Məhkəmə qərarları › İş №e-2(010)-1459/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1459/2023

23.05.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1459/2023 23.05.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X2 iclas katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Babayeva İradənin Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiaçı Babayeva İradə Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki: “Bildirirəm ki, ünvan 1 ünvanında yerləşən iki otaqlı mənzil mənə məxsusudur. Həmin mənzil Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2019-cu il tarixli çıxarışa əsasən mənim xüsusi mülkiyyətimdədir. Mən həmin mənzili xx.xx.2019-cu il tarixdə mənimlə mənzilin sahibi X5 arasında bağlanmış AN-İ № ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən almışam. Müqavilə 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisində bağlanmışdır. Bildirmək istəyirəm ki, hazırda mülkiyyətimdə olan ünvan 2 ünvanında yerləşən iki otaqlı mənzildə Cavabdeh pasport qeydiyyatındadır. Mənzili aldığım vaxtdan xeyli müddət keçməsinə baxmayaraq həmin mənzildə qeydiyyatda olan cavabdeh qeydiyyatdan çıxmır. Mənzilə dair bağlanmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin 8-ci maddəsinə əsasən satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürür. Müqavilə bağlanıldıqdan sonra cavabdeh mənə məxsus mənzildə pasport qeydiyyatından çıxacağına dair öhdəlik götürsə də, bu günədək xüsusi mülkiyyətimdə olan mənzildə pasport qeydiyyatında qalmaqdadır. Cavabdehin uzun müddətdir ki, qeyd olunan ünvanda yaşamadığına baxmayaraq mənə məxsus olan mənzildən pasport qeydiyyatından çıxmamışdır. Cavabdeh mənzilin keçmiş mülkiyyətçisi X4 qızıdır. Cavabdeh qeydiyyatda mənə məxsus ünvan 1 ünvanında yerləşən mənzildə olsa da, faktiki olaraq başqa ünvanda yaşayır. Cavabdehə öhdəliklərinin icrası ilə əlaqədar xəbərdarlıq etsəm də, heç bir nəticəsi olmamışdır. Cavabdehin mənə məxsus mənzildə qeydiyyatda olması mənə əlavə problemlər yaradır. Onun qeydiyyatının formal xarakter daşımasını nəzərə alıb cavabdehin mənə məxsus mənzildən istifadə hüquqlarına xitam verilməsi üçün əsaslar vardır. Hesab edirəm ki, mülkiyyət hüququm məhdudlaşdırılmamalıdır. Xüsusi mülkiyyətimdə olan əmlakdan sərbəst və maneəsiz istifadə etmək, əmlaka dair sərəncam vermək hüquqlarıma təminat verilməlidir. Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzildən yaşayış yeri kimi istifadə etmədiyindən və həmin mənzildə qeydiyyatı formal xarakter daşıdığından onun həmin mənzildən istifadə hüquqlarına xitam verilməlidir”.

Tərəflərin izahatları.

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddianı müdafiə edərək bildirdi ki, ünvan 1 ünvanında yerləşən mənzil hazırda iddiaçının mülkiyyətindədir. İddiaçı həmin mənzili 2019-cu ildə daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X3 almışdır. Hazırda mənzildə qeydiyyatda olan Cavabdeh mənzilin keçmiş mülkiyyətçisinin qızıdır. O, mülkiyyətçisinin ailə üzvü kimi mənzildən istifadə hüququ əldə etmiş, həmin mənzilə yaşayış yeri üzrə qeydiyyata alınmışdır. Hazırda həmin mənzil iddiaçının mülkiyyətində olduğundan cavabdehin istifadə hüququna xitam verilməlidir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.

4. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə cavabdehin məlum оlаn аxırıncı yаşаyış yeri üzrə müvаfiq icrа hаkimiyyəti оrqаnını məlumаtlаndırаrаq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci mаddəsinə əsаsən cаvаbdehin iştirаkı оlmаdаn işə bаxılmаsını mümkün hesab etdi.

İş materialları.

5. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, ******* nömrəli arayışdan görünür ki, Cavabdeh ünvan 3 ünvanında yerləşən mənzildə qeydiyyatdadır.

6. X1 və alıcı İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Satıcı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 46.82 m2 olan mənzili 43000 manata Alıcıya satmışdır. Mənzildə qeydiyyatda olan Cavabdeh mənzilin satılmasına etiraz etməməsinə dair notariat qaydasında təsdiq edilmiş ərizə vermişdir.

7. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 47.92 m2 olan mənzil Babayeva İradənin xüsusi mülkiyyəti kimi xx.xx.2019-cu il tarixdə qeydə alınmışdır.

İşin faktiki halları.

8. ünvan 3 ünvanında yerləşən mənzil xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın alqısatqı müqaviləsinə əsasən X5 tərəfindən iddiaçı Babayeva İradəyə satılmışdır. Mənzil hazırda Babayeva İradənin mülkiyyətindədir.

9. Cavabdeh mənzilin keçmiş mülkiyyətçisi X4 qızıdır. Cavabdeh hazırda həmin mənzildə yaşayış yeri üzrə qeydiyyatdadır.

Tətbiq edilən hüquq.

10. Azərbaycan Respublikasının Konstitusiyası.

Maddə 13. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır.

11. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair” Protokol.

Maddə 1. Mülkiyyətin müdafiəsi. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157. Mülkiyyətin müdafiəsi. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 178. Daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsi. 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Maddə 646. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsi. 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 646.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Maddə 648. Daşınmaz əşyaların alğı-satqısı zamanı tərəflərin vəzifəsi. 648.1. Daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir.

13. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu.

Maddə 2. Yaşayış yeri və olduğu yer anlayışları. Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür.

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 147. Cavabdehin olduğu yerin məlum olmaması. Cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi.

15. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, mübahisəli mənzil tam mülkiyyət hüququ üzrə iddiaçıya məxsus olduğundan, mənzilin keçmiş mülkiyyətçisinin qızı kimi mənzildən istifadə hüququ əldə etmiş cavabdeh həmin mənzildə artıq yaşamadığından, bu vəziyyətdə cavabdehin mənzildə qeydiyyatda qalmaqda davam etməsi iddiaçının həmin mənzilə münasibətdə mülkiyyət hüququnu həyata keçirməsini məhdudlaşdırdığından cavabdehin mənzildən istifadə hüququna xitam verilməlidir.

16. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir (“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2020-ci il tarixli Qərarı).

17. Hazırkı iş üzrə cavabdeh mənzilin keçmiş mülkiyyətçisinin qızıdır. Yəni bu şəxsin həmin mənzildən istifadə hüququ olmuş, bu əsasla mənzildə yaşayış yeri üzrə qeydiyyata alınmışdır. Bu səbəbdən Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda istinad edilmiş qərarında da qeyd edildiyi kimi mənzildən istifadə hüququ olan cavabdehin mənzildən qeydiyyatdan çıxarılması üçün onun istifadə hüququna xitam verilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

18. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh ünvan 3 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilməlidir.

19. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh ünvan 3 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar