Məhkəmə qərarları › İş №2-3(107)-22/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-3(107)-22/2020

12.03.2020 · Apellyasiya Məhkəməsinin birinci instansiya qismində baxdığı işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-3(107)-22/2020 12.03.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Mübariz Rahil oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi ilə, X1 cavabdeh X7 (bundan sonra mətndə MSK) qarşı “Azərbaycan Respublikası X5 üzərinə şikayətin araşdırılması və müvafiq qərarın qəbul edilməsi öhdəliyinin qoyulması” barədə iddia ərizəsinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə X2 113 saylı Şəki seçki dairəsinə müraciət edərək həmin seçki dairəsi üzrə müvafiq seçki məntəqələri üzrə x xxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinə keçirilən seçkilərdə səsvermənin nəticlərinin etibarsız hesab edilməsini xahiş etmişdir. 113 saylı Şəki dairə seçki komissiyasının xx xxxxxx 2020-ci il tarixli, 64/152 nömrəli qərarı ilə şikayəti təmin edilməmişdir. X2 xx xxxxxx 2020-ci il tarixdə MSK-ya müraciət edərək səsvermə günü 113 saylı Şəki seçki dairəsi üzrə 4,6,13,19,25,28, 29 saylı seçki məntəqələri üzrə x xxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinə keçirilən seçkilərdə səsvermənin nəticlərinin etibarsız hesab edilməsi, 113 saylı Şəki seçki dairəsi üzrə x xxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinə keçirilən seçkilərdə səsvermənin nəticlərinin etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsi, 113 saylı Şəki seçki dairəsi üzrə Komissiyanın xx xxxxxx 2020-ci il tarixli 64/152 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. X1 müraciəti, təqdim etdiyi poçt sənədinə əsasən xx xxxxxx 2020-ci il tarixdə MSKnın poçt qutusuna daxil olmuş, lakin MSK tərəfindən şikayətə dərhal baxılmalı olduğu halda baxılmamışdır. X2 xx xxxx 2020-ci il tarixdə Şəki Apelyasiya Məhkəməsinə müraciət etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında X6 iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, cavabdeh tərəfindən onun müraciətinə keçən müddət ərzində cavab verilmədiyindən apelyasiya instansiyasına müraciət etməmişdir. Bu onun təqsiri üzündən baş verməmişdir. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh MSK nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra mətndə İPM) 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 130.1-ci maddəsinə əsasən, seçki (referendumda iştirak) hüquqlarının müdafiəsi ilə bağlı iddia ərizələri apelyasiya instansiyası məhkəmələrinə Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydada verilir. -130.2-ci maddəsinə əsasən, seçki (referendumda iştirak) hüquqlarının müdafiəsinə dair işlər üzrə daxil olmuş iddia ərizəsinə məhkəmə tərəfindən 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra daxil olmuş iddia ərizəsinə isə dərhal baxılmalı və onun mahiyyəti üzrə qərar qəbul edilməlidir. -130.3-cü maddəsinə əsasən, məhkəmə tərəfindən iddia ərizəsinə ərizəçinin, müvafiq seçki komissiyasının və ya digər maraqlı şəxslərin iştirakı ilə baxılır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş göstərilən şəxslərin məhkəməyə gəlməməsi işə baxılmasına və onun həll edilməsinə mane olmur. -130.4-cü maddəsinə əsasən, iş üzrə yazılı formada tam məhkəmə qərarı onun nəticəvi hissəsinin elan olunduğu vaxtdan 24 saatdan, səsvermə gününə 30 gün qalmış və ondan sonra qəbul edilmiş qərarlar isə 18 saatdan gec olmayaraq təqdim olunmalıdır. -130.5-ci maddəsinə əsasən, iş üzrə məhkəmə qərarından həmin qərarın tam formada təqdim olunduğu gündən 3 gün müddətində Ali Məhkəməyə şikayət verilə bilər. Bu şikayətə 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra daxil olmuş ərizələrə isə dərhal baxılmalıdır. Sadalanan hüquq normalarının məzmunundan da göründüyü kimi bu qəbildən olan işlərə dərhal baxılmalı və mahiyyəti üzrə qərar qəbul edilməlidir. Məhkəmə kollegiyası iddianın mümkünlüyünü yoxlayıb qiymətləndirərək hesab edir ki, iddia mümkün hesab edilməməlidir. Məhkəmə kollegiyası tərəfindən iş materiallarının tədqiqi zamanı müəyyən edildi ki, X2 113 saylı Seçki dairəsi üzrə müvafiq seçki məntəqələrində baş vermiş pozuntularla bağlı qeyd edilən seçki dairəsinə müraciət etmiş, 113 saylı Şəki seçki dairəsinin xx xxxxxx 2020-ci il tarixli, 64/152 nömrəli qərarı ilə iddiaçının şikayəti əsassız olduğundan təmin edilməmişdir. İddiaçı xx xxxxxx 2020-ci il tarixdə MSK-ya müraciət etmiş, həmin şikayəti xx xxxxxx 2020-ci il tarixdə MSK-nın poçt qutusuna daxil olmuş, lakin MSK tərəfindən hərəkətsizlik edilərək onun şikayətinə dərhal baxılmalı olduğu halda baxılmamışdır. Azərbaycan Respublikası Seçki Məcəlləsinin: -112.1-ci maddəsinə əsasən, seçicilər, namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, referendum üzrə təşviqat qrupları qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının vəkil edilmiş şəxsləri, müşahidəçilər, habelə seçki komissiyaları vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilərlər. -112.2-ci maddəsinə əsasən, bu Məcəllənin 112.1-ci maddəsində göstərilən şəxslər şikayəti müvafiq yuxarı seçki komissiyasına təqdim edə bilərlər. -112.3-cü maddəsinə əsasən, Şikayət ilkin olaraq yuxarı seçki komissiyası tərəfindən təmin edilməzsə, dairə seçki komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) X7, X5 qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) isə bu Məcəllənin 112.1-ci maddəsində göstərilən şəxslər apelyasiya instansiyası məhkəməsin şikayət edə bilərlər. -112.4-cü maddəsinə əsasən, şikayətdə göstərilmiş qanun pozuntusu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq cinayət hesab oluna bilərsə, müvafiq seçki komissiyası şikayətdə göstərilən çatışmazlıqların və qanun pozuntularının aradan götürülməsinə dair qərar qəbul etməklə yanaşı cinayət işinin başlanması məqsədi ilə müvafiq prokurorluq orqanına müraciət edir. Hər bir şikayətə dair X9 əsaslandırılmış qərar qəbul etməlidir. Şikayətin araşdırılması zamanı cinayət əməlinin olması ehtimal edilərsə, bu barədə prokurorluq orqanına məlumat verilir. Müvafiq prokurorluq orqanı həmin məlumata 3 gün müddətində baxmalıdır. -112.10-cu maddəsinə əsasən, seçki komissiyasına seçkilərin gedişi zamanı daxil olan hər bir şikayət üzrə qərar 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa, 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və yaxud növbəti gün isə dərhal qəbul edilir və şikayətçiyə çatdırılır. İnzibati iş üzrə iddiaçı tərəfindən edilmiş şikayət xx.xx.2020-ci il tarixdə MSK-nın poçt qutusuna atıldığı qeyd edilmişdir. Seçki Məcəlləsinin 112.10-cu maddəsinə görə MSK-ya daxil olmuş şikayətə dərhal baxılmalıdır. MSK tərəfindən şikayətə baxılmasa da inzibati orqanın hərəkətsizliyinə dair iddia ərizəsi Şəki Apelyasiya Məhkəməsinə xx.xx.2020-ci il tarixdə daxil olmuşdur. Göründüyü kimi, iddiaçı məhkəməyə seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizliklərdən) və qərarlardan şikayət etmək üçün qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Belə ki, göstərilən seçki qanunvericiliyinin müddəalarında müəyyən edilmişdir ki, seçki prosesini həyata keçirən orqanların fəaliyyəti vətəndaşların hüquqlarının təmin edilməsinə yönəlmişdir. Seçki Məcəlləsinin 112.1-ci maddəsində nəzərdə tutulmuş seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) şəxslər şikayəti qanunla müəyyən edilmiş müddətdə məhkəməyə təqdim etməlidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 nömrəli qərarının 2.3cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1.-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda sadalanan seçki qanunvericiliyinin tələblərini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, X2 tərəfindən seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) şikayət qanunla müəyyən edilmiş müddət ötürülməklə verilmişdir. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, qeyd edilən tələblərə riayət edilmədiyindən, iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozuntusu ilə bağlı müraciət etmək üçün Qanunda müəyyən edilmiş müddət ötürüldüyündən iddia mümkün sayılmamalıdır. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 130-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: X1 cavabdeh X4rşı “Azərbaycan Respublikası X5 üzərinə şikayətin araşdırılması və müvafiq qərarın qəbul edilməsi öhdəliyinin qoyulması” barədə iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim edildiyi gündən 3 gün müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar