdiq olunur.

14. Məhkəmə onu da qeyd edir ki, Mərkəzi Seçki Komissiyası iddiaçının namizədliyinin irəli sürülməsinin təsdiq edilməsi və namziədliyinin müdafiəsi üçün seçici imzalarının toplanması məqsədilə iddiaçıya 900 (doqquz yüz) ədəd imza vərəqəsi təqdim edilməsi zamanı Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələblərinə əməl etmişdir.

15. Belə ki, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 53.6-cı maddəsinə əsasən Müvafiq seçki komissiyası təqdim edilmiş sənədlərə 5 gün müddətində baxır və namizədə, onun səlahiyyətli nümayəndəsinə namizədliyin müvafiq seçki dairələri üzrə irəli sürülməsini təsdiq edən qərarı, həmçinin seçicilərin imzalarının toplanması üçün imza vərəqələrini təqdim edir. Müvafiq seçki komissiyası təqdim olunmuş sənədlərin qəbul edilməsindən imtina edə bilməz. İmza vərəqələrini götürən namizəd və ya onun səlahiyyətli nümayəndəsi hər imza vərəqəsinin aşağı künc hissəsində imza qoyur.

16. İddia ərizəsinin iddiaçının rəsmi qaydada müraciətinin qeydiyyata alınması ilə bağlı cavabdehin Mühafizə polis əməkdaşlarının iddiaçıya binaya girişin qadağan olduğunu qətiyyətlə bildirməsi və bununla da Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun Azərbaycan Respublikası prezidentliyinə namizəd kimi ona qarşı etdiyi hərəkətlər qanunsuz qiymətləndirilməsi ilə bağlı dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, əvvəla iddiaçının cavabdehə 05 yanvar 2024-cü il tarixli ərizəsi 06 yanvar 2024-cü il tarixdə qeydə alınmışdır və cavabdeh tərəfindən müraciətə baxılaraq xx.xx.2024-cü il tarixli məktubla iddiaçıya yuxarıda qeyd edilən cavab verilmişdir.

17. Daha sonra məhkəmə qeyd edir ki, iddiaçının rəsmi qaydada müraciətinin qeydiyyata alınması ilə bağlı cavabdehin Mühafizə əməkdaşlarının iddiaçıya binaya girişin qadağan olduğunu qətiyyətlə bildirməsi və bununla da Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun Azərbaycan Respublikası prezidentliyinə namizəd kimi ona qarşı qanunsuz hərəkətlər etdiyi iş materialları ilə təsdiqini tapmır.

18. İş materiallarına əlavə olunmuş və tərəflərin iştirakı ilə məhkəmə iclasında tədqiq edilmiş 10 dəqiqə 21 saniyəlik CD diskdən isə görünür ki, KİV nümayəndələrinə müsahibə verən iddiaçı bildirir ki, vaxtın uzadılması ilə bağlı müraciətini cavabdehə təqdim etmək üçün Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının inzibati binasına yaxınlaşır.Həmin CD diskdən isə görünür ki, iddiaçı Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının inzibati binasının girişinə çatmadan görüntü və səs yazıları bitir.

19. Beləliklə, iddiaçının vaxtın uzadılması ilə bağlı müraciətini cavabdehə təqdim etmək üçün Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının inzibati binasına girişinə müdaxilə olunması ilə bağlı dəlilləri də öz təsdiqini tapmamışdır.Bundan başqa “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 29.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyində başqa qayda nəzərdə tutulmamışdırsa, ərizə maraqlı şəxs tərəfindən həmin ərizədə qaldırılmış məsələ ilə əlaqədar inzibati akt qəbul etmək səlahiyyətinə malik olan müvafiq inzibati orqana şəxsən təqdim olunur və ya poçt rabitəsi vasitəsilə, yaxud elektron üsulla göndərilir.

20. İddia ərizəsində qeyd edilməsə də, məhkəmə iclası zamanı iddiaçı izahatında həmçinin, bildirmişdir ki, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 181.1.-ci maddəsinin 40 mindən az olmayan sayda seçici imzası toplamalı olması tələbi ona şamil olunmamalıdır.

21. Belə ki, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 181.1.-ci maddəsinə əsasən Siyasi partiya, siyasi partiyaların bloku və yaxud seçicilərin təşəbbüs qrupları prezidentliyə irəli sürdükləri namizədin müdafiəsi üçün 40 mindən az olmayan sayda seçici imzası toplamalıdırlar. 60-dan az olmayan seçki dairəsinin hər birinin ərazisindən azı 50 imza toplanmalıdır.

22. İddiaçı bildirir ki, o, Seçki Məcəlləsinin 181.1.-ci maddəsində nəzərdə tutulduğu kimi, Siyasi partiya, siyasi partiyaların bloku və yaxud seçicilərin təşəbbüs qruplarının prezidentliyə irəli sürdükləri namizəd deyildir.Yəni iddiaçı Azərbaycan Respublikası Prezidenti seçkilərində namizədliyini öz təşəbbüsü ilə irəli sürmüşdür.

23. İddiaçının göstərilən dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 53.1-ci maddəsinə əsasən Namizəd öz təşəbbüsü ilə və ya aktiv seçki hüququ olan seçicilər tərəfindən irəli sürülə bilər, o şərtlə ki, ərazisində namizədin dəstəklənməsi üçün zəruri olan imzaların yığıldığı və namizədin qeydə alınmasının nəzərdə tutulduğu müvafiq seçki komissiyasına bu barədə bildiriş göndərilsin.

24. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən Namizəd və ya namizədi irəli sürən seçicilərin təşəbbüs qrupu öz təşəbbüsü barədə müvafiq seçki komissiyasına yazılı bildiriş verir. Bildirişdə namizədi irəli sürən hər bir təşəbbüsçünün və namizədin soyadı, adı, atasının adı, doğum tarixi, yaşayış yerinin ünvanı, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriya və nömrəsi, bundan başqa, irəli sürülən namizədin əsas iş və ya xidmət yeri, tutduğu vəzifə (bu olmadıqda — fəaliyyət növü) göstərilməlidir.

25. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən Bu Məcəllənin 53.2-ci maddəsində göstərilən bildirişlə birlikdə namizədin seçkili dövlət və ya bələdiyyə orqanında seçkili vəzifəyə seçiləcəyi halda həmin vəzifə ilə uzlaşmayan fəaliyyətə xitam verəcəyinə dair yazılı öhdəliyi olan ərizədə göndərilir. Bu ərizədə onun tərcümeyi-halına aid məlumatlar (soyadı, adı, atasının adı, doğum tarixi, yaşayış yerinin ünvanı, təhsili, əsas iş və ya xidmət yeri (bu olmadıqda — fəaliyyət növü)) göstərilir. Namizədlərin ödənilməmiş və ya üzərindən götürülməmiş məhkumluğu olduqda, ərizədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsinin adı və nömrəsi, namizədin xarici ölkədə cinayət məsuliyyəti yaradan əməli olmuşdursa və bu haqda qanuni qüvvəyə minmiş məhkəmə hökmü çıxarılmışdırsa və bu əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan cinayət məsuliyyəti yaradırsa, xarici ölkənin müvafiq qanununun adı göstərilməlidir. Namizədin ərizəsində Azərbaycan Respublikasının vətəndaşlığı haqqında məlumatla yanaşı, xarici ölkə vətəndaşlığının və başqa ölkələr qarşısında öhdəliklərinin olub-olmaması da göstərilməlidir.

26. Həmin Məcəllənin 53.6. Müvafiq seçki komissiyası təqdim edilmiş sənədlərə 5 gün müddətində baxır və namizədə, onun səlahiyyətli nümayəndəsinə namizədliyin müvafiq seçki dairələri üzrə irəli sürülməsini təsdiq edən qərarı, həmçinin seçicilərin imzalarının toplanması üçün imza vərəqələrini təqdim edir. Müvafiq seçki komissiyası təqdim olunmuş sənədlərin qəbul edilməsindən imtina edə bilməz. İmza vərəqələrini götürən namizəd və ya onun səlahiyyətli nümayəndəsi hər imza vərəqəsinin aşağı künc hissəsində imza qoyur.

27. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hesab edir ki, iddia tələbinin dəlilləri məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmadığından, mötəbər və təkzib edilməz sübutlarla təsdiqini tapmadığından iddia təmin edilməməlidir.

28. Azərbaycan Respublikası İPM-nin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

29. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 130.1-ci-130.5-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası.

qərara aldı:

İddia təmin edilməsin. İş üzrə məhkəmə qərarından həmin qərarın tam formada təqdim olunduğu gündən 3 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar