Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1530/2023 27.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı AG Telekom MMC-nin (KATV1) Cavabdeh qarşı kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz qoşulma nəticəsində vurulmuş zərərə görə 107,40 manat, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanması üçün sərf olunan 100 manat, ödənilmiş dövlət rüsumuna görə 30,40 manat olmaqla cəmi 237,80 manatın tutulmasına dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı AG Telekom MMC (KATV1) Cavabdeh qarşı kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz qoşulma nəticəsində vurulmuş zərərə görə 107,40 manat, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanması üçün sərf olunan 100 manat, ödənilmiş dövlət rüsumuna görə 30,40 manat olmaqla cəmi 237,80 manatın tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, KATV 1 əmtəə nişanı ilə fəaliyyət göstərən AG X3 Cəmiyyəti Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının Televiziya və radio yayımı haqqında Qanununa uyğun olaraq, Milli Televiziya və Radio Şurasından xx.xx.2005-ci il tarixli, TR 057 saylı və xx.xx.2011-ci il tarixli, TR 066 saylı xüsusi razılıqlar (lisenziyalar) almışdır. Bu məqsədlə Bakı şəhərinin müxtəlif rayonlarında kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün vətəndaşlarla müqavilə əsasında onların mənzillərinə kabel xəttləri çəkir. Binəqədi rayonu ərazisində bir müddətdir ki, bəzi vətəndaşlar AG Telekom MMC ilə müqavilə bağlamadan və ya müqavilə münasibətlərinə xitam verdikdən sonra qanunsuz olaraq MMC-yə məxsus kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuz qoşulma hallarının qarşısının alınması məqsədi ilə AG Telekom MMC ilə Ədalət- A hüquq firması arasında hüquqi xidmətlərin göstərilməsi barədə müqavilə bağlanmışdır. İddia ərizəsinə əlavə olunmuş xx.xx.2013-cü il tarixli, AN-İ № ******* saylı alqı-satqı müqaviləsindən görünür ki, Bakı şəhəri Nərimanov rayonu Ziya Bünyadov küçəsi ev 28 mənzili 24 cavabdehin mülkiyyətində olmuşdur. xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, ünvan 1 ünvanında yaşamış Ayan Qarayeva arasında bağlanmış KATV1 kabel televiziyası xidmətlərinin göstəriməsinə dair müqaviləyə əsasən xx.xx.2007-ci il tarixdə bu ünvan KATV1 kabel televiziyasının şəbəkəsinə qoşulmuş, xx.xx.2010-cu il tarixinədək son ödəməsini etmiş və xx.xx.2011-ci il tarixdə 27 manat borcla şəbəkədən ayrılmışdır. xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, ünvan 1 ünvanında 1288 N saylı akt tərtib olunanadək sonuncu dəfə xx.xx.2013-cü il tarixdə həmin binaya baxış keçirilmişdir. Bundan sonra, xx.xx.2014-cü il tarixdə Ədalət-A hüquq firmasının Rabitə Nazirliyinin və KATV1 kabel televiziyasının əməkdaşları tərəfindən qeyd olunan ünvanda yerləsən kabel şəbəkəsinə baxış keçirilən zaman, həmin yasayış sahəsinin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmişdir. Bu barədə 1288 N saylı akt tərtib olunmuşdur. Akt tərtib edildikdən sonra qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Beləliklə tərtib edilmiş aktdan görünür ki, cavabdehə məxsus mənzil KATV1 kabel televiziyasının şəbəkəsinə qanunsuz olaraq qoşulmuş və həmin qoşulma nəticəsində AG Telekom MMC-yə maddi ziyan dəymişdir. Baxış keçirilən zaman tərtib edilmiş aktda qeyd edilənlər video qeydə alınmışdır. Həmçinin kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı xx.xx.2015-ci il tarixədək 9 manat və xx.xx.2015-ci il tarixdən isə 10 manat təşkil edir. Mənzilə son baxış keçirildiyi xx.xx.2013-cü ildən, qanunsuz qoşulma barədə aktın tərtib olunduğu xx.xx.2014-cü ilədək olan müddət 358 gün təşkil edir. Bu da hər gün üçün 30 qəpik maddi ziyan hesablamaq şərti ilə ümumilikdə 107,40 manat təşkil edir. Eyni zamanda, mülki hüquq pozuntusu vətəndaşın iradəsindən asılı olmayaraq aşkar edilmişdir. Yəni kabel şəbəkəsinə baxış keçirilməsəydi mənzil bu xidmətlərdən qanunsuz olaraq istifadə etməkdə davam edəcəkdi. Vurulmuş maddi ziyanın ödənilməsi məqsədi ilə cavabdehə qeydiyyatda olduğu ünvana tərtib edilmiş akt əlavə edilməklə pretenziya məktubu göndərilmiş və məktub anası tərəfindən xəbərnaməyə imza çəkməklə qəbul edilmişdir. Ödəniş tapşırığından görünür ki, AG Telekom MMC ilə Ədalət-A hüquq firması arasında bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilə əsasında xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanması üçün 100 manat pul ödəyir. Ona görə də Cavabdeh KATV1 əmtəə nişanı ilə fəaliyyət göstərən AG Telekom MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz qoşulma nəticəsində 107,40 mаnаt abunə haqqı qismində vurulmuş maddi zərərin, həmçinin hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanması üçün Ədalət-A MMC-yə ödənilmiş 100 manat pulun və ödənilmiş 30,40 manat dövlət rüsumunun, ümumilikdə 237,80 manat məbləğində vurulmuş maddi ziyanın alınaraq iddiaçı AG Telekom MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunur. İddiaçı AG Telekom MMC-nin (KATV1) direktoru S.T.Qurbanov ərizə ilə məhkəməyə müraciət edərək iddiaçı AG Telekom MMC-nin (KATV1) Cavabdeh qarşı iddia tələbi üzrə mülki işə iddiaçının iştirakı olmadan baxılaraq iddianın təmin edilməsini xahiş etmiş, məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə məlum ünvanı üzrə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. X1 ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən müəyyən olunur ki, satıcı Bakı şəhəri Nərimanov rayonu Ak.Z.Bünyadov prospekti ünvanında yerləşən 28 saylı evin 24 saylı mənzilini alıcıya satmışdır. Ədalət-A hüquq firmasının əməkdaşı N.V.Qasımovun, AG Telekom MMC-nin (KATV1) əməkdaşı A.N.Abdullayev, Azərbaycan Respublikası Rabitə Nazirliyinin əməkdaşı S.Məmmədovun iştirakı ilə tərtib olunmuş AG Telekom MMC-nin KATV1 kabel şəbəkəsinə qanunsuz qoşulmanın aşkar edilməsi haqqında xx.xx.2014-cü il tarixli 1288 saylı N aktın surətindən görünür ki, xx.xx.2014-cü il tarixdə Bakı şəhəri Nərimanov rayonu Ziya Bünyadov küçəsi 28 saylı evin 24 saylı mənzilinə kabel şəbəkəsinə nəzarət baxışı keçirən zaman mənzilin sakini tərəfindən KATV1 kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğu aşkar olunmuş və mənzilin qapısını döyərkən qapını açan olmamış, aktın surəti mənzilin qapısına qapıya qoyulmuşdur. AG Telekom MMC-nin xx.xx.2022-ci il tarixli arayışından müəyyən olunur ki, AG Telekom MMC ilə Bakı şəhəri Nərimanov rayonu Z.Bünyadov küçəsi 28 saylı evin 24 saylı mənzilində yaşayan Qarayeva Ayan arasında bağlanmış KATV1 kabel televiziyası xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən xx.xx.2007-ci il tarixdə bu ünvan KATV1 kabel televiziyasının şəbəkəsinə qoşulmuş və xx.xx.2010-cu il tarixdə son ödəməsini edərək xx.xx.2011-ci il tarixdə 27 manat borcla şəbəkədən ayrılmışdır. AG Telekom MMC-nin xx.xx.2022-ci il tarixli arayışından müəyyən olunur ki, Bakı şəhəri Nərimanov rayonu Z.Bünyadov küçəsi 28 saylı evin 24 saylı mənzilində 1288 N saylı akt tərtib olunana qədər sonuncu dəfə xx.xx.2013-cü il tarixdə həmin binaya baxış keçirilmişdir. Azərbaycan Respublikası MM-nin 1096.1.-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə qeyd edir ki, iddia tələbinin hüquqi əsası kimi istinad olunan maddələrin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Mülki hüquq pozuntusundan irəli gələn tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İddiaçı cavabdehin ona məxsus kabel şəbəkəsinə 9 il əvvəl qanunsuz qoşulmasını iddia etsə də, məhkəmə araşdırması zamanı bu hal sübuta yetirilməmişdir. Belə ki, iddiaçı cavabdehin ona məxsus kabel şəbəkəsinə qoşulmasını məhkəməyə təqdim etdiyi aktın surəti, apardığı video görüntü ilə sübuta yetirilməsini iddia etsə də, məhkəmə bu sübutları cavabdehin iddiaçının baş verməsini iddia etdiyi deliktdə təqsirini müəyyən edəcək mötəbər sübut növü kimi qəbul etmir. Belə ki, cavabdehin iştirakı olmadan 9 il əvvəl tərtib edilən akt, hansı binada, hansı ünvanda nə vaxt çəkiliş aparılması müəyyən olunmayan video çəkiliş iddiaçının iddia tələbində istinad etdiyi halların sübuta yetirilməsi üçün mötəbər, təkzib olunmaz sübut kimi qəbul edilə bilməz. Ona görə də məhkəmə iddiaçının iddia tələblərini sübuta yetirilməməsi səbəbindən təmin etmir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddia tələbləri təmin edilmədiyindən iddiaçının çəkdiyi məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ AG Telekom MMC-nin (KATV1) Cavabdeh qarşı kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz qoşulma nəticəsində vurulmuş zərərə görə 107,40 manat, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanması üçün sərf olunan 100 manat, ödənilmiş dövlət rüsumuna görə 30,40 manat olmaqla cəmi 237,80 manatın tutulmasına dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №e-2(001)-1530/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1530/2023
27.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver