Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-3511/2024 27.06.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Məmmədov Tural Nurulla oğlu, İddiaçı cavabdeh X1 qarşı “pozulmuş istehlakçı hüquqlarının müdafiə edilməsi və dəymiş ziyanın geri qaytarılması” tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, Müəyyən etdim: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 tərəfindən göstərilmiş keyfiyyətsiz xidmət nəticəsində ona vurmuş olduğu 1500 manat pulun həmin şəxsdən ona geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddiaçı iddia ərizəsi verərkən dövlət rüsumu ödəməmişdir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikası Qanunu”nun 1-ci maddəsinə görə, istehlakçı — şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxs, icraçı — iş görən, yaxud xidmət göstərən müəssisə, idarə, təşkilat və ya sahibkardır. Həmin Qanunun 8-ci maddəsinə görə, bazarda hökmran mövqe tutan istehsalçı və ya icraçı (onun nizamnamə fəaliyyətindən, yaxud istehsal imkanlarından kənara çıxdığını sübut etdiyi hallar istisna olmaqla) istehlakçı ilə işlərin icra edilməsi və xidmət göstərilməsi üçün qeyri-bərabər şərt təklif etmədən müqavilə bağlamağa borcludur. Bu halda o, öz istehsalat, yaxud digər təsərrüfat fəaliyyətini elə təşkil etməlidir ki, əhalinin ehtiyacları lazımi səviyyədə və fasiləsiz təmin edilsin. İcraçının əsassız olaraq, müqavilə bağlamaqdan imtina etməsi nəticəsində o, işlərin yerinə yetirilməsindən və xidmətlərin göstərilməməsindən istehlakçıya dəyən ziyanın əvəzini ödəməyə borcludur. AR Rəqabət Məcəlləsinin 15.1-ci maddəsinə görə, bir təsərrüfat subyekti 50 faiz və daha çox bazar payına malik olduqda, hökmran mövqe tutmuş hesab edilir. İddiaçı hazırki ərizə ilə məhkəməyə müraciət edərkən həmin iddia ərizəsinin “istehlakçı hüquqlarının müdafiəsi” ilə əlaqədar olduğunu qeyd etmiş və bu səbəbdən dövlət rüsumu ödəməmişdir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə görə aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.5. istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Lakin qeyd edilməlidir ki, cavabdehin gəlir məlumatları araşdırılarkən məlum olmuşdur ki, onun VÖENİ olsa da, lakin, fəaliyyətini müvəqqəti olaraq dayandırmışdır. Bundan əlavə, cavabdeh yuxarıda qeyd edilən maddi hüquq normalarının tələbləri baxımından da, istehsalçı və ya icraçı kateqoriyasına uyğun subyekt hesab edilə bilməz. Belə ki, onun bazarda hökmran mövqedə olan şəxs olması işin hallarından görsənmir. Hazırki iddia ərizəsinin mahiyyətindən aydın olur ki, iddiaçı sadəcə olaraq avtomobil təmiri ilə məğul olan şəxsə - cavabdehə maşın təmiri ilə əlaqədar müraciət etmiş və buna görə verdiyi 650 manat pul vəsaitinin və eyni zamanda cavabdeh tərəfindən avtomobilə ziyan vurulduğunu qeyd edərək 850 manat ziyan məbləğinin, ümumilikdə 1500 manat pul vəsaitinin geri qaytarılmasını tələb edir. Bu baxımdan qeyd edilməlidir ki, hazırki iddia ərizəsi istehlakçı hüquqlarının müdafiəsi ilə əlaqədar olmadığından qanunvericiliklə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi zəruridir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə görə, qiymətləndirilən iddia ərizəsi verilən zaman iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat +1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 108.3-cü maddəsinə əsasən, dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.5-ci maddəsinin tələbinə görə isə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim ərizəni və ona əlavə olunmuş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin yuxarıda qeyd olunan maddələrini rəhbər tutaraq, Qərara aldım: İddiaçı tərəfindən təqdim edilmiş iddia ərizəsi və ona əlavə olunmuş sənədlər İddiaçı geri qaytarılsın. İzah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada təkrar məhkəməyə müraciət etmək olar. Qərardaddan onun surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №e-2(010)-3511/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-3511/2024
27.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver