Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-2081/2023 12.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "akt üzrə 4147,20 manat dəymiş ziyanın əvəzinin tutulması" barədə iddiasına dair mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı "akt üzrə 4147,20 manat dəymiş ziyanın əvəzinin tutulması" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı öz tələbini belə əsaslandırmışdır ki, cavabdeh özbaşına olaraq qaz xəttinə qoşularaq təbii qazı talamış və nəticədə iddiaçıya 4147,20 manat maddi ziyan vurmuşdur. İddiaçı tərəfindən tərtib edilən xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 4147,20 manat maddi ziyan hesablanmışdır. İddiaçı hazırkı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməsə də, əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 iddianı müdafiə edərək onun təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Əsaslandırıcı hissə: Aşağıdakı hallara görə məhkəmə iddianı əsaslı hesab etmir. Müəyyən edildi ki, Cavabdeh Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Səməd Vurğun küçəsi döngə 4-də 2 nömrəli fərdi yaşayış evində yaşayır. Cavabdehin adına **********00010 nömrəli abonent kodu açılmış və G-4T markalı **********244 nömrəli qaz sayğacı quraşdırılmışdır. İddiaçının işçiləri tərəfindən xx.xx.2023-cü il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt" tərtib edilmişdir. Həmin aktda göstərilmişdir ki, istehlakçı Cavabdeh təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etmişdir. Həmin xx.xx.2023-cü il tarixli akt əsasında 34560 kub.m qaz istifadəsi hesablanmış və bu həcmin dəyəri 4147,20 manat qiymətləndirilmişdir ki, iddiaçı hazırda həmin məbləği tələb edir. İşdə olan, xx.xx.2023-cü il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"dan görünür ki, Cavabdeh təbii qazdan sayğacdan kənar əlavə xətt vasitəsilə qeyri-qanuni istifadə edir. İşdə olan, xx.xx.2023-cü il tarixli akta əlavə olunmuş fotoşəkildə istehlakçı Cavabdeh təbii qazdan kənar sayğacdan əlavə xətt vasitəsi ilə istifadə etməsi halının müəyyən edilməsi mümkün olmamışdır. "Qaz təchizatı haqqında" Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 2-ci hissəsinə əsasən, bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 6.5-ci bəndinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə isə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sadalanan normalara uyğun olaraq, İddiaçı Cavabdeh 4147,20 manat zərərin ödənilməsini tələb edə bilməsi üçün zəruri olan şərtlərdən biri həmin zərərin cavabdeh tərəfindən vurulmasının müəyyən edilməsindən ibarətdir və bu halı sübut etmək vəzifəsi İddiaçı üzərinə düşür. İddiaçı qeyd olunan halı sübut etmək üçün məhkəməyə təqdim etdiyi sübutlar yuxarıda sadalanan "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"a əlavə edilmiş fotoşəkillərdir. Məhkəmə tərəfindən cavabdehin yaşadığı Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Səməd Vurğun küçəsində yerində müayinə keçirilmişdir. Cavabdeh yerində müayinənin vaxtı və yeri barədə əvvəlcədən məlumat verilməsinə baxmayaraq gəlmədiyinə görə prosessual hərəkət onun iştirakı olmadan keçirilmişdir. Yerində müayinədə iddiaçının nümayəndəsi X5 ilə yanaşı, İddiaçı Bakı X9 Departamentinin nəzarətçi-çilingəri X4 da iştirak etmişdir. İddiaçının nümayəndəsi X2 bildirdiyinə görə, X4 prosessual hərəkətin həyata keçirildiyi küçəyə xidmət edir. Müəyyən edilmişdir ki, Cavabdeh yaşadığı fərdi yaşayış evinin yerləşdiyi küçədə qaz boru xətti və hər abonent üçün nəzərdə tutulan qaz sayğacları mövcuddur. İddiaçının istinad etdiyi xx.xx.2023-cü il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"da cavabdehin təbii qazdan sayğacdan kənar əlavə xətt vasitəsilə istifadə etdiyi ümumi şəkildə göstərilsə də, bu əlavə xəttin əsas boru xəttinə məhz hansı nöqtədə qoşulması göstərilmədiyinə görə iddiaçının nümayəndəsi X3 xəttin qoşulduğu nöqtəni göstərməsi təklif edilmişdir. İddiaçının nümayəndəsi X5 əsas boru xəttində qaynaq izləri olan bir nöqtəni göstərərək həmin nöqtənin fotoşəklinin iş materiallarında olduğunu və əlavə xəttin artıq söküldüyünü bildirmişdir. Nümayəndə tərəfindən göstərilmiş nöqtənin fotoşəkli hakim tərəfindən smartfon vasitəsilə çəkilərək işə əlavə edilmişdir. İş materiallarından göründüyü kimi, iddiaçı tərəfindən məhkəməyə cəmi üç fotoşəkil təqdim olunmuşdur ki, onlardan biri cavabdehin darvazasının, biri sayğacın, biri isə hansısa borunun şəklidir. Üçüncü fotoşəkildə əks olunmuş boru iddiaçının nümayəndəsi tərəfindən yerində müayinə zamanı göstərilən boru ilə müqayisə olunduqda məlum olmuşdur ki, fotoşəkildə əks olunan boru yerində müayinə zamanı nümayəndənin göstərdiyi boru deyildir. İddiaçının nümayəndəsi özü də bunu etiraf etmiş və bu uyğunsuzluğun səbəbini izah edə bilmədiyini söyləmişdir. Beləliklə, yerində müayinə zamanı cavabdehin əlavə xətti əsas boru xəttinə məhz hansı nöqtədə qoşduğunu, eləcə də iddiaçının məhkəməyə təqdim etdiyi boru fotoşəklinin harada çəkildiyini müəyyən etmək mümkün olmamışdır. Məhkəməyə cavabdehin sayğacdan kənar təbii qazdan istifadə etməsini təsdiq edən başqa heç bir sübut təqdim olunmamışdır. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, İddiaçı Cavabdeh 4147,20 manat dəymiş ziyanın ödənilməsini tələb etməkdə haqlı deyil və iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyinə görə iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 61,68 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Nəticə hissəsi: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı "akt üzrə 4147,20 manat dəymiş ziyanın əvəzinin tutulması"na dair iddiası təmin edilməsin. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 61,68 manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən apellyasiya şikayəti, şikayətin məhkəməyə göndərilməsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməklə, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına, qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Sədrlik edən Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №e-2(008)-2081/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-2081/2023
12.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver