Məhkəmə qərarları › İş №e-2(010)-3194/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-3194/2024

30.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3194/2024 30.09.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X1 qızının katibliyi ilə, İddiaçı (bundan sonra mətndə İddiaçı MMC) Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə borcun və lizinq obyektinə vurulmuş zərərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İş materialları

1. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 29 may 2023-cü il tarixli, MAS- 5967 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən 2021-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə verilmişdir.

2. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 18 % mükafat məbləği hesablanmaqla 36 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 455.52 manat, ümumilikdə isə 18599 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 18599 manatın 14800 manatı əsas məbləğ təşkil edir

3. xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, tərəflər arasında imzalanmış “Daxili lizinq” müqaviləsi üzrə öhdəliklər vaxtında və lazımi qaydada icra edilməmiş, 12 mart 2024-cü il tarixə 795,16 manat məbləğində gecikmə borcu yaranmış, həmçinin lizinq obyekti olan “Khazar SD” minik markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobil həmin tarixdə şirkətinin Bakı şəhərində yerləşən müvəqqəti duracağına yerləşdirilmişdir. Servis mərkəzi tərəfindən lizinq obyektinə baxış keçirilmiş və tərtib olunmuş qüsur aktına əsasən avtomobildə 3774.30 manat məbləğində qüsur aşkar edilmişdir. “Daxili Lizinq” müqaviləsinin 9-cu bəndinə əsasən müqavilə birtərəfli qaydada ləğv ediləcək, yaranmış borc və dəymiş zərər ödənilmədiyi halda Məhkəmə qaydasında tələb ediləcəkdir.

4. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, borclu Cavabdeh 29 may 2023-cü il tarixli MAS-5967 saylı “Daxili lizinq” müqaviləsi üzrə 12 mart 2024-cü il tarixə gecikdirilmiş əsas borc, gecikdirilmiş mükafat borcu və həmin günə gecikdirməyə görə hesablanmış dəbbə pulu aşağıdakılardan ibarətdir. Gecikdirilmiş ümumi borc: Əsas borc 298.78 manat, mükafat borcu 165,62 manat, cərimə 330,76 manat, cəmi məbləğ 795,16 manat.

5. “X2” MMC tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş qüsur aktına əsasən “Khazar SD” minik markalı, **-PR-*** qeydiyyat nömrəli avtomobilin təmir-bərpası üçün tələb edilən 3774,30 manat təşkil edir.

6. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən ümumilikdə 65,70 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

İşin faktiki halları

7. İddiaçı MMC ilə Cavabdeh arasında 29 may 2023-cü il tarixli, MAS-5967 saylı “Daxili lizinq müqaviləsi”nin bağlanması və İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar SD” minik markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə verilməsi işin mübahisəsiz halıdır.

İddia tələbi

8. İddiaçı MMC Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə borcun və lizinq obyektinə vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 29 may 2023-cü il tarixli MAS-5967 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 12 mart 2024-cü il tarixə 298.78 manat gecikdirilmiş əsas, 165.62 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 330.76 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan, “Khazar SD” minik markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 3774.30 manat, ümumilikdə 4569.46 manat borc və ödənilmiş 65.70 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Tərəflərin izahatları

9. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır.

10. İddiaçı MMC xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə ərizə təqdim edərək, mülki işə iştirakları olmadan baxıb, iddia tələbinin tam təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Cavabdeh 08 və 24 iyul 2024-cü il tarixli məhkəmə iclaslarında izahat verərək bildirmişdir ki, o, Suraxanı OYL şirkətində işləyir, 5 ay əvvəl rəhbərlik dəyişmiş və əmək haqqları azalmışdır. Əvvəl 1200-1400 manat alırdısa, indi 600-650 manat alır. 520 manat banka aylıq borcu var və əmək haqqından tutulur, oğlu da iş yeri tapıb işləyə bilmir. Oğlu gedib şirkətlə danışacaq və razılığa gəlməyə çalışılacaq.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 747. Lizinq müqaviləsi 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Maddə 747-1. Lizinq müqaviləsinin subyektləri 747-1.1. Lizinq müqaviləsinin subyektləri lizinq verən, lizinq alan və satıcıdır (mal verəndir). Maddə 747-2. Lizinqin obyekti Lizinqin obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır. Maddə 747-3. Lizinqin formaları 747-3.1. Lizinqin bu Məcəllə ilə tənzimlənən əsas formalarına daxili və beynəlxalq lizinq aiddir. 747-3.2. Daxili lizinq həyata keçirildikdə lizinq verən və lizinq alan Azərbaycan Respublikasının rezidentləridir. Maddə 747-4. Sublizinq 747-4.4. Lizinq obyektinin sublizinqə verilməsi zamanı hökmən lizinq verənin yazılı razılığı olmalıdır. Maddə 748-1. Lizinq müqaviləsi iştirakçılarının hüquq və vəzifələri 748-1.1. Lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir. 748-1.12. Lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır: 748-1.12.1. lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə; 748-1.12.2. lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə; 748-1.12.3. lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə; 748-1.12.4. lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə. Maddə 748-2. Lizinq zamanı mülkiyyət münasibətləri 748-2.1. Lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Maddə 748-7. Lizinq müqaviləsinin tərəfləri arasında risklərin bölüşdürülməsi 748-7.1. Lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Maddə 748-10. Lizinq ödənişləri 748-10.1. Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Maddə 748-11. Lizinq ödənişlərinin ümumi məbləği 748-11.1. Lizinq ödənişlərinin ümumi məbləğinə aşağıdakılar daxildir: 748-11.1.1. lizinq obyektinin amortizasiya ödənişləri; 748-11.1.2. lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər; 748-11.1.3. lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faiz; 748-11.1.4. lizinq verənin mükafatının məbləği; 748-11.1.5. lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ; 748-11.1.6. lizinq verənin əlavə xidmətlərinin haqqı; 748-11.1.7. lizinq verənin lizinq müqaviləsi ilə nəzərdə tutulmuş digər xərcləri. 748-11.2. Lizinq ödənişlərinin tərkibinə daxil edilən məbləğlər lizinq verən tərəfindən müvafiq sənədlərlə əsaslandırılmalıdır. Maddə 750. Lizinq alanın məsuliyyəti Lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1, 747-1.3 və 747-2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2020-ci il tarixli Qərarı

“... lizinq müqaviləsinin bağlandığı an əşyanın lizinq alanın mülkiyyətinə keçməsi və bununla da, mülkiyyətçinin dəyişməsi baş vermir. Satın alma şərtləşdirildiyi halda (bir qayda olaraq lizinqin cəlbediciliyi bu şərtə görə mövcud olur) həmin əşya sonda lizinq alana satılır. Lizinq müqaviləsi lizinq verənin öz əmlakından daha yüksək dəyər əldə etməsinə, lizinq alanın isə aylıq haqq ödənişi müqabilində həmin əmlakdan faydalanmasına (gəlir götürməsinə, yaxud götürmədən istifadə etməsinə) imkan yaradır. Beləliklə, lizinq daha çox mülkiyyətçinin öz əmlakını nisyə alğı-satqı yolu ilə hissəvi ödəniş əsasında satılmasına yönələn hərəkəti kimi xarakterizə edilir. Lizinq alan ödənişi geri tələb etmir və lizinq alan müqavilənin hər hansı şərtini icra etmədiyinə görə lizinq verənin tələbi ilə lizinq obyekti üzərində sahiblik və istifadə hüquqlarından əvəzsiz olaraq məhrum edilə bilər”.

14. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi

Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi

15. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir.

16. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı lizinq müqaviləsi üzrə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan nəqliyyat vasitəsini müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə vermiş, cavabdeh isə müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və dövriliklə müəyyənləşdirilmiş muzdu ödəməmişdir. Halbuki, mülki qanunvericiliyin normalarına əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Yəni, müqavilə hansı məzmunda bağlanıbsa, həmin məzmunda da hüquqi nəticələr doğurur, bir şərtlə ki, mülki qanunvericiliklə ziddiyyət təşkil etməsin. Cavabdeh iddiaçı ilə müqavilə bağlayaraq öhdəlik münasibətinin iştirakçısı olan zaman həmin müqavilənin doğuracağı hüquqi nəticələri qabaqcadan görmüş və dərk etmişdir. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Göründüyü kimi iddiaçının “vermək”dən ibarət hərəkətinə qarşılıq olaraq, cavabdeh “muzd ödəmək”dən ibarət iradə ifadəsi bildirsə də, öz vəzifəsini vicdanlı şəkildə icra etməmişdir. Halbuki, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

17. İşin məhkəmə tərəfindən araşdırılmış hallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 29 may 2023-cü il tarixli, MAS-5967 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən 2021-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Tərəflər arasında imzalanmış “Daxili lizinq” müqaviləsi üzrə öhdəliklər vaxtında və lazımi qaydada icra edilməmiş, 12 mart 2024-cü il tarixə 795,16 manat məbləğində gecikmə borcu yaranmış, həmçinin lizinq obyekti olan “Khazar SD” minik markalı, **-PR- *** dövlət qeydiyyat nişanlı avtomobil həmin tarixdə şirkətin Bakı şəhərində yerləşən müvəqqəti duracağına yerləşdirilmişdir. Servis mərkəzi tərəfindən lizinq obyektinə baxış keçirilmiş və tərtib olunmuş qüsur aktına əsasən avtomobildə 3774,30 manat məbləğində qüsur aşkar edilmişdir. Cavabdeh 29 may 2023-cü il tarixli MAS-5967 saylı “Daxili lizinq” müqaviləsi üzrə 12 mart 2024-cü il tarixə gecikdirilmiş 298,78 əsas borc, 165,62 manat mükafat borcu və həmin günə gecikdirməyə görə hesablanmış 330,76 manat dəbbə borcu vardır.

18. Hazırki iddia tələbi 2 hissədən ibarətdir: 1) gecikdirilmiş borcun ödənilməsi və 2) avtomobilin təmir-bərpası üçün zəruri olan xərcin ödənilməsi.

19. Məhkəmə iddia tələbinin “gecikdirilmiş borcun ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, cavabdehdən 29 may 2023-cü il tarixli, MAS-5967 saylı “Daxili maliyyə lizinq müqaviləsi”nə əsasən 12 mart 2024-cü il tarixə gecikdirilmiş 298,78 manat əsas və 165,62 manat faiz borcunun tutulması barədə tələb əsaslıdır, lakin cərimə pulu yüksəkdir. Odur ki, məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra ödənilməmiş pul öhdəliyinin olmasını, əlavə olaraq tətbiq edilən dəbbə pulunun isə onun vəziyyətini daha da ağırlaşdırdığını, habelə iddiaçının əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, 330,76 manat məbləğində dəbbə pulu (penya) tənasübsüz surətdə yüksəkdir, odur ki, dəbbə pulu (penya) azaldılaraq 20 manat müəyyən edilməlidir.

20. Məhkəmə iddia tələbinin “avtomobilin təmir-bərpası üçün zəruri olan xərcin ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, həmin hissədə də iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-7.1-ci maddəsinə əsasə lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. İş materiallarında olan “X2” MMC tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş qüsur aktına əsasən “Khazar SD” minik markalı, **-PR-*** qeydiyyat nömrəli avtomobilin təmir-bərpası üçün tələb edilən 3774,30 manat təşkil edir. Cavabdeh məhkəmə iclaslarında razılığın baş tutacağını bildirərək, ekspertizanın keçirilməsini məhkəmədən xahiş etməmiş, həmçinin xeyli müddət danışıqlar aparılması məqsədilə məhkəmə iclasları təxirə salınsa da, razılığa gəlinməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, təmir-bərpa üçün tələb edilən məbləğ 3774,30 manat olmaqla qəbul edilməlidir.

Məhkəmə xərcləri

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

22. İddia qismən təmin edildiyi üçün iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 61 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumunun qalan 4,70 manat hissəsi isə iddiaçının özünə aid edilməlidir.

Məhkəmənin gəldiyi nəticə

23. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 29 may 2023-cü il tarixli, MAS-5967 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən 12 mart 2024-cü il tarixə gecikdirilmiş 298,78 manat əsas, 165,62 manat faiz, 20 manat cərimə borcu və avtomobilin təmir-bərpası üçün zəruri olan 3774,30 manat olmaqla, cəmi 4258,70 manat pul tutularaq İddiaçı MMC-yə ödənilməli, iddia qalan hissədə rədd edilməlidir.

24. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,

qət etdi:

İddia qismən təmin edilsin. Cavabdeh 29 may 2023-cü il tarixli, MAS-5967 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən 12 mart 2024-cü il tarixə gecikdirilmiş 298,78 manat əsas, 165,62 manat mükafat, 20 manat cərimə borcu və avtomobilin təmir-bərpası üçün 3774,30 manat olmaqla, cəmi 4258,70 (dörd min iki yüz əlli səkkiz manat yetmiş qəpik) manat pul tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. İddia qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 61 (altmış bir) manat məbləğində pul Cavabdeh İddiaçı xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun qalan 4,70 (dörd manat yetmiş qəpik) manat hissəsi İddiaçı özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar