Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-3(103)-86/2024 27.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Əkbərov Kamran Hüseyn oğlu və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X2, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “kredit məbləğinin əvəzləşdirilməsi” tələbinə dair iddia ərizəsi üzrə işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı MMC cavabdeh Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMCnin "xxxx" ASC-ə olan 65.594,08 (altmış beş min beş yüz doxsan dörd manat səkkiz qəpik) manat kredit tələbi ilə "xxxx" ASC-nin İddiaçı MMC-ə qarşı 18.480,64 (on səkkiz min dörd yüz səksən manat altmış dörd qəpik) manat kredit tələbinin həmin hissədə əvəzləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (VÖEN: **********) "xxxx" ASC-nin “Neftçilər” filialından xx.xx.2023-cü il tarixində 20.000 (iyirmi min) manat vəsait kredit götürmüşdür. Həmin məbləğin 1519,36 manatı ödənilmişdir. "xxxx" ASC-nin “Neftçilər” filialına 18.480,64 manat kredit borcu qalmışdır. "xxxx" ASC “Neftçilər” filialı ilə cari hesab müqaviləsi əsasında iddiaçının hesablaşma hesabı olmuş və İddiaçı MMC-nin "xxxx" ASC “Neftçilər” filialında olan AZ98MUGA**********08205AZM30 saylı hesabında 65.594,08 manat vəsaiti olmuşdur. "xxxx" ASC-nin fəaliyyəti dayandırıldığından vəsaitindən istifadə edilməsi mümkün olmamışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-3(103)-54/2023 saylı qərarı ilə "xxxx" ASC müflis elan olunmuş və iflas proseduru başlanılmış, eyni qərarla Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir. Ləğv prosesində olan "xxxx" ASC-dən verilmiş 0006 saylı qəbzlə "xxxx" MMC-nin "xxxx" ASC-də 65.594,08 manat vəsaiti ilə bağlı kreditor tələbi qeydə alınmışdır. Belə olduğu halda “Rabitə-Telekom" MMC-nin "xxxx" ASC-də olan vəsaiti İddiaçı MMC-nin "xxxx" ASC-ə ödənilməmiş kredit məbləği ilə həmin məbləğə bərabər hissəsində əvəzləşdirilməlidir. “Banklar haqqında” Azərbaycan Respublikası qanununun 78.1-ci maddəsində göstərilir: Bu Qanunun 82-ci maddəsinin tələblərinə əməl etmək şərtilə müflis bankla onun kreditorları arasında öhdəliklərin əvəzləşdirilməsi aparıla bilər. “Banklar haqqında” Azərbaycan Respublikası qanununun 77-ci maddəsinə əsasən əvəzləşdirilmə ləğvedici tərəfindən qəbul edilərək həyata keçirilməli və ya etirazlar siyahısına daxil edilərək baxılması üçün məhkəməyə təqdim edilməlidir. Lakin ləğvediciyə dəfələrlə bu barədə məktub göndərilsə də, ləğvedici bundan qanunsuz olaraq imtina edir. Belə olduğu halda bu əvəzləşdirmə məhkəmə qərarı ilə həyata keçirilməlidir. “Banklar haqqında” Azərbaycan Respublikası qanununun 71.3-ci maddəsinə əsasən banka təyin edilmiş ləğvedici bankın yeganə qanuni nümayəndəsi olur və bank səhmdarlarının ümumi yığıncağının, habelə bankın digər idarəetmə orqanlarının səlahiyyətləri ləğvediciyə keçir. Banka qarşı bütün tələblər bankın ləğvedicisinə təqdim edilir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X4 iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddia tələbinə etiraz edərək iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iddia ərizəsini iş materialları ilə birgə araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Ləğv prosesində olan "xxxx" ASC-nin Kreditor tələblərinin qeydiyyatı barədə 0006 nömrəli xx.xx.2023-cü il tarixli qəbzinin surətindən görünür ki, İddiaçı MMC-nin Ləğv prosesində olan "xxxx" ASC qarşısında 65594.08 AZN məbləğində kreditor tələbi qeydə alınmışdır. İş materiallarında olan Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən İddiaçı MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd olunur: "xxxx" MMC-nin hesablarında qalmış vəsaitin mövcud kredit borcu ilə əvəzləşdirilməsinə dair müraciətinizə Əmanətlərin Sığortalanması Fondunda baxılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-3(103)-54/2023 nömrəli qərarı ilə "xxxx" ASC müflis elan edilmiş və iflas proseduruna başlanılmış, eyni qərarla Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən hüquqi şəxslərin hesablarında qalmış vəsaitlər qorunan əmanətlərə aid edilmədiyi üçün həmin vəsaitlər “Banklar haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq kreditor tələbi kimi qeydə alınır. Bildiririk ki, "xxxx" MMC-nin qeydə alınmış kreditor tələbinin ödənilməsi “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsində göstərilmiş növbəlilik qaydasında həyata keçiriləcəkdir. Həmin Qanunun 78 və 82-ci maddələrinin tələblərinə əməl etmək şərtilə müflis bankla onun kreditorları arasında öhdəliklərin əvəzləşdirilməsi aparıla bilər. İş materiallarında olan Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən İddiaçı MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd olunur: "xxxx" MMC-nin hesablarında qalmış vəsaitin mövcud kredit borcu ilə əvəzləşdirilməsinə dair müraciətinizə Əmanətlərin Sığortalanması Fondunda baxılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-3(103)-54/2023 nömrəli qərarı ilə "xxxx" ASC müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir. "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən hüquqi şəxslərin hesablarında qalmış vəsaitlər qorunan əmanətlərə aid edilmədiyi üçün həmin vəsaitlər "Banklar haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq kreditor tələbi kimi qeydə alınır. Bildiririk ki, "xxxx" MMC-nin tələbinin "Banklar haqqında" Azərbaycan Respublikası Qanununun 76.1-ci maddəsinə uyğun olaraq xx.xx.2023-cü il tarixində 0006 nömrəsi ilə qeydə alınmış və ödənilməsi məhkəmə tərəfindən qəbul edilmiş tələblər siyahısında təsdiq edildikdən sonra "Banklar haqqında" Azərbaycan Respublikası Qanununun 82-ci maddəsində göstərilmiş növbəlilik qaydasında həyata keçiriləcəkdir. Qanunvericilikdə ləğv prosesində olan bankın ödəniş növbəliliyi üzrə icra ediləcək öhdəliklərinin müddəti müəyyənləşdirilməmişdir. Sözügedən tələb təminatsız kreditor tələbi kimi qeydə alınmışdır. Eyni zamanda diqqətinizə çatdırırıq ki, hazırda ləğv prosesində olan "xxxx" ASC üzrə qanunvericiliyə müvafiq olaraq fiziki şəxslərin əmanətlərinin sığortalanması üzrə Fondun reqres hüquqlarından irəli gələn tələblərin icrası həyata keçirilir. "Banklar haqqında" Azərbaycan Respublikası Qanununun 87-ci maddəsinə əsasən bu Qanunun 82-ci maddəsinə uyğun olaraq təsdiq edilmiş tələblər ödəniş növbəliyinə müvafiq surətdə təsnifləşdirilərək kateqoriyalar üzrə birləşdirilir və bölgü cədvəlinə daxil edilir. Hər kateqoriya üzrə tələblər əvvəlki növbənin tələbləri tam ödənildikdən sonra ödənilir. Növbə daxilində tələblərin ödənilməsinə vəsait çatışmadıqda ödənişlər tələblərə proporsional faizlə bölüşdürülür. Əlavə olaraq bildiririk ki, "Banklar haqqında" Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsinə əsasən müflis bankla onun kreditorları arasında öhdəliklərin əvəzləşdirilməsi yalnız bu Qanunun 82-ci maddəsinin tələblərinə əməl etmək şərtilə aparıla bilər. “Banklar haqqında” Azərbaycan Respublikası qanununun: 76.1-ci maddəsinə əsasən bu Qanunun 77.1-ci və 77.2-ci maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının mediada ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır. Məhkəmə bu müddəti bütün kreditorlar üçün yalnız bir dəfə 30 təqvim günü müddətinə uzada bilər. Kreditorların sorğusu üzrə onlara tələblərinin qeydə alındığına dair qəbz verilir. 78.1-ci maddəsinə əsasən bu Qanunun 82-ci maddəsinin tələblərinə əməl etmək şərtilə müflis bankla onun kreditorları arasında öhdəliklərin əvəzləşdirilməsi aparıla bilər. 81.4-cü maddəsinə əsasən təminatlı kreditorların tələbləri növbədənkənar qaydada təminatın satılmasından əldə edilən vəsait hesabına ödənilir. Təminat kreditorların tələbini tam ödəmədikdə, ödənilməmiş məbləğ təminatsız kreditor tələbi kimi bu Qanunun 82-ci maddəsində göstərilmiş növbəliliklə ödənilir. 82.1-ci maddəsinə əsasən müflis elan olunmuş bankın aktivləri onun kreditorları arasında aşağıdakı növbəlik qaydasında bölüşdürülür: 82.1.2. fiziki şəxslərin əmanətlərinin sığortalanması Fondunun reqres hüququ üzrə tələblər; 82.1.3. iflas prosedurunun həyata keçirilməsi ilə bağlı müvəqqəti inzibatçının və ləğvedicinin çəkdiyi bütün məsrəflər və xərclər, o cümlədən onların əmək haqqı, məhkəmə xərcləri və ləğvedicinin bankın ləğvetmə tədbirlərinin həyata keçirilməsi ilə bağlı qəbul etdiyi öhdəliklər; 82.1.4. iş vaxtı baş vermiş bədən xəsarəti və ya ölüm halları ilə əlaqədar bank işçilərinin tələbləri; 82.1.5. bankın müflis elan olunmasına dair məhkəmə qərarının qəbul edildiyi tarixdən əvvəlki altı aydan çox olmayan dövr üçün ödənilməli müavinətlərin, əmək haqlarının verilməsi haqqında bankın işçilərinin və keçmiş işçilərinin tələbləri; 82.1.6. müvəqqəti inzibatçının idarəetmə və maliyyə sağlamlaşdırması prosedurları ilə əlaqədar bankın öhdəlikləri; 82.1.7. dövlət büdcəsinə vergilər, büdcədənkənar dövlət fondlarına məcburi dövlət sosial sığorta haqları və işsizlikdən sığorta haqları, habelə icbari tibbi sığorta fonduna icbari tibbi sığorta haqları üzrə ödənilməli məbləğlər; 82.1.8. təminatsız kreditorların tələbləri. 82.2-ci maddəsinə əsasən qalan aktivlər bankın səhmdarlarına onların paylarına mütənasib surətdə qanunvericiliyə uyğun qaydada ödənilir. 87.1-ci maddəsinə əsasən bu Qanunun 82-ci maddəsinə uyğun olaraq təsdiq edilmiş tələblər ödəniş növbəliyinə müvafiq surətdə təsnifləşdirilərək kateqoriyalar üzrə birləşdirilir və bölgü cədvəlinə daxil edilir. Hər kateqoriya üzrə tələblər əvvəlki növbənin tələbləri tam ödənildikdən sonra ödənilir. Növbə daxilində tələblərin ödənilməsinə vəsait çatışmadıqda ödənişlər tələblərə proporsional faizlə bölüşdürülür. 87.2-ci maddəsinə əsasən tələbləri təsdiq edilmiş və bölgü cədvəlinə daxil edilmiş bank kreditorlarına ödənişlərin aparılması qrafiki ləğvedici tərəfindən məhkəməyə təsdiq olunmaq üçün təqdim edilir. 87.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən təsdiq edilmiş ödənişlərin aparılması qrafiki qətidir və ondan şikayət verilə bilməz. 87.4-cü maddəsinə əsasən ödənişlərin aparılması qrafiki məhkəmə tərəfindən təsdiq edildikdən sonra ləğvedici dərhal həmin qrafikdə nəzərdə tutulan ödənişləri icra edir. Ödənişlərin aparılması qrafikinə daxil edilmiş məbləğləri kreditorlara ödəmək üçün onlarla əlaqə yaratmaq mümkün olmadığı halda ödənilməmiş məbləğlər Mərkəzi Bankda xüsusi hesabda depozitə qoyulur. Ləğvedici mediada bildiriş dərc etdirərək göstərilən kreditorlara vəsaiti almaq üçün müraciət etməyi təklif edir. Bu qaydada depozitə qoyulmuş vəsait göstərilən kreditorlar və ya onların hüquq varisləri tərəfindən həmin tələblər üzrə iddia müddəti bitənədək alına bilər. İddia müddəti bitdikdən sonra ödənilməmiş məbləğlər dövlət büdcəsinə köçürülür. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2- 3(103)-54/2023 nömrəli qərarı ilə "xxxx" ASC müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir. İş materiallarından göründüyü kimi, İddiaçı MMC-nin Ləğv prosesində olan "xxxx" ASC qarşısında 65594,08 AZN məbləğində kreditor tələbi qeydə alınmışdır və Ləğv prosesində olan "xxxx" ASC-nin Kreditor tələblərinin qeydiyyatı barədə 0006 nömrəli xx.xx.2023-cü il tarixli qəbz verilmişdir. Hazırda İddiaçı MMC 18.480,64 manat kredit borcunun olduğunu bildirir və həmin kredit borcunun "xxxx" ASC-də olan həmin vəsaitlə əvəzləşdirilməsini tələb edir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı "xxxx" MMC-nin əvəzləşdirilməsini tələb etdiyi məbləğ onun "xxxx" ASC qarşısında kreditor tələbi kimi qeydə alınmışdır, bu barədə Ləğv prosesində olan "xxxx" ASC-nin Kreditor tələblərinin qeydiyyatı barədə 0006 nömrəli xx.xx.2023-cü il tarixli qəbz də təqdim edilmişdir. Qeyd olunan qanunvericilik normalarının tələblərinə əsasən isə kreditor tələbi kimi qeydə alınmış tələblər üzrə ödənişlər qanunamüvafiq olaraq növbəlilik qaydasında həyata keçirilir. Göründüyü kimi, qanunvericiliklə müflis elan olunmuş bankın aktivlərinin onun kreditorları arasında növbəlik qaydasında bölüşdürülməsi və hər kateqoriya üzrə tələblərin əvvəlki növbənin tələbləri tam ödənildikdən sonra ödənilməsi imperativ qaydada tənzimlənmişdir. “Banklar haqqında” qanunun 78.1-ci maddəsinə əsasən isə bu Qanunun 82-ci maddəsinin (Ödənişlərin növbəliyi) tələblərinə əməl etmək şərtilə müflis bankla onun kreditorları arasında öhdəliklərin əvəzləşdirilməsi aparıla bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 131.1-ci maddəsinə əsasən “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində, lisenziyasının ləğvi, məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı Azərbaycan Respublikasının Mərkəzi Bankının qəbul etdiyi inzibati aktlar üzrə mübahisələrə apellyasiya instansiyası məhkəmələri tərəfindən baxılır. Həmin Məcəllənin 131.3-cü maddəsinə əsasən mübahisə ilə bağlı iş üzrə məhkəmə qərarından həmin qərarın tam formada təqdim olunduğu gündən 10 gün müddətində Ali Məhkəməyə şikayət verilə bilər. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 89, 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddia təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-3(103)-86/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-3(103)-86/2024
27.11.2024 · Apellyasiya Məhkəməsinin birinci instansiya qismində baxdığı işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver