Məhkəmə qərarları › İş №e-2(007)-1067/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1067/2024

04.04.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1067/2024 04.04.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı X5 X3 Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “özbaşına tikilinin sökülməsi” tələbi) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Məhkəmə iclas katibi Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı X5 X3 Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :

1. İddiaçı X5 X6 Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən ünvan 1 ünvanında X5 X4 məxsus neft məhsulu nəql olunan Dş-300 mm neft boru kəmərinin ”Mühafizə Zonası”nın 25 metrliyində Cavabdeh tərəfindən köhnədən mövcud olan 3 x 8 metr ölçülərində çardağın metal lövhələrlə əvəz edilmiş yeni dam örtüyünün sökülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında X5 X4 məxsus neft məhsulu nəql olunan Dş-300 mm neft boru kəmərinin “Mühafizə zonası”nın 25 metrliyində Cavabdeh tərəfindən köhnədən mövcud olan 3x8 metr ölçülərində çardağın dam örtüyünün sökülərək yeni metal lövhələrlə əvəz edilməsi faktı aşkarlanmışdır. Tikinti işlərinin neft boru kəmərinin mühafizə zonası daxilində aparıldığı və bu səbəbdən qanunazidd olduğu Socar-ın Təhlükəsizlik İdarəsinin və Zavodun obyektlərini mühafizə edən müvafiq Polis İdarəsinin əməkdaşları tərəfindən vətəndaş Cavabdeh izah olunmuş və görülən işlərin dayandırılması, həmçinin əlavə işlərin aparılmamasına dair ona xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2003-cü il tarixli, 844 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsinə əsasən, NEZ Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturuna daxil olan hüquqi şəxs statuslu müəssisə kimi fəaliyyət göstərir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “İstismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında 02 noyabr 2004-cü il tarixli 167 nömrəli Qərarına əsasən ixrac neft boru kəmərlərinin marşrutu boyunca-boru kəmərinin oxunun hər tərəfindən 50 metrlik məsafə “Mühafizə Zonası”na aid edilir. “Mühafizə Zonası” ixrac boru kəmərinin təhlükəsiz istismarı və xidməti üçün şərait yaratmaq, həmçinin boru kəmərinin zədələnmə ehtimalının qarşısının alınması məqsədi ilə müəyyənləşdirilmişdir. “Mühafizə Zonası”nda Azərbaycan Respublikasının Energetika Nazirliyinin və X1 Dövlət Agentliyinin (istismarçı təşkilatın rəyini almaqla) rəsmi icazəsi olmadan hər hansı tikinti işlərinin aparılması və həmin ərazinin digər məqsədlər üçün istifadə olunması qadağandır. İddiaçıya məxsus neft boru kəmərinin mühafizə zonasında yerləşən torpaq sahəsi faktiki olaraq cavabdeh tərəfindən zəbt edilmişdir ki, bu da həmin kəmərə qulluq edilməsinə, onun istismar edilməsinə maneçilik yaratmaqla yanaşı insanların həyatı üçün də təhlükə yaradır. Zavodun fəaliyyətinin təmin edilməsi üçün müxtəlif istehsalat və sahələrdə ayrı-ayrı texnoloji əməliyyatlar həyata keçirildiyindən, həmin istehsalat və sahələrin bir-birindən xeyli aralı məsafədə yerləşdiyini nəzərə alaraq, aralarında boru kəmərləri çəkilmişdir. Həmçinin hazır məhsulların anbarlara yığılması üçün boru kəmərləri çəkilmişdir. Bu neft boru kəmərləri qanunvericiliyə əsasən, magistral boru kəmərləri hesab olunur. Normativ sənədlərə əsasən, boru kəmərinin təyinatı, diametri və kəmərdə olan təzyiqə görə boru kəmərləri ətrafında mühafizə zonası müəyyən olunmuşdur. Mühafizə zonalarının müəyyən edilməsi bir neçə amillə bağlıdır. İlk olaraq, boru kəmərləri və neft məhsulları anbarları dövlət əhəmiyyətli obyektlər hesab edilir. Bu obyektlərdə hər hansı bir qəza nəticəsində yanğın və partlayış baş verdiyi halda ətrafda olan şəxslər üçün böyük təhlükə yarada bilər. Digər tərəfdən, bu obyektlərin mühafizəsinin effektli təşkilinə həmin ərazidə inşa edilmiş tikililər maneçilik törədir. Bütün bunları nəzərə alaraq, mühafizə zonasının mövcudluğu olduqca zəruridir. NEZ-ə məxsus magistral boru kəmərlərinin mühafizə zonası yəni borulardan sağa və sola normativ sənədinə əsasən, (AR NK-nin xx.xx.2004-cü il tarixli 167 N-li Qərarı) azı 50 metr olmalıdır.

İş materialları :

3. X5 X3 arayışından görünür ki, X5 X6ndan 10 saylı sahəyə (Güzdək) neft məhsulları nəql olunan DŞ-500 mm. (dizel yanacağı) və DŞ-300 mm. (reaktiv mühərrik yanacağı) neft boru kəmərləri 1993-cü ildə, “Azərikimiya” İB-nin Etilen-Polietilen Zavoduna neft məhsulları nəql olunan DŞ-200 mm. (quru qaz), DŞ-250 mm. (nafta) neft boru kəmərləri isə 2011-ci ildə çəkilmiş və zavodun balansındadır.

4. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktndan görünür ki, "xxxx" MMC-nin əmri ilə yaradılmış komissiya tərəfindən ünvan 1 ünvanına baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, X5 X4 məxsus neft məhsulu nəql olunan Dş 300 mm neft boru kəmərinin “Mühafizə Zonası”nın 25 metrliyində tikinti işləri aparılan Baki şəhəri, Nizami rayonu, Pəhlivan Fərzəliyev küçəsi 139 ünvanında vətəndaş Cavabdeh tərəfindən 3x8 ölçüdə çardağın dam örtüyünün dəyişdirilməsi işləri tamamlanmışdır. Həmin ərazidən Dş-300 mm neft boru kəmərinə paralel Dş-500 mm neft boru kəmərləri keçir.

5. X5 X3 Mühafizəsi üzrə Polis idarəsinin tərtib etdiyi xx.xx.2023-cü il tarixli aktdan görünür ki, həmin tarixdə Nizami rayonu, Pəhlivan Fərzəliyev küçəsində NEZ-ə məxsus neft məhsulları nəql olunan boru kəmərlərin mühafizə zolağında, kəmərdən təqribən 25-30 metr aralı məsafədə, kəmərə paralel 1-ci sırada özünü Cavabdeh kimi təqdim edən şəxs tərəfindən köhnədən olan hasarın içərisində köhnədən olan yaşayış evinə bitişik, evin qarşısında və yan tərəfində köhnədən olan 10x2:5 ölçülərdə olan navesin köhnə dam örtüyünün sökülərək yeni dəmir şiferlə əvəz olunması aşkar edilmiş və Cavabdeh aparılan işlərin mühafizə ərazisinə düşdüyü üçün qanunazidd olduğu bildirilmiş və əlavə işlərin aparılmaması üçün yazılım xəbərdarlıq təqdim edilmişdir. Həmin aktda həmçinin Cavabdeh yeni tikinti işləri aparmadığını, köhnədən olan navesin dam örtüyü yararasız vəziyyətdə olduğu üçün su damcıladığını və buna görə də dam örtüyünü dəyişdiyini bildirdiyi qeyd edilmişdir.

6. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh Baki şəhəri, Nizami rayonu, Pəhlivan Fərzəliyev küçəsi 139 ünvanında aparılan tikinti işlərinin Socar-ın X5 X4 məxsus hazırda istismarda olan neft məhsulları daşınan kəmərlərin mühafizə zonasına düşdüyü barədə xəbərdarlıq edilmişdir.

7. İş materiallarına tikilini əks etdirən bir ədəd fotoşəkil əlavə edilmişdir.

8. İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbz ilə iddiaçı X5 X6 tərəfindən məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödənilmişdir.

Tərəflərin izahatları :

9. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, onlara tapşırılıb ki, köhnə tikililər ilə bağlı iddia verilməsin. Cavabdehin yaşayı evi mühafizə zonasına düşür. “Mühafizə Zonası”nda Azərbaycan Respublikasının Energetika Nazirliyininvə X1 Dövlət Agentliyinin rəsmi icazəsi olmadan hər hansı tikinti işlərinin aparılması və həmin ərazinin digər məqsədlər üçün istifadə olunması qadağandır. Socar-ın Təhlükəsizlik İdarəsinin və Zavodun obyektlərini mühafizə edən müvafiq Polis İdarəsinin əməkdaşları tərəfindən isə cavabdeh tərəfindən köhnə dam örtüyünün yeni metal lövhələrlə əvəz edildiyi aşkar edilmişdir

10. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, onun tərəfindən hər hansı yeni tikinti işləri aparılmamışdır. O, evin qarşısında olan çardağın dam örtüyü yararsız halda olduğu üçün dam örtüyünü dəyişmişdir. Həmin çardaq evin giriş hissəsində olub, 20 ildir ki mövcuddur. Əvvəlki dam örtüyünün ölçüsündən hər hansı kənara çıxma edilməmişdir. Qeyd etmişdir ki, dam örtüyünün yenisi ilə əvəz edilməsi işləri 2-3 ay bundan öncə 2-3 saat ərzində tamamlanmışdır.

Məhkəmə baxışının hədləri:

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin : 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq :

12. Azərbaycan Respublikası Konstitusiyasının :

M a d d ə 6 8 . Özbaşınalıqdan müdafiə və vicdanlı davranış hüququ

İ. Hər kəsin dövlət orqanlarının ona münasibətdə özbaşınalığı istisna edən vicdanlı davranışına hüququ vardır.

13. Azərbaycan Respublikası Mülki Məcəlləsi :

135.10. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

14. “İstismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 noyabr 2004-cü il tarixli 167 saylı qərarının :

 4.1. İNBK-nın istismarı üçün şərait yaratmaq və onların döşəndiyi şəraitdən asılı olaraq zədələnmə ehtimalının qarşısının alınmasını təmin etmək məqsədilə aşağıdakı mühafizə zonaları müəyyənləşdirilir:  İNBK-mn marşrutu boyunca - boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır; kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası_boru kəməri oxunun hər tərəfindən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılır;  çoxxətli İNBK xətləri (marşrutları) boyunca - kənar boru kəmərlərinin oxlarından hər tərəfdən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır; kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası kənar boru kəmərlərinin oxlarından hər tərəfdən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılır. 6.1. “Mühafizə Zonası”nda Energetika Nazirliyinin və X1 Dövlət Agentliyinin (istismarçı təşkilatın rəyini almaqla) icazəsi olmadan aşağıdakılar üzrə işlərin edilməsi qadağandır : bina və qurğuların tikintisi.

Məhkəmənin mövqeyi :

15. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi rədd edilməlidir.

16. Belə ki, iddiaçı X5 X6 Cavabdeh qarşı ”Mühafizə Zonası”nın 25 metrliyində cavabdeh tərəfindən köhnədən mövcud olan 3 x 8 metr ölçülərində çardağın metal lövhələrlə əvəz edilmiş yeni dam örtüyünün sökülməsi tələbini irəli sürmüşdür.

17. İddiaçı cavabdehə qarşı olan hazırki iddia tələbini “Mühafizə Zonası”nda Azərbaycan Respublikasının Energetika Nazirliyinin və X1 Dövlət Agentliyinin rəsmi icazəsi olmadan hər hansı tikinti işlərinin aparılması və həmin ərazinin digər məqsədlər üçün istifadə olunmasının qadağan olması, iddiaçıya məxsus neft boru kəmərinin mühafizə zonasında yerləşən torpaq sahəsinin faktiki olaraq cavabdeh tərəfindən zəbt edilməsi, bu səbəbdən həmin kəmərə qulluq edilməsinə, onun istismar edilməsinə maneçilik yaranması, habelə insanların həyatı üçün də təhlükə yaranması ilə əsaslandırmışdır.

18. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinin dispozisiya şərtlərinə görə, hər hansı tikilinin özbaşına tikili hesab olunması bu tikilinin tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa edilməsi ilə şərtləndirmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsi torpaq sahələrinin özbaşına tutulması (zəbt edilməsi) və onun hüquqi nəticələrindən bəhs edir. Həmin maddənin birinci bəndinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması qanunla qadağan olunur.

20. Məhkəmə ilk növbədə qeyd edir ki, ünvan 1 ünvanında yerləşən Cavabdeh məxsus olan evin özbaşına tikili olması və Mühafizə zonasında yerləşməsi işin işin mübahisəsiz halıdır.

21. Belə ki, cavadbeh Cavabdeh həmin evi müvafiq icazə almadan tikdiyini, tikilinin yerləşdiyi torpaq sahəsi və tikiliyə dair mülkiyyət hüququnu təsdiq edən sənədin olmamasını məhkəmə iclasında verdiyi izahatda bildirmişdir. Həmçinin izahatında qeyd etmişdir ki, onun evi ilə boru kəmərləri arasındakı məsafə 25 metr olar.

22. İddiaçının nümayəndəsinin tikilinin iddiaçıya məxsus neft boru kəmərinin mühafizə zonasının 25 metrlik məsafəsində yerləşməsini qeyd etməsi ilə bağlı işin halı cavabdeh tərəfindən iclasda qəbul edildiyi, mübahisələndirilmədiyi üçün məhkəmə tərəfindən bununla bağlı müvafiq ekspertiza təyin edilməmişdir.

23. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehə qarşı hazırki iddia tələbini iddiaçı tərəfindən torpaq sahəsinin zəbt edilməsinin, tikinti işlərinin aparılmasının boru kəmərlərinə qulluq edilməsinə maneçilik törətməsi, o cümlədən insanların həyatı üçün də təhlükə yaratması ilə əsaslandırmasına baxmayaraq, iddiaçı tərəfindən ünvan 1 ünvanında yerləşən çardağın köhnədən mövcud olmuş 3x8 metr ölçülərində dam örtüyünün sökülərək yeni metal lövhələrlə əvəz edilməsinin neft boru kəmərinə qulluq edilməsinə, onun istismar edilməsinə hansı maneçilik yaratdığını, insanların həyatı üçün təhlükəsinin nədən ibarət olduğunu sübuta yetirə bilməmişdir. O cümlədən yaşayış sahəsinin deyil, yalnız çardağın boru kəmərlərinə qulluq edilməsinə maneçilik törətməsini, insanların həyatı üçün təhlükəsini əsaslandıra bilməmişdir.

24. Məhkəmə qeyd edir ki, ünvan 1 ünvanında yerləşən evin qarşısında yerləşən çardağın metal lövhələr ilə əvəz edilmiş yeni dam örtüyünün mühafizə zonasının hüdudlarında yerləşməsi əsası ilə iddianın təmin edilməsi cavabdehin Konstitusiya ilə təsbit olunmuş hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Nəzərə alınmalıdır ki, cavabdehə mübahisəli ərazidə yerləşən evdə uzun müddətdir ki yaşayır, müvafiq dövlət və icra hakimiyyəti orqanları tərəfindən evin yerləşdiyi torpaq sahəsindən istifadə ilə əlaqədar uzun illər ərzində heç bir irad bildirilməmişdir. İddiaçının nümayəndəsi də izahatında tikilinin köhnə tikili olduğundan tikilinin sökülməsini istəmədiklərini bildirmişdir.

25. Hazırki halda iddiaçı tərəfindən ünvan 1 ünvanında yerləşən çardağın köhnədən mövcud olan 3 x 8 metr ölçülərində metal lövhələrlə əvəz edilmiş yeni dam örtüyünün sökülməsi tələbinin irəli sürülməsi hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir.

26. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 21 dekabr 2012- ci il tarixli qərarında qeyd etmişdir ki, Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsindən və 71-ci maddəsinin İİ hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqlardan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericinin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüquqdan istifadə edilməsi.

27. Oxşar mövqe Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən ifadə edilmiş, “Centros Ltd. Erhvervsog Selskabsstyrelsen” işi üzrə 09 Mart 1999-cu il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, şəxs ona verilən hüququ qanunverici tərəfindən bu hüquq verilərkən nəzərdə tutulan məqsədə zidd olaraq başqalarına zərər vurmaqla qeyribərabər fayda əldə etmək üçün ağlabatmayan tərzdə həyata keçirirsə o, bu hüququndan sui-istifadə etmiş olur.

28. Belə ki, işin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, ünvan 1 ünvanında köhnədən mövcud olmuş 3x8 metr ölçülərində çardağın dam örtüyü yararsız vəziyyətdə olmuşdur. Buna görə də, evin sahibi olan Cavabdeh çardağın dam örtüyü yeni dam örtüyü ilə əvəz edilmişdir.

29. Belə olduğu halda məhkəmə hesab edir ki, ünvan 1 ünvanında yerləşən köhnədən mövcud olan çardağın dam örtüyünün bərpa edilərək metal lövhələr ilə əvəz edilməsinin iddiaçı tərəfindən qanunsuz tikinti işlərinin aparılması kimi qələmə verilməklə yenilənmiş dam örtüyünün sökülməsinə dair iddiası təmamilə əsassızdır.

30. Bundan başqa, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.

32. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəfindən çardağın dam örtüyündə təmir yaxud bərpa işləri aparılması iddiaçıya əsas vermir ki, o, çardağın dam örtüyünün sökülməsini tələb etsin. Üstəlik iddiaçı tərəf həqiqətən insanların həyat və sağlamlığı üçün də “narahat” olduğuna görə bu cür iddia irəli sürübsə, ən azından bugünədək neft kəmərinin mühafizə zonasında hansısa tikilinin dam örtüyünün sökülməsinə nail olmalarına dair məhkəməyə sübut da təqdim edə bilərdi, ancaq etməyib. Belə bir vəziyyətdə cavabdehə qarşı bu formada iddia irəli sürməsi isə hüququn ali məqsədinə xidmət etmir. Yəni, hüququn ali məqsədi ədaləti təmin etməkdir. İddiaçının arzuladığı formada məhkəmə aktının çıxarılması isə açıq-aşkar hüququn ali məqsədinə xidmət etməzdi.

Nəticə :

33. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddiaçı X5 X3 Cavabdeh qarşı ünvan 1 ünvanında X5 X4 məxsus neft məhsulu nəql olunan Dş-300 mm neft boru kəmərinin ”Mühafizə Zonası”nın 25 metrliyində Cavabdeh tərəfindən köhnədən mövcud olan 3 x 8 metr ölçülərində çardağın metal lövhələrlə əvəz edilmiş yeni dam örtüyünün sökülməsinə dair iddia tələbi rədd edilməlidir.

34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət Etdi:

İddiaçı X5 X3 ünvan 1 ünvanında X5 X4 məxsus neft məhsulu nəql olunan Dş-300 mm neft boru kəmərinin ”Mühafizə Zonası”nın 25 metrliyində Cavabdeh tərəfindən köhnədən mövcud olan 3 x 8 metr ölçülərində çardağın metal lövhələrlə əvəz edilmiş yeni dam örtüyünün sökülməsinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar