Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1161/2025 21.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon Məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh onun tərəfindən verilmiş 4000 manat məbləğində pul vəsaitinin; 2400 manat məbləğində pul vəsaitinin; ədalət mühakiməsini həyata keçirən məhkəməyə müraciət edilməsi məqsədilə iddia ərizəsinin tərtib olunmasına görə tərəfindən ödənilmiş 70 manat məbləğində vəkil xidmət haqqının; məhkəmə üçün ödənilmiş 85 manat məbləğində dövlət rüsumunun, ümumilikdə, 6555 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq onun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırılması. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh 4000 manat məbləğində pul vəsaiti vermişdir. Cavabdeh pula ehtiyacı olduğunu və əldə etdiyi məbləği 3 (üç) ay müddətində ona qaytaracağını vəd etmişdir. xx.xx.2022-ci il tarixdə ona lazım olan 4000 manat məbləğində pul vəsaitini verdiyini öz əlyazması ilə təsdiq etmiş və 3 ay müddətində hissə-hissə geri ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda, cavabdehlə əldə etdikləri razılığa əsasən, o, hər ay sözügedən pul vəsaitinin 20 faizi məbləğində ödəniş etməli, gecikmə olduğu təqdirdə isə hər günə 5 faiz əlavə ödəniş etməli idi. Cavabdeh bu pul vəsaitini də ödəməyi öz üzərinə götürsə də, bundan yayınmışdır. Cavabdeh verdiyi vədə və əlyazmasına sadiq qalmamış, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Şəxsin ondan borc qismində aldığı 4000 manat pul vəsaitini müxtəlif bəhanələr gətirərək ödəməkdən boyun qaçırması onun maddi vəziyyətini çətinləşdirmişdir. Bildirir ki, cavabdeh şəxsin qanunsuz əməlləri nəticəsində onun əlavə olaraq çəkdiyi xərcin dəyəri cavabdehdən tutulmalıdır. Belə ki, ədalət mühakiməsini həyata keçirən məhkəməyə müraciət edilməsi məqsədilə iddia ərizəsinin tərtib olunmasına görə tərəfindən ödənilmiş 70 manat məbləğində vəkil xidmət haqqının və 85 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq onun xeyrinə ödənilməsini qanunamüvafiq hesab edir. Məhz bu xüsusatlara əsasən, Cavabdeh tərəfindən borc qismində alınmış 4000 manat məbləğində pul vəsaitinin, faizə mütanasib olaraq 2400 manat pul vəsaitinin, ədalət mühakiməsini həyata keçirən məhkəməyə müraciət edilməsi məqsədilə iddia ərizəsinin tərtib olunmasına görə tərəfimdən ödənilmiş 70 manat məbləğində vəkil xidmət haqqının və 85 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq onun xeyrinə ödənilməsinə dair ədalət mühakiməsini həyata keçirən məhkəməyə müraciət edir. Tərəflərin izahatları. Məhkəmə iclasında İddiaçı iddianın təmin edilməsini xahiş edərək bildirmişdir ki, iddianı müdafiə edir. Yanında işləyən katibənin qohumu idi. 3 ay müddətinə 4000 manat qaytaracağını dedi, işdən çıxardılar. Sonra onunla əlaqə saxlaya bilmədi. 7000 manat ödəməyi öhdəsinə götürmüşdü, cəmi 4000 manat almışdı. Faizlə hissə-hissə ödəyəcəyini bildirmişdi. Sonra cavabdehlə əlaqə kəsildi, onun yerini tapa bilmədi. Faizi ilə 7000 manata razılaşmışdılar. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materialları. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli əl yazısından görünür ki, Cavabdeh lombardın müdiri İddiaçı ilə bu müqaviləni bağlamışdır, ona görə ki, o, yaşadığı evin təmiri ilə bağlı 4000 azn pula ehtiyacı olduğu üçün hər ay 20 faiz ödəməklə gecikmə olmadan faiz ödəyəcəkdir. Gecikdirdiyi hər günə 5 faiz ödəyəcəkdir, 3 ay müddətinə pulu götürmüşdür. Girov üçün maaş kartı və pasportu qoymuşdur. Sənəd İddiaçı (VÖEN:**********) tərəfindən möhürlənmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli mədaxil orderindən görünür ki, İddiaçı tərəfindən 34 saylı Vəkil Bürosuna 70 manat məbləğində ödəniş edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən 85 manat məbləğində dövlət rüsumu ödəniş edilmişdir. İş materiallarına əlavə edilmiş əl yazısından görünür ki, Cavabdeh İddiaçı 2 ay müddətinə 1500 azn pulun ona verilməsini xahiş etmişdir. Bununla bağlı girov olaraq əmək haqqı kartı qoyulmuşdur. X2 işirakı ilə bağlanmışdır. Sənəd İddiaçı (VÖEN:**********) tərəfindən möhürlənmiş və xx.xx.2021-ci il tarixdə imzalanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli əl yazısından görünür ki, Cavabdeh İddiaçı 3 ay müddətinə hissə-hissə qaytarmaq şərtilə 2500 manat məbləğində borc pul istəmişdir. Qeyd etmişdir ki, hər ayın 22-də 20%-i vaxtında ödəyəcəkdir. Hər günün gecikməsinə görə 1 manat ödəməyə hazırdır. X2 işirakı ilə bağlanmışdır. Sənəd İddiaçı (VÖEN:**********) tərəfindən möhürlənmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli iltizamın surətindən görünür ki, Cavabdeh İddiaçı aldığı 7000 manat pulu hər ayın sonu 250 manat olmaqla ödəyəcəyinə söz vermişdir. X1 işirakı ilə tərtib edilmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiya) Maddə 7. Mülki qanunvericiliyin zamana görə qüvvəsi 7.1. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. 7.2. Qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər. 7.3. Mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. Maddə 324. Əqd anlayışı və onun növləri 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.... 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.... Maddə 329. Əqdlərin formaları 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.... Maddə 331. Yazılı əqd 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389. Müqavilə anlayışı. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır... Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur... ...443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 740. Borc müqaviləsinin forması 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Maddə 741. Borc üzrə faizlər Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. ...14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.... Maddə 76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.... Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 115. İşə baxılması ilə əlaqədar məsrəflər 115.0. İşə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: ...115.0.5. nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; 115.0.6. vəkillərə etdikləri kömək üçün ödənilən xərclər;... Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 121. Nümayəndəyə və vəkilə göstərdiyi yardıma görə xərclərin ödənilməsi 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır... Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.... Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.... “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İşin faktiki halları ondan ibarətdir ki, İddiaçı VÖEN:********** vasitəsilə lombard işlətməklə məşğuldur və Cavabdeh xx.xx.2022-ci il tarixdə əl yazması ilə İddiaçı 4000 manat məbləğində borc pul istəmiş və ona 20% faiz ödəməyə razılıq bildirmişdir. İddiaçı onun tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixli əl yazmasına əsasən verilmiş 4000 manat məbləğində pulun və ona hesablanmış 20% məbləğində – 2400 manat pulun cavabdehdən tutulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, tərəflər arasında borc (kredit) müqaviləsi və borc (kredit) müqaviləsindən irəli gələn öhdəliklər yaranmışdır. Belə ki, qeyd edildiyi kimi, xx.xx.2022-ci il tarixli əl yazmasından görünür ki, Cavabdeh iddiaçıdan ona borc pul verilməsini xahiş etmiş, borc pulun 20%-i ödəməyi öhdəsinə götürmüş və öz imzası ilə təsdiq etmişdir. Həmçinin İddiaçı da əl yazmanı öz imzası və lombard-VÖEN:********** möhürü ilə təsdiq etmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, tərəflər arasında qanunvericiliyin tələblərinə uyğun olaraq yazılı formada borc müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini icra etməmişdir. Borcalan Cavabdeh borc (kredit) müqaviləsi ilə götürdüyü öhdəlikləri pozmuş, onları lazımınca icra etməmiş, İddiaçı ödənilməli olan borcu və borc məbləğinə faizləri ödəməmiş və bununla da, o, iddiaçıdan alınan borcu müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Belə olan halda, iddiaçı borcu – 4000 manat məbləğində pulu və ona hesablanmış 20% məbləğində pulu cavabdehdən tələb etməkdə haqlı olmuşdur. Nəzərə alınmalıdır ki, əl yazmanın imzalanma tarixi xx.xx.2022-ci il tarixə təsadüf etdikdən və həmin vaxtdan 3 il keçdikdən, hesablaşma – 4000 x 20% = 800 x 3 il = 2400 şəklində aparılmalıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, məhkəməyə digər məbləğlərdə (1500 AZN və 2500 AZN) borcların verilməsi ilə bağlı əl yazmaların əks olunduğu sənədlər təqdim edilsə də, həmin məbləğlərin cavabdehdən tutulması iddiaçı tərəfindən tələb edilmədikdən, məhkəmə tərəfindən həmin əl yazmalara münasibət bildirilmir. Həmçinin, Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmiş, öz etiraz və ona əsaslanan dəlillərini məhkəməyə təqdim etməmişdir. İddia ərizəsinin tərtib olunmasına görə vəkilə ödənilmiş xidmət haqqının tələbi hissəsində məhkəmə qeyd edir ki, iş materiallarından görünür ki, İddiaçı 34 saylı Vəkil Bürosuna 70 manat məbləğində ödəniş etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli, həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı tərəfindən verilmiş 4000 manat məbləğində pul vəsaiti; 2400 manat məbləğində pul vəsaiti; ədalət mühakiməsini həyata keçirən məhkəməyə müraciət edilməsi məqsədilə iddia ərizəsinin tərtib olunmasına görə tərəfindən ödənilmiş 70 manat məbləğində vəkil xidmət haqqı Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə xərcləri. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid olduğundan və iddia tələbi təmin edildikdən, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 85 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 357, 358, 360 və 362-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı tərəfindən verilmiş 4000 manat məbləğində pul vəsaiti, 2400 manat məbləğində pul vəsaiti, ədalət mühakiməsini həyata keçirən məhkəməyə müraciət edilməsi məqsədilə iddia ərizəsinin tərtib olunmasına görə tərəfindən ödənilmiş 70 manat məbləğində vəkil xidmət haqqı, məhkəmə üçün ödənilmiş 85 manat məbləğində dövlət rüsumu, ümumilikdə, 6555 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva
Məhkəmə qərarları › İş №e-2(010)-1161/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1161/2025
21.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver