Məhkəmə qərarları › İş №2-3(106)-11/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-3(106)-11/2024

20.09.2024 · Apellyasiya Məhkəməsinin birinci instansiya qismində baxdığı işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-3(106)-11/2024 20.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər X5 (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Hacıyev Pərviz Vaqif oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, Üçüncü şəxsin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına qarşı iddia ərizəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının 05 sentyabr 2024-cü il tarixli, 37/176 nömrəli qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, 271 saylı Cəlilabad şəhər seçki dairəsinin bütün məntəqələri üzrə səsvermə total saxtakarlıqla keçirilib. Belə ki; DSK-dan məntəqəyə verilən bülletenlərin sayı barədə, qeydiyyatdan çıxma və qeydiyyata düşmə barədə, daşman seçki qutularının plomblanması barədə aktların surətləri müşahidəçimizə verilmədi, komissiya üzvləri seçki qutularına topa bülletenlər atdılar, eyni seçicilər dəfələrlə səs verdilər, aralıq hesabatlarda verilən rəqəmlər imza vərəqələrində olan imzaların sayma uyğun deyildi, məntəqənin ərazisində yaşamayan şəxslərin səs vermələrinə imkan yaradılırdı, seçicilərə komissiya üzvləri təsir edirdilər ki, YAP-ın namizədi Malik Həsənova səs versinlər. 1-ci və 2-ci məntəqələr eyni binada yerləşdiyindən 1-ci məntəqədə baş verən qanun pozuntuları 2-ci məntəqədə də baş verirdi, 1-ci məntəqədə səs verənləri komissiya üzvləri yönləndirirdilər 2-ci məntəqəyə və əksinə. 3-cü məntəqədə də müşahidəçimizə aktların surətləri təqdim olunmayıb, bütün məntəqələrdə seçki qutularının yarığı çox geniş idi, topa bülleten atmağa imkan verirdi. 4-cü məntəqədə hərbçilərin komandirləri hərbçilərə seçki bülletenində 4-cü sırada olan YAP namizədi Malik Həsənova səs verilməsini təlqin edirdilər. 5-ci, 6-cı, 7-ci məntəqələrdə barmaqların şəffaf maye ilə işarələnməsi aparılmırdı. Məntəqəyə gələn seçicilərin sayı Mnsk sədrinin aralıq hesabatında şişirdilirdi, Bu barədə MSK-nm qaynar xəttində (115) məlumat verildi, “karusel” həyata keçirilirdi. 9-cu məntəqədə komissiya üzvləri seçicilərin Müsavat Partiyasının namizədi İddiaçı verdikləri səsləri səslərin sayılması zamanı YAP-ın namizədi Malik Həsənova hesablayırdılar, bu məntəqənin qarşısında YAP namizədi M.Həsənovun dayısı Cəlilabad rayon Aqarar İnkişaf İdarəsinin rəisi Rahib Kərimov təhkimçi idi. 10-cu məntəqənin sədri X1 Partiyası tərəfindən Respublika bütün ərazisi üzrə müşahidəçisi olan Fətullayev Əlibabanı məntəqədən qovmuşdu. Səbəb olaraq onun müşahidəçi vəsiqəsinin DSK tərəfindən təsdiq edilməsi istənmişdi. DSK sədrinə müraciətdən sonra Ə.Fətullayev məntəqəyə buraxıldı. 11-ci məntəqədə saat 08:30-da məntəqənin yerləşdiyi 4 saylı məktəbin xanım müəllimi qutuya topa bülleten atdı, halbuki o müəllimənin yaşayış yeri həmin məntəqəyə aid deyildi. FHN-nin işçiləri təxminən 30 nəfər dəfələrlə səsverdilər, halbuki onların yaşayış yeri o məntəqəyə aid deyildi. MnSK üzvləri Əlirza, VHP-dən komissiya üzvü Ramil, Mnsk katibləri Məzahir Həsənov və Məmmədulu adlı şəxslər dəfələrlə topa bülleten atırdılar. MSK-nın həyətində exit-boll keçirən xanım məntəqənin seçici siyahısında adı olmasa da, qutuya topa bülletren atırdı. İmza vərəqələrində seçici imzalarının sayını hesablamağa imkan verilmədi. 14-cü məntəqədə Müsavat Partiyasının müşahidəçisi Vüqar Rzalı komissiya üzvləri tərəfindən daim döyülməklə təhdid olunurdu. 15-ci məntəqədə seçiciləri açıq-aşkar Malik Həsənova səs verməyə təhrik edirdilər. Azərbaycan Beynəlxalq Bankının Cəlilabad filialının direktoru məntəqədə vəzifəli şəxs olaraq təhkimçi kimi fəaliyyətdə idi. 42saylı məntəqədə seçki komissiyasının cəmi 5 üzvü var idi. Hətta MnSK-nm növbətçilər cədvəlində də 5 nəfərin adı var idi. 6-cı komissiya üzvünü soruşduqda komissiyanın sədri Əlifağa adlı şəxs 6-cı komissiya üzvünün 72 saylı DSK-nın dislokasiyasına daxil olan Günəşli kəndindən olduğunu bildirdi. 43 saylı məntəqənin sədr Vaqif Bünyadov daim komissiya üzvlərinə və müşahidəçilərə təzyiq edirdi, srçiciləri M.Həsənova səs verməyə təhrik edirdi. Seçki qutularına topa şəkildə bülletenlərin salınması, seçki qutularının yarıqlarının genişliyi, “karusel” əməliyyatının keçirilməsi, seçicilərin dəfələrlə səs vermələri, aralıq hesabatlarda rqəmlərin qutudakı bülletenlərdən dəfələrlə artıq olması, seçicilərin yönləndirilməsi, imza vərəqələrində imzaların sayılmasına imkan verilməməsi, məntəqənin dislokasiyasından kənar şəxslərin səs verməsinə imkan verilməsi, səslərin sayılması zamanı müşahidəçilərin bülletendəki qeydləri görməsinə imkan verilməməsi, eləcə də səsvermə bitdikdən sonra səslərin sayılması üçün müxalifət müşahidəçilərinə şərait yaradılmaması, yekun protokolun surətinin müşahidəçilərə verilməməsi və seçkinin nəticələri haqqında hazırlanan karbonlaşmış protokolunun 3-cü nüsxəsinin seçki məntəqəsindəki məlumat lövhəsində asılmaması demək olar ki, bütün seçki məntəqələrinə aiddir. Ərizəçi yuxarıda qeyd edilən qanun pozuntularla bağlı MSK-ya şikayət edib. MSK araşdırma aparmadan Ərizəçinin şikayətini təmin etməyib. Qərarın əsasalandırıcı hissəsində deyilir: “2024-cüil sentyabrın 1də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 71 saylı Cəlilabad şəhər seçki dairəsi üzrə qeydə alınmış namizəd X7 ovun Mərkəzi Seçki Komissiyasına daxil olmuş 5 sentyabr 2024-cü il tarixli 37 saylı müraciəti qanunvericiliklə müəyyən olunmuş şikayətvermə müddəti ötürülməklə verildiyindən şikayət etmiş şəxsə geri göndərilsin. Lakin həmin qərar xx.xx.2024-cü il tarixdə Ərizəçiyə təqdim edilib və 05 sentyabrda MSK-da qoyulmuş qutuya atılıb, ona görə də 3 günlük müddət buraxılmayıb. Qeyd olunanlar nəzərə alınaraq Mərkəzi Seçki Komissiyasının 05 sentyabr 2024-cü il tarixli, 37/176 nömrəli qərarının ləğv edilməsi xahiş edilmişdir. Prosessual məsələlər Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X4 iddia ərizəsinə etiraz edərək iddianın təmin edilməməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: -Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının 05 sentyabr 2024-cü il tarixli, 37/176 nömrəli qərarının məzmunundan görünür ki, iddiaçının müraciəti seçki qanunvericiliyi ilə müəyyən edilmiş müddətdə verilmədiyindən ekspert qrupunun rəyi nəzərə alınmaqla geri qaytarılması qərara alınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, ilk növbədə cavabdehin mübahisələndirilən qərarının qanuni olub-olmadığını müəyyənləşdirmək üçün seçki münasibətlərini tənzimləyən, eyni zamanda müvafiq prosessual normalar təhlil edilməlidir. Azərbaycan Respublikası Seçki Məcəlləsinin: -170.2-ci maddəsinə əsasən dairə seçki komissiyası və ya Mərkəzi Seçki Komissiyası birmandatlı seçki dairəsi üzrə aşağıdakı hallarda seçkiləri etibarsız sayır: səsvermə keçirilməsi və ya səsvermənin nəticələrinin müəyyənləşdirilməsi zamanı seçki dairəsi üzrə yol verilən qanun pozuntuları seçicilərin iradəsini müəyyənləşdirməyə imkan vermədikdə; birmandatlı seçki dairəsi üzrə səsvermə zamanı səsvermənin nəticələri etibarsız sayılmış seçki məntəqələrinin sayı həmin seçki dairəsində olan seçki məntəqələrinin ümumi sayının 2/5 hissəsindən çoxunu təşkil etdikdə və ya ləğv edildikdə, o şərtlə ki, həmin seçki məntəqələrində qeydə alınmış seçicilərin sayı seçki dairəsi üzrə qeydə alınmış seçicilərin ümumi sayının 1/4-dən çoxunu təşkil etsin; məhkəmənin qərarı əsasında. -112.1. seçicilər, namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, referendum üzrə təşviqat qrupları qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının vəkil edilmiş şəxsləri, müşahidəçilər, habelə seçki komissiyaları vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilərlər. -112.2. Bu Məcəllənin 112.1-ci maddəsində göstərilən şəxslər şikayəti müvafiq yuxarı seçki komissiyasına təqdim edə bilərlər. -112.3. Şikayət ilkin olaraq yuxarı seçki komissiyası tərəfindən təmin edilməzsə, dairə seçki komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) Mərkəzi Seçki Komissiyasına, Mərkəzi Seçki Komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) isə bu Məcəllənin 112.1-ci maddəsində göstərilən şəxslər apellyasiya instansiyası məhkəməsinə şikayət edə bilərlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 3.2-ci maddəsinə əsasən bu Məcəllənin XV, XVİ, XVİİ, XVİİİ, XVİİİ-İ, XİX fəsillərində nəzərdə tutulmuş mübahisələrə (ərizələrə) dair iddialara birinci instansiya məhkəməsi qismində Azərbaycan Respublikası apelyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. Apelyasiya instansiyası məhkəmələri tərəfindən inzibati mübahisələrə (ərizələrə) birinci instansiya üzrə baxılması zamanı, bu Məcəllənin XV, XVİ, XVİİ, XVİİİ, XVİİİ-İ, XİX fəsillərində başqa qayda nəzərdə tutulmadığı hallarda, birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə müəyyən edilmiş müvafiq prosessual qaydalar tətbiq olunur. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 130.1-ci maddəsinə (XVİİİ fəsil) əsasən seçki (referendumda iştirak) hüquqlarının müdafiəsi ilə bağlı iddia ərizələri apelyasiya instansiyası məhkəmələrinə Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydada verilir. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən seçki (referendumda iştirak) hüquqlarının müdafiəsinə dair işlər üzrə daxil olmuş iddia ərizəsinə məhkəmə tərəfindən 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra daxil olmuş iddia ərizəsinə isə dərhal baxılmalı və onun mahiyyəti üzrə qərar qəbul edilməlidir. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən iddia ərizəsinə ərizəçinin, müvafiq seçki komissiyasının və ya digər maraqlı şəxslərin iştirakı ilə baxılır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş göstərilən şəxslərin məhkəməyə gəlməməsi işə baxılmasına və onun həll edilməsinə mane olmur. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Cavabdeh inzibati orqanın mübahisələndirilən qərarının surətindən görünür ki, cavabdeh tərəfindən iddiaçının müraciətinə qanunvericiliyin tələbləri həddində baxılmış, şikayət qanunla müəyyən edilmiş müddət ötürülməklə verildiyindən haqlı olaraq şikayətin geri qaytarılması barədə qərar qəbul edilmişdir. İşdə olan 71 saylı Cəlilabad şəhər seçki dairəsi üzrə səsvermənin nəticələri haqqında dairə seçki komissiyasının protokolundan namizəd İddiaçı tərəfindən Mərkəzi Seçki Komissiyasına verilmiş şikayətin surətindən də görünür ki, namizədin Mərkəzi Seçki Komissiyasına ünvanlanmış müraciəti 05 sentyabr 2024-cü il tarixdə tərtib edilərək imzalanmış həmin tarixdə qeydiyyata alınmışdır. Göründüyü kimi iddiaçı Seçki Məcəlləsinin 112.1-ci maddəsi ilə müəyyən edilmiş müddəti ötürməklə şikayət vermişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. -24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 3.2-ci, 68-69-cu və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı oğlunun Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının 05 sentyabr 2024-cü il tarixli, 37/176 nömrəli qərarının ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 3 (üç) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar