Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4224/2024 27.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 İB X2rşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası üzrə mülki iş (açar sözlər: əmək müqaviləsi, işə bərpa, əmək haqqı) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi Kamranlı Mahsun Şahin oğlunun katibliyi, Cavabdehin Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” X4 nümayəndələri Nümayəndə2 və Nümayəndə3 iştirakı ilə, İddiaçı Cavabdeh1 və Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” X2rşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti
1. İddiaçı Cavabdeh1 və Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” X2rşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı işdən azad edilməsinə dair cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat X9 Mərkəzinin 10 iyun 2024-cü il tarixli əmrinin ləğv ediləsi, İddiaçı Cavabdeh1 İB-nin Ağsu X7 İdarəsinə İsmayıllı rayonu üzrə ictimai işlər üzrə köməkçi vəzifəsinə bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1989-cu il tarixdə İsmayıllı rayonu, Kürdmaşı kəndində anadan olmuşdur. Orta təhsillidir, İsmayıllı rayonu, Kürdmaşı kəndində yaşayır. 2016-cı il tarixdə «Azəriqaz” İB-nin Ağsu X7 İdarəsinə İsmayıllı rayonu üzrə ictimai işlər üzrə köməkçi vəzifəsinə təyin edilmişdir. Bundan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat X9 Mərkəzi yaradılmışdır. DOST İş Mərkəzi yaradılan vaxta qədər əvvəlki müqavilə üzrə, DOST İş Mərkəzi yaradılan vaxtdan sonra isə DOST İş Mərkəzi ilə aramızda bağlanmış müqavilə əsasında «Azəriqaz” İB-nin Ağsu X7 İdarəsinə İsmayıllı rayonu üzrə ictimai işlər üzrə köməkçi vəzifəsində işləmişdir. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat X9 Mərkəzi yaradıldıqdan sonra onunla müvafiq müqavilə bağlanmış, həmin müqavilə əsasında yenədə həmin vəzifədə, yəni «Azəriqaz” İB-nin Ağsu X7 İdarəsinə İsmayıllı rayonu üzrə ictimai işlər üzrə köməkçi vəzifəsində işləmişdir. İşəgötürənin adı dəyişsədə, o artıq 8 ildir ki, «Azəriqaz” İB-nin Ağsu X7 İdarəsinə İsmayıllı rayonu üzrə ictimai işlər üzrə köməkçi vəzifəsində işləmişdir. Bundan sonra heç bir qanuni əsas olmadan o, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat X9 Mərkəzinin xx.xx.2024-cü il tarixli əmri ilə qanunsuz olaraq işdən azad edilmişdir. O bu Əmri qanunsuz və əsassız hesab edir. Belə ki, o, 2016-ci il tarixdən xx.xx.2024-cü il tarixə kimi «Azəriqaz” İB-nin Ağsu X7 İdarəsinə İsmayıllı rayonu üzrə ictimai işlər üzrə köməkçi vəzifəsində qüsursuz işləmiş, indiyə qədər heç bir intizam tənbehi almamış, işdən azad edildiyi tarixə kimi fasiləsiz işləmiş, işlədiyi müddətdə hər hansı bir nöqsana yol verməmiş, intizam tənbehinə məruz qalmamış, işlədiyi müddət ərzində əmək vəzifələri yerinə yetirərkən kiçik də olsa belə heç bir qanun pozuntusuna yol verməmiş, əksinə olaraq kollektivin və rəhbərliyin hörmətini, etimadını qazanmışdır. Həmçinin himayəmdə azyaşlı uşağı vardır və işlədiyi iş onun yeganə qazanc mənbəyidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyəti mahiyyət etibarı ilə ölkədə əmək hüquqlarının pozulmasının qarşısını almaq olsada, onun tabeliyində olan qurum isə onu qanunsuz işdən azad edərək, əmək hüququnu pozmuşdur. Belə ki, qüsursuz olaraq eyni müəssisədə 8 il işləmiş işçi ilə bağlanmış yeni müqavilə müddətli hesab oluna bilməz. Bu səbəbdən hesab edir ki, İddiaçı işdən azad edilməsinə dair cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat X9 Mərkəzinin 10 iyun 2024-cü il tarixli əmri qanunsuzdur.
3. Cavabdeh iddia ərizəsinə etiraz verərək iddianın rədd edilməsini xahiş etmişdir.
4. Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 2018ci il 30 oktyabr tarixli 602 nömrəli Sərəncamı ilə 2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası təsdiq edilmişdir. “2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı sosial cəhətdən həssas əhali qruplarının əmək bazarında iştirakının artırılmasına yönəldiyindən “2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası” məşğulluğun inkişafına dair işçi qüvvəsinin bacarıqlarının yüksəldilməsi, əmək məhsuldarlığının artırılması, aktiv məşğulluq tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi təmin edilir. Sözügedən sərəncamın 4.4.5-ci maddəsinə əsasən işsiz və işaxtaran vətəndaşların müvəqqəti məşğulluğunun çevik və səmərəli təşkili məqsədilə əmək birjalarının və haqqı ödənilən ictimai işlərin təşkili mexanizminin yeniləşdirilməsi əsas prioritetlərdən biridir. Bu dövlət proqramı 2019-2030-cu illəri əhatə etdiyindən, həmçinin sosial layihə olduğundan müvəqqəti xarakter daşıyır. Bu proqramdan irəli gələn məsələlərin həll edilməsi və ən əsas da proqramdan hər bir vətəndaşın yararlanması əsas prioritetlərdən biridir. Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən 2019-cu ilin əvvəlindən ictimai işlərin təşkili ilə bağlı yeni mexanizmi nəzərdə tutan “İşsizin DOST”proqramına başlanılmışdır. Həmin proqram "xxxx" İş Mərkəzi” MMC tərəfindən icra olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli, 84 nömrəli Qərarı ilə təsdiqlənmiş “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları”nın 1.2-ci bəndinə əsasən haqqı ödənilən ictimai işlər işsiz şəxslərin müvəqqəti məşğulluğunu təmin etmək məqsədilə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təşkil edilən ilin peşə hazırlığının olmasını tələb etməyən ictimai faydalı xarakter daşıyan iş yerləridir. “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları”nın 2.6-cı bəndinə əsasən isə ictimai işlər, bir qayda olaraq, 2 aya qədər müddətə təşkil olunur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinin “e” bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. İddia ərizəsində qeyd olunanlara dair bildirilir ki, İddiaçılə Cavabdeh2 MMC arasında xx.xx.2021-ci il tarixində əmək müqaviləsi bağlanılaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh1 Ağsu X7 İdarəsinə qaz avadanlılarının istismarı və təmiri üzrə çilingərin yanında yardımçı fəhlə vəzifəsinə təhkim edilmişdir. İddiaçılə Cavabdeh2 MMC arasında xx.xx.2021-ci il tarixində bağlanılmış əmək müqaviləsinin 2.1-ci maddəsinə əsasən müqavilə 1 ay müddətinə bağlanmışdır. Həmin müqavilənin 2.2-ci maddəsinə əsasən 2.1-ci bəndində müəyyən edilmiş müddəti başa çatdıqdan sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, onun qüvvədə olma müddəti avtomatik olaraq eyni şərtlərlə xx.xx.2021-ci il tarixinədək uzadıla bilər. Müqavilənin qeyd edilən bəndindən açıq-aydın görünür ki, müqavilə üzrə müəyyən edilmiş 1 aylıq müddət başa çatdıqda onun uzadılması eyni şərtlərlə, yəni 1 ay müddətinə uzadıla bilər. Qanunvericiliyin tələblərinə uyğun olaraq əmək müqavilələri sərbəst bağlanılır. Əmək münasibətləri yaratmaayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” (əmək müqaviləsinin müddətinin qurtarması) bəndinə əsasən iddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanılmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində xitam verillmişdir. Əlavə olaraq bildirir ki, iddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanılmışəmək müqaviləsinə həmin dövrdə mövcud olan qanunvericiliyin tələblərinə uyğun olaraq xitam verilmişdir. İddiaçı özü də əvvəlcədən onunla müddətli əmək müqaviləsi bağlanılmasına razı olmuş və həmin dövrlərdə bu halı heç vaxt mübahisələndirməmişdir. Yalnız onunla bağlanmış əmək müqaviləsi ləğv edildikdən sonra müqavilə üzrə maddi hüquq normalarının pozulmasına istinad edərək hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Xitam zamanı qüvvədə olan Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73.1-ci maddəsində qeyd olunur ki, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir, lakin müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Qanunverici “əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur” ifadəsini maddəyə daxil etməklə məsələyə aydınlıq gətirmişdir. Bu maddəyə əsasən müddətli əmək müqaviləsinin uzadılmasının tərəflərin iradə ifadə etməsindən əlavə cəmi bir yolu vardır. Yəni işçi heç bir etiraz olmadan müddətli əmək müqaviləsi müddəti bitməsindən sonra da əvvəl olduğu kimi maneəsiz işləməlidir və işəgötürən bu hala etiraz etməməlidir. Bu halda müqavilə uzadıla bilər. Qanunverici müqaviləsinin uzadılmasının digər halını müəyyən etməmişdir.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 iddiaya etirazı müdafiə edərək iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə3 iddiaya etirazı müdafiə edərək iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
7. iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 ərizə ünvanlayaraq onun iştirakı olmadan işə baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçının və nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
10. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əsasən iddiaçı haqqı ödənilən ictimai işlərə cəlb olunmaqla ictimai işlər üzrə köməkçi vəzifəsinə işə qəbul olunmuşdur.
11. Müqavilənin 2.1-ci bəndinə əsasən bu əmək müqaviləsi 1 ay müddətinə bağlanmışdır.
12. Müqavilənin 2.2-ci bəndinə əsasən 2.1-ci bənddə müəyyən edilmiş müddət başa çatdıqdan sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, onun qüvvədə olma müddəti avtomatik olaraq eyni şərtlərlə 30 dekabr 2021ci il tarixinədək uzadıla bilər.
13. Müqavilənin 2.3-cü bəndinə əsasən işçi 05 yanvar 2021-ci il tarixdən işə başlayır.
14. Müqavilənin 3.1-ci bəndinə əsasən işçinin əmək funksiyaları – şəhər, rayon ərazisinin, küçə, park və meydanların abadlaşdırılması; yaşayış əraziləri, xəstəxana, məktəb, təhsil müəssisələri, yataqxana və pansionatlar, qocalar və əlillər üçün intenar evləri, habelə sosial sferanın digər obyektlərində cari təmiri; yol və körpülərin, istilik və qazanxana sistemlərinin cari təmiri; kənd təsərrüfatı müəssisələrinə köməklik göstərilməsi ilə əlaqədar işlər; təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması işləri; qocalara, əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara qulluq; digər sosial əhəmiyyətli işlərdən ibarətdir.
15. xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə 15 fevral 2023-cü il tarixli Əlavə razılaşmadan görünür ki, Əmək Məcəlləsinin 46-cı maddəsini rəhbər tutaraq qarşılıqlı razılğına əsasən imzalandığı gündən etibarən tərəflər arasında bağlanmış Əmək müqaviləsinin 1.1 və 3.1-ci maddələri işçi haqqı ödənilən ictimai işlərə cəlb olunmaqla “Qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingərin yardımçı fəhlə” vəzifəsinə işə qəbul olunur” redaksiyasında verilmişdir.
16. Müqaviləyə əlavə və dəyişikliklər edilməsi haqqında Cavabdeh1 Ağsu X5 idarəsi və İddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli əlavə razılaşmaya əsasən müəyyən olunur ki, bu müqavilənin predmetinə uyğun olaraq göstərilən xidmətlərlə bağlı 31 dekabr 2016-cı il tarixinə kimi cəmi aylıq xidmət haqqı vergi və digər ödənişlər daxil olmaqla, 274 manat 01 yanvar 2017-ci il tarixindən başlayaraq müqavilə müddətində cəmi aylıq xidmət haqqı vergi və digər ödənişlər daxil olmaqla, 275,40 təşkil edir.
17. Cavabdeh1 və "xxxx" İş Mərkəzi arasında bağlanmış “İşçi qüvvəsinin təmin edilməsinə dair” xx.xx.2020-ci il tarixli sazişdən görünür ki, müqavilənin predmeti Cavabdeh1 göstərişinə əsasən İcraçı tərəfindən təşkil olunmuş X3 təqdim etdiyi İşçi Qüvvəsini cəlb etməkdən, habelə işəgötürən kimi Mərkəzin İşçi qüvvəsinə münasibətdə əməyin mühafizəsi və təhlükəsizliyi ilə bağlı öhdəliklərinə görə İcraçının cavabdehlik daşımasından ibarətdir. İctimai İşlər əhalinin məşğulluğu məqsədi ilə təşkil olunur və İşçi Qüvvəsinin cəlb edilməsi qeyri-kommersiya məqsədi daşıyır. Tərəflər razılaşır və təsdiq edir ki, Mərkəz tərəfindən İşçi Qüvvəsinin təqdim edilməsi müqabilində Cavabdeh1 yaxud İcraçıdan hər hansı bir ödəniş tələb olunmayacaq.
18. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat X9 Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-17-7/3-4-697/2024 nömrəli əmrinə əsasən Cavabdeh2 MMC-də müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş Azərbaycan Dövlət Neft Şirkəti nəzdində” Azəriqaz” X1 X5 İdarəsinin İsmayıllı, Göyçay, Şamaxı, Qobustan, Kürdəmir, Ağsu və Ucar raonları ərazisində qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingərin yanında yardımçı fəhlə vəzifəsində və ictimai işlər üzrə köməkçi vəzifəsində çalışan, əlavədə adları qeyd edilmiş işçilərin əmək müqavilələrinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 “b” (əmək müqaviləsinin müddətinin qurtarması) bəndinə əsasən xx.xx.2024-cü il tarixindən xitam verilməsi, əlavədə adları qeyd olunmuş işçilərin xx.xx.2024-cü il tarixinə qədər olan son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, ödənilməli olan əmək haqqı və digər ödəmələr) ödənilməsi əmr edilmişdir.
19. Əmrə 1 saylı Əlavədən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 68ci maddəsinin 2 “b” hissəsi ilə xitam verilmişdir.
20. xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin b bəndi - əmək müqaviləsi müddətinin qurtarması əsası ilə xitam verilmişdir.
21. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir.
22. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45.1-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.
23. Həmin Məcəllənin 45.4-cü maddəsinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.
24. Həmin Məcəllənin 47-ci maddəsinə əsasən işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda; təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı; işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda; müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə, rezidentura dövrləri) hallarda; işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda; müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən; bu Məcəllənin 6-cı maddəsinin «c» bəndində göstərilən orqanlar istisna olmaqla seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən; tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə, qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər.
25. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin b bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir.
26. Həmin Məcəllənin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.
27. Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.5-ci bəndinə əsasən haqqı ödənilən ictimai işlər – müvəqqəti məşğulluğun təmin edilməsi məqsədi ilə bu Qanuna uyğun olaraq təşkil edilən ilkin peşə hazırlığının olmasını tələb etməyən ictimai faydalı xarakter daşıyan iş yerləridir.
28. “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları”nın 1.2-ci bəndinə əsasən haqqı ödənilən ictimai işlər işsiz şəxslərin müvəqqəti məşğulluğunu təmin etmək məqsədilə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təşkil edilən ilin peşə hazırlığının olmasını tələb etməyən ictimai faydalı xarakter daşıyan iş yerləridir. “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları”nın 2.6-cı bəndinə əsasən isə ictimai işlər, bir qayda olaraq, 2 aya qədər müddətə təşkil olunur. Zəruri hallarda müəssisə və yerli qurumun və ya mərkəzin birgə razılığı ilə bu müddət artırıla bilər.
29. İşçi Qüvvətinin təmin edilməsinə dair 02 dekabr 2020-ci il tarixli Sazişdən görünür ki, "xxxx" Agentliyinin tabeliyində olan DOST İş Mərkəzi MMC-nin yaradılmasının əsas məqsədi vətəndaşların ictimai işlərə cəlb olunması ilə əlaqədar effektiv və səmərəli idarəetmənin təşkili olmuşdur. Həmçinin Cavabdeh1 İB və Mərkəz ictimai işlərin təşkili və işsiz və işaxtaran vətəndaşların haqqı ödənilən ictimai işlərə cəlb olunması sahəsində birgə fəaliyyət göstərmişlər.
30. Beləliklə, işin müəyyən edilmiş halları odur ki, iddiaçı xx.xx.2021-ci il tarixdə əmək müqaviləsinə əsasən iddiaçı haqqı ödənilən ictimai işlərə cəlb olunmaqla ictimai işlər üzrə köməkçi vəzifəsinə təyin edilmiş, onunla bağlanmış əmək müqaviləsi müddətli olmuşdur. xx.xx.2024-cü il tarixli, 3-17-7/3-4-697/2024 nömrəli əmrlə iddiaçı AR ƏM-in 68ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin başa çatması ilə əlaqədar tutduğu vəzifədən azad edilmişdir.
31. İşin faktiki hallarından göründüyü kimi, iddiaçı ilə bağlanmış əmək müqaviləsində onun haqqı ödənilən ictimai işlərə cəlb olunmaqla ictimai işlər üzrə köməkçi vəzifəsinə qəbul olunmuşdur. Nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin 47-ci maddəsində əmək müqaviləsinin müəyyən müddətə bağlanıla bilməsi ilə bağlı bir sıra hallar göstərilib. Həmin hallardan biri kimi də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülməsidir. Digər tərəfdən iddiaçı ilə bağlanmış əmək müqaviləsi onunla işəgötürənin qarşılıqlı razılığı əsasında müddətli bağlanmış, həmin müqavilə iddiaçı tərəfindən imzalanmışdır.
32. Müddətli əmək müqaviləsinin bağlanması üçün əsas şərt işin və ya göstərilən xidmətin daimi xarakterə malik olmamasıdır. Əmək Məcəlləsinin 47-ci maddəsində göstərilən halların əksəriyyəti əmək funksiyasının xüsusiyyətləri, onun icrasının şərtləri, müddəti və xarakteri ilə bilavasitə bağlıdır.İddiaçının əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə gördüyü işin xarakteri müvəqqəti xarakterli ictimai işlər olmuşdur.
33. Məhkəmə iddiaçının əvvəllər Cavabdeh1 İB-də eyni vəzifədə işləməsi dəlili ilə əlaqədar qeyd edir ki, hazırki iş üzrə mübahisə iddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış əmək müqaviləsidir. Həmin müqavilədən, həmçinin cavabdehin nümayəndələrinin məhkəmə iclasında verdikləri izahatlardan görünür ki, iddiaçının əmək haqqı Cavabdeh2 MMC tərəfindən verilmiş, digər sosial hüquqları isə “İşçi qüvvəsinin təmin edilməsinə dair Sazişə uyğun olaraq tənzimlənmişdir. Hazırki halda iddiaçının əvvəllər Cavabdeh1 İB-də əmək müqaviləsi üzrə işləməsi onunla bağlanmış əmək müqaviləsinin müddətsiz hesab edilməsinə dəlalət etmir.
34. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.
V. Nəticə:
40. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı Cavabdeh1 və Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” X2rşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Ülkər Xəlil