Məhkəmə qərarları › İş №e-2(011)-457/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-457/2025

17.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-457/2025 17.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “zərərin ödənilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “zərərin ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının xüsusi mülkiyyətində olan daşınar əmlakına vurduğu zərərlə bağlı təqsirli hərəkətinə görə 2.930 manat maddi zərərin, 53 manat ödənilmiş dövlət rüsumunun və hüquqi yardıma görə vəkilə ödənilən 320 manat vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının xüsusi mülkiyyətində olan 77- LF- 194 qeydiyyat nişanlı 2011-ci il istehsal tarixli “Mercedes Benz” markalı, E220D modelli, sedan tipli avtomobili vardır. İddiaçının avtomobili reyestrdə xx.xx.2023-cü il tarixində 7E- 11151 nömrəsi ilə qeyd edilmiş, etibarlılıq müddəti xx.xx.2024-cü il tarixinədək olan etibarnamə ilə sürücülük vəsiqəsi BD055147 olan oğlu X1 idarəetməyə vermişdir. xx.xx.2024-cü il tarixində, saat 14:30-da Bakı şəhəri, Babək (Zabrat) 53 GPS: 40.4794374, 49.9504974 ünvanında yol-nəqliyyat hadisəsi baş vermişdir. **-YS-*** dövlət qeydiyyat nişanlı “Hyundai Sonata” minik avtomobili ilə iddiaçının avtomobili toqquşmuşdur. Səbəb isə “Hyundai Sonata” minik avtomobilinin sürücüsü cavabdeh - Cavabdeh yol hərəkət qaydasını pozması olmuşdur. xx.xx.2024-cü il tarixində “Hyundai Sonata” minik avtomobilinin sürücüsü cavabdeh - Cavabdeh haqqında İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə İXP ******* saylı protokol tərtib olunmuş və həmin tarixdə də TP ******* saylı inzibati tənbehvermə haqqında qərar qəbul edilərək cavabdeh - Cavabdeh İXM-nin 327.2 (svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi) maddəsi ilə təqsirli bilinərək 80 manat cərimə edilmişdir. İddiaçı avtomobilinə vurulmuş zərərin həddini müəyyən etmək üçün müstəqil qiymətləndiriciyə müraciət etmişdir. Qiymətləndirici "xxxx" MMC tərəfindən iddiaçının avtomobilinə dəymiş zərər 7.930 manat olduğunu təsdiq edən xx.xx.2024-cü il tarixli 01/02-386Fİ nömrəli rəy verilmişdir. Cavabdeh idarə etdiyi avtomobil üzrə mülki məsuliyyətinin icbari sığortasını aparmış olan "xxxx" ASC tərəfindən xx.xx.2024cü il tarixində iddiaçının avtomobilinə vurulmuş zərər üzrə 5.000 manat sığorta haqqı iddiaçıya ödənilmişdir. Beləliklə, cavabdehin törətmiş olduğu inzibati xəta nəticəsində iddiaçıya 2.930 manat (7.930-5.000) maddi zərər vurulmuşdur və bu zərər cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Elektron məhkəmə sistemi ilə işləmək çətinliyi ilə əlaqədar xx.xx.2024-cü il tarixində 38 saylı vəkil bürosunun vəkili ilə EM-2271VK6259/24 saylı elektron müqavilə bağlayaraq hüquqi yardım, iddia ərizəsinin hazırlanmsı və elektron sistemə yüklənməsinə görə xx.xx.2024-cü il tarixində 320 manat vəsait ödəmişdir ki, bu da məhkəmə xərci kimi cavabdehdən tutlmalıdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışdır, lakin cavabdeh məhkəmədə iştirak etməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən inzibati xəta haqqında” İXP ******* nömrəli xx.xx.2024-cü il tarixli protokolun surətindən görünür ki, Bakı şəhəri, Babək (Zabrat) pr-ti ünvanında “Hyundai Sonata” minik markalı **-YS-*** dövlət qeydiyyat nişanlı avtomobilini idarə edən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan “Yol hərəkət qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbehvermə haqqında” TP ******* saylı xx.xx.2024-cü il tarixli qərarının surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 80 manat məbləğində cərimə edilmə haqqında tenbeh növü tətbiq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2024-cü il tarixində saat 14:30-da Bakı şəhəri, Maştağa qəsəbəsində “Mercedes Benz E220D” markalı **-LF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin və “Hyundai Sonata” markalı **-YS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsinin nəticəsində zərər çəkmiş şəxs X1 Şirkət tərəfindən 5.000 manat məbləğində sığorta ödənişi edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli (15 iyun 2024-cü il tarixli müraciət əsasında) 01/02-375AS nömrəli İddiaçı ünvanlanmış məktubundan görünür ki, “Mercedes Benz E220D” markalı **-LF-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə qəza nəticəsində xx.xx.2024-cü il tarixə dəymiş zəririn həcmi 5.070 manat təşkil edir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli (20 iyun 2024-cü il tarixli müraciət əsasında) 01/02-386Fİ nömrəli İddiaçı ünvanlanmış məktubundan görünür ki, “Mercedes Benz E220D” markalı **-LF-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə qəza nəticəsində xx.xx.2024-cü il tarixə dəymiş zəririn həcmi 7.930 manat təşkil edir. İş materiallarında olan 83749 nömrəli ödəniş tapşırığından görünür ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən İddiaçı 5.000 manat məbləğində sığorta ödənişi edilmişdir. İş materiallarında olan nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair xx.xx.2023-cü il tarixli etibarnamədən görünür ki, İddiaçı X1 “Mercedes Benz E220D” markalı **-LF-*** qeydiyyat nişanlı avtomobilə dair xx.xx.2024-cü il tarixədək qüvvədə olan etibarnamə vermişdir. İş materiallarında olan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı təqsirli şəxs **- YS-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh olmuşdur. Zərər dəymiş avtomobil etibarnamə əsasında X3 tərəfindən idarə olunan (mülkiyyətçi - İddiaçı) “Mercedes Benz E220D” markalı **-LF-*** qeydiyyat nişanlı avtomobil olmuşdur. İddiaçının avtomobilinə dəymiş zərərin məbləğinin müəyyənləşdirilməsi ilə bağlı məhkəmə aşağıdakı halları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd edilən Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. İşin müəyyən olunmuş hallarına əsasən Cavabdeh xx.xx.2024-cü il tarixdə idarə etdiyi “Hyundai Sonata” minik markalı **-YS-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olarkən yol hərəkəti qaydalarını pozduğuna görə İddiaçı məxsus “Mercedes Benz” markalı 77-LF- 194 qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə sonuncunun avtomobilinə zərər vurmuşdur. Hadisənin törədilməsində cavabdeh Rəcəbova X2 Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 80 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Həmçinin, baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən iddiaçıya 5.000 manat sığorta ödənişi verilmişdir. İddiaçının avtomobilinə dəymiş maddi zərərin məbləği "xxxx" MMC tərəfindən əvvəlcə 5.070 manat məbləğində (15 iyun 2024-cü il tarixli müraciət əsasında xx.xx.2024-cü il tarixə) qiymətləndirmişdir və bununla bağlı qüsür aktı təqdim etmişdir. Daha sonra isə "xxxx" MMC tərəfindən zərərin məbləği 7.930 manat müəyyən edilmişdir (20 iyun 2024-cü il tarixli müraciət əsasında xx.xx.2024-cü il tarixə). İş materiallarından görünür ki, sığorta hadisəsinin araşdırılması və ziyanın hesablanması sığorta işinin sənədlərində saxlanılan "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli 01/02-375AS nömrəli qüsur aktı (15 iyun 2024-cü il tarixli müraciət əsasında xx.xx.2024-cü il tarixə uyğun) əsasında aparılmışdır. Sığorta ödənişinin verilməsi və ya dəymiş zərərin həcminin sığorta şirkəti tərəfindən hesablanması iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, yol-nəqliyyat hadisəsinin baş verməsi tarixindən sonra tərtib edilmiş ilkin qüsur aktının məlumatları əsas götürülərək, iddia tələbləri dəymiş zərərin ödənilmiş sığorta ödənişindən yuxarı hissəsində təmin edilməlidir. Belə ki, ilkin xx.xx.2024-cü qüsur aktı ilə zərər 5.070 manat həcmində təsdiq edildiyindən, sığorta ödənişi isə 5.000 manat həcmində ödənildiyindən, iddia tələbi qismən təmin edilərək 70 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. İddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. İşin konkret hallarını nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. İddiaçı məxsus “Mercedes Benz E220D” markalı **-LF-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərərə görə 70 (yetmiş) manat pul məbləği və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia tələbləri qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar