Məhkəmə qərarları › İş №e-2(060)-5885/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-5885/2024

18.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-5885/2024 18.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Tanrıverdiyeva Günel Cəbrayıl qızı İddiaçı «X2 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı «X2 Azərbaycan» QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 87.08 manat məbləğində maddi zərərin və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «X2 Azərbaycan» QSC iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə "xxxx" QSC arasında xx.xx.2015-ci il tarixli Bank hesabı, debet kart, kredit kartı və zaminlik haqqında qarışıq müqavilə bağlanmışdır. Qeyd olunmuş müqavilələr üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmiş, iddiaçıya olan borcunu ödəməkdən imtina etmişdir. Bu səbəbdən də borcun tutulması tələbi ilə məhkəməyə müraciət edilmiş xx.xx.2022-ci il tarixli, e-2(060)- 5693/2022 saylı Məhkəmə qətnaməsi çıxmışdır. Nəticədə iddiaçı "xxxx" QSC"xxxx" MMC ilə bağlanmış xx.xx.2021-ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinə əsasən Məhkəmə qərarı üzrə borcun tələb edilməsini "xxxx" MMC-yə sifariş etmişdir. "xxxx" öz növbəsində cavabdeh barəsində qeydiyyat ünvanına uyğun olaraq aiddiyyəS orqanlara müraciət edərək borcun tam həcmdə geri ödətdirilməsini təmin etmişdir. Ağasiyeva S evil Vidadi qızının xx.xx.2023-cü il tarixindəki 209.07 manat, xx.xx.2023-cü il tarixindəki 209.07 manat, xx.xx.2023-cü il tarixindəki 144.41 manat, xx.xx.2024-cü il tarixindəki 18 məbləğindəki vəsait "xxxx" MMC-nin vasitəsi ilə təmin edilmiş və buna görə də "xxxx" QSC tərəfindən "xxxx" MMC-yə 87.08 manat məbləğində xidmət haqqı ödənilmişdir. Yuxarıda qeyd edilən "Hüquqi xidmət haqqında" müqaviləsinin 5.1.1-ci bəndinə əsasən yerinə yetirmiş olduğu xidmətlərə görə "xxxx" MMC-yə cavabdeh(lər) tərəfindən "xxxx" QSC-yə ödənilmiş hər məbləğin 15% həcmində yəni ümumilikdə 87.08 manat məbləğində xidmət haqqı ödəmişdir. Göstərilənlərə əsasən iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5693/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə Cavabdeh 459,77 manat əsas kredit borcu, 55,98 manat hesablanmış və ödənilməmiş faiz borcu, 5 manat cərimə borcu, 7 manat müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc və 4,80 müqavilə üzrə öhdəlikləri pozduğuna görə cavabdehə bildirişlərin (pretenziyaların) göndərilməsi üçün poçt xərcləri olmaqla, cəmi 532,55 manat borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun iddiaçı «X2 Azərbaycan» QSC-nin xeyrinə tutulması qət edilmişdir. İşdə olan "xxxx" QSC ilə "xxxx" arasında bağlanmış xx.xx.2021-ci il tarixli "Hüquqi xidmət haqqında" müqavilənin 5.1.1-ci bəndinə əsasən yerinə yetirmiş olduğu xidmətlərə görə "xxxx" MMC-yə cavabdeh(lər) tərəfindən"xxxx" QSC-yəödənilmiş hər məbləğin 15% həcmində hüquqi xidmət haqqı ödənilməlidir. İşdə olan maliyyə arayışından görünür ki, «X2 Azərbaycan» QSC ilə "xxxx" MMC arasında bağlanılmış xx.xx.2021-ci il tarixli Hüquqi Xidmət Haqqında müqavilənin şərtlərinə uyğun olaraq «X2 Azərbaycan» QSC ilə Cavabdeh arasında imzalanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi əsasında borclu tərəfindən son tarix xx.xx.2024-cü ilə təmin edilmiş 580.55 manat məbləğində pul vəsaitinə görə «X2 Azərbaycan» QSC tərəfindən "xxxx" MMC-yə 87.08 manat məbləğində xidmət haqqı ödənilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, X1 pretenziya məktubu ünvanlanmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, “X2 Azərbaycan» QSC ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixli Bank hesabı, debet kart, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi imzalanmışdır. İddiaçı Bank sözügedən müqavilə üzrə üzərinə düşən öhdəliyini yerinə yetirsə də, borclu öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə banka borcu yaranmışdır və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 5693/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdehdən 459,77 manat əsas kredit borcu, 55,98 manat hesablanmış və ödənilməmiş faiz borcu, 5 manat cərimə borcu, 7 manat müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc və 4,80 müqavilə üzrə öhdəlikləri pozduğuna görə cavabdehə bildirişlərin (pretenziyaların) göndərilməsi üçün poçt xərcləri olmaqla, cəmi 532,55 manat borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı «X2 Azərbaycan» QSC-nin xeyrinə ödənilməsi qət edilmişdir. “X2 Azərbaycan» QSC qətnamənin icrası məqsədilə "xxxx" ilə hüquqi xidmət haqqında müqavilə bağlamış, həmin müqavilə üzrə yaranmış xərcin tutulması barədə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Məhkəmə hər kəsin müqavilə bağlamaqda müstəqil olmasını prinsipini rəhbər tutaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə görə məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. “İcra haqqında” Qanunun tələblərinə görə Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir (2.1). İcra məmurlarının səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir (2.2). Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir (3.1). Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar (3.2). Göründüyü kimi məhkəmələr tərəfindən qəbul edilmiş və qanuni qüvvəsini almış hər bir məhkəmə qətnaməsi respublika ərazisində məcburi olaraq icra edilməlidir.Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrasını isə məcburi icra orqanları – icra məmurları həyata keçirir. Qanuni qüvvəsini almış qətnamə üzrə borcludan borcun tutulmasından ibarət icra hərəkətlərinin həyata keçirilməsi də icra məmurlarının səlahiyyətlərinə aiddir. Bu zaman icra məmurlarının tələblərinin yerinə yetirilməməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, Mülki-Prosessual Məcəllə, o cümlədən Məcəllənin “Məhkəmə xərcləri” adlanan 8-ci fəsli məhkəmə qətnaməsi çıxarılanadək yaranmış xərclərin digər tərəfdən tutularaq xeyrinə qətnamə çıxarılan tərəfə verilməsi məsələlərinitənzimləyir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan və icraya yönəldikdən sonra icra zamanı icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlıyaranan xərclər isə “İcra haqqında” qanunun 78-81-ci maddələri ilə nəzərdə tutulmuş qaydada ödənilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qətnamənin icra məmuru tərəfindən icrası mümkün olduğu halda tələbkar tərəfindən bu məqsədilə hansısa şirkətlə əlavə müqavilə bağlanmasına ehtiyac olmamaqla, həmin müqavilə üzrə yaranmış xərclər zəruri və ağlabatan hesab edilə bilməz. İddiaçı iddia ərizəsində Mülki Məcəllənin zərərin əvəzinin ödənilməsi qaydalarını tənzimləyən 21-ci maddəsinə də istinad etmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər,bu şərtlə ki,qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 21.3-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Qeyd edilən maddələr üzrə dəymiş zərərin ödənilməsi üçün aşağıdakı əsaslar müəyyən edilməlidir: 1) zərər mövcud olmalıdır; 2) zərər qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulmalıdır; 3) zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqə olmalıdır; 4) zərər vuran şəxs təqsirli olmalıdır. Məhkəmə hesab edir ki, hazırda iddiaçı tərəfindən tələb edilən 87.08 manat borc cavabdehin hər hansı qanunsuz hərəkət və ya hərəkətsizliyi nəticəsində yaranmamışdır, eyni zamanda bu borcun yaranması ilə onun hərəkətləri arasında hər hansı səbəbli əlaqə yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı tələb edilən məbləğin cavabdeh tərəfindən vurulmuş ziyan kimi qiymətləndirilməsi və ondan həmin əsasla tutulması barədə iddia tələbinin əsası kimi istinad etdiyi halları da sübuta yetirə bilməmişdir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı «X2 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin olunmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı «X2 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar