Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-516/2025 21.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, iddiaçı "xxxx" Mənzil- Tikinti Kooperativinin Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi: İddiaçı "xxxx" Mənzil-Tikinti Kooperativi Cavabdeh qarşı Cavabdeh tərəfindən Bakı şəhəri, Xətai rayonu, 2942-ci məhəllə, M.Hadi küçəsi 53-də yerləşən çoxmənzilli yaşayış binasının 1-ci girişinin zirzəmisinin çöl giriş hissələrində, zirzəminin üstündəki 1-ci mərtəbənin açıq eyvan, pilləkan meydançasında və giriş hissələrində qanunsuz, layihədən kənar artırılmaların, özbaşına tikililərin cavabdehin hesabına sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın dəlilləri: İddiaçı tərəfin dəlilləri ondan ibarət olmuşdur ki, "xxxx" mənzil-tikinti kooperativi tərəfindən ünvan 1 ünvanında çoxmənzilli yaşayış binası inşa edilmişdir. Cavabdeh MTKya üzv qəbul olunmaqla ünvan 1 ünvanındakı çoxmənzilli yaşayış binasının 1-ci girişinin zirzəmisində olan 400 kv.m qeyri-yaşayış sahəsini əldə etmişdir. Bakı şəhəri, Xətai rayonu, 2942-ci məhəllə, M.Hadi küçəsi 53-də yerləşən çoxmənzilli yaşayış binasının 1-ci girişində 342,60 kv.m-dən ibarət zirzəmi sahəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi idarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa və Texniki Pasporta əsasən Cavabdeh mülkiyyətindədir. Cavabdeh tərəfindən yaşayış binasının 1-ci girişindəki zirzəminin çöl giriş hissələrində, zirzəminin üstündəki 1-ci mərtəbənin açıq eyvan, pilləkan meydançasında və giriş hissələrində layihədən kənar artırılmalar etmiş, özbaşına tikinti işləri aparılmşdır. Layihədən kənar aparılan tikinti işləri digər sakinlərə məxsus qeyri-yaşayış sahələrinin qarşısını kəsmiş, binanın ümumi görünüşünə ziyan vurmuş, sakinlərin gediş-gəlişi üçün nəzərdə tutulan yollar zəbt olunaraq qeyri-yaşayış sahəsinə birləşdirilmişdir. Binanın layihəsindən kənar, qanunsuz tikilililərin sökülməsi ilə əlaqədar dəfələrlə cavabdehə xəbərdarlıq edilsə də, heç bir nəticəsi olmamışdır. Cavabdeh iddiaya dair münasibəti: Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz məhkəməyə təqdim edilməmişdir. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddianın məzmununa uyğun izahat verərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, o heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasını cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İşin halları: Cavabdeh "xxxx" MTK-nın üzvü qəbul olunmaqla "xxxx" MTK-nın ünvan 2 ünvanında giriş 1 qeyri-yaşayış, zirzəmi mərtəbə, ümumi sahəsi 400 m2 olan qeyri-yaşayış (zirzəmi) sahəsinin payçısı olmuşdur ("xxxx" MTK-nın üzvlərinin ümumi yığıncağının xx.xx.2022-ci il tarixli 91 saylı protokolundan çıxarışın surəti). Qeyri-yaşayış sahəsinin ümumi dəyəri payçı Cavabdeh tərəfindən tam ödənilmişdir (xx.xx.2022-ci il tarixli 668679 nömrəli maliyyət arayışının surəti). ünvan 3 ünvanında yerləşən 342,6 kv.m. sahəsi olan qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququ xx.xx.2022-ci il tarixində Cavabdeh adına qeydiyyata alınmışdır. ünvan 4 ünvanında yerləşən çoxmənzilli binasının xx.xx.2019-cu il tarixindən istismarına icazə verilmişdir. "xxxx" Mənzil Mülkiyyətçilərin Müştərək Cəmiyyəti xx.xx.2021-ci il tarixində Qeyrikommersiya qurumlarının dövlət reyestrində qeydiyyata alınmışdır. Cəmiyyətin fəaliyyət ərazisi ünvan 5 ünvanı üzrə, fəaliyyət predmeti və məqsədi yaşayış binasını birgə idarə etmək, binanın ümumi əmlakının istismarı, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etmək müəyyən edilmişdir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-35-1/2-Kol- 20xx-xx-2086/2024 saylı məktubuna əsasən ünvan 6 ünvanında yerləşən binanın 1-ci mərtəbəsindəki qeyri-yaşayış obyektində layihədənkənar tikinti işlərinin aparılması haqqında Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə ünvanlanmış müraciətə Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsində baxılmışdır. Əməkdaşlar tərəfindən yerində baxış zamanı Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 2942-ci məhəllədə yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsindəki qeyriyaşayış obyektinə bitişik təqribən 200 m2 sahədə artırma işlərinin aparıldığı müşahidə edilmişdir. Qeyd olunan məsələ ilə bağlı Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən "xxxx" Mənzil-Tikinti Kooperativinə xx.xx.2024-cü il tarixli 3-35-1/2-2414/2024 nömrəli məktub ünvanlanmış, lakin bu günə kimi konkret tədbir görülməmiş və təkrar narazılığa səbəb olmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 109. Mənzil-tikinti kooperativləri 109.1. Yaşayış sahələrinə olan ehtiyacın ödənilməsi üçün üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə müvafiq binaların tikintisi və (və ya) yenidənqurulması, habelə müəyyən dövr ərzində kooperativ binada yaşayış və qeyri-yaşayış sahələrinin bu Məcəllənin 141-1-ci maddəsinə uyğun olaraq idarə edilməsi məqsədi ilə fiziki və (və ya) hüquqi şəxslərin üzvlüyə əsaslanan könüllü birliyi mənzil-tikinti kooperativləri hesab edilir. 109.2. Mənzil-tikinti kooperativi üzvləri öz vəsaitləri hesabına çoxmənzilli binanın tikilməsində, yenidən qurulmasında və onun sonrakı saxlanmasında iştirak edirlər. 109.3. Mənzil-tikinti kooperativləri istehlak kooperativləridir. 109.4. Mənzil-tikinti kooperativləri kooperativ binanın tikilməsi və (və ya) yenidən qurulması, həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin öz üzvləri arasında tam bölüşdürülməsi, üzvlərinin pay haqlarını tam həcmdə ödəmələri üçün tələb olunan müddətə yaradılırlar. 109.5. Kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə müəyyən olunmuş qaydada mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay ərzində mənzil-tikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir. Maddə 119. Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti 119.1. Çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. 119.2. Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti qeyri-kommersiya təşkilatı olan hüquqi şəxsdir və onun əsas məqsədi mənfəət götürmək və əldə olunan mənfəəti iştirakçıları arasında bölüşdürmək deyil. Maddə 122. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin hüquqları 122.1. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin aşağıdakı hüquqları vardır: 122.1.1. qanunvericiliyə müvafiq qaydada çoxmənzilli binanın idarə edilməsi haqqında müqavilə, habelə çoxmənzilli binanın ümumi əmlakının saxlanması və təmiri, kommunal xidmətlərin göstərilməsi haqqında və cəmiyyət iştirakçılarının maraqlarına uyğun digər müqavilələr bağlamaq; 122.1.2. illik gəlir və xərclər smetasını, o cümlədən çoxmənzilli binanın ümumi əmlakının saxlanılması və təmiri xərclərini, çoxmənzilli binanın əsaslı təmirinə və ya yenidən qurulmasına çəkilən xərclərin smetasını, ehtiyat fonduna xüsusi haqqı və ayırmaları, habelə bu fəsildə və cəmiyyətin nizamnaməsində müəyyən edilmiş məqsədlər üçün digər xərcləri müəyyən etmək; 122.1.3. cəmiyyətin qəbul olunmuş illik gəlir və xərclər smetası əsasında çoxmənzilli binanın hər bir sahə mülkiyyətçisinin çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq onun üçün ödəniş və haqların miqdarını müəyyən etmək; 122.1.4. çoxmənzilli binanın sahə mülkiyyətçiləri üçün işlər görmək və xidmətlər göstərmək; 122.1.5. qanunvericiliklə nəzərdə tutulmuş qayda və şərtlərlə bank kreditlərindən istifadə etmək; 122.1.6. cəmiyyətə xidmət göstərən və cəmiyyət üçün işləri yerinə yetirən şəxslərə müqavilə üzrə maddi və pul vəsaitlərini vermək; 122.1.7. cəmiyyətə məxsus olan əmlakı satmaq, dəyişdirmək və müvəqqəti istifadəyə vermək. 122.2. Əgər bu çoxmənzilli binanın sahə mülkiyyətçilərinin hüquqlarını və qanuni mənafelərini pozmursa, mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti aşağıdakı hüquqlara malikdir: 122.2.1. çoxmənzilli binanın ümumi əmlakının bir hissəsini istifadəyə və ya məhdud istifadəyə vermək; 122.2.2. qanunvericiliyin tələblərinə uyğun olaraq müəyyən edilmiş qaydada çoxmənzilli binanın ümumi əmlakının bir hissəsində əlavə tikinti və yenidənqurma işləri (o cümlədən ümumi əmlakın genişləndirilməsi və ya üstünün tikilib artırılması) aparmaq; 122.2.3. torpaq sahələrini mənzil tikintisinin həyata keçirilməsi, təsərrüfat və digər tikililərin tikilməsi və sonradan istismar edilməsi məqsədi ilə istifadəyə götürmək və ya çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi paylı mülkiyyətinə satın almaq; 122.2.4. qanunvericiliyin tələblərinə uyğun olaraq çoxmənzilli binanın sahə mülkiyyətçiləri adından və onların hesabına həmin binaya bitişik olan ayrılmış torpaq sahələrində tikinti işləri aparmaq; 122.2.5. əqdlər bağlamaq və cəmiyyətin məqsəd və vəzifələrinə uyğun olan digər hərəkətlər etmək. Maddə 123. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin vəzifələri 123.0. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin vəzifələri aşağıdakılardır: 123.0.1. bu fəslin, digər qanunların, başqa normativ hüquqi aktların, habelə cəmiyyətin nizamnaməsinin tələblərinin yerinə yetirilməsini təmin etmək; 123.0.2. mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvləri olmayan çoxmənzilli binanın sahə mülkiyyətçiləri ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanılması və təmiri haqqında müqavilələr (bu Məcəllənin 141-1.1-ci maddəsində nəzərdə tutulmuş qaydanın müvafiq müddəaları nəzərə alınmaqla) bağlamaq; 123.0.3. qanunvericiliklə nəzərdə tutulmuş qaydada müqavilə üzrə öhdəlikləri yerinə yetirmək; 123.0.4. çoxmənzilli binanın ümumi əmlakının lazımi sanitariya və texniki vəziyyətini təmin etmək; 123.0.5. çoxmənzilli binanın bütün sahə mülkiyyətçiləri tərəfindən onların çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda paylarına mütənasib olaraq ümumi əmlakının saxlanılması və təmiri üzrə vəzifələrinin yerinə yetirilməsini təmin etmək; 123.0.6. ümumi əmlaka sahiblik, ondan istifadə və barəsində sərəncam vermək qaydası müəyyən edilərkən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin hüquqlarına və qanuni mənafelərinə riayət edilməsini təmin etmək; 123.0.7. sahə mülkiyyətçilərinin çoxmənzilli binanın ümumi əmlakına sahiblik, ondan istifadə və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək hüquqlarının həyata keçirilməsini çətinləşdirən və maneçilik törədən üçüncü şəxslərin hərəkətlərinin qarşısının alınması və ya bu kimi hərəkətlərə son qoyulması üçün zəruri tədbirlər görmək; 123.0.8. çoxmənzilli binanın sahə mülkiyyətçilərinin qanuni mənafelərini, o cümlədən üçüncü şəxslərlə münasibətlərdə təmsil etmək. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi Maddə 4. Müdafiə üçün məhkəməyə müraciət etmək hüququ 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmənin mövqeyi: Məhkəmə mülki iş materiallarını və tərəflərin izahatlarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarına əsasən mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə hesab edir ki, "xxxx" Mənzil-Tikinti Kooperativinin subyektiv hüququnun birinci elementi mövcud olmadığından müvafiq olaraq ikinci və üçüncü elementləri də mövcud deyil, yəni iddiaçının başqa şəxslərdən tələb etmək və müdafiə hüququ yaranmır. Belə ki, mənzil-tikinti kooperativi yaşayış sahələrinə olan ehtiyacın ödənilməsi üçün üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə müvafiq binaların tikintisi və (və ya) yenidənqurulması məqsədi ilə fiziki və (və ya) hüquqi şəxslərin üzvlüyə əsaslanan könüllü birliyidir. Mənzil-tikinti kooperativin əsas hüquq və vəzifələri binanın tikilməsi və (və ya) yenidən qurulması, həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin öz üzvləri arasında tam bölüşdürülməsi, üzvlərinin pay haqlarını tam həcmdə ödəmələrinin təmin edilməsi istiqamətləri üzrə müəyyən edilir. Yuxarıda istinad edilən qanunvericilik normalarının məzmununda göründüyü ki, mənzil tikinti kooperativi müəyyən dövr ərzində kooperativ binada yaşayış və qeyriyaşayış sahələrinin idarə edilməsini də həyata keçirə bilər. Lakin hazırkı mülki işin mübahisəsiz halı ondan ibarətdir ki, ünvan 4 ünvanında yerləşən çoxmənzilli binanın idarə edilməsi məqsədi ilə "xxxx" MMMC yaradılmış və halhazırda fəaliyyət göstərir. Belə olan halda məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində cavabdeh tərəfindən layihədən kənar aparılan tikinti işlərinin digər sakinlərə məxsus qeyriyaşayış sahələrinin qarşısını kəsdiyini, binanın ümumi görünüşünə ziyan vurduğunu, sakinlərin gediş-gəlişi üçün nəzərdə tutulan yolların zəbt olunaraq qeyri-yaşayış sahəsinə birləşdirildiyini iddianın əsas dəlilləri kimi göstərsə də, qanunvericiliyə əsasən sahə mülkiyyətçilərinin çoxmənzilli binanın ümumi əmlakına sahiblik, ondan istifadə və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək hüquqlarının həyata keçirilməsini çətinləşdirən və maneçilik törədən üçüncü şəxslərin hərəkətlərinin qarşısının alınması və ya bu kimi hərəkətlərə son qoyulması üçün zəruri tədbirlər görmək, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin qanuni mənafelərini, o cümlədən üçüncü şəxslərlə münasibətlərdə təmsil etmək vəzifələri mənzil tikinti kooperativinə deyil, binanın idarə etməsini həyata keçirən mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə aiddir. Odur ki, iddiaçı "xxxx" MTK-nın ünvan 4 ünvanında yerləşən çoxmənzilli bina ilə bağlı səlahiyyətləri binanın tikilməsi və (və ya) yenidən qurulması, həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin öz üzvləri arasında tam bölüşdürülməsi, üzvlərinin pay haqlarını tam həcmdə ödəmələrinin təmin ediləsi ilə məhdudlaşır. Göründüyü kimi, "Ukrayna Meydanı” Mənzil-Tikinti Kooperativi Cavabdeh qarşı Cavabdeh tərəfindən ünvan 4 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının 1-ci girişinin zirzəmisinin çöl giriş hissələrində, zirzəminin üstündəki 1-ci mərtəbənin açıq eyvan, pilləkan meydançasında və giriş hissələrində qanunsuz, layihədən kənar artırılmaların, özbaşına tikililərin cavabdehin hesabına sökülməsi tələbinə dair iddianı irəli sürə bilməsi üçün müvafiq subyektiv hüquqa malik deyildir. Məhkəmə qeyd edir ki, hazırki mübahisədə iddiaçının iddianı irəli sürə bilməsi üçün müvafiq subyektiv hüquqa malik olmaması iddianın əsaslılığının araşdırılmasına imkan vermir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, "xxxx" Mənzil-Tikinti Kooperativinin hazırkı iddianı irəli sürmək üçün subyektiv hüququ olmadığına görə iddia rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı "xxxx" Mənzil-Tikinti Kooperativi Cavabdeh qarşı Cavabdeh tərəfindən Bakı şəhəri, Xətai rayonu, 2942-ci məhəllə, M.Hadi küçəsi 53-də yerləşən çoxmənzilli yaşayış binasının 1-ci girişinin zirzəmisinin çöl giriş hissələrində, zirzəminin üstündəki 1-ci mərtəbənin açıq eyvan, pilləkan meydançasında və giriş hissələrində qanunsuz, layihədən kənar artırılmaların, özbaşına tikililərin cavabdehin hesabına sökülməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-516/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-516/2025
21.02.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver