Məhkəmə qərarları › İş №e-2-2(113)-1154/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1154/2024

24.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1154/2024 24.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “cərəyan transformatorunun əvəz edilməsi və s.” tələblərinə dair kommersiya mübahisəsi (açar sözlər: cərəyan transformatorunun əvəz edilməsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “cərəyan transformatorunun əvəz edilməsi və s.” tələblərinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli KY********** nömrəli çıxarışla MMCnin quraşdırılmış 02819305 nömrəli sms-smart tipli elektrik sayğacının dəyişdirilməklə müəssisənin fəaliyyətinə uyğun elektron tipli sayğacla yeni sayğac qurşadırılması və quraşdırılmış cərəyan transformatorlarının 300/5 ötürücülüyə malik 3 ədəd cərəyan transformatoru ilə əvəz edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2011-ci il tarixdə qeydiyyata alınmış və hüquqi şəxsə qeydiyyat orqanı tərəfindən "**********" vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) verilmişdir. MMC-nin qeydiyyat ünvanı AZ6200, ünvan 1ala rayonu, Makov kəndidir. MMC-nin əsas fəaliyyəti quş emalı və satışından ibarətdir. MMC fəaliyyət sahəsi ilə əlaqədar olaraq sahibkarlıq subyektləri ilə yanaşı təbii inhisar subyektləri ilə müqavilələr bağlamışdır. MMC-də quş emalı zamanı elektrik enerjisi və təbii qazdan istifadə olunur. İstehsal zərurəti və fabrikin iş gücü nəzərə alınmaqla həm elektrik enerjisinin, həm də təbii qazın verilişi müəyyən olunmuş xüsusi normalarla təmin edilməlidir. Həmin normalara uyğun olmayan təchizat istehsal prosesini mümkünsüz edir, o cümlədən istehsal olunmuş quşların məhv olmasına səbəb ola bilər. Quş istehsalı mövsümi amillərdən asılı olaraq tələb olunan tepmeratur, işıqlandırma və sair standartların mövcudluğunu zəruri edir. Müəssisə ilə "xxxx" ASC arasında 014528 nömrəli, 05 yanvar 2023-cü il tarxili enerjitəchizatı müəssisəsi ilə istehsal, dəmir yolu nəqliyyatı, elektrikləşdirilmiş şəhər nəqliyyatı müəssisəsi arasında elektrik enerjisinin alqısatqısının birtipli müqavilə imzalanmışdır. Eyni zamanda, müssisəyə smart tipli yeni sayğac quraşdırılmış və sərfiyyat həmin sayğac üzrə aparılır. Hazırda, həmin sayğacdan istifadə, eyni zamanda elektrik enerjisindən istifadə, hesablanmış borc və digər texniki məsələlər üzrə tərəflər arasında mübahisə mövcuddur. Müəssisəyə fəaliyyət göstərdiyi müddətdə 3 sayğac quraşdırılmışdır. Hazırkı borcun hesablandığı dövrü əhatə edən sonuncu sms-smart tipli sayğac xx.xx.2023-cü il tarixdə quraşdırılmışdır. Həmin sayğacın, eyni zamanda cərəyan transformatorlarının quraşdırılması zamanı təchizatçının, yəni müəssisənin enerji tələbatı, ən əsası isə əvvəlki dövrlər üzrə mövcud olmuş sərfiyyat göstəriciləri nəzərə alınmamış, quraşdırılmış cərəyan transformatorlarının və kontaktorların gücü müəssisənin tələbatına uyğun müəyyən edilməmişdir. Bu isə belə bir problemi ortaya çıxarır ki, gücün artması və azalması baş verəndə, həmin cərəyan tansformatorları zədələnir və sıradan çıxır. Quş istehsalı stabil sərfiyyata əsaslanmır. Tələb olunan güc dövri istehsaldan, hava şəraitindən (kəsilmiş quşların saxlanması üçün soyuducunun temperaturu) və sair birbaşa asılıdır. Belə olan halda, tələb olunan gücdən az gücə hesablanmış cərəyan transformatorlarının və 180 amper kontaktorların quraşdırılması həm texniki baxımdan uyğunsuz olmaqla, həm də müəssisənin maraqlarına və mənafeyinə uyğun olmamışdır. Bu səbəblə sayğac quraşdırılarkən müəssisə rəhbərliyi müvafiq akt imzalamamış, həmçinin aidiyyəti üzrə Energetika Nazirliyinə müraciətlər ünvanlanmışdır. X1 X5 tərəfindən qaynar xətt vasitəsilə verilmiş müraciətiə üç dəfə cavab verilmiş və hazırda məsələnin araşdırıldığı qeyd olunmuşdur. X1 X3 müəssisəyə ünvanladığı sonuncu (may 2023) məktubda qeyd olunmuşdur ki, xx.xx.2023-cü il tarixli KY********** nömrəli Çıxarışla MMC-nin istifadəsində olan 02819305 nömrəli elektrik sayğacına baxış zamanı sayğacın keçən yükü düzgün qeyd etməməsi barədə 050643 saylı akt tərtib olunmuş, xx.xx.2023-cü i tarixində isə naməlum 50% xəta ilə işləyərək 8880 kVtt elektrik enerjisini qeyd etməsi və həmin dövrdə qalan 50% elektrik enerjisini qeyd etməməsi əsas gətirilərək MMC-nin təqsiri sübuta yetirilmədən yanlış hesabat aparılmış və 880.00 manat məbləğində əsassız borc enerji hesabına daxil edilmişdir. Bununla da ETMni komissiyası tərəfindən Qaydaların 8.16-cı bəndinin tələbləri pozulmuşdur. Qeyd olununları nəzərə alıb xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək transformator itkisinə görə hesabata daxil edilmiş əsassız borca Qaydaların 8.10-cu bəndinə, 045503 nömrəli və 050643 nömrəli aktların hesabatına isə qaydaların 8.16-cı bəndinə uyğun olaraq yenidən baxılması üçün "xxxx" ASC-yə xx.xx.2023-cü il tarixli, 3-15-2-5/2-155/2023 nömrəli və xx.xx.2023-cü il tarixli 3-15-2-5/2-M-5-157/2023 nömrəli məktublar göndərilmişdir. Həmin məktublara "xxxx" ASC-nin cavab məktublarında transformator itkisinə görə hesabata daxil edilmiş 403.70 manat borcun enerji hesabatından silindiyi, ******* və ******* nömrəli aktların hesabatına isə yenidən baxılmasının məqsədə uyğun hesab edilmədiyi bildirilmişdir. Beləliklə, müəyyən olunur ki, cavabdeh tərəfindən quraşdırılmış sms-smart tipli sayğac müəssisənin normal fəaliyyət göstərməsi üçün yararlı deyil, eyni zamanda yeni quraşdırılmış 3 ədəd cəryan transformatoru da texniki baxımdan uyğun deyil və müssisənin normal fəaliyyətini əngəlləyir. Belə ki, hazırda quraşdırılmış cərəyan transformatorları “Elektrik enerjisindən istifadə qaydalarının” 8.10-cu bəndi üzrə müəyyən edilmiş tələblərə uyğun deyildir. Bunun da səbəbi 250 KVA transformatordan istifadə üçün düzgün hesablanmayan 200/5 cərəyan transformatorlarının quraşdırılmasıdır. Müəssisənin tələbatı 300/5 ötürücülüyə malik cərəyan transformatoruna olduğu halda, hazırda quraşdırılmış cərəyan transformatoru 200/5 ötürücülüyə malikdir. Bu texniki baxından və enerjidən istifadə qaydaları baxımından uğursuz olmaqla müəssisənin tələbatına və iş gücünə uyğun olmadığından cəryan transfarmatoru da dəyişdirilməlidir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.

4. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddiaya etiraz edərək, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etdi.

III. Məhkəmə baxışının hədləri:

5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq: "Elektrik enerjisindən istifadə Qaydaları"nın: - 1.8. Müstəqil enerji istehsalçısının bərpa olunan enerji mənbələrinin ərazisində tikinti obyektlərinin şəbəkəyə qoşulmasına dair texniki şərtlər müstəqil enerji istehsalçısı ilə dövlət elektroenergetika müəssisəsi və ya enerji təchizatı müəssisəsi arasında bağlanılmış şəbəkəyə qoşulma müqaviləsi ilə müəyyən edilir və bu zaman şəbəkəyə qoşulma həmin müqavilənin tələblərinə uyğun həyata keçirilir. - 3.2. Dövlət elektroenergetika müəssisəsinin, enerji təchizatı müəssisələrinin, müstəqil enerji istehsalçılarının, istehlakçıların, o cümlədən subabonentlərin tikinti obyektlərinin elektrik qurğuları istismara buraxılmazdan əvvəl, onlar təhvil-təslim sınaqlarından keçirilərək, quraşdırma təşkilatından aktla sifarişçi tərəfindən qəbul edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi güc həddindən yuxarı elektrik qurğularına münasibətdə sifarişçi öz elektrik qurğularına baxış keçirmək və istismara buraxılış aktı almaq üçün həmin qurğuları, eləcə də bu Qaydaların 3.2-1-ci bəndində qeyd edilən sənədləri X1 Agentliyinə təqdim etməlidir. X1 Agentliyi tərəfindən sifarişçinin, tikinti-quraşdırma işlərini yerinə yetirən müəssisənin və ETM-in nümayəndələrinin iştirakı ilə görülən işlərə baxış keçirilir və texniki şərtlərin, enerji təchizatı layihəsinin, elektrik xətlərinin çəkilməsi və elektrik qurğularının quraşdırılması qaydalarının tələblərinin tam yerinə yetirilməsi müəyyən edildiyi halda, X1 Agentliyi tərəfindən “Energetika haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq elektrik qurğusuna istismara buraxılış aktı verilir. - 7.6. Enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alması Qaydası”nın təsdiq edilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2013-cü il 27 avqust tarixli 234 nömrəli və “Məişət abonentlərinin mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması (mövcud 0,4 kVluq şəbəkədən) üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası”nın təsdiq edilməsi haqqında” 2018-ci il 24 iyul tarixli 326 nömrəli qərarlarının ləğv edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 399 saylı Qərarının: - 1.2.1. texniki şərtlər – elektrik enerjisi ilə təchiz edilməsi nəzərdə tutulan tikinti obyektinin elektrik şəbəkəsinə qoşulması ilə əlaqədar enerji təchizatı layihəsinin hazırlanmasına əsas verən, elektrik enerjisinin verilməsi ilə bağlı mühəndis-texniki parametrləri özündə əks etdirən texniki sənəddir. - 2.1. tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alması məqsədilə texniki şərtlərin və enerji təchizatı layihəsinin hazırlanması “ASAN Kommunal” mərkəzləri yaradılmadığı regionlarda bu mərkəzlər yaradılanadək “ASAN xidmət” mərkəzləri vasitəsilə həyata keçirilir; - 4.1. Enerji istehsalçılarının elektrik enerjisi istehsal edən tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması və ya əvvəllər elektrik şəbəkəsinə qoşulmuş enerji istehsalçılarının elektrik enerjisi istehsal edən tikinti obyektlərinin istehsal gücünün artması, həmçinin qoşulma nöqtəsinin dəyişməsi ilə əlaqədar texniki şərtlərin alınması məqsədilə sifarişçi istehsal etdiyi gücdən və qoşulma nöqtəsindən asılı olaraq, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrində nəzərdə tutulmuş qaydada bu Qaydanın 4.2-ci bəndində qeyd olunan məlumatları Sistemə daxil edir və ya həmin məlumatların Sistemə daxil edilməsi məqsədilə tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) ərazi üzrə xidmət nöqtələrində ETM-in və ya DEM-in nümayəndəsinə yazılı və ya elektron formada ərizə ilə müraciət edir.

V. Məhkəmənin mövqeyi və Sübutların tədqiqi:

6. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd olunmalıdır.

7. Məhkəmə qeyd edir ki, hazırkı iddia iki yəni, xx.xx.2023-cü il tarixli KY********** nömrəli çıxarışla MMC-nin quraşdırılmış 02819305 nömrəli sms-smart tipli elektrik sayğacının dəyişdirilməklə müəssisənin fəaliyyətinə uyğun elektron tipli sayğacla yeni sayğac quraşdırılması (1-ci hissə) və quraşdırılmış cərəyan transformatorlarının 300/5 ötürücülüyə malik 3 ədəd cərəyan transformatoru ilə əvəz edilməsi (2-ci hissə) hissəsindən ibarətdir.

8. Məhkəmə, iddianın birinci hissəsi ilə bağlı aşağıdakıları qeyd edir.

9. İş materiallarından görünür ki, müəssisə ilə "xxxx" ASC arasında 014528 nömrəli, 05 yanvar 2023-cü il tarxili enerjitəchizatı müəssisəsi ilə istehsal, dəmir yolu nəqliyyatı, elektrikləşdirilmiş şəhər nəqliyyatı müəssisəsi arasında elektrik enerjisinin alqısatqısının birtipli müqavilə imzalanmışdır.

10. Məhkəmə iclaslarında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahatlar verərək müəssisəyə sms-smart tipli sayğacın xx.xx.2023-cü il tarixdə quraşdırıldığını, sayğacın, eyni zamanda cərəyan transformatorlarının quraşdırılması zamanı müəssisənin enerji tələbatının, ən əsası isə əvvəlki dövrlər üzrə mövcud olmuş sərfiyyat göstəricilərinin nəzərə alınmadığını, quraşdırılmış cərəyan transformatorlarının və kontaktorların gücünün müəssisənin tələbatına uyğun müəyyən edilmədiyini, nəticədə quraşdırılmış sms-smart tipli sayğacın müəssisənin normal fəaliyyət göstərməsi üçün yararlı olmadığını, eyni zamanda yeni quraşdırılmış 3 ədəd cəryan transformatorunun da texniki baxımdan uyğun olmadığını bildirərək iddianın təmin olunmasını xahiş etmişdir.

11. Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndələri məhkəməyə izahatlarında elektron sayğacların smart tipli sayğaclarla əvəzləşdirilməsində əsas məqsədin sayğaclara müdaxilənin qarşısının alınması olduğunu, qeyri-yaşayış sahələri üzrə sayğacın və ya cərəyan transformatorunun dəyişdirilməsi üçün "xxxx" ASC-yə müraciət edilməli olduğunu, lakin maliyyələşdirmənin (sayğacın alınması və s.) müəssisənin özü tərəfindən həyata keçirilməli olduğunu bildirmişdir.

12. Məhkəmə qeyd edir ki, "Elektrik enerjisindən istifadə Qaydaları"nın 7.9-cu maddəsinə əsasən ....... Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikası Qanununun 10.3-cü maddəsinə uyğun olaraq aktiv istehlakçının dəstəklənməsi mexanizmindən istifadə edən istehlakçılar öz vəsaitləri hesabına elektrik şəbəkəsinə ötürülən və şəbəkədən alınan elektrik enerjisinin hesablanmasına imkan verən sayğac quraşdırmalıdırlar.

13. Göründüyü kimi, istehlakçılar öz vəsaitləri hesabına sayğac aldıqdan sonra quraşdırılması üçün "xxxx" ASC-yə müraciət etməlidirlər.

14. Ona görə də, məhkəmə hesab edir ki, iddia birinci hissədə - sms-smart tipli elektrik sayğacının dəyişdirilməklə müəssisənin fəaliyyətinə uyğun elektron tipli sayğacla yeni sayğac quraşdırılması hissəsində əsassızdır və təmin edilməməlidir.

15. Bundan başqa, məhkəmə iddianın ikinci hissəsi - quraşdırılmış cərəyan transformatorlarının 300/5 ötürücülüyə malik 3 ədəd cərəyan transformatoru ilə əvəz edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.

16. Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndələri iddianın ikinci hissəsi ilə bağlı izahatlarında sayğac və transformator quraşdırılarkən obyekt və onun içərisində olan avadanlıqlar nəzərə alınaraq gücün texniki şərt əsasında müəyyən olunduğunu, gücün yalnız texniki şərt əsasında artırıla bildiyini, əlavə enerji (güc) alması məqsədilə texniki şərtlərin hazırlanması üçün müəssisənin Asan Xidmət mərkəzlərinə müraciət etməli olduğunu bildirmişdir.

17. Məhkəmə iclaslarında iştirak edən iddiaçı tərəf məhkəmənin sualına cavab olaraq texniki şərtin alınması üçün maliyyə xərcinin çox olduğunu, müəssisənin buna maddi imkanının çatmadığını bildirmişdir.

18. Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alması Qaydası”nın təsdiq edilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2013-cü il 27 avqust tarixli 234 nömrəli və “Məişət abonentlərinin mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması (mövcud 0,4 kV-luq şəbəkədən) üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası”nın təsdiq edilməsi haqqında” 2018-ci il 24 iyul tarixli 326 nömrəli qərarlarının ləğv edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 399 saylı Qərarının 1.9-cu bəndinə əsasən sifarişçinin tikinti obyektinə əlavə güc alması (bu Qaydanın 2-ci hissəsində nəzərdə tutulmuş tikinti obyektlərinə əlavə güc verildiyi halda tikinti obyektinə bütövlükdə veriləcək gücün 200 kVt-dan çox olmaması şərtilə) tələb olunduqda ona verilmiş mövcud texniki şərtlər nəzərə alınmaqla əlavə gücün alınması üçün yeni texniki şərtlər verilir, lakin qoşulma xidmətinə görə ödəniş edilmir, yalnız əlavə gücün alınması üçün qoşulma nöqtəsinin dəyişdirildiyi və ya qoşulma nöqtəsində dəyişikliklərin edildiyi, eləcə də sifarişçinin müraciəti ilə qoşulma nöqtəsinin dəyişdirildiyi və bununla bağlı ETM tərəfindən layihələndirilmə və tikinti-quraşdırma işləri həyata keçirildiyi hallarda ona verilmiş mövcud texniki şərtlər nəzərə alınmaqla, bu Qaydaya uyğun olaraq yeni texniki şərtlər verilir və qoşulma xidmətinə görə ödəniş edilir.

19. Yuxarıda qeyd olunan normaların məzmunundan da göründüyü kimi, obyektə əlavə gücün alınması üçün texniki şərt vacibdir.

20. İş materiallarından və tərəflərin izahatlarından görünür ki, İddiaçı texniki şərti yoxdur.

21. Buna görə, müəssisə həmin qərarın 2.1-ci bəndinə əsasən əlavə enerji (güc) alması məqsədilə texniki şərtlərin hazırlanması üçün Asan Xidmət mərkəzlərinə müraciət etməlidir.

22. Məhkəmə, texniki şərt olmadan obyektə əlavə enerji alınmasının qeyrimümkün olduğunu nəzərə alaraq hesab edir ki, iddia quraşdırılmış cərəyan transformatorlarının 300/5 ötürücülüyə malik 3 ədəd cərəyan transformatoru ilə əvəz edilməsi hissəsində də rədd edilməlidir.

23. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

24. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ

İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “cərəyan transformatorunun əvəz edilməsi və s.” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar