Məhkəmə qərarları › İş №e-2(011)-3205/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3205/2025

22.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3205/2025 22.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abbasova Əminə Rauf qızı, İddiaçı ASC-nin Cavabdeh qarşı borcun qaytarılması barədə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçının tələb və dəlilləri: İddiaçı ASC Cavabdeh qarşı cavabdehdən "xxxx" ASC-nin xeyrinə 45,08 ABŞ dolları məbləğində əsas overdraft borcunun, 57,95 ABŞ dolları hesablanmış faiz borcunun, cəmi 103,03 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tərəfin dəlilləri ondan ibarət olmuşdur ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cü il tarixli “Bank Respublika ASC-nin 5335******1588 nömrəli MC Unembossed (USD) plastik kartlarının əldə edilməsi dair Kompleks bank xidməti müqaviləsinə əsasən sonuncuya kart verilmişdir. Cavabdeh tərəfindən müqavilə əsasında yaradılmış 5335******1588 saylı kart hesabına xx.xx.2021-xx.xx.2022-ci il tarixlərində yaranan texniki xəta səbəbindən onun qeyd olunan kart hesabında yetərli pul vəsaiti olmadığı halda banka məxsus 45.08 ABŞ dolları məbləğində pul vəsaitini istifadə etmişdir. Bank tərəfindən müvafiq düzəlişlər aparılaraq Cavabdeh tərəfindən istifadə edilmiş banka məxsus vəsaitin geri qaytarılması istiqamətində işlər görülmüş, lakin qeyd olunan vəsait cavabdeh tərəfindən nağdılaşdırıldığından (qeyd olunan pul vəsaiti istifadə olunduğundan) həmin vəsaitin geri qaytarılması mümkün olmamışdır. Göstərilən pul vəsaitinin Cavabdeh tərəfindən istifadə olunması nəticəsində isə hal-hazırda onun banka 45.08 ABŞ dolları məbləğində əsas borc, 57.95 ABŞ dolları faiz borcu olmaqla, cəmi 103.03 ABŞ dolları məbləğində borcu yaranmışdır. xx.xx.2019-cü il tarixli “Bank Respublika ASC-nin plastik kartlarının əldə edilməsinə dair Kompleks bank xidməti müqaviləsinin və Azərbaycan Respublikası mülki qanunvericiliyinə əsasən yaranmış borcun ödənilməsi barədə cavabdehə edilmiş şifahi və yazılı müraciətləri nəticəsiz qalmışdır. Cavabdehin etirazının dəlilləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə ona qarşı yönəldilmiş iddia ərizəsinin Xətai Rayon Məhkəməsi tərəfindən icraata qəbul edildiyinə dair bildiriş göndərilərək, iddiaya qarşı əsaslandırımış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sübutları məhkəməyə təqdim etmək təklif olunmuşdur. Lakin, cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. İşin halları Cavabdeh ilə İddiaçı ASC arasında xx.xx.2019-cu il tarixli, 508325 saylı “Kompleks bank xidməti müqaviləsi” bağlanmışdır. Həmin müqaviləyə əsasən, tərəflər aşağıdakılar ilə razılaşmışlar: “2.25. Texniki overdraft – ödəniş və/və ya əməliyyatlar üzrə məbləğlərin hesabda olan qalıq məbləği üstələməsi nəticəsində yaranmış icazəsiz borc. 3.1.3. Hesabın kreditləşməsinə yol verilmir. 3.1.4. Hesabdakı vəsaitdən artıq vəsaitin istifadə edilməsi (Limitin aşılması) “Texniki overdraft” hesab olunur (Bu bənd Debet kartlarına aiddir, Kredit kartındakı vəsaitin istifadə qaydaları Müştəri ilə Bank arasında bağlanmış müvafiq müqavilə ilə tənzimlənir), 3.4.5. Yaranmış “Texniki overdraft”a görə pul vəsaitlərini bankın tələbi olarsa hesablanmış faizləri ilə birlikdə (illik 42 faiz olmaqla) gəri qaytarır.” Cavabdeh İddiaçı ASC-də olan ödəniş kartı hesabından ona aid olmayan bankın vəsaitini istifadə etmişdir. Cavabdeh həmin kart hesabından (borcluya məxsus kart hesabının № 5335******1588) xx.xx.2021-xx.xx.2022-ci il tarixləri aralığında ödəniş əməliyyatları aparmış. Cavabdeh 05.02..2025-ci il tarixinə överdraft nəticəsində 45,08 ABŞ dolları borc, 57,95 ABŞ dolları faiz borcu yaranmışdır. İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdi. İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (faiz, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 954. Bank hesabı müqaviləsi 954.1. Bank hesabı müqaviləsinə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür. 954.2. Bank hesabda olan pul vəsaitinə dair müştərinin maneəsiz sərəncam vermək hüququna qarantiya verməklə, bu vəsaitdən istifadə edə bilər. 954.3. Bank müştərinin pul vəsaitindən istifadə edilməsi istiqamətlərini müəyyənləşdirə və buna nəzarət edə bilməz, habelə müştərinin pul vəsaitinə dair öz istədiyi kimi sərəncam vermək hüququ üzərində qanunla və bank hesabı müqaviləsi ilə nəzərdə tutulmamış digər məhdudiyyətlər qoya bilməz. 954.4. Bu fəslin banklara aid qaydaları verilmiş xüsusi icazəyə (lisenziyaya) müvafiq surətdə bank hesabı müqaviləsi bağlayan və icra edən başqa kredit təşkilatlarına və poçt rabitəsinin milli operatoruna da tətbiq olunur. Maliyyə xidmətlərinin göstərilməsi ilə bağlı mərkəzi depozitarın açdığı və apardığı pul hesablarına bu fəslin qaydaları “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla tətbiq edilir. Maddə 956. Bank hesabı müqaviləsinin bağlanması 956.1. Bank hesabı müqaviləsi bağlanarkən müştəriyə və ya onun göstərdiyi şəxsə tərəflərin razılaşdırdığı şərtlərlə bankda hesab açılır. Maddə 960. Hesabın kreditləşdirilməsi 960.1. Bank hesabı müqaviləsinə müvafiq surətdə, pul vəsaitinin olmadığına baxmayaraq, bankın ödənişləri həyata keçirdiyi hallarda (hesabın kreditləşdirilməsi) bank bu cür ödənişi həyata keçirdiyi gündən müştəriyə müvafiq məbləğdə kredit vermiş sayılır. 960.2. Tərəflərin hesabın kreditləşdirilməsi ilə bağlı hüquq və vəzifələri borc və kredit haqqında qaydalarla müəyyənləşdirilir, bu şərtlə ki, bu Məcəllədə və ya bank hesabı müqaviləsində ayrı hal nəzərdə tutulmasın Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi: Məhkəmə mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, tərəflər arasında bank tərəfindən müştəriyə bank əməliyyatlarının aparılması üçün cari hesabın açılması və aparılması ilə bağlı münasibətlər olduğundan, hazırkı mübahisəyə bank hesabı müqaviləsi üzrə münasibətləri tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq normaları tətbiq edilməlidir. Yuxarıda istinad edilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, borclu kart hesabında yetərli pul vəsaiti olmadığı halda banka məxsus 45.08 ABŞ dolları məbləğində pul vəsaitini istifadə etmişdir. Hesabda olan vəsaitdən artıq vəsaitin istifadəsu kreditləşdirmə (texniki overdraft) hesab olunduğu və borclu şəxs “Bank”ın ilk tələbi ilə müvafiq vəsaiti banka ödəməli olduğu halda, öhdəliyini icra etməkdən yayınır. Odur ki, iddiaçı texniki overdraft üzrə əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə iddiaya tərəflər arasında bağlanılmış müqavilə üzrə hesablanmış faiznin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində qiymət verərək, belə qənaətə gəlir ki, tərəflərin müqavilənin məzmununu azad şəkildə müəyyənləşdirmək hüququ var. Qeyd olunan müqavilənin 3.4.5-ci maddəsinə əsasən, yaranmış “Texniki overdraft”a görə pul vəsaitlərini bankın tələbi olarsa hesablanmış faizləri ilə birlikdə (illik 42 faiz olmaqla) gəri qaytarması müştərinin vəzifəsidir. Odur ki, tələb edilən məbləğdə faizin iddiaçının xeyrinə tutulması əsaslıdır və təmin edilməlidir. Məhkəmə həmçinin 30 manat məbləğində dövlət rüsumunun alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu da cavabdehə aid edilməli, Cavabdeh alınaraq, iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh bank hesabı üzrə yaranmış overdraft borcuna görə 45,08 (qırx beş dollar səkkiz çent) ABŞ dolları, faiz borcuna görə 57,95 (əlli yeddi dollar doxsan beş çent) ABŞ dolları, ümumilikdə 103,03 (yüz üç dollar üç çent) ABŞ dolları məbləğində ödəniş gününə qüvvədə olan məzənnə ilə Azərbaycan manatı və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ASC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar