Məhkəmə qərarları › İş №e-2(001)-395/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-395/2025

11.07.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-395/2025 11.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, X19 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеh Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 26 saylı evin 86 saylı mənzilindən çıxarılması, mənzilin boşaldılması və cavabdehin bu mənzil üzrə istifadə hüququ olmayan şəx hesab edilməsi barədə qətnamə qəbul edilməsini, eyni zamanda qətnamədə cavabdehin mənzildən qeydiyyatdan çıxarılması üçün əsas olması bəndinin qeyd edilməsinin xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, ev 26, 86 saylı mənzil iddiaçının xüsusi mülkiyyətindədir. Cavabdeh oğlu, X2 həyat yoldaşı olmuşdur. Tərəflər arasında nikah artıq bir neçə ildir ki pozulmuşdur. Nikah pozulduqdan sonra cavabdeh onun mənzilində yaşamaqda davam edir. Cavabdehin əşyaları da onun mənzilində yerləşir. Qeyd edir ki, cavabdeh özünə ipoteka krediti ilə ev almışdır, eyni zamanda valideynlərinin də evləri vardır. Cavabdeh onun heç bir ailə üzvü deyildir. Mənzilindən qanunsuz, onun iradəsinə zidd olaraq istifadə edir. Mənzildən cavabdeh istifadə edir, orada yaşayır, həmin mənzildə əşyaları vardır. Eyni zamanda qeyd edir ki, cavabdeh onun mənzilində pasport qeydiyyatındadır. Hazırda o, öz mənzilinə köçmək istəyir, lakin cavabdeh buna mane olur. Dəfələrlə cavabdehə mənzilini boşaltmasını, mənzildən çıxmasını, mənzildən qeydiyyatdan çıxmasını tələb etsədə, cavabdeh imtina etmişdir. Cavabdehin onun ailə üzvü olmadığını, onun mülkiyyətçi olmağını nəzərə alaraq, cavabdehin mənzilimi boşaltmasını, mənzildən çıxarılmasını, eyni zamanda mənzildən istifadə hüququ olmayan şəxs hesab edilməsini istəyir.

3. İşin baxılması zamanı iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 26 saylı evin 86 saylı mənzilinə istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbinin həcminin azaldılmasına dair ərizəni onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, ev 26, 86 saylı mənzil mərhum əri Hacı Rəhimova order əsasında 1998-ci ildə verilmişdir. Orderdə ailə üzvləri olaraq o və 3 oğlu qeyd edilmişdir. 14 dekabr 2016-cı ildə Hacı Rəhimov vəfat etmişdir. Vərəsəlik hüquqlarını reallaşdırmaq üçün 11 saylı Dövlət Notariat Kontoruna mürtaciət etmişdir. 11 saylı Dövlət Notariat Kontoru tərəfindən ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Qeyd edilən mənzili özəlləşdirmək üçün müvafiq sənədləri təqdim etməklə, adına çıxarış almışdır. Cavabdeh onun keçmiş gəlinidir. O, 24 dekabr 2005-ci il ildə oğlu, X18 ilə nikaha daxil olmuşdur. Nikaha daxil olduqdan sonra mübahisəli mənzilə cehiz əşyalarını gətirmişdir. 21 fevral 2013-cü ildə mənzilə pasport qeydiyyatına alınmışdır. Ailə daim münaqişəli olduğundan tərəflərin 2019-cu ildə nikahları pozulmuşdur. Nikah pozulduqdan sonra 5 il müddətində cavabdeh onun mənzilində yaşamışdır. Cavabdeh onun mənzilində yaşadığı təqdirdə, ipoteka ilə özünə Hövsan qəsəbəsində mənzil almışdır. Cavabdehdən dəfələrlə mənzili boşaltmağı tələb etmişlər, lakin faydası olmamışdır. Buna görə də mənzildən çıxarılma, mənzilin boşaldılması və sair tələblə məhkəməyə müraciət etmişlər. İş məhkəmədə getdiyi ərəfədə cavabdeh bütün cehiz əmlaklarını götürməklə, mənzili boşaltmış, özü də çıxıb getmişdir. Cavabdeh mənzili boşaltsa da, mənzildə qeydiyyatda qalmışdır. Buna görə də hazırda məhkəməyə müraciət edərək, cavabdehin istifadə hüququna xitam verilməsini zəruri hesab edir. Həmçinin qeyd edir ki, cavabdehlə onun arasında mənzilə istifadə hüququnun qeydiyyata alınması ilə nağlı notariat qaydasında təsdiq edilmiş hər hansı bir razılaşma olmamışdır. Bundan başqa xüsusi ilə qeyd edir ki, cavabdehin başqa yaşayış yeri vardır, cavabdehin yaşayış yerinə ehtiyacı yoxdur. Yaşayış yerinə ehtiyacının olmaması Hövsan qəsəbəsində ev əldə etdiyi andan kompensasiya hüququnu istisna edir. Cavabdehin istifadə hüququna xitm verilməməsi onun mülkiyyət hüquqlarını pozur. Tərəflərin izahatları və iddiaya münasibəti:

5. Məhkəmə iclaslarında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və izahatında bildirmişdir ki, iddiaçı əri ilə birgə nikah dövründə kooperativ ev almışlar və bu barədə order verilmişdir. Orderdə iddiaçının əri, özü və uşaqlarının adları qeyd edilmişdir. Cavabdeh, iddiaçının oğlu ilə ailə qurduqdan sonra mübahisəli mənzilə köçsələr də, 2013-cü ildə pasport qeydiyyatına düşmüşdür. İddiaçının oğlu ilə cavabdeh arasında olan nikah 2019-cu ildə pozulsa da, bundan sonra 5 ildən çox həmin mənzildə yaşamağına heç kim etiraz etməmişdir. Hətta cavabdeh 2021-ci ildə özünə ipoteka ilə mənzil alsa da, iddiaçıya məxsus evdən çıxmamışdır. Cavabdeh artıq mübahisə predmeti olan mənzildə yaşamadığından iddia tələbini həmin hissələrdə azaltmışdır Bununla belə, cavabdehin nikah pozulduqdan sonra 5 il orda yaşaması özlüyündə ədalətli kompensasiyadır və üstəlik cavabdehin yaşayış sahəsinə ehtiyacı aradan qalxmışdır. Cavabdeh tərəfin təqdim etdiyi müqaviləni isə inandırıcı hesab etmir. Belə ki, yaşayış sahəsi olmayan adamın özünə məxsus evi satmağının məntiqi izahı yoxdur. Bundan başqa ipotekada olan evə dair həmin ilkin razılaşma müqaviləsi etibarlı hesab edilə bilməz. Hətta həmin müqaviləni etibarlı hesab edilsə belə, cavabdeh 44000 manat pul əldə etmişdir və həmin məbləğlə o, ən azı 3 illik kirayə haqqını ödəmək iqtidarındadır. Necə ki, məhkəmə təcrübəsində kompensasiya məbləği həmin qaydada müəyyən edilir. Bununla yanaşı diqqətə alınmasını xahiş edir ki, iddiaçının nəvələrinə yönələn hər hansı tələbi yoxdur.

6. Məhkəmə iclasında iştirak edən cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini etiraf etməyərk izahatında bildirmişdir ki, mübahisə predmeti olan mənzilə dair Bakı şəhər İcra Hakimiyyəti tərəfindən X6 adına xx.xx.2001-ci il tarixli order verilmişdir. X14, 2018-ci ildə ölmüşdür. Həmin dövrə kimi mənzil dövlət mənzil fondu kimi qeydiyyatda olmuşdur. Həmin mənzildə cavabdeh, əri və iki uşaqları yaşamışdır. Onda olan məlumata əsasən cavabdeh ailə qurduqdan sonra 2005-ci ildə həmin mənzilə köçərək yaşamışdır. 2013-cü ilədək cavabdeh həmin mənzildə pasport qeydiyyatında olmamaqla yaşamış, 2013-cü ildə pasport qeydiyyatına düşmüşdür. İddiaçı, həmin mənzildə yaşamamış və qeydiyyatda olmamışdır. Hazırki iş üzrə hesab edir ki, “Mənzil fondunun özəlləşdirməsi haqqında” Qanun tətbiq edilməlidir. Həmin Qanununun 5-ci maddəsində göstərilir ki, mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Cavabdeh 2005-ci ildən yaşamasına baxmayaraq, faktiki olaraq 2013-cü ildən pasport qeydiyyatına düşməklə, həmçinin mənzil sahəsinin kirayəçisi olaraq onun mənzilin özəlləşdirilməsi zamanı hüquqları pozulmuşdur. Bundan başqa mənzilin özəlləşdirilməsi zamanı cavabdehə təklif olunmuşdur ki, o bununla bağlı razılıq versin və iddiaçı tərəf öz növbəsində ona 2 otaqlı mənzil alınıb veriləcəkdir. Cavabdeh isə 2 otaqlı mənzil alınıb ona verildikdən sonra mənzilin özəlləşdirilməsinə razılıq verəcəkdir. Mübahisə predmeti olan mənzili cavabdeh köçüb yaşayanda ona verildiyi bildirilmişdir. Köçdüyü zaman mənzilin qaynatasının adına olduğunu bilmişdir. Hesab edir ki, cavabdehin həmin mənzilə dair sahiblik və istifadə hüququ vardır. Mənzil özəlləşdirilən zaman cavabdehin mülkiyyət hüququ nəzərə alınmamış, onun bu mənzildə hüququları tanınmamışdır. Həmçinin bildirmişdir ki, cavabdeh ipoteka ilə mənzil almışdır. Lakin hazırda həmin mənzil başqa şəxsə satılmışdır. Bu səbəbdən cavabdehin başqa yaşayış sahəsi yoxdur.

7. Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 həmçinin iddiaya qarşı yazılı etirazla müraciət edərək göstərmişdir ki, İddiaçı iddia tələbi təmin edilməmalidir. Belə ki, Cavabdeh iddiaçının oğlu X18 ilə 24 dekabr 2005-ci il tarixdə nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Ailə həyatı qurduğu 24 dekabr 2005-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi 26 saylı evin 86 saylı mənzilinə köçmüşdür. Mənzil köçdüyü gündən bir neçə gün qabaq ailəsi tərəfindən ona verilmiş cehiz əşyaları həmin mənzilə köçürülmüşdür. Mənzil sahəsi boş olmuşdur. Mənzildə heç kim yaşamamışdır. Mənzil sahəsinin ona və ailə həyatı qurduğu X13 məxsus olması cavabdehə bildirilmişdir. Cavabdeh həyatı qurub, gəlin köçdüyü zaman iddiaçı Rəhimova Саһаn Hacı qızı və ailə üzvləri ünvan 1 ünvanda yaşamışlar. Həmin tarixdən ötən müddətdə və hazırda həmin ünvanda yaşayır. Cavabdeh ailə həyatı qurduqdan sonra 21 fevral 2013-cü il tarixinədək İddiaçı və onun ailə üzvlərinə məxsus olan ünvan 1 ünvandakı mənzildə pasport qeydiyyatında olmuşdur. X18 ilə nikah münasibətindən iki övladları olmuşdur. xx.xx.2006cı il tarixdə X15 və 23 mart 2009-cu il tarixdə X16. Övladları, keçmiş həyat yoldaşı X18 və Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi 26 saylı evin 86 saylı mənzilində yaşamışlar. Mənzil sahəsi dövlət mülkiyyətində olmuşdur. 2023-cü ilin sonları, 2024-cü ilin əvvəllərində Cavabdeh iki otaqlı mənzil alınıb verilməsi vəd olunmaqla mənzil sahəsinin özəlləşdirilməsinə dair ərizə verməsi tələb olunmuşdur. Cavabdeh isə əksinə iki otaqlı mənzilin alınıb verilməsindən sonra mənzil sahəsinin özəlləşdirilməsinə dair ərizə verəcəyini keçmiş həyat yoldaşına bildirmişdir. Aralarında razılaşma olmadığından Cavabdeh ərizə verməmişdir. İddiaçı mənzil sahəsinin mülkiyyətində olmasını təsdiq edən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş 27. 05. 2024-cü il tarixli çıxarışı iddia ərizəsinə əlavə etmişdir. Cavabdeh mənzil sahəsinin özəlləşdirilməsinin onun razılığı, ərizəsi olmadan edildiyini bildirərək özəlləşdirmənin qanunsuz olduğunu bildirir. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışa əsasən 21 fevral 2013-cü il tarixdən həmin ünvanda X18, X15, Cavabdeh və X16 qeydiyyatdadırlar. İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi 26 saylı evin 86 saylı mənzilində qeydiyyatda olmasına dair sübut iş materiallarına əlavə olunmamışdır. İş materiallarına əlavə olunmuş sənədlərlə sübut olunur ki, İddiaçı ünvan 1 ünvanda qeydiyyatda olmuşdur. Mülki iş materiallarına əlavə olunmuş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş çıxarışla müəyyən olunur ki, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi 26 saylı evin 86 saylı mənzilinə xüsusi mülkiyyət hüququ xx.xx.2024-cü il tarixdə **********3-05301-093069 daşınmaz əmlakın dövlət reyestri ilə qeydə alınmışdır. Daşınmaz əmlak üzərində hüququnun dövlət reyestrində qeydə alınması tarixinədək İddiaçı mübahisə olunan, tələb irəli sürdüyü mənzil sahəsi üzərində istifadə, sahiblik hüququ olmamışdır. İddiaçı daşınmaz əmlaka hüququnun dövlət qeydiyyatına alınması mübahisəli evə məhz bu andan istifadə, sahiblik və sərəncam vermək hüququnun yarandığı faktı kimi qəbul edilməlidir. Cavabdehin isə ailə həyatı qurmaqla, mübahisə olunan mənzil sahəsinə 24 dekabr 2005-ci il tarixdə köçməsi ilə mənzil sahəsindən istifadə və sahiblik hüququnun iddiaçıdan əvvəl yarandığı hüquqi fakt kimi qəbul edilməlidir. Cavabdeh iddiaçının oğlu X18 ilə 24 dekabr 2005-ci il tarixdə nikaha daxil olaraq ailə həyatı qurmaqla Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi 26 saylı evin 86 saylı mənzilinə köçərkən İddiaçı mübahisəli evin mülkiyyətçisi olmamış, ev onun sahibliyində və istifadəsində olmamışdır. Bu baxımdan, hesab edir ki, dövlət qeydiyyatından keçməmiş, mübahisə olunan evə iddiaçının mülkiyyət hüququ qanuni əsaslarla yaranmadığından, iddiaçının mübahisəli evə mülkiyyət hüququ Cavabdeh hüqularının pozulması ilə yarandığından iddia tələbi təmin olunmamalıdır. Digər tərəfdən yuxarıda qeyd etdiyi kimi Cavabdeh 24 dekabr 2005-ci il tarixdə nikaha daxil olmaqla ailə həyatı qurub, Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi 26 saylı evin 86 saylı mənzilə köçürüldüyü zaman həmin mənzil sahəsi iddiaçının mülkiyyətində olmamışdır. Həmin dövrdə qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər.

8. Cavabdehin nümayəndəsi, vəkil bundan əlavə məhkəməyə göndərdiyi yazılı çıxışında əlavə olaraq qeyd etmişdir ki, Cavabdeh iddiaçının oğlu X18 ilə 24 dekabr 2005ci il tarixdə nigaha daxil olduğu gündən Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi 26 saylı evin 86 saylı mənzilinə köçmüş və həmin mənzil sahəsində yaşamışdır. İddiaçı oğlu X18 ilə nigah münasibətindən 24. 12. 2006-cı il tarixdə doğulmuş X15 və 23 mart 2009-cu il tarixdə doğulmuş X16 ilə Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu. Cəfər Xəndan küçəsi 26 saylı evin 86 saylı mənzilində yaşamışlar. İddiaçı və ailə üzvləri ünvan 1 ünvanda yaşamışlar. Həmin tarixdən ötən müddətdə və hazırda həmin ünvanda yaşayır. Cavabdeh ailə həyatı qurduqdan sonra 21 fevral 2013-cü il tarixinədək İddiaçı və onun ailə üzvlərinə məxsus olan ünvan 3 ünvandakı mənzildə pasport qeydiyyatında olmuşdur. Mübahisə olunan mənzil sahəsinə cavabdeh köçüb yaşamağa başladığı tarixdən 27. 05. 2024-cü il tarixinədək dövlət mülkiyyətində olmuşdur. Mənzil sahəsi Bakı şəhər İcra Hakimiyyətinin 21. 11. 2000-ci il tarixli 1024 nömrəli sərəncamı əsasında, 25 fevral 2001-ci il tarixli, 023931 nömrəli orderlə Hacı Rəhimova verilmişdir. Cavabdeh və onun keçmiş həyat yoldaşı X18, övladları X15, X16 21 fevral 2013-cü il tarixdən mənzil sahəsinin kirayəçisi Hacı Rəhimovun razılığı əsasında mənzil sahəsinə pasport qeydiyyatına alınmışlar. Cavabdehə kompensasiya ödənilməklə mənzil sahəsindən istifadə hüququna xitam verilməsi ilə iddiaçının tələbi hüquqi cəhətdən əsaslı olmalıdır. Mənzil sagəsinin yerləşdiyi ərazidə 4 otaqdan ibarət mənzil sahəsinin aylıq kirayə haqqı 1000 (bir min) manat məbləğindədir. Bir illik kirayə haqqı 12.000 ( on iki min) manat məbləğini təşkil edir. Məhkəmə təcrübəsinə əsasən kompensasiyanın verilməsi 3 illik və yaxud 5 illik kirayə haqqının ümumi məbləği ilə hesablanır. İddiaçının kompensasiya ödənilməklə cavabdehin mənzil sahəsindən istifadə hüququna xitam verilməsini tələb edərkən nəzərə almalıdır ki, faktiki olaraq mənzil sahəsi iddiaçıya vərəsəlik hüququ və digər ödənişli əsaslarla keçməmişdir. İddiaçı mənzil sahəsini qanun pozuntusu ilə özəlləşdirmişdir. Cavabdeh qanunla qorunan hüququ və mənafeyinə zərər vurmaqla. qanunvericiliyin tələbləri pozmaqla Bakı şəhəri Binəqədi rayonu Cəfər Xəndan küçəsi 26 saylı evin, 86 saylı mənzili İddiaçı adına özəlləşdirilmişdir. Bakı şəhəri. Binəqədi rayonu, Cəfər Xəndan küçəsi 26 saylı evin 86 saylı mənzilin özəlləşdirilməsi zamanı mənzil sahəsində yaşayan, mənzil sahəsinin kirayəçisi olan, mənzil sahəsində qeydiyyatda olan. Kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin və Cavabdeh razılığı olmadan mənzil sahəsi İddiaçı adına özəlləşdirildiyindən, Cavabdeh mənzil sahəsinin özəlləşdirilməsində iştirak etmək hüququ pozulduğundan, bunun nəticəsində onun qanunla qorunan hüquqlarına və mənafeyinə mühüm zərər vurulduğundan xüsusi qərardad çıxarılmaqla prokurora məlumat verilməsini və iddia tələbinin rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş edirəm. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

9. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)-6349/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X4 ilə cavabdeh X18 arasında xx.xx.2005-ci il tarixdə bağlanmış nikahın pozulması, birgə nikahlarından olan xx.xx.2006-cı il təvəllüdlü X15 və xx.xx.2009-cu il təvəllüdlü X16 anası X3 himayəsində saxlanılması və.s qət edilmişdir.

10. AZ-İ seriyalı, 325134 nömrəli, xx.xx.2019-cu il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X18 ilə X4 arasında olan nikah pozulmuşdur.

11. Azərbaycan Respublikası Daxişi İşlər Nazirliyi tərəfindən verilmiş ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, X18 xx.xx.2013-cü il tarixdən ünvan 4 ünvanında qeydiyyatdadır. X15, Cavabdeh və X16 da bu ünvanda qeydiyyatdadırlar.

12. Azərbaycan Respublikası Daxişi İşlər Nazirliyi tərəfindən verilmiş ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışın surətindən görünür ki, Cavabdeh xx.xx.2013-cü il tarixdən ünvan 4 ünvanında qeydiyyatdadır.

13. Bakı şəhər İca Hakimiyyəti Başçısının 1024 saylı, xx.xx.2000-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş Bakı şəhər İcra Hakimiyyəti Aparatı mənzil-kooperativ məsələləri üzrə ictimai komissiyanın 7 saylı, xx.xx.2000-ci il tarixli protokolunun surətindən görünür ki, X1 mənzilə orderin verilməsinə dair məsələyə baxılaraq razılıq verilməsi qərara alınmışdır.

14. Mənzil Kooperativ İdarəsi tərəfindən verilmiş xx.xx.2001-ci il tarixli, 023931 nömrəli orderin surətindən görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli, 1024 saylı sərəncamı əsasında X10 Bakı şəhəri, C.Xəndan küçəsi, ev 26, 86 nömrəli mənzil verilmişdir. Ailə tərkibi: arvadı- 1948-ci il təvəllüdlü İddiaçı, oğlulları- 1980-ci il təvəllüdlü Rəhimov T.H., 1981-ci il təvəllüldü Rəhimov P.H və Rəhimov Ə.H.

15. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Bakı Ərazi İdarəsinə ünvanlanmış və notarial qaydada təsdiq edilmiş X11 xx.xx.2024-cü il tarixli, X7 və X5 xx.xx.2024-cü il tarixli ərizələrinin surətlərindən görünür ki, onlar bu ərizələrində ünvan 4 ünvanında yerləşən mənzilin X8 adına özəlləşdirilməsinə razı olduqlarını bildirmişlər.

16. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəi, 3202-ci məhəllə, ev 26, 86 (yeni qaydalarla: AZ 1130, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Xəndan küçəsi, giriş 130, M3, m2) nömrəli mənzilə dair İddiaçı mülkiyyət hüququ xx.xx.2024-cü il tarixə qeydiyyata alınmışdır.

17. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin ünvan 7 ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Muğan küçəsi, ev 6, 2 saylı mənzil Bakı şəhəri 12 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 4Ə- 1537 reyestr bömrəli güzəştli mənzilin alqı-satqı və ipoteka müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixdə Cavabdeh adına qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. Sözügedən mənzil Bank "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.

18. xx.xx.2025-ci il tarixli İlkin Razılaşma müqaviləsinin surətindən görünür ki, Cavabdeh ilə X12 arasında xx.xx.2021-ci il tarixli çıxarışa əsasən yeni qaydalarla ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 58.40 kv.m olan mənzilin satılması barədə razılıq əldə edilmişdir.

19. Bu razılaşmaya əsasən əmlakın dəyəri 122000 manat müəyyən edilmiş, alıcı (Vüsal Baxışov) ilkin olaraq 44000 manat məbləğini notaiusun depozit hesabı vasitəsilə satıcıya (Cavabdeh) ödəməli, qalan 78000 manat məbləği – 312 ay müddətində bank faizi daxil olmaqla hər ay aylıq 250 manat ödəməyi öhdəsinə götürmüşdür.

20. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, İddiaçı Cavabdeh Hacı qızının cavabdeh İddiaçı qarşı “özəlləşdirilmənin ləğv edilməsi və.s” tələbinə dair qarşılıqlı iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

21. Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 1024 saylı, xx.xx.2000-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş Bakı şəhər İcra Hakimiyyəti Aparatı mənzil-kooperativ məsələləri üzrə ictimai komissiyanın 7 saylı, xx.xx.2000-ci il tarixli protokolundan görünür ki, Bakı şəhər Mənzil Kooperativ Təsərrüfatı İdarəsi tərəfindən vətəndaş X1 mənzilə dair order verilmişdir. Komissiya iclasında orderin verilməsinə razılıq məsələsinin müzakirəsi zamanı müəyyən edilmişdir ki, vətəndaş H.Rəhimov xx.xx.1995-ci il tarixdə 5 nəfər ailə üzvü ilə kooperativ mənzil növbəsində olmuşdur və "xxxx" MTK üzvlərinin ümumi yığıncağının xx.xx.1998-ci il tarixli, 06 saylı protokolu ilə vətəndaş H.Rəhimov həmin MTKya üzv qəbul olunub və mənzillərin bölüşdürülməsi zamanı ona Cəfər Xəndan küçəsi 26 ünvanında sahəsi 62.33 kv.m olan 86 saylı 4 otaqlı kooperativ mənzil verilmişdir. Həmin iclasın nəticəsində vətəndaşa order verilməsinə və orderə özü, arvadı və 3 oğlunun daxil edilməsinə razılıq verilmişdir. Nəticədə isə xx.xx.2001-ci il tarixdə vətəndaş H.Rəhimova 023931 saylı order verilmişdir.

22. xx.xx.2005-ci il tarixdə iddiaçının oğlu X18 ilə cavabdeh X4 nikaha daxil olmuş və cehiz əşyaları ilə birlikdə cavabdeh həmin mübahisə predmeti olan mənzilə köçmüşdür. Onların nikahı xx.xx.2018-ci il tarixli məhkəmə qətnaməsinə əsasən pozulmuş və birgə nikahdan olan 2 uşağın ananın yanında saxlanması müəyyən edilmişdir. İddiaçı və onun ailə üzvləri heç vaxt həmin mənzildə yaşamamış, onlar İ.Dadaşov küçəsində yerləşən digər mənzillərində yaşamışlar.

23. Nikah pozulduqdan sonra da cavabdeh uşaqları ilə birlikdə həmin mənzildə yaşamağa davam etmiş və yalnız məhkəmə icraatı dövründə mənzildən çıxmışdır. Cavabdeh tərəf iddiaçının kommunal xidmətlərdən istifadə etməyə yaratdığı maneələrdən dolayı evdən çıxmağa məcbur olduqlarını iddia edirlər, iddiaçı tərəf isə cavabdehin bu dəlilləri ilə razılaşmır və bununla bağlı cavabdeh tərəfindən hər hansı sübut təqdim edilməmişdir.

24. Cavabdeh 2021-ci il tarixdə Suraxanı rayonu, Hövsan qəsəbəsində ipoteka ilə mənzil almışdır. Bununla belə, həmin mənzili məhkəmə icraatı dövründə xx.xx.2025-ci il tarixdə ilkin razılaşma əsasında 44000 manata başqa şəxsə satmışdır.

25. İddiaçı xx.xx.2024-cü il tarixdə Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinə müraciət edərək, əri X6 vəfat etməsinə görə (elektron məhkəmə sistemindən müəyyən edilir ki, xx.xx.2016-cı il tarixdə vəfat etmişdir) birgə nikah dövründə əldə edilmiş mənzilin bütün vərəsələrin razılığı ilə onun adına özəlləşdirilməsini xahiş etmiş və onun tam pay xüsusi mülkiyyət hüququ xx.xx.2024-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.

26. İddiaçı keçmiş ailə üzvü kimi cavabdehin 5 il müddətində onun mənzilində yaşadığına, ipoteka ilə mənzil aldığına görə yaşayış sahəsinə ehtiyacının aradan qalxmasına və könüllü olaraq daimi əsaslarla mənzildən çıxmasına əsaslanaraq istifadə hüququna xitam verilməsini tələb edir.

27. Cavabdeh isə 2005-ci ildə dövlət mənzil fonduna məxsus olan mənzilə köçərək icarədarla eyni həcmdə istifadə hüququ əldə etdiyinə, başqa yaşayış sahəsinin olmadığına, mənzildən çıxmağa məcbur edildiyinə, ipotekada olan evi artıq satdığına əsaslanaraq, kompensasiya ödənilmədən istifadə hüququna xitam verilməli olmadığını bildirərək, iddiaya etiraz edir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi

28. Əvvəla məhkəmə qeyd edir ki, yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu növ iddialara baxılarkən, hər bir halda şəxsin istifadə hüququnun mövcud olub-olmaması məsələsi araşdırılmalıdır, belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz.

29. Bu mövqedən yanaşaraq məhkəmə hesab edir ki, cavabdehin istifadə hüququ olmadığından, olmayan hüquqa xitam verilməsinin də mümkünsüzlüyünə görə iddia əsassızdır.

30. Məhkəmə istifadə hüququnun mövcudluğu məsələsini araşdırarkən tərəflər arasında mübahisəli hüquq münasibətinin nə vaxt yarandığını və həmin vaxt hansı maddi hüquq normasının tətbiq edilməli olduğunu, mübahisəli mənzilin statusunu və.s halları nəzərə almalıdır.

31. İşin müəyyən edilmiş hallarına görə cavabdeh 2005-ci il tarixdə mübahisəli mənzilə köçmüşdür və tərəflər arasında mübahisəli hüquq münasibəti həmin vaxtdan yaranmışdır. Həmin vaxt qüvvədə olan Mülki Məcəllənin 228-ci maddəsi Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnu və Mənzil Məcəlləsinin 53-cü maddəsi dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadəni və 123–cü maddəsi isə yaşayış evi mülkiyyətçisinin ailə üzvlərinin istifadə hüququ ilə bağlı məsələləri tənzimləmişdir.

32. Mülki Məcəllənin:

33. 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.

34. 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

35. 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.

36. Mənzil Məcəlləsinin (2009-cu ilədək qüvvədə olan):

37. 4-cü maddəsində qeyd edilmişdir ki, dövlətə məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (dövlət mənzil fondu); kolxozlara və başqa kooperativ təşkilatlarına, onların birliklərinə, həmkarlar ittifaqı təşkilatlarına və digər ictimai təşkilatlara məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (ictimai mənzil fondu); mənziltikinti kooperativlərinə məxsus yaşayış evləri (mənzil-tikinti kooperativləri fondu); vətəndaşların xüsusi mülkiyyətində olan yaşayış evləri və mənzilləri (fərdi mənzil fondu) daxildir.

38. 5-ci maddəsinə görə Dövlət mənzil fondu yerli xalq deputatları Sovetlərinin (yerli Sovetlərin mənzil fondu) və nazirliklərin, dövlət komitələrinin və baş idarələrin (idarə mənzil fondu) ixtiyarındadır.

39. 10-cu maddəsinə görə Azərbaycan SSR vətəndaşları müəyyən edilmiş qaydada dövlət və ya ictimai mənzil fondu evlərində yaxud mənzil-tikinti kooperativləri evlərində yaşayış sahəsi almaq hüququna malikdirlər.

40. 11-ci maddəsinin 10-cu bəndində qeyd edilmişdir ki, mənzil-tikinti kooperativlərinin təşkili və fəaliyyətinin əsas qaydalarını müəyyən etmək SSR İttifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsaslarına uyğun olaraq mənzil münasibətlərini tənzimləmək sahəsində SSR İttifaqının səlahiyyətlərindən biridir.

41. 18-ci maddəsinə görə Mənzil-tikinti kooperativləri fondunu kooperativlərin idarə orqanları öz nizamnamələrinə uyğun olaraq idarə edirlər.

42. 27-ci maddəsinə görə Mənzil fondundan istifadə olunmasına və onun qorunmasına dövlət nəzarətinin vəzifəsi mənzil sahəsini bölüşdürmək və vətəndaşlara yaşayış sahələri vermək qaydasına, mənzil fondundan istifadə və onu texniki cəhətdən saz halda saxlamaq qaydalarına bütün nazirliklər, dövlət komitələri, baş idarələr, dövlət, kooperativ müəssisələri və digər ictimai müəssisələr, idarələr, təşkilatlar, mənzil-tikinti kooperativləri, vəzifəli şəxslər və vətəndaşlar tərəfindən əməl olunmasını təmin etməkdir. Mənzil fondundan istifadə olunmasına və onun qorunmasına dövlət nəzarəti xalq deputatları Sovetləri, onların icra və sərəncam orqanları, habelə Azərbaycan SSR Mənzil- Kommunal Təsərrüfatı Nazirliyi və xüsusi səlahiyyətli digər dövlət orqanları tərəfindən, SSR İttifaqı qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

43. 48-ci maddəsinə görə Dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır.

44. 51-ci maddəsinə görə Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla—mənzil istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən yaşayış sahəsini icarə müqaviləsinə uyğun olaraq istifadə edilir.

45. 53-cü maddəsinə əsasən İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.

46. 109-cu maddəsinə əsasən Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar mənzil-tikinti kooperativinə daxil olmaq və orada mənzil almaq ixtiyarına malikdirlər.

47. 112-ci maddəsinə əsasən Mənzil-tikinti kooperativləri yerli xalq deputatları Soveti icraiyyə komitəsinin müvafiq idarəsi və ya şöbəsi yanında yaxud müəssisə, idarə, təşkilat yanında təşkil edilir. Mənzil-tikinti kooperativi ona daxil olan şəxslərin ümumi yığıncağında mənzil-tikikti kooperativinin Nümunəvi nizamnaməsinə uyğun olaraq qəbul edilmiş Nizamnamə əsasında fəaliyyət göstərir. Mənzil-tikinti kooperativinin nizamnaməsi kooperativin təşkil olunduğu yerdə yerli xalq deputatları Sovetinin icraiyyə komitəsində qeydə alınmalıdır. Təşkil edilən mənzil-tikinti kooperativinə daxil olan şəxslərin xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən təsdiq olunmuş siyahısına daxil edilmiş vətəndaşlar nizamnamənin qeydə alındığı vaxtdan həmin kooperativin üzvü sayılırlar. Mövcud mənzil-tikinti kooperativinə qəbul olunmuş vətəndaşlar ümumi yığıncağın qərarını müvafiq xalq deputatları Soveti icraiyyə komitəsinin təsdiq etdiyi vaxtdan onun üzvü sayılırlar. Mənzil-tikinti kooperativləri özlərinə məxsus yaşayış evlərini kooperativ mülkiyyəti hüquqları əsasında istismar edirlər.

48. 113-cü maddəsinə əsasən Yerli xalq deputatları Sovetlərinin icraiyyə komitələri mənzil-tikinti kooperativlərinin fəaliyyətinə, onlara məxsus evlərin istismarına və təmirinə nəzarət edirlər. Kooperativin ümumi yığıncağının və ya idarə heyətinin qərarı qanunvericiliyə zidd olduqda rayon, şəhər, şəhərdə rayon xalq deputatları Sovetinin icraiyyə komitəsi bu qərarı ləğv etmək ixtiyarına malikdir.

49. 115-ci maddəsinə əsasən Mənzil-tikinti kooperativi üzvlüyünə qəbul edilmiş şəxsə kooperativ üzvlərinin ümumi yığıncağının rayon, şəhər, şəhərdə rayon xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən təsdiq olunan qərarı əsasında ailə üzvlərinin sayına, onun verdiyi pay haqqının məbləğinə və mənzil-tikinti kooperativinin Nümunəvi nizamnaməsində nəzərdə tutulmuş ən yüksək mənzil sahəsi həddinə uyğun olaraq bir və ya bir neçə otaqdan ibarət ayrıca mənzil verilir. Mənzil-tikinti kooperativi evində mənzillərə köçmək üçün rayon, şəhər, şəhərdə rayon xalq deputatları Sovetinin icraiyyə komitəsi order verir. Order verməkdən imtina edildikdə məhkəməyə şikayət edilə bilər.

50. 117-ci maddəsinə əsasən Mənzil-tikinti kooperativi üzvünün, habelə onun ailə üzvlərinin hüquq və vəzifələri, yaşayış sahəsindən istifadə şərtləri və istifadəyə xitam verilməsi əsasları kooperativin nizamnaməsi ilə müəyyən edilir.

51. 2009-cu ilin oktyabrın 1-dən qüvvədə olan Mənzil Məcəlləsinin 30.1-ci maddəsində qeyd edilmişdir ki, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

52. “Kooperasiya haqqında” Azərbaycan Respublikası Qanunun( xx.xx.1996-cı il tarixdə qəbul edilmiş və xx.xx.2003-cü il tarixdə qüvvədən düşmüş) 21-ci maddəsində qeyd edilmişdir ki, Kooperativin əmlakı onun əsas fondlarından, dövriyyə vəsaitlərindən və balansında göstərilən digər maddi dəyərlərdən ibarətdir. Kooperativin əmlakı onun üzvlərinin xüsusi (ümumi paylı, ümumi birgə) mülkiyyətindədir.

53. Bundan əlavə istifadə hüququ ilə bağlı Konstitusiya Məhkəməsinin aşağıdakı qərarları qəbul edilmişdir.

54. 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.(xx.xx.2001 KM Qərarı)

55. Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.(xx.xx.2007 KM Qərarı)

56. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Yaşayış binasının tərkib hissəsindən digər şəxslərin istifadə hüququna xitam verilməsi ilə bağlı məsələlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə uyğun olaraq həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır» müddəası Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə uyğun hesab edilsin.(xx.xx.2008 KM Qərarı)

57. Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.(xx.xx.2013 KM Qərarı)

58. Yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır.(xx.xx.2014 KM Qərarı)

59. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir.(xx.xx.2014 KM Qərarı)

60. Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər.(xx.xx.2016 KM Qərarı)

61. Tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, mübahisəli mənzil dövlət və ictimai mənzil fondu evi deyildir. Belə ki, iddiaçının mərhum əri H.Rəhimov 1998-ci il tarixdə Kooperativə üzvlüyə qəbul edilmiş və payına uyğun ona mənzil verilmişdir. Bakı Şəhəri İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli Sərəncamı əsasında verilən xx.xx.2001ci il tarixli order icarə müqaviləsinin mövcudluğunu təsdiq edən sənəd kimi yox, Mənziltikinti kooperativi evində xalq deputatları Sovetinin icraiyyə komitəsinin əvəzinə (hansı ki müstəqillik dövründə onun səlahiyyətlərini artıq İcra hakimiyyətləri həyata keçirirdi) mənzillərə köçmək üçün verilən sənəd kimi çıxış etmişdir. Bu isə mənzil qanunvericiliyinin həmin vaxt tələbinə uyğun olaraq, Yerli xalq deputatları Sovetlərinin icraiyyə komitələrinin mənzil-tikinti kooperativlərinin fəaliyyətinə nəzarət funksiyasından irəli gəlirdi. Halbuki, Kooperativin əmlakı onun üzvlərinin xüsusi mülkiyyəti hesab edilirdi. xx.xx.1999-cu il tarixli AR qanunu ilə təsdiq edilmiş və 2000-ci ilinin iyunun 1 də qüvvəyə minmiş Mülki Məcəllənin qəbulundan sonra, yəni xx.xx.2003-cü il tarixdə “Kooperasiya haqqında” AR qanunu qüvvədən düşmüşdür və kooperativlərlə bağlı məsələlər Mülki Məcəlləyə uyğun tənzimlənmişdir. Mülki Məcəlləyə xx.xx.2005-cü il tarixli qanunla edilmiş dəyişikliyə əsasən ona əlavə edilmiş 178.8-ci maddəsində qeyd edilmişdir ki, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Odur ki, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan həm mülki qanunvericiliyə, həm mənzil qanunvericiliyinə, həm də digər qanuna əsasən iddiaçının mərhum əri kooperativin üzvü olduğundan həmin mənzilin mülkiyyətçisi hesab edilirdi. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Mülki Məcəllənin 228-ci maddəsinin tələbi baxımından isə cavabdeh köçdüyü mənzilin mülkiyyətçisinin digər ailə üzvü hesab edildiyindən, onun istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma olmalı idi. Lakin belə bir razılaşma olmadığından cavabdehin istifadə hüququ yaranmamışdır.

62. Bundan əlavə, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hətta cavabdehin mübahisəli mənzilə istifadə hüququ yaranmış olsaydı belə, 2021-ci ildə digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etdiyi vaxtdan istifadə hüququ artıq itirilmişdir. Cavabdehin etirazsız mübahisəli mənzildə yaşamağı onun istifadə hüququnun itirildiyi hüquqi nəticəsini dəyişmir. Əvvəla, bu haldan iddiaçının məlumatsız olması istisna edilmədiyi kimi, evdən çıxarılma tələbinin irəli sürülməməsi də cavabdehin yaşayış sahəsinə ehtiyacının mövcudluğunun davam etdiyi qənaəti yarada bilməz. Bu məqamda məhkəmə cavabdehin etirazının dəlillərini əsassız hesab edir. Belə ki, yuxarıda qeyd edildiyi kimi digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etdiyi vaxtdan, dolayısı ilə yaşayış sahəsinə ehtiyac aradan qalxdıqdan sonra istifadə hüququ artıq itirilmiş hesab edildiyindən, sonradan həmin şəxsin mülkiyyətində olan yaşayış sahəsini özgəninkiləşdirməsi istifadə hüququnun bərpası üçün yox, tərəflər arasında yeni münasibətlərin yaranması üçün əsas ola bilərdi. Bununla belə, həmin hüquq münasibətinin 2025-ci il tarixdə yaranması, mübahisəli mənzilin 2024-cü il tarixdən iddiaçının mülkiyyətində olması və cavabdehin iddiaçının ailə üzvü olmaması nəzərə alındıqda, istifadə hüququnun yeni əsaslarla da yaranmasından söhbət gedə bilməz. Tətbiq edilən prosessual normalar:

63. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:

64. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

65. 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

66. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə itirak edən şəxslərə aid edilir;

67. 217.2 ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

68. 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

69. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir.

70. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdeh qarşı Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 26 saylı evin 86 saylı mənzilinə dair istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar