Məhkəmə qərarları › İş №2(3-6)-3068/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-3068/2026

09.09.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-3068/2026 09.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ İş № *(103)-3068/2026 (Açar sözlər:kirayə haqqı və maddi ziyan) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), Mərdanova Xumar Afət qızı və Bəhrəmzadə Sabit Xanlar oğlundan barət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı ziyan və s. tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə ## ######## 2026-cı il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı İddiaçı – cavabdeh Cavabdeh qarşı ziyan və s. tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2000 manat kirayə haqqının, 217,39 manat kommunal xidmətlərə görə ödənilmiş pulun, 1115 manat ödənilmiş təmir xərcinin və 54 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, mən İddiaçı qızıma aid olan ünvan 1 ünvanında yerləşən 4 otaqlı mənzilini cavabdeh Cavabdeh kirayə verdim. Cavabdeh Cavabdeh ilə ## ####### 2024-cü il tarixində bir illik kirayə müqaviləsi imzaladıq, müqavilənin müddəti bir il müddətinə bağlanmışdır. Aylıq kirayə haqqı isə 1000 manat məbləğ təşkil etmişdir. Müqavilə əsasən ev sahibi tərəfindən evdə saxlanılan əşyalarda qeyd olunmuşdur (müqavilə iddia ərizəsinə əlavə edilmişdir). Müqaviləyə əsasən cavabdeh müqaviləyə xitam vermək istədiyində bir ay əvvəl ev sahibinə evdən çıxması barədə məlumat vermək öhdəliyini də öz üzərinə götürmüşdür. 2025ci ilin dekabr ayından cavabdeh Cavabdeh kirayə haqqını vermədi və yanvar ayının ortaları evdən xəbərdarlıq etmədən çıxmışdır. Beləliklə də, 2000 manat məbləğində kirayə haqqını ödəməmişdir. Evə baxış keçirdiyimizdə evin təmizliyinə, təmirinə və müqavilədə qeyd olunan əşyalara zərər verdiyini görərək dəyən zərəri özüm aradan qaldırmaq məcburiyyətində qalmışdım. Onu da əlavə edim ki, aktda qeyd olunan kreslo ilə, qabaq stolunuda gedərkən özü ilə aparmışdır. Odur ki, 1.100 (yüz) azn evin təmizliyi üçün xadiməyə

2. təmir üçün 500 (beş yüz) manat ustanın əl işinə

3. 100 (yüz) manat emusyaya və şpaklovkaya

4. 100 (yüz) manat kondisioner ustasına təmirə

5. lyustranın 10 lampasına 30 (otuz) manat

6. hamamın iki plafonuna 15 (on beş) manat

7. müqavilədə qeyd olunan 1 ədəd qırmızı kreslosuna 150 (yüz əlli) manat

8. qöy rəngdinə olan qabaq stoluna 120 (yüz iyirmi) manat məbləğində zərər dəymişdir

Həmçinin cavabdeh evdən çıxarkən kommunal xidmətlərə də borclu qalmışdır: 1.azərişiğa 7,39 (yeddi manat otuz doqquz qəpik) məbləğində

2. xxxxa 2 (iki manat)

3. azəristiliyə 188 (yüz səksən səkkiz) manat

4. xxxxya 20 (iyirmi) manat məbləğində borcu qalmışdır

3. Odur ki, qeyd olunanları nəzərə alaraq kirayə müqaviləsinə əsasən öhdəliyin icra edilməsi üçün və bizə ödənilməli olan kirayə müqaviləsinə əsasən 2000 iki min manat, kommunal xidmətlərə görə 217,39 manat məbləği və dəyən əşyalara zərərə və təmirə görə ümumilikdə 1,115 manat məbləğində zərər dəymişdir.

4. Cavabdeh etirazda qeyd etmişdir ki, iddiaçı ilə aramızda ## ####### 2024-cü il tarixdə aramızda bağlanmış kirayə müqaviləsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli küçəsi, ** saylı evin * saylı mənzilini icarə əsasında istifadə etmişik. Mənzilin təmirsiz və vəziyyətinin qənaətbəxş olmadığı və iddiaçı tərəfindən cari bərpa işlərini aparacağını bildirmişdir. Lakin iddiaçı tərəfindən bu vədlərə əməl edilmədiyindən cavabdehlər öz vəsaiti hesabına iddiaçının şifahi razılığınıa əsasən istifadələrində olan otaqları şpakleovka və emusiya etdirmək üçün usta dəvət etmişlər. və kosmetik işlər görülmüşdür. Cavabdehlər icarə sahəsini tərk etməkdə səbəb isə iddiaçı tərəfindən səhlənkarlığa yol verilməsidir. Belə ki, yuxarı qonşu tərəfindən mənzilə suyun axıdılması nəticəsində otaqların divarları yararsız vəziyyətə, şəxsi əmlaklarımıza isə maddi ziyan vurulmuşdur. Bu əmlaklara kompyuter aksesuarları, şəxsi əşyalar və sənədlər yarasız vəziyyətə düşmüşdür. Tərəfimizdən mənzilin təmzilənməsi üçün dəvət olunmuş xadimələri və qonşuluqdakı qeyri-yaşayış sahəsindən xadimənin ödənişli əsaslarla tərəfimizdən cəlb edilməsi və qeyd edilən ödənişlərin iddiaçı tərəfindən deyil cavabdehin vəsaiti ilə ödənilməsi icra edilmişdir. Halbuki tərəfimizdən mənzilin təmizlənməsi və suyun otaqlardan boşaldılmasına cəlb edilmiş işçilərin ödənişlərini şifahi danışığa əsasən iddiaçı etməli idi. Vacib bir məqamı da diqqətinizə çatdırırıq ki, biz mənzili iddiaçıya 1 ay öncədən məlumat verməklə YANVARayında mənzilə baxış keçirməklə təhvil vermişik. İddiaçı da mənzilin mənzilin açarlarını və hər-hansı bir tələbinin olmamasını qeyd etmişdir. Mənzilin qalaraq fəaliyyətimizi davam etdirmək üçün tərəfinizdən verdiyiniz vədlərin heç biri icra edilmədiyinidən məcburiyyət qarşısında qalaraq mənzili tərk edilmişdir. Mənzili tərk etmək də cavabdehlərin əlavə vəsait və əşyalarının daşınmasına əlavə məsrəflərə gətirib çıxarmışdır. Sübut etmə yükünün iddiaçının üzərində olması barədə tərəfimdən ## #### 2026-cı il tarixdə rəsmi pretenziya ilə iddiaçıya yollamışıq.

5. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, evi təmirli şəkildə kirayəyə vermişdir. Cavabdeh 2025-ci ilin dekabr ayı və 2026-cı ilin yanvar aylarının kirayə haqlarını ödəməmişdir. Müqavilə 2025-ci ilin oktyabr ayında bitirdi, lakin tərəflər kirayə münasibətlərini davam etdirməklə həmin əqdin müddətini uzatmışdırlar. Onun hazırda təmir üçün tələb etdiyi pul üst qonşudan axan su səbəbindən dəymiş zərərlə bağlı vəsait deyil. Belə ki, subasma nəticəsində sadəcə bir otaqda tavanın çilçırağın asıldığı hissəsində sarı ləkə yaranmışdır və bununla bağlı onunla üst qonşu arasında heç bir narazılıq yaranmamışdır. Hazırda təmir üçün tələb olunan vəsait cavabdehin təqsiri ucbatından mənzildə yaranmış qüsurların aradan qaldırılması üçün onun tərəfindən xərclənmiş vəsaitdir.

6. Cavabdeh etirazın məzmununa uyğun izahat verərək, iddianın təmin olunmamasını xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, 28 dekabr tarixində artıq evi tərk etmiş və yanvar ayında orada qalmamışdır.

7. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı ##.##.2026-cı il tarixli qətnaməsi ilə (hakim İlkin Rüstəmli) iddianın qismən təmin edilməsi, 1000 manat kirayə haqqı və maddi zərərin əvəzi kimi 1332,39 manat məbləğində pul vəsaitinin Cavabdeh İddiaçı xeyrinə tutulması, ödənilmiş dövlət rüsumunun 30 manat hissəsinin Cavabdeh İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

8. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 329.2, 675, 684.1, 684.2, 677.2, 680.1, 1091.1, 1091.2, 1092.1, 1096.1, 1097.1, maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88 və 119-cu maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

9. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayətində göstərilmişdir ki, belə ki, “qətnamədə məhkəmə qeyd etmişdir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış kirayə müqaviləsinə əsasən iddiaçı ona məxsus ünvan 3 ünvanında yerləşən mənzili cavabdehə aylıq icarə haqqı 1000 manat razılaşdırılmaqla kirayəyə vermişdir. Lakin cavabdeh Cavabdeh 2025-ci ilin dekabr ayının kirayə haqqını iddiaçıya ödəməmişdir.” Qeyd edir ki, mənzili iddiaçıya öncədən məlumat verməklə dekabr ayının ödənişi tərəfindən ödənilmişdir. Məhkəmə kollegiyasının diqqətinə çatdırır ki, o, icarə haqqını öncədən ödəyirdi. Bu səbəbdən də dekabr ayının ödənişini ödəməməklərini məhkəmə düzgün tövsif etməmişdir. Öncədən məlumat verməklə də ##.##.2026-cı il mənzili iddiaçı ilə təhvil-təslim etmişlər. İddiaçı da mənzilin açarlarını və hər-hansı bir tələbinin olmamasını qeyd etmişdir. Əgər mənzili təhvil-təslim edərkən çatışmazlıqlar olsaydı həmin günü bu barədə məlumat verərdi. Yoxsa ki, bir neçə aydan sonra yalandan şahid və heç bir qeydiyyatı və vergisi ödənmədən hardansa əlnən yazılan qaimə tərtib edib məhkəməyə təqdim etməzdi. Mənzili isə təhvil verməməkləri cavabdehin deyil, iddiaçının verdiyi vədlərin heç birini icra etməməsi ilə bağlı idi. Bu səbəbdən də cavabdeh əlavə məsrəflər edərək məcburiyyət qarşısında qalaraq mənzili tərk etmişlər. Məhkəmənin qeyd etdiyi digər hal cavabdeh həmin tarix üçün yəni dekabr ay üçün iddiaçıya kirayə haqqını ödədiyini qeyd etsə də, bunu təsdiq edə biləcək hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, cavabdeg ilk gündən dekabr ayı daxil olmaqla ödənişləri öncədən şəxsən iddiaçıya nəğd və ya ya özünün qeyd etdiyi bank kartına ödəyirdi. Bu baxımdan kirayə haqqının dekabr ayı üzrə ödənilməməsi barədə məhkəmənin gəldiyi nəticə əsassızdır. Məhkəmə tərəfindən cavabdehdən iddiaçının xeyrinə 1115 manat təmir xərcinin tutulması” hissəsinə münasibətdə gəldiyi nəticə də düzgün tövsif edilməmişdir. Belə ki, iş materiallarına əlavə olunmuş fotoşəkillərdə və iş materiallarında olan digər mötəbər sübutlarla öz təsdiqini tapır ki, mənzildə aparılan təmir işləri yuxarı mənzildəki sakinin evinin subasması nəticəsində baş vermişdir. Mənzilin kosmetik təmir işlərinin aparılması cavabdehin səhvi ucbatından baş verəməmişdir. Mənzildə kommunal ödənişlərə gəlincə isə dekabr ayınadək cavabdeh tərəfindən bütün kommunal ödənişlərini də ödənmişdir. Məhkəmə tərəfindən digər hal mənzilin təmirli və yaşayış üçün yararlı vəziyyətdə kirayəyə verilməsinə qaldıqda isə bildirir ki, mənzili onlar kirayə götürəndə yaşayış üçünü deyil ofis kimi icarəyə götürmüşdülər. Qeyd edir ki, iddiaçının üst qonşusunun mənzilinin subasması nəticəsində onların də kompyuter sənədlər və şəxsi əşyalarına maddi ziyan dəymişdir. Pulun tutulmasına gəlincə isə iddiaçı İcbari sığorta haqqında qanunun tələblərini pozmaqla mənzilini sığorta etmiş olsaydı sığıorta şirkəti tərəfindən mənzilin kosmetik təmirini etdirə bilərdi. Və ya özü mülki qaydada cavabdehə qarşı deyil üst qonşusuna qarşı iddia qaldırmalı idi. Belə ki, cavabdehin mülkiyyətçi olmadağı mənzil üzrə iddia qaldırmaq kimi subyektiv hüququ yoxdur. Habelə iddiaçı mənzilin açarlarını və hər-hansı bir tələbinin olmamasını mənzilin açarlarını götürəndə mənzilə baxış keçirəndə qeyd etmişdir. Mənzili tərk etməklə də tərəfindən əlavə vəsait və əşyalarının daşınması üçün məsrəflər etmək məcburiyyətində qalmışlar. İddiaçıya da bu barədə hələ tərəfindən ## #### 2026-cı il tarixdə rəsmi pretenziya ilə də bildirişdir.

Proses iştirakçılarının izahatı

11. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

12. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Kollegiya MPM-in 376.2-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

13. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

14. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

15. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

16. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

17. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır

18. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;

19. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

20. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;

21. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr bağlaya bilərlər.

22. Maddə 425.1. öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafıq surətdə hərəkət etməlidir.

23. Maddə 675 .Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.

24. Maddə 677.2. Əgər kirayəyə götürülən əşyanın müqaviləyə uyğunsuzluğu kirayəçiyə müqavilə bağlanarkən məlum olmuşsa, o bu Məcəllənin 677.1-ci maddəsində müəyyənləşdirilmiş hüquqlardan istifadə edə bilməz. Əgər kirayəçi qüsuru bilə-bilə müqavilənin şərtlərinə uyğun gəlməyən əşyanı qəbul edirsə, bu hüquqlardan yalnız o halda istifadə edə bilər ki, əşyanı qəbul edərkən onları həyata keçirmək hüququnu özündə saxlamış olsun.

25. Maddə 680.1. Kirayəyə verən kirayəyə verilmiş əşyanın saxlanması və ya bərpası üçün kirayəçinin çəkdiyi zəruri xərclərin əvəzini ona ödəməyə borcludur. Əvəzi ödənilən xərclərə binaların, qurğuların və ya nəqliyyat vasitələrinin kirayəsi halında istismar, qulluq və təmizləmə xərcləri aid deyildir.

26. Maddə 684.1. Əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir.

27. Maddə 684.2. Kirayəçi ona mənsub istifadə hüququnu hər hansı fərdi səbəblərə görə həyata keçirə bilmədiyinə görə əmlak kirayəsi haqqını ödəməkdən azad edilmir.

28. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

29. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur.

30. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır

31. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

32. Maddə 1097.1.Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

36. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

39. Hazırki apellyasiya baxışının predmetini qətnamənin iddianın təmin edilən hissəsində yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

41. Hazırda iddiaçının tələbi cavabdehdən 2000 manat ödənilməmiş kirayə haqqının, cavabdehin təqsiri ucbatından mənzildə yaranmış qüsurların aradan qaldırılması üçün iddiaçı tərəfindən xərclənmiş və məruz qaldığı ziyana görə cəmi 1115 manat pul məbləğinin və 217,39 manat kommunal xidmətlərə görə ödənilmiş pulun tutulması barədədir. 42 İşin müəyyən olunmuş hallarına görə, iddiaçı ilə cavabdeh arasında ünvan 2 ünvanında yerləşən * saylı mənzilə dair ##.##.2024-cü il tarixində 1 illik kirayə müqaviləsi bağlanmışdır. Lakin tərəflər kirayə münasibətlərini davam etdirməklə həmin əqdin müddətini uzatmışdırlar. Müəyyən olunur ki, cavabdeh müqavilə münasibətlərinin uzadılmasından sonra noyabr və dekabr aylarında da mənzildən istifadə etmiş, lakin yanvar ayında kirayəçinin həmin mənzildə yaşamağa davam etməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. İddiaçı isə dekabr və yanvar ayları üçün ödənilməyən 2000 manat kirayə haqqını tələb etmiş, birinci instansiya məhkəməsi iddia tələbini həmin hissədə yalnız dekabr ayı üçün tələb edilən kirayə haqqı məbləği hissəsində əsaslı sayaraq cavabdehdən 1000 manat pul tutulmasını qət etmişdir. İddiaçı qətnaməni mübahisələndirməmiş, cavabdeh isə apellyasiya şikayətində həmin nəticəyə münasibətdə razılaşmayaraq, dekabr ayının da kirayə haqqının ödənildiyini bildirmişdir.

43. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir.

44. Hazırkı mübahisədə dekabr ayının kirayə haqqını ödədiyini sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Lakin cavabdeh bu dəlilinin əsaslı olmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən də kollegiya iddia tələbini göstərilən hissəsində məhkəmənin gəldiyi nəticə ilə razılaşır.

45. Bundan başqa cavabdeh ondan 1115 manat təmir xərcinin tutulması hissəsində də qətnamənin ləğv edilməsini xahiş etmiş və həmin hissədə qətnamənin əsassız olması ilə bağlı dəlillərini mənzilin təmirindəki qüsurların kirayəçinin təqsiri ucbatından yaranmaması, əslində nöqsanların yuxarı mənzildən olan subasmaya görə əmələ gəlməsi ilə əsaslandırmışdır.

46. Kollegiya qeyd edir ki, mənzilin cavabdehin istifadəsində olarkən yuxarı mənzildən susızması hadisəsinin baş verməsi iddiaçı tərəfindən də inkar olunmamışdır. İddiaçı buna dair izahatında göstərmişdir ki, hazırda təmir üçün tələb etdiyi pul üst qonşudan axan su səbəbindən dəymiş zərərlə bağlı vəsait deyil. Belə ki, subasma nəticəsində sadəcə bir otaqda tavanın çilçırağın asıldığı hissəsində sarı ləkə yaranmışdır və bununla bağlı onunla üst qonşu arasında heç bir narazılıq yaranmamışdır. Hazırda təmir üçün tələb olunan vəsait cavabdehin ucbatından mənzildə yaranmış qüsurların aradan qaldırılması üçün onun tərəfindən xərclənmiş vəsaitdir.

47. İşdə olan: ##.##.2026-cı il tarixli qaimədə qeyd edilir ki, 1 ədəd emusiya, 2 ədəd rolik, 2 ədəd kit, 1 ədəd gips üçün 100 manat məbləğində ödəniş edilmişdir. ##.##.2026-cı il tarixli qaimədə qeyd edilir ki, 10 ədəd lampa üçün 30 manat məbləğində ödəniş edilmişdir. ##.##.2026-cı il tarixli qaimədə qeyd edilir ki, 2 ədəd led lampa üçün 15 manat məbləğində ödəniş edilmişdir. ##.##.2026-cı il tarixli aktda qeyd edilir ki, İddiaçı kondisioner ustası İsmayılov Roman Əmralı oğlunu dəvət edib kondisionerləri işlək vəziyyətə salaraq təhvil almışdır və gördüyü işin müqabilində 100 manat pul ödəmişdir. Akt ev sahibi və İsmayılov Roman Əmralı oğlu tərəfindən imzalanmışdır. ##.##.2026-cı il tarixli aktda qeyd edilir ki, İddiaçı Nərimanov rayonu, C.Hacıbəyli küçəsi 32, mənzil 4-də təmizlik işlərini görmək üçün təmizləyici X5 100 manat pul ödəyərək təmizlətmişdir. Akt ev sahibi və X5 tərəfindən imzalanmışdır

48. Tərəflər arasında bağlanmış ## ####### 2024-cü il tarixli kirayə müqaviləsində qeyd edilmişdir ki, mənzil kirayəyə verilərkən bəzi ev əşyaları, o cümlədən, 1 ədəd qırmızı rəngli kreslo və 1 ədəd göy rəngli qabaq stolu mənzildə saxlanılmışdır.

49. Birinci instansiya məhkəməsinin ## ##### 2026-cı il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində dindirilən Əliyev Ramiz İsmayıl oğlu bildirmişdir ki, təxminən 2026-cı ilin yanvar-fevral aylarında sözügedən mənzildə usta kimi təmir işlərini görmüşdür. Mənzilin divarlarında deşik yerləri, divarların bəzi hissələrində, hamam tərəfdə olan divarda suvağın töklüməsi halları müşahidə olunurdu. Təxminən 10 gün müddətində həmin evdə təmir işi apardı. İşin müqabilində 500 manat məbləğində əl haqqı aldı. İstifadə edilən materialları ev sahibi özü alıb verirdi, ona görə materiallara nə qədər vəsait xərcləndiyini bilmir.

50. Məhkəmə kollegiyası iş materiallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək bildirir ki, sözügedən mənzil təmirli və yaşayış üçün yararlı vəziyyətdə kirayəyə verilmişdir. Lakin kirayəçi mənzili kirayəyə verənə ona kirayəyə verilən vəziyyətdə geri təhvil vermədiyi müəyyən olunur. Belə ki, mənzilin təmirində kirayəçinin təqsiri ucbatından nöqsanlar yaranmış və kirayəyə verən şəxsi vəsaiti hesabına həmin nöqsanları aradan qaldırmışdır. Göründüyü kimi, kirayəçinin kirayəyə verilən əşyanı müqaviləyə uyğun lazımi qaydada saxlamaması nəticəsində kirayəyə verən zərər görmüşdür. Məhkəmə eyni zamanda qeyd edir ki, kirayə müqaviləsindən görünür ki, mənzil kirayəyə verilərkən bəzi ev əşyaları, o cümlədən, 1 ədəd qırmızı rəngli kreslo və 1 ədəd göy rəngli qabaq stolu mənzildə saxlanılmışdır. Lakin kirayəyə verən evi təhvil alarkən müəyyən etmişdir ki, 1 ədəd qırmızı rəngli kreslo və 1 ədəd göy rəngli qabaq stol mənzildə yoxdur.

51. Cavabdeh isə sözügedən əşyaların mənzili geri təhvil verərkən mənzildə saxlanıldığını və mənzildən aparılmadığını təsdiq edə biləcək mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Əşyaların iddia ərizəsində göstərilən qiymətləri ilə bağlı tərəflər arasında mübahisə olmadığından məhkəmə həmin əşyaların əvəzi kimi ümumilikdə 270 manat pulun cavabdehdən tutulması qənaətini haqlı hesab edir.

52. Beləliklə, məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olunur ki, iddiaçı cavabdeh Cavabdeh tərəfindən müqavilə öhdəliklərinin pozulması və ona maddi ziyan dəyməsi ilə bağlı iddiası əsaslı olmuşdur, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlarını məhkəməyə təqdim etmişdir. Lakin cavabdeh göstərilən hissədə iddianın əsassızlığını yalnız izahatları ilə təsdiq etməyə çalışmışdır.

53. Kollegiya vurğulayır ki, Azərbaycan Respublikasının MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Rzayevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## #### 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ### 2017-ci il tarixli Qərarında vurğulanmışdır ki, iş üzrə tərəflərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır.

54. Göstərilənlərə əsasən məhkəmə yekun nəticəyə gəlir ki, kirayəçinin təqsiri ucbatından mənzildə yaranmış qüsurların aradan qaldırılması üçün kirayəyə verən tərəfindən təmir materialları, mənzilin təmizlənməsi, təmir ustası və kondisioner ustası üçün ödənilmiş vəsait, həmçinin mənzil təhvil verilərkən mənzildə qalan, lakin mənzil geri təhvil alınarkən mənzildə mövcud olmayan 1 ədəd qırmızı rəngli kreslo və 1 ədəd göy rəngli qabaq stolun dəyəri kimi ümumilikdə 1115 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olmuşdur.

55. Kollegiya qətnamənin “217,39 manat kommunal ödənişlərinin əvəzinin cavabdehdən tutulması” hissəsini də əsaslı sayaraq bu hissədə birinci instansiya məhkəməsinin əsaslandırılması razılaşaraq qeyd edir ki, tərəflər arasında bağlanmış kirayə müqaviləsindən görünür ki, mənzil kirayəyə verilərkən mənzilə dair işıq, su və qaz borcu olmamışdır. Başqa sözlə, kirayəçi mənzili təhvil alarkən mənzilə dair kommunal xidmətlərə dair heç bir ödənilməyən borc qalmamışdır. İşdə olan “xxxx” ASC, “xxxx” ASC, “xxxx” ASC və “xxxx” ASC-nin 2025-ci il tarixli ödəniş qəbzlərinin surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən mənzilə dair sözügedən kommunal xidmətlərin əvəzi kimi iddiaçı tərəfindən ümumilikdə 217,43 manat ödəniş edilmişdir. Göründüyü kimi, kirayəçinin mənzildən istifadəsi müddətindən mənzilə dair kommunal xidmətlərə görə ödənilməyən borclar qalmış və bu vəsait iddiaçı tərəfindən ödənilmişdir. Belə olan halda, cavabdeh iddaçının hesabına əsassız varlana bilər ki, bu da mülki qanunvericiliyin tələblərinə ziddir. Bu səbəbdən sözügedən məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

56. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə ## ###### 2011-ci il tarixli Qərarı).

57. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcələnin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

58. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

59. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

60. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

61. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilməlidir.

62. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı ##.##.2026-cı il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti ilə bağlı ödənilmiş dövlət rüsumu məbləği onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Fuad Babayev Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar