Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1325/2024 05.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC Cavabdeh (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən icra olunmamış müqavilənin icrası təmin edilərək 83 ay abunə borcu 500 manat və qeydiyyatdan çıxma aktı 35 manat olmaqla, cəmi borcu 535 manatı və mediasiya xərclərinə görə ödənilmiş 30 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin xüsusi icazəsi ilə Merkuri 130 F-01 markalı nəzarət kassa aparatlarına xidmət edir. Cəmiyyətin fəaliyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 dekabr 1995-ci il tarixli 266 saylı Qərarı ilə tənzimlənməkdədir. Həmin qərarın 10.9.1-ci bəndinə əsasən Vergi ödəyicisi kassa aparatını qeydiyyata salan zaman xüsusi icazəsi olan STXM (servis texniki xidmət mərkəzi) ilə müqavilə bağlamalıdır. Bu qərara əsasən iddiaçı və cavabdeh arasında da xx.xx.2014-cu ildə 11992 nömrəli aktla müqavilə imzalanmışdır və nəzarət kassa aparatı qeydiyyata alınaraq istifadəsinə icazə verilmişdir. Həmin müqaviləyə əsasən vergi ödəyiciləri hər ay üçün 6 manat xidmət pulu ödəməyi öhdəsinə götürür. Vergi ödəyici olan cavabdeh həmin öhdəliyini xx.xx.2016-ci ilədək yerinə yetirmiş ödənişlərietmiş,sonradan xx.xx.2016-ci ildən xx.xx.2023-ci ilədək olan öhdəliyi yerinə yetirməmişdir. Beləliklə cavabdeh tərəfindən 2016-ci ildən 8 ay,2019cu ildən 12ay, 2020-ci ildən 12 ay,2021-ci ildən 12ay,2022-ci ildən 12ay, 2023-cü ildən 3 ay ərzində xidmət pulu ödənilməmişdir. Toplamda cavabdehin 83 ay abunə borcu 500 manat və qeydiyyatdan çixma aktı 35 manat pul məbləği ödənilməmişdir. Həmçinin tərəfimizdən Cavabdeh mediasiya təklifi və mediasiyaya dəvət məktubu göndərilmişdir. Lakin cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir .İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 30 manat məbləğində mediasiya xərci ödənilmişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, qanunvericiliyə əsasən İddiaçı MMC ilə cavabdeh arasında müqavilə imzalanmış və nəzarət kassa aparatı qeydiyyata alınaraq istifadəsinə icazə verilmişdir. Cavabdeh hər ay 6 manat olmaqla xidmət haqqını ödəməli idi. Bir müddət cavabdeh tərəfindən ödənişlər edilsə də, xx.xx.2016-cı ildən ödənişlər olunmayıb. Bundan əlavə, həmin kassanın qeydiyyatdan çıxarılması üçün də cavabdeh iddiaçıya müraciət etməli, qeydiyyatdan çıxma aktı tərtib edilməli və kassanın qeydiyyatdan çıxarılması üçün iddiaçıya 35 manat məbləğində pul vəsaiti ödənilməli idi, lakin cavabdeh bunlara riayət etməmişdir.
4. Məhkəmə iclasında cavabdeh iddia ərizəsinə etiraz edib iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək bildirdi ki, iddiaçı tərəfindən ona 2014-cü ildə nəzarət kassa aparatı verilsə də, həmin kassa aparatı ilə bağlı iddiaçı tərəfindən ona hər hansı xidmət göstərilməmiş, kassa aparatı tərəfindən xx.xx.2022-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. Bu səbəbdən iddia tələbi əsassızdır.
III. Məhkəmə baxışının hədləri:
5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
6. İddiaçı (istehsalçı) və cavabdeh arasında bağalnmış xx.xx.2014-cü il tarixli 011992 nömrəli müqaviləyə əsasən istehsalçı Merkuri-130F-d tipli zavod 00203679 nömrəli nəzarət kassa aparatına istismar qaydalarına uyğun servis texniki xidmət göstərməyi tapşırır, Servis texniki xidmət Mərkəzi isə həmin istismar qaydalarına uyğun tapşırığı öz üzərinə götürür. STXM tərəfindən göstərilən texniki xidmət istismar qaydalarında göstərilən müddət ərzində NKA-nın fasiləsiz işləməsinə imkan yaradır. Mütəmadi və fasiləsiz xidmət göstərmək üçün istehsalçı tərəfindən STXM-ə hər ay 6 manat məbləğində vəsait ödənilir və həmin müddərdə NKA-ya göstərilən texniki xidmət və təmirinin dəyəri STXM-in üzərinə düşür.
7. İddiaçı tərəfindən verilmiş 9 saylı maliyyə arayışından görünür ki, iddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 11992 nömrəli müqaviləyə əsasən xx.xx.2020-xx.xx.2023-cü il dövrü üzrə hesablanmış aylıq 6 manat abunə üzrə xidmət haqqı 500 manat və qeydiyyatdan çıxma aktı 35 manat təşkil edir. Ümumilikdə cavabdehin borcu 535 manat təşkil edir.
8. Cavabdeh tərəfindən təqdim edilmiş Bakı şəhəri X1 üzrə Baş İdarənin məktubuna əsasən cavabdehin xx.xx.2022-ci il tarixli ərizəsinə əsasən Merkuri-130F-d tipli zavod 00203679 nömrəli nəzarət kassa aparatı qeydiyyatdan çıxarılmışdır.
9. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçı tərəfindən görülmüş xidmətin dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilədən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
10. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
11. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
12. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;
13. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
14. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
15. Azərbacan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 28 dekabr tarixli, 266 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında nəzarət-kassa aparatlarının satışı, istismarı, servis-texniki xidmət və təmiri qaydaları haqqında əsasnamənin 1.3-cü bəndinə əsasən NKA-nın satışı, istismarı, servis texniki xidməti və təmiri qaydalarının yaradılmasında iştirak edən və bilavasitə NKA-nı satan, istismar, servis texniki xidmət və təmir edən, həmçinin göstərilən fəaliyyətlərə, o cümlədən elektron məsafədən ötürmə qurğuları vasitəsi ilə nəzarət edən təşkilat, müəssisə və idarələrə aşağıdakılar aiddir: nəzarət-kassa aparatlarının servis texniki xidmət mərkəzləri (STXM)
17. Həmin Əsasnamənin 9.1-ci bəndinə əsasən nəzarət-kassa aparatlarının istehlakçıları hüquqi və fiziki şəxsdir. O, əhali ilə pul hesablaşmasını Dövlət reyestrinə daxil edilmiş NKA tətbiq etməklə aparır.
18. Həmin Əsasnamənin 9.2-ci bəndinə əsasən nəzarət-kassa aparatlarının istehlakçısı:-NKA-nın satıcıları ilə alqı-satqı və STXM ilə alınmış NKA-nın servis texniki xidməti və təmiri barəsində müqavilələr bağlayır.
19. Həmin Əsasnamənin 9.3-cü bəndinə əsasən nəzarət-kassa aparatları istehlakçısının vəzifələri: - 9.3.1. NKA-nı vergi orqanlarında qeydiyyatdan keçirmək; - 9.3.2. Vergi orqanlarında qeydiyyatdan keçmiş və STXM-də servis texniki xidmətə götürülmüş NKA-dan istifadə etmək, texniki xidmət jurnalı və nəzarət-kassa aparatı işləmədiyi dövrdə aparılan əməliyyatların uçotu kitabını STXM-dən almaq; - 9.3.3. NKA-nın istismara hazırlıqla əlaqədar olan işləri yalnız STXM-in nümayəndəsinin iştirakı ilə yerinə yetirmək; - 9.3.8. Vergi orqanlarında STXM-in tələblərinə uyğun NKA-nın alınması, servis texniki xidməti və təmiri ilə əlaqədar olan sənədləri və həm də bu məsələlərlə əlaqədar olan lazımi izahat, arayış və məlumatları təqdim etmək; - 9.3.9. Vergi orqanları və STXM işçilərinin NKA-nın işinə baxışa maneəsiz buraxılışını təmin etmək; - 9.3.11. NKA-nın plombu pozulduqda və ya başqa nasazlıqları yarandıqda, həmçinin vergi orqanları və ya STXM tərəfindən NKA-nın istifadəsinə qadağan qoyulduqda, NKA-dan istifadə edilməsini müvafiq qaydada dayandırmaq və həmin müddətdə nağd pul hesablaşmalarının qeydiyyatının Vergilər Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada aparılmasını təmin etmək; - 9.3.15. vergi orqanlarında qeydiyyatı ləğv edildikdə və ya NKA qeydiyyatdan çıxarıldıqda, elektron məsafədən ötürmə qurğusunu və ya elektron nəzarət lentini işlək vəziyyətdə vergi orqanlarına təhvil vermək;
20. Həmin Əsasnamənin 10.1-ci bəndinə əsasən nəzarət-kassa aparatlarının servistexniki xidmət mərkəzləri NKA-nın istismara hazırlanması, onların təminatlı və servis texniki xidmət təmiri üzrə fəaliyyət göstərən hüquqi şəxsdir və müvafiq qaydada qeydiyyatdan keçirilir.
21. Həmin Əsasnamənin 10.6-cı bəndinə əsasən servis texniki xidmət mərkəzi: - nəzarət-kassa aparatlarını göndərənlər, satıcılar və istehlakçılar ilə öz funksiyalarını müqavilə əsasında yerinə yetirir; - nəzarət-kassa aparatlarının modellərinin servis texniki xidməti və təmiri məqsədi ilə NKA-nı göndərənlərlə müqavilə bağlayır; - NKA-nın satıcıları ilə onların realizə etdikləri nəzarət-kassa aparatlarının servis texniki xidməti və təmiri üçün müqavilə bağlayır; - əhali ilə nağd pul hesablaşmalarını aparmaq üçün istehlakçıların istifadə etdikləri nəzarət-kassa aparatlarının servis texniki xidməti və təmiri haqqında istehlakçılarla müqavilə bağlayır;
22. Həmin Əsasnamənin 10.7-ci bəndinə əsasən STXM və malgöndərən arasındakı müqavilə ləğv olunduğu halda o NKA-nın müvafiq modellərinin servis texniki xidmət və təmir hüququnu itirir, malgöndərən isə STXM tərəfindən xidməti göstərilən nəzarət-kassa aparatlarının istehlakçılarına digər STXM-in xidmət göstərilməsini təmin etməlidir. Malgöndərən və STXM arasındakı müqavilənin ləğvindən sonrakı 24 saat ərzində STXM-i qeydiyyatdan keçmiş vergi orqanlarına yazılı məlumat verməlidirlər. Malgöndərən həmin müddət ərzində müqaviləsi pozulmuş NKA istehlakçılarına həmin NKA-lara xidmət göstərəcək digər STXM-i (STXM-in siyahısını) təqdim etməlidir.
23. Həmin Əsasnamənin 10.8-ci bəndinə əsasən servis texniki xidmət mərkəzi aşağıdakı vəzifələri yerinə yetirir: - 10.8.4. STXM-lə müvafiq müqavilə bağlamış istehlakçıların Dövlət reyestrinə daxil edilmiş NKA-ya texniki xidmət göstərmək; - 10.8.10. Nəzarət-kassa aparatı istismara verilən zaman NKA istehlakçılarını STXMin səlahiyyətli nümayəndəsinin imzası və möhürü ilə təsdiq edilmiş texniki xidmət jurnalı və nəzarət-kassa aparatı işləmədiyi dövrdə aparılan əməliyyatların uçotu kitabı ilə təmin etmək. NKA-nın istehlakçılarında saxlanılan nəzarət-kassa aparatlarının texniki xidmət jurnalında işlərin görülməsini qeydiyyata almaq. - 10.9.1. Malgöndərənlə NKA-nın servis texniki xidməti və təmiri haqqında müqavilələr bağlamaq.
24. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında xx.xx.2014-cü il tarixli müqavilə imzalanmış, iddiaçı Merkuri-130F-d tipli zavod 00203679 nömrəli nəzarət kassa aparatına xidmət etməyi, cavabdeh isə həmin xidmətin dəyərini ödəməyi öhdəsinə götürmüş, xx.xx.2022-ci il tarixdə nəzarət kassa aparatı cavabdehin müraciəti əsasında qeydiyyatdan çıxarılmışdır.
25. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia ərizəsi xx.xx.2016-cı ildən xx.xx.2022-ci il tarixədək olan dövr üzrə abunə borcunun tutulması hissəsində əsaslıdır.
26. Bununla yanaşı, cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verərək iddianın təmin edilməməsini xahiş edir.
27. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
28. Belə ki, materiallardan görünür ki, iddiaçı tərəfindən mediasiya prosesinin tətbiqi barədə təklif xx.xx.2023-cü il tarixdə cavabdehə göndərilməklə iddia müddətinin axımı kəsilmişdir.
29. Belə olan halda aydın olur ki, iddia tələbi xx.xx.2020-ci ildən xx.xx.2022-ci il tarixədək olan dövr üzrə borcun tutulması hissəsində əsaslı olduğundan təmin edilməli, 198 manat (33 ay * 6 manat) məbləğində abunə haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
30. Belə ki, iddiaçı tərəfindən hazırkı iddianın verilməsi üçün qanunvericilikdə belə iddiaların verilməsi üçün nəzərdə tutulmuş 3 illik iddia müddəti xx.xx.2016-cı ildən xx.xx.2020-ci il tarixədək olan dövr üzrə buraxılmış və cavabdeh tərəfindən də məhkəməyə iddia müddətinin tətbiqinə dair ərizə verilmişdir ki, bu da hazırkı iddianın həmin dövr üzrə rədd edilməsi üçün əsasdır.
31. Bununla bağlı Məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
32. Qanuna görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil olunur (MM, maddə 372.1.), hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır (MM, maddə 372.2.). Tələb, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa (icraata) qəbul edilir (MM, maddə 375.1.).
33. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Belə vəziyyətdə iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (MM, maddə 375.2.).
34. Məhkəmə qeyd edir ki, mülki hüquqda iddia müddətləri institutu mülki dövriyyənin iştirakçılarını intizamlandırmaq, onlara məxsus olan hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi üçün onların fəallığını təşviq etmək məqsədinə yönəlmişdir. İddia müddətləri əhəmiyyətli dərəcədə mülki hüquq münasibətləri iştirakçılarının vəzifələrinin yerinə yetirilməsi üzərində ciddi qarşılıqlı nəzarətə əməl edilməsi zərurəti yaradır.
35. İddia müddətləri institutunun tətbiq edilməsi zərurəti həmçinin belə bir mühüm halla əsaslandırılır ki, mülki mübahisələrə məhkəmə tərəfindən baxılması hər zaman iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi ilə əlaqədardır. Qeyri-müəyyən uzun müddətin keçməsi həqiqətə nail olmağı çətinləşdirir, bəzən isə hətta bu imkanı istisna edir. Belə ki, sübutlar itirilə bilər və ya onların mötəbərliyi kifayət qədər şübhəli hala gələ bilər, bunlar da öz növbəsində məhkəmə orqanlarının işin bütün faktiki hallarının aydınlaşdırılmasına və düzgün qərar çıxarılmasına yönəlmiş fəaliyyətini ciddi surətdə çətinləşdirə bilər.
36. Avropa İnsan Hüquqları Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.
37. İddia müddətləri müvafiq tərəfin iddia qaldırması üçün nəzərdə tutulan vaxt məhdudiyyətini müəyyən edir. İddia qaldırması üçün ağlabatan müddətlərin tətbiq edilməsi və iddia qaldırmanın prosessual şərtlərinin müəyyən edilməsi hüquqi müəyyənlik prinsipini və qərarların qətiliyini təmin etməklə ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinə şərait yarada və potensial cavabdehləri zaman keçdiyinə görə təkzib edilməsi çətin olan biləcək köhnə iddialardan qoruya bilər (AİHM, “MPP Qolub Ukraynaya qarşı iş üzrə xx.xx.2005-ci il tarixli qərarı).
38. Həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyrimüəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.
39. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001ci il tarixli Qərarına əsasən iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.
40. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır.
41. Beləlikdə, məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçı iddia müddətini açıqaşkar ötürdüyündən, cavabdeh isə mübahisəyə iddia müddətinin tətbiq olunmasını xahiş etdiyindən iddia xx.xx.2016-cı ildən xx.xx.2020-ci il tarixədək olan dövr üzrə borcun tutulması hissəsində təmin edilməməlidir.
42. Nəzarət kassa aparatı cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə qeydiyyatdan çıxarıldığı üçün həmin tarixdən xx.xx.2023-cü il tarixədək iddiaçıya xidmət haqqının ödənilməsi hissəsində iddia tələbi təmin edilə bilməz.
43. Məhkəmə iddia tələbini nəzarət kassa aparatının qeydiyyatdan çıxarılması üçün 35 manat pulun tutulması hissəsində isə əsassız hesab edir.
44. Belə ki, nəzarət kassa aparatı xx.xx.2022-ci il tarixdə cavabdehin özü tərəfindən qeydiyyatdan çıxarılmış, bununla bağlı iddiaçı tərəfindən cavabdehə hər hansı xidmət göstərilməmişdir.
45. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 198 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
47. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 10 manat mediasiyaya dair xərc cavabdehə, qalan 20 manat xərc isə iddiaçının özünə aid edilməlidir.
V. Nəticə:
48. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 198 manat məbləğində pul, ödənilmiş 10 manat dövlət rüsumu, ümumilikdə 208 (iki yüz səkkiz) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu İddiaçı MMC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova