Məhkəmə qərarları › İş №e-2(006)-2740/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2740/2023

14.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2740/2023 14.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh ləğv prosesində olan "xxxx" ASC-yə və Cavabdeh1na qarşı depozitə qoyulmuş pulun qaytarılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh ləğv prosesində olan "xxxx" ASC-yə və Cavabdeh1na qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla "X3 (CDB)" ASC arasında bağlanılmış 00***-******* №-li xx.xx.2016-cı il tarixli Depozit Müqaviləsinə əsasən yerləşdirilmiş 30000 ABŞ dolları məbləğində pul vəsaitinin əvəzinin “Əmanətlərin tam sığortalanması haqqında" Qanunun 5.1-ci maddəsinə əsasən kompensasiya formasında Cavabdeh1 tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, "X3 (CDB)" ASC ilə bağladığı 00***-******* №-li xx.xx.2016-cı il tarixli depozit müqaviləsinə əsasən Bank Əmanətçidən 30000 ABŞ dolları məbləğində pul vəsaitini hesaba qəbul edərək müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada əmanət məbləğini Əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürmüşdür. Əmanət xx xx 2016-ci il tarixdən xx xx 2016-cı il tarixinədək 12 ay müddətinə illik 9.5 %-lə qoyulmuşdur. Həmin vaxt əmanətin tam sığortalı hesab edilməsi üçün Cavabdeh1 Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi 12% həddində olmuşdur. "xxxx" ASC-nin səhmdarlarının növbədən kənar Ümumi Yığıncağının xx.xx.2017-ci il tarixli qərarına əsasən "X3 (CDB)" ASC-nin "xxxx" ASC-yə qoşulması şəklində "xxxx" ASC yenidan təşkil edilmiş, "X3 (CDB)" ASC-nin fəaliyyətinə xitam verilməklə hüquq və vəzifələri (aktiv və öhdəlikləri) yenidən taşkil olunan "xxxx" ASC-yə (hüquq varisinə) keçirilmişdir. "xxxx" ASC Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-3(103)-129/2020 nömrəli qərarına əsasən müflis elan edilmiş, barasində iflas proseduruna başlanılmş və Əmanatlarin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir. İddiaçı əmanətin qaytarılması ilə bağlı müraciəti Cavabdeh1 tərəfindən təmin olunmamış və ona məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Ona görə də məhkəməyə müraciət edərək hesab etmişdir ki, 30000 ABŞ dolları məbləğində pul vəsaitinin əvəzinin “Əmanətlərin tam sığortalanması haqqında" Qanunun 5.1-ci maddəsinə əsasən kompensasiya formasında Cavabdeh1 tutulub ona ödənilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdeh1 nümayəndəsi etirazla məhkəməyə müraciət edərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, ilkin olaraq ƏSH Qanunun 28.3-cü maddəsinin tələbləri pozulmuşdur. Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. LPO Cavabdeh2 ASC üzrə kompensasiya ödənişi haqqında ilk bildiriş 1 may 2020-ci il tarixində dərc edilmişdir və bu müddəti ötürməsinə qeyri-mümkün etmiş halları sübuta yetirən hər-hansı sənəd məhkəməyə və ya ƏSF-yə təqdim edilməmişdir. ƏSH Qanun 28.4-cü maddəsinə əsasən Əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə bu qanunun 28.3-cü maddəsində göstərilən müddət əmanətçinin ərizəsinə əsasən uzadıla bilər. Bankda sığorta hadisəsi baş verən dövrdə ƏSH Qanunun 26.1-ci maddəsinə əsasən qorunan əmanətlərin maksimal həddi 30.000 manat ekvivalent müəyyən edilmişdir. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.20-ci maddəsinə əsasən X2 qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini maliyyə bazarlarına nəzarət orqanı və Mərkəzi Bankla razılaşdırmaqla müəyyən edir. xx.xx.2019-cu il tarixli HŞ-nun qərarına əsasən xarici valyutada olan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 2,5 faiz müəyyən edilmişdir. Sığorta hadisəsi baş verən anda hazırki iddia üzrə mübahisəli əmanət müqaviləsindən görünür ki, əmanət 3 faizlə yerləşdirilmiş və eyni şərtlərlə müqavilə münasibətləri davam etdirilmişdir yəni illlik 3 faiz. Mülki qanunverciliyə əsasən əmanətin faiz dərəcələri müqavilənin əsas şərtlərindən hesab edildiyi üçün bank birtərəfli qaydada faiz dərəcələrində dəyişiklik edə bilməz bu yalnız tərəflərin hər ikisinin qarşılıqlı yazılı razılığı əsasında həyata keçirilə bilər ki belə razılıqda yoxdur. ƏSF-da sığorta ehtiyatlarının yaranma əsaslarından başlıcası məhz iştirakçı banklar tərəfindən qorunan əmanətlərə görə ödənilən təqvim haqqı, illik haqq və əlavə haqlardır. Faktiki olaraq bu əmanət üzrə bank tərəfindən Fonda təqvim haqq ödənilməmişdir və Fondda formalaşmış təqvim haqları sığorta hadisəsinə məruz qalmış bankların əmanətçilərinə kompensasiya ödənişlərinə sərf edilir. Cavabdehlər ləğv prosesində olan "xxxx" ASC-yə və Cavabdeh1na məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmaraq, onların nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarından görünür ki, əmanətçi İddiaçı ilə «X3 (CDB)» ASC arasında xx.xx.2016-cı il tarixdə 009***-******* №-li Bank Hesabı müqaviləsi bağlanmışdır. Müqavilənin 10.1-ci bəndinə əsasən müqavilə imzalandığı gündən güvvəyə minir və qeyrimüəyyən müddətə bağlanılır. 11-ci bəndin tələbinə əsasən tərəflər bir birini 1 (bir) ay qabaqcadan xəbərdar etməklə müqaviləyə xitam verə bilər. İş materiallarından görünür ki, əmanətçi İddiaçı ilə «X3 (CDB)» ASC arasında xx.xx.2016-cı il tarixdə CBDPV-2352-01 nömrəli “tikdim ki izim qala” depozit müqaviləsi bağlanmışdır. Göstərilən depozit müqaviləsinə əsasən əmanətçi 30000 ABŞ dolları məbləğində pul vəsaitini illik 3% ödənilmək şərtilə 12 ay müddətinə banka depozitə qoymuşdur. İş materiallarında olan xx.xx.2016-cı il tarixli qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən 30000 ABŞ dolları «X3 (CDB)» ASC-nin **********0840 009083 nömrəli hesabına köçürülmüşdür. İş materiallarından görünür ki, ləğv edilmiş Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının xx.xx.2017-ci il tarixli, 01 saylı qərarı ilə “X3 (CDB)” ASC-nin fəaliyyətinə xitam verilməklə, hüquq və vəzifələrinin (aktiv və öhdəliklərinin) Cavabdeh2 ASC-yə keçirilərək Cavabdeh2 ASC-nin qoşulma şəklində yenidən təşkil olunmasına razılıq verilmişdir. xx.xx.2017-ci il tarixində “X3 (CDB)” Açıq Səhmdar Cəmiyyətinə bank fəaliyyətinə verilmiş xx.xx.1992-ci il tarixli 92 saylı lisenziyası ləğv edilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2020-ci il tarixli qərarı ilə Cavabdeh2 ASC-yə bank fəaliyyətinə verilmiş xx.xx.1994-cü il tarixli 176 saylı lisenziya ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli 2-3(103)-129/2020 saylı qərarı ilə Cavabdeh2 ASC müflis elan olunmuş, onun barəsində iflas proseduruna başlanmış və ləğvedici qismində Cavabdeh1 təyin edilmişdir. Azərtac Dövlət informasiya Agentiliyinin 15 may 2020-ci il tarixdə inetrnet səhifəsində yerləşdirilən məlumatında Cavabdeh1 Himayəçilik Şurasının qərarına əsasən, "xxxx" ASC-də qorunan əmanətlərin kompensasiyaların verilməsi üçün agent bank qismində "xxxx" ASC seçildiyi və kompensasiyaların verilməsi qaydaları barədə məlumat dərc edilmişdir. İş materiallarından görünür ki, İddiaçı ləğv prosesində olan "xxxx" ASC-yə və Cavabdeh1na depozit hesablarının qaytarılması ilə bağlı xx.xx.2023-cü il tarixdə pretenziya ilə müraciət etmişdir. İş materiallarında olan ləğv prosesində olan Cavabdeh2 ASC tərəfindən məhkəməyə ünvanlanmış məktubda göstərilmişdir ki, Cavabdeh1 Himayəçilik Şurasının xx.xx.2016-cı il tarixli 66 nömrəli Protokoluna əsasən xarici valyutada olan qorunan əmanətlər üzrə xx.xx.2016-cı il tarixindən etibarən illik faiz dərəcəsinin yuxarı həddi 3 faiz və xx.xx.2019cu il tarixli 106 nömrəli Protokoluna əsasən xarici valyutada olan qorunan əmanətlər üzrə xx.xx.2019-cu il tarixindən etibarən illik faiz dərəcəsinin yuxarı həddi 2,5 faiz olaraq müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli CBDPV-2352-01 nömrəli “tikdim ki izim qala” depozit müqaviləsinin 1.3. bəndinə əsasən müqavilə xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixə qədər 12 (on iki) ay müddətinə bağlanmışdır. Müqavilənin 5.2-ci bəndinə əsasən müqavilənin müəyyən edilmiş müddəti bitdiyi sonuncu günə 1 (bir) ay qalmış müqavilənin pozulması barədə qaraşılıqlı yazılı müraciət olmazsa, yeni dövr üçün həmin şərtlərə, eyni müddətə lakin həmin günə Bankda güvvədə olan faiz dərəcəsi tətbiq olunmaqla uzadılmış hesab edilir. Əgər Bankın faiz dərəcəsi dəyişərsə əmanətçi məlumatlandırılır və əmanətçi tərəfindən bir ay müddətində yazılı etiraz olmadığı halda dövrün faiz dərəcələri tətbiq olunur. İş materiallarında olan xx.xx.2016-cı il tarixli CBDPV-2352-01 nömrəli “tikdim ki izim qala” depozit müqaviləsinin 6-cı bəndində olan şərtlərə əsasən Bank tərəfindən Əmanətçidən bütün müvafiq valyutalarda qəbul edilmiş əmanətlər Fond tərəfindən sığortalanır. Sığorta hadisəsi kimi Bankın məcburi ləğvi və ya müflis elan olunması və s. hallar göstərilmişdir. Müqavilə ilə sığorta hadisəsi baş verdikdə qorunmayan əmanətlərə aid edilən hallardan biri əmanətin cəlb edildiyi günə Fond tərəfindən Mərkəzi Bankla razılaşdırmaqla müəyyən edilmiş həddən, yəni milli valyutada 15 (on beş) faizdən, xarici valyutada 3 (üç) faizdən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər aid edilmişdir. Müqavilə şərtlərinə əsasən sığorta hadisəsi baş verdikdə, Fond müqavilədə göstərilmiş kütləvi informasiya vasitələrində Əmanətçiyə kompensasiya ödənilməsi yeri və vaxtı barədə elan verir. Əmanətçinin kompensasiya almaq hüququ istisna hallarda Fondun kompensasiyaların ödənilməsi haqqında elanı ilk dəfə dərc edildiyi gündən 5 (beş) il müddətinə saxlanılır. İş materiallarından, tərəflərin təqdim etdikləri sübut və mülahizələrdən belə qənaətə gəlinir ki, müqavilə tərəfləri əmanət cəlb edildiyi günə qorunan əmanətlər üzrə 3 (üç) faiz illik faiz dərəcəsi ilə xarici valyutada yerləşdirilmiş əmanətin sığortalanmış əmanət hasab edilməsini razılaşdırmışlar. Beləliklə, bu işin mübahisəsiz halıdır. Müqavilənin müddəti bitdikdən sonra uzadılması (prolongasiya) şərtinin tərəflər arasında razılaşdırılması da işin növbəti mübahisəsiz halıdır. Beləliklə, ilk ilin müqavilə müddətinin bitməsi 28 oktyabr 2017-ci il hesab olunduğundan müqavilə hər yeni müddət üçün növbəti ilin oktyabr ayının 28-də yenilənib. Buna uyğun olaraq müqavilə uzadılmasının ardıcıllığı xx.xx.2018, xx.xx.2019, xx.xx.2020 kimi qəbul edilməlidir. Tərəflər arasında digər razılaşdırılmış və mübahisəsiz hal ondan ibarətdir ki, müqavilənin müəyyən edilmiş müddəti bitdikdən sonra, yeni dövr üçün həmin şərtlərə, eyni müddətə lakin həmin günə Bankda güvvədə olan faiz dərəcəsi tətbiq olunmaqla uzadılmış hesab edilir. Əgər Bankın faiz dərəcəsi dəyişərsə əmanətçi məlumatlandırılır və əmanətçi tərəfindən bir ay müddətində yazılı etiraz olmadığı halda dövrün faiz dərəcələri tətbiq olunur. İşin mübahisələndirilən hallarından biri ondan ibarətdir ki, qarşılıqlı razılıqla yerləşdirilmiş əmanətin sığorta hadisəsi baş verməsi səbəbindən kompensasiya formasında qaytarılmasıdır. Növbəti mübahisələndirilən hal kompensasiya ödənişinin alınması barədə müraciət müddətinin ötürülməsindən və müddətin ötürülməsinə səbəb olunmuş halların sübuta yetirilməməsindən ibarətdir. Digər mübahisələndirilən hallar sığorta hadisəsi baş verən dövrdə qorunan əmanətlərin maksimal həddi 30.000 manat ekvivalent müəyyən edildiyi, xarici valyutada olan əmanətlər üzrə illik faiz dərəcəsinin aşağı salınması ilə bağlı əmanətin qorunmayan əmanətə aid edilməsidir. Hər iki tərəf məhkəməyə təqdim etdikləri izah, mülahizə və etirazlarının hüquqi əsası kimi “Əmanətlərin sığortalanması haqqında”, “Əmanətlərin tam sığortalanması haqqında” Qanunlara istinad etmişlər. İş materiallarınından göründüyü kimi, "xxxx" ASC Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-3(103)-129/2020 nömrəli qərarına əsasən müflis elan edilmiş, barasində iflas proseduruna başlanılmş və Əmanatlarin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir. Bununla da sığorta hadisəsi baş vermişdir. Bundan sonra müvafiq prosedurlara başlanılmış və bu barədə müqavilənin 6.4 bəndində göstərilən kütləvi informasiya agentliklərində məlumatlar yerləşdirilmişdir. Sığorta hadisəsinin baş verməsi dövründə iddiaçının əmanətinin hüquqi vəziyyəti ondan ibarət olmuşdur ki, müqavilə həmin anda qüvvədə olmuş, lakin müqavilənin uzadılması dövründə Cavabdeh1 X1 əsasən xarici valyutada olan qorunan əmanətlər üzrə xx.xx.2019-cu il tarixindən etibarən illik faiz dərəcəsinin yuxarı həddi 2,5 faiz olaraq müəyyən edilmişdir. Bununla da xx.xx.2019-cu il tarixdən etibarən Cavabdeh1na üzv olan banklarda milli valyutada 10 (on) faizdən, xarici valyutada 2,5 (iki tam onda beş) faizdən yuxarı illik faiz dərəcəsi ilə yerləşdirilmiş əmanətlər sığortlanmayan əmanət hesab edilmişdir. Xarici valyutada sığortalanmış əmanətin faiz dərəcəsinin aşağı salınması müqavilənin xx.xx.2018-xx.xx.2019 cu il dövrünə təsadüf edir. Həmin dövrdə müqavilə artıq qüvvədə olduğundan faizin aşağı salınması şərti tərəflər arasında bağlanmış müqavilənin yalnız yeni xx.xx.2019-xx.xx.2020-ci il dövrünə aid edilə bilər. Belə ki, müqavilə şərtlərinə görə (5.2-ci bənd) müqavilə uzadıldıqda yeni dövr üçün həmin şərtlərə, eyni müddətə lakin həmin günə Bankda güvvədə olan faiz dərəcəsi tətbiq olunmaqla uzadılmış hesab edilir. Faiz dərəcəsinin aşağı salınması ilə bağlı şərtin yeni müqaviləyə tətbiq edilməsi isə yalnız əmanətçini məlumatlandırmaqla və əmanətçi tərəfindən bir ay müddətində yazılı etiraz olmadığı halda mümkünlüyünün imperativliyi mövcuddur. Lakin xx.xx.2019-cu il tarixdə yeni müqavilə bağlanmış hesab edilərkən sığorta hadisəsi hələ baş verməmiş (Cavabdeh2 ləğv edilməmiş) və yeni şərtlər (faiz dərəcəsinin aşağı salınması) barədə məlumatlandırma aparılmamışdır. Əmanətçinin müvafiq qaydada məlumatlandırılması öhdəliyinin cavabdehlər tərəfindən icra edilməsi barədə sübut iş materiallarına əlavə edilməmişdir və məhkəmə prosesində təqdim edilməmişdir. Cavabdeh1 belə məlumatlandırmanı kütləvi informasiya vasitələrində elanın yerləşdirilməsi ilə öhdəliyini icra etdiyini nəzərdə tutsa da, cavabdehin qeyd etdiyi qaydada məlumatlandırma müqavilə şərtlərinə əsasən yalnız sığorta hadisəsinin (Cavabdeh2 ləğv edilməsi) baş verməsi barəsində əvvəlcədən müqavilə ilə müəyyən edilmiş kütləvi informasiya vasitələrində məlumatlandırmanı nəzərdə tutur. Bunu tərəflər ayrıca olaraq müqavilədə razılaşdırmışlar. Digər tərərfdən müqavilə bağlanarkən əmanətçinin əmənətinin sığortalanmış, yəni qorunan əmanət olması barədə müqavilə ilə ifadə etdiyi yazılı iradəsi, onun bu şərtdən yazılı sürətdə imtina etdiyi ana qədər növbəti müddətlərdə də əmanətinin qorunan hesab edilməsi kimi qəbul edilməsi anlamına gəlir. Müqavilə şərtindən də göründüyü kimi yalnız məlumatlandıqdan sonra əmanətçinin yazılı etirazı olmadığı halda onun əmanətinin aşağı salınmış faizlə sığortalanmış hesab edilməsi mümükündür. Müqavilədən o da məlum olur ki, əmanətçinin susması onun iradə ifadəsi sayılması tərəflər arasında razılaşdırılmamışdır. Belə ki, Mülki Məcəllənin 329.4-cü maddəsinə əsasən susmaq Mülki Məcəllədə və ya tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda əqdi bağlamaq iradəsinin ifadəsi sayılır. O cümlədən MM-nin 409.3-cü maddəsinə əsasən əgər Mülki Məcəllədən, işgüzar adətdən və ya tərəflərin əvvəlki işgüzar münasibətlərindən ayrı qayda irəli gəlmirsə, susmaq aksept sayılmır. Cavabdeh, ləğv prosesində olan Cavabdeh2 iddiaçı ilə müqavilə uzadılarkən faiz dərəcəsinin aşağı salınması ilə sığortalanmış hesab edilməli olan xx.xx.2019-xx.xx.2020-ci il tarixli müqaviləni də iş materiallarına əlavə etməmiş və məhkəmə prosesində təqdim etməmişdir. Bu da belə müqavilənin mövcud olmasını şübhə altına alır. Bunu cavabdehin məhkəməyə təqdim etdiyi etirazda müqavilənin faiz dərəcəsinin aşağı salınmasından sonra da yeni dövr üçün ilkin göstərilən faiz dərəcəsi ilə, 3 faizlə davam etdirilərək uzadılması etirafı da təsdiq edir. İddiaçının iş materiallarına əlavə etmək üçün təqdim etdiyi pasport məlumatlarından və elektron məhkəmə sistemindən iddiaçının sərhədi keçmə məlumatlarından bəlli olur ki, Cavabdeh1 X1 ilə qorunan əmanətlər üzrə xx.xx.2019-cu il tarixindən etibarən illik faiz dərəcəsi aşağı salınarkən iddiaçı ölkədə olmamışdır. İddiaçı ölkə sərhədini xx.xx.2019-cu il tarixdə tərk etmiş 2022-ci il tarixdə geri dönmüşdür. Bununla da iddiaçının cavabdeh, ləğv prosesində olan Cavabdeh2 tərəfindən məlumatlanmış və buna yazılı münasibətini bildirmiş olması, o cümlədən yeni şərti (aşağı salınmış faizi) qəbul edib müqavilə bağlaması fiziki olaraq qeyri mümükün görünür. Beləliklə, göstərilənləri ümumiləşdirərək belə qənətə gəlinir ki, əmanətçiyə məxsus pul vəsaitinin qorunan əmanət kimi banka yerləşdirilməsi müqavilənin əsas şərti kimi iddiaçını qane etdiyindən o, eyni zamanda həmin şərtlə razılaşaraq müqaviləni bağlamışdır. Qorunan əmanətlərin faiz dərəcəsinin aşağı salındığı bir vəziyyətdə müqavilənin müddətinin uzadılması iddiaçını sığorta hadisəsi baş verəcəyi təqdirdə ciddi risk qarşısında qoymuş, bu da tərəflər arasında müqavilə ilə əldə olunmuş razılığa uyğun olmamışdır. Buna görə də, sığorta hadisəsi baş verdiyi anda əmanət sığortalanmış hesab edilməlidir və sığorta hadisəsi baş verdiyindən kompensasiya formasında qaytarılmalıdır. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinin şərh edilməsinə dair” 5 sentyabr 2018-ci il tarixli qərarına da uyğun sayır. Həmin qərarda qeyd olunmuşdur ki, ““Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinə görə, həmin Qanunun 8.1.20-ci maddəsinə müvafiq olaraq əmanətin qorunan əmanət statusuna aid edilməsi üçün onun illik faiz dərəcəsi müəyyən edilmiş həddən artıq olmamalıdır. Əmanətlə bağlı verilən bonus illik faiz dərəcəsinə aid edilmir. Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş və təshih tədbirinin tətbiqindən sonra əmanətlərin şərtlərinin dəyişdirilməsi (faiz dərəcəsinin aşağı salınması) yolu ilə qorunan əmanət statusuna aid edilmiş əmanətlər qorunan əmanətlər hesab edilməlidir”. O cümlədən, məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 47-ci və 48-ci maddələri baxımından şərh edilməsinə dair” 10 avqust 2020-ci il tarixli qərarın təsviri hissəsində göstərilənləri vurğulamaq və tərəflərin diqqətinə çatdırmağı zəruri hesab edir. Həmin qərarda göstərilmişdir ki: “Bank və əmanətçilər arasında münasibətlər Mülki Məcəllənin 51-ci fəslinin normaları və “Banklar haqqında” Qanun ilə tənzimlənir. Mülki Məcəllənin 944.1-ci maddəsinə əsasən, bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Bank əmanəti müqaviləsi yazılı formada bağlanır. Bank əmanəti müqaviləsinin yazılı formasına o halda riayət olunmuş sayılır ki, əmanətin qoyulması bank kitabçası ilə, bank və ya depozit sertifikatı ilə və ya bank tərəfindən əmanətçiyə verilmiş digər sənədlə, özü də qanunda bu cür sənədlər üçün nəzərdə tutulmuş tələblərə, qanuna uyğun müəyyənləşdirilmiş bank qaydalarına və bank praktikasında tətbiq olunan işgüzar dövriyyə adətlərinə uyğun gələn sənədlə təsdiq edilsin (Mülki Məcəllənin 946.1-ci maddəsi). Müqavilənin bağlanması anının dəqiq müəyyənləşdirilməsi müqavilə iştirakçılarının mülki hüquq münasibətlərinin düzgün tənzimlənməsində böyük əhəmiyyətə malikdir. Məhz müqavilənin bağlandığı andan tərəflərin konkret hüquq və vəzifələri yaranır. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Bank əmanəti müqaviləsi əmanətçinin əmanəti banka verdiyi andan bağlanmış sayılır və əmanətçinin qoyduğu əmanət üzrə faizləri əldə etmək hüququ yaranır. Bank depozit əməliyyatı üzrə faiz dərəcələrini müəyyən edir və faizin miqdarı, bir qayda olaraq, bank əmanəti müqaviləsində göstərilir. Belə ki, Mülki Məcəllənin 948.1-ci maddəsinə əsasən, bank əmanətçiyə əmanətin məbləği üçün bank əmanəti müqaviləsi ilə müəyyənləşdirilmiş miqdarda faizlər ödəyir. Bank əmanəti müqaviləsi üzrə bankın əsas vəzifələrindən biri əmanətlərin qaytarılmasının təmin edilməsidir. Mülki Məcəllənin 950.1-ci maddəsinə görə, banklar fiziki şəxslərin əmanətlərinin qaytarılmasını icbari sığorta yolu ilə, qanunda nəzərdə tutulan hallarda isə başqa üsullarla təmin etməlidirlər. Qeyd edilən normaların mənasından göründüyü kimi, əmanət müqaviləsinin bağlanması üçün həmin müqaviləni fiziki şəxslə bankın səlahiyyətli şəxsi (əgər bankın filialıdırsa, o zaman bankın verdiyi etibarnamə əsasında filial müdiri) tərəfindən imzalanması tələb olunur. Bankın səlahiyyətli şəxsləri tərəfindən əmanətin fiziki şəxsdən qəbul edilməsi barədə mədaxil qəbzinin tərtib edilərək, bankın müvafiq möhürü ilə təsdiq edildiyi andan bankın Mülki Məcəllənin 947.2-ci maddəsinə əsasən əmanəti qaytarmaq öhdəliyi yaranmış olur. Eyni zamanda, qeyd edilməlidir ki, müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlılığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları Mülki Məcəllənin 421-424-cü maddələrinin normaları ilə tənzimlənir. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.” Kompensasiya ödənişinin alınması barədə əmanətçi tərəfindən müraciət müddətinin ötürülməsi barədə cavabdeh, Cavabdeh1 dəlillərinə münasibətdə qeyd olunmalıdır ki, 29 dekabr 2006-cı il tarixli “Əmanətlərin sğortalanması haqqında” Azərbaycan Respublikasının Qanunun 28-ci maddəsinin 3 və 4-cü bəndlərinə istinadən həmin iddialar əsassız hesab edilməlidir. Belə ki, Qanunun 28.3-cü maddəsinə əsasən Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Digər maddənin, 28.4-cü maddənin isə tələbinə əsasən əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə bu qanunun 28.3-cü maddəsində göstərilən müddət əmanətçinin ərizəsinə əsasən uzadıla bilər. Lakin bundan asılı olmayaraq bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq beş il müddətində saxlanılır. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən, sığorta hadisəsi baş verdikdə Fond müqavilədə göstərilən kütləvi informasiya agentliklərində əmanətçiyə kompensasiya ödənilməsi yeri və vaxtı barədə məlumat vermək öhdəliyi vardır. Həmin öhdəliyə əsasən Fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi günün cavabdehin xx.xx.2023-cü il tarixli etiraz məktubunda göstərildiyi kimi xx.xx.2023-cü il tarixdə deyil, xx.xx.2020-ci il tarixdə olması müəyyən olunur. (https://azertag.az/xeber/emanetlerin_sigortalanmasi_fondu_ata_bank_ve_amrah_banki n_emanetchilerine_muraciet_edib-1489071 ). Əmanətçinin məhkəməyə təqdim etdiyi Fonda yazılı müraciət etməsini bildirən məktub isə xx.xx.2023-cü il tarixlidir. Beləliklə iddiaçının kompensasiya ödənişi almaq hüququ üzrə müəyyən edilmiş son müddət həddinin, beş illik müddətin ötürülmədiyi aşkardır. Cavabdehlər tərəfindən irəli sürülən digər dəlil isə, sığorta hadisəsi baş verən dövrdə qorunan əmanətlərin maksimal həddi 30.000 manat ekvivalent müəyyən edilməsidir. Bununla bağlı qeyd olunmalıdır ki, yuxarıda göstərilən və Fond tərəfindən kompensasiyaların ödənilməsi haqqında yerləşdirilən bildirişin məzmunundan da görünür ki, əmanətçilərin 30 min manat ekvivalentindən yuxarı olan əmanətlər üzrə də kompensasiyaların qaytarılması nəzərdə tutlmuşdur. Bunun hüquqi əsası kimi 19 yanvar 2016-cı il tarixli “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsi təşkil edir. Qeyd olunan qanunun 3-cü maddəsinin 19 fevral 2019-cu ilə qədər olan redaksiyasında: Qanun qüvvəyə mindiyi gündən etibarən faizləri “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.20-ci maddəsinə müvafiq olaraq Cavabdeh1 Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan Fondun iştirakçı bankları tərəfindən 3 (üç) il müddətində tam sığortalanır. Həmin Qanunun 3-cü maddəsinin sığorta hadisəsi baş verdiyi və kompensasiyaların ödənilməsinə başlanması tarixinə qədər olan redaksiyasına görə (13 mart 2020-ci il tarixli əlavə və düzəlişlərlə) bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan Fondun iştirakçı bankları tərəfindən 4 (dörd) il 9 (doqquz) ay müddətində tam sığortalanır. Bununla da cavabdehlərin bu dəlili də əsassız hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 944.1-ci maddəsinə əsasən, bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 947.2-ci maddəsinə əsasən, istənilən növ bank əmanəti müqaviləsinə görə bank əmanətçinin ilk tələbi ilə əmanətin məbləğinin ən azı dörddə bir hissəsini dərhal, qalan hissəsini isə ən geci beş bank günü müddətində verməlidir, amma qaytarmanın müqavilədə nəzərdə tutulmuş başqa şərtləri ilə hüquqi şəxslərin qoyduqları əmanətlər istisna təşkil edir. Fiziki şəxsin əmanəti ilk tələb üzrə almaq hüququndan imtina etməsi haqqında müqavilənin şərti əhəmiyyətsizdir. Həmin Məcəllənin 947.3-cü maddəsinə əsasən, tələbli əmanət istisna olmaqla, müddətli və ya başqa əmanət müddət qurtaranadək və ya bank əmanəti müqaviləsində göstərilmiş ayrı hallar baş verənədək əmanətçinin tələbi ilə ona qaytarıldıqda əmanət üzrə faizlər bankın tələbli əmanətlər üzrə ödədiyi faizlərin miqdarına uyğun miqdarda ödənilir, bu şərtlə ki, müqavilədə faizlərin ayrı miqdarı nəzərdə tutulmasın. Həmin Məcəllənin 950.4-cü maddəsinə əsasən, bank əmanətin qaytarılmasının təmin edilməsi üçün bank əmanəti müqaviləsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirmədikdə, habelə əmanətin qaytarılması üçün təminat itirildikdə və ya onun şərtləri pisləşdikdə, əmanətçi bankdan əmanət məbləğini dərhal qaytarmağı, bu Məcəllənin 948.1ci maddəsinə uyğun müəyyənləşdirilmiş miqdarda faizlər ödəməyi və vurulmuş zərərin əvəzini verməyi tələb edə bilər. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Cavabdeh1 30 000 (otuz min) ABŞ dolları ödəniş gününə qüvvədə olan manata məzənnədə Azərbaycan Respublikası Manatı ilə alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı tərəfindən dövlət rüsumu tələb edilmədiyindən onun özünə aid edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Cavabdeh1 30 000 (otuz min) ABŞ dolları ödəniş gününə qüvvədə olan manata məzənnədə Azərbaycan Respublikası Manatı ilə alınaraq İddiaçı ödənilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar