Məhkəmə qərarları › İş №e-2-2(113)-1066/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1066/2024

12.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1066/2024 12.03.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə pulun tutulması, lizinq obyektinin qaytarılması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: lizinq müqaviləsi, müqavilənin ləğvi, lizinq obyektinin qaytarılması, avans ödənişinin lizinq ödənişlərinə daxil edilməsi, lizinq obyektinin saz və işlək saxlanılmasına məsuliyyət) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakları ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə pulun tutulması, lizinq obyektinin qaytarılması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı ASC) cavabdeh X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli KTA-KTT-22/7639 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən daxili maliyyə lizinqi müqaviləsi”nə əsasən xx.xx.2024-cü il tarixədək 956,36 manat gecikdirilmiş əsas borc və 232,59 manat cərimə məbləği olmaqla ümumilikdə 1188,95 manat məbləğində pulun və 60 manat mediasiya xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması, 1 ədəd “Sürüm SM185” (Hidravlik) markalı tamburlu otbiçənin saz və işlək vəziyyətdə geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixli KTA-KTT-22/7639 nömrəli Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən daxili maliyyə lizinqi müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən 1 ədəd “Sürüm SM185” (Hidravlik) markalı tamburlu otbiçən cavabdehə 30 ay müddətinə lizinqə verilmişdir. Qeyd olunan avadanlıq təhvil-təslim aktı əsasında cavabdehə təhvil verilmişdir. Müqaviləyə əsasən lizinq obyektinin qiyməti 4099 manat təşkil etmişdir. Həmin məbləğin 1560 manatlıq hissəsi “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanına və həmin Fərmanla təsdiqlənmiş Qaydalara əsasən güzəşt kimi dövlət tərəfindən qarşılanmışdır. Müqavilənin 2-ci bəndinin şərtlərinə əsasən, cavabdeh tərəfindən 819,80 manat məbləğində ilkin ödəniş və 50 manat müqavilənin rəsmiləşdirmə komissiyası, 90,18 manat sığorta haqqı, 35 manat lizinq obyektinin qeydiyyat xərcləri iddiaçıya ödənilmişdir. 2.2. Lakin cavabdeh müqavilənin şərtini pozaraq, dövri olaraq ödəməli olduğu lizinq ödənişlərinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Belə ki, lizinq müqaviləsinin predmetini təşkil edən avadanlıq cavabdehə təhvil verildikdən sonra onun tərəfindən ödəniş qrafiki üzrə ödənişlər vaxtında həyata keçirilməmiş və nəticədə xx.xx.2024-cü il tarixinə 956,36 manat gecikdirilmiş əsas borc yaranmışdır. 2.3. Digər tərəfdən, qeyd olunan müqavilənin 11.3-cü bəndinə görə, cavabdeh müqavilə üzrə aylıq ödənişlərini vaxtında və tam həcmdə yerinə yetirmədiyi təqdirdə, iddiaçı hər gecikdirilmiş günə görə gecikdirilmiş məbləğin 0,1%-i miqdarında cərimə hesablamaq hüququna malikdir. Bu şərtə əsasən, cavabdehin xx.xx.2024-cü il tarixinə qədər 232,59 manat cərimə borcu mövcuddur. 2.4. Göstərilən məbləğlərin ödənilməsi tələbi ilə cavabdehə müxtəlif vaxtlarda pretenziya məktubları göndərilmişdir. Sonuncu pretenziya tələbi isə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin onlayn kargüzarlıq bölməsi vasitəsilə xx.xx.2023-cü il tarixli PLX-23/0099 nömrəli pretenziya məktubu ilə rəsmi qaydada göndərilsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməmişdir. Bundan başqa, xx.xx.2023-cü il tarixə təyin edilmiş mediasiya sessiyasında da cavabdeh iştirak etməmiş, ilkin mediasiya sessiyasının keçirilməsi ilə əlaqədar 60 manat mediasiya xərci iddiaçı tərəfindən ödənmişdir.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 427, 445, 748-1.12.4, 748-2.3-cü və s. maddələri göstərilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi X5 iddianın məzmununa uyğun izahatlar verdi və eyni zamanda bildirdi ki, iddiaçı Aqrar Kredit və İnkişaf Agentliyinin müvəkkil kredit təşkilatıdır və maliyyə qurumudur. Bu mənada tərəflər arasında bağlanmış müqavilənin 6.3-cü bəndinə əsasən iddiaçı lizinq verən kimi lizinq obyektindəki heç bir qüsura görə məsuliyyət daşımır.

6. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi bildirdi ki, cavabdeh lizinq obyektinin qaytarılması barədə iddiaçıya hər hansı yazılı müraciət etməmişdir. Belə müraciət edilsə idi, iddiaçı lizinq obyektini cavabdehdən təhvil alardı.

7. Cavabdeh məhkəmə iclaslarında iştirak edərək iddiaya pulun tutulması hissəsində etiraz etdi və qeyd etdi ki, lizinq obyektinə 1 illik müddətinə zəmanət verilmişdi. Lakin avadanlıq cavabdehə verildikdən üç ay sonra istifadəyə yararsız vəziyyətə gəlmişdir. Bununla bağlı şifahi qaydada iddiaçıya məlumat vermiş, iddiaçının nümayəndələri onu servisə yönəltmiş, servisə şifahi müraciət etmiş, servisin əməkdaşları isə zəmanət verildiyi halda, sıradan çıxmış 2 ehtiyat hissə üçün hər biri 110 manat olmaqla ümumilikdə 220 manat məbləğində pul tələb etmişdir. Bundan sonra iddiaçı ödənişləri dayandırmışdır. Lakin səhhətində olan problemlərlə bağlı lizinqə götürdüyü avadanlığı geri qaytarmamışdır. Avadanlığın qaytarılmasına etiraz etmir.

8. Məhkəmənin suallarına cavab olaraq cavabdeh göstərdi ki, iddiaçıya və servisə müraciətləri yalnız şifahi qaydada olmuş, hər hansı yazılı müraciət etməmişdir.

III. Məhkəmə baxışının hədləri:

9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

10. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

11. İddiaçı (Lizinq verən qismində) ilə cavabdeh (Lizinq alan qismində) arasında bağlanmış xx.xx.2022-ci il tarixli KTA-KTT-22/7639 nömrəli Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən daxili maliyyə lizinqi müqaviləsinin şərtlərindən görünür ki, Lizinq verən Lizinq alan tərəfindən seçilmiş kənd təsərrüfatı texnikalarını və aqreqatlarını öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində Lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, Lizinq alan isə lizinq obyektini bu Lizinq müqaviləsinin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürür; lizinq obyekti – “Sürüm SM 185” (Hidravlik) markalı 2021-ci il istehsalı 0657 şassi nömrəli 1 ədəd tamburlu otbiçən (1.1). Lizinq obyektinin dəqiq təsviri Lizinq müqaviləsinin ayrılmaz hissəsi olan Əlavə № 1 -də göstərilir (1.2). Lizinq obyektinin satıcısı: İddiaçı ASC (1.3). Lizinq obyektinin qiyməti: 4099.00 manat (1.4). Lizinq obyektinə tətbiq olunan subsidiya məbləği: 1560.00 manat (1.5). Lizinq müqaviləsi üzrə bütün ödənişlər və bu müqavilənin bağlanması ilə bağlı yaranmış ödənişlər (sığorta haqqı, komissiya, qeydiyyat xərcləri və s.) Əlavə №2-də göstərilən cədvəl üzrə həyata keçirilir (2.2). Lizinq ödənişlərinin ümumi məbləği: 2694,42 manat (2.2). Lizinq ödənişlərinin ümumi məbləği aşağıdakılardan ibarətdir (2.3): avans məbləğindən – 819,8 manat; lizinq obyektinin qalıq dəyərindən – 1719,2 manat; lizinq verənin mükafat məbləği – 155,42 manat. Müqavilənin bağlanması ilə bağlı ödənişlərin ümumi məbləği (2.4) – 175,18 manat. Lizinq müqaviləsi imzalandığı tarixdən qüvvəyə minir və Tərəflər müqavilə üzrə öhdəliklərini tam icra edənə qədər qüvvədədir (3.1). Lizinq müddəti: 30 ay (3.2). Lizinq alanın Lizinq obyektinə sahiblik və istifadə müddəti lizinq müddəti hesab edilir. Lizinq müqaviləsinin 3.2-ci bəndində nəzərdə tutulan lizinq müddəti lizinq müqaviləsinin Lizinq verən və Lizinq alan tərəfindən imzalandığı tarixdən hesablanır və AR Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən lizinq obyektinə ayrılan subsidiya (güzəşt) məbləği Lizinq verənin hesabına köçürüldüyü gün lizinq obyekti Lizinq alana təhvil verilir. Lizinq verənin təşəbbüsü ilə Lizinq obyekti Lizinq alana daha tez təhvil təslim edilə bilər (3.3).

12. Həmin müqaviləyə 1 nömrəli əlavədən görünür ki, lizinq obyekti “Sürüm” markalı “SM 185” (Hidravlik) modelli 2021-ci il tarixdə Türkiyədə istehsal olunmuş tamburlu otbiçəndir.

13. Adıçəkilən müqaviləyə 2 nömrəli əlavədən görünür ki, ümumilikdə 1719,20 manat məbləğində lizinq ödənişinin xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək 30 ay müddətində hər ay üçün – birinci ay 32,48 manat, sonuncu ay 24,73 manat, digər aylarda 57,31 manat ödənilməsi razılaşdırılmışdır.

14. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 22/848 nömrəli təhvil-təslim aktından görünür ki, “Sürüm SM 185” markalı 0657 şassi nömrəli otbiçən cavabdeh tərəfindən imza edilməklə təhvil alınmışdır.

15. İş materiallarında olan “X7” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2022-ci il tarixli 0444 nömrəli zəmanət məktubundan görünür ki, iddiaçı ilə “X7” Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış 01 mart 2022-ci il tarixli əməkdaşlıq müqaviləsinə əsasən sonuncu 2 ədəd “Sürüm SM 185” (Hidravlik) markalı aqreqata görə texnika müştəriyə təhvil verildiyi gündən 1 il müddətinə zəmanət verir (0657 və 0672 şassi nömrəli otbiçənlər). Adıçəkilən aqreqata zəmanət, istismar zamanı yeyilə bilən hissələrdən (rezin, araqat, qayış, zəncir, təkər və s.) başqa bütün hissələrə verilir və istehsalçı tərəfindən istehsal olunma zamanı buraxılmış qüsurları əhatə edir. Aqreqata dair zəmanət xidməti mülkiyyətçi tərəfindən istehsalçının təlimat və istismar qaydalarına riayət edildiyi halda həyata keçirilir. Aqreqatın istifadəsi zamanı istismar qaydalarının və zəmanət siyasətinin pozulması nəticəsində gələcəkdə aqreqatda aşkar olunacaq hər hansı bir qüsura görə “X7” Qapalı Səhmdar Cəmiyyəti heç bir öhdəlik daşımır.

16. Məhkəməyə təqdim edilən xx.xx.2020 – xx.xx.2024-cü il tarixlərini əhatə edən cavabdehə məxsus hesabdan çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixdə 819,80 manat avans ödənişi, 175,18 manat komissiya və digər xərclər, xx.xx.2022-ci il tarixdə 32,5 manat lizinq ödənişi, xx.xx.2022-ci il tarixdə 58 manat lizinq ödənişi ödənilmiş, xx.xx.2022-ci il tarixdə isə 1560 manat subsidiya köçürülmüşdür.

17. İş materiallarına əlavə edilən 08 yanvar 2024-cü il tarixli PLM-004-24/1 nömrəli maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2024-cü il tarixə gecikdirilmiş borcu 956,36 manat təşkil edir.

18. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixli KTA-KTT-22/7639 nömrəli daxili maliyyə lizinqi müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı cavabdeh tərəfindən seçilmiş kənd təsərrüfatı aqreqatını - “Sürüm SM 185” (Hidravlik) markalı 2021-ci il istehsalı 0657 şassi nömrəli 1 ədəd tamburlu otbiçəni öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində cavabdehə müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, cavabdeh isə lizinq obyektini lizinq müqaviləsinin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürmüşdür. Qeyd edilən lizinq müqaviləsi üzrə lizinq obyektinin qiyməti 4099 manat təşkil etmiş, həmin məbləğin 1560 manatlıq hissəsi Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən subsidiya edilmiş, 819,8 manat avans məbləği, 1719,2 manat lizinq obyektinin qalıq dəyəri, 155,42 manat lizinq verənin mükafat məbləği olmaqla lizinq ödənişlərinin ümumi məbləği 2694,42 manat razılaşdırılmışdır. Lizinq obyekti cavabdehə xx.xx.2022-ci il tarixdə təhvil verilmiş, lizinqin müddəti isə xx.xx.2022ci il tarixdən xx.xx.2024-cü il tarixədək 30 ay təşkil edir. Razılaşdırılmış lizinq ödənişlərinin ümumi məbləğindən 819,8 manat avans məbləği, 90,5 (32,5+58) manat lizinq ödənişi ödənilmişdir.

19. İddiaçı lizinq obyektinin qaytarılmasını, xx.xx.2024-cü il tarixə olan 956,36 manat gecikdirilmiş lizinq ödənişlərinin və 232,59 manat cərimənin cavabdehdən tutulmasını tələb edir.

20. Cavabdeh iddiaya pulun tutulması hissəsində etiraz edir, lizinq obyektinin təhvil verildikdən 3 ay sonra yararsız vəziyyətə düşdüyünü, bu səbəbdən ödənişləri etmədiyini bildirir. Avadanlığın geri qaytarılmasına etiraz etmir.

a) Lizinq obyektinin iddiaçıya qaytarılması tələbi ilə bağlı

21. Məhkəmə hesab edir ki, iddiaçının tələblərinə hüquqi qiymət verilməsi üçün əvvəlcə bağlanmış lizinq müqaviləsinin hüquqi qüvvəsi məsələsinin şərh edilməsi zəruridir.

22. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

23. Həmin Məcəllənin 748-1.12 və 748-1.12.4-cü maddəsinə əsasən, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır.

24. xx.xx.2022-ci il tarixli KTA-KTT-22/7639 nömrəli daxili maliyyə lizinqi müqaviləsinin 14.1-ci bəndinə əsasən, Lizinq alan tərəfindən aşağıdakı şübhəsiz və aşkar pozuntuları yol verildiyi hallarda, Lizinq verən müqavilənin icra etməsindən birtərəfli qaydada imtina edə bilər (14.1): Lizinq alan lizinq obyektinin vəziyyətini pisləşdirir, habelə onun xəbəri olmaqla və ya onun hərəkətsizliyi ilə lizinq obyektinin vəziyyəti üçüncü şəxslər tərəfindən pisləşdirilir; Lizinq verən tərəfindən müəyyən edilmiş müddət ərzində Lizinq alan müqavilə şərtlərinin pozuntularını aradan qaldırılmayıb; Lizinq alan tərəfindən bu müqavilə ilə nəzərdə tutulmuş digər öhdəliklər həyata keçirilmədikdə.

25. Göründüyü kimi, istər mülki qanunvericilikdə, istərsə də tərəflər arasındakı razılaşmada lizinq alanın öz öhdəliklərini əhəmiyyətli dərəcədə pozduğu halda, müqavilənin məhkəmədən kənar qaydada ləğv edilməsi imkanı nəzərdə tutulmuşdur.

26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarında ifadə olunan hüquqi mövqeyə görə, Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.

27. Məhkəməyə təqdim edilən: – 26 dekabr 2023-cü il tarixli MŞB\9\2023-02480 ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixli KTA-KTT- 22/7639 nömrəli daxili maliyyə lizinqi müqaviləsi üzrə 1026,21 həcmində pul tələbi, lizinq müqaviləsinin ləğvi, lizinq obyektinin saz və işlək vəziyyətdə geri qaytarılmasına dair mediasiyanın tətbiqi barədə təklifinin tarixi xx.xx.2023-cü il olmuşdur; – xx.xx.2023-cü il tarixli PLX-23/0099 xəbərdarlıq məktubundan görünür ki, xəbərdarlıq alınandan 3 iş günü ərzində müqavilə üzrə yaranmış borcların ödənilməsi cavabdehdən tələb olunmuş, qeyd edilən tələb icra olunmadığı təqdirdə, 15 aprel 2022-ci il tarixli KTA-KTT-22/7639 nömrəli lizinq müqaviləsinin ləğv ediləcəyi, eləcə də həmin müqavilə üzrə yaranmış borcun, məhkəmə rüsumunun tutularaq lizinq obyekti olan texnikaların saz və işlək vəziyyətdə geri alınması tələbi ilə aidiyyəti üzrə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Həmin məktub X1 Sistemi vasitəsilə xx.xx.2023-cü il tarixdə cavabdehə göndərilmişdir.

28. Məhkəmə qeyd edir ki, lizinq müqaviləsinin ləğvi zamanı tərəfin iradə ifadəsinin təfsirində həmin ifadənin həqiqi məzmunu və hüquqi niyyət təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bu mənada yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motivin də nəzərə alınması zəruridir. İş materiallarında xx.xx.2023-cü il tarixli mediasiyanın tətbiqi barədə təklifin çatdırılma vaxtını təsdiq edən hər hansı sənəd olmasa da, 15 aprel 2022-ci il tarixli KTA-KTT-22/7639 nömrəli lizinq müqaviləsinin üç iş günü müddətində ləğv ediləcəyi barədə xəbərdarlığın xx.xx.2023-cü il tarixdə cavabdehə çatdırıldığı görünür. Məhkəmə qeyd edir ki, iddiaçının qeyd olunan iradə ifadəsi müqavilənin ləğvinə yönəlmişdir, belə olan halda xx.xx.2023-cü il tarixdən 3 iş günü sonra hesablanmaqla 15 aprel 2022-ci il tarixli KTA-KTT-22/7639 nömrəli lizinq müqaviləsi iddiaçı tərəfindən birtərəfli qaydada xx.xx.2023-cü il tarixdən ləğv edilmiş hesab edilməlidir.

29. Belə olan halda məhkəmə qeyd edir ki, lizinq obyektlərinin iddiaçıya qaytarılması tələbinin hüquqi əsasını Mülki Məcəllənin 748-1.8 və 748-1.12.4-cü maddələri təşkil edir.

30. Həmin Məcəllənin 748-1.8-ci maddəsinə əsasən, lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır.

31. Məhkəmə qeyd edir ki, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədiyindən və 15 aprel 2022-ci il tarixli KTA-KTT-22/7639 nömrəli daxili maliyyə lizinqi müqaviləsi iddiaçı tərəfindən birtərəfli qaydada ləğv edildiyindən iddia tələbi bu hissədə əsaslıdır.

32. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, istehsal ili 2021-ci il, şassi nömrəsi 0657 olan “Sürüm” markalı “SM 185” (hidravlik) model 1 ədəd tamburlu otbiçən cavabdeh X3 alınaraq saz və işlək vəziyyətdə İddiaçı ASC-yə verilməlidir.

b) Lizinq müqaviləsi üzrə əsas borcun tutulması tələbi ilə bağlı

33. Məhkəmə lizinq ödənişlərin tutulması tələbi ilə bağlı qeyd edir ki, iddiaçının lizinq müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinin hüquqi əsasını Mülki Məcəllənin 747.1-ci maddəsi təşkil edir.

34. Mülki Məcəllənin 747.1-ci maddəsində göstərilmişdir ki, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

35. Məhkəmə qeyd olunan normanın tələbini və tərəflər arasında bağlanılmış müqavilə şərtlərini nəzərə alaraq qeyd edir ki, cavabdeh müqavilə üzrə öhdəlikləri icra etmədiyindən iddiaçının lizinq ödənişlərini tələb etmək hüququ yaranmışdır.

36. Belə ki, ödəniş qrafiki üzrə xx.xx.2022-ci il tarixdən müqavilənin birtərəfli qaydada ləğv edildiyi xx.xx.2023-cü il tarixədək cavabdeh tərəfindən iddiaçıya ödənilməli lizinq ödənişlərinin ümumi məbləği 1104,18 manat (birinci ayın ödənişi: 32,48 manat + 18 ay x 57,31 manat + 2023-cü ilin 11-ci ayının 21 günü üçün ödənilməli məbləğ: 57,31 / 30 * 21) olsa da, cavabdeh tərəfindən ümumilikdə 90,5 manat ödəniş edildiyindən qalıq məbləğ 1013,68 manat təşkil edir, həmçinin lizinq obyekti cavabdehin istifadəsində qalmaqda davam edir. İddiaçı isə 956,36 manat lizinq ödənişinin tutulmasını tələb edir.

37. Mülki Məcəllənin 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir.

38. Həmin Məcəllənin 748-11.1 və 748-11.1.2-ci maddələrində təsbit olunmuşdur ki, lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər lizinq ödənişlərinin ümumi məbləğinə daxildir.

39. Eləcə də Mülki Məcəllənin 750-ci maddəsinə əsasən, lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır.

40. Cavabdeh lizinq obyekti üzrə 819,8 manat məbləğində avans ödənişi etmiş, lakin iddiaçı hazırkı tələblə müraciət edərkən həmin ödənişləri nəzərə alınmamışdır. Halbuki Mülki Məcəllədə lizinq müqaviləsi bağlanarkən lizinq alanın avans ödəmək öhdəliyi nəzərdə tutulmasa da, tərəflər sərbəst iradə ifadələrinə uyğun olaraq müəyyən etdikləri müqavilə şərtləri ilə lizinq alan tərəfindən avansın ödəniləcəyinə dair razılıq əldə etmişlər. Lakin qeyd edilən daxili lizinq müqaviləsində müqavilə münasibətlərinə xitam veriləcəyi və mübahisə yaranacağı halda qarşılıqlı hesablaşmalar zamanı həmin ödənişin hansı qaydada nəzərə alınacağı barədə şərt müəyyən edilməmişdir.

41. Lizinq müqaviləsinə mülki qanunvericilikdə verilmiş anlayışdan göründüyü kimi, lizinq verən lizinq obyektini öz vəsaiti hesabına əldə etməli olduğundan lizinq alan tərəfindən lizinq obyektinin əldə edilməsi üçün ödənilmiş avans məbləği lizinq müqaviləsi əsasında əmlakdan istifadə ilə bağlı ödəniş deyil, əmlakın alqı-satqı müqaviləsi əsasında əldə edilməsi üçün satıcıya ödənilmiş məbləğdir. Yəni hazırkı halda lizinqə verilmiş obyekt yalnız lizinq verənin deyil, eyni zamanda lizinq alanın vəsaiti hesabına əldə edilmişdir. Qanunun tələbinə əsasən lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz və tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. Belə olan halda, lizinq müqaviləsi ləğv edilərkən qarşılıqlı hesablaşmalar zamanı avadanlığın əldə edilməsi ilə bağlı cavabdehin çəkdiyi xərclər, yəni avans kimi ödədiyi məbləğ lizinq ödənişlərinin ümumi məbləğinə daxil edilməlidir.

42. Əks yanaşma Mülki Məcəllənin müddəalarına ziddir. Çünki lizinq obyekti qaytarıldıqdan sonra iddiaçı onu özgəninkiləşdirmək, icarəyə və ya yenidən lizinqə vermək imkanı əldə edir. Halbuki onun iddiaçının mülkiyyətinə əldə edilməsi ilə bağlı xərclərin müəyyən hissəsini cavabdeh çəkmişdir.

43. Digər tərəfdən, tərəflər arasında imzalanmış daxili lizinq müqaviləsində də razılaşdırılmışdır ki, Lizinq verən Lizinq alana yazılı məlumat verməklə müqavilənin 14.1ci bəndində nəzərdə tutulmuş hallarda müqaviləni birtərəfli qaydada ləğv edə və lizinq obyektini mövcud bazar dəyərinə uyğun qiymətə sata və ya təkrar lizinqə verə bilər. Lizinq obyektinin satışından və ya təkrar lizinqindən əldə edilmiş pul məbləği müqavilənin ləğvi məbləğinin ödənilməsinə yönəldilir. Lizinq obyektinin satışından və ya təkrar lizinqindən əldə edilmiş pul məbləği müqavilənin ləğvi məbləğindən azdırsa və ya lizinq obyektinin mövcud bazar dəyəri Lizinq alanın borc məbləğindən azdırsa, Lizinq verən Lizinq alandan bu fərqin ödənilməsini tələb edə bilər (14.2). Lizinq alan Lizinq verən tərəfindən müəyyən edilmiş müddət ərzində lizinq obyektini Lizinq verənə təhvil vermirsə və/və ya hər hansı bir səbəbdən lizinq obyektini bölünməz obyekt kimi müqavilənin ləğvi məbləğinin ödənilməsi üçün kifayət edən qiymətə ağlabatan müddət ərzində satmaq mümkün deyilsə, Lizinq verən Lizinq a ödənilməsini tələb edə bilər (14.3).

44. Göründüyü kimi, müqavilə birtərəfli qaydada ləğv edildikdən və lizinq obyekti qaytarıldıqdan sonra lizinq obyektinin satışından və ya təkrar lizinqindən əldə edilmiş pul məbləğinin müqavilənin ləğvi məbləğinin ödənilməsinə yönəldilməsi müqavilə şərtlərində də birbaşa əks olunmuşdur.

45. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbini təşkil edən 956,36 manat lizinq ödənişindən avans məbləği olan 819,8 manat çıxılmalı, lizinq ödənişinin tutulması barədə iddia tələbi 136,56 manat (956,36-819,8) hissəsində təmin edilməlidir.

46. Məhkəmə cavabdehin lizinq obyektinin işlək olmaması ilə bağlı arqumentləri ilə bağlı isə aşağıdakıları qeyd edir.

47. Mülki Məcəllənin 748-1.7-ci maddəsinə əsasən, lizinq alan, lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə texniki xidməti, onun orta və cari təmirini öz hesabına həyata keçirir. Lizinq obyekti olan əmlakın əsaslı təmiri, əgər lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq verən tərəfindən aparılır.

48. Həmin maddənin tələbinə görə, lizinq alan lizinq obyektinə texniki xidməti, onun orta və cari təmirini öz hesabına həyata keçirir, lizinq verən lizinq obyekti olan əmlakın əsaslı təmirini isə o zaman həyata keçirir ki, lizinq müqaviləsində bununla bağlı ayrı qayda nəzərdə tutulmasın.

49. Hazırkı halda isə tərəflər arasında bağlanmış müqavilənin 8.2.2-ci bəndinə əsasən, Lizinq alan lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində Lizinq obyektinin istifadəsi ilə bağlı göstərişlərdə nəzərdə tutulan bütün öhdəliklər üzrə (vergilər, rüsumlar, digər haqlar), habelə lizinq obyektinin qeydiyyatı, saz və işlək vəziyyətdə saxlanılması, texniki baxışdan keçirilməsi ilə bağlı bütün xərcləri ödəməlidir; 8.2.5-ci bəndinə əsasən, Lizinq akın öz vəsaiti hesabına bütün zədələnmiş və/və ya aşınmış hissələri yalnız Satıcı və ya istehsalçı tərəfindən təchiz edilmiş və ya tövsiyə edilmiş hissələrlə əvəz etməlidir; 8.2.8-ci bəndinə əsasən, Lizinq alan lizinq obyektini saz və işlək vəziyyətdə saxlamalıdır, Satıcı və ya Lizinq verən tərəfindən göstərilmiş və lizinq obyektinin istehsalçısı tərəfindən belə işlərin görülməsinə səlahiyyət verilmiş texniki xidmət məntəqələrində lizinq obyektinin istehsalçısı tərəfindən müəyyən edilmiş şərtlər əsasında lizinq obyektinin cari, əsaslı və bərpaedici təmirini həyata keçirməli, onun texniki xidmətini öz vəsaiti hesabına həyata keçirməlidir.

50. Göründüyü kimi, hazırkı işdə tərəflər lizinq müqaviləsində fərqli tənzimləmə həyata keçirmiş, cavabdeh lizinq müqaviləsini bağlayarkən texnika üzrə yarana biləcək bütün mümkün təmir xərclərini bilavasitə öz öhdəsinə götürmüşdür.

51. Digər tərəfdən, məhkəməyə təqdim edilən xx.xx.2022-ci il tarixli 0444 nömrəli zəmanət məktubundan lizinq obyektinə “X7” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən müəyyən şərtlər və istisnalarla zəmanət verildiyi görünür.

52. Bu hal nəzərə alındığında belə, cavabdeh lizinq obyektinin təmir edilməli olması, təmirin cari və ya orta təmir olması, qüsurlar barədə müvafiq qaydada məlumat verməsinə dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Eyni zamanda lizinq obyekti təmirdə olduğu müddətdə lizinq alanın lizinq ödənişlərinin həyata keçirilməsini dayandırmaq hüququna malik olduğu nə Mülki Məcəllə, nə də tərəflər arasında bağlanmış müqavilədə nəzərdə tutulmuşdur.

53. Belə olan halda cavabdehin etirazı əsaslı sayıla bilməz. Odur ki məhkəmə cavabdehin bu arqumentlərini əsassız hesab edir.

54. Beləliklə, məhkəmə hesab edir ki, lizinq müqaviləsi üzrə razılaşdırılmış muzdun ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (lizinq alan) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.

55. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində qismən təmin olunmalı, lizinq müqaviləsi üzrə 136,56 manat əsas borc cavabdeh X3 tutularaq İddiaçı ASC-yə ödənilməlidir.

c) Lizinq müqaviləsi üzrə cərimənin tutulması tələbi ilə bağlı

56. İddia ərizəsində iddiaçı 232,59 manat cərimənin də cavabdehdən tutulmasını xahiş etmişdir.

57. Tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 11.3-cü bəndinə əsasən, lizinq alan bu müqavilə üzrə aylıq ödənişlərini vaxtında və tam həcmdə yerinə yetirmədiyi təqdirdə, lizinq verən hər gecikdirilmiş günə görə gecikdirilmiş məbləğin 0,1%-i miqdarında cərimə hesablamaq hüququna malikdir.

58. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

59. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

60. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).

61. İş materialları ilə müəyyən olunur ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdehlə ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır. Lakin mübahisə məhkəməyəqədər mərhələsində və yaxud mediasiya mərhələsində həll olunmamışdır. Eyni zamanda məhkəmə nəzərə alır ki, cavabdeh tərəfindən öhdəliyin pozulma dərəcəsi qisməndir, hissəvi ödəniş edilmişdir. Eləcə də lizinq müqaviləsi üzrə sonuncu ödənişin xx.xx.2022-ci il tarixdə edilməsinə baxmayaraq, iddiaçı da uzun müddət sonra, yəni xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etməklə dəbbə pulunun artmasına rəvac vermişdir.

62. Kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafeləri, öhdəliyin pozulma dərəcəsi, borclu və kreditorun davranışları nəzərə alındığında məhkəmə belə hesab edir ki, cərimə məbləğinin 35 manat müəyyən olunması ağlabatan və ədalətlidir.

63. Yuxarıda göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, cərimənin tutulması tələbi qismən təmin edilməli, 35 manat məbləğində pul cavabdeh X3 tutularaq İddiaçı ASC-yə ödənilməlidir.

d) Məhkəmə xərcinin tutulması ilə bağlı

64. İddiaçı həmçinin ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 60 manat pulun cavabdehdən tutulması tələbini irəli sürmüşdür.

65. İddia ərizəsinə əlavə edilmiş 26 dekabr 2023-cü il tarixli MŞB\9\2023-02480 ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, xx.xx.2023-cü il tarixində keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında cavabdeh iştirak etməmiş, iddiaçının etibarnamə üzrə nümayəndəsi iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiya xərci iddiaçı tərəfindən ödənmişdir.

66. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

67. Həmin Məcəllənin 115.0 və 115.0.9-cu maddələrinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir.

68. Həmin Məcəllənin 4.6-cı maddəsinə əsasən (Məcəllənin iddia ərizəsi məhkəməyə təqdim edilərkən qüvvədə olan redaksiyasına əsasən) kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.

69. Göründüyü kimi, iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən bütün növdən olan kommersiya mübahisələri üzrə fiziki və hüquqi şəxslər üçün ilkin mediasiya sessiyasında iştirak mülki prosessual qanunvericiliyin tələbi olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərc zəruri xərc olmaqla işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir.

70. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

71. Məhkəmə iddia tələbinin qismən təmin olunduğunu nəzərə alaraq hesab edir ki, mediasiya xərcinin əvəzi olaraq 9 manat pul cavabdeh X3 tutularaq İddiaçı ASC-yə ödənilməli, məhkəmə xərci qalan hissədə iddiaçıya aid edilməlidir.

V. Nəticə:

72. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli lizinq müqaviləsi üzrə 136 (bir yüz otuz altı) manat 56 (əlli altı) qəpik əsas borc, 35 (otuz beş) manat cərimə məbləği olmaqla ümumilikdə 171 (bir yüz yetmiş bir) manat 56 (əlli altı) qəpik məbləğində pul Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İstehsal ili 2021-ci il, şassi nömrəsi 0657 olan “Sürüm” markalı "SM 185" (hidravlik) model 1 (bir) ədəd tamburlu otbiçən Cavabdeh alınaraq saz və işlək vəziyyətdə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilsin. İddia qalan hissədə təmin edilməsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 9 (doqquz) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar