Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-488/2025 11.03.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Cavabdeh qarşı “pul tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin faktiki halları:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 218 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xarici ali təhsil müəssisələrində təhsilin maliyyətləşdirilməsi Qaydasının 1.4cü bəndinə uyğun olaraq iddiaçı cavabdeh arasında xx.xx.2022-ci il tarixdə 139 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilə cavabdehin Belçika Krallaığının “KU Lauven” ali təhsil müəssisəsində “Kompyuter texnologiyası” ixtisası üzrə sentyabr 2022-ci ildən sentyabr 2025-ci ilədək bakalavr təhsil səviyyəsi üzrə 3 il müdətində təhsilin maliyyələşdirilməsi ilə bağlı tərəflərin öhdəliklərini müəyyən edir. Müqaviləyə görə təhsil müddəti ərzində iddiaçı cavabdehin xarici ali təhsli müəssisəsində təhsil xərcini, habelə təhsil aldığı xarici ölkədə yaşayış və yol xərcini ödəməyi və s., cavabdeh isə təhsil müddəti ərzində qeyd edilən “Dövlət Proqramı” çərçivəsində göndərildiyi xarici təhsli müəssisəsində təhsil almaq, təhsil və digər xərclər barədə müqavilədə göstərilən müddət ərzində iddiaçını məlumatlandırmaq, təhsli aldığı ixtisas istiqamətini dəyişdirməmək və s. öhdəlikləri üzərlərinə götürmüşlər.
2. 2022-2023-cü il təhsli müddəti ərzində iddiaçı tərəfindən cavabdehin yaşayış xərciolaraq xx.xx.2022-ci il tarixdə 4871 EUR, aprel 2023-cü il tarixdə 10685 EUR, xx.xx.2022-ci il tarixdə təhsli xərci olaraq 6600 EUR, xx.xx.2022-ci il tarixdə yol xərci olaraq 682,92 manat, mart 2023-cü il tarixdə viza xərci olaraq 424,30 manat, habelə digər xərclər (bank xidmət xərci, plastik kartın alınması xərci) ödənilmişdir.
3. Hazırda cavabdeh təhsli aldığı ölkədə ixtisas istiqamətini dəyişərək öz hesabına başqa ixtisas üzrə təhsl alır.
İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri
4. İddiaçı 22157,32 EUR və 1120,10 manat məbləğində pulun cavabehdən onun xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. İddiaçı iddia ərizəsində qeyd etmişdır ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 fevral tarixli, 3163 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022- 2026-cı illər üçün Dövlət Proqramı” təsdiq edilmişdir. Bu Proqram çərçivəsində Azərbaycan Respublikası vətəndaşlarının nüfuzlu xarici ali təhsil müəssisələrində bakalavr və magistratura səviyyələri üzrə təhsilin maliyyələşdirilməsini tənzimləyir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 01 iyun tarixli, 218 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” cərçivəsində xarici ali təhsil müəssisələrində təhsilin maliyyələşdirilməsi Qaydaları”nın 1.2-ci bəndinə əsasən, xarici ali təhsil müəssisələrində bakalavriat və magistratura səviyyələri üzrə təhsili maliyyələşdirən Azərbaycan Respublikası vətəndaşları olan gənclərin seçimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi seçim meyarları və prosedurları əsasında həyata keçirilir. Proqramın əsas məqsədi ölkədə rəqabət qabiliyyətli iqtisadi sistemin formalaşdırılması və davamlı inkişafın təmin edilməsi baxımından ölkənin müasir tələblərə cavab verən kadrlara ehtiyacının ödənilməsi, Azərbaycan gənclərinin ümumbəşəri dəyərlər əsasında layiqli ali təhsil almaları üçün lazımı şəraitin yaradılması, istedadlı gənclərin dünyanın aparıcı ölkələrində təhsil almaq imkanlarının genişləndirilməsi prosesinin mütəşəkkilliyi və səmərəlilyinin artırılmasını təmin etməkdən ibarət olmuşdur. Qeyd edilən Qaydaların 1.4-cü bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Təhsil Nazirliyi və “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində nüfuzlu xarici ali təhsil müəssisəsində bakalvriat və magistratura səviyyəsində təhsil almaq hüququ əldə etmiş Azərbaycan Respublikası vətəndaşıCavabdeh arasında 8 avqust 2022-ci il tarixli, 139 saylı müqavilə bağlanılmışdır. “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində nüfuzlu xarici ali təhsil müəssisəsində bakalvriat və magistratura səviyyəsində təhsil almaq hüququ əldə etmiş cavabdeh elm və təhsil nazirinin xx.xx.2022-cü il tarixli, F-473 nömrəli əmrinə əsasən xaricdə bakalavr təhsilin maliyyələşdirlməsi imkanını əldə etmişdir. Müqavilə şərtinə uyğun olaraq, cavabdeh sentyabr 2022-ci il tarixdən-sentyabr 2025-ci il tarixə kimi Belçika Krallığının “KU Leuven” ali təhsil müəssisəsində “Kompyuter texnalogiyası” bakalavr səviyyəsi üzrə təhsil almalı və Nazirlik isə bu təhsili maliyyələşdirməli idi. Cavabdehin müqavilə şərtlərinə uyğun olaraq maliyyələşməsinə baxmayaraq, ixtisasını dəyişərək öz öhdəliklərini pozmuşdur. Müqavilə şərtlərinin cavabdeh tərəfindən pozulması nəzərə alınaraq, Elm və Təhsil Nazirliyinin xx.xx.2024-cü il tarixli, 3-29/3-2-201 F/2024 nömrəli əmrlə Cavabdeh Dövlət Proqramı çərçivəsində xaricdə təhsilalanların siyahısından xaric edilmişdir
b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
6. Cavabdeh məhkəməyə yazılı etirazını təqdim etməmişdir.
Məhkəmə iclasında verilən izahatlar:
7. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi.
8. Cavabdeh məhkəmə iclası barədə məlumatlandırılsa da (cavabdeh xarici ölkədədir), nümayəndəsinin iştirakını təmin etməmişdir.
Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
9. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
10. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
11. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
12. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
13. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
14. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
15. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
16. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
17. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
18. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
19. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
20. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
21. Maddə 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
26. Maddə 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
İşə baxan məhkəmənin mövqeyi:
27. Məhkəmə iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır.
28. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.
29. Tərəflər arasında təhsil xidmətinin göstrilməsi barədə xx.xx.2022-ci il tarixdə müqavilə bağlanmış, müqavilə ilə tərəflər üzərlərinə müəyyən öhdəliklər götürmüşdür. İddiaçının əsas öhdəliyi təhsil müddəti ərzində (sentyabr 2022 – sentyabr 2025-ci illər) qəbul olduğu ixtisas üzrə cavbdehin təhsil haqqını, yaşayış və yol xərcini ödəməkdən ibarət olmuş, iddiaçı 2022-2023-cü tədris ili üçün öhdəliyini yerinə yetirmişdir. Cavabdehin isə əsas öhdəliyi tədris müddəti ərzində ixtisasını dəyişməmək olsa da, o, ixtisasını dəyişərək başqa bir ixtisas üzrə təhsli almağa başlamışdır.
30. Yuxarıda qeyd edilən maddi hüquq normalarında müqaviləyə verilən anlayışdan da görünür, müqavilə iki və ya bir neçə şəxsin özlərinin konkret münasibətlərindən irəli gələn hüquq və vəzifələrinin müəyyən edilməsi, dəyişdirilməsi və xitamı üçün qanunla müəyyən edilmiş hallarda yazılı, yaxud şifahi formada azad iradə seçimləri ilə uzlaşan razılaşmasıdır. Müqavilənin bağlanması əqli (süuru) iradəyə dayanır və bu özünü müqaviləni bağlayan tərəflərin onun məzmununu, şərtlərini, habelə görmək istədiyi (arzuladığı) hüquqi nəticəni sərbəst (iradə azadlığı çərçivəsində) müəyyən etməkdə ifadə edir (Mülki Məcəllənin 389.1 və 390.1-ci maddələri). İradə ifadəsi əqli dərketməyə dayanmalı və müqavilə tərəflərinin görmək istədiyi (arzuladığı) hüquqi nəticə ilə üst-üstə düşməlidir (uzlaşmalıdır). Əks halda iradə ifadəsi ya ümumiyyətlə olmayacaq, ya da natamam (zədələnmiş) olacaqdır.
31. Məhkəmə araşdırması zamanı tərəflər arasında təhsil xidməti haqqında müqavilənin qanuna, yaxud tərəflərin iradə azadlığına zidd olaraq bağlanması ilə bağlı hallar müəyyən edilməmişdir. Cavabdeh də bununla bağlı hər hansı məzmunda etirazını və dəlillərini məhkəməyə təqdim etməmişdir. Bu halda məhkəmə iddianın əsaslı olması prezumpsiyasından çıxış edərək qeyd edir ki, cavabdeh müqavilədə göstərilən şərtlər daxilində dövlət vəsaiti hesabına xarici ölkədə təhsil alması və bundan sonra (məsələn, təhsilini başa vurduqdan sonra 2 ay müddətində ölkəyə qayıdaraq 5 il Azərbaycan Respublikasında əmək fəaliyyəti ilə məşğul olmaq) da üzərinə müqavilədə göstrilən öhdəliklər götürsə də, təhsil müddəti başa çatmamış ixtisasını dəyişərək başqa ixtisas almağa başlamış, bununla da öhdəliyini pozmuşdur.
32. Cavabdehin öhdəliyini pozması isə haqlı olaraq iddiaçını cavabdehin təhsilinə, yaşayış, yol və bununla bağlı digər xərclər qismində dəymiş zərərin geri qaytarlmasını tələb etməyə zəmin yaratmışdır. Çünki, cavabdeh ixtisasını dəyişməklə müqavilə şrətlərini pozmala bərabər, eyin zamanda müqavilənin icrasından bir tərəfli imtina etmiş, başqa sözlə müqaviləni birtərəfli qaydada ləğv etmişdir. Tərəflər araslnda bağlanmış təhsil xidməti müqaviləsinin 6.2.7-ci bəndinə görə isə bu müqavilə vaxtından əvvəl Proqram iştirakçısı (cavabdeh) tərəfindən ləğv edildikdə İdarəetmə Qrupu onu 1 ay ərzində xəbərdar etməklə bildiriş göndərdiyi halda, Proqram iştirakçısı onun təhsilinə çəkilmiş xərci 2 ay müddətinə geri qaytarmalıdır.
33. İşə əlavə edilmiş “e-mail” yazışmasndan da görünür ki, iddiaçı tərəfindən cavabdehə ödənilmiş təhsil xərcinin 2 ay müddətinə geri qaytarılamsı barədə bildiriş göndərilmişdir. İş materiallarına əlavə edilmiş ödəniş tapşırıqları əsasında da müəyyən edilir ki, iddiaçı tərəfindən 2022-2023-cü il üzrə cavabdehin təhsil haqqına görə 6600 EUR, yaşayış xərcinə görə, cəmi 15556 EUR, viza xərcinə görə 424,30 manat, yol xərcinə görə 682,92 manat, bank xidmətinə gröə 1,32 EUR və 3,88 manat və plastik kartın alınmasına görə 9 manat pul vəsaiti xərclənmişdir.
34. Məhkəmə, hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyi, habelə iddia tam təmin edildiyi üçün iddia ərizəsinin verilməsinə görə ödənilməli olan 217,66 manat dövlət rüsumu cavabdehdən tutulmalıdır.
35. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia təmin edilsin. 22157,32 EUR (qətnamə icra edildiyi gün Mərkəzi Bankın müəyyən etdiyi mzənnəyə uyğun olaraq manatla) və 1120,10 manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə ödənilsin. 217,66 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi (“Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinetdə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı