Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-537/2025 03.03.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh 8000 manat məbləğində pulun və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, qonşuluğunda yaşayan Cavabdeh xx.xx.2024-cü il tarixdə ondan banka olan borcunu ödəmək məqsədilə 10000 manat borc pul istəmiş, o da həmin məbləğdə pulu cavabdehə vermişdir. Cavabdeh aldığı borc məbləğindən cəmi 2000 manatını qaytarmış, qalan 8000 manat borcunu isə dəfələrlə tələb etməsinə baxmayaraq, qaytarmamışdır. Bu səbəbdən də, o, Cavabdeh barəsində Bakı şəhəri Xəzər rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Lakin Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarına əsasən, iddia mülki xarakterli olduğundan toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Odur ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Belə ki, Cavabdeh “FENEX” banka olan 33500 manat borcuna görə evdən çıxarılmışdır. Buna görə də, cavabdeh ondan 15000 manat pul istəmişdir. O isə o qədər pulu olmadığını və ona ancaq 6000 manat pul verə biləcəyini demişdir. O, həmin pul vəsaitini xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində cavabdehin işlətdiyi Arzu şadlıq sarayının yaxınlığında saat 12:00 radələrində nağd şəklində şəxsən özünə vermişdir. Cavabdeh ondan əlavə olaraq 4000 manat da borc pul istəmişdir. O da həmin məbləğdə pulunun olmadığını, lakin dostundan alıb ona verəcəyini bildirmişdir. O, xx.xx.2024-cü il tarixdə saat 14:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində cavabdehə məxsus Arzu şadlıq sarayının yaxınlığında cavabdehə 4000 manat borc pul vermişdir. Bununla da cavabdehin ona 10000 manat borcu yaranmışdır. Cavabdeh bildirmişdir ki, ona verdiyi pulu banka ödəyəcək, ona olan borcunu isə bankla olan məsələləri həll etdikdən sonra qaytaracaqdır. Bu hadisədən 1 həftə keçdikdən sonra cavabdeh ona olan 10000 manat borcundan 2000 manatını qaytarmışdır. Cavabdeh borcundan qalan 8000 manatını isə qaytarmamış, səbəbini soruşduqda isə maddi vəziyyətinin yaxşı olmadığını bildirmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan da görünür ki, cavabdeh ondan 10000 manat borc pul aldığını, sonradan 2000 manatını qaytardığını, hazırda ona 8000 manat borcunun olduğunu etiraf etmişdir.
Tərəflərin izahatları.
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
İş materialları.
5. Bakı şəhəri Xəzər rayon RPİ-nin İŞ-nin müstəntiqi, polis baş leytenantı Mirzəbala Əliyev tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd ediməsi haqqında qərardan görünür ki, material üzrə cinayət işinin başlanması rədd edilmiş və ərizəçi vətəndaşa mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir.
İşin faktiki halları.
6. Cavabdeh İddiaçı 10000 manat məbləğində borc almış, bu borcun 2000 manatını qaytarmışdır.
Tətbiq edilən hüquq.
7. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 329. Əqdlərin formaları. 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Maddə 331. Yazılı əqd. 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 351. Əqdlərin etibarsızlığı zamanı təsdiqetmənin əhəmiyyəti. 351.1. Əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Maddə 1091. Əsassız varlanma anlayışı. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
8. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli Qərarı.
Göründüyü kimi, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir... Mülki Məcəllənin əqdlərin etibarsızlığının nəticələrini təsbit edən 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qeyd edilən norma etibarsız əqdlər üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələrinin aradan qaldırılması məqsədini daşıyır. Qeyd olunmalıdır ki, əhəmiyyətsiz əqd üzrə yalnız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər. Qeyd edildiyi kimi, əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Məhz bu halda əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir il müddət ərzində əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verə bilər. Yəni həmin maddədə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqdin icrası nəticəsində yaranmış əsassız varlanma halları ilə bağlı tələblər üçün keçərlidir.
9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi.
10. İş materiallarında olan cinayət işinin başlanmasının rədd ediməsi haqqında istintaq orqanının qərarından görünür ki, hazırkı iş üzrə İddiaçı məhkəmədə iddia qaldırmazdan əvvəl müvafiq ərizə ilə Bakı şəhəri Xəzər rayon Polis İdarəsinə müraciət etmiş, həmin idarənin İstintaq şöbəsinin müstəntiqi tərəfindən xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd ediməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərarın mətnindən görünür ki, İddiaçı ərizəsi əsasında aparılan araşdırma zamanı Cavabdeh izahatı alınmış, izahatında o, həqiqətən də qonşusu İddiaçı banka olan borcunu ödəmək üçün 15000 manat borc pul istədiyini, İddiaçı iki dəfəyə olmaqla, ona əvvəlcə 6000 manat, sonra isə 4000 manat borc pul verdiyini, həmin borcdan 2000 manatı qaytardığını göstərməklə, hazırda İddiaçı 8000 manat borcu qaldığını etiraf etmiş, qalan borcu qaytarmama səbəbini isə maddi imkanının olmaması ilə əlaqələndirmişdir.
11. Məhkəmə hesab edir ki, sübutetmə vəzifəsinin bölüşdürülməsi prinsipi baxımından iddiaçının vəzifəsi Cavabdeh 10000 manat məbləğində pul verdiyini sübut etməkdir. Yuxarıda istinad edilmiş cinayət işinin rədd edilməsi haqqında qərardan İddiaçı Cavabdeh 10000 manat məbləğində borc pul verdiyi, həmin borcdan yalnız 2000 manatın qaytarıldığı, qalan 8000 manat borcun isə qaytarılmadığı sübut olunur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı öz sübut etmə vəzifəsini yetirmişdir.
12. Bu vəziyyətdə əgər Cavabdeh bu pulu qaytardığını iddia edirsə, bu iddiasını təsdiq edəcək mötəbər sübutları məhkəməyə təqdim etməli idi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin yuxarıda istinad olunan maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
13. Bütün bu qeyd edilənlərdən görünür ki, Cavabdeh və İddiaçı arasındakı münasibətlər borc münasibətləri ilə bağlı olmuşdur. Halbuki yuxarıda da istinad edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələbinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çox olduğundan müqavilə yazılı formada bağlanmalı idi. Hazırkı iş üzrə tərəflər arasında isə belə bir müqavilə bağlandığı müəyyən edilməmişdir. Belə olan halda qanunla müəyyən edilmiş imperativ forma tələbinə riayət edilmədən bağlanan bu əqd əhəmiyyətiz olmuşdur. Bu halda isə Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad edilmiş qərarında ortaya qoyulmuş hüquqi mövqeyə uyğun olaraq, əhəmiyyətsiz əqd üzrə əvəzedilən əşya olan pulun cavabdehin əsassız varlanmasına səbəb olduğu müəyyən edilir.
14. Odur ki, hazırkı iş üzrə iddiaçı əhəmiyyətsiz əqd üzrə digər tərəfə (cavabdehə) qarşı tələb hüququnu reallaşdırmış, əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia qaldırmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, iddia əsaslı iddiadır və əhəmiyyətsiz borc müqaviləsi üzrə əldə etdiyi 8000 manat məbləğində pul hesabına əsassız varlanmış Cavabdeh həmin pulu İddiaçı qaytarmalıdır.
Məhkəmə xərcləri.
15. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur.
16. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
Məhkəmənin gəldiyi nəticə.
17. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 8000 manat məbləğinə pul və ödənilmiş 100 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir.
18. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh 8000 (səkkiz min) manat məbləğində pul və 100 (yüz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva