Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-3069/2026 03.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh İlham oğluna qarşı mülki iş (Açar sözlər: «kirayə müqaviləsi üzrə öhdəliyin yerinə yetirilməməsinin nəticələri») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı İddiaçı nümayəndəsi və vəkili X7 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-*(*-**)-***/**** saylı, ## ### 2026-cı il tarixli qətnaməsindən cavabdeh Cavabdeh İlham oğlunun apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İşin halları:
1. Birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılarkən təqdim edilmiş sübutlara əsasən işin faktiki halları ilə müəyyən edilib ki: X1 və İddiaçı arasında bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinə görə, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 858-ci məhəllə ev 79 ünvanında yerləşən ** saylı mənzil sonuncuya satılıb.
2. ünvan 1 (köhnə ünvan: ünvan 2) ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ üzrə tam payla ##.##.2025-ci il tarixdə İddiaçı adına qeydiyyata alınıb.
3. İddiaçı və Cavabdeh İlham oğlu arasında Bakı şəhəri * saylı notariat ofisində bağlanmış ## #### 2025-ci il tarixli mənzillərin, evlərin müvəqqəti istifadəyə verilməsi müqaviləsinə - kirayə müqaviləsinə əsasən kirayə verən İddiaçı ünvan 2 ünvanında yerləşən mənzili sonuncuya kirayə haqqı aylıq 350 manat olmaqla kirayəyə vermişdir. Tərəflər razılaşıb ki, kirayə haqqı hər ayın 1-də ödəniləcəkdir.
4. İddiaçı tərəfindən Cavabdeh İlham oğluna ünvanlanmış ##.##.2025-ci il tarixli bildirişlə sonuncudan kirayə müqaviləsi üzrə borcun ödənilməsi, əks təqdirdə kirayə müqaviləsinin ləğv olunacağı bildirilib və mənzilin təhvil verilməsi xahiş edilib.
Birinci instansiya məhkəməsində icraat:
5. İddiaçı İddiaçı cavabdeh Cavabdeh İlham oğluna qarşı müqavilənin ləğv edilməsi, kirayə haqqının ödnəilməsi və mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi, iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ## #### 2025-ci il tarixli kirayə müqaviləsinin ləğv edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 858-ci məhəllə, ev 79, ** saylı mənzilin geri qaytarılması öhdəliyin cavabdehin üzərinə qoyulması, mənzildən cavabdehin və onunla yaşayan həyat yoldaşı X3 və azyaşlı övladı X6 çıxarılması, cavabdehdən 2025-ci ilin avqust ayından etibarən kirayə sahəsi təhvil verilənədək hər ay 350 manat olmaqla ödənilməyən icarə haqqının, 1500 manat vəkil xərci və ödənilmiş 155 manat dövlət rüsumunun tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib.
6. İddiada göstərilib ki, tərəflər arasında ##.##.2025-ci il tarixli kirayə müqaviləsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 858-ci məhəllə, ev 79, ** saylı mənzil cavabdehə və ailə üzvlərinə kirayə verilmişdir. Həmin müqaviləyə əsasən hər bir tərəf müəyyən öhdəliklər üzərinə götürmüşdür. Müqavilənin 5-ci bəndinə əsasən cavabdeh hər ay 350 manat kirayə haqqı ödəməli idi. Buna baxmayaraq cavabdeh artıq 2025-ci ilin avqust ayından kirayə haqqını ödəmir. Təəssüflər olsun ki, cavabdehə ödənişlə bağlı edilən şifahi və yazılı müraciətlər nəticəsiz qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 685-ci maddəsinə əsasən kirayəçi 2 ardıcıl müddət üçün kirayə haqqını və onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə kirayə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini ləğv edə bilər. ## ###### 2025-ci il tarixində cavabdehə bildiriş göndərildi. Həmin bildirişə əsasən, kirayə haqqı ilə bağlı borc ##.##.2026-cı il tarixinədək ödənilmədiyi təqdirdə bağlanılmış kirayə müqaviləsi ##.##.2026-cı il tarixdən ləğv edilmiş hesab olunacağı və həmin tarixdən kirayə götürülmüş mənzili təhvil verməyi xahiş edildi. Buna baxmayaraq, kirayə götürülmüş sahə bu günədək geri qaytarılmamışdır və bu günədək kirayə götürdüyü mənzildən cavabdehin istifadə etməyinə baxmayaraq, kirayə haqqı ödənilmir.
7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-*(*-**)-***/**** saylı, ## ### 2026-cı il tarixli qətnaməsi ilə (hakim Səbinə Nuriyeva) iddia tələbinin təmin edilərək iddiaçı İddiaçı və cavabdeh Cavabdeh İlham oğlu arasında Bakı şəhəri * saylı notariat ofisində bağlanmış ## #### 2025-ci il tarixli mənzillərin, evlərin müvəqqəti istifadəyə verilməsi - kirayə müqaviləsinin ləğv edilməsi, cavabdeh Cavabdeh İlham oğlu, həyat yoldaşı X3 və azyaşlı övladı X6 iddiaçı İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 858-ci məhəllə, ev 79, ** saylı (yeni qaydalarla: ünvan 1) mənzildən çıxarılması və mənzilin iddiaçı İddiaçı təhvil verilməsi, cavabdeh Cavabdeh İlham oğlundan ##/##/2025-ci il tarixli kirayə müqaviləsi üzrə 2025-ci ilin avqust ayından etibarən kirayə sahəsi – Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 858-ci məhəllə, ev 79, ** saylı mənzil (yeni qaydalarla: ünvan 1) iddiaçı İddiaçı təhvil verilənədək hər ay 350 (üç yüz əlli) manat olmaqla icarə haqqı, ödənilmiş vəkil xərcinin əvəzi kimi 1500 (min beş yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 155 (yüz əlli beş) manat tutularaq iddiaçı İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, ünvan 1 (köhnə ünvan: ünvan 2) ünvanında yerləşən əmlak iddiaçı İddiaçı məxsusdur. Tərəflər arasında bağlanmış kirayə müqaviləsinə əsasən iddiaçı mülkiyyətində olan mənzili kirayə haqqı aylıq 350 manat olmaqla kirayəyə vermişdir. Tərəflər razılaşmışdırlar ki, kirayə haqqı hər ayın 1- də ödəniləcəkdir. İddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirərək mənzili cavabdehə təhvil versə də, cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, aylıq kirayə haqqını ödəməmişdir. İddiaçı tərəfindən cavabdehə bununla bağlı bildiriş ünvanlanmasına baxmayaraq cavabdeh kirayə haqqını ödəməmiş, mənzili iddiaçıya təhvil verməmişdir. Bu səbəbdən iddiaçı hazırki tələblə məhkəməyə müraciət edərək, cavabdehlə arasında bağlanmış müqavilənin ləğv edilməsini, mənzilin təhvil verilməsini və ödənilməmiş kirayə haqqının ödənilməsini xahiş etmişdir. Tərəflər arasında bağlanmış ## #### 2025-ci il tarixli kirayə müqaviləsinə əsasən öhdəlik münasibətləri yaranmışdır. Həmin münasibətlər çərçivəsində iddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən mənzili cavabdehin istifadə və sahibliyinə verməklə müqavilə üzrə öhdəliyini yerinə yetirmiş, cavabdeh isə bunun qarşılığında hər ayın 1-də 350 manat kirayə haqqı məbləğini ödəməməklə öz müqavilə öhdəliyini pozmuşdur. İddiaçı artıq ##.##.2025-ci il tarixdə cavabdehin bu müqavilə üzrə öhdəliklərini pozması ilə əlaqədar müqaviləni birtərəfli qaydada ləğv etmək barədə müvafiq iradə ifadəsini cavabdehə bildirmiş və yaranmış kirayə haqqı borcunun ödənilməsini tələb etmişdir. Tərəflər arasında kirayə müqaviləsi var və həmin müqavilənin mövcudluğu öhdəliyə əsas verməklə, iddiaçının cavabdehə qarşı ödənilməmiş kirayə haqqlarını tələb etməyə əsas verir. Müqavilənin forma, məzmun, subyektiv tərkib və iradə ifadəsi nöqteyi-nəzərindən etibarsızlıq şərtlərinə əsas verən hər hansı hal məhkəmə tərəfindən müəyyən edilməmiş, cavabdeh isə məhkəmə iclaslarında iştirak etməməklə bununla bağlı hər hansı bir dəlil irəli sürməmiş və sübut təqdim etməmişdir. Cavabdeh kirayə müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri pozduğundan və onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan müqavilə üzrə 2025-ci ilin avqust ayından etibarən müqavilənin ləğv edilməsinədək hər ay üçün 350 manat olmaqla yaranmış (ödənilməmiş) kirayə haqqını iddiaçıya ödəməlidir. Məhkəmə iddia tələbinin “mənzildən çıxarılma və mənzilin geri qaytarılması” hissəsinə münasibətdə qeyd edib ki, iddiaçının mübahisəli əmlaka dair mülkiyyət hüququ dövlət reyestrində rəsmi olaraq dövlət qeydiyyatına alınmışdır. Tərəflər arasında ## #### 2025-ci il tarixli kirayə müqaviləsi bağlansa da, cavabdehin üzərinə götürdüyü öhdəlikləri pozmuş, bu səbəbdən iddiaçı kirayə müqaviləsinin ləğvi ilə bağlı birtərəfli iradə ifadəsini bildirməklə, kirayə haqqının ödənilməsini və mənzilin təhvil verilməsini xahiş etmişdir. Buna baxmayaraq, həmin mənzildə bugünədək cavabdeh ailə üzvləri ilə birlikdə yaşayır, mənzil onların istifadə və sahibliyindədir. Halbuki, onun bu mənzildə yaşamaq, ondan istifadə və ona sahiblik etmək üçün hər hansı hüquqi əsası qalmamışdır. Başqa sözlə, cavabdehin mübahisəli əmlakla hər hansı hüquqi bağlılığının olmamasına baxmayaraq, hazırda iddiaçının iradəsinə zidd olaraq həmin mənzildə yaşaması və bu vəziyyətin qeyri-müəyyən müddətədək davam edə bilməsi ehtimalı nəticə etibarı ilə iddiaçının öz mülkiyyətinə istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququnu qanunsuz məhdudlaşdırmaqla onun dövlət tərəfindən toxunulmaz elan olunan və müdafiə edilən mülkiyyətə münasibətdə konstitusion hüququnun kobud şəkildə pozulmasına gətirib çıxarır. Mülkiyyətçi olmasına baxmayaraq, hazırda qeyd edilən mənzilə sahiblik və ondan istifadə edə bilmir, bu mülkiyyətindən faktiki olaraq mərhum edilmişdir. Bu səbəbdən iddiaçının mülkiyyət hüququnun qorunması və bərpa edilməsi, habelə cavabdehin onun mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərin qarşısının alınması üçün sonuncunun həmin əmlakdan qanunsuz sahibliyinə və istifadəsinə son qoyulmalı və o, iddiaçının mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən mənzildən ailə üzvləri – həyat yoldaşı və yetkinlik yaşına çatmayan övladı ilə birlikdə çıxarılmalı, mənzil mülkiyyətçisinə, yəni iddiaçıya təhvil verilməlidir. Beləliklə mülki qanunvericiliyə görə, cavabdeh müqavilə üzrə öhdəliyini pozduğundan, 2 aydan çox müddətdə kirayə haqqını ödəmədiyindən, iddiaçının kirayə müqaviləsinə birtərəfli qaydada xitam verməklə cavabdehdən ödənilməmiş kirayə haqqının ödənilməsini və cavabdehin ailə üzvləri ilə birlikdə mənzildən çıxmasını tələb etmək hüququ vardır. İddiaçı həmçinin mənzil təhvil verilənədək hər ay 350 manat olmaqla icarə haqqının ödənilməsini tələb edir. Bununla bağlı, Mülki Məcəllənin həmin fəslinə aid 675-ci maddəsinə əsasən, əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir (Mülki Məcəllənin 684.1-ci maddəsi). Kirayə müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət bitdikdə xitam verilir (Maddə 689.1). Göründüyü kimi iddia tələbinin kirayə müqaviləsinə xitam verilən tarixədək kirayə haqqının tutulması hissəsində iddia tələbi müqavilə öhdəliyinə əsaslanır və bu hissədə iddianın maddi hüquqi əsasını məhz Mülki Məcəllənin 675 və 684.1-ci maddələri təşkil edir. Kirayə müqaviləsinə xitam verildikdən sonrakı dövr üçün kirayə haqqının ödənilməsi tələbi isə Mülki Məcəllənin 697.1 və 697.2-ci maddələrinə əsasən təhlil olunmalıdır. Mülki Məcəllənin 697.1-ci maddəsinə görə, kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. Kirayəçi bu öhdəliyi icra etmədiyi halda mülkiyyətçinin hüquqlarının müdafiəsi üçün qanunla xüsusi üsul müəyyən edilmişdir. Belə ki, Mülki Məcəllənin 697.2-ci maddəsinə görə əgər kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəçi kirayəyə götürdüyü əşyanı qaytarmırsa, kirayəyə verən kompensasiya olaraq əşyanın saxlandığı müddət üçün müəyyənləşdirilmiş kirayə haqqının verilməsini tələb edə bilər. İddia tələbinin mənzil kirayəyə verənə qaytarılanadək olan dövr üçün kirayə haqqının ödənilməsi tələbi üzrə işin müəyyən edilən faktik halları, Mülki Məcəllənin 697.2-ci maddəsinin dispozisiya şərtlərinə uyğundur. Göründüyü kimi iddia tələbinin bu hissədə hüquqi əsasını təşkil edən hüquq norması kimi Mülki Məcəllənin 697.2-ci maddəsi çıxış edir. İddiaçı cavabdehə bildiriş ünvanlayaraq kirayə haqqının ödənilməsini və mənzilin təhvil verilməsini xahiş etsə də, hazırki tarixədək mənzili iddiaçıya təhvil verilməmişdir, cavabdeh və ailə üzvləri hazırki tarixədək həmin ünvanda yaşamağa davam etməkdədirlər. İddiaçı mülkiyyətçi olaraq mənzilindən istifadə edə (başqa şəxs kirayə vermək və s.) bilmir. Belə olan halda, iddiaçı mənzil ona təhvil verilənədək kompensasiya olaraq əşyanın saxlandığı müddət üçün müəyyənləşdirilmiş kirayə haqqının verilməsini, yəni - cavabdehlər mənzildən çıxanadək hər ay 350 (üç yüz əlli) manat icarə haqqını tələb etməkdə də haqlı olmuşdur. İddiaçı həmçinin vəkil xərci olaraq ödənilmiş 1500 (min beş yüz) manat məbləğində pulun cavabdeh tərəfindən ona ödənilməsini xahiş edir. İddiaçının hazırkı məhkəmə mübahisəsinə görə peşəkar hüquqi xidmət alması işin mübahisəsiz halıdır. İddiaçı məhkəmədə “Pro Bono” vəkil Bürosunun vəkili Vəkil tərəfindən təmsil olunmuşdur. İş materiallarından müəyyən edilir ki, iddiaçı tərəfindən vəkil Vəkil vəkil xərci məqsədilə Pro Bono vəkil bürosuna 1500 manat ödəniş edilmişdir (##.##.2026-cı il tarixli; ************ saylı qəbz). Prosessual qanunvericiliyin məhkəmə xərclərini tənzimləyən normalarına əsasən nümayəndələrə və vəkillərə ödənilən xərclər məhkəmə məsrəflərinə daxildir. Həmin məsrəflər də digər məhkəmə xərcləri kimi ödənilmiş tələbin məbləğinə münasib olaraq tərəflərə aid edilir. Qanunvericilik eyni zamanda məhkəmənin üzərinə nümayəndəyə və ya vəkilə ödənilmiş xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə ağlabatan məbləğdə tutulması vəzifəsi qoyur. Konkret hallar dedikdə göstərilən yardımın həcmi (məhkəmə hərəkətlərinin və iclaslarının sayı), müddəti, baxılan işin mürəkkəbliyi və sair bu kimi amillər nəzərə alınmalıdır. Xərclərin ağlabatan məbləğ anlayışı qiymətləndirilən anlayış olub, hər bir iş üzrə konkret hallar nəzərə alınmaqla onun məzmunu müəyyən edilməlidir. Belə ki, bir mülki iş üzrə ağlabatan olan məbləğ başqa iş üzrə ya həddən artıq, ya da hərdən az məbləğ kimi qəbul edilə bilər. Göründüyü kimi hüquqi xidmətlərin göstərilməsinə görə ödənilmiş pulun əvəzi ağlabatan həddə müəyyən olunmalı və xeyrinə qətnamə çıxarılan tərəfə verilməlidir. Məhkəmə vəkilin hazırki iş üzrə göstərdiyi hüquqi yardıma görə tələb etdiyi 1500 manat xərci işin konkret halları və həcmi baxımından ağlabatan hədd kimi qiymətləndirir. Həmçinin məhkəmə hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci və 124-cü maddələri ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, hazırkı iddia təmin edildiyindən və cavabdehin dövlət rüsumundan azad olması halları məhkəmə tərəfindən müəyyən edilmədiyindən iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 155 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh Cavabdeh İlham oğlu (və nümayəndəsi və vəkili X4) apellyasiya şikayətində qətnamənin ləğv, iddianın isə rədd edilməsini xahiş edib göstərib ki, cavabdeh Cavabdeh İlham oğlu kirayə verilən sahənin istifadəsinə görə kirayə verən Abbasova Səbinə Tofiq qızına aylıq 350 manat kirayə haqqını vaxtlı-vaxtında əlbəəl ödəməklə müqavilə üzrə öhdəliyini yerinə yetirmiş, eləcə də kommunal xidmətlərdən istifadə edilməsinə görə haqqları da ödəmişdir. Buna baxmayaraq, iddiaçı Abbasova Səbinə Tofiq qızı həmin kirayə sahəsini başqa şəxsə daha yüksək haqq almaq məqsədi ilə kirayə vermək məqsədilə cavabdeh Cavabdeh İlham oğlu ilə aralarında bağlanmış həmin kirayə müqaviləsinə xitam vermək qərarına gəlmişdir. X2 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 858-ci məhəllə, ev 79, ** saylı mənzil də həmin mənzilin mülkiyyətçisi X2 ilə cavabdeh Cavabdeh İlham oğlunun arasında bağlanmış ##.##.2025-ci il tarixli kirayə müqaviləsinə əsasən ona və onun ailə üzvlərinə kirayə verilmişdir.X2 məxsus Bakı şəhəri, Nərimanov rayonu,Təbriz küçəsi 858-ci məhəllə, ev 79, ** saylı mənzillə, İddiaçıTofiq qızına məxsus Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 858-ci məhəllə, ev 79, ** saylı mənzilin arakəsməsi (divarı) mülkiyyətçiləri tərəfindən sökülərək birləşdirilmiş və bir mənzil kimi istifadə edilir. Həmin birləşdirilmiş mənzilin bir giriş qapısı, bir mətbəxi və bir ədəd sanitar qovşağı var. Cavabdeh Cavabdeh İlham oğlu hər iki mənzillərin sahibləri- X2 və İddiaçı ilə kirayə müqavilələrini bağlamağa o şərtlə razılaşmışdır ki, hər iki birləşdirilmiş mənzil bir mənzil kimi onun və onun ailə üzvlərinin istifadəsinə verilir və kirayə müqavilələrinə də eyni vaxta xitam verilə bilər. Mənzil sahibləri-X2 və İddiaçı cavabdeh Cavabdeh İlham oğlu ilə razılaşmalarından sonra Cavabdeh İlham oğlu ilə hər iki mənzilin mülkiyyətçiləri arasında eyni vaxta, yəni ##.##.2025-ci il tarixdə, eyni notariat ofisində kirayə müqavilələri bağlanmışdır. Həmin birləşdirilmiş mənzilin bir giriş qapısı, bir mətbəxi və bir ədəd sanitar qovşağı olduğundan həmin mənzildən kənar şəxsin istifadə etməsi mümkün deyildir. Belə olan halda iddiaçı Abbasova Səbinə Tofiq qızının mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 858-ci məhəllə, ev 79, ** saylı mənzilə görə kirayə müqaviləsinə xitam verməsi, cavabdeh Cavabdeh İlham oğlu və onun ailə üzvlərinin digər kirayə müqaviləsi ilə kirayə götürdükləri X2 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 858ci məhəllə, ev 79, ** saylı mənzilin sahəsindən istifadələrini çətinləşdirə və müqavilə üzrə müəyyənləşdirilmiş sahənin istifadəyə yararlığı azala bilər. Eyni zamanda, kirayə müqaviləsinə xitam verilməsi kirayəçi və onun ailəsi üçün ağır nəticələrə gətirib çıxara bilər. Mövcud halda isə məhkəmə qətnamə qəbul edərkən mübahisəni Mülki Məcəllənin 689.1-ci maddəsinin tələbinə uyğun həll etməmiş, Cavabdeh İlham oğlu ilə İddiaçı arasında bağlanmış ##.##.2025-ci il tarixli kirayə müqaviləsində müddət müəyyənləşdirməsinə baxmayaraq, iddiaçının kirayə müqaviləsinin ləğvinə dair bildirişini əsaslı hesab edərək iddiaçının xeyrinə qətnamə çıxarmışdır. Belə ki, məhkəmə cavabdeh Cavabdeh İlham oğlu tərəfindən kirayə müqaviləsi əsasında kirayə götürülmüş X2 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 858-ci məhəllə, ev 79, ** saylı mənzillə, İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 858-ci məhəllə, ev 79, ** saylı mənzilin arakəsməsi (divarı) mülkiyyətçiləri tərəfindən sökülərək mənzillərin birləşdirilməsini, həmin birləşdirilmiş mənzillərin bir mənzil kimi istifadə edilməsini, həmin birləşdirilmiş mənzilin bir giriş qapısı, bir mətbəxi və bir ədəd sanitar qovşağı olmasını, həmin birləşdirilmiş mənzilin bir giriş qapısı,bir mətbəxi və bir ədəd sanitar qovşağı olduğundan, iddiaçı Abbasova Səbinə Tofiq qızının mülkiyyətində olan həmin mənzilə görə kirayə müqaviləsinə xitam verməsi, cavabdeh Cavabdeh İlham oğlu və onun ailə üzvlərinin digər kirayə müqaviləsi ilə kirayə götürdükləri X2 məxsus mənzilin sahəsindən istifadələrini çətinləşdirə və müqavilə üzrə müəyyənləşdirilmiş sahənin istifadəyə yararlığı azala bilməsini, eyni zamanda kirayə müqaviləsinə xitam verilməsi kirayəçi və onun ailəsi üçün ağır nəticələrə gətirib çıxara biləcəyini nəzərə almamışdır.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
10. Məhkəmə iclasında iddiaçı İddiaçı nümayəndəsi və vəkili X7 apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
11. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Maddə 675. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Maddə 685.2. Kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini aşağıdakı hallarda ləğv edə bilər: 685.2.1. kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə; 685.2.2 ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə. Maddə 689.1. Kirayə müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət bitdikdə xitam verilir. Maddə 689.2. Əgər kirayə müqaviləsində müddət müəyyənləşdirilməyibsə, kirayə hüquq münasibətlərinin istənilən iştirakçısı bu Məcəllənin 690-cı maddəsinin göstərişlərinə uyğun olaraq müqavilənin ləğvinə dair bildiriş verə bilər. Maddə 690.1. Əmlak kirayəsi müqaviləsinin ləğvinə dair bildiriş yazılı formada verilməlidir. Maddə 690.2. Əmlak kirayəsi müqaviləsinin ləğvinə dair bildirişdə müqavilənin ləğvi üçün əsaslar göstərilməlidir. Maddə 690.3. Yaşayış otağını kirayəyə verən bu Məcəllənin 696-cı maddəsinə uyğun etirazvermə imkanını, habelə etirazın verilməsi formasını və müddətini kirayəçiyə vaxtında göstərməlidir. Maddə 697.1. Kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. Torpaq sahəsinin kirayəçisi kirayəyə götürdüyü torpaq sahəsini kirayəyə verənə qarşı pretenziyaları əsasında saxlamaq hüququna malik deyildir. Kirayəçi əşyanı hər hansı üçüncü şəxsin istifadəsinə verdikdə kirayəyə verən kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra üçüncü şəxsdən həmin əşyanı qaytarmağı tələb edə bilər. Maddə 697.2. Əgər kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəçi kirayəyə götürdüyü əşyanı qaytarmırsa, kirayəyə verən kompensasiya olaraq əşyanın saxlandığı müddət üçün müəyyənləşdirilmiş kirayə haqqının verilməsini tələb edə bilər; otaqların kirayəsi üzrə hüquq münasibətlərində bunun əvəzinə kompensasiya kimi o, həmin ərazidə bu cür otaqların kirayəsi üçün adətən tutulan məbləğdə kirayə haqqı verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ da istisna edilmir. Lakin yaşayış otaqlarını kirayəyə verən digər zərərin əvəzinin ödənilməsini yalnız o halda tələb edə bilər ki, əşya kirayəçinin cavabdeh olduğu halların nəticəsində qaytarılmasın; zərərin əvəzi yalnız həmin şəraitdə haqq-ədalətin tələb etdiyi dərəcədə ödənilir. Əgər kirayəçi ləğvetməyə dair bildiriş verərsə, bu müddəa tətbiq edilmir.
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri:
14. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas ola bilməz.
15. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair ## ### 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının ## ####### 2020-ci il tarixli **/**** nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
17. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia təmin edildiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də qətnamənin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
18. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
19. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
20. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə təmin edildiyi hissədə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia haqlı sayılır.
21. Əlbəttə ki, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.
22. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq, sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.
23. Məhkəmə tərkibi vurğulayır ki, işin həqiqi hallarının düzgün müəyyən edilməsi, əslində tərəflər arasında hansı mülkü hüquq münasibətlərinin yaranması, davam etməsi və xitam olunmasının düzgün müəyyən edilməsi, mübahisənin düzgün və qanuna uyğun həllini asanlaşdırır. İşin həqiqi hallarını dəqiq müəyyən edilməsi, həm də tərəflərdən hansının hüquqlarının pozulduğunu, kimin pozduğunu, qorunmalı olan hüququn və mənafenin kimə aid olduğunu düzgün müəyyən etməyi mümkün edir. Bu mənada məhkəmə tərkibi birinci instansiya məhkəməsinin iddia üzrə işin halları və tərəflərin qarşılıqlı münasibətləri baxımından mahiyyət etibarı ilə düzgün nəticəyə gəldiyini müəyyən etdi. Ona görə də qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas yoxdur. Buna baxmayaraq, iddianın və apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar əlavə hüquqi dəyərləndirmə aparılmasını da məhkəmə tərkibi zəruri hesab edir.
24. Əvvəla, Bakı Apellyasiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144, 146, 329, 675 və 700-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsi ilə bağlı müraciətinə dair ## #### 2025-ci il tarixli Qərardadında göstərildi ki, ... kirayə və icarə münasibətləri də öhdəlik hüququ xarakteri daşımaqla Mülki Məcəllənin məhz “Müqavilələrdən əmələ gələn öhdəliklər” adlı 7-cı bölməsinin 23 və 24-cü Fəsillərinin normaları ilə tənzimlənir. Daşınmaz əşyalarla bağlı təcrübədə ən çox bağlanan müqavilələrdən olan kirayə müqaviləsinə əsasən kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Yəni bu müqavilə konsessual ikitərəfli (qarşılıqlı) müqavilə olaraq bağlandığı andan onu bağlayan tərəflər üçün qarşılıqlı haqq (hüquq) və öhdəliklər əmələ gətirir. Kirayə münasibətlərində əşya yalnız şəxsi istifadə məqsədilə kirayəçiyə verilməklə ondan gəlir əldə etmək imkanı nəzərdə tutulmur. Kirayə müqaviləsi üzrə əşya üzərində mülkiyyət hüququnun subyektinin dəyişməz olaraq qaldığı və kirayəçiyə keçmədiyi mübahisəsizdir. Kirayəçi əşyanı yalnız onun funksional təyinatına uyğun istifadə etmək müqabilində kirayə haqqı ödəyir və razılaşdırılmış vaxtda əşyanı mülkiyyətçiyə geri qaytarır (Mülki Məcəllənin 675-ci maddəsi)... Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, Bakı Apellyasiya Məhkəməsinin müraciətində qaldırılan hüquqi məsələnin Mülki Məcəllənin müvafiq normalarına uyğun həll edilməsi mümkün olduğundan, eləcə də bu istiqamətdə məhkəmə təcrübəsi artıq formalaşmış olduğundan hazırkı vəziyyətdə müraciət üzrə Konstitusiya Məhkəməsi Plenumunun ayrıca Qərarının qəbul edilməsinə ehtiyac yoxdur. Göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsi tərəfindən bu müraciəti ona görə edilmişdir ki, daşınmaz əşyanın kirayə və icarə müqaviləsinin hansı formada - şifahi, sadə yazılı və ya notarial formada bağlanmalı olması qanunvericilikdə birmənalı müəyyən edilmədiyindən, kirayə (icarə) münasibətlərinin öhdəlik-hüquqi və ya əşya-hüquqi xarakterli olması ilə bağlı vahid mövqe formalaşmadığından qeyd edilən məsələ ilə bağlı Mülki Məcəllənin bir sıra normalarının şərh edilməsinə zərurət vardır. Ancaq Konstitusiya Məhkəməsi də təsdiqlədi ki, bu istiqamətdə məhkəmə təcrübəsi artıq formalaşıb. Başqa sözlə, əmlak kirayə müqaviləsinə dair qanunvericilikdə məcburi forma tələbi nəzərdə tutulmamışdır. Yəni, kirayə münasibətləri öhdəlik hüququ xarakteri daşıdığından kirayə verilən əşya daşınmaz əşya olsa da üzərində sərəncam əqdi bağlanmır. Başqa sözlə, əşyanı kirayə vermək Mülki Məcəllənin 144.1-ci maddəsinin məqsədi baxımından sərəncam hesab edilmir.
25. Bundan əlavə, cavabdeh kirayə haqqını vaxtı-vaxtında əlbəəl ödədiyini göstərsə də buna dair məhkəməyə hər hansı bir sübut təqdim etməyib. Cavabdehlə kirayə münasibətinə son verildikdən sonra iddiaçının həmin mənzili daha yüksək qiymətlə kirayəyə verəcəyi isə onun haqqıdır və cavabdehə bu işin heç bir aidiyyəti yoxdur.Yetər ki, cavabdeh bu müqavilə üzrə öhdəliyini icra etdiyinə dair məhkəməyə bir sübut təqdim etmiş olaydı ki, bu yönümdə də məhkəmənin hüquqi dəyərləndirmə aparmasına bir hüquqi imkan yaranmış olsun.
26. Bundan savayı, qeyd olunan ünvandakı evin ** saylı mənzilin mülkiyyətçisi X2 ilə cavabdeh arasında kirayə müqaviləsi bağlanmasının, hər iki mənzil arasındakı arakəsmə divarının sökülərək bir mənzil kimi istifadə olmasının, iddiaçı ilə kirayə münasibətlərinə xitam veriləcəyi halda digər mənzilin sahəsindən istifadələrini çətinləşdirə və müqavilə üzrə müəyyənləşdirilmiş sahənin istifadəyə yararlığı azala biləcəyi barədə dəlillər də açıq-aşkar əsassız olduğundan şikayəti əsaslı etmir. X5 iddiası əsasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-**)-***/**** nömrəli qətnaməsi ilə cavabdehin və ailə üzvlərinin həmin mənzildən də çıxarılmaları və kirayə haqqının ödənilməsi qət olunub və həmin qətnamədən verilən apellyasiya şikayəti də eyni Məhkəmənin ## #### 2026-cı il tarixli qərardadı ilə geri qaytarılmış, qətnamə qanuni qüvvəsini almışdır. Göründüyü kimi, bu halları bildiyi halda cavabdehin bu cür dəlillərdən istifadə etməsi də açıq-aşkar hüquqdan sui-istifadə xarakteri daşıyır.
27. Göstəriləndən əlavə, kirayə müqaviləsinə xitam verilməsinin kirayəçi və onun ailəsi üçün ağır nəticələrə gətirib çıxarmaması üçün cavabdeh həmin müqavilə üzrə öhdəliklərini yerinə yetirməli idi, ancaq yetirmir, üstəlik iddiaçının mülkiyyət hüququnu pozmaqda davam edir. Bu cür vəziyyətdə məhkəmə qətnamə qəbul edərkən mübahisəni elə Mülki Məcəllənin 689.1-ci maddəsinin tələbinə uyğun həll edib.
28. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən cavabdeh üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın təmin olunması həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətilə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda müqavilədən əmələ gələn öhdəliklər, hüquqdan başqalarına zərər vurmaq üçün pis niyyətlə sui-istifadə etmə institutunun yaranmasına da zərurət və əsas olmazdı.
29. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-*(*-**)-***/**** saylı, ## ### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
30. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
Cavabdeh Cavabdeh İlham oğlunun apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-*(*-**)-***/**** saylı, ## ### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.