Məhkəmə qərarları › İş №e-2(060)-5970/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-5970/2024

11.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-5970/2024 11.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkilii Nümayəndə Şıxsəfa oğlunun, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs 2 saylı Sumqayıt Regional "Asan Xidmət" mərkəzində qeydiyyat şöbəsi olmaqla) nikahın etibarsız sayılması tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı nikahın etibarsız sayılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmədən o, İddiaçı ilə cavabdeh – Cavabdeh ilə xx.xx.2024-cü ildə 2 saylı Sumqayıt “ASAN Xidmət” mərkəzində bağlanmış və xx.xx.2024cü il tarixdə 757 nömrə ilə qeydə alınmış nikahın etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə aralarında yaxın qohumluq əlaqəsi vardır. Eyni zamanda bu qohumluqla bağlı hər ikisinin valideynləri arasında da sıx qohumluq münasibəti mövcuddur. Bu səbəbdən də valideynləri onların ailə qurmağını istəmişlər. Lakin onlar heç vaxt bir-birlərini istəməmişlər. Yaxın qohum olaraq qalmaqlarını istəmişlər, ailə qurmaq niyyətləri olmamışdır. Lakin, valideynlərinin istəyini nəzərə alaraq xx.xx.2024-cü il tarixdə 2 saylı Sumqayıt “ASAN xidmət” mərkəzində nikahları bağlanmışdır. Onlara AZ-11-637723 nömrəli nikah haqqında şəhadətnamə verilmişdir. Hətta 2024-cü ilin oktyabrın 12-nə toy mərasimləri təyin olunmuşdur. Ancaq onların aralarında heç bir ər-arvad münasibəti olmamışdır. Lakin o, cavabdehlə ailə qurmaq, onunla yaşamaq istəmədiyini valideynlərinə bildirmiş və valideynləri cavabdehin valideynlərini bu barədə məlumatlandırdılar. Qarşılıqlı razılıq əsasında toy mərasimləri də ləğv edilmişdir. Bildirir ki, o razılığı olmadan valideynlərinin təklifi ilə, yanılaraq cavabdehlə rəsmi nikah münasibətlərinə girmişdir. Sonradan qərara gəlmişdir ki, o, onunla heç vaxt bir ailədə yaşaya, onun arvadı ola bilməz. Buna görə də cavabdehə belə nikahın gələcəyinin olmayacağını izah etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə Şıxsəfa oğlu məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, tərəflər xx.xx.2024-cü il tarixdə nikaha girmişdirlər. Nikahın bağlanmasına səbəb valideynlərinin istəyi və arzusudur. Bundan əlavə tərəflər qohumdurlar. Lakin tərəflərin ailə qurmaq niyyəti olmamışdır. Ər-arvad münasibətləri də olmamışdır. Vaxtı əvvəllər təyin olunmuş toyu da ləğv elətdirmişlər. Tərəflərin ailə qurmaq niyyətlərinin olmadığını nəzərə alaraq nikahın etibarsız hesab edilməsini xahiş etdi. Tərəfləradət ənənəyə uyğun olaraq valideynlərinin arzularına görə nə demişlərsə onu da etmişlər. Hər iki tərəfin gələcəkdə ailə qurmaq fikri vardır. Nişan da olmamışdır. Cavabdeh məhkəmə iclasında iddianı qəbul edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, bütün bu hadisələr bir ay ərzində olmuşdur. Valideynləri onları tələsdirmişdirlər. Düşünmüşdülər ki, müəyyən müddətdən sonra bəlkə bir-birilərinə öyrəşərlər. Lakin onun evlənmək fikri olmamışdır. Sadəcə olaraq valideynlərinin sözündən çıxa bilməmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və vəkilinin cavabdehin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan AZ-İİ seriyalı, 637723 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X1 arasında xx.xx.2024-cü il tarixdə 2 saylı Sumqayıt “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsində nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2024-cü il tarixdə 757 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə və arvada Paşazadə soyadları verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 2 saylı Sumqayıt Regional “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən Cavabdeh və İddiaçı ünvanlanmış 31 iyul 2024-cü il tarixli müraciətə cavabdan görünür ki, mövcud qanunvericiliyə əsasən nikahın etibarsız sayılması ilə bağlı məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. İş materiallarında olan 21 avqust 2024-cü il tarixli MŞB/10/2024-00479 №-li “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, Cavabdeh ilkin mediasiyada iştirak etməmişdir. Paşazadə (Mirzəyeva) Suray Arzu qızının nümayəndəsi Nümayəndə Şıxsafa oğlu ilkin mediasiya sessiyasında iştirak etmiş, 50 manat mediasiyaya dair xərci və 10 manat kargüzarlıq xərcini ödəmişdir. Məhkəmə iddiaçının iddiasının əsası kimi istinad etdiyi dəlilləri nikahın etibarsız hesab edilməsi üçün əsas saymır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25-ci maddəsinə əsasən, bu Məcəllənin 10-12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Nikah məhkəmə qaydasında etibarsız sayılır. Məhkəmə iclasında Azərbaycan Respublikası Ailə Məcəlləsinin “Nikah yaşı” adlanan 10-cu, “Nikahın bağlanma şərtləri” adlanan 11-ci maddəsinin, “Nikahın bağlanmasına mane olan hallar” adlanan 12-ci maddəsinin və “Nikaha daxil olan şəxslərin tibbi müayinəsi” adlanan 13-cü maddəsinin 7-ci bəndinin şərtlərinin pozulması halı müəyyən olunmamışdır. Həmçinin digər tərəfdən, qanunvericinin mövqeyindən göründüyü kimi, nikah tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadığı halda (saxta nikah) bağlandıqda etibarsız sayıla bilər. Saxta nikahın bağlanmasındakı məqsəd ailə hüququ münasibətləri üzrə hüquq və vəzifələr əldə etmək deyil, əmlak və şəxsi qeyri-əmlak xarakterli hüquq və güzəştlərin əldə edilməsi olur ki, belə nikahın etibarlı sayılması mümkün deyildir. Məhkəmə qeyd edilməsini zəruri hesab edir ki, nikahın etibarsızlığının əsasları qanunvericilikdə dəqiq şəkildə müəyyən olunduğu üçün, bu növ mübahisələrdə əsaslı, mötəbər sübut olmadan yalnız formal mülahizələrə əsaslanmaqla iddiaların təmin olunması bu institutun mahiyyətinə zidd olmaqla bərabər, həmçinin ailənin dövlətin himayəsində olması ilə bağlı konstitusion müddəanın pozulmasına səbəb olacaqdır. Nəzərə almaq lazımdır ki, Ailə Məcəlləsinin 1.4-cü maddəsinə əsasən yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır. Qanunvericinin qeyd edilən mövqeyi, müvafiq icra hakimiyyəti orqanında qeydə alınmış nikahın hüquqi nəticələrinin tanımaqla bərabər, həmçinin nikaha daxil olarkən şəxslərin iradə ifadəsinin ailə qurmaq istiqamətində olması “prezumpsiyasını” yaradır. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “kişi və qadının nikah ittifaqının könüllülüyü və iradə sərbəstliyi prinsipinə əsasən hər bir kişinin və qadının öz rəyi ilə könüllü surətdə, kənar şəxslərin təsiri olmadan özünə ər və arvad seçmək hüququ vardır. Nikaha daxil olan kişi və qadının qarşılıqlı könüllü razılığı nikahın bağlanmasının əsas şərtidir”.Qeyd edilənlərə əsasən məhkəmə bu qənatə gəlir ki, hazırkı mülki mübahisəyə də məhz yuxarıda göstərilən aspektdən, yəni nikaha daxil olan şəxslərin iradə ifadələrinin təfsiri aspektindən yanaşılmalıdır.Məhkəmə iclasında tərəflərin izahatlarından və işin müəyyən edilmiş hallarından aydın olur ki, tərəflər xx.xx.2024-cü il tarixdə 2 saylı Sumqayıt “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmuş və nikahlarını 757 saylı akt qeydi ilə rəsmiləşdirilmişlər. İddiaçı isə nikahın qeydə alındığı vaxtdan sonra onların ailə qurmaq niyyətinin olmamasına əsaslanaraq nikahın etibarsız hesab edilməsini xahiş etmişdir. Halbuki, məhkəmə iclasında işdə iştirak etmiş şəxslərin verdikləri izahatlarla müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış nikahın əvvəlcədən rəsmiləşdirilməsində məqsəd ailə qurmaq niyyəti olmuş, hətta toy məclisi üçün vaxt təyin edilmiş (tərəflərin bildirdiklərinə əsasən oktyabr ayına), lakin sonradan aralarında mübahisə yarandığı üçün toy məclisi baş tutmamışdır. Göründüyü kimi, tərəflər arasında nikah bağlanarkən nikahın etibarlılığını şübhə altına alan, qanunvericilkdə nəzərdə tutulan şərtlərin pozulması halı olmamış, o cümlədən, nikah ailə qurmaq niyyəti ilə bağlanmış, lakin sonradan onların xarakterlərinin uyğun gəlməməsi səbəbindən münasibətləri pozulmuşdur. Halbuki, göstərilən hallar nikahın etibarsızlığının deyil, nikahın pozulmasının əsaslarını təşkil edir. Məhkəmə, qeyd edilənləri nəzərə alaraq hesab edir ki, tərəflərin həqiqətən də ailə qurmaq niyyəti olmuşdur. Bununla yanaşı, məhkəmə qeyd edir ki, qanunverici nikahın etibarsızlığını məhz ilk andan tərəflərin ailə qurmaq niyyətinin olmaması ilə əlaqələndirmişdir. Lakin hazırkı mülki işə baxılması zamanı isə bu hal təsdiq olunmamışdır. Çünki işin yuxarıda göstərilən halları təsdiq edir ki, tərəflərin nikahı bağlanarkən iki şəxsin birgə ailədə yaşamaq niyyətləri olmuşdur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Bundan əlavə, cavabdeh iddiaçının tələbini qəbul etsə də, bu hal verilçiş iddianın məhkəmə tərəfindən əsaslı sayılması üçün əsas şərt deyildir. Yəni o, iddiaçı ilə ailə qurmaq niyyəti ilə nikaha daxil olmuşdur. Beləliklə, məhkəmə bu qənaətə gəlmişdir ki, nikaha daxil olarkən hər iki tərəfin ailə qurmaq niyyəti olmuşdur. Çünki, tərəflər niyyətlərini bildirmiş, xx.xx.2024-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı – onunla cavabdeh arasında xx.xx.2024-cü il tarixdə 2 saylı Sumqayıt “Asan Xidmət Mərkəzi” Qeydiyyat şöbəsində bağlanılmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 757 nömrə ilə qeydə alınmış nikahın bağlandığı gündən etibarsız hesab edilməsi barədə iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar