Məhkəmə qərarları › İş №2-3(105)-11/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-3(105)-11/2024

02.10.2024 · Apellyasiya Məhkəməsinin birinci instansiya qismində baxdığı işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-3(105)-11/2024 02.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına qarşı iş üzrə (Açar sözlər: iddianın mümkün sayılmaması) Sədrlik edən və məruzəçi hakim X1, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına qarşı “seçki nəticələrinin ləğv olunması və sair” tələbinə dair iddia ərizəsinin mümkünlüyü məsələsinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət edərək, 60 saylı Quba-Qusar seçki dairəsi üzrə seçkinin tam saxtalaşdırıldığından nəticələrinin ləğv olunması, saxta bülletenlərə görə ekspertiznın təyin olunması barədə qərar və xüsusi qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, 1 sentyabr 2024-cü i tarixdə keçirilmiş seçkilər tam saxtalaşdırıblar, xəbərdalıq etməyinə baxmayaraq icra hakimiyyəti bütün vasitələrdən istifadə edərək seçkiyə müdaxilə etmişdir. Yerli icra nümayəndələri tərəfindən təşkil olunmuş məntəqlər də onların göstərişlərinin yerinə yetirmişdir. Məntəqələrdə seçki bülletenləri barədə aldığı məlumat və yoxladığı və sübut etdiyi faktlar onların bir hissəsinin saxta, olduğu,onagörədə məntəqələrdə heç kimin mühafizəsində olmadığı, məntəqəqə sədrlərinin evində qutuya atmağa hazır vəziyyətdə saxlandığı, polis əməkdaşlarının yalnlız bir yerdə seyfi möhürlədiyi qalanlarını özləri tərəfindən beynəlxalq cinayət çəbəkəsi tərəfindən aldıqları cinayət məsuliyyəti yaradır, hətta seçici kimi ona qeydiyyatda olduğu Zərdabi kənində səsverməyə imkan verilmədi. Cavabdehin iddia tələbinə dair yazılı etirazı daxil olmamışdır. Tərəflərin izahatları Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq, iş üzrə iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 130.3-cü maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Seçki Məcəlləsinin: Maddə 112.1. Seçicilər, namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, referendum üzrə təşviqat qrupları qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının vəkil edilmiş şəxsləri, müşahidəçilər, habelə seçki komissiyaları vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilərlər. Maddə 112.2. Bu Məcəllənin 112.1-ci maddəsində göstərilən şəxslər şikayəti müvafiq yuxarı seçki komissiyasına təqdim edə bilərlər. Maddə 112.3. Şikayət ilkin olaraq yuxarı seçki komissiyası tərəfindən təmin edilməzsə, dairə seçki komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) Mərkəzi Seçki Komissiyasına, Mərkəzi Seçki Komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) isə bu Məcəllənin 112.1-ci maddəsində göstərilən şəxslər apellyasiya instansiyası məhkəməsin şikayət edə bilərlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. XVİİİ fəsil. Seçki (referendumda iştirak) hüquqlarının müdafiəsi ilə bağlı işlər üzrə icraat Maddə 130. Seçki (referendumda iştirak) hüquqlarının müdafiəsi ilə bağlı işlər üzrə icraatın xüsusiyyətləri 130.1 Seçki (referendumda iştirak) hüquqlarının müdafiəsi ilə bağlı iddia ərizələri apellyasiya instansiyası məhkəmələrinə Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydada verilir. 130.2. Seçki (referendumda iştirak) hüquqlarının müdafiəsinə dair işlər üzrə daxil olmuş iddia ərizəsinə məhkəmə tərəfindən 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra daxil olmuş iddia ərizəsinə isə dərhal baxılmalı və onun mahiyyəti üzrə qərar qəbul edilməlidir. 130.3. Məhkəmə tərəfindən iddia ərizəsinə ərizəçinin, müvafiq seçki komissiyasının və ya digər maraqlı şəxslərin iştirakı ilə baxılır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş göstərilən şəxslərin məhkəməyə gəlməməsi işə baxılmasına və onun həll edilməsinə mane olmur. 130.4. İş üzrə yazılı formada tam məhkəmə qərarı onun nəticəvi hissəsinin elan olunduğu vaxtdan 24 saatdan, səsvermə gününə 30 gün qalmış və ondan sonra qəbul edilmiş qərarlar isə 18 saatdan gec olmayaraq təqdim olunmalıdır. 130.5. İş üzrə məhkəmə qərarından həmin qərarın tam formada təqdim olunduğu gündən 3 gün müddətində Ali Məhkəməyə şikayət verilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı: 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iddia ərizəsinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Seçki Məcəlləsinin yuxarıda istinad edilən 112.2 və 112.3-cü maddələrinin məzmunundan göründüyü kimi seçki hüquqlarının müdafiəsi ilə bağlı iddia növü üzrə xüsusi mümkünlük şərti kimi mübahisənin məhkəməyəqədər pretenziya qaydasında həlli qaydası təsbit edilmişdir. Hansı ki, vətəndaşlar seçki hüquqlarının pozulmasına səbəb olan qərar və ya hərəkətlərdən (hərəkətsizlikdən) ilk növbədə yuxarı seçki komissiyasına şikayət verməli, şikayət təmin edilmədiyi halda dairə seçki komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) Mərkəzi Seçki Komissiyasına, Mərkəzi Seçki Komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) isə apellyasiya instansiyası məhkəməsinə şikayət edə bilərlər. Seçki qanunvericiliyi ilə müəyyən edilən üçpilləli şikayət qaydasından göründüyü kimi: 1) seçki məntəqələrində baş vermiş qanun pozuntularından DSK-ya; 2) DSK-nın qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) MSK-ya; 3) MSK-nın qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) isə məhkəməyə şikayət edilə bilər. Bilavasitə Seçki Məcəlləsi ilə müəyyən olunan bu qayda məcburidir və hər bir şikayətlə bağlı qeyd edilən prosedura əməl olunması qanunun imperativ tələbidir. Başqa ifadə ilə, sözügedən ardıcıllığa zidd olaraq verilən şikayətlər yolverilən, mümkün sayılmadığı üçün, onlara mahiyyəti üzrə baxıla və hüquqi qiymət verilə bilməz. İndiki halda işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı məhz 60 saylı Quba-Qusar seçki dairəsinin nəticələrinin ləğv edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh inzibati orqan tərəfindən şikayətvermə müddəti ötürüldüyündən, şikayət ərizəsinin geri qaytarılması qərara alınmış, iddiaçı tərəfindən həmin qərar məhkəmə qaydasında mübahisələndirilərilmiş, qeyd edilən iddia tələbinə Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən baxılaraq, iddia tələbinin rədd olunması barədə 16 sentyabr 2024-cü il tarixli 2-1(105)-8/2024 saylı qərar qəbul edilmiş, həmin məhkəmə qərarı qanuni qüvvəyə minmişdir. Göründüyü kimi, indiki halda iddiaçının tələbi məhz həmin seçki nəticələrinin ləğv edilməsi ilə bağlı olmuşdur, hansı ki, həmin məsələyə artıq bir dəfə inzibati icraat qaydasında baxılaraq, hüquqi qiymət verilmiş, inzibati orqan tərəfindən qəbul edilmiş qərara isə məhkəmə qaydasında baxılmışdır. Bundan əlavə, məhkəmə kollegiyası onu qeyd edir ki, indiki halda isə iddiaçının cavabdeh inzibati orqana ünvanladığı yeni müraciətinin olması halı müəyyən edilməmişdir. Belə ki, iş materiallarında olan cavabdeh inzibati orqanının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubun məzmunundan görünür ki, iddiaçının Mərkəzi Seçki Komissiyasına müraciəti daxil olmamışdır. Hansı ki, qeyd edilən hal da özlüyündə iddianının mümkün sayılmaması üçün müstəqil əsas kimi çıxış etmişdir. Belə ki, yuxarıda istinad edilən seçki haqqında qanunvericilik normalarına əsasən vətəndaşlar seçki hüquqlarının pozulmasına səbəb olan qərar və ya hərəkətlərdən (hərəkətsizlikdən) ilk növbədə yuxarı seçki komissiyasına şikayət verməli, şikayət təmin edilmədiyi halda Dairə seçki komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) Mərkəzi Seçki Komissiyasına, Mərkəzi Seçki Komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) isə apellyasiya instansiyası məhkəməsin şikayət edə bilərlər. İndiki halda isə iddiaçının yeni müraciətlə Mərkəzi Seçki Komissiyasına şikayət verməsi, şikayətə baxılmasının nəticəsinə dair Mərkəzi Seçki Komissiyasının qərarının olması halı müəyyən edilməmişdir. Bu hal isə iddianın mümkün sayılmamasına əsasdır. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan halları əsas götürərək, hesab edir ki, hazırki inzibati iş üzrə iddia mümkünlük şərtlərinə cavab vermədiyindən, mümkün sayılmamalıdır. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 3 (üç) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) şikayət verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar