Məhkəmə qərarları › İş №e-2(125)-1219/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-1219/2025

27.05.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-1219/2025 27.05.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh 1 saylı Notariat Ofisinə qarşı (üçüncü şəxs X11) “imtinanın ləğv edilməsi və sair” tələblərinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdeh 1 saylı Notariat Ofisinə qarşı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri 1 saylı notariat ofisinin 23 avqust 2024-cü il tarixli imtinasının ləğv edilməsi, mirasın qəbul faktının müəyyən edilməsi, İddiaçı ünvan 1 ünvanında yerləşən 64 saylı mənzilin üzərində məcburi payının tanınması; İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinin Gəncə şəhəri 1 saylı notariat ofisinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Kəpəz rayonu, 4-cü mikrorayon 16 saylı 64 saylı mənzili və Tovuz rayonu, Aşağı Quşçu kəndində yerləşən fərdi yaşayış evi X9 mülkiyyətində olmuşdur. X13 30 dekabr 2022-ci il tarixdə vəfat etmişdir. X13 vəfat etdikdən sonra, onun vərəsələri qızı İddiaçı və X11 qalmışlar. İddiaçı 2024-cü ilin avqust ayında öz adından ərizə ilə Gəncə şəhəri 1 saylı notariat ofisinə müraciət edərək, X5 miras qalmış əmlaklara dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Gəncə şəhəri 1 saylı notariat ofisinin notariusu X2 23 avqust 2024-cü il tarixli qərarı ilə İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. İddiaçı vərəsəlik haqqında şəhadətnaməni öz payı müəyyən edilməklə açıq şəhadətnamə verilməsi ilə bağlı müraciət etmişdir. Bütün bu hallar, həmçinin miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin iddiaçının maraqlarına xidmət etməsi və bundan imtina edilməsinin onun hüquqlarının pozulmasına səbəb olacağı notariusa bildirilsə də notarius məsələyə dərindən yanaşmamış və formal əsaslarla vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. Yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, İddiaçı miras əmlakın qəbul edilməsi üçün müəyyən edilmiş prosessual müddəti buraxması üzrlü hesab edilməli, İddiaçı miras əmlaklara vərəsəlik hüququ tanınaraq, onlara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi notariusa həvalə edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı ərizəsində yazılanların izahatı olaraq qəbul edilməsini və tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh və üçüncü şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfi dinləyərək və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 6 saylı Bakı “Asan xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışa əsasən xx.xx.1985-ci il təvəllüdlü İddiaçı ailə tərkibi atası xx.xx.1953-cü il təvəllüdlü xx.xx.2022-ci ildə vəfat etmiş X5, anası xx.xx.1960-cı il təvəllüdlü xx.xx.2016-cı ildə vəfat etmiş X6, qardaşı xx.xx.1981-ci il təvəllüdlü X3, qardaşı xx.xx.1986-cı il təvəllüdlü xx.xx.2017-ci ildə vəfat etmiş X4 ibarətdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Gəncə şəhəri 1 saylı notariat ofisi tərəfindən verilmiş Notariat hərəkətlərinin aparılmasından imtinaya dair xx.xx.2024-cü il tarixli qərara əsasən, İddiaçı qanun üzrə və məcburi paya dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2022-ci il tarixdə vəfat etmiş mərhum atası X9 vəfatından sonra adına miras qalmış əmlaka dair vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. X1 vərəsələri arasında mirasın bölüşdürülməsi ilə bağlı mübahisə olduğu aşkar edilmişdir. İş materiallarında olan AZ-İİ 456003 nömrəli xx.xx.2024-cü il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən X13 xx.xx.2022-ci ildə ölmüşdür. İş materiallarında olan üçüncü şəxs X11 tərəfindən xx.xx.2025-ci il tarixdə məhkəməyə göndərilən elektron məktubdan görünür ki, bacısı İddiaçı ilə aralarında əmlak mübahisəsi var. Mübahisə predmeti olan (iddia olunan) Gəncə şəhəri, 4-cü mkr, 16 saylı evin 16 saylı mənzili məhrum atası X13 tərəfindən məhrum qardaşı X7 qızı X15 vəsiyyət edilib. İş materiallarında olan xx.xx.2018-ci il tarixli vəsiyyətnaməyə əsasən, X13 ölən günədək ona məxsus olan ünvan 2 ünvanında yerləşən 64 nömrəli mənzili xx.xx.2015-ci il təvəllüdlü X15 vəsiyyət etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz əmlakın dövlət kadastrı və reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məlumatdan görünür ki, ünvan 3 ünvanında yerləşən 64 saylı mənzil, Kiraovabad şəhər X8 14 avqust 1979-cu il tarixli sərəncamına əsasən verilmiş 747 nömrəli order, Azərbaycan Respublikası Gəncə şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı istehsalat Birliyi 6 saylı Mənzil-İstismar Sahəsinin 01 mart 2007-ci il tarixli 57 nömrəli forma 2 arayışına (qeydiyyatda olanlar X13, X14, X11, X10, X12) və razılıq ərizələrinə əsasən X9 adına özəlləşmiş, sonuncunun adına sonuncunun adına 18 iyun 2007-ci il tarixli. **********89-05101-093005 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** nömrəli çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən 64 saylı mənzil xüsusi mülkiyyət hüququ əsasında X9 adınadır. İş materiallarında olan 1 saylı Gəncə Regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məlumatdan görünür ki, X13 tərəfindən X15 qoyulmuş xx.xx.2018-ci ildə təsdiq edilən reyestrdə 2V-520 nömrə ilə qeyd olunmuş vəsiyyətnamə ləğv edilməyib, qüvvədədir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1151. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1291. Miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən, 50.3. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 40-cı maddəsinə əsasən, Notarius və notariat hərəkətlərini aparan digər vəzifəli şəxslər aşağıdakı hallarda notariat hərəkətlərini aparmaqdan imtina etməlidirlər: 1) hərəkətin aparılması qanuna zidd olduqda; 2) hərəkəti başqa notarius və ya digər vəzifəli şəxs aparmalı olduqda; 3) hərəkətin aparılması barədə fəaliyyət qabiliyyəti olmayan şəxs və ya lazımi səlahiyyəti olmayan nümayəndə müraciət etdikdə; 4) hüquqi şəxsin adından bağlanan əqd onun nizamnamə və ya əsasnaməsində göstərilən məqsədlərə zidd olduqda; 5) qanunun tələblərinə uyğun olmayan əqd bağlandıqda; 6) notariat hərəkətinin aparılması üçün təqdim olunan sənədlər qanunvericiliyin tələblərinə zidd olduqda və ya həmin sənədlərdə ayrı-ayrı şəxslərin şərəf və ləyaqətini ləkələyən məlumatlar olduqda; 7) əqdin məzmunu tərəflərin həqiqi niyyətinə uyğun olmadıqda. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi də “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqeyə əsasən ki, “Məcburi payın həcminin müəyyənləşdirilməsi qaydası Mülki Məcəllənin 1195-ci maddəsində nəzərdə tutulmuşdur... Tamamlanma tələbini Mülki Məcəllənin 1193-cü maddəsində sadalanmış şəxslər irəli sürə bilərlər. Bu cür tələb irəli sürüldükdə bağışlanmış əşya xəyali olaraq miras əmlaka əlavə olunur, həmin hissə ilə birgə miras dəyəri hesablanır, məcburi payın həcmi müəyyənləşdirilir və bu həcmin qarşılanmadığı təqdirdə məcburi paya hüququ olan vərəsələrə çatmalı olan tamamlanmamış hissə ödənilir.” Hazırkı iş üzrə iddiaçı 1) notariat ofisi tərəfindən verilmiş imtinanın ləğv edilməsi; 2) mirasın qəbul edilməsi faktının müəyyən edilməsi; 3) mübahisəli 64 saylı mənzil üzərində məcburi payının tanınması; 4) vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinin notariat ofisinə həvalə edilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il, 2(125)-1219/2025 nömrəli qərardadına əsasən, “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” hissəsində iş üzrə icraata xitam verilmişdir. Məhkəmə iddiaçının “notariat ofisi tərəfindən verilmiş imtinanın ləğv edilməsi” tələbinə münasibətdə qeyd edir ki, sübutetmə yükü daşıyan iddiaçı tələbini həmin hissədə təsdiqləyən faktiki əsaslar təqdim etməmiş, şəhadətnamə verilməsinin iddiaçının maraqlarına xidmət etməsini bildirməklə kifayətlənmişdir. Bundan başqa, iddiaçının qardaşı olan üçüncü şəxs məhkəməyə təqdim etdiyi məlumatla atalarından miras qalmış mənzilə dair vərəsələr arasında mübahisə olduğunu bildirmişdir, bu hal notariat imtinanın əsasını təsdiqləmişdir. Beləliklə, miras əmlakla bağlı vərəsələr arasında mübahisə məhkəmə tərəfindən həll edilməli olduğundan və belə olan halda vərəsəlik haqqında şəhadətnamə verilməsi qanuna zidd olduğundan notariat hərəkətlərinin aparılmasından intinaya dair qərar əsaslıdır. Bundan başqa, iddiaçı ərizəsinin məzmununda buraxılmış müddətin üzrlü hesab edilərək qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etsə də, notariat ofisi müddətin ötürülməsi əsası ilə şəhadətnamə verilməsindən imtina etməmişdir. Buna görə araşdırılan həmin tələbə dair hissədə iddia əsassızdır və təmin edilə bilməz. Məhkəmə iddiaçının “mübahisəli 64 saylı mənzil üzərində məcburi payının tanınması” tələbinə münasibətdə qeyd edir ki, həmin tələb iddiaya cavab verməli olmayan şəxsə verilmişdir. Belə ki, mülki işin tədqiq edilmiş hallarından görünür ki, mübahisəli mənzil miras qoyan tərəfindən vəsiyyət edilmişdir və həmin vəsiyyətnamə hazırda qüvvədədir. Halbuki, məcburi payının pozulduğunu bildirən vərəsə vəsiyyətlə əmlak əldə etmiş şəxsə qarşı həmin payın tamamlanmasını tələb etmək hüquqi imkanına malikdir. Məhkəmə həmçinin nəzərə alır ki, vahid məhkəmə təcrübəsini müəyyən edən qərarlar sırasında olan, Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-1192/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarının 84-cü bəndində göstərilir ki, “O da nəzərə alınmalıdır ki, məcburi pay, vərəsəlik hüququndan irəli gəlsə də, bir əşya hüququ (mülkiyyət haqqı) deyil, qanuna əsaslanan tələb hüququdur. Çünki, vəsiyyət edilən (bağışlanan) əmlak üzərində miras açıldığı andan vərəsənin ona mülkiyyət hüququ əmələ gəlmir. Məcburi payı pozulan vərəsə vəsiyyətlə (bağışlama ilə) əmlak əldə etmiş şəxsə qarşı həmin payın tamamlanmasını tələb etmək imkanı qazanır. Bu səlahiyyət qanundan irəli gələn şəxsi hüquqdur. Konstitusiya Məhkəməsi də istinad olunan qərarında mirasda məcburi pay hüququnu birinci növbə vərəsələrin hüquqlarının pozulması nəticəsində yaranan, birtərəfli qaydada dəyişdirilməsi mümkün olmayan, icrası məcburi xarakter daşıyan subyektiv hüquq kimi qiymətləndirmişdir.” Beləliklə, iddia həmin hissədə təmin edilə bilməz. Məhkəmə iddiaçının “vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi” tələbinə münasibətdə qeyd edir ki, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilafa baxan məhkəmə iddiaçının hazırkı iş üzrə məcburi payının müəyyən edilməsinin mümkün olmadığı qərarına gəlmişdir. Belə olan halda, hazırkı iş iddiaçının adına miras əmlaka dair şəhadətnamə verilməli deyildi. Bundan başqa, iddiaçının belə hüququnun yarandığı müəyyən edilsəydi, eyni miras əmlaka dair eyni vərəsəyə vərəsəlik şəhadətnaməsi verilməsinə ehtiyac olmayacaqdı, vərəsəlik mübahisəsini həll edən məhkəmə aktı qanuni qüvvəsini aldıqdan sonra tərəflər üçün məcburi, müvafiq orqanda qeydiyyatın aparılması üçün əsas olacaqdı. Məhkəmə həmçinin qeyd edir ki, vahid məhkəmə təcrübəsini müəyyən edən qərarlar sırasında olan, Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-3560/2024 nömrəli, xx.xx.2024-ci il tarixli qərarının 42-44-cü bəndlərində göstərilir ki, “42. Bununla belə, vərəsələrin dairəsi, payların nisbəti və digər münasibətlərlə bağlı vərəsələr arasında fikir ayrılığı olduqda mübahisə məhkəmə tərəfindən həll edilir. Miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır (§ 28).

43. Nəzərə alınmalıdır ki, vərəsəlik mübahisəsi üzrə çıxarılan məhkəmə qərarı bir qayda olaraq, miras əmlaka payların müəyyən olunması və ya mirasın bölüşdürülməsi, yaxud digər ixtilaflar üzrə vərəsələr arasındakı mübahisəni birdəfəlik həll edir və yekun hüquqi nəticə yaradır. Vərəsələrin miras əmlaka paylarını təsbit edən (və ya mirasın bölüşdürülməsi nəticəsində konkret əşyalar üzərində vərəsələrin mülkiyyət hüquqlarını tanıyan) məhkəmə qərarı ilə miras şərikliyinə, dolayısı ilə vərəsəlik hüquq münasibətlərinə son verilir. 44. Odur ki, məhkəmə, göstərilən münasibətlərlə bağlı mübahisəni həll etdikdə (və ya bundan sonra) eyni miras əmlaka dair eyni vərəsələrə vərəsəlik şəhadətnaməsi verilməsinə ehtiyac olmadığı kimi, həmin məsələlərlə bağlı notariat orqanının daha əvvəl verdiyi şəhadətnamələrin də hüquqi əhəmiyyəti qalmır. Vərəsəlik mübahisəsini həll edən məhkəmə aktı qanuni qüvvəsini aldıqdan sonra tərəflər üçün məcburi, müvafiq orqanda qeydiyyatın aparılması üçün əsas olur. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarları (o cümlədən mübahisəli daşınmaz əmlaka münasibətdə vərəsələrin hüquqlarını həll etmiş məhkəmə aktı) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün müstəqil əsaslardan biridir”. Beləliklə, iddia qeyd edilən hissədə təmin edilə bilməz. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə iddia təmin edilmədiyindən ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdeh 1 saylı Notariat Ofisinə qarşı (üçüncü şəxs X11) “imtinanın ləğv edilməsi və sair” tələblərinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar