Məhkəmə qərarları › İş №e-2-2(113)-1498/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1498/2025

17.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1498/2025 17.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı2 Cavabdeh QSC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: sərnişin daşınması müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Daşdəmirova Ləman Şahlar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı2 Cavabdeh QSC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı2 (bundan sonra – iddiaçı) Cavabdeh QSC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18390 manat məbləğində borcun və 145,17 manat dövlət rüsumunun, cəmi 18535,17 manat vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, fərdi sahibkar İddiaçı2 ilə "xxxx" QSC arasında xx.xx.2023-cü il tarixli, 11-2023- saylı “agent müqaviləsi” imzalanmışdır. Qeyd edilən müqaviləyə əsasən “sürücü” adlanan İddiaçı2 “şirkət” adlanan "xxxx" QSC-yə sərnişin daşıma xidməti göstərmişdir. xx.xx.2023-cü il tarixli, 11-2023 saylı agent müqaviləsinin 4-cü bəndinə əsasən şirkət sürücüyə 1850 manat əvvəlcədən ödəniş edir və 5000 km-dən artıq sürülərsə hər km-ə 0,25 manat əlavə ödəniş edir. Həmən müqavilənin 2-ci maddəsinə əsasən şirkət öz üzərinə düşən vəzifəni vaxtında və tam həcmdə yerinə yetirməlidir. Mübahisənin danışıqlar yolu ilə həllinə dəfələrlə cəhdlər edilsə də nəticəsiz qalmışdır. 2024-cü ilin mart ayından ödənişlər ödəniləcəyi bildirilsə də, icra edilməmiş və nəticədə hal-hazırki vaxta qədər maddi və mənəvi ziyana məruz qalmışdır. xx.xx.2024-cü il tarixində borcun ödənilməsi barədə, mübahisənin məhkəmədən kənar həll edilməsi barədə pretenziya/son xəbərdarlıq göndərilsə də, nəticəsiz qalmışdır. Telefonla bildirilmişdir ki, yayınmırıq pulumuz olduqda, nə vaxt olsa ödəniş edəcəyik. Buna baxmayaraq şirkətdə işlər fasizləsiz davam edir və fəaliyyətlə məşğuldurlar. xx.xx.2023-cü il tarixli, 11-2023 saylı agent müqaviləsinə xx.xx.2023-cü il tarixində 1 saylı əlavə saziş, xx.xx.2023-cü il tarixində 2 saylı əlavə saziş, xx.xx.2024-cü il tarixində 4 saylı və xx.xx.2024-cü il tarixli 4 saylı əlavə sazişə əsasən əlavə və dəyişiliklər edilmiş və xidmət sahəsi daha da genişləndirilmişdir. Fərdi sahibkar İddiaçı2 ilə "xxxx" QSC arasında xx.xx.2023-cü il tarixli, 11-2023 saylı agent müqaviləsi üzrə öhdəliklərin icrası ilə bağlı xx.xx.2024-cü il tarixində “üzləşmə aktı” tərtib edilmiş və tərəflərin imzası ilə təsdiq edilmişdir. Tərəflərin imzaladığı xx.xx.2024-cü il tarixində “üzləşmə aktı”na əsasən 18390 manat borcunun olduğunu cavabdeh bəyan edir və hazırda isə qeyd edilən məbləği ödəməkdən qərəzli olaraq yayınır.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə bamayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

5. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. İddiaçı (sürücü) ilə cavabdeh (şirkət) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 11-2023 nömrəli agent müqaviləsinə görə sürücü şirkətin tapşırığına əsasən və onun adından Azərbaycan Respublikası ərazisində şirkət tərəfindən sürücüyə təqdim olunan müştərilərə sərnişin daşıma xidmətini göstərir. Şirkət agent funksiyasını yerinə yetirərkən sürücünü müştərilərlə təmin edir.

8. Müqavilənin 4.1-ci bəndinə görə şirkət görülmüş işlər üçün sürücüyə 1850 manat əvvəlcədən ödəniş edəcək. Ay ərzində sürücü müştəri ilə 5000 km-dən çox sürərsə, hər əlavə km-ə görə sürücüyə 0,25 manat əlavə ödəniş edəcək.

9. İddiaçı (sürücü) ilə cavabdeh (şirkət) arasında xx.xx.2023-cü il tarixli 1 saylı, xx.xx.2023-cü il tarixli 2 saylı, xx.xx.2024-cü il tarixli 4 saylı və xx.xx.2024-cü il tarixli 4 saylı əlavə sazişlər ilə xx.xx.2023-cü il tarixli, 11-2023 nömrəli müqaviləyə dəyişikliklər edilmişdir.

10. İddiaçı və cavabdeh tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli üzləşmə aktına görə cavabdehin iddiaçıya xx.xx.2024-cü il tarixə olan borcu 18390 manat təşkil edir.

11. İddiaçı tərəfindən cavabdehə təqdim olunmuş təhvil-təslim aklarına görə iddiaçı tərəfindən cəmi 35632 manat məbləğində xidmət göstərilmişdir.

12. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olundu ki, cavabdehin iddiaçıya borcun ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 11- 2023 nömrəli sərnişin daşınması müqaviləsindən irəli gəlir. Cavabdehin həmin müqavilə üzrə üzərinə düşən öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə hazırkı iddia tələbini irəli sürmək hüququ vermişdir.

13. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

14. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

15. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;

16. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

17. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

18. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır

19. Həmin Məcəllənin 842.1-ci maddəsinə əsasən sərnişin daşınması müqaviləsinə görə daşıyıcı müəyyən nəqliyyat növü ilə sərnişini, habelə onun əl yükünü yola düşmə yerindən təyinat yerinə çatdırmağı, sərnişin isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür.

20. Həmin Məcəllənin 842.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafından ayrı qayda irəli gəlmirsə, sərnişin daşınması haqqında müqaviləyə tapşırıq müqaviləsi haqqında göstərişlər tətbiq edilir.

21. Həmin Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.

22. Həmin Məcəllənin 783.1-ci maddəsinə əsasən vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir.

23. Həmin Məcəllənin 783.2-ci maddəsinə əsasən vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir.

24. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin sərnişin daşınması müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 18390 manat borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslı olduğu üçün təmin edilməli, cavabdehdən 18390 manat məbləğində borc tutularaq iddiaçıya ödənilməlidir.

25. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən 18390 manat borc tutularaq iddiaçıya ödənilməlidir.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

27. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən 145,17 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

V. Nəticə:

28. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh QSC-dən 18390 manat məbləğində pul, 145,17 manat dövlət rüsumu, ümumilikdə 18535,17 (on səkkiz min beş yüz otuz beş manat on yeddi qəpik) manat məbləğində pul tutularaq İddiaçı2 ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar