Məhkəmə qərarları › İş №e-2(011)-6838/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6838/2025

06.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6838/2025 06.11.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, Məmmədova Aygün Tərlan qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı lizinq müqaviləsi üzrə borcun və lizinq obyektinə vurulmuş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 289,31 manat əsas borc, 197,60 manat faiz borcu, 328,68 manat cərimə borcu, həmçinin lizinq obyekti olan “Chevrolet Spark” markalı **-PY-*** DQN avtomobilin təmir-bərpası üçün tələb edilən 1960 manat, ümumilikdə 2775,59 manat borc və 47,76 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 26 avqust 2023-cü il tarixli AZL-319 saylı “Daxili lizinq” müqaviləsinə əsasən “Chevrolet Spark” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 16 % mükafat məbləği hesablanmaqla 60 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 504.60 manat, ümumilikdə isə 33526 manat məbləğində pulu vəsaitini İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 33526 manatın 24000 manatı əsas məbləğ təşkil edir. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan, “Chevrolet Spark” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobil 05 aprel 2025-ci il tarixdə istifadəyə yararsız vəziyyətdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və Servis Mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə1960 manat məbləğində zərər vurulduğu müəyyən edilmişdir. Eyni zamanda Cavabdeh AZL-319 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 05 aprel 2025-ci il tarixə ümumilikdə 815.59 manat məbləğində gecikmə borcu yaranmışdır. İddiaçı MMC məhkəməyə ərizə ünvanlayaraq mülki işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə MPM-nin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: xx.xx.2023-cü il tarixli lizinq müqaviləsindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında 3250 manat ilkin ödəniş etməklə, 60 ay müddətinə hər ay 504,60 manat hissəhissə ödəniş etmək şərtilə, ümumilikdə dəyəri 24000 manat təşkil edən “Chevrolet Spark” markalı avtomobilin lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsinə dair müqavilə bağlanılmış, lizinq alan müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 4.4.3-cü maddəsində qeyd olunmuşdur ki, lizinq obyektinin faktiki istifadə edilməsindən asılı olmayaraq, habelə təmir, lizinq obyektinin itirilməsi və ya tam məhv olması dövründə lizinq alan lizinq ödənişlərini qrafik ilə müəyyən edilmiş vaxtda və həcmdə ödəmək vəzifəsini daşıyır. Müqavilənin 4.4.4-cü maddəsində qeyd olunmuşdur ki, lizinq alan lizinq obyektini lizinq müqaviləsinin şərtlərinə uyğun olaraq öz vəsaiti hesabına lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində kasko və həmçinin icbirai sığortalamalıdır. Müqavilənin 6.1-ci maddəsində qeyd olunmuşdur ki, tərəflər razılaşmışdır ki, lizinq alan lizinq obyektini öz vəsaiti hesabına “Daxili lizinq” müqaviləsi imzaladıqdan 1 (bir) il sonra zədələnmə, korlanma, məhv olma, talanma və oğurlanma risklərindən “Daxili lizinq” müqaviləsinin müddəti başa çatanadək sığortalamalıdır. Müqavilənin 9.1.4 və 9.1.5-ci maddəsində qeyd olunmuşdur ki, lizinq alan lizinq ödənişlərini bu müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə və ya 15 təqvim günündən artıq müddətə 3 (üç) dəfədən artıq ödənişi gecikdirdikdə və lizinq obyekti bu müqaviləyə uyğun olaraq sığortalanmadıqda lizinq verənin təşəbbüsü ilə müqavilə ləğv edilə bilər. xx.xx.2023-cü il tarixli təhvil-təslim Aktından görünür ki, alıcı lizinq obyektini tam həcmdə, tələb olunan keyfiyyətdə və tərəflər arasında razılaşdırılmış qaydada və müddətdə təhvil almşdır. xx.xx.2025-ci il tarixli hesabdan çıxarışdan görünür ki, lizinq alan tərəfindən sonuncu ödəniş xx.xx.2025-ci il tarixində edilmişdir. xx.xx.2025-ci il tarixli avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə Aktdan və fotoşəkillərdən görünür ki, “Chevrolet Spark” markalı **-PY-*** DQN avtomobil qəzalı vəziyyətdə İddiaçı MMC tərəfindən təhvil alınmışdır. xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh lizinq müqaviləsi üzrə 815,59 manat gecikmə borcu və 1960 manat avtomobilə dəymiş ziyana görə pulun ödənilməsi tələb edilmiş, öhdəliyini icra etməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. xx.xx.2025-ci tarixli Arayışdan görünür ki, xx.xx.2023-cü il tarixli lizinq müqaviləsi üzrə cavabdehin xx.xx.2025-ci il tarixə 289,31 manat əsas borc, 197,60 manat faiz borcu, 328,68 manat cərimə borcu, ümumilikdə 815,59 manat borcu yaranmışdır. xx.xx.2025-ci il tarixli zərər aktından görünür ki, “Chevrolet Spark” markalı **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 1960 manat zərər dəymişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-2.1. Lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. 748.6.4. Lizinq alan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilən hallarda, lizinq obyektinin istifadəsi prosesində digər şəxslərin həyatına, sağlamlığına və ya əmlakına dəyən ziyan nəticəsində yaranan öhdəliklərin yerinə yetirilməsinə görə öz məsuliyyətini sığortalamalıdır. 748-10.1. Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. 748-10.2. Lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. 748-10.4. Lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. 748-1.12. Lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır: 748-1.12.1. lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə; 748-1.12.4. lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə. 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1.Əgər bu Məcəllə ilə və müqaviləilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə ilk öncə qeyd edir ki, iddiaçının tələbləri, o cümlədən, tələbin əsası və pretenziya məktubunda iddiaçının iradəsi lizinq müqaviləsinin ləğvi barədə olduğundan məhkəmə iddia ərizəsində qeyd edilən tələblərə qiymət verərkən ilk növbədə lizinq müqaviləsinin lizinq verən tərəfindən birtərəfli qaydada ləğv edilməsi üçün əsasların olubolmamasını müəyyən etməlidir. İş materiallarından görünür ki, tərəflər arasında lizinq müqaviləsi bağlanmış, lizinq obyekti olan “Chevrolet Spark” markalı **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobil lizinq alanın istifadəsinə verilmişdir. Hesabdan çıxarışdan görünür ki, lizinq alan tərəfindən lizinq müqaviləsi üzrə sonuncu ödəniş xx.xx.2025-ci il tarixində edilmişdir. “Chevrolet Spark” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobil 05 aprel 2025-ci il tarixində qəzalı vəziyyətdə lizinq verən tərəfindən təhvil alınmış, qüsur aktına əsasən avtomobilə 1960 manat məbləğində zərər vurulduğu müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixində lizinq verən lizinq müqaviləsi üzrə öhdəliklər vaxtında və lazımi qaydada icra edilmədiyindən müqavilənin ləğv ediləcəyi barədə lizinq alana pretenziya məktubu ünvanlamışdır. Beləliklə, iş materialları ilə təsdiq olunur ki, lizinq müqaviləsinin ləğv edilməsi ilə bağlı bildiriş verilən tarixdə cavabdeh lizinq ödənişlərini iki dəfədən artıq ödəməmişdir. Eləcə də, lizinq obyekti cavabdehin istifadəsində olarkən zədələnmiş, lakin, lizinq müqaviləsinin şərtlərinə uyğun olaraq lizinq alan tərəfindən sığortalanmamış və qüsur aktına əsasən maşına 1960 manat məbləğində ziyan dəydiyi müəyyən edilmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmiş, xx.xx.2025-ci il tarixindən sonra lizinq ödənişlərinin edilməsinə və lizinq obyektinin sığortalanmasına dair hər hansı sübutu məhkəməyə təqdim etməmiş, eləcə də qüsur aktı ilə müəyyən edilmiş ziyan məbləğini mübahisələndirməmişdir. Məhkəmə hesab edir ki, lizinq alan lizinq müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyindən, lizinq obyektini sığortalamadığından və lizinq ödənişlərini iki dəfədən artıq ödəmədiyindən, tərəflər arasında bağlanmış liziq müqaviləsinin 4.4.3, 4.4.4, 6.1, 91.4 və 91.5-ci maddələrinə, eləcə də Mülki Məcəllənin 748-1.12.1 və 748-1.12.4-cü maddələrinə əsasən lizinq verən tərəfindən lizinq müqaviləsinin birtərəfli qaydada ləğvi üçün əsaslar mövcud olmuşdur. Odur ki, iddiaçı hazırda maliyyə arayışına əsasən hesablanmış 289,31 manat əsas borc və 197,60 manat mükafat borcunu, eləcə də mülkiyyətində olan avtomobilə dəymiş ziyana görə qüsur aktına əsasən hesablanmış 1960 manat ziyan məbləğini tələb etməkdə haqlı olmuşdur. Məhkəmə həmçinin hesab edir ki, 328,68 manat cərimə borcu tənasübsüz surətdə yüksək olduğu üçün azaldılmalıdır. Cavabdehdən 25 manat dəbbə pulunun tutulması ağlabatan və ədalətlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220,284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli lizinq müqaviləsi ləğv edilmiş hesab edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli lizinq müqaviləsinə əsasən 289,31 manat əsas borc, 197,60 manat mükafat borcu, 25 manat cərimə olmaqla, 511,91 manat borc və avtomobilə dəymiş zərərin əvəzi 1960 manat, ümumilikdə, 2471,91 manat və 44,71 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Leyla Şövkətli-Mənsimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar