Məhkəmə qərarları › İş №e-2(011)-6072/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6072/2025

02.10.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6072/2025 02.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Nağıyev Vüqar Güloğlan oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə və cavabdehin mənzildən çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Mülki işin mahiyyəti: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə və cavabdehin mənzildən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X9 ilə birlikdə aldıqları ünvan 1 ünvanında yerləşən mənzildən Cavabdeh çıxarılması və iddiaçının həmin evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı həyat yoldaşı X9 ilə xx.xx.2011-ci il tarixdə rəsmi nikaha daxil olaraq, ailə həyatı qurmuşdur. Onların birgə nikahdan 2 uşaqları var. Onlar birgə nikah dövründə ünvan 2 ünvanında 2 otaqlı mənzil almışlar. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11192848 nömrəli ********** qeydiyyat nömrəli xx.xx.2017-ci il tarixdə çıxarış alınmışdır. Həmin mənzildə ailəsi ilə birlikdə yaşamışdır. Həyat yoldaşı Orxan Məmmədov həbs edildikdən bir qədər sonra baldızı Cavabdeh mənzilə gəlib hadisə ilə əlaqədar onlarda qalmışdır. Sonra evdə müxtəlif söz söhbətlər, davalar düşmüş və onlar dalaşmışlar. Təxminən bu ilin əvvəllərində iddiaçı uşaqları götürüb, anasıgilə getmişdir. Evə qayıdanda cavabdeh qapını bağlayaraq onu evə buraxmamışdır. Hal-hazırda iddiaçı atasının evində yaşayır. Onun başqa yaşamağa yeri yoxdur. Tərəflərin mövqeləri: İddiaçı vəkili və nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, mənzil iddiaçının əri ilə birgə nikah dövründə əldə edilmiş, lakin əmlak üzərində paylar müəyyən edilməmişdir. İddiaçı cavabdehə mənzildə yaşamağa imkan vermir, buna görə də, iddiaçı məcbur olaraq azyaşlı övladları ilə birlikdə atasının evində yaşayır. İddiaçının əri Orxan Məmmədov iddiaçının mənzildə yaşamasını istəyir. Cavabdeh məhkəmə iclasında iştirak etməsə də, xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə onun iştirakı olmadan baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə hazırlıq iclasında Cavabdeh izahatında, iddia tələbi ilə razı olmadığını, mənzili qardaşına atasının aldığını, yola getmədiyinə görə iddiaçını mənzilə buraxmadığını, mənzildə tək yaşadığını bildirmişdir. Sübutların tədqiqi: İş materiallarında olan X2 ilə X9 arasında bağlanmış xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi, ev 15 ünvanında yerləşən 19 saylı mənzil X2 tərəfindən 54 400 manat məbləğində X1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, X5 Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi, ev 15 ünvanında yerləşən 19 saylı mənzilə dair mülkiyyət hüququ xx.xx.2017-ci il tarixdə ********** nömrə ilə dövlət qeydiyyatına alınmışdır. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X9 (cavabdehin qardaşı) xx.xx.2011-ci il tarixdə nikaha daxil olmuşlar və onların nikahı eyni tarixdə Bakı Nikah Evində akt qeydləri kitabında 2300 nömrə ilə qeydə alınmışdır. Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti 98 saylı MKİS tərəfindən xx.xx.2025-ci il tarixində verilmiş arayışın surətindən görünür ki, İddiaçı ünvan 3 ünvanında yerləşən 19 saylı mənzildə azyaşlı övladları ilə birlikdə qeydiyyatsız yaşayır. İşin müəyyən edilən halları: İddiaçı ilə X9 xx.xx.2011-ci il tarixdə birgə nikaha daxil olmuşlar. Birgə nikah dövründə ər-arvad ünvan 3 ünvanında yerləşən 19 saylı mənzili daşınmaz əmlakın alqısatqı müqaviləsinə əsasən əldə etmişlər. Həmin əmlak xx.xx.2017-ci il tarixdə X5 adına dövlət reyestrindən qeydiyyatdan keçmişdir. Cavabdeh iddiaçının əri X5 bacısıdır. Hal-hazırda mübahisəli mənzildə cavabdeh özü tək yaşayır. Cavabdeh iddiaçını mənzilə buraxmır, iddiaçı isə azyaşlı övladları ilə birlikdə valideynlərinə məxsus mənzildə yaşayır. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 29, İV hissə. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Maddə 43, İ hissə. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.4 Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Maddə 213.6. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Maddə 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Maddə 222.1. Birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. Maddə 222.2. Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının vəkili və nümayəndəsinin izahatını dinləyərək, iddia ərizəsinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İddia ərizəsinin məzmunundan müəyyən olunur ki, iddiaçının iddia tələbi iki hissədən ibarətdir: birincisi, cavabdehin mübahisəli mənzildən çıxarılması, ikincisi, iddiaçının mübahisəli mənzilə köçürülməsi. Məhkəmə ilk olaraq mübahisə predmeti olan mənzilin hüquqi statusu ilə bağlı məsələni aydınlaşdırmalıdır. Bununla bağlı qeyd olunmalıdır ki, Azərbaycan Respublikasında ər-arvadın əmlakının qanuni rejimini tənzimləyən Mülki Məcəllənin 225-ci maddəsinə və Ailə Məcəlləsinin 7-ci fəslinə (31-37-ci maddələr) əsasən ər-arvadın nikah dövründə əldə etdikləri əmlak (əgər nikah müqaviləsində və ya onlar arasındakı digər razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa) onların ümumi birgə mülkiyyəti sayılır. Nəzərə alınmalıdır ki, ailə birliyi ümumi təsərrüfatı özündə ehtiva etdiyi üçün nikah müddətində əldə edilmiş əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanıldığı prezumpsiya olunur. Mülki Məcəllənin 225.1 və Ailə Məcəlləsinin 32.1-ci maddələri nikah dövründə əldə olunmuş (qazanılmış) əmlakın ər-arvadın birgə mülkiyyəti sayılmasına dair qanuni prezumpsiyanı ehtiva edir. Yəni, əksi sübuta yetirilənədək nikah müddətində ər və ya arvad tərəfindən əldə edilmiş əmlak ər-arvadın ümumi birgə mülkiyyəti sayılır. Beləliklə məhkəmə qeyd edir ki, İddiaçı və onun əri X9 ünvan 3 ünvanında yerləşən 19 saylı mənzilin birgə mülkiyyətçiləridirlər. Çünki, İddiaçı ilə X9 ilə xx.xx.2011-ci il tarixində birgə nikaha daxil olmuşlar, birgə nikah dövründə xx.xx.2017-ci il tarixində ünvan 3 ünvanında yerləşən 19 saylı mənzili alqı-satqı yolu ilə əldə etmişlər. Qeyd olunanlara əsasən, iddia ərizəsində göstərilən hər iki tələbə iddiaçının birgə mülkiyyətçi olması nəzərə alınaraq məhkəmə tərəfindən hüquqi qiymət verilməlidir. İlk növbədə cavabdehin mənzildən çıxarılması tələbi ilə bağlı qeyd edilməlidir ki, Cavabdeh iddiaçının həyat yoldaşı X5 bacısıdır. ünvan 3 ünvanında yerləşən 19 saylı mənzil barəsində İddiaçı kimi onun əri X9 da birgə mülkiyyətçidir. Yəni həmin mənzilə münasibətdə ər-arvad bərabər hüquqlara malikdirlər. Ona görə ümumi mülkiyyətdə olan mənzilə dair birgə sərəncamçılığın qanunla müəyyən edilmiş qaydasına əməl olunmalıdır. Yəni mənzil üzərində birgə mülkiyyətçilərin hüquqları qarşılıqlı razılaşma əsasında həyata keçirilməlidir. Hazırkı iddia ərizəsi ilə İddiaçı ünvan 3 ünvanında yerləşən 19 saylı mənzildən Cavabdeh çıxarılmasını xahiş etsə də, mülki işin araşdırılması zamanı digər birgə mülkiyyətçi olan X5 cavabdehin, yəni bacısının mənzildən çıxarılmasına dair razılığının olması müəyyən edilməmişdir. Yəni iddiaçının bu tələbinə onun ərinin iradə ifadəsi razılığı aydın ifadə olunmalı idi. Belə bir razılıq və ya birgə iddia tələbi olmadığı üçün cavabdeh X3 mənzildən çıxarılmasına dair iddia tələbi təmin edilə bilməz. İddia tələbinin ikinci hissəsi olan mənzilə köçürülmə tələbi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı birgə mülkiyyətçi olduğundan onun mülkiyyət hüquqları qanun əsasında yaranır və qanunla qorunur. Belə ki, iddiaçının mübahisəli mənzilə dair mülkiyyət hüququ artıq qanun əsasında yaranmışdır. Mülkiyyət hüququ isə özlüyündə üç elementi – sahiblik, istifadə və sərəncam hüquqlarını ehtiva edir. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla, müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər. İddiaçının mülkiyyətçi kimi məhdudiyyəti yalnız ümumi mülkiyyətdə olan mübahisəli mənzilə dair birgə sərəncamçılığın qanunla müəyyən edilmiş qaydasına riayət etməsi ilə bağlıdır. Yəni iddiaçının mənzilə dair sərəncam hüququnda qanun əsasında məhdudiyyətlər olsa da, o, mənzildən sərbəst surətdə istifadə və ona sahiblik edə bilər. İddiaçının həmin hüquqlarının məhdudlaşdırılmasına isə yol verilmir. Bununla bağlı olaraq iddiaçının artıq mövcud olan mülkiyyət hüququnu nəzərə alaraq, yenidən onun mənzilə dair sahiblik və istifadə hüquqlarının təsbit olunması üçün ayrıca məhkəmə aktına ehtiyac yoxdur. Çünki iddiaçının qeyd olunan hüquqları mülkiyyət hüququnun elementləri kimi qanun əsasında yaranmışdır. Qanun əsasında yaranan hüququn yenidən məhkəmə aktı ilə təsbit olunmasına prosessual olaraq zərurət qalmır. Mənzilə köçürülmə tələblərinə baxılarkən məhkəmələr tərəfindən həll olunmalı məsələlərdən biri mübahisə edən şəxsin həmin yaşayış sahəsindən istifadə etmək hüququnun olub-olmamasını müəyyən edərək, şəxsin bu hüququnun məhkəmə aktı ilə təsbit edilməsidir. Daha sonra məhkəmə şəxsin mənzilə köçürülməsini qət edərək təsbit edilmiş mənzildən istifadə etmək hüququnu məhkəmə aktı ilə realizə edir. Hazırkı mülki işdə isə İddiaçı ünvan 3 ünvanında yerləşən 19 saylı mənzilin mülkiyyətçisidir. İddiaçının mülkiyyətçi kimi qanunla tanınmış istifadə hüququ mövcuddur. Ona görə iddiaçıya məhkəmə aktı ilə mənzilə köçürülmək hüququnun verilməsinə ehtiyac yoxdur. Çünki iddiaçı öz mülkiyyətindən sərbəst şəkildə istifadə edə bilər. Digər şəxslərin hərəkətləri nəticəsində iddiaçın həmin mənzildən məhrum edilməsi, yəni orada yaşamasına mane olunması isə ümumiyyətlə yol verilməzdir. Qeyd olunanlara əsasən məhkəmə mənzilə köçürülmə tələbinə formal deyil, iddiaçının hüquqi arzusuna uyğun qiymət verməlidir. İddiaçının hüquqi arzusu isə mübahisəli mənzildə yaşamasına imkan yaradılması ilə bağlıdır. İddiaçının mənzildə yaşaması ilə bağlı qanunla tanınan və qorunun hüququ mövcuddur. Cavabdeh X7 tərəfindən iddiaçının mənzildə yaşamasına göstərilən maneələr isə qanunsuz və əsassızdır. Ona görə iddiaçının mülkiyyətçi kimi mənzillə bağlı hüquqlarının həyata keçirilməsinə mane olan hallar aradan qaldırılmalıdır. Həmin məsələ də hazırkı mübahisə çərçivəsində həll olunmalıdır. Beləliklə, iddiaçının mülkiyyətçi kimi hüquqlarının bərpa olunması və onun iddia ilə bağlı hüquqi arzusuna çatması üçün iddiaçının mənzildə yaşamasına göstərilən manelər cavabdeh X4 qadağan edilməlidir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, mənzilə köçürülmə tələbi qismən təmin olunmalı və həmin tələb, İddiaçı ünvan 3 ünvanında yerləşən 19 saylı mənzildə yaşamasına yaradılan maneələrin Cavabdeh qadağan edilməsi formasına təmin edilməlidir. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. İddiaçı ünvan 3 ünvanında yerləşən 19 saylı mənzildə yaşamasına yaradılan maneələr Cavabdeh qadağan edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Nağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar