Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(104)-1451/2024 11.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X1 ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, Aidiyyətlə bağlı birinci instansiya məhkəmələri arasında yaranmış fikir ayrılığına açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh abunə müqaviləsi üzrə xidmət müqabilində 93,95 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun, ümumilikdə 123,95 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir Gəncə Şəhər Məhkəməsinin 17 may 2024-cü il tarixli, 2(125)-2690/2024 nömrəli qərardadı ilə, mülki iş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 35.1-ci maddəsi rəhbər tutulmaqla aidiyyəti üzrə Goranboy Rayon Məhkəməsinə göndərilmişdir. Goranboy Rayon Məhkəməsinin 05 iyun 2024-cü il tarixli, e-2(045)-1152/2024 nömrəli qərardadı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbi üzrə mülki iş aidiyyət məsələsinin həll edilməsi məqsədi ilə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iş baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilməlidir. Qeyd edilməlidir ki, ümumiyyətlə aidiyyət dedikdə, hüquq haqqında mübahisənin və ya digər hüquqi işin müəyyən orqanın səlahiyyətinə aid olması başa düşülür. Mübahisələrin məhkəməyə aidiyyəti işin məhkəməyə verilməsi ilə əlaqədar olaraq xüsusi məcburi prosedurun nəzərdə tutulub-tutulmamasından asılı olaraq müəyyən qaydaları nəzərdə tutur. Azərbaycan Respublikasının MPM-in 4-cü Fəsli ərazi aidiyyəti qaydalarını müəyyən etməklə işlərə ədalət mühakiməsinin həyata keçirilməsi şərtlərinə uyğun olaraq tam, hərtərəfli və vaxtında baxılmasının təmin edilməsinə yönəlmişdir. Mülki prosessual qanunvericiliyin ərazi aidiyyətinə dair normalarından görünür ki, qanunvericinin ərazi aidiyyətinin müəyyənləşdirilməsində başlıca məqsədi: - şəxslərin məhkəməyə əlçatanlığının; - işlərə ağılabatan müddətdə baxılmasının; - prosessual qənaət prinsipinin; - ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsidir. Azərbaycan Respublikasının MPM-in 31.1-ci maddəsinə görə, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikasının MPM-in 35.1-ci maddəsi aidiyyətlə bağlı ümumi qayda müəyyən edərək göstərir ki, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Qanunvericilik bu ümumi qaydadan fərqli olaraq həm də iddiaçının seçməsinə görə (36-cü maddə), hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi (37-ci maddə), fiziki və hüquqi şəxslərin müflisləşməsinə dair işlərin aidiyyəti (38-ci maddə), müstəsna aidiyyət (39-cu maddə), müqavilə aidiyyəti (40-cı maddə) və sair aidiyyət qaydalarını da müəyyən edir. Yuxarıda qeyd edildiyi kimi, iddianın bir qayda olaraq cavabdehin rəsmi qeydə alındığı yerin və ya hüquqi şəxsin ünvanının olduğu yerin məhkəməsinə verilməli olduğu təsbit edilmişdir. Azərbaycan Respublikasının MPM-in 44.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. İş materialları ilə müəyyən edilir ki, iddia tələbi pulun alınması ilə bağlıdır. İddiaçı MMC Cavabdeh qarşı pul tələbi üzrə iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət etmişdir. Göründüyü kimi, İddiaçı MMC MPM-in 35.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Gəncə Şəhər Məhkəməsinə müraciət etmişdir. İddiaçı məhkəməyə müraciət edərkən Cavabdeh rəsmi qeydə alındığı yer ünvan 1 ünvanı olmuş, daha sonra cavabdeh xx.xx.2024-cü il tarixdə yaşayış yerini dəyişərək Goranboy rayonu, Fəxralı kəndində rəsmi qeydə alınmışdır. Azərbaycan Respublikasının MPM-in 35.1-ci maddəsi aidiyyətlə bağlı ümumi qayda müəyyən edərək göstərir ki, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. “Yaşayış yeri” məfhumunun anlayışı qanunla müəyyən olunmuşdur. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə görə Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 3-cü maddəsinə görə Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən olunur. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı MMC xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edən zaman Cavabdeh Gəncə Şəhər Məhkəməsinin ərazi yurisdiksiyasında qeydiyyatda olmaqla yaşamışdır. Lakin, Gəncə Şəhər Məhkəməsi iddia ərizəsini icraata qəbul edən zaman iddiaçı tərəfindən aidiyyat qaydalarına riayət edilməsini və sonradan (iddia ərizəsi icraata qəbul edildikdən sonra) cavabdehin qeydiyyat yerini dəyişməsini nəzərə almamaqla Azərbaycan Respublikasının MPM-in 44.1-ci maddəsinin tələblərini pozmuşdur. Digər tərəfdən, kollegiya qeyd edir ki, mülki-prosessual qanunvericilikdə təsbit olunan aidiyyət normaları işlərin düzgün və vaxtında həlli üçün maksimum dərəcədə əlverişli şəraitin yaradılmasının təmin edilməsinə, yəni iş üzrə sübutların toplanması və prosesin digər məsələlərinin həllinin asanlaşmasına, bir sözlə prosessual qənaət prinsipinə yönəlmişdir. Konstitusiya Məhkəməsinin Plenumu qərarlarında da qeyd etmişdir ki, prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2016-cı il 12 iyul tarixli Qərar). Azərbaycan Respublikasının MPM-in 45.4-cü maddəsinə əsasən, məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı MMC xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edən zaman Cavabdeh Gəncə Şəhər Məhkəməsinin ərazi yurisdiksiyasında qeydiyyatda olmaqla yaşamışdır. Gəncə Şəhər Məhkəməsi iddia ərizəsini icraata qəbul edən zaman iddiaçı tərəfindən aidiyyat qaydalarına riayət edilməsini və sonradan cavabdehin qeydiyyat yerini dəyişməsini nəzərə almamış, mülki işi aidiyyəti üzrə Goranboy rayon Məhkəməsinə baxılması üçün gönrərməklə səhv nəticəyə gəlmişdir. Belə ki, aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Ona görə də hazırkı mülki iş baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 36.2, 44.1 və 45.4, 263 və 264-cü maddələrini rəhbər tutaraq Qəraraaldı: İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilsin. Bu qərardad çıxarıldığı andan qüvvəyə minir. Bu qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2(104)-1451/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(104)-1451/2024
11.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver