Məhkəmə qərarları › İş №2-3(103)-58/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-3(103)-58/2024

02.09.2024 · Apellyasiya Məhkəməsinin birinci instansiya qismində baxdığı işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-3(103)-58/2024 02.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına qarşı iş üzrə QƏRAR (Açar sözlər: “qərarın ləğv edilməsi və sair”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X13 (sədrlik edən və məruzəçi), Mirzə Nəsib oğlu Tağızadə və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına qarşı “qərarın ləğv edilməsi və sair” tələbinə dair inzibati mübahisəyə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. İddiaçı Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına müraciət edərək, 31 saylı Suraxanı ikinci seçki dairəsinin Dairə Seçki Komissiyasının xx.xx.2024-cü il tarixli 20/74 saylı qərarının ləğv olunması və onun ərizəsinə təqdim etdiyi sübutlar əsasında, mahiyyəti üzrə yenidən baxılması, namizəd X10 barəsində qanunauyğun qərar verilməsini xahiş etmişdir.

2. “2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 27 avqust 2024cü il tarixli 32 saylı müraciətə baxılması barədə” Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 28 avqust 2024-cü il tarixli 34/159 nömrəli qərarı ilə 2024-cü il sentyabrın 1-nə təyin olunmuş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 31 saylı Suraxanı ikinci seçki dairəsi üzrə qeydə alınmış namizəd İddiaçı 27 avqust 2024-cü il tarixli 32 saylı müraciəti əsassız olduğundan təmin edilməmiş, həmin seçki dairəsi dairə seçki komissiyasının 26 avqust 2024-cü il tarixli 20/74 saylı qərarı qüvvədə saxlanılmışdır.

3. “2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizliklərdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədi ilə Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış ekspert qrupunun üzvü X14 Seçki Komissiyasına daxil olmuş 27 avqust 2024-cü il tarixli 32 saylı müraciət üzrə” 28 avqust 2024-cü il tarixli rəyindən görünür ki, 2024-cü il sentyabrın 1-nə təyin olunmuş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 31 saylı Suraxanı ikinci seçki dairəsi üzrə qeydə alınmış namizəd İddiaçı 27 avqust 2024-cü il tarixli 32 saylı müraciətinin əsassız olduğundan təmin edilməməsi, həmin seçki dairəsi dairə seçki komissiyasının 26 avqust 2024-cü il tarixli 20/74 saylı qərarının qüvvədə saxlanılması barədə rəy verilmişdir.

4. “2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 31 saylı Suraxanı ikinci seçki dairəsi dairə seçki komissiyasına daxil olmuş 24 avqust 2024-cü il tarixli 02 saylı müraciətə baxılması barədə” Dairə Seçki Komissiyasının 26 avqust 2024-cü il tarixli 20/74 nömrəli qərarı ilə 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə deputatlığa qeydə alınmış namizəd İddiaçı 24 avqust 2024cü il tarixli 02 saylı müraciəti əsassız olduğundan təmin edilməmişdir.

5. “2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizliklərdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədi ilə 31 saylı Suraxanı ikinci seçki dairəsi dairə seçki komissiyasının nəzdində yaradılmış ekspert qrupunun üzvü Arzu İbrahimovanın dairə seçki komissiyasına daxil olmuş 24 avqust 2024-cü il tarixli 02 saylı müraciət üzrə” 25 avqust 2024-cü il tarixli rəyindən görünür ki, deputatlığa qeydə alınmış namizəd İddiaçı 24 avqust 2024-cü il tarixli 02 saylı müraciəti əsassız hesab edilməsi barədə rəy verilmişdir. İİ. Tərəflərin əsaslandırması

1. İddiaçının əsaslandırması:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 31 saylı Suraxanı ikinci seçki dairəsi dairə seçki komissiyasının xx.xx.2024-cü il tarixli, 20/74 saylı qərarınıın ləğv edilməsi barədə verdiyi şikayət əsasında həmin qərarın qüvvədə saxlanmasına dair Mərkəzi Seçki Komissiyasının xx.xx.2024-cü il tarixli 34/159 saylı qərarının qanunsuz və əsassız olduğundan ləğv edilməsi, 31 saylı Suraxanı ikinci seçki dairəsindən namizəd X10 yol verdiyi pozuntulardan dolayı namizədliyinin ləğv edilməsi, adının seçki bülletenindən çıxarılması və ona verilmiş səslərin etibarsız hesab edilməsi, 31 saylı seçki dairəsinin səlahiyyətli şəxsləri barədə materialın toplanılması və araşdırılmanın aparılması barədə Azərbaycan Respublikasının Prokurorluğuna sənədlərin göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının elan olunmuş növbədənkənar Milli Məclisə seçkilərə 31 saylı Suraxanı ikinci seçki dairəsi üzrə deputatlığa namizədliyi qeydə alınmışdır. Seçki təbliğat-təşviqat kampaniyası namizədliyi tərəfindən irəli sürülmüş Respublikaçı Alternativ (bundan sonra REAL) Partiyasının siyasi etikasına və Azərbaycan Respublikasının Seçki Məcəlləsinin tələblərinə uyğun şəkildə aparılmışdır. Seçki kampaniyası dövründə Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi qrafikə uyğun vaxtlı-vaxtında təşviqat materialları Dairə Seçki Komissiyasına təqdim edilmişdir. Dəfələrlə iddiaçı tərəfindən şifahi şəkildə Dairə Seçki Komissiyasının üzvlərinə namizəd X4 kampaniyasına Azərbaycan Respublikasının müxtəlif strukturlarının inzibati resurslarının cəlb edilməsi barədə iradlar bildirilmişdir. Bu isə qanunvericiliyin pozulması, uyğun olmayan, qeyri-bərabər seçki şəraitinin yaradılması anlamına gəlir. Kampaniya dövründə iddiaçı tərəfindən rəqiblərinin seçki materiallarının uyğun olub-olmadığı yoxlanılan zaman rəqibi olan namizəd X2 fərdi qaydada payladığı flayerlərin uyğunsuzluğu, Seçki Məcəlləsində nəzərdə tutulmuş tələblərə uyğun olmadığı, o cümlədən seçki materialları lövhələrinə vurulmuş təşviqat materiallarının da Seçki Məcəlləsinin tələblərinə uyğun olmadığı və bunun Dairə Seçki Komissiyasının üzvlərinin gözündən yayındığı müəyyən olunmuşdur. xx.xx.2024-cü il tarixdə iddiaçı Dairə Seçki Komissiyasına rəsmi şəkildə şikayət ərizəsini təqdim etmişdir. Şikayət ərizəsinə baxılan zaman iddiaçı da dəvət olunmuş və ekspert qrupunun rəyi elan edilmişdir. Həmin rəy doğru olmamış, o cümlədən onun şikayəti araşdırılan zamanı Dairə Seçki Komissiyasının üzvlərinə vermiş olduğu açıq, birbaşa və doğru olan suallar cavablandırılmamış və ya dolayısı ilə sualının mahiyyətinə aidiyyəti olmayan cavablar verilmişdir. Dairə Seçki Komissiyası xx.xx.2024-cü il tarixli 20/74 saylı qərarında qeyd edir ki, guya Qaya Məmmədovun izahatına görə onun təqdim etdiyi təşviqat materialları qanunvericiliyə tam uyğundur. İddiaçı Qaya Məmmədovun izahatını yazılı şəkildə görməmişdir, o həmin iclasda iştirak etmiş, lakin Dairə Seçki Komissiyası üzvlərinin arqumentləri ilə razılaşmamışdır. Qərarda qeyd edilən bu fakt tamamilə absurddur. Qərarda qeyd olunur ki, namizəd Qaya Məmmədov tərəfindən təqdim olunmuş seçkiqabağı təşviqat materialları Seçki Məcəlləsinin tələblərinə uyğun hazırlanmışdır və qanunvericiliyin tələblərinə zidd hər hansı bir hal müəyyən edilməmişdir. İddiaçı təqdim etdiyi şikayət ərizəsində faktiki olaraq göstərdiyi faktı növbəti dəfə təqdim etmiş və bu dəfə onun şikayətindən sonra tələm-tələsik posterlərin yapışdırılması və hətta yapışqanın qurumadığı aşkar edilmişdir.

2. Cavabdehin etirazı: Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim etməmişdir.

3. Tərəflərin məhkəmə iclasında izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinin dəlillərinə istinad edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmçinin, iddiaçı əlavə olaraq izahatında bildirmişdir ki, o, özü 31 saylı Suraxanı ikinci seçki dairəsi üzrə namizəd olmuş, öz kampaniyasını aparmışdır. Maliyyə hesabatları verilməsi və digər işlərlə bağlı DSK-ya gedibgəlmişdir. Digər namizəd Qaya Məmmədovun inzibati resuslardan, həmçinin DSKnın özünün resuslarından ciddi surətdə yararlandığını görürdü. Daha sonra onun çap materiallarına diqqət yetirib qanunun tələblərinin pozulduğunu görmüşdür. O vaxta kimi diqqətlə baxmamışdır. Təşviqat materiallarında rekvizitlər göstərilməmişdir. Bununla bağlı DSK-ya müraciət etmiş, avqust ayının 24-ü ərizə vermş, şənbə-bazar günü iclas olmuş və artıq birinci gün yenisini çap edib gətirmişlər və ona göstərərək səhv olmadığını bildirmişlər. Lakin o, səhv olduğunu bildirmişdir. Ekspert qrupu isə bildirdi ki, Qaya Məmmədovdan ifadə alınıb, o, xəbərsiz olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 iddia tələbini qəbul etməyərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İzahatında həmçinin bildirmişdir ki, tələblər baş verən proseslərə uyğun deyil. MSKnın qərarı ilə bağlı məsələ iddiaçının özünün də iştirakı ilə qanunvericiliyə uyğun olaraq araşdırılmışdır. Seçkiqabağı təşviqat materialları DSK-ya ilk olaraq birinci nüsxəsi təqdim edilir, bundan sonra seçicilərə paylanılır. O, Qaya Məmmədovun təşviqat materiallarının çap olunduğu mətbəəyə sorğu vermişdir və cavab məktubu verilmişdir ki, rekvizitlər doğrudur. İddiaçının onlara təqdim etdiyi görüntülər, fotoşəkillər onun ikinci şikayəti ilə bağlıdır. Hazırki iş ilə bağlı heç nə təqdim edilməyib. Hazırki işlə bağlı yalnız 3 ədəd flayer təqdim edilib.

İİİ. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

«İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2-ci maddəsinə əsasən bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur.

Azərbaycan Respublikasının Seçki Məcəlləsinin: 74.1-ci maddəsinə əsasən seçkiqabağı təşviqat Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsinə uyğun aparılır. Seçkiqabağı və referendumqabağı təşviqat (bundan sonra — seçkiqabağı təşviqatın) aparmaq hüququna aşağıdakılar malikdirlər: 74.1.2. Milli Məclisə deputat seçkilərində iştirak etmək üçün qeydə alınmış namizədlər. 74.2-ci maddəsinə əsasən seçkiqabağı təşviqat aşağıdakı üsullarla aparıla bilər: 74.2.3. çap olunmuş, audiovizual və digər təşviqat materiallarının buraxılması və yayılması yolu ilə. 87.1-ci maddəsinə əsasən qeydə alınmış namizədlər, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, referendum üzrə təşviqat qrupları qanunla müəyyənləşdirilmiş qaydada çap, audiovizual və digər seçkiqabağı təşviqat materiallarını buraxmaq hüququna malikdirlər. 87.2-ci maddəsinə əsasən seçkilərin (referendumun) təyin edilməsi haqqında qərarın (sərəncamın) dərc edildiyi günədək təsisçiləri (həmtəsisçiləri) dövlət orqanları və ya bələdiyyə qurumları, təşkilatları və idarələri olan, reklam xidmətləri göstərən təşkilatlar dövlət hakimiyyəti orqanlarının, bələdiyyə qurumlarının ayırdıqları vəsait hesabına müvafiq seçki dairələri üzrə qeydə alınmış namizədlərə, siyasi partiyalara, siyasi partiyaların bloklarına, referendum üzrə təşviqat qruplarına seçkiqabağı təşviqat materiallarının yerləşdirilməsi üçün bərabər şərait yaratmalıdırlar. 87.3-cü maddəsinə əsasən seçkiqabağı çap və audiovizual təşviqat materiallarında bu materialları hazırlayan və hazırlanmasını sifariş edən təşkilatların adı, materialların tirajı və buraxılış tarixi barədə məlumat olmalıdır. 87.5-ci maddəsinə əsasən seçkiqabağı təşviqat materiallarının bu Məcəllənin 87.3-87.4-cü maddələrinin tələblərini pozmaqla yayılması qadağandır. 87.7-ci maddəsinə əsasən seçkiqabağı təşviqat materiallarının otaqlardan başqa binalarda və digər obyektlərdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə zidd yerləşdirilməsi qadağandır. 112.1-ci maddəsinə əsasən seçicilər, namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, referendum üzrə təşviqat qrupları qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının vəkil edilmiş şəxsləri, müşahidəçilər, habelə seçki komissiyaları vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilərlər. 112.2-ci maddəsinə əsasən bu Məcəllənin 112.1-ci maddəsində göstərilən şəxslər şikayəti müvafiq yuxarı seçki komissiyasına təqdim edə bilərlər. 112.3-cü maddəsinə əsasən şikayət ilkin olaraq yuxarı seçki komissiyası tərəfindən təmin edilməzsə, dairə seçki komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) Mərkəzi Seçki Komissiyasına, Mərkəzi Seçki Komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) isə bu Məcəllənin 112.1-ci maddəsində göstərilən şəxslər apellyasiya instansiyası məhkəməsin şikayət edə bilərlər. 112.7-ci maddəsinə əsasən səsvermənin nəticələri, seçkilərin yekunları barədə qərardan şikayətə baxılması, bu Məcəllənin pozulmasına aid faktlar üzrə keçirilmiş yoxlamalar bu Məcəllə ilə seçilmiş sayılan namizədin toxunulmazlığının pozulması sayılmır. Seçilmiş sayılan namizəd onun seçilməsi zamanı vətəndaşların seçki hüquqlarının pozulmasına dair verilmiş şikayətlərlə bağlı inzibati, mülki və ya cinayət işləri üzrə şahid ifadələri verməkdən imtina edə bilməz (Azərbaycan Respublikasının Mülki Prosessual və Cinayət-Prosessual Məcəllələrində göstərilən hallar istisna olmaqla). 112.11-ci maddəsinə əsasən seçki komissiyalarının qərarlarından şikayətlərə məhkəmələr (bu Məcəllə ilə daha qısa müddət müəyyən edilməyibsə) 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa, 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra isə dərhal baxmalıdırlar. Məhkəmə qərarından yuxarı instansiya məhkəməsinə şikayət 3 gün müddətində verilə bilər.

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 130.1. Seçki (referendumda iştirak) hüquqlarının müdafiəsi ilə bağlı iddia ərizələri apellyasiya instansiyası məhkəmələrinə Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydada verilir. 130.2. Seçki (referendumda iştirak) hüquqlarının müdafiəsinə dair işlər üzrə daxil olmuş iddia ərizəsinə məhkəmə tərəfindən 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra daxil olmuş iddia ərizəsinə isə dərhal baxılmalı və onun mahiyyəti üzrə qərar qəbul edilməlidir. 130.3. Məhkəmə tərəfindən iddia ərizəsinə ərizəçinin, müvafiq seçki komissiyasının və ya digər maraqlı şəxslərin iştirakı ilə baxılır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş göstərilən şəxslərin məhkəməyə gəlməməsi işə baxılmasına və onun həll edilməsinə mane olmur. 130.4. İş üzrə yazılı formada tam məhkəmə qərarı onun nəticəvi hissəsinin elan olunduğu vaxtdan 24 saatdan, səsvermə gününə 30 gün qalmış və ondan sonra qəbul edilmiş qərarlar isə 18 saatdan gec olmayaraq təqdim olunmalıdır. 130.5. İş üzrə məhkəmə qərarından həmin qərarın tam formada təqdim olunduğu gündən 3 gün müddətində Ali Məhkəməyə şikayət verilə bilər. Bu şikayətə 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra daxil olmuş ərizələrə isə dərhal baxılmalıdır.

İV. Məhkəmənin mövqeyi

1. Əvvəla məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia mümkün iddiadır. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malikdir. İş materiallarından müəyyən olunur ki, iddiaçı Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 28 avqust 2024 tarixli, 34/159 saylı qərarını xx.xx.2024-cü il tarixdə (təqdim edilmə saatı yazılmamışdır) imza edərək almışdır və xx.xx.2024-cü il tarixdə iddia ərizəsini poçt xidmətinə təqdim etmişdir. Beləliklə, hazırkı iddianın qaldırılması üçün Azərbaycan Respublikasının Seçki Məcəlləsində nəzərdə tutulmuş 3 gün müddəti ötürməmişdir.

2. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, iddia əsassızdır. Belə ki, iş materiallarına əsasən hazırki işin faktiki halları aşağıda qeyd edilənlərdən ibarət olmuşdur.

3. 2024-cü il sentyabrın 1-nə təyin olunmuş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 31 saylı Suraxanı ikinci seçki dairəsi üzrə qeydə alınmış namizəd İddiaçı 2024-cü il avqustun 27-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, həmin dairə seçki komissiyasının 26 avqust 2024-cü il tarixli 20/74 saylı qərarını mübahisələndirmiş, qərarın ləğv edilməsini və həmin seçki dairəsi üzrə digər qeydə alınmış namizədin seçkiqabağı təşviqatın aparılması zamanı qanun pozuntularına yol verdiyini iddia edərək, onun barəsində qanunauyğun tədbirlərin görülməsini xahiş etmişdir.

4. Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən ekspert qrupunun üzvü tərəfindən araşdırılmış, rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

5. Araşdırma zamanı ərizəçi ilə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmiş, onun Komissiyanın iclasında iştirakı təmin edilmişdir.

6. İddiaçı müraciətində 24 avqust 2024-cü il tarixdə 31 saylı Suraxanı ikinci seçki dairəsinin dairə seçki komissiyasına yazılı müraciət etdiyini, həmin seçki dairəsi üzrə digər qeydə alınmış namizəd X1 çap təşviqat materiallarında - flayerlərdə Seçki Məcəlləsinin 87.3-cü və 87.5-ci maddələrinin tələblərinin pozulduğunu və buna görə Məcəllənin 87.9-cu maddəsinə uyğun olaraq tədbirlər görülməsini xahiş etdiyini bildirmişdir. Dairə seçki komissiyasının 26 avqust 2024-cü il tarixli qərarı ilə müraciət təmin edilməmişdir.

7. Dairə seçki komissiyası 26 avqust 2024-cü il tarixli qərarını onunla əsaslandırmışdır ki, qeydə alınmış namizəd Q.M.Məmmədov seçki qanunvericiliyinin tələblərinə uyğun olaraq seçkiqabağı təşviqat zamanı çap olunan seçkiqabağı təşviqat materiallarının surətini (nüsxələrini) 31 saylı Suraxanı ikinci seçki dairəsinin dairə seçki komissiyasına təqdim etmişdir. Araşdırma zamanı təqdim edilmiş materiallara yenidən baxış keçirilmiş və müəyyən edilmişdir ki, təşviqat materiallarında sifarişçinin adı, materialları hazırlayan təşkilatın adı, tirajı və buraxılış tarixi barədə məlumatlar qeyd edilmişdir. Araşdırma nəticəsində seçkiqabağı təşviqat materialları hazırlanarkən qanunvericiliyin tələblərinin pozulması halı öz təsdiqini tapmamışdır.

8. Dairə seçki komissiyasının iclasında qeydə alınmış namizəd İddiaçı iştirakı təmin edilmişdir. Araşdırma ilə əlaqədar dairə seçki komissiyasından İddiaçı şikayətinin araşdırılması materialları, həmçinin dairə seçki komissiyasına rəsmi olaraq Q.M.Məmmədov tərəfindən təqdim olunmuş seçkiqabağı çap təşviqat materiallarının surətləri (nüsxələri) tələb olunaraq araşdırılmışdır.

9. Müraciətin araşdırılması ilə əlaqədar 31 saylı Suraxanı ikinci seçki dairəsi dairə seçki komissiyasının sədrindən, katiblərindən, üzvündən və dairə seçki komissiyası katibliyinin baş məsləhətçisindən izahatlar alınmışdır. 31 saylı Suraxanı ikinci seçki dairəsi dairə seçki komissiyasının sədri X9 izahatında bildirmişdir ki, 2024-cü ilin sentyabrın 1-nə təyin olunmuş Azərbyacan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 31 saylı Suraxanı ikinci seçki dairəsi üzrə qeydə alınmış deputatlığa namizəd X3 təşviqat materiallarını, o cümlədən kiçik həcmli çap təşviqat materiallarını adıçəkilən dairə seçki komisssiyasının katiblərinin, komisssiyanın nəzdində yaradılmış ekspert qrupu üzvlərinin və katibliyin baş məsləhətçisinin iştirakı ilə onun iş otağında komissiyaya təqdim etmişdir, Q.M.Məmmədovun təqdim etdiyi sözügedən seçkiqabağı çap təşviqat materiallarının nüsxələri Seçki Məcəlləsinin 87.3-cü maddəsinin tələblərinə tam cavab verir. 31 saylı Suraxanı ikinci seçki dairəsi dairə seçki komissiyasının katibi X6, 31 saylı Suraxanı ikinci seçki dairəsi dairə seçki komissiyasının katibi X11, həmin dairə seçki komissiyasının üzvü X12 və həmin dairə seçki komissiyasının katibliyinin baş məsləhətçisi X7 eyni məzmunlu izahat verərək, Q.M.Məmmədovun seçki qanunvericiliyinin tələblərinə tam uyğun olaraq çap olunmuş seçkiqabağı təşviqat materiallarının surətlərini (nüsxələrini) və digər zəruri məlumatları qanunvericiliklə müəyyən olunmuş müddətdə dairə seçki komissiyasına təqdim etdiyini təsdiq etmişlər.

10. 31 saylı Suraxanı ikinci seçki dairəsi dairə seçki komissiyasında tərtib olunmuş aktdan görünür ki, iddiaçının iştirakı ilə araşdırma aparılmış, namizəd Q.M.Məmmədov tərəfindən dairə seçki komissiyasına təqdim edilən təşviqat materiallarının sürətlərində (nüsxələrində) olan məlumatlar ona göstərilmiş və o, sifarişçinin adı, materialı hazırlayan təşkilatın adı, materialın tirajı və buraxılış tarixi barədə məlumatları əyani görərək razılaşmış, ondan bu gördüklərinə dair komissiyaya yazılı məlumat təqdim edilməsi istənilmiş, lakın o, "hüquqşünasla məsləhətləşim sonra” deyərək komissiyanın inzibati binasını tərk etmişdir.

11. Araşdırma prosesində qeydə alınmış namizəd Q.M.Məmmədovun seçkiqabağı təşviqat materiallarının çap olunduğu mətbəəyə göndərilən sorğuya cavab olaraq verilmiş 28 avqust 2024-cü il tarixli arayışda Q.M.Məmmədovun sifarişi ilə hazırlanmış seçkiqabağı çap təşviqat materiallarının üzərində müvafiq rekvizitlər (materialları sifariş edənin, hazırlayan təşkilatın adı, tirajı və buraxılış tarixi) göstərilməklə 9 avqust 2024-cü il tarixdə çap edilərək sifarişçiyə təhvil verildiyi göstərilmiş, eyni zamanda təqdim olunmuş müvafiq hesab-fakturalar əsasında həmin çap təşviqat materiallarının dəyərinin ödənildiyi müəyyən edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş 3 ədəd flayerin isə qeydə alınmış namizəd Q.M.Məmmədov tərəfindən çap etdirilərək seçkiqabağı təşviqat kampaniyasında istifadə olunması məhkəmə iclasında araşdırılmış sübutlarla öz təsdiqini tapmamışdır.

12. Qeydə alınmış namizəd Q.M.Məmmədova aid seçkiqabağı çap təşviqat materiallarının Seçki Məcəlləsinin 87.3-cü maddəsinin tələblərinə uyğun olaraq çap edildiyi 31 saylı Suraxanı ikinci seçki dairəsi dairə seçki komissiyasının və Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış ekspert qruplarının rəyləri ilə, habelə iş materiallarında olan və məhkəmə iclasında araşdırılmış digər sübutlarla öz təsdiqini tapmışdır.

13. Beləliklə, 2024-cü il sentyabrın 1-nə təyin olunmuş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 31 saylı Suraxanı ikinci seçki dairəsi üzrə qeydə alınmış namizəd İddiaçı 27 avqust 2024-cü il tarixli 32 saylı müraciətinin əsassız olduğundan təmin edilməməsi və həmin seçki dairəsi dairə seçki komissiyasının 26 avqust 2024-cü il tarixli 20/74 saylı qərarı qüvvədə saxlanılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 28 avqust 2024-cü il tarixli 34/159 nömrəli qərarı Azərbaycan Respublikasının Seçki Məcəlləsinin və «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun qəbul olunmuşdur.

14. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin dəlilləri (həm iddia ərizəsində göstərilən, həm də məhkəmə iclasında iddiaçının istinad etdiyi dəlillər) məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmadığından, mötəbər və təkzibedilməz sübutlarla təsdiqini tapmadığından iddia təmin edilməməlidir.

15. Beləliklə, məhkəmə Kollegiyası nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 28 avqust 2024 tarixli, 34/159 saylı qərarının ləğv edilməsi tələbi əsassızdır və təmin olunmamalıdır. Həmçinin, mübahisələndirilən qərarın ləğv edilməsi tələbi təmin olunmadığından həmin tələblə bağlı olduğu və ondan irəli gəldiyi üçün digər iddia tələbləri - iddiaçının 31 saylı Suraxanı ikinci seçki dairəsindən namizəd X10 yol verdiyi pozuntulardan dolayı namizədliyinin ləğv edilməsi, adının seçki bülletenindən çıxarılması və ona verilmiş səslərin etibarsız hesab edilməsi, 31 saylı seçki dairəsinin səlahiyyətli şəxsləri barədə materialın toplanılması və araşdırılmanın aparılması barədə Azərbaycan Respublikasının Prokurorluğuna sənədlərin göndərilməsinə dair qərar qəbul edilməsi tələbləri də əsassızdır və təmin olunmamalıdır.

16. Azərbaycan Respublikası İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

17. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 130.1-ci-130.5-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

İddia təmin edilməsin. İş üzrə məhkəmə qərarından həmin qərarın tam formada təqdim olunduğu gündən 3 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar