Məhkəmə qərarları › İş №e-2(060)-3649/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3649/2024

02.09.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3649/2024 02.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, İddiaçı2, İddiaçıların nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2, Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi, miras əmlak paylarının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhər 3 saylı notariat ofisinin xüsusi notariusu X4 tərəfindən V- 521/2012 nömrəli vərəsəlik işi üzrə verilmiş 20 sentyabr 2022-ci il tarixli və 28 noyabr 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi, miras əmlakda paylarının ¼ hissədə paylarla müəyyən edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıların atası Hüseynov Vəli Vahab oğlu 14 sentyabr 1998-ci ildə ölmüşdür. Sumqayıt şəhəri, Kotec qəsəbəsi, məhəllə 23, 6-cı keçiddə yerləşən 11 saylı fərdi yaşayış evinə və onun yerləşdiyi torpaq sahəsinə, yaşayış fonduna aid fərdi yaşayış evinin texniki pasportuna əsasən mərhumun sahiblik və istifadə hüququ olmuşdur. Hüseynov Vəli Vahab oğlu qeyd olunan daşınmaz əmlaka dair mülkiyyət hüququnu müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçirməmişdir. O, dünyasını dəyişənədək mərhuma mülkiyət hüququ ilə məxsus olmadığından iddiaçılar əmlakın özgəninkiləşdirməsinin və ya bölünməsinin mümkünlüyünə inanmamışdırlar. Lakin 2024-cü ilin fevral ayının sonlarında məlum olmuşdur ki, Cavabdeh1 atadan miras qalmış qeyd olunan fərdi yaşayış evini alqı-satqı yolu ilə özgəninkiləşdirmək istəyir. Buna görə də həmin fərdi yaşayış evində yaşayan X7 müraciət edərək fərdi yaşayış evinə mülkiyət hüququnun əldə edilməsi dair sənədləri almışdır. Sumqayıt şəhər 3 saylı notariat ofisində qeydə alınmış V-521/2012 saylı vərəsəlik işindən məlum olur ki, Cavabdeh2 və Cavabdeh1 atalarının vərəsələri olması, ona məxsus olmuş Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 23-cü məhəllə, 6-cı keçiddə yerləşən 11 saylı fərdi yaşayış evindən 1/2 pay almaları müəyyən olunmuşdur. V-521/2012 saylı vərəsəlik işində 2V-310 reyestrdə qeydə alınmış 20 sentyabr 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə əlavə olaraq qeydiyyat aparılmışdır ki, “həmin əmlakın digər ½ hissəsi mirasın qəbulu üçün açıq saxlanılmışdır.” Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs tərəfindən daşınmaz əmlakın dövlət reyestrində 46 nömrəli reyestr kitabının 45 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışdan məlum olur ki, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 23-cü məhəllə, 6-cı keçiddə yerləşən 11 saylı fərdi yaşayış evi X7 torpaq sahəsinin 0.0323 ha hissəsi, fərdi yaşayış evinin ümumi sahəsinin 42.0 kv.m hissəsinə, Cavabdeh1 torpaq sahəsinin 0.0323 ha hissəsi, fərdi yaşayış evinin ümumi sahəsinin 41.1 kv.m hissəsinə payları müəyyən edilməklə onların mülkiyyətinə verilmişdir. Miras əmlak mövcud olmadığından tərəfimizdən miras əmlakın qəbul edilməsi barədə müraciətimiz mümkün deyildir. Buna görə də mübahisə ədalət mühakiməsi qaydasında həll edilməlidir. İddiaçılar tərəfindən başqasının xeyrinə miras əmlakdan imtina edilməmişdir, eləcə də miras əmlakın qəbulundan imtina edilməmişdir. Miras əmlaka mülkiyyət hüququ əldə etmiş birinci növbədə vərəsələrlə bərabər hüquqlu vərəsələrdir. Notariat orqanı tərəfindən vərəsələrin axtarılması üçün heç bir tədbir görülməmişdir. Cavabdeh2 mirasın vərəsələr arasında bərabər paylarla bölünməsinə razıdır. Lakin miras əmlakın yarısına qanunsuz yolla mülkiyyət hüququ əldə etmiş digər Cavabdeh1 mirası qəbul etməyən vərəsələrin vərəsəlik şəhadətnaməsində qeyd olunmasına razılıq vermir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən miras əmlaka dair dövlət reyestrindən çıxarış verilərkən bizim mülkiyyət hüquqlarımız pozulmuşdur. Əlavə olaraq bildirirəm ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 23-cü məhəllə, 6-cı keçiddə yerləşən 11 saylı fərdi yaşayış evinə dair mərhum Hüseynov Vəli Vahab oğluna verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış 05 sentyabr 2022-ci ildə qeydə alınmışdır. Onların qardaşı X11 29 sentyabr 2023- cü ildə dünyasını dəyişmişdir. Məhkəmə iclasında iştirak İddiaçı2 iddia tələbini müdafiə edərək bildirdi ki, Cavabdeh2 onun bacısıdır, Cavabdeh1 isə qardaşıdır. 2024-cü ilin fevral ayında Fəzilə ona demişdir ki, Vahab onu notariusa aparıb atalarından qalan evi sənədləşdirmişdir. Ona məlum olmuşdur ki, anaları 2022-ci ilin mart ayının 17-si vəfat etdiyi vaxtdan Vahab atalarının əmlakına çıxarış alıb və onların heç birinin də xəbəri olmamışdır. Ondan sonra Vahab bacısı Fəziləyə notariusa getməli olduğunu və qol çəkməli olduğunu bildirmişdir. O, Fəzilə ilə notariusa gedib Fəzilənin nəyə qol çəkməli olduğu barədə məlumat almaq istəmişdir. Orada onlara bildirilmişdir ki, qol çəkin sonra sənədlə tanış olarsınız. Fəzilə də həmin sənədə mirasın təkcə ikisinin yəni, Vahab və Fəzilənin arasında bölünməsinə qarşı çıxaraq qol çəkməmişdi. Notariusdan onlara vərəsəliyi artıq qəbul etdikdlərini bildirmişdilər. Bildiyi qədər əmanət bankında olan pullardan Fəzilə və Vahab qol çəkərək analarının xeyrinə imtina etmişdilər. 2024-cü ilin fevral ayında bu məsələ ilə bağlı məlumatlı olandan sonra da məhkəməyə müraciət etmək qərarına gəlmişdirlər. Onlar, yəni Nazilə, Fəzilə və Əminə atalarından qalan evdə yaşayırlar, Əminə hazırda müvəqqəti olaraq xaricə getmişdir. İddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə etdi. İddia ərizəsində qeyd olunanları təsdiq etdi. İddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında iddia tələbini qəbul edərək iddianın təmin edilməsini xahiş etdi. Eyni zamanda bildirdi ki, Vahab onu notariusa aparıb sənədlərə qol çəkdirmək istəsədə o Vahabla getməmişdir. Hesab edir ki, atalarından qalan əmlak bütün övladlar arasında bölünməlidir. Ataları sağ olandada öləndən sonrada bacıları həmin evdə gəlib yaşayıblar. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə iddianı qəbul etməyərək, İddiaçı2 verdiyi izahatında onların gəlin köçüb gedəndən sonra yenidən gəlib həmin ünvanda yaşamaları barədə fikirləri ağlabatan olmadığını və onların orada yaşamaqları ilə bağlı iş materiallarında da mötəbər sübut olmadığını və ya şahid dəvət etmədiklərini bildirdi. O. həmçinin qeyd etdi ki, vərəsələr vaxtında müraciət etsəydilər, mirasdan 1/4 pay alardılar. İddiaçılar mirasın qəbulu üçün müraciət etməyiblər və müddəti ötürüblər. İddiaçıların mirasın qəbulu müddətini ötürmələri məhkəmə qaydasında üzrlü hesab olunub bərpa olunmadığı halda bu iddianı vermələrinin heç bir əsası yoxdur. 1998-ci ildə vərəsəlik açılıb, 2012-ci ildə vərəsəlik işi açılıb və 2022-ci ilə qədər heç bir vərəsə gedib şəhadətnamə almır, 2024-cü ildə iddiaçılar məhkəməyə müraciət edir. Nəinki mirasın qəbulu müddəti, həm də ümumi iddia müddəti keçib. Cavabdehin nümayəndəsi və vəkili hesab edir ki, iddia tələbi əsassızdır. Əlavə olaraq qeyd edir ki, iddiaçılar mübahisənin məhkəmədən kənar qaydada həlli qaydasına riayət etməmişlər. Onlar notariusun hansı səbəbdən imtina verməsini bilmirlər. Cavabdehlər siyahısına notarius əlavə edilməmişdir. Notarius bu iş üzrə cavabdeh kimi qoyulmayıb və bu vaxta qədər də notariusun cavabdeh kimi əlavə olunması haqda ərizə verilməyib.O, hesab edir ki, hər bir halda notarius cavabdeh kimi qoyulmalı idi. Əvvəlcə notarius iddiaçılara imtina məktubu verməli, həmin məktubda imtinanın səbəbləri göstərilməli, bundan sonra iddiaçılar bunu mübahisələndirilməliydilər.Cavabdehin nümayəndəsi və vəkili iddia tələbinin rədd edilməsini xahiş etdi. Bununla yanaşı iddia müddətinin ötürüldüyünü qeyd edərək, iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: - 20 sentyabr 2022-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.1998-ci il tarixində vəfat edən Hüseynov Vəli Vahab oğlunun vərəsəsi Cavabdeh1 müəyyən olunmuşdur və miras əmlakından ½ hissədə pay almışdır. Miras əmlakının digər ½ hissəsi miras qəbulu üçün açıq saxlanılmışdır. - 28 noyabr 2022-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.1998-ci il tarixində vəfat edən Hüseynov Vəli Vahab oğlunun vərəsəsi Cavabdeh2 müəyyən olunmuşdur və miras əmlakından ½ hissədə pay almışdır. - ******* saylı yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Cavabdeh2 və Cavabdeh1 Sumqayıt şəhəri, Kotec qəsəbəsi, məhəllə 23, 6-cı keçiddə yerləşən 11 saylı fərdi yaşayış evi üzrə qeydiyyatdadırlar. - Ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, Hüseynov Vəli Vahab oğlu 14 sentyabr 1998-ci il tarixində hipertoniya xəstəliyindən ölmüşdür. - 24 dekabr 2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.1998-ci il tarixində vəfat edən Hüseynov Vəli Vahab oğlunun vərəsələri , Cavabdeh2 və Cavabdeh1 və X1 Sumqayıt şəhəri, Kotec qəsəbəsi, məhəllə 23, 6-cı keçiddə yerləşən 11 saylı fərdi yaşayış evinə 1/3 hissədə payı müəyyən olunmuşdur. - Ölüm haqqında şəhadətnamədən görünür ki, X5 17 mart 2022-ci il tarixində hipertenziv xəstəliyindən ölmüşdür. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən verilmiş çıxarışdan görünür ki, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, məhəllə 23, 6-cı keçiddə yerləşən 11 saylı fərdi yaşayış evi xx.xx.2022-ci il tarixində Hüseynov Vəli Vahab oğlunun mülkiyyətində olmuşdur. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən verilmiş çıxarışdan görünür ki, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, məhəllə 23, 6-cı keçiddə yerləşən 11 saylı fərdi yaşayış evi xx.xx.2023-cü il tarixindən Cavabdeh2 və Cavabdeh1 mülkiyyətindədir. - doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, X8 atası Hüseynov Vəli Vahab oğlu, anası X2r. - doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, X6 atası Hüseynov Vəli Vahab oğlu, anası X2r. - nikah haqqında çıxarışın xx.xx.2022-ci il tarixli sürətindən görünür ki, Hüseynov Vəli Vahab oğlu ilə X13-Əli arasında 13 dekabr 1945-ci il tarixində 72 saylı akt qeydi ilə nikah bağlanmışdır. - xx.xx.2012-ci il tarixli X5 tərəfindən verilmiş ərizədən görünür ki, o, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün Sumqayı 2 saylı dövlət notariat konturuna müraciət etmiş, həmçinin özündən başqa vərəsələr qismində Cavabdeh1 və Cavabdeh2 qeyd etmişdir. - xx.xx.2012-ci il tarixli Cavabdeh2 tərəfindən verilmiş ərizədən görünür ki, o, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün Sumqayı 2 saylı dövlət notariat konturuna müraciət etmiş, həmçinin özündən başqa vərəsələr qismində Cavabdeh1 və X3 qeyd etmişdir. - xx.xx.2012-ci il tarixli Cavabdeh1 tərəfindən verilmiş ərizədən görünür ki, o, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün Sumqayı 2 saylı dövlət notariat konturuna müraciət etmiş, həmçinin özündən başqa vərəsələr qismində X5 və Cavabdeh2 qeyd etmişdir. - xx.xx.2022-ci il tarixli, **********033 saylı ərizədən görünür ki, Cavabdeh2 mirası qəbul etmiş lakin özündən başqa vərəsələr hissəsində digər vərəsələri qeyd etməmişdir. - xx.xx.2022-ci il tarixli, **********454 saylı ərizədən görünür ki, Cavabdeh1 mirası qəbul etmiş lakin özündən başqa vərəsələr hissəsində digər vərəsələri qeyd etməmişdir. Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Vərəsəlik hüququna təminat vəsiyyət edə bilmə ilə yanaşı vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı da ehtiva edir. Azərbaycan Respublikası Mülki Məcəlləsi; 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1147.1. Miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1269. Mirasa sahiblik etməyə və ya onu idarə etməyə faktik başlamış vərəsə mirasın qəbulu üçün müəyyənləşdirilmiş vaxt ərzində mirasın qəbulundan imtina edə bilər. Bu barədə ərizə ilə o, notariat orqanına müraciət etməlidir. 1274. Miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. 1300. Əgər vərəsələr arasında olduqları yer məlum olmayan şəxslər vardırsa, qalan vərəsələr onların olduqları yerin müəyyənləşdirilməsi və vərəsəliyə çağırılması üçün ağlabatan tədbirlər görməyə borcludurlar. 1317.1. Mirasın qəbul edilməsinə qədər mirasın açıldığı yerdəki notariat orqanı, zərurət olarsa, mirasın qorunması üçün tədbirlər görür. Həmin qayda vərəsənin məlum olmadığı və ya onun mirası qəbul edib-etməməsinin bilinmədiyi hala da şamil edilir. 1317.2. Notariat orqanı mirasın qorunması üçün mirası siyahıya ala bilər. 1318. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. 1321.1. Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. 1321.2. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. 1321.3. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. 1322. Vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. 1323. Bu Məcəllə ilə müəyyənləşdirilmiş müddətdə mirası qəbul etməyən vərəsələr mirası qəbul etmiş vərəsələrin hamısının razılığı ilə vərəsəlik şəhadətnaməsinə yazıla bilərlər. Razılıq vərəsəlik şəhadətnaməsi verilənədək yazılı surətdə ifadə edilməlidir. 1325. Vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. Göründüyü kimi, vərəsəlik institutu ailə və əmlak hüquq normalarının spesifik xüsusiyyətlərini özündə əks etdirir. Bu həmin instituta aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də iradə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında ifadə olunur. Qanunverici tərəfindən mirasın qəbulunun formal və qeyri-formal üsulları müəyyən edilmişdir. Belə ki, Mülki Məcəllənin 1243-cü maddəsinə uyğun olaraq, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (Mülki Məcəllənin 1255-ci maddəsi). Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli Qərarında hesab etmişdir ki, subyektiv hüquq kimi vərəsə olmaq hüququ mirasın qəbul edilməsi üsulu ilə şərtləndirilməmişdir. Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Beləliklə, miras əmlakın hansı üsulla qəbul edilməsindən və vərəsəlik şəhadətnaməsinin olub-olmamasından asılı olmayaraq vərəsə tərəfindən miras əmlakın saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin bariz şəkildə nümayiş etdirilməsi onun miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. Əks yanaşma, yəni vərəsə sayılan şəxslərin qeyri-formal üsulla mirası qəbul etməsinə baxmayaraq məhkəmələr tərəfindən formal mülahizələrə əsasən (vərəsəlik şəhadətnaməsinin olmaması, vərəsənin mirasa ehtiyacının olmaması və s.) bu faktın inkar edilməsi vərəsəlik hüququnun mahiyyətinə zidd olmaqla, həmin şəxslərin məhkəmə müdafiəsi, o cümlədən subyektiv hüququn “olmaması” səbəbi ilə iddia ərizəsinin rədd edilməsi ədalətli məhkəmə araşdırması hüquqlarının, bu isə öz növbəsində mülkiyyət hüququnun və qanunla qorunan maraqların əhəmiyyətli dərəcədə pozulmasına səbəb olar. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 9.1, 9.3 və 14.1-ci maddələri). Çəkişmə prinsipi hər bir tərəfin üzərinə istinad etdiyi halları sübut etmək vəzifəsi qoyduğu halda (Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar istisna olmaqla), məhkəmənin öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini istisna edir. Belə ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsi). Göstərilənlərlə yanaşı məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsi xüsusilə qeyd edilməlidir. Sübutların qiymətləndirilməsi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqini ehtiva edir. Ədalətli məhkəmə qərarı isə yalnız obyektiv, qərəzsiz və mötəbər sübutlara əsaslanır. Belə ki, məhkəmə işin gedişində təqdim olunmuş yalnız o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı). Bununla da, mülki məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarı). Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və cavadehlər Cavabdeh1 ilə Cavabdeh2, 14 sentyabr 1998-ci il tarixində ölmüş Hüseynov Vəli Vahab oğlunun və 17 mart 2022-ci il tarixində ölmüş X1 övladlarıdır. Cavadehlər Cavabdeh1 ilə Cavabdeh2 Hüseynov Vəli Vahab oğlunun vərəsəsi kimi Sumqayıt şəhər 3 saylı Notariat ofisinə müraciət edərək müvafiq olaraq 20 sentyabr 2022-ci il tarixli və 28 noyabr 2022-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamələr alaraq miras əmlakda ½ pay almışlar. Cavadehlər vərəsəlik hüququ haqqında şəhadətnamələr alarkən xx.xx.2022-ci il tarixli, **********454 saylı və xx.xx.2022-ci il tarixli, **********033 saylı ərizələr yazaraq onlardan başqa digər vərəsələrin olmadığını qeyd etmişlər. Miras əmlak olan Sumqayıt şəhəri, Kotec qəsəbəsi, məhəllə 23, 6-cı keçiddə yerləşən 11 saylı fərdi yaşayış evinə dair vərəsəlik şəhadətnamələri verilənədək həmin əmlakın bir hissəsi faktiki olaraq Cavabdeh1 digər hissəsi isə İddiaçı1, İddiaçı2 və Cavabdeh2 istifadəsində olmuşdur və hal hazırdada istifadələrindədir. İddiaçılar iddia tələblərini müdafiə edirlər, Cavabdeh2 iddia tələbini qəbul edir, digər Cavabdeh1 iddia tələbini qəbul etmir. Cavahdelər vərəsəlik hüququ haqqında şəhadətnamələr alarkən digər vərəslərin olduğunu bildikləri halda bunu gizlətmiş və onların olduqları yerin müəyyənləşdirilməsi və vərəsəliyə çağırılması üçün ağlabatan tədbirlər görməyə borclu olduqları halda bunu etməmişlər. Bunula yanaşı notariat orqanı vərəsələrin axtarılması üçün tədbirlər görməli olduğu halda bunu etməmişdir. Göründüyü kimi iddiaçıların vərəsəlik hüququ pozulmuşdur. İddia müddətinin tətbiq edilməsinə dair cavabdehin nümayəndəsinin ərizəsinə münasibətdə Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasl Mülki Məcəlləsinin 384-cü maddəsinə əsasən hazırki tələbi iddia müddəti şamil edilmir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanunu: 17-ci maddəsinin 3-cü bəndinə əsasən Dövlət notariusi vərəsəlik hüququ haqqında şəhadətnamələr verir. 59-cu maddəsinə əsasən Notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Məhkəmə iddia tələbinin miras əmlakda paylarının ¼ hissədə paylarla müəyyən edilməsinə dair hissəsinə münasibətdə qeyd edir ki, vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi məhkəmənin səlahiyyətinə aid deyil, buna görə iddia tələbi həmin hissədə təmin edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Sumqayıt şəhər 3 saylı notariat ofisinin xüsusi notariusu X4 tərəfindən V-521/2012 nömrəli vərəsəlik işi üzrə verilmiş 20 sentyabr 2022-ci il tarixli və 28 noyabr 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr ləğv edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar