Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1974/2023 26.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızı İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq Müəyyən etdim: İddiaçı cavabdehə qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə ödənilməmiş 2696,74 manat və mediasiya xərci kimi ödənilmiş 50 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 284-1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Maddə 284-5. Ərizəyə baxılması qaydası 284-5.1. Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Maddə 284-6. Ərizə üzrə məhkəmə qətnaməsi 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli əmək müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən cavabdeh 3 (üç) aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş və onunla “X1” haqqında müqavilə imzalanmışdır. Cavabdeh xx.xx.2021-cu il tarixində administrator vəzifəsinə keçirilmiş, xx.xx.2022-ci il tarixli 310-K saylı əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2022-ci il tarixdə “Oba” mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində cavabdeh tərəfindən iddiaçıya maddi zərər vurulması faktı müəyyən edilmişdir. “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun zərər məbləği 3775,22 manat təşkil edir. Maliyyə arayışından məlum olur ki, ümumi qalıq borcdan müvafiq güzəşt edildikdən sonra qalıq borc 2696,74 manat təşkil edir. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi və yazılı formada xəbərdarlıq edilsə də, cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilməmişdir. Bununla yanaşı Mediasiya prosesi keçirilmiş və həmin prosesdə hər hansı bir razılıq əldə olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 191. İşəgötürənin və işçinin birinin digərinə vurduğu ziyana görə maddi məsuliyyəti
1. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Maddə 194. Vurulan ziyanın ödənilməsinin təmin edilməsi şərtləri
1. Ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur.
2. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Maddə 199. İşçinin X1i İşçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X1 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda.. Maddə 202. Ziyanın məbləğinin müəyyən edilməsi
1. İşəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi üsulları Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri 9.1-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. İş materiallarına əlavə edilmiş: İddiaçı (işəgötürən) ilə cavabdeh (işçi) arasında bağlanmış xx.xx.2021-ci il tarixli “X1” müqaviləsinə əsasən, işçi ona etibar edilmiş əmlakın, maddi sərvətlərin və görüləcək işlərin tam qayğısına qalmalı, eyni zamanda müəssisəyə heç bir səbəb üzündən ziyan vurmamalı və ziyankarlığa qarşı mübarizə aparmalı, ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və görüləcək işlərin dəqiq hesabatını aparmalıdır. xx.xx.2022-ci il tarixli təftiş yoxlaması barədə arayışa əsasən Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında xx.xx.2022-ci il tarixində 2775,22 manat çatışmazlıq müəyyən edilmişdir.. Cavabdehə göndərilmiş xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubu ilə cavabdehdən 3 gün ərzində borcun ödənilməsi xahiş edilmiş, əks təqdirdə müvafiq hüquqi tədbirlərin həyata keçiriləcəyi bildirilmişdir. xx.xx.2023-cü il tarixli MŞB\9-00136 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışa əsasən məlum olur ki, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə göstərilənlərə əsasən və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq
Qət etdim:
İddia təmin edilsin. Cavabdeh vurulmuş ziyana görə ödənilməmiş 2696,74 (iki min altı yüz doxsan altı manat yetmiş dörd qəpik) manat və mediasiya xərci kimi ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Təhminə Xəlilova İş N 2(004)-1974/2023
Yasamal Rayon Məhkəməsi
Məhkəmədən kənar ayrıca prosessual hərəkət barədə
Protokol
Hakim Xəlilova Təhminə Cəmil qızı
İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında Bakı şəhərində məhkəmənin binasında baxaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul etdim. Prosessual hərəkət saat 14:00-da başladı. Prosessual hərəkət saat 14:20-də başa çatdı. Protokol xx.xx.2023-cü il tarixdə tərtib olunmuşdur.
Hakim Təhminə Xəlilova