Məhkəmə qərarları › İş №e-2(001)-947/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-947/2023

29.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-947/2023 29.03.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı borc və sair tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, Bakı şəhəri Yasamal rayonu 158 saylı orta məktəbdə müəllimə işləyən İddiaçı həmin məktəbdə bir müddət qapıçı işləyən Cavabdeh müxtəlif vaxtlarda ailə üzvünün xəstə olması və digər maddi problemləri səbəbindən pula ehtiyacı olduğunu bildirib ona borc verməsini dəfələrlə xahiş etmiş, iddiaçı iş yoldaşı kimi cavabdehin çoxsaylı xahişlərini və ailə üzvünün xəstə olmasını nəzərə alaraq, müxtəlif vaxtlarda Cavabdeh cəmi 4600 manat borc pul vermişdir. İddiaçı borcun 3600 manatlıq hissəsini 2020-ci ilin dekabr ayınadək müxtəlif vaxtlarda 500, 1000, 1700 və s. olmaqla hissə-hissə cavabdehə vermişdir. Cavabdeh xx.xx.2020-ci il tarixdə öz xətti ilə yazdığı qeyddə müxtəlif vaxtlarda borcu aldığını təsdiq etmişdir. xx.xx.2020-ci il tarixdə öz xətti ilə yazdığı qeyddə cavabdeh göstərmişdir ki, “mənim İddiaçı 3600 manat borcum var, həmin pulu toyların başlanması ilə hər ay 300 manat olmaqla geri qaytaracam”. Cavabdeh iddiaçıya 3600 manat pul borclu olduğunu özü təsdiq edərək, həmin pulu 12 ay ərzində qaytaracağı barədə öhdəlik götürmüşdür. Cavabdeh iş yoldaşı olmasını, münasibətlərinin yaxşı olmasını nəzərə alaraq iddiaçı cavabdehlə borc münasibətlərini notarial qaydada təsdiq etdirməmiş, cavabdehin öz xətti ilə yazıb, imzaladığı yazılı qeydlə kifayətlənmişdir. Daha sonra Bakı şəhəri 158 saylı orta məktəbdə müəllimə işləyən X1 təşkilatçılığı ilə iddiaçının, cavabdehin və digər 11 nəfərin iştirakı ilə hər bir iştirakçı şəxs tərəfindən ayda 100 manat qoyulmaqla lotereya oynanılmış və növbəli olaraq bir şəxs, digər iştirakçıların verdiyi 100 manatdan ümumi yığılan 1000 manatı götürmüşdür. Cavabdeh da həmin lotereyada iştirak etmiş və ilk ay pulu götürmüş, sonrakı ayları ödəməkdən imtina etmişdir. Cavabdehin xahişi ilə lotereyada cavabdehində iştirak etməsini iddiaçı xahiş etdiyi üçün digər iştirakçılar Cavabdeh ödəmədiyi pulu iddiaçıdan tələb etmiş, iddiaçı məcbur olub həmin pulu ödəmişdir. Bu faktı həm təşkilatçı, həm də digər iştirakçılar təsdiq edə bilər. Beləliklə nəticədə, Cavabdeh iddiaçıya ümumilikdə 4600 manat borcu yaranmışdır. Lakin həmin tarixdən 2 il keçməsinə baxmayaraq Cavabdeh borcunu iddiaçıya qaytarmamış, məktəbdən işdən çıxmış, iddiaçının telefon zənglərinə cavab verməmiş, nəticədə öhdəliyinin icrasından yayınmışdır. Bu yaxınlarda iddiaçıya məlum olmuşdur ki, cavabdeh hazırda Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən White Palace şadlıq sarayında daimi olaraq nağaraçı kimi fəaliyyət göstərir, kifayət qədər qazancı vardır, lakin borcunu ödəmək istəmir. Həmin vaxtdan iddiaçı borcunu ödəməsini dəfələrlə Z.Ş. Əhmədovdan tələb etsə də cavabdeh borcunu qaytarmamış, borcunu verməməsi üçün müxtəlif bəhanələr gətirmişdir. Nəticədə iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də, Cavabdeh borca görə 3600 manat, lotereya olaraq iddiaçı tərəfindən cavabdehin əvəzindən ödənilmiş 1000 manat, həmin məbləği nəzərdə tutulan vaxtda qaytarmayıb ondan faydalandığından bank uçot dərəcəsinə əsasən həmin borcun 2 il üçün illik 5 faiz olan 460 (230*2) manat olmaqla cəmi 5060 manatın, dövlət rüsumuna görə 70,6 manatın, vəkilə ödənilmiş 100 manat xidmət haqqının İddiaçı xeyrinə tutulmasına dair qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında İddiaçı və iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia ərizəsini müdafiə edib iddia ərizəsinin məzmunu ilə eyni məzmunlu izahatlar verib iddia ərizəsinin təmin edilməsini xahiş etmişlər. Mülki iş üzrə xx.xx.2023-cü il tarixinə təyin olunan hazırlıq məhkəmə iclasında Cavabdeh izahatında iddiaçının məhkəməyə təqdim etdiyi qəbzləri o, məcbur olub yazaraq imzalamasını göstərmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddia ərizəsinə qarşı etirazından müəyyən olunur ki, o, 158 nömrəli məktəbdə qapıçı işləmiş, sənəti ilə bağlı nağara almaq istədiyindən ona faizlə 500 manat lazım olması barədə telefon danışığını Xuraman müəllimə eşidərək ona yaxınlaşıb faizlə ona 500 manat verə biləcəyini demiş, o, Xuraman müəllimədən 20% faizlə 500 manat almış, həmin vaxt Xuraman qızı soruşsa belə faizlə pul almasını deməməsini ona demişdir. O, atasının xəstəliyi ilə bağlı Xuramandan 900 manat da faizlə əlavə götürmüşdür. Cəmi 1400 manat borcun o, hər ay vaxtlı-vaxtında faizini ödəmiş, pulun faizinin artmasına pandemiya səbəbindən iki il toyların olmaması olmuşdur. Atası vəfat etdikdən sonra Xuraman müəllimə ona atasının maşınını satmağa məcbur etmiş, onu Asan xidmətə dəvət edib bütün xərcləri boynuna alaraq, pulu ona izahat yazdıraraq almaq istəmişdir. O, Asan xidmətə getməkdən imtina etmiş, Xuraman onu polisə hədələyib sinifə salaraq pulu qaytaracağını məcburi yazdırmışdır. Daha sonra Xuraman onu məktəbdə lotoreya oyununa salmış, o, bir oyuna görə pul vermiş, ikinci oyun özü olduğu üçün verməmiş, 900 manatı Xuraman müəllimə özü götürmüşdür. Ondan əlavə 200 manat o almışdır. Məktəbdən çıxarkən 300 manatı o, məktəbdə qapıçı işləyən Yunisə vermişdir. Onun məktəbdən çıxmasının səbəbi Xuraman müəllimə olmuşdur. Belə ki, Xuraman pulu qaytarmasını tələb etməklə onu bezdirmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin iddia tələblərinə münasibətlərini, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 71. İ.Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Maddə 127. İ.Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. İİ.Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. İİİ. Hər hansı bir şəxs tərəfindən və hər hansı bir səbəbdən bilavasitə, yaxud dolayı yolla məhkəmə icraatına məhdudiyyət qoyulması, qanuna zidd təsir, hədə və müdaxilə edilməsi yolverilməzdir. İV. Ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. Vİİ. Məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Maddə 1083.1. Oyunlar və mərclər hər hansı təsərrüfat məqsədi daşımayan müqavilələrdir, onlara əsasən iştirakçılar qismən də olsa, qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan mənfəət götürür və ya zərər çəkirlər. Bu fəslin müddəaları törəmə maliyyə alətlərinə şamil edilmir. 1083.2. Aşağıdakılar oyun və mərc kimi qiymətləndirilir: 1083.2.1. oyun və ya mərc üçün şüurlu surətdə borc və avans verilməsi; 1083.2.2. oyun və ya mərc xarakteri daşıyan əmtəə əqdləri və ya qiymətli kağızlarla əməliyyatlar. Maddə 1084. Lotereyalar və idman mərc oyunları istisna olmaqla, oyun və mərc üzrə heç bir tələb əmələ gəlmir. Maddə 1085.1. Oyun və mərc prosesində könüllü verilmiş ödənişlər geri tələb edilə bilməz. Maddə 1085.2. Oyunda və ya mərcdə uduzulan məbləği ödəmək məqsədi ilə oyunçunun və ya mərc gələnin imzaladığı, mövcud borcun etirafına dair müqavilə və ya qiymətli kağız, onun verilməsinə baxmayaraq, reallaşdırıla bilməz. Maddə 1086. Lotereyanın qanunvericiliklə nəzərdə tutulmuş hallarda dayandırılması və ya onun keçirilməsinə xitam verilməsi lotereya biletinin sahibinin lotereya təşkilatçısına qarşı uduşların verilməsi (ödənilməsi) tələbini istisna etmir. Lotereyalar haqqında Azərbaycan Respublikası Qanunu: Maddə 2.0.9. lotereya bileti - lotereyada iştirak hüququ verən, uduşlu olduğu halda uduş fondunun müəyyən hissəsinə və (və ya) uduşa mülkiyyət hüququnu təsdiq edən sənəd, ona bərabər tutulan digər məlumat daşıyıcısı və ya elektron koddur. Maddə 3.1. Azərbaycan Respublikasında lotereyalar əhalinin sosial-maddi rifahının yüksəldilməsi və dövlət əhəmiyyətli layihələrin maliyyələşdirilməsi, dövlət büdcəsinə daxilolmaların artırılması, malların (işlərin, xidmətlərin) satışını stimullaşdırmaq məqsədilə keçirilir. Maddə 3.3. Azərbaycan Respublikasında lotereyalar (stimullaşdırıcı lotereyalar istisna olmaqla) yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təşkil edilir və keçirilir. 3.4. “Lotereya” sözünün işlədildiyi mətndən bu sözün lotereya fəaliyyətinə aid edilmədiyi tam aydın olduğu hallar istisna olmaqla, bu Qanunun 3.3-cü maddəsində nəzərdə tutulan lotereya təşkilatçısından başqa digər hüquqi şəxslərin adında “lotereya” sözünün (“lotereya” sözü olan söz birləşməsinin) istifadəsi qadağandır. Cavabdeh tərəfindən tərtib olunaraq imzalanan xx.xx.2020-ci il tarixli qəbzdən müəyyən olunur ki, Cavabdeh Elnurun iştirakı ilə 500 manat, 1000 manat, 1700 manat borc almasını və vaxtında qaytaracağını bildirmişdir. Cavabdeh tərəfindən tərtib olunaraq imzalanan xx.xx.2020-ci il tarixli qəbzdən müəyyən olunur ki, Cavabdeh İddiaçı aldığı 3600 manat borcu toylar başladıqdan sonra hər ay 300 manat olmaqla qaytaracağına söz vermişdir. Unibank KB ASC-nin xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, İddiaçı tərəfindən ********** VÖEN üzrə xidmət göstərilən hesaba 100 manat ödəniş edilmişdir. Məhkəmə iclasında şahid X2 ifadəsində göstərmişdir ki, o, 158 saylı məktəbdə İddiaçı ilə birlikdə 31 ildir müəllimə işləyir. Zakir isə məktəbdə gözətçi işləmişdir. Məktəbdə o, işçilər arasında lotereya oyunu təşkil etmiş, İddiaçı Zakiri də həmin olyuna əlavə etməyi xahiş etmiş, 2021-ci ilin sentyabr ayı üçün o, 1000 manat məbləğində lotereyanı Zakirə vermiş, bu barədə Zakirdən sənəd almamış, Zakir növbəti ayları ödəmədiyindən, Zakiri oyuna daxil etməyi Xuraman xahiş etdiyindən o, ödənişləri Xuramandan tələb etmiş, Xuraman da, Zakirin əvəzindən hər ay 100 manatı ona vemişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən , bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, cavabdeh iddiaçıdan aldığı 3600 manat borcu hər ay 300 manat olmaqla hissə-hissə qaytaracağını öhdəsinə götürsə də, öhdəliyini icra etməmişdir. Cavabdeh etirazında borcu faizə almasını, məcbur olub qəbz yazmasını göstərsə də, bu halı təsdiq edə biləcək hər hansı bir sübutunu məhkəməyə təqdim etmədiyindən məhkəmə iddiaçının cavabdehdən 3600 manat borc tələbini əsaslı hesab edib təmin edir. İddia tələbində istinad etdiyi halları ilk növbədə sübut etmək vəzifəsi daşıyan iddiaçı cavabdehin əvəzinə lotereya oyununda iştirak etmək üçün 1000 manat ödəməsini iddia etsə də, bu halı təsdiq edə biləcək mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iddiaçının bu faktı təsdiq etmək üçün məhkəməyə təqdim etdiyi şahidin ifadəsinə münasibət bildirib qeyd edir ki, lotereya oyununu təşkil edən şəxs kimi məhkəməyə özünü təqdim edən şahid lotereyanı qanunvericiliyə uyğun təşkil etmək üçün səlahiyyətli olmasına dair hər hansı bir sübutunu məhkəməyə təqdim etməməklə yanaşı topladığı 1000 manat pul vəsaitini həqiqətən də cavabdehə verməsini təsdiq edən hər hansı bir sənədi tərtib etmədiyini ifadəsində göstərdiyindən şahidin ifadəsi mötəbər, təkzib olunmaz sübut növü kimi qiymətləndirilə bilməz. Ona görə də məhkəmə iddiaçının lotereya oynuna görə cavabdehdən 1000 manat tələbini əsassız olduğu üçün təmin etmir. Məhkəmə iddiaçının vaxtında icra edilməyən öhdəliklə bağlı vurulan ziyana görə 5% tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsi nəzərdə tutur ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Verdiyi borcun geri qaytarılmadığını bilən və yenidən hissə-hissə cavabdehə borc verməkdə davam edən iddiaçı cavabdehin pul vəsaitindən fayda, gəlir əldə etməsinə dair sübutlarını məhkəməyə təqdim edə bilmədiyindən məhkəmə iddiaçının bu tələbini də əsassız hesab edib təmin etmir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən məhkəmə iddiaçının cavabdehə qarşı məhkəmə xərclərinə görə 170,6 manat tələbini əsaslı hesab edib təmin edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh borca görə 3600 manat, məhkəmə xərclərinə görə 170,6 manat olmaqla cəmi 3770,06 manat İddiaçı xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar