Məhkəmə qərarları › İş №e-2(004)-1233/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1233/2024

02.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1233/2024 02.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2021-ci il tarixində Cəmiyyətin Satış təmsilçisi vəzifəsinin öhtəliklərini öz üzərinə götürmüş və işə qəbul olunmuşdur. 2023-cü ilin yanvar ayında işdən azad olunması üçün müraciət etmişdir. Müraciəti nəzərə alaraq balansında olan ticarət nöqtələrini və depozitləri şirkət əməkdaşına Audit nəzarəti ilə (yeni təyin olunmuş satış təmsilcisinə ) təhfil verən zaman ( 12793 manat) əskik aşkar olunmuşdur. Cavabdeh xx.xx.2023 tarixində izahat yazmış və yazdığı izahatda həmin məbləğin 12793 manat olduğunu qeyd etmişdir. Cavabdeh Firmaya olan borcundan 8500 AZN xx.xx.2023-cü il tarixində ödəmişdir. Qalan borcu 4293 manat məbləği hələ də ödəməmişdir. Borcun ödənilməsi barədə Cavabdeh ünvanına xx.xx.2023 tarixində məktub göndərilməyinə baxmayaraq Master Foods MMC-yə olan borc ödənilmir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə baxış iclasında iştirak etməmişdir. İş materiallarında olan işçi Cavabdeh ilə işəgötürən "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinin 1.2-ci bəndinə əsasən Cavabdeh satış təmsilçisi vəzifəsinə işə götürülmüşdür. Həmin müqavilənin 3.1-ci bəndinə (c bəndi) əsasən, qaimə əsasında götürülən malların pulunu xəzinəyə ödəmək işçinin vəzifələrindən biridir. İş materiallarına auditor, satış müdiri və bölgə müdiri tərəfindən tərtib edilmiş maliyyə aktı əlavə edilmişdir. İş materiallarına vəzifə təlimatı və tam maddi məsuliyyət haqqında müqavilə əlavə edilmişdir. İş materiallarına Cavabdeh işəgötürənə ünvanladığı xx.xx.2023-cü il tarixli izahatı əlavə edilmişdir. İzahata əsasən müəyyən edilir ki, Cavabdeh 12793 manat borcunun olduğunu, həmin vəsaiti şəxsi maraqları üçün xərclədiyini etiraf etmiş və qısa zaman ərzində ödəyəcəyini bildirmişdir. Cavabdeh məhkəmə iclaslarında həmin izahatı özü yazdığını bildirmiş və izahatı mübahisələndirməmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli 91 nömrəli əmrə əsasən müəyyən edilir ki, işçi Cavabdeh ilə işəgötürən "xxxx" MMC arasında bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Sözügedən iddia tələbinin qanuni əsası qismində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 200.1, 203, 205.2 və 296.5-ci maddələri çıxış edir. Əmək Məcəlləsinin 200.1-ci maddəsinə əsasən, istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. Həmin Məcəllənin 203-cü maddəsinin 1-ci bəndisə əsasən, işəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır. Həmin Məcəllənin 203-cü maddəsinin 2-ci bəndinə əsasən, araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir. Həmin Məcəllənin 205.2-ci maddəsinə əsasən, əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. Həmin Məcəllənin 296.5-ci maddəsinə əsasən, işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. MM-in 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyə əsasən zərər dedikdə, maddi zərər (real zərər və əldən çıxmış fayda) və mənəvi zərər başa düşülür. Delikt institutunun 3 əsas şərti vardır: 1. Zərər vuran şəxsin (cavabdeh) təqsiri olmalıdır. 2. Digər şəxsə maddi və ya mənəvi zərər vurulmalıdır. 3. Təqsirli əməllə (hərəkət və ya hərəkətsizlik) nəticə arasında səbəbli əlaqə olmalıdır. Məhkəmə mübahisəni tərəflər arasında bağlanmış əmək müqaviləsinin şərtləri və əmək qanunvericiliyinin tələbləri əsasında həll etməyi əsaslı hesab edir. Tərəflər arasında bağlanmış əmək müqaviləsinin 3.1-ci bəndinə (c bəndi) əsasən, qaimə əsasında götürülən malların pulunu xəzinəyə ödəmək işçinin vəzifələrindən biridir. Həmin müqaviləyə əsasən işçinin vəzifəsi “satış təmsilçisi” olsa da, tərəflər arasındakı hüquq münasibəti təmsilçiliklə (ticarət agenti və s.) bağlı mülki (kommersiya) hüquq münasibətləri deyil, sırf əmək münasibətləri olmuşdur. İşçinin tam maddi məsuliyyəti barədə müqavilə bağlanmışdır. Cavabdeh işəgötürənə ünvanladığı xx.xx.2023-cü il tarixli izahatına əsasən müəyyən edilir ki, Cavabdeh 12793 manat borcunun olduğunu, həmin vəsaiti şəxsi maraqları üçün xərclədiyini etiraf etmiş və qısa zaman ərzində ödəyəcəyini bildirmişdir. Cavabdeh məhkəmə iclasında bildirmişdir ki, həmin izahatı özü yazmışdır, 12793 manat pulun özünə xərclədiyi hissəsini, yəni iddia ərizəsində qeyd olunduğu kimi pulun bir hissəsini iddiaçıya geri qaytarmışdır. Qalıq məbləğ, yəni hazırki iddia tələbinin predmeti kimi 4293 manat vəsaitinin mövcud olduğunu qəbul etmişdir. Lakin, o, məhkəmə müdafiəsini belə qurmuşdur ki, sözügedən həcmdə malları o, müvafiq mağazalara təhvil vermiş, lakin, mallar verildikdən sonra həmin mağazalar iflas etmiş, bağlanmış və nəticədə ödənilməmiş pul vəsaiti qalmışdır. Odur ki, onun həmin məbləğlə bağlı öhdəlik daşıması əsaslı hesab edilə bilməz. Məhkəmə cavabdehin arqumentlərinə cavab olaraq bildirir ki, cavabdehin izahatları arasında ziddiyyət vardır. Əgər işəgötürənə ünvanladığı izahatı özünün qeyd etdiyi kimi özü könüllü şəkildə hər hansı hədə, təzyiq olmadan yazmışdırsa, hazırki məhkəmə prosesindəki izahatlarla həmin izahat arasında ziddiyyətlər vardır. Bundan əlavə, tərəflər arasında bağlanmış əmək müqaviləsinin şərtlərinə əsasən qaimə əsasında götürülən malların pulunu xəzinəyə ödəmək işçinin vəzifəsi kimi razılaşdırılmışdır. Məhkəmə mülki hüququn əsas prinsiplərindən olan “müqavilə azadlığı” prinsipini nəzərə alır. Yəni, 4293 manat qalıq məbləğin mövcudluğu mülki işin mübahisəsiz halıdır. Mübahisəli hallar üzrə məhkəmə qeyd edir ki, işçinin həmin məbləğə görə məsuliyyət daşımaması əmək müqaviləsinin şərtlərinə (3.1-ci bəndinə (c bəndi) ziddir. Həmçinin, mübahisəli hal üzrə 12793 manat pulun hamısını deyil, bir qismini öz ehtiyacları üçün xərclədiyini, həmin hissəni işəgötürənə ödədiyini, qalıq 4293 manat hissəni isə öz ehtiyacları üçün xərcləmədiyini, sözügedən həcmdə malları o müvafiq mağazalara təhvil verməsini, lakin, verildikdən sonra həmin mağazalar iflas etməsini, bağlanmasını və nəticədə ödənilməmiş pul vəsaiti qalıq qalmasını mülahizə formasında bildirsə də, bu barədə zəruri sənəd, sübut və ya material məhkəməyə təqdim etməmişdir. Əmək münasibətləri üzrə işəgötürənin faktiki olaraq üstün tərəf olması əsas götürülməklə sübutetmə yükü iddiaçının üzərindədir. Lakin, sübutetmə yükünün tərəflər arasında bölünməsi əsası ilə cavabdeh tərəfindən iddiaçı tərəfindən təqdim edilmiş sübutların mötəbərliyini şübhə altına ala biləcək sənədləri təqdim etməmiş, bu barədə ümumiyyətlə hər hansı əsaslı mövqe sərgiləməmişdir. İddiaçı isə iddia tələbini sübut edə biləcək materialları məhkəməyə təqdim etmişdir. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi, “formal həqiqət”in müəyyən edilməsi prinsipi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 63 (altmış üç) manat məhkəmə xərci də cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 4293 (dörd min iki yüz doxsan üç) manat pul və ödənilmiş 63 (altmış üç) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMCnin xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 4293 (dörd min iki yüz doxsan üç) manat pul və ödənilmiş 63 (altmış üç) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar