Məhkəmə qərarları › İş №e-2(011)-3049/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3049/2024

15.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3049/2024 15.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" X1 Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:

1. Cavabdeh xx.xx.2023-cü il tarixdən xx.xx.2026-cı il tarixədək verilmiş etibarnamə əsasında istifadəsində olan “X3 xüsusi təyinatlı” markalı, ** EY *** dövlət qeydiyyat nişanlı avtomobili (bundan sonra - Avtomobil) idarə edərkən xx.xx.2023-cü il tarixdə Xətai rayonu, 8 noyabr prospektində yol nəqliyyat hadisəsi törətmiş və nəticədə iddiaçıya məxsus 1 ədəd 2012-ci il istehsalı olan, çuğun altlıqlı “Polermo” işıq dirəyi sıradan çıxaraq müəssisəyə maddi ziyan dəymişdir.

2. Bakı şəhər Xətai rayon DYPŞ-nin İXP ******* saylı, xx.xx.2023-cü il tarixli İnzibati xəta haqqında protokoluna əsasən cavabdeh İXM-nin 327.4-cü maddəsində nəzərdə tutulmuş inibati xətanı törətməkdə (birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etmə) təqsirli bilinərək, xx.xx.2023-cü il tarixli, TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərarla 150 manat məbləğində cərimə edilmişdir.

3. Dəymiş zərər iddiaçı tərəfindən 6548,4 manat məbləğində müəyyən edilmiş (xx.xx.2023-cü il tarixdə tərtib edilmiş Akta əsasən) və həmin zərərin 4580,35 manat hissəsi cavabdehin mülki məsuliyyətini icbari qaydada sığortalamış "xxxx" ASC tərəfindən iddiaçıya ödənilmişdir.

İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri:

4. İddiaçı ona vurulmuş maddi ziyandan ödənilməmiş 1968,05 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək, iddiasını onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə cavabdeh Avtomobili Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində idarə edərkən yol nəqliyyat hadisəsi törətmiş və nəticədə "xxxx" X2 məxsus 1 ədəd işıq dirəyini və onun özül hissəsini sıradan çıxararaq müəssisəyə 6548.40 manat məbləğində maddi ziyan yetirmişdir. Hadisə ilə bağlı Bakı şəhər DYPİ-nin əməkdaşı tərəfindən tərtib edilən İXP ******* saylı İnzibati xəta haqqında protokola və TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərara əsasən yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs cavabdeh tanınmışdır. Cavabdeh tərəfindən idarə edilən Avtomobilin mülki məsuliyyətinin icbari sığortası "xxxx" ASC-də sığortalanmışdır. Bu səbəbdən "xxxx" ASC tərəfindən iddiaçının bank hesabına mütənasib qaydada 4580.35 manat məbləğində sığorta ödənişi ödənilmişdir.

b) Cavabdehin iddia ərizəsinə etirazın dəlilləri:

6. Cavabdeh iddia ərizəsinə etirazını yazılı şəkildə təqdim etməmişdir.

Məhkəmə iclasında verilən izahatlar:

7. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək mülki işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

8. Cavabdeh məhkəmə baxışı zamanı bildirmişdir ki, tələb edilən pulu birdəfəlik ödəməyə maddi imkanı yoxdur.

Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

9. Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

10. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

11. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

12. Maddə 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

13. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

14. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

15. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

İşə baxan məhkəmənin mövqeyi:

16. Məhkəmə cavabdehin izahatını dinləyib, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir.

17. Qeyd edilən müddəaların mənasından aydın olur ki, zərərin vurulmasına səbəb olan əməlin qanuna zidd olması, zərər vuran şəxsin təqsirli (qəsd və ya ehtiyyatsızlığı) olması, zərərçəkənə ziyan və zərər vurulması və təqsirkar şəxsin əməli ilə (ziyan və ya zərər vurulmasına gətirib çıxaran) nəticə arasında səbəbli əlaqənin olması əməlin mülki hüquq pozuntusu olmasını şərtləndirən əsaslardır. Yalnız bu halda, şəxs törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyət daşıyır.

18. MM-nin 1108-ci maddəsində isə zərər vurulmasının və kim tərəfindən ödənilməsinin konkret halı nəzərdə tutulmuşdur. Həmin normada zərərvuran şəxs yüksək təhlükə mənbəyinə mülkiyyət və digər qanuni əsasla sahiblik edən şəxsdir (fiziki və ya hüquqi şəxsdir). Müddəadan göründüyü kimi, avtomobil yüksək təhlükə mənbəyi hesab edilir və əgər mənbəyə mülkiyyət və digər qanuni əsasla sahiblik edən şəxs mənbənin onun sahibliyindən iradəsindən kənar (digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində) çıxdığını sübuta yetirərsə, bu halda dəymiş zərəri ödəməkdən azad edilir (Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır, MM-nin 1108.2-ci maddəsi).

19. Lakin işin mübahisəsiz halıdır ki, yol nəqliyyat hadisəsi törədilərkən Avtomobil cavabdehin istifadəsində olmuşdur, onun Avtomobildən istifadəsi qanuni, yəni mülkiyyətçi tərəfindən xx.xx.2023-cü il tarixdən xx.xx.2026-cı il tarixədək verilmiş etibarnamə əsasında həyata keçirilmişdir. Həmçinin, cavabdeh Bakı şəhəri BDYPİ-nin əməkdaşı tərəfindən xx.xx.2023-cü il tarixli, TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərarla inzibati məsuliyyətə cəlb edilərək barəsində 150 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Bu hal da, cavabdehin baş verimiş ziyanın vurulmasında təqsirli olmasını bir daha təsdiq edir.

20. Dəymiş maddi ziyanın həcminə gəldikdə isə, məhkəmə hesab edir iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Məhkəmə Ekspertiza Mərkəzinin 3-16- 16/9-3202/2024 saylı, xx.xx.2024-cü il tarixli rəyi ilə də müəyyən edilmişdir ki, işıq dirəyinin xx.xx.2023-cü il tarixli akta və smetaya əsasən 6247,50 manat, özül hissəsinin bərpası 300 manat, ümumilikdə orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 6547,50 manat müəyyən edilir.

21. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, dəymiş zərərin miqdarı ekspert rəyi ilə müəyyən edilmiş miqdara uyğun olaraq tutularaq, 1967,05 (6547,50 – 4580,35) manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

22. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh 1968,05 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" X1 xeyrinə ödənilsin. Ekspertiza tətqiqatının dəyəri kimi hesablanmış 100 manat məbləğində ekspertiza xərci Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar